Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-247/2022 04.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Kərimli İlham Əziz oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi, iddiaçı "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə3, cavabdeh "xxxx" ASC-nin nümayəndələri Nümayəndə1 və Nümayəndə2 iştirakı ilə rabitə xidmətinə görə borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı 1 nömrəli Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-214/2019 nömrəli iş üzrə 27 dekabr 2019-cu il tarixli qətnaməsindən iddiaçının apellyasiyasına əsasən kommersiya mübahisəsinə аçıq məhkəmə iclаsındа bаxаrаq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, cavabdehdən 67.838,93 manat məbləğdə borcun və 30 manat dövlət rüsumu olmaqla, cəmi 67.868,93 manat məbləğdə pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə, iddiaçının tabe qurumu olan X2 Stansiyası ilə cavabdeh arasında rabitə xidmətlərinin (şəhərlərarası, beynəlxalq, sifarişli (107) rabitə xidməti və sair) göstərilməsi barədə 11.05.2016-cı il tarixli 13043 nömrəli müqavilə imzalanmışdır. Müqavilənin 2.2.1-ci bəndinə əsasən istifadəçi cavabdeh hər ay iddiaçı müəssisə tərəfindən göstərilmiş xidmət haqlarını təqdim edilmiş hesab və ya hesab fakturalara uyğun olaraq BATS-a ödəməlidir. Lakin cavabdeh istifadəsində olan (012) ***-**-** nömrəli telefondan 21.07.2017-24.07.2017-ci il tarixlərdə xarici ölkələr istiqamətində edilmiş 104.358,78 dəqiqə zənglər nəticəsində yaranmış 67.838,85 manat danışıq haqqı üzrə borcu ödəməkdən imtina edir. Yaranmış borcun ödənilməsi ilə bağlı dəfələrlə cavabdehə yazılı və şifahi xəbərarlıq edilməsinə baxmayaraq borc tam ödənilməmiş, mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi üçün dəfələrlə hər iki tərəfin nümayəndə heyətinin iştirakı ilə görüşlər keçirilmiş, lakin bu görüşlərin də heç bir nəticəsi olmamışdır. Cavabeh iddiaçı tərəfin xidmətindən istifadə etmiş, müqavilə üzrə götürdüyü öhdəlikləri yerinə yetirməyərək xidmət haqqını ödəməmiş, lakin cavabdehin istifadəsində olan telefondan aparılan beynəlxalq zənglər, beynəlxalq operatorlara məxsus kanallar üzərindən ötürüldüyündən və danışıqlar beynəlxalq operatorların stansiyalarında qeydiyyata alındığından mübadilə edilən trafikin həcminə görə beynəlxalq operatorlarla hesablaşmalar aparılaraq ödənişlər olunmuşdur. 1 nömrəli Bakı İnzibati-İqtisadi Məhkəməsinin 27.12.2019-cu il tarixli qətnaməsi ilə iddia rədd edilmiş, 30 manat dövlət rüsumunun iddiaçının özünə aid edilməsi, iddiaçıdan ekspertiza xərcinin əvəzi olaraq 61,17 manat məbləğdə pulun tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Qətnamənin əsaslarına görə, “Məhkəmə qeyd edir ki, tərəflər arasında 11 may 2016-cı il tarixli 13043 nömrəli müqavilə üzrə münasibətlər yaranmışdır. Hər iki tərəfin həmin müqvailə üzrə öhdəlikləri vardır. Lakin ekspert rəyindən də göründüyü kimi, hazırki halda qeydə alınan zənglər cavabdehin öz öhdəliyinin icra etməməsi səbəbindən yaranmamışdır. ... Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddia tələbi ilə bağlı iddiaçı məhkəməyə öz tələbini əsaslandıran halları təsdiq edən hər hansı bir mötəbər sübut təqdim etməmişdir. ... Belə olan halda məhkəmə hesab edir ki, göstərilən danışıqların aparılmasında cavabdehin təqsirli hərəkəti sübuta yetmədiyindən iddiaçının borcun ödənilməsinə dair iddiası əsaslı deyil.” Qətnamə ilə razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, məhkəmə, qətnamədə iddiaçının öz tələbini sübuta yetirə bilmədiyini qeyd etmiş və ekspert rəyinə əsaslanaraq iddianı rədd etmişdir. Lakin ekspert rəyinin cavabdehə aid hissəsində iddiaçının avadanlıqlarının testləşdirildiyinə dair məlumatın olmaması, eyni zamanda, istifadə etdikləri avadanlıqların içərisində CİSCO "xxxx" telefon aparatlarının mövcud olduğu qətnamədə qeyd edilməmişdir. Bu baxımdan da məhkəmə ekspert rəyindəki ziddiyyətlərə qiymət verməmişdir. Məhkəmə tərəflər arasındakı müqavilənin mübahisələndirilən 2.5-ci bəndinə hər hansı qeyd verməmişdir. Müqavilənin həmin bəndi ilə cavabdeh öz üzərinə son rabitə qurğularını (faks, papalel telefon, kompüter, mini ATS və sair) rabitə müəssisəsində qeydiyyatdan keçirərək, ona dair preyskuranta uyğun və vaxtında ödəniş aparmaqla istifadə etmək vəzifəsini götürmüşdür. Lakin məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən istifadə olunan avadanlıqların qeydiyyatdan keçmədiyi təsdiq edilsə də, məhkəmə buna münasibət bildirməmişdir. Göründüyü kimi, mübahisəyə səbəb olmuş telefon zəngləri hətta “Fraud” xarakterli olsaydı, bunun məsuliyyəti cavabdehin üzərində idi. Çünki, yalnız cavabdehin istfadəsində "xxxx" qurğular olmuş və müqavilə şərtlərinə zidd olaraq istifadə olunan qurğular rabitə müəsissəsində qeydiyyata alınmamışdır. Bundan əlavə, iş üzrə mütəxəssis qismində işə cəlb edilmiş DİN Baş İnformasiya - Kommunikasiya İdarəsinin əməkdaşı bildirmişdir ki, kiber hücumlarla bağlı məsələlərin araşdırılması ilə Xüsusi Dövlət Mühafizə Xidməti məşğul olur. Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2-2(103)-255/2020 nömrəli iş üzrə 02.06.2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, 1 nömrəli Bakı İnzibati-İqtisadi Məhkəməsinin 27.12.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamə ilə razılaşmayan iddiaçı ondan kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Kommersiya Kollegiyasının 2-2(102)- 307/2020 nömrəli iş üzrə 30.09.2020-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 02.06.2020-ci il tarixli qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2-2(103)-90/2021 nömrəli iş üzrə 11.06.2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, 1 nömrəli Bakı İnzibati-İqtisadi Məhkəməsinin 27.12.2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddiaçının xeyrinə cavabdehdən 67.838,93 manat borcun və 30 manat dövlət rüsumunun, cəmi 67.868,93 manatın tutulması, cavabdehdən ekspertiza xərcinin əvəzi olaraq 61,17 manat məbləğdə pulun tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Qətnamə ilə razılaşmayan cavabdeh ondan kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Kommersiya Kollegiyasının 2-2(102)- 602/2021 nömrəli iş üzrə 07.12.2021-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 11.06.2021-ci il tarixli qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. İşə apellyasiya qaydasında baxılarkən iddiaçının nümayəndəsi şikayəti müdafiə edib, ona uyğun izahat vermiş, cavabdehin nümayəndələri şikayəti qəbul etməyib, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Ali Məhkəmənin 30.09.2020-ci il tarixli qərarında göstərilmişdir ki, “48. Qeyd olunmalıdır ki, cavabdehin kassasiya şikayətinin məhkəmə tərəfindən ekspert rəyində göstərilən ASC-ə aid hissəsində onların avadanlıqlarının testləşdirildiyinə dair məlumatın olmaması, eyni zamanda istifadə etdikləri avadanlıqların içərisində “CİSCO İP” telefon aparatlarının mövcud olduğuna məhkəmə qətnaməsində münasibət bildirilməməsi, bu baxımdan məhkəmənin bu ekspert rəyindəki ziddiyyətlərə qiymət verməməsi, habelə tərəflər arasında bağlanmış müqavilənin 2.5-ci bəndi haqqında hər hansı fikir bildirməməsi barədə dəlilləri ilə bağlı qeyd edir ki, həqiqətən də müqavilənin göstərilən bəndində son rabitə qurğularını (faks, paralel telefon, kompüter, mini ATS və s.) rabitə müəssisəsində qeydiyyatdan keçirərək ona dair preyskuranta uyğun vaxtında ödəniş aparmaqla istifadə etmək istifadəçinin hüquq və vəzifələri sırasında göstərilmişdir. Qüvvədə olan müvafiq qanunvericiliyə əsasən rabitə qurğularının sertifikatlaşdırılmasının nizamlanmasını da müəyyənləşdirir.
49. Belə ki, “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanununda telekommunikasiya sahəsində sertifikatlaşdırma ilə əlaqədar qaydalar nəzərdə tutulmuşdur.
50. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 21 avqust tarixli 175 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında Telekommunikasiya vasitələrinin və qurğularının sertifikatlaşdırma qaydalarının “Azərbaycan Respublikasında məcburi sertifikatlaşdırılması aparılacaq ümumistifadəli telekommunikasiya şəbəkələrində istifadə edilən telekommunikasiya vasitələri və qurğularının Siyahısı”nın 7.2.1-ci bəndində müxtəlif mürəkkəblik dərəcəli, o cümlədən mobil telefon aparatlarının məcburi sertifikatlaşdırılması da şərtləndirilmişdir. Bu baxımdan ASC-in istifadəsində olan telekommunikasiya avadanlıqlarının, telefon aparatlarının (o cümlədən “CİSCO İP” telefon aparatlarının bütün modelləri, növləri daxil olmaqla) sertifikatlaşdırılması həm yuxarıda göstərilən qanunvericiliyin, həm də tərəflər arasında mövcud olan müqavilənin 2.5-ci bəndinə əsasən məcburi xarakter daşıyır.
51. Bununla belə məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 15 oktyabr 2019-cu il tarixli rəyinə istinad edilmişdir.
