Məhkəmə qərarları › İş №2-2(103)-247/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-247/2023

13.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-247/2023 13.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X3 Hüseynin sədrliyi və məruzəsi ilə, X2 və X1 ibarət tərkibdə, Şükriyyə Vüqar qızı Aydınlının katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1040/2021 saylı, 08 aprel 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ Birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı "xxxx" ASC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən ******* manat əsas borcun, 1637878,46 manat cərimə borcunun və 30 manat dövlət rüsumunun, cəmi 3650434,46 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 31 mart tarixli 58 nömrəli qərarı ilə təsdiq olunmuş "xxxx" ASC-yə məxsus kənd təsərrüfatı texnikasının və texnoloji avadanlıqların hüquqi və fiziki şəxslərə lizinqə verilməsi və ya lizinq yolu ilə satılması Qaydaları”na müvafiq olaraq iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2010-cu il tarixli 08-LA/10 nömrəli, xx.xx.2012-ci il tarixli 29-LA/12 nömrəli və xx.xx.2015-ci il tarixli 02-LA/15 nömrəli müqavilələrə əsasən borclu satış dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə ödəniş qrafikinə uyğun şəkildə ödəmək şərti ilə soyuducu kamera və damcılı suvarma sistemləri avadanlıqları lizinqə götürmüşdür. Cavabdeh müqavilələr üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin xx.xx.2020-ci il tarixə xx.xx.2010-cu il tarixli 08-LA/10 nömrəli müqavilə üzrə 568.200 manat, xx.xx.2012-ci il tarixli 29-LA/12 nömrəli müqavilə üzrə 828.800 manat və xx.xx.2015-ci il tarixli 02-LA/15 nömrəli müqavilə üzrə 615.536 manat gecikdirilmiş əsas borcu yaranmışdır. Cavabdehə öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Tərəflər arasında bağlanmış müqavilələrin 4.2-ci maddəsinə görə lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə lizinq verən lizinq alandan borc məbləği və gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb etmək hüququna malikdir. xx.xx.2010-cu il tarixli 08-LA/10 nömrəli müqavilə üzrə gecikdirilmiş əsas borc 568200 manat təşkil etmişdir. xx.xx.2012-ci il tarixli 29-LA/12 nömrəli müqavilə üzrə gecikdirilmiş əsas borc 828.800 manat və bu müqavilənin 4.2-ci bəndinə əsasən hesablanmış cərimə məbləği 1.147.911,80 manat təşkil etmişdir. xx.xx.2015-ci il tarixli 02-LA/15 nömrəli müqavilə üzrə gecikdirilmiş əsas borc 615.536 manat və həmin müqavilənin 4.2-ci bəndinə əsasən hesablanmış cərimə məbləği 489.966,66 manat təşkil etmişdir.

3. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz təqdim olunmamışdır.

4. Bakı Kommersiya Məhkəməsinin 08 aprel 2021-ci il tarixli, e-2-2(113)-1040/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, 2.012.536 manat əsas borcun və 100.000 manat cərimənin Cavabdehndən tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir.

5. Həmin qətnamədən cavabdeh apelyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1040/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsinin iddia tələbinin təmin olunduğu hissədə ləğv edilərək həmin hissədə də iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

b) Apellyasiya instansiya məhkəməsindəki birinci icraat

6. Bakı Apelyasiya Məhkəməsinin Komersiya Kollegiyasının xx.xx.2022-ci il tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsinin vəsatəti əsasında iddaçı "xxxx" ASC prosessual hüquq varisi Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi ilə əvəz edilmişdir.

7. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 7 iyul tarixli 2-2(103)-30/2022 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

8. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iş üzrə araşdırmanın davam etdirilməsi üçün apellyasiya məhkəməsinə qaytarılması barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

Kassasiya instansiyası məhkəməsindəki icraat

9. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(102)- 704/2022 saylı, 21 dekabr 2022-ci il tarixli qərarı ilə Cavabdeh MMC-nin kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 7 iyul tarixli 2-2(103)-30/2022 saylı qətnaməsi ləğv edilmiş, iş yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır.