52. Həmin rəydə isə birbaşa göstərilir ki, “tədqiqatlar zamanı bankda daxili telefon rabitəsinin təşkili məqsədi ilə istifadə edilən “CİSCO” proqram təminatının bütün şəbəkə bağlantıları və ona bağlı fiziki avadanlıqların (“CİSCO İP” telefon aparatları, “CİSCO switch” “CİSCO router”) internet magistralına çıxışlarının mümkünsüzlüyü və həmin VOİCE şəbəkəsinin (telefon rabitəsi şəbəkəsinin) DATA şəbəkəsi (server və istifadəçi kompüter şəbəkəsi) ilə heç bir əlaqəsinin olmaması faktına istinadən kənar qoşulmaların mümkünsüzlüyü qənaətinə gəlinmişdir. Eyni zamanda qeyd olunan müddət ərzində icra olunan zənglərin tarixi və saatı iş saatlarına uyğun gəlmirdi”. Həmin rəydə daha sonra göstərilmişdir ki, aparılmış tədqiqatlar nəticəsində 21.07.2017-24.07.2017-ci il tarixlərdə (012)-440-86-41 nömrəli telefondan xarici ölkələrə aparılmış danışıqlar "xxxx" ASC-in şəbəkəyə nasaz və ya sertifikatı olmayan cihazlar qoşulması nəticəsində yaranmamışdır.
53. Bu baxımdan, hətta hesab edilsə də ki belə, ASC-də sertifikatlaşdırılmamış rabitə qurğularından istifadə edilmişdir, aparılan ekspertizanın nəticəsindən belə qənaətə gəlinir ki, onların istifadəsi ilə iddia olunan məbləğin əmələ gəlməsi arasında səbəb-nəticə əlaqəsi görünmür.
54. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası kassasiya şikayətinin bu dəlili ilə razılaşmayaraq qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin mövqeyi doğru olmuşdur.
55. Bununla belə, məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətində XDMX-ın əməkdaşının mütəxəssis qismində cəlb edilməsinə dair verdikləri vəsatətin məhkəmə tərəfindən təmin olunmaması ilə bağlı dəlili ilə əlaqədar qeyd edir ki, MPM-in 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
56. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır ( MPM-in 217.3-cü maddəsi).
57. Məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutu, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəblərini aydın göstərməlidir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun S.Əliyevanın şikayəti ilə əlaqədar 31 may 2006-cı il tarixli Qərarı).
58. Göstərilənlərlə əlaqədar kollegiya belə hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırki iş üzrə şikayətin bu dəlili ilə bağlı yalnız Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İnformasiya Kommunikasiya İdarəsinin mütəxəssis qismində cəlb olunmuş əməkdaşının birinci instansiya məhkəməsində kiber (konkret halda “Fraud” dolandırıcı xarakterli) hücumların XDMX-in səlahiyyətində olması və belə hallarda cinayət işinin açılmasını bildirdiyi izahatına istinad etmişdir.
59. Məhkəmə kollegiyası vurğulayır ki, XDMX-ın əməkdaşının cəlb edilməsi ilə bağlı iddiaçının verdiyi vəsatətin təmin olunmamasının əsaslandırılmaması və yalnız yuxarıda göstərilən mütəxəssisin izahatına istinad olunması prosessual qanunvericiliyin əvvəldə göstərilən müddəalarının tələbi baxımından məqbul hesab edilə bilməz.
60. Bu baxımdan məhkəmə kollegiyası qeyd edir ki, hazırki işə apellyasiya instansiyası məhkəməsində yenidən baxılarkən XDMX-in səlahiyyətli nümayəndəsi mütəxəssis qismində cəlb edilməli, həmçinin Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və yüksək texnologiyalar Nazirliyinin də rəyinin alınması məsələsi müzakirə olunmalıdır.” Ali Məhkəmənin 07.12.2021-ci il tarixli qərarında isə qeyd olunmuşdur ki, “45. Apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən əsaslandığı hallardan biri mütəxəssisin izahatı olmuşdur. Həmin izahata istinadən məhkəmə belə qənaətə gəlmişdir ki, bu tipli zənglərin qarşısının alınması həmin müəssisənin əsas öhdəliklərindən biridir, bu halların baş verməsinin əsası kimi işçi-personalının şəbəkəni bilərəkdən və yaxud bilməyərəkdən virusa yoluxdurmasından irəli gəlir və bank tərəfindən qeyd edilən məsələ vaxtında araşdırılma aparılmamışdır.
46. Halbuki qətnamədən görünür ki, məhkəmə iclasında həmin izahatı verən Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin nümayəndəsi X3 həmçinin bildirmişdir ki, ATS ilə bank arasında bağlanmış müqavilə əsasında həm bank tərəf, həm Rabitə Nazirliyi arasında müvafiq müqavilə bağlanır, həmin müqavilədə hansı tərəflərin hansı məsuliyyətləri öz üzərinə götürmələrinin qeyd olunmasına nəzər salmaq məqsədəuyğundur.
47. Beləliklə, mütəxəssisin izahatı özü-özlüyündə ziddiyyətlidir. Belə ki, o, bir tərəfdən, bu tipli zənglərin qarşısının alınmasının həmin müəssisənin (ASC-nin) əsas öhdəliklərindən biri olduğunu göstərir, digər tərəfdən isə ATS ilə bank arasında bağlanmış müqavilə əsasında həm bank tərəf, həm Rabitə Nazirliyi arasında bağlanan müvafiq müqavilədə hansı tərəflərin hansı məsuliyyətləri öz üzərinə götürmələrinin qeyd olunduğunu bildirir.
48. ASC ilə MMC ilə bağlanmış müqavilədə də “FRAUD” xarakterli zənglərin qarşısının alınmasının komkret olaraq hansı tərəfin öhdəliyi olması müəyyən edilməmişdir.
49. Eyni zamanda, bu öhdəliyin hansı tərəfin üzərinə düşdüyünün konkret normativ hüquqi aktlara istinad edilməklə əsaslandırılması da iş materiallarından görünmür.
50. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işin həlli üçün birbaşa əhəmiyyət kəsb edən həmin məsələ hələ də qeyri-müəyyən vəziyyətdədir. Bu qeyri-müəyyənlik isə iş üzrə birmənalı nəticəyə gəlməyə imkan vermir.
51. Lakin apellyasiya instansiyası məhkəməsi mütəxəssisin ziddiyyətli izahatına mötəbər məlumat kimi istinad etmiş, Rabitə Nazirliyi ilə sözügedən müqavilələrin bağlanıbbağlanmadığını dəqiqləşdirməmiş, əgər bağlanmışdırsa həmin müqavilələrin təqdim olunmasını aidiyyəti tərəf(lər)ə təklif etməmiş, əgər bağlanmamışdırsa, buna görə məsuliyyətin kimi üzərinə düşdüyünü müəyyən etməmiş, “FRAUD” xarakterli zənglərin qarşısının alınmasına dair qanunvericilik aktlarına, eləcə də əgər vardırsa, normativ-texniki aktlara istinadlar etməmiş, bununla bağlı ümumiyyətlə hər hansı araşdırma və hüquqi dəyərləndirmə aparmamışdır.
52. Halbuki MM-in 1096-cı maddəsindən (bax yuxarıda § 40) də aydın olur ki, deliktdən irəli gələn mübahisələrdə cavabdehin təqsirinin olub-olmamasının müəyyən edilməsi iş üzrə son dərəcə mühüm əhəmiyyət kəsb edir.
53. Hazırkı işdə ASC iddia olunan zərərin vurulmasında o zaman təqsirli hesab edilə bilər ki, konkret öhdəlik (məsuliyyət) daşıdığı halda, “FRAUD” xarakterli zənglərin qarşısının alınması üçün özündən asılı olan bütün zəruri tədbirləri görməmiş olsun.
54. Bunun üçün isə tərəflərin məsuliyyət həddi (təhlükəsizlik təminatının konkret olaraq hansı subyekt tərəfindən verildiyi) dəqiqləşdirilməlidir.
55. Bundan başqa, apellyasiya instansiyası məhkəməsinin iş materiallarında olan 2021-ci il 11 iyun tarixli iclasının protokolundan görünür ki, həmin mütəxəssisin dediyi bəzi mühüm fikirlər iş üçün mühüm əhəmiyyət kəsb etsə də, qətnaməyə daxil edilməmiş, məhkəmə qətnamədə həmin məsələlərə har hansı münasibət bildirməmişdir.
56. Mütəxəssis qeyd etmişdir ki, “Bu bağlantı bank ilə Aztelekom arasında birbaşa deyildir. Hər hansı müdaxilənin olmasını ehtimal etmək olar. Bu proses 3 ATS-dən keçir.”, “ATS tərəfindən müdaxilə ola da bilər.”, “İşçi-personalın bu qədər dəqiqə zəngi həyata keçirməyi mümkün deyildir. 1 dəqiqə ərzində 512 dəfə zəng olur və hər biri 15 dəqiqə davam edir.”, “Bu, Aztelekomun təqdim etdiyi sənədlərdən görünür.”, “... eyni anda 30 danışıq baş tuta bilər.”, “Danışıqlar iş saatı olmayan vaxtlarda edilib, qeyri-iş günlərində edilib.”
57. Mütəxəssisin öz izahatında göstərdiyi həmin vacib məqamlar mübahisə predmeti olan zənglərin ASC-nin əməkdaşları tərəfindən həyata keçirildiyinə əsaslı şübhələr yaradır.
58. İstənilən halda, yuxarıda qeyd olunduğu kimi, MMC tərəfindən ASC-yə göstərilən xidmət çərçivəsində “FRAUD” xarakterli zənglərin qarşısının alınması üçün təhlükəsizlik təminatının konkret olaraq hansı subyekt tərəfindən verildiyi müəyyən edilmədən hazırkı mübahisəyə birmənalı şəkildə ədalətli və əsaslı qiymət verilməsi qeyrimümkündür.
59. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 oktyabr 2019-cu il tarixli 7425 nömrəli ekspert rəyində ASC-nin avadanlıqlarının testləşdirildiyinə dair məlumatın olmaması, onların istifadə etdikləri avadanlıqların içərisində CİSCO İP telefon aparatlarının mövcud olduğu göstərilmişdir. Göründüyü kimi, ASC-nin istifadəsində "xxxx" qurğuları olmuş və tərəflər arasında bağlanmış müqavilə şərtlərinə uyğun olaraq həmin qurğuların qeydiyyatdan keçməsi iş materialları ilə təsdiqini tapmamışdır.