10. Ali Məhkəmə işi apellyasiya baxışına qaytararkən qeyd etmişdir ki, kassatorun dəlilləri mahiyyət etibarilə ondan ibarətdir ki, cavabdeh tərəfindən lizinq ödənişləri iddiaçının bank hesabına ödənilmişdir. Belə olan halda, həmin ödənişlərə dair iddiaçının bank hesabından çıxarış əldə edilərək iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilməli və ümumilikdə nə qədər lizinq ödənişlərinin həyata keçirildiyi və nə qədər borcun qaldığı müəyyən edilməli idi. Lakin işə baxan məhkəmələr qeyd olunanların heç birini etməmiş, yalnız iddiaçı tərəfindən təqdim edilən maliyyə arayışına əsaslanmaqla müvafiq nəticəyə gəlmiş, araşdırmanın yalnız iddiaçının bank hesabından çıxarışın mövcudluğu ilə təsbit edilə bilməsini nəzərə almamışdır. Belə ki, cavabdeh MMC-nin keçən müddət ərzində rəhbərliyi dəyişdiyindən köhnə rəhbərlik nağd şəkildə müvafiq bank hesabına edilən ödənişlərə dair qəbzləri təhvil-təslim etməmiş və məhz bu səbəbdən cavabdeh tərəf müvafiq qəbzləri məhkəməyə təqdim etməmişdir. İş materiallarından görünür ki, cavabdeh həmin xüsusatları özünün müvafiq yazılı vəsatətində bildirsə də və ekspertizanın təyin edilməsinə dair qərardadda apellyasiya instansiyası məhkəməsi ekspertiza tədqiqatının həyata keçirilməsi üçün ASC-nin "xxxx" ASC-də olan hesablaşma hesabına cavabdeh tərəfindən 2009-cu il 1 iyul tarixindən 2021-ci il 19 yanvar tarixinədək həyata keçirilmiş ödənişlər barədə məlumatların təqdim edilməsini (hesabdan çıxarış əlavə edilməklə) "xxxx" ASC-yə həvalə etsə də, apellyasiya instansiyası məhkəməsi öz qərardadının sonadək düzgün icrasını təmin etməmiş, bununla da cavabdehin vəsatəti faktiki olaraq nəticəsiz qalmış və bu səbəbdən də yekunda əsassız qətnamə qəbul edilmişdir. Belə ki, "xxxx" ASC-dən məhkəməyə daxil olmuş məktubda dəqiqləşdirici məlumatlar (VÖEN) təqdim edildiyi təqdirdə araşdırma aparılacağı bildirilmiş, apellyasiya instansiyası məhkəməsi isə hər iki mübahisə tərəfinin deyil, yalnız cavabdehin VÖEN-ni banka təqdim etmiş, nəticədə ekspert tədqiqatına yalnız cavabdehin bank hesablarından çıxarış təqdim edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə, apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi prinsipiallıq və obyektivlik göstərilməməsi nəticəsində ekspert tədqiqatı birtərəfli qaydada (yalnız iddiaçının təqdim etdiyi məlumatlar və cavabdehin bank hesablarından çıxarış əsasında) aparılmış, iddiaçının bank hesablarında aparılmış müvafiq əməliyyatlar isə ekspertiza tədqiqatının predmeti olmamışdır. Halbuki məhkəmə "xxxx" ASC-yə iddiaçının VÖEN-ni təqdim etməklə sözügedən məlumatları asanlıqla əldə edə və ekspertiza tədqiqatına təqdim edə bilərdi. Halbuki məhkəmə tərəfindən "xxxx" ASC-yə müraciət edilməsinin əsas səbəbi məhz iddiaçının bank hesablarında aparılan əməliyyatların, o cümlədən cavabdeh tərəfindən müvafiq pul vəsaitlərinin daxil olmasının müəyyən edilməsi idi. Beləliklə, apellyasiya instansiyası məhkəməsi öz qətnaməsində iş üzrə alınmış ekspert rəyinə mötəbər sübut kimi istinad etməklə MPM-in 88 və 103.1-ci maddələrinin tələblərini pozmuş, iş üzrə əsassız nəticəyə gəlmişdir. Kassatorun digər dəlili ondan ibarətdir ki, məhkəmə cavabdehdən tutulmalı olan dəbbə pulunun məbləği barədə də düzgün nəticəyə gəlməmişdir. Yuxarıda qeyd olunan səbəblərdən cavabdehdən tutulmalı olan əsas borcun həcmi barədə hazırda birmənalı nəticəyə gəlmək mümkün olmadığından, məhkəmə kollegiyası cavabdehdən tutulmalı olan cərimə pulu barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə üzrə hüquqi dəyərləndirmə aparmağı hazırkı vəziyyətdə qeyri-mümkün hesab edir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehə ümumiyyətlə məhkəmə bildirişləri göndərilməmiş, çəkişmə prinsipi, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9-cu maddəsinin tələbləri pozulmuşdur. Qətnamə qəbul edilən zaman cavabdeh tərəfindən edilmiş ödənişlər nəzərə alınmamış və əsas borc üzrə heç bir araşdırma aparılmamışdır. Halbuki, cavabdeh tərəfindən həyata keçirilən lizinq ödənişləri iddiaçının bank hesabına ödənilmişdir. Belə olan halda həmin ödənişlərə dair iddiaçının bank hesabından çıxarış əldə edilərək, iş üzrə məhkəmə mühasibatlıq ekspertiyası təyin edilməli və ümumilikdə nə qədər lizinq ödənişlərinin həyata keçirildiyi və nə qədər borcun qaldığı müəyyən edilməli idi. Lakin işə baxan birinci instansiya məhkəməsi qeyd edilənlərin heç birini etməmiş, yalnız iddiaçı tərəfindən təqdim edilən maliyyə arayışına əsaslanmaqla müvafiq nəticəyə gəlmişdir. Göründüyü kimi, ekspertiza keçirilməsi zərurəti yarandığı halda, məhkəmə tərəfindən buna dair prosessual hərəkətlər həyata keçirilməmişdir. Bundan başqa məhkəmə tərəfindən tutulması qərara alınan dəbbə pulunun məbləği də ədalətli hesab edilə bilməz. Belə ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Şərh edilənlərdən də göründüyü kimi işə baxan Bakı Kommersiya Məhkəməsi aşağıda göstərilən prosessual qanunvericiliyin və eləcə də qətnamənin qanuni və əsaslı olmasını nəzərdə tutan Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinin tələblərini pozmuşdur.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. b) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi və əlavə olaraq izahatında bildirdi ki, cavabdeh tərəfin bütün ödənişləri sistemlərində var və tərəflərindən nəzərə alınmışdır. Ekspert rəyində də hərtərəfli qeyd olunmuşdur. Ödənilmiş bütün vəsaitlər sistemdə nəzərə alınmışdır.

14. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq cavabdehin nümayəndəsinin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.

TƏTBİQ EDİLƏN HÜQUQ

15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

16. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir.

17. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

18. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

19. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

20. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər.

21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

22. Həmin Məcəllənin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.

23. Həmin Məcəllənin 748-1.1-ci maddəsinə əsasən lizinq verən lizinq obyekti olan əmlakı lizinq alana lizinq müqaviləsinin şərtlərinə və həmin əmlakın təyinatına uyğun halda (vəziyyətdə) təqdim etməlidir.

24. Həmin Məcəllənin 748-10.1-ci maddəsinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir.

25. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

26. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

27. Mülki Prosessual Məcəllənin 119.5-ci maddəsinə əsasən apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.

28. Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

29. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin qanuniliyinin və əsaslılığının iddianın təmin edilən hissəsində yoxlanılması təşkil edir.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

30. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi mübahisələndirilən-iddia tələbinin təmin edilən hissəsində əsaslıdır.

31. İddiaçı ilə cavabdeh arasında bağlanmış 2010-cu il 26 avqust tarixli 08-LA/10 nömrəli, 2012-ci il 28 iyun tarixli 29-LA/12 nömrəli və 2015-ci il 14 avqust tarixli 02-LA/15 nömrəli lizinq müqavilələrindən görünür ki, iddiaçı cavabdehə kamera və damcılı suvarma sistemləri avadanlıqlarını dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra cavabdehin mülkiyyətinə verilməsi şərti ilə lizinqə verməyi, cavabdeh avadanlıqların satış dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə ödəniş qrafikinə uyğun şəkildə ödəməyi öhdələrinə götürmüşlər.

32. 9 il müddətinə bağlanmış 2010-cu il 26 avqust tarixli 08-LA/10 nömrəli lizinq müqaviləsi üzrə ilkin ödəniş 60.000 manat, 10 il müddətinə bağlanmış, 2012-ci il 28 iyun tarixli 29-LA/12 nömrəli müqavilə üzrə 90.000 manat, 10 il müddətinə bağlanmış 2015-ci il 14 avqust tarixli 02-LA/15 nömrəli müqavilə üzrə 170.000 manat nəzərdə tutulmuşdur.

33. Müqavilələrin 4.2-ci bəndinə əsasən, lizinq alan ödəniş qrafikinə uyğun olaraq iki dəfədən artıq ödənişi yerinə yetirməzsə, Lizinq verən Lizinq alandan borc məbləği və gecikdirilən hər günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb edir.

34. Maliyyə arayışlarına əsasən, Cavabdeh MMC-nin "xxxx" ASC-yə 2010-cu il 26 avqust tarixli 08-LA/10 nömrəli müqavilə üzrə əsas borcu 568.200 manat, 2012-ci il 28 iyun tarixli 29-LA/12 nömrəli müqavilə üzrə əsas borc 828.800 manat və cərimə məbləği 1.147.911,80 manat, 2015-ci il 14 avqust tarixli 02-LA/15 nömrəli müqavilə üzrə əsas borc 615.536 manat və cərimə məbləği 489.966,66 manat təşkil etmişdir.

35. Apellyasiya baxışı zamanı cavabdehin vəkili məhkəməyə elektron ərizə ünvanlayaraq iddiaçının bank hesabından çıxarışın əldə olunması üçün sorğunun göndərilməsini xahiş etmiş, Bakı Apellyasiya Məhkəməsinin kommersiya kollegiyasının 2- 2(103)-247/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə vəsatət təmin edilmiş, Cavabdeh MMC (VÖEN: **********) tərəfindən cavabdeh "xxxx" ASC (VÖEN: **********) ("xxxx" ASC) (VÖEN: **********) – hazırkı Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin (VÖEN: **********) "xxxx" ASC-də olan hesablaşma hesabına xx.xx.2009-xx.xx.2021-ci il tarixədək həyata keçirilmiş ödənişlər barədə məlumatların (hesabdan çıxarış əlavə edilməklə) "xxxx" ASC tərəfindən məhkəməyə təqdim edilməsi qərara alınmışdır.

36. "xxxx" ASC-nin 31 mart 2023-cü il tarixli, 2023/111/2364 saylı məktubunda qeyd edilmişdir ki, qərarda qeyd olunan tarix aralıqlarında Cavabdeh MMC-nin "xxxx" ASC-də olan hesablarından qərarda göstərilən digər təşkilatların hesablarına köçürmə əməliyyatları aşkar edilməmişdir. Həmçinin, "xxxx" ASC-nin və AKİA-nın "xxxx" ASC-də olan hesablarına olunmuş mədaxil əməliyyatlarının təyinatlarında Cavabdeh MMC ilə bağlı qeyd olmadığından həmin mədaxil olunan vəsaitlərin Cavabdeh MMC tərəfindən köçürülüb-köçürülməməsini müəyyənləşdirmək mümkün olmamışdır.