60. Həmin hal yekun nəticəyə gələrkən apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi hallardan biri olmuşdur.
61. Halbuki sözügedən rəydə həmçinin göstərilmişdir ki, “tədqiqatlar zamanı bankda daxili telefon rabitəsinin təşkili məqsədi ilə istifadə edilən “CİSCO” proqram təminatının bütün şəbəkə bağlantıları və ona bağlı fiziki avadanlıqların (“CİSCO İP” telefon aparatları, “CİSCO switch” “CİSCO router”) internet magistralına çıxışlarının mümkünsüzlüyü və həmin VOİCE şəbəkəsinin (telefon rabitəsi şəbəkəsinin) DATA şəbəkəsi (server və istifadəçi kompüter şəbəkəsi) ilə heç bir əlaqəsinin olmaması faktına istinadən kənar qoşulmaların mümkünsüzlüyü qənaətinə gəlinmişdir. Eyni zamanda qeyd olunan müddət ərzində icra olunan zənglərin tarixi və saatı iş saatlarına uyğun gəlmirdi”. Həmin rəydə daha sonra qeyd olunmuşdur ki, aparılmış tədqiqatlar nəticəsində 2017-ci il 21-24 iyul tarixlərində (012)-440-86-41 nömrəli telefondan xarici ölkələrə aparılmış danışıqlar ASC-in şəbəkəyə nasaz və ya sertifikatı olmayan cihazlar qoşulması nəticəsində yaranmamışdır.”
62. Belə olan halda isə, iddia tələbinin təmin olunması üçün ASC-nin istifadəsində olmuş "xxxx" qurğularının, tərəflər arasında bağlanmış müqavilə şərtlərinə uyğun olaraq ASC tərəfindən qeydiyyatdan keçirilməməsinin, yaxud hətta sertifikarlaşdırılmamasının “FRAUD” xarakterli zənglərin edilməsinə səbəb ola bilməsinin mümkünlüyü öz təsdiqini tapmır.
63. Apellyasiya instansiyası məhkəməsi isə bu məsələyə də əsaslandırılmış şəkildə münasibət bildirmədən, o cümlədən ekspert rəyinə MPM-in 103-cü maddəsinə (bax yuxarıda § 41) uyğun olaraq işdə olan digər sübutlarla əlaqəli şəkildə hüquqi qiymət vermədən məlum nəticəyə gəlmişdir.” MPM-in 420-ci maddəsinə görə, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 28.02.2012-ci il tarixli Qərarına əsasən, MPM-in 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiyası məhkəməsinin göstərişləri bu Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi üçün məcburidir. Məhkəmə kollegiyası Ali Məhkəmənin 30.09.2020-ci il tarixli qərarında şərh edilən göstərişlərin icrası bağlı əvvəlcə qeyd edir ki, işə ikinci dəfə apellyasiya qaydasında baxılarkən Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilib, ondan mübahisəyə dair yazılı münasibətinin bildirilməsi tələb olunsa da, nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmiş və rəyini təqdim etməmişdir. Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin nümayəndəsi X3 isə həmin apellyasiya baxışı zamanı izahat verərək, bu tipli zənglərin qarşısının alınmasının hər bir müəssisənin rabitənin dayanıqlılığının təşkil edilməsi üçün əsas borclarından biri olduğunu, bu halların baş verməsinin işçi personalın bilərəkdən və yaxud bilməyərəkdən şəbəkəni virusa yoluxdurma, lokal şəbəkə və yaxud da internet çıxışı olduğu halda, internet çıxışı üzərindən baş verə biləcəyini, əldə olunmuş ***-**-** nömrəsinin ilkin baxışdan göründüyü kimi 30 kanallı iki ədəd siqnallaşma kanalı ilə ATS ilə bank arasında müqavilə bağlanaraq bağlantı əldə etdiyini, bu qoşuntunun əsasında abunəçiyə xidmət olunduğunu, bu müqavilə əsasında həm bank tərəf, həm Rabitə Nazirliyi arasında müvafiq müqavilə bağlandığını, həmin müqavilədə hansı tərəflərin hansı məsuliyyətləri öz üzərinə götürmələrinin qeyd olunmasına nəzər salmağın məqsədəuyğun olduğunu, məsələnin araşdırılması vaxtında olsaydı, məqsədəuyğun ola biləcəyini, bağlantının bank ilə Aztelekom arasında birbaşa olmadığını, hər hansı müdaxilə ehtimalının olduğunu, bu prosesin 3 ATS-dən keçdiyini, məsələ vaxtında araşdırılsaydı kəsintinin hansı zamanda edilməsi müəyyən oluna biləcəyini qeyd etmiş, müdaxilənin adətən bank tərəfindən olduğunu, hesablanmanın MHN mərkəzi tərəfindən həyata keçirildiyini bildirmişdir. Ali Məhkəmənin 07.12.2021-ci il tarixli qərarında əks olunan göstərişlərin icrası ilə bağlı məhkəmə kollegiyası sonrakı xüsusatları qeyd edir. İşdə olan, iddiaçının tabe qurumu olan X2 Stansiyası (Müəssisə) və cavabdeh (İstifadəçi) hazırkı adı "xxxx" ASC) arasında bağlanan 11.05.2016-cı il tarixli 13043 nömrəli Rabitə xidmətlərindən istifadə barədə müqaviləyə görə, bu müqavilə müəssisə ilə istifadəçi arasında rabitə xidmətləri göstərilməsi və xidmət haqqının yığımı ilə bağlı münasibətləri tənzimləyir. Müqavilənin şərtlərinə görə: Müəssisə İstifadəçiyə şəhərlərarası, beynəlxalq və digər rabitə xidmətləri göstərir (1-ci bənd). Müqaviləyə əsasən İstifadəçinin vəzifələrinə aiddir: 2.2.1. Müəssisə tərəfindən hər ayın 1-dən 15-dək göstərilmiş xidmət haqları təqdim edilmiş hesab və ya hesab fakturalara uyğun olaraq hər ayın 20-dək ödəniş aparılmasını, eləcə də hər ayın 16-dan ayın sonunadək göstərilmiş xidmət haqlarının növbəti ayın 10dək ödənilməsini təmin etmək; 2.3. Sertifikatı olmayan və nasaz cihazların (telefon aparatı, faks, kompyüter və s.) şəbəkəyə qoşulmasına yol verməmək, telefondan yalnız təyinatı üzrə istifadə etmək; 2.5. Son rabitə qurğularını (faks, paralel telefon, kompyuter, mini ATS və s.) rabitə müəssisəsində qeydiyyatdan keçirərək, ona dair preyskuranta uyğun vaxtında ödəniş aparmaqla istifadə etmək. BATS İnzibati işlər şöbəsinin 19.09.2018-ci il tarixli arayışına görə, 13043 nömrəli müqaviləyə əsasən cavabdehin BATS-a həmin tarixə 67.838,93 manat borcu vardır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15.10.2019-cu il tarixli 7425 nömrəli ekspert rəyinin əsaslandırıcı hissəsində göstərilmişdir ki, “İP-telefoniya sistemi - İnternetlə ötürülməsi üçün İP protokolu bazasında qurulmuş texnologiyadır. İnternet şəbəkəsində xüsusi İnternet protokolları (İnternet Protokol - İP) əsasında hazırlanmış yeni texnologiyalar tətbiq edilir. İP protokolu təkcə İnternet şəbəkəsində deyil, digər şəbəkələrdə də (lokal, korporativ, regional və s.) istifadə olunur. Bu şəbəkələrdə informasiyalar müxtəlif şəkildə (qrafik, mətn, musiqi, rəqəm və s.) ötürülür. Beləliklə: Danışıq zamanı səs siqnalları (ifadə etdiyimiz sözlər) sıxılmış verilənlər paketinə çevrilir və bu verilənlər paketi İnternet vasitəsilə ünvanata göndərilir. Ünvanına çatan məlumat paketi yenidən orijinal səs siqnalına dekodlaşır. Cavabdeh İKB ASC-nin şəbəkəsinə və “X1 Manager” (bundan sonra - CUCM adlandırılacaq) proqram təminatına baxış keçirilmişdir və hadisələrin qeydiyyatı jurnalı (log files və CDR) məlumatlarına istinadən tədqiqat işləri aparılmışdır. Belə ki, Cisco telefon rabitəsi proqram təminatında qeyd edilən tarixlərdə və saatlarda, həmçinin ümumiyyətlə AzTelekom MMC-nin təqdim etdiyi çıxarışdakı nömrələrin yığımı haqqında məlumat öz əksini tapmamışdır. Tədqiqatlar zamanı bankda daxili telefon rabitəsinin təşkili məqsədilə istifadə edilən “CİSCO” proqram təminatının bütün şəbəkə bağlantıları və ona bağlı fiziki avadanlıqlarının (CİSCO İP telefon aparatları, CİSCO switch, CİSCO router) internet magistralına çıxışlarının mümkünsüzlüyü və həmin VOİCE şəbəkəsinin (telefon rabitəsi şəbəkəsinin) DATA şəbəkəsi (server və istifadəçi kompüter şəbəkəsi) ilə heç bir əlaqəsinin olmaması faktına istinadən kənar qoşulmaların mümkünsüzlüyü qənaətinə gəlinmişdir. Eyni zamanda qeyd olunan müddət ərzində icra olunan zənglərin tarixi və saatı iş saatlarına uyğun gəlmirdi. Qeyd olunan müddət ərzində ümimilikdə 104.358 dəqiqə müddət ərzində eyni zamanda bir-neçə istiqamətdə zənglər icra olunmuşdur. Aparılmış tədqiqatlar nəticəsində elə nəticəyə gəlindi ki, qeyd edilən zənglər insan faktorunun səyi nəticəsində deyil, FRAUD xarakterli zənglərdir. Müdaxilədən qorunma probleminin İP telefoniyada mühafizə alqoritmlər və protokollar (DES, 3DES, AES, İPSec və s.) vasitəsilə təmin edilmişdir. Bu cür müdafiənin təşkili telefon əlaqələrinin yüksək səviyyədə məxfiliyini təmin edir - bütün lazımi mexanizmlər (şifrələmə, bütövlüyə nəzarət, hashing, açar mübadiləsi və s.) artıq bir İP telefondan zəng zamanı ünvanata qədər tətbiq edilir. Eyni zamanda qeyd olunan qorunma sistemi həm daxili danışıqlarda, həm də xarici danışıqlarda eyni dərəcədə tətbiq edilir. Beləliklə aparılmış tədqiqatlar nəticəsində 21.07.2017-24.07.2017-ci il tarixlərdə (012)-440-86-41 nömrəli telefondan xarici ölkələrə aparılmış danışıqlar Cavabdeh İKB ASC-nin şəbəkəyə nasaz və ya sertifikatı olmayan cihazlar qoşulması nəticəsində yaranmamışdır. ... "xxxx" MMC-nin istismarında olan “Alcatel 1000 S-12” tipli stansiyanın internetə çıxışı imkanları və İP protokolun dəstəyi müəyyən edilməmişdir. ... Beləliklə aparılmış tədqiqatlar nəticəsində müəyyən olundu ki, iddiaçı "xxxx" MMCnin istifadə etdiyi cihazlar müvafiq sertifikatlara və lisenziyalara malikdir. İddiaçı "xxxx" MMC-nin istifadə etdiyi “Alcatel” markalı “1000 S12” modeli ATS cihazlar mütəmadi olaraq testləşdirilir, həmin cihazlara və sistemə kənardan qoşulma, internetə çıxış və "xxxx" protokolun dəstəyi imkanları mövcud deyil.” Ekspert rəyinin nəticə hissəsinə görə, “1. 21.07.2017-24.07.2017-ci il tarixlərdə (012)-440-86-41 nömrədən xarici ölkələrlə icra olunmuş zənglər aşkar edilmiş hallara əsasən “FRAUD” xarakterli zənglərdir. Bir anda çox sayda zənglərin icrası onların "xxxx" səs rabitəsi üzərindən icrasını bildirir və əməkdaşlar (ümumiyyətlə insan faktoru) tərəfindən edilməməsini bildirir. Əldə olunmuş “LOG” tipli məlumatlar əsasında kiberhücumların izləri aşkarlanmamışdır. Bu halda dəqiqliklə hücumun hansı mənbədən və İP ünvanlardan icra olunmasını, kimlər tərəfindən icra olunmasını müəyyən etmək mümkün olmur. Belə qənaətə qəlmək olar ki, danışıq trafikin oğurlanması ilə əlaqədar ehtimal olunan hücumlar ortaq bir nöqtədən irəli gələn hücumdür və təşkilatın infrastrukturuna aidiyyəti yoxdur.
2. "xxxx" MMC-yə məxsus avadanlıqlara baxış keçirərkən müəyyən olunmuşdur ki, cihazlar mütəmadi olaraq sertifikatlaşmadan keçir, avadanlıqlar işləyir və təyinatı üzrə yararlıdır. Qurumda quraşdırılan avadanlıqlar əsasən beynəlxalq trafikin yönəltməsi və hesablaşmaların aparılması üçün nəzərdə tutulmuşdur. “Alcatel” markalı “1000 S12” modelli ATS cihazlar mütəmadi olaraq testləşdirilir, həmin cihazlara və sistemə kənardan qoşulma, internetə çıxış və "xxxx" protokolun dəstəyi imkanları mövcud deyil.”
Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. “Telekommunikasiya haqqında” AR Qanununun: Maddə 9 . Telekommunikasiya sahəsində sertifikatlaşdırma 9.1. Ümumistifadəli telekommunikasiya şəbəkələrində istifadə edilən telekommunikasiya vasitələri və qurğuları qanunvericilikdə müəyyən olunmuş qaydada sertifikatlaşdırılmalıdır; 9.2. Qanunvericiliklə müəyyən edilmiş uyğunluq sertifikatı olmayan telekommunikasiya vasitələrinin və qurğularının ümum istifadəli telekommunikasiya şəbəkələrində istismarına yol verilmir; 9.3. Telekommunikasiya vasitələrinin və qurğularının zəruri texniki sınağının aparılması, texniki və təhlükəsizlik göstəriciləri üzrə rəy verilməsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada həyata keçirilir; 9.4. Telekommunikasiya vasitələri və qurğularının sertifikatlaşdırılması müvafiq icra hakimiyyəti orqanının akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumu və ya akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumlar tərəfindən həyata keçirilir; 9.4-1. Bu Qanunun 9.4-cü maddəsində nəzərdə tutulan uyğunluğu qiymətləndirən qurumların akkreditasiyası “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada həyata keçirilir; 9.5. Ümumistifadəli telekommunikasiya xidmətlərinin sertifikatlaşdırılması könüllü qaydada aparılır; 9.6. Telekommunikasiya fəaliyyəti sahəsində sertifikatlaşdırmanın qaydaları müvafiq icra hakimiyyəti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.08.1998-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında telekommunikasiya vasitələri və qurğularının sertifikatlaşdırılması Qaydaları”na Əlavə Azərbaycan Respublikasında məcburi sertifikatlaşdırılması aparılacaq ümumistifadəli telekommunikasiya şəbəkələrində istifadə edilən telekommunikasiya vasitələri və qurğularının siyahısı:
7. ümumistifadəli telekommunikasiya şəbəkəsinin son kabel avadanlıqları, son telekommunikasiya avadanlıqları, telekommunikasiya kabelləri və naqilləri, elektrik qida avadanlıqları 7.2. Son telekommunikasiya avadanlıqları 7.2.1 müxtəlif mürəkkəblik dərəcəli, o cümlədən mobil telefon aparatları. MPM-in: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 101.6. Ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. Əgər ekspert ekspertiza apararkən iş üçün əhəmiyyəti olan, haqqında sual qoyulmayan halları müəyyən edirsə, o, bu hallar barədə mülahizələrini öz rəyinə daxil etməyə haqlıdır; Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
İşin müəyyən olunmuş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə kollegiyasının araşdırması ilə sabit olmuşdur ki, Rabitə Nazirliyi ilə cavabdeh arasında hər hansı müqavilə bağlanmamışdır və işin bu halı tərəflər arasında mübahisə doğurmur. Bu mənada AR Xüsusi Dövlət Mühafizə Xidmətinin mütəxəssisinin ilk baxışdan ziddiyyətli görünən izahatı da anlaşılmış olur. Fraud xarakterli zənglərin qarşısının alınması, onun tərəfindən cavabdehə göstərilən xidmət çərçivəsində bu zənglərin qarşısının alınması üçün təhlükəsizlik təminatının konkret olaraq hansı subyekt tərəfindən verildiyinin müəyyən edilməsi üçün öz fəaliyyətində hansı qanunvericilik aktlarını rəhbər tutduğunu Məhkəməyə bildirməsi iddiaçının nümayəndəsinə təklif olunsa da, sonuncu bununla bağlı heç konkret normativhüquqi akt və normaya istinad etməmişdir. İddiaçı cavabdehin istifadəsində olmuş İP qurğularının tərəflər arasında bağlanmış müqavilə şərtlərinə uyğun olaraq qeydiyyatdan keçirilməməsinin Fraud xarakterli zənglərin edilməsinə səbəb ola bilməsini də sübuta yetirə bilməmişdir. Bu barədə 15.10.2019-cu il tarixli ekspert rəyi ilə birmənalı qaydada müəyyən edilmişdir ki, cavabdehdə daxili telefon rabitəsinin təşkili məqsədilə istifadə edilən “CİSCO” proqram təminatının bütün şəbəkə bağlantıları və ona bağlı fiziki avadanlıqlarının (İP telefon aparatlarının) internet magistralına çıxışları, həmçinin həmin VOİCE şəbəkəsinin (telefon rabitəsi şəbəkəsinin) DATA şəbəkəsi (server və istifadəçi kompüter şəbəkəsi) ilə heç bir əlaqəsi olmadığından, kənar qoşulmalar da qeyri-mümkün olmuşdur, qeyd edilən zənglər insan faktorunun nəticəsi deyil, Fraud xarakterlidir. Ali Məhkəmə də 30.09.2020-ci il tarixli qərarında göstərmişdi ki, hətta hesab edilsə ki, cavabdehdə sertifikatlaşdırılmamış rabitə qurğularından istifadə edilmişdir, aparılan ekspertizanın nəticəsindən belə qənaətə gəlinir ki, onların istifadəsi ilə iddia olunan məbləğin əmələ gəlməsi arasında səbəb-nəticə əlaqəsi görünmür. Ali Məhkəmə 07.12.2021-ci il tarixli qərarında isə qeyd etmişdir ki, iddia tələbinin təmin olunması üçün cavabdehin istifadəsində olmuş İP qurğularının tərəflər arasında bağlanmış müqavilə şərtlərinə uyğun olaraq cavabdeh tərəfindən qeydiyyatdan keçirilməməsinin, yaxud hətta sertifikarlaşdırılmamasının Fraud xarakterli zənglərin edilməsinə səbəb ola bilməsinin mümkünlüyü öz təsdiqini tapmır. Bu mənada, apellyasiya şikayətinin ekspert rəyindəki ziddiyyətlərin mövcudluğu barədə ilk dəlili əsaslı deyil. Belə ki, məhkəmə kollegiyası aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilən 15.10.2019-cu il tarixli ekspert rəyində hər hansı ziddiyyətli məqamlar görmür və bu baxımdan ekspert rəyi Məhkəmə kollegiyası tərəfindən mötəbər sübut kimi qəbul edilmişdir. Şikayətin tərəflər arasındakı bağlanmış 11.05.2016-cı il tarixli müqavilənin 2.5-ci bəndi ilə bağlı dəlili də əsassızdır. Belə ki, həmin bəndin ilkin məqsədi cavabdehin öz üzərinə son rabitə qurğularını rabitə müəssisəsində qeydiyyatdan keçirməsi olsa da, əsas, yəni yekun məqsədi cavabdehin həmin qurğulara dair preyskuranta uyğun və vaxtında ödəniş aparmasından ibarətdir. Qeyd olunan bənddə cavabdehin son rabitə qurğularını rabitə müəssisəsində qeydiyyatdan keçirmədikdə hansı məsuliyyət daşıyacağı isə təsbit olunmamaışdır. Lakin hər bir halda, cavabdeh tərəfindən istifadə olunan avadanlıqların qeydiyyatdan keçmədiyi təsdiq edilsə də, bu halın fraud zənglərə səbəb olması, başqa sözlə, mübahisəli borcun cavabdehin öz öhdəliklərini təqsirli pozması nəticəsində meydana gəlməsi iş üzrə təsdiqini tapmır. Bütün bunlar da o deməkdir ki, istifadə olunan avadanlıqların qeydiyyatdan keçirilibkeçirilməməsindən asılı olmayaraq, cavabdeh (onun işçiləri) tərəfindən 21.07.2017- 24.07.2017-ci il tarixlərdə (012) ***-**-** nömrəli telefondan xarici ölkələrə zənglər edilməsi iddiaçı tərəfindən sübuta yetirilmir, bu hal sair qaydada da iş materialları ilə təsdiq olunmur. Odur ki, cavabdehin 11.05.2016-cı il tarixli müqavilə üzrə həm iddia ilə ondan tələb olunan əsasla və məbləğdə öhdəliyinin yaranması, habelə yaranmış hər hansı öhdəliyini pozması halı iş üzrə müəyyən olunmadığı üçün, iddia əsassızdır.
MPM-in: 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianı rədd etməsi qanuni və əsaslı olmuşdur, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
1 nömrəli Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-214/2019 nömrəli iş üzrə 27 dekabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddiaçı "xxxx" MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİMLƏR Vidadi Məmmədov İlham Kərimli Aida Hüseyn