37. Daha sonra cavabdehin vəkili məhkəməyə elektron ərizə (vəsatət) ünvanlayaraq Cavabdeh MMC tərəfindən "xxxx"ASC və "xxxx" ASC-nin bank hesabıa xx.xx.2009-cu il tarixdən xx.xx.2021-ci il tarixinədək olan müddət ərzində ödənilmiş vəsaitlər və ödəniş təyinatları ilə bağlı məlumatların "xxxx" ASC-dən götürülməsi üçün məhkəməyə sorğu göndərilməklə yanaşı, sorğuya iş materiallarında olan kassa mədaxil orderləri (8 ədəd), "xxxx" ASC-nin ödəniş qəbzləri (5 ədəd) və "xxxx" ASC tərəfindən təqdim edilən hesabdan çıxarışın surətləri əlavə olunmaqla bütün sadalanan sənədlərdəki tarixlərdə edilmiş ödənişlərin təyinatlarına uyğun digər ödənişlər barədə məlumatların götürülməsini xahiş etmiş, Bakı Apellyasiya Məhkəməsinin kommersiya kollegiyasının 2-2(103)-247/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə vəsatət təmin edilmişdir.

38. "xxxx" ASC-nin 24 may 2023-cü il tarixli, 2023/111/3903 saylı məktubunda qeyd edilmişdir ki, məktuba əlavə edilmiş qərarda qeyd olunan xx.xx.2018-ci il tarixli 3000.00 (üç min) manat, xx.xx.2018-ci il tarixli 15000.00 (on beş min) manat, xx.xx.2018-ci il tarixli 3000.00 (üç min) manat, xx.xx.2019-cu il tarixli 14000.00 (on dörd min) manat, xx.xx.2019cu il tarixli 3000.00 (üç min) manat vəsaitlərlə bağlı əməliyyatlara dair hesabdan çıxarış təqdim edilir. Digər əməliyyatlarla bağlı bank əməliyyat sistemində məlumat aşkar edilməmişdir. Həmin əməliyyatlara dair kassa mədaxil orderləri təqdim edildiyi təqdirdə yenidən araşdırma aparıla bilər.

39. Məhkəmə Ekspertizası Mərkəzinin 2022-ci il 24 may tarixli 9/700 saylı ekspert rəyi ilə maliyyə arayışındakı məlumatlara əsasən cavabdehin lizinq müqavilələri üzrə həyata keçirdiyi ödənişlərin cəminin 443.000 manat olduğu, 2021-ci il 12 iyul tarixinə 2010cu il 26 avqust tarixli 08-LA/10 nömrəli lizinq müqaviləsi üzrə əsas borcun 568.200 manat, cərimə borcunun 757.538,10 manat, 2012-ci il 28 iyun tarixli 29-LA/12 nömrəli lizinq müqaviləsi üzrə əsas borcun 1.018.400 manat, cərimə borcunun 1.400.409 manat, 2015ci il 14 avqust tarixli 02-LA/15 nömrəli lizinq müqaviləsi üzrə əsas borcun 1.448.320 manat, cərimə borcunun 684.331,20 manat olması müəyyən edilmişdir.

40. Bakı Apellyasiya Məhkəməsinin kommersiya kollegiyasının 2-2(103)-247/2023 saylı, 12 iyun 2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş, məhkəməyə daxil olmuş Məhkəmə Ekspertizası Mərkəzinin 2023-cü il 01 iyun tarixli, 9/5316 saylı ekspert rəyində göstərilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə, təqdim olunmuş maliyyə arayışı, hesabdan çıxarış məlumatları, "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli 2023/111/3903 saylı məktubu və həmin məktuba əlavə edilmiş hesabdan çıxarış məlumatları nəzərə alınmaqla lizinq müqavilələri üzrə Cavabdeh MMC-nin iddia ərizəsində borcun hesablandığı xx.xx.2020-ci il tarixə "xxxx" ASC-yə olan borcu aşağıdakı kimi müəyyən edilir: xx.xx.2010-cu il tarixli 08-LA/10 nömrəli lizinq müqaviləsi üzrə əsas borc-568.200 manat, cərimə borcu 0 manat, xx.xx.2012-ci il tarixli 29-LA/12 nömrəli lizinq müqaviləsi üzrə əsas borc-828.800 manat, cərimə borcu 1.147,911,8 manat, xx.xx.2015-ci il tarixli 02-LA/15 nömrəli lizinq müqaviləsi üzrə əsas borc-615.536 manat, cərimə borcu 489.966,66 manat.

41. Hazırkı məhkəmə araşdırması zamanı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, məhkəmə kollegiyası ekspert rəyini mötəbər sübut kimi qəbul edir.

42. Kollegiya qeyd edir ki, cavabdeh lizinq müqaviləsi əsasında iddiaçıdan lizinq obyekti olan avadanlıqları istifadə etmək hüququna malik olduğu kimi, eyni zamanda, göstərilən müqavilə əsasında lizinq məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifənin daşıyıcısı olmuşdur. Lakin cavabdeh lizinq müqaviləsi əsasında iddiaçıdan kənd təsərrüfatı texnikalarını lizinqə götürməsinə dair hüququndan istifadə etmiş, lizinqə götürülmüş avadanlıqlarla bağlı ödəniş etmək öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi cavabdehdən lizinqə verilmiş avadanlıqlarla bağlı yaranmış borcu tələb etməkdə haqlıdır.

43. Məhkəmə Ekspertizası Mərkəzinin 2022-ci il 24 may tarixli 9/700 saylı ekspert rəyindən görünür ki, cavabdehin xx.xx.2021-ci il tarixə iddiaçıya lizinq müqavilələri üzrə əsas borcunun cəmi məbləği ******* manat təşkil etmişdir.

44. Məhkəmə Ekspertizası Mərkəzinin 2023-cü il 01 iyun tarixli, 9/5316 saylı ekspert rəyində isə əsas borc məbləği iddia tələbində göstərilən məbləğlə eyni məbləğ-2.012.536 manat təşkil etmişdir.

45. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.

46. Həmin məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

47. Kollegiya qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.

48. Hazırkı ekspert rəyi təqdim olunmuş maliyyə arayışı, hesabdan çıxarış məlumatları, "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli 2023/111/3903 saylı məktubu və həmin məktuba əlavə edilmiş hesabdan çıxarış məlumatları nəzərə alınmaqla verilmişdir.

49. İddiaçının istinad etdiyi hallar iş materialları ilə təsdiq olunur. Buna görə də birinci instansiya məhkəməsi əsas borcun 2.012.536 manat məbləğində tutulması hissəsində düzgün nəticəyə gəlmişdir.

50. Dəbbə puluna münasibətdə kollegiya qeyd edir ki, cərimənin tətbiq edilməsi imkanı tərəflər arasında bağlanmış müqavilənin 4.2-ci bəndində öz əksini tapmışdır.

51. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

52. Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

53. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qət etdilmiş cavabdehdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğin azaldılaraq əsas borc məbləğinə münasibətdə 100000 manat (iki müqavilə üzrə) məbləğində dəbbə pulunun tutulması ağlabatan və ədalətlidir.

54. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə əsasən Məhkəmə kollegiyası hesab edir ki, 150 manat ekspertiza xərci cavabdehdən Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulmalıdır

55. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.

56. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, cavabdehin apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

57. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402.1ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Cavabdeh MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 08 aprel 2021-ci il tarixli, 2-2(113)-1040/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. 150 manat ekspertiza xərci Cavabdeh MMC-dən Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən Aida Hüseyn Hakimlər Fuad Abdıyev Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar