Məhkəmə qərarları › İş №2-2(103)-247/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-247/2025

16.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Tapşırıq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-247/2025 16.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İlk İddiaçı MMC-in Cavabdeh MMM-ə və qarşılıqlı iddiaçı Cavabdeh MMM-in cavabdeh İddiaçı MMC-yə qarşı iş üzrə Açar sözlər: alqı-satqı müqaviləsi, satıcının əşyanı vermək vəzifəsi, alınmış əşyanın ödənilməsi, öhdəliyin pozulması (və ya lazımınca icra edilməməsi) Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, hakimlər Həsənov Elnur Məmmədsaat oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Məhərrəmova Günel Elman qızının katibliyi, ilk iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə2, ilk iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İlk iddia üzrə İddiaçı MMC-nin Cavabdeh MMM-ə qarşı “pulun tutulması”, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMM-in cavabdeh İddiaçı MMC-yə qarşı “pul” tələblərinə dair qarşılıqlı iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2- 2(113)-3255/2023 qətnaməsindən İddiaçı MMC və Cavabdeh MMM tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. İşin halları

1. Satıcı Cavabdeh MMM ilə alıcı İddiaçı MMC arasında 2020-ci il 13 may tarixli 34/20 nömrəli müqavilə bağlanmışdır. Həmin müqavilənin: - 1.1-ci bəndinə görə, satıcı müqavilənin ayrılmaz hissəsi olacaq 1 nömrəli əlavə və digər əlavələrdə əks olunan qiymət razılaşma protokolunda göstərilən malları sifarişçiyə təhvil verir. - 1.2-ci bəndinə görə, alıcı isə müqavilənin ayrılmaz hissəsi olacaq 1 nömrəli əlavə və digər əlavələrdə əks olunan qiymət razılaşma protokolunda göstərilən avadanlıqları qəbul edir və bunun müqabilində icraçının hesabına alınan məhsulun dəyərini ödəyir. - 2.1-ci bəndinə görə, ödəniş köçürmə yolu ilə həyata keçirilir. - 2.2-ci bəndinə görə, alıcı qiymət razılaşma protokolunda göstərilən məbləğin 50%ni öncədən, qalan 50%-i isə mallar təhvil alındıqdan sonra satıcının hesabına ödəyir.

2. Sifarişçi İddiaçı MMC ilə icraçı Cavabdeh MMM arasında 2021-ci il 4 fevral tarixli 10/21 nömrəli sifariş müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: - 1.1-ci bəndinə görə, icraçı müqavilənin ayrılmaz hissəsi sayılan əlavələrə əsasən (əlavə nömrə 1 “qiymətlərin razılaşdırılma protokolu”, əlavə nömrə 2 “layihə”) bu müqavilənin şərtlərinə əsaslanaraq malları (işləri) sifarişçiyə təhvil verir, ikinci isə bu malları (işləri) qəbul edir və dəyərini birinciyə ödəyir. - 2.2-ci bəndinə görə, sifarişçi əlavə nömrə 1 “qiymətlərin razılaşma protokolu”na əsasən müəyyən edilmiş sifarişin məbləğinin 50%-ni razılaşma imzalanarkən ödəməyi öz öhdəsinə götürür. 40% mallar yükləməyə hazır olduqda, 10%-i “tərəflərin təyin etdikləri nümayəndələri işləri təhvil-təslim etdikdən sonra 5 bank günü ərzində icraçının bank hesabına köçürmə yolu ilə (xarici valyutada qeyd olunduqda: Milli Bankın günün məzənnəsinə əsasən Azərbaycan manatı ilə) həyata keçirilir. - 3.1.1-ci bəndinə görə, “icraçı” sifariş olunan malları sifarişçi tərəfindən 50% ödənişi etdikdən sonra 10 təqvim günü ərzində hazırlayır. Sifarişçi tərəfindən sifariş olunan malların dəyərinin 40%-i icraçıya ödənildikdən sonra, icraçı sifariş olunan malları sifarişçiyə öncədən tərəflərin razılaşdırdığı ünvanda və sifarişçi ilə əlavə razılaşdırılmış gün ərzində təslim edir. Hər sifarişə görə təslim yalnız bir ünvanda həyata keçirilir. Gözlənilməyən xətalara görə icraçı tərəfindən malların (işlərin) təhvil verilməsi 5 iş günü gecikdirilə bilər. - 3.2.1-ci bəndinə görə, sifarişçi bu müqavilənin 2.2-ci bəndinə əsasən üzərinə düşən öhdəlikləri yerinə yetirir. - 7.1-ci bəndinə görə, bu müqavilə imzalandığı andan qüvvəyə minir və 1 il müddətində qüvvədədir, tərəflər 30 gün qabaqcadan yazılı etiraz etmədiyi halda müqavilə eyni müddətə uzadılmış hesab edilir.

3. Cavabdeh MMM tərəfindən 2020-ci il 13 may tarixli 34/20 nömrəli müqavilə üzrə ümumilikdə (ƏDV daxil) 64.949,05 manat dəyərində (o cümlədən, 41.910 manat dəyərində EBAL seriyalı 017737 nömrəli 2020-ci il 11 iyun tarixli; 3.048 manat dəyərində EBAN seriyalı 497573 nömrəli 2020-ci il 11 avqust tarixli; 950,20 manat dəyərində EBAP seriyalı 085011 nömrəli 2020-ci il 25 avqust tarixli; 19.040,85 manat dəyərində EBAV seriyalı 780888 nömrəli 2021-ci il 6 yanvar tarixli); 2021-ci il 4 fevral tarixli 10/21 nömrəli müqavilə üzrə isə ümumilikdə (ƏDV daxil) 227.447,9 manat dəyərində (o cümlədən, 179.988 manat dəyərində EBAX seriyalı 012482 nömrəli 2021-ci il 4 fevral tarixli; 10.436 manat dəyərində EBAX seriyalı 022697 nömrəli 2021-ci il 4 fevral tarixli; 6.042 manat dəyərində EBAX seriyalı 043320 nömrəli 2021-ci il 5 fevral tarixli; 6.104,05 manat dəyərində EBAY seriyalı 141166 nömrəli 2021-ci il 2 mart tarixli; 24.877,85 manat dəyərində EBBR seriyalı 836129 nömrəli 2022-ci il 24 fevral tarixli) malların verilməsinə dair elektron qaimələr tərtib edilərək elektron sistem vasitəsilə İddiaçı MMC-yə göndərilmişdir.

4. Hər iki müqavilə üzrə satıcı Cavabdeh MMM tərəfindən alıcı İddiaçı MMC-yə cəmi 292.396,96 manat məbləğində malların təqdim edilməsinə görə elektron qaimələr göndərilmiş, İddiaçı MMC tərəfindən isə həmin müqavilələr üzrə ilk iddiada qaytarılması tələb olunan avans ödənişi də daxil olmaqla, cəmi 244.436,29 manat məbləğində ödəniş edilmişdir.

5. 017737, 085011, 780888, 043320, 141166 nömrəli elektron qaimələr (bax § 3) "xxxx" MMC-nin özü tərəfindən, 497573, 012482, 022697, 836129 nömrəli elektron qaimələr (bax § 3) isə sistem tərəfindən təsdiq edilmişdir.

6. Ödəniş sənədlərindən İddiaçı MMC tərəfindən 017737, 085011, 780888 və 012482 nömrəli elektron qaimələr (bax § 3) üzrə, yəni həm onun özü tərəfindən, həm də sistem tərəfindən təsdiq olunmuş elektron qaimələr üzrə ödənişlər edildiyi müəyyən olunmuşdur.

7. Müqavilələr üzrə mallar təhvil verilərkən əlavə yazılı sənədlər (təhvil-təslim aktı, qaimə, qəbz və s.) tərtib edilməmişdir.

İş üzrə məhkəmə icraatı

a) Birinci instansiya məhkəməsindəki icraat

8. İddiaçı MMC (bundan sonra – “iddiaçı”) 2023-cü il 30 may tarixində Cavabdeh MMM-ə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçıya məxsus 101.000 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 400 manat pulun tutularaq iddiaçıya qaytarılması, həmçinin faktiki mal göndərilməmiş 114.011,38 manat dəyərində elektron qaimələrin ləğv olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında iddiaçının xidmət göstərdiyi X5 layihəsi üzrə cavabdehdən 3.077 kv.m 100 mm sendviç paneli alınmasına dair 2021-ci il 4 fevral tarixli 10/21 nömrəli sifariş müqaviləsi bağlanmışdır. Müqavilənin icrası ilə bağlı cavabdeh iddiaçıya 292.396,96 manat dəyərində elektron-qaimə göndərmiş, həmin e-qaimələrin müqabilində iddiaçıya 178.385,58 manat dəyərində müqavilədə nəzərdə tutulan mallar təhvil vermişdir. Elektron-qaimədə göstərilən qalan 114.011,38 dəyərində mallar iddiaçıya göndərilməmiş və təhvil verilməmişdir. Eyni zamanda, cavabdehə müqavilədə qeyd olunan malların alınması üçün 2021-ci il 8 aprel tarixində 15.000 manat və 2021-ci il 4 may tarixində 50.000 manat, cəmi 65.000 manat əvvəlcədən avans verilmiş, həmin avans pul ödənişi ilə də bağlı mallar iddiaçıya təhvil verilməmişdir. Nəticədə cavabdeh tərəfindən iddiaçıya 65.000 manat məbləğində ziyan vurulmuşdur. İddiaçı ilə Ramin Məmmədovla bağlanmış 2021-ci il 25 may tarixli AS2572 nömrəli müqaviləyə əsasən, Qanuni nümayəndə 261.545 manat dəyərində 3.077 kv.m 100 mm sendviç panel verməli və soyuducuya quraşdırılmalı idi. Cavabdeh müqavilə öhdəliyinə tam əməl etməmiş, 180.299,38 manat dəyərində 1.250 kv.m sendviç panelini iddiaçıya təhvil verməmişdir. Nəticədə iddiaçı Qanuni nümayəndə qarşısında öhdəliyini icra etmək üçün məcburiyyət qarşısında qalaraq 1.250 kv.m 100 mm Sendviç panelini Türkiyə Respublikasının “İpek end Soğutma sis. Alum nar.tak.hayv.ihr.san.tic.ltd.şti Seyidşehir org.sanböl cad” Şirkətindən 2022-ci il 31 avqust və 2022-ci il 26 sentyabr tarixli bəyannamələr ilə 65.000 manat dəyərində paneli alaraq üzərinə götürdüyü sifarişi yerinə yetirib 2022-ci il 14 noyabr tarixli aktla təhvil vermişdir. Nəticədə iddiaçıya 1.250 kv.m 100 mm Sendviç panelinin alınması ilə bağlı bazar qiymətində yaranmış fərq nəticəsində iddiaçıya 36.000 manat əlavə ziyan dəymişdir. Belə ki, hazırda həmin panellərin bazar dəyəri 101.000 manat təşkil edir. Həmin məbləğdə iddiaçıya zərər vurulmuşdur. Avans ödənilmiş 65.000 manat məbləğində müqavilə predmeti - sendviç panellər iddiaçıya təhvil verilməmiş, bununla bağlı elektron qaimə də iddiaçıya təqdim olunmamışdır. Bununla da, cavabdehin 65.000 manat məbləğində müqavilə öhdəliyini icra etməmişdir. Sifariş olunan mallar iddiaçıya təhvil verməmiş, tərəflər arasında təhvil-təslim aktı olmamış, qaimə təqdim olunmamışdır. İddiaçıya mallar təhvil verilmədiyi halda, cavabdeh tərəfindən iddiaçıya elektron qaimə faktura göndərmiş, iddiaçı malların göndərilmədiyini bildirdikdə, iddiaçıdan qaiməni qəbul etməsini, malları tezliklə göndərəcəyini bildirmişdir. İddiaçı da cavabdehin səmimiyyətinə inanaraq elektron qaiməni qəbul etmiş, lakin cavabdeh elektron-qaimədə qeyd olunan malları iddiaçıya göndərməmiş, təhvil verməmişdir. Cavabdehin satış üzrə əməkdaşı X2 izahatında göstərmişdir ki, 64.000 manatlıq 100 mm-lik 1.250 kv.m sendviç paneli iddiaçıya təhvil verməmiş, cavabdehə borcu olduğundan satıb borcunu ödəmişdir.

10. Daha sonra iddiaçı iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə məhkəməyə müraciət edərək, bildirmişdir ki, iddia tələbində dəqiqləşmə aparılmasına zərurət vardır. Belə ki, cavabdeh müqavilə öhdəliyini vaxtında icra etmədiyindən iddiaçı öz vəsaiti hesabına Qanuni nümayəndə qarşısında öhdəliyini icra etmək üçün məcburiyyət qarşısında qalaraq 1.250 kv.m 100 mm Sendviç panelini Türkiyə Respublikasının “İpek end Soğutma sis. Alum nar.tak.hayv.ihr.san.tic.ltd.şti Seyidşehir org.sanböl cad” şirkətindən 2022-ci il 31 avqust və 2022-ci il 26 sentyabr tarixli bəyannamələr ilə alaraq üzərinə götürdüyü sifarişi yerinə yetirərək 2022-ci il 14 noyabr tarixli aktla təhvil vermişdir. Nəticədə iddiaçı 1.250 kv.m 100 mm Sendviç panelinin alınması ilə bağlı 116.477,41 manat xərcləmişdir. Faktiki həmin malların alınması üçün 65.000 manat cavabdehə köçürmüşdür. Bunun nəticəsində iddiaçıya əlavə 51.477,41 manat ziyan dəymişdir. İddia tələbində ziyan səhvən 36.000 manat göstərilmişdir. Ona görə də iddia tələbinin həcmi artırılaraq 116.477,41 manat məbləğində qəbul edilməlidir.

11. Cavabdeh ilk iddiaçıya qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıdan müqavilə öhdəliklərinin yerinə yetirilməməsi ilə əlaqədar 47.961 manat, mediasiya xərcinin əvəzi olaraq 200 manat, iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 33,88 manat, hüquqi yardımla əlaqədar çəkilmiş xərcin əvəzi olaraq 200 manat olmaqla, cəmi 48.394,88 manat pulun tutularaq cavabdehin xeyrinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

12. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, tərəflər arasında hər iki müqavilə üzrə iddiaçı tərəfindən öhdəliklər tam yerinə yetirilməmiş və malların dəyəri tam ödənilməmişdir. Belə ki, 2020-ci il 11 iyun tarixli 017737 nömrəli elektron qaiməyə əsasən 41.910 manat, 2020-ci il 11 avqust tarixli 497573 nömrəli elektron qaiməyə əsasən 3.048 manat, 2020-ci il 25 avqust tarixli 085011 nömrəli elektron qaiməyə əsasən 950 manat, 2021-ci il 6 yanvar tarixli 780888 nömrəli elektron qaiməyə əsasən 19.040,85 manat, 2021-ci il 4 fevral tarixli 012482 nömrəli elektron qaiməyə əsasən 179.988 manat, 2021ci il 4 fevral tarixli 022697 nömrəli elektron qaiməyə əsasən 10.436 manat, 2021-ci il 5 fevral tarixli 043320 nömrəli elektron qaiməyə əsasən 6.042 manat, 2021-ci il 2 mart tarixli 141166 nömrəli elektron qaiməyə əsasən 6.104,05 manat, 2022-ci il 24 fevral tarixli 836129 nömrəli elektron qaiməyə əsasən isə 24.877,86 manat olmaqla, ümumilikdə borc 292.396,99 manat təşkil etmiş, həmin borcdan 244.436,29 manat ödənilmiş, yekunda cavabdehə ödənilməli olan 47.961 manat borc qalmışdır. Beləliklə, hazırda iddiaçı tərəfindən ƏDV borcu daxil olmaqla cavabdehə ödənilməli olan borc məbləği 47.961 manat təşkil etmişdir. Göstərilən borc məbləğinin ödənilməsi ilə bağlı cavabdehə tərəflərindən şifahi və pretenziya qaydasında dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq, cavabdeh qalıq borcunu ödəməkdən imtina etmişdir.

13. Cavabdeh ilk iddia tələbinə dair bildirmişdir ki, iddiaçıya göndərilmiş və şirkət tərəfindən təsdiq olunmuş elektron qaimələrdə göstərilən məbləğdə mallar iddiaçıya təhvil verilmişdir. İddiaçının iddia ərizəsində göstərdiyi bütün elektron qaimələr 2021-ci il 4 fevral tarixli müqaviləyə aid olmamışdır. 2021-ci il 4 fevral tarixli müqaviləyə aid olan mallar yalnız 2021-ci il tarixli 012482 nömrəli, 2021-ci il 4 fevral tarixli 022697 nömrəli, 2021-ci il 5 fevral tarixli 043320 nömrəli, 2021-ci il 2 mart tarixli 141166 nömrəli, 2022-ci il 24 fevral tarixli 836129 nömrəli elektron qaimədə əks olunan mallar olmuş, bu malların da cəmi məbləği 227.447,91 manat təşkil etmişdir. İddiaçı həmin mallardan 178.000 manat məbləğində qaimə üzrə malı aldığını etiraf etmiş, lakin həmin malı hansı qaydada aldığını məhkəməyə bildirməmişdir. Aralarındakı işgüzar münasibətlər bu qaydada qurulmuşdur ki, mal iddiaçıya çatdırılırdı, elektron qaimə vurulurdu, iddiaçı malı aldığı halda elektron qaiməni təsdiq edərək ödəniş edirdi. Ödənişlərdən də göründüyü kimi, vurulan elektron qaimələr ilə iddiaçıya göndərilən elektron qaimələr arasında müddət fasilələri var idi. İlk qaimələr 2021-ci il 4 fevral tarixində, növbəti qaimələr 2022-ci il 24 fevral, 2021-ci il 2 mart, 2021-ci il 6 yanvar tarixində də vurulmuşdur. Göründüyü kimi, növbəti qaimələr arasında 1 ay müddət mövcud olmuşdur. Təqdim olunan qaimələr üzrə malların göndərilmədiyi halda iddiaçının növbəti, ondan 1 ay sonra göndərilən elektron qaimənin təsdiq edilməsi və həmin elektron qaimə üzrə pulun ödənilməsi faktı özü sual doğurur. Əgər iddiaçıya əvvəlki ödənilmiş elektron qaimələr üzrə mallar göndərilməmişdisə, iddiaçı sonrakı elektron qaimələri təsdiq etməməli idi. Vergi qanunvericiliyinin tələblərinə görə də iddiaçıya malın verilməsinin rəsmiləşdirilmə sənədi yalnız qaimələr ola bilər. Hazırda həmin qaimələrin elektron qaydada verilməsi nəzərdə tutulmuşdur. İddiaçı öz iddia tələbini başqa qaydada sübut edə bilməmiş və məhkəməyə başqa sübut təqdim etməmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi “whatsapp” yazışmaları isə mötəbər sübut kimi qəbul edilə bilməz. Çünki həmin yazışmaların mənbəyi məhkəməyə məlum deyil. Həmin yazışmaların kiminlə və hansı suallar üzrə aparılması, araşdırılan məsələyə aid olub-olmaması məsələsi sual doğurur. İddiaçı bu hissədə həmin sübutun mötəbərliyini və məhz bu mübahisəyə aid olmasını sübut etməlidir.

14. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 2 oktyabr tarixli e-2-2(113)- 3255/2023 nömrəli qərardadı ilə iddiaçının cavabdehə qarşı elektron qaimələrin ləğv edilməsi tələbinə dair hissədə iş üzrə icraata xitam verilmişdir (hakim – L.Əliyeva).

15. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 2 oktyabr tarixli e-2-2(113)- 3255/2023 nömrəli qətnaməsi ilə ilk iddia rədd olunmuş, ilk iddia verilərkən artıq ödənilmiş 193,52 manat dövlət rüsumunun ilk iddiaçıya qaytarılması və çəkilmiş qalan məhkəmə xərclərinin ilk iddia üzrə iddiaçıya aid olunması qət edilmiş, qarşılıqlı iddia üzrə isə iddiaçıdan 9.598,8 manat borcun tutularaq cavabdehə ödənilməsi qət edilmiş, qalan hissədə qarşılıqlı iddia rədd olunmuşdur (hakim – L.Əliyeva).

16. Məhkəmə qeyd etmişdir ki, iddiaçı ilkin olaraq 114.011,38 manat dəyərində elektron qaimələrdə göstərilən malların təqdim olunmadığını iddia etmiş, lakin hansı qaimələr üzrə hansı malların cavabdeh tərəfindən təqdim edilmədiyini dəqiqləşdirməmişdir. Məhkəmə tərəfindən əsasında mal təqdim olunmamış elektron qaimələrin siyahısının dəqiqləşdirilməsi təklif edildikdən sonra iddiaçı məhkəməyə 3.048 manat dəyərində 2020-ci il 11 avqust tarixli EBAN seriyalı 497573 nömrəli; 10.436 manat dəyərində 2021-ci il 4 fevral tarixli EBAX seriyalı 022697 nömrəli; 6.042 manat dəyərində 2021-ci il 5 fevral tarixli EBAX seriyalı 043320 nömrəli; 6.104,05 manat dəyərində 2021-ci il 2 mart tarixli EBAY seriyalı 141166 nömrəli və 24.877,87 manat dəyərində 2022-ci il 24 fevral tarixli EBBR seriyalı 836129 nömrəli; cəmi 50.507,92 manat dəyərində qaimələrdə göstərilən malların onlara verilməməsi barədə arayışı təqdim etmişdir.

17. İddiaçı həmin arayışı məhkəməyə təqdim etməklə dolayısı ilə qalan 241.889,04 (292.396,96-50.507,92) manat məbləğində elektron qaimələr üzrə malların onlara təqdim olunduğunu təsdiq etmişdir.

18. 50.507,92 manat məbləğində malların təqdim edilməsinə dair mübahisəli qaimələrə münasibətdə isə məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli qərarı ilə təsdiq olunmuş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 1.2-ci bəndinə görə, elektron qaiməfaktura bu qaydalara uyğun olaraq tərtib edilməklə elektron formada hazırlanan və vergi orqanında uçotda olan şəxslərə göndərilən ilkin uçot sənədidir. Göründüyü kimi, elektron qaimə-fakturalar malların (işlərin, xidmətlərin) təqdim olunmasını təsdiqləyən ilkin sənədlər (müqavilələr (əqdlər), təhvil-təslim aktları, malların alınması üçün vəkalətnamə və s.) əsasında tərtib edilməlidir.

19. Hazırkı halda mübahisəli 50.507,92 manat dəyərində elektron qaimələrdə göstərilən malların iddiaçıya təqdim olunmasını təsdiqləyən əlavə sübutlar (təhvil-təslim aktları və.s) cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmiş, eləcə də digər elektron qaimələrdən fərqli olaraq iddiaçı tərəfindən həmin qaimələr üzrə hissəvi ödənişlər də aparılmamışdır. Digər tərəfdən, iddiaçı tərəfindən təqdim olunmuş məlumatlardan göründüyü kimi, avtomatik olaraq sistem tərəfindən təsdiqlənmiş digər qaimələrdən fərqli olaraq mübahisəli elektron qaimələrdən ikisi - 6.042 manat dəyərində EBAX seriyalı 043320 nömrəli 2021-ci il 5 fevral tarixli; 6.104,05 manat dəyərində EBAY seriyalı 141166 nömrəli 2021-ci il 2 mart tarixli elektron qaimələr iddiaçının özü tərəfindən təsdiqlənmişdir. Məhkəmə cəmi 12.146,05 manat dəyərində mübahisəli elektron qaimələrin iddiaçının özü tərəfindən təsdiq edilməsi faktını həmin qaimələrdə göstərilən malların iddiaçıya təqdim olunmasına dəlalət edən hal kimi qiymətləndirmişdir.

20. Qalan 38.361,87 (50.507,92-12.146,05) manat məbləğində elektron qaimələrə (2020-ci il 11 avqust tarixli EBAN seriyalı 497573 nömrəli; 2021-ci il 4 fevral tarixli EBAX seriyalı 022697 nömrəli və 24.877,87 manat dəyərində 2022-ci il 24 fevral tarixli EBBR seriyalı 836129 nömrəli) gəldikdə məhkəmə qeyd etmişdir ki, həmin qaimələrdə göstərilən malların təqdim edilməsi iş materiallarında olan sübutlarla öz təsdiqini tapmamışdır. Odur ki, cavabdeh həmin qaimələr əsasında 38.361,87 manat pulun ödənilməsini iddiaçıdan tələb etməkdə haqlı olmamışdır. Beləliklə, cavabdeh tərəfindən mübahisəli müqavilələr üzrə iddiaçıya 254.035,09 manat (292.396,96-38.361,87) məbləğində mallar təqdim olunmuşdur. Bunun müqabilində isə iddiaçı tərəfindən 65.000 avans ödənişi də daxil olmaqla, 244.436,29 manat pul ödənildiyindən iddiaçının mübahisəli müqavilələr üzrə cavabdehə borcu 9.598,8 manat (254.035,09-244.436,29 manat) təşkil etmişdir. Odur ki, məhkəmə qarşılıqlı iddianın qismən təmin edilməsi, iddiaçıdan 9.598,8 manat məbləğində borcun tutularaq cavabdehə ödənilməsi qənaətinə gəlmişdir.

21. 65.000 manat məbləğində avans məbləğinin geri qaytarılması barədə ilk iddiaya münasibətdə məhkəmə qeyd etmişdir ki, iş materiallarından da müəyyən olunanlara görə, həqiqətən də 2021-ci il 8 aprel və 4 may tarixlərində iddiaçı tərəfindən cavabdeh cəmi 65.000 manat məbləğində avans ödənişi edilmişdir. Həmin avans üzrə malların təqdim olunması isə iş materiallarında olan sübutlarla öz təsdiqini tapmamışdır. Eləcə də avansın ödənildiyi tarixlərdən sonra həmin məbləğdə elektron qaimənin göndərilməməsi də (həmin tarixdən sonra cavabdeh tərəfindən yalnız 2022-ci il 24 fevral tarixində cəmi 24.877,87 manat dəyərində EBBR 836129 nömrəli elektron qaimə vurulmuşdur) avans əsasında təqdim edilməli olan malların iddiaçıya təqdim olunmamasına dəlalət etmişdir. Bu baxımdan ilk iddianın dəlilləri əsaslı olmuşdur.

22. Digər tərəfdən, yuxarıda da müəyyən edildiyi kimi, 65.000 manat məbləğində avans nəzərə alındıqda, yəni həmin məbləğ iddiaçının borcundan çıxıldıqda belə mübahisəli müqavilələr üzrə iddiaçının cavabdehə 9.598,8 manat məbləğində borcu mövcud olmuşdur. Bu baxımdan 65.000 manat pulun tutulması hissəsində ilk iddianın təmin edilməsi üçün əsas mövcud olmamışdır.

23. Məhkəmə həmçinin təqdim edilən “whatsapp” yazışmalarına və cavabdehin satış şöbəsinin əməkdaşı X8 yazılı izahatına münasibətdə qeyd etmişdir ki, həmin sənədlərin həqiqiliyi cavabdeh tərəfindən mübahisələndirildiyindən və qarşı tərəf sözügedən sənədlərin həqiqi olmasını sübuta yetirə bilmədiyindən, məhkəmə sözügedən sənədləri mötəbər sübut kimi qiymətləndirməmişdir.

24. İlk iddianın 65.000 manat məbləğində malların təqdim olunmaması nəticəsində dəymiş zərərə görə 51.477,41 pulun tutulması hissəsini məhkəmə əsassız hesab etmişdir.

25. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 21.1, 21.2, 567, 385.1, 442, 443.1, 443.7 və 448.1-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 1.2, 1.3, 2.5.3 və 3.1-3.6-cı maddələrinə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 9 fevral tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2022-ci il 20 aprel tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1 və 119.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

26. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, onun ilk iddianın rədd olunmuş hissəsində ləğv edilməklə, ilk iddianın tam təmin olunmasını xahiş etmişdir.

27. Cavabdeh apellyasiya şikayəti verərək, onun qarşılıqlı iddianın rədd olunmuş hissədə ləğv edilməklə, qarşılıqlı iddianın tam təmin olunmasını xahiş etmişdir.

b) Apellyasiya instansiyası məhkəməsindəki ilk icraat

28. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 2 may tarixli 2-2(103)-138/2024 nömrəli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamış, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, ilk iddia qismən təmin olunaraq, cavabdehdən iddiaçının xeyrinə 42.039,33 manat pulun tutulması qət edilmiş, qarşılıqlı iddia rədd olunmuş, iddiaçı tərəfindən ödənilmiş cəmi 504 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, cavabdehin çəkdiyi məhkəmə xərclərin onun özünə aid edilməsi qət olunmuşdur.

29. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, ilk iddia tələbləri üzrə MM-in 599.3-cü maddəsinin dispozisiya şərtlərinin mövcudluğu müəyyən olunmuş, həmin iddia tələbləri üzrə MM-in 443.1-ci maddəsinin və qarşılıqlı iddia tələbləri üzrə MM-in 598.3-cü maddəsinin dispozisiya şərtlərinin mövcudluğu isə müəyyən edilməmişdir.

30. Tərəflər arasında işgüzar adətlərə görə malların təhvil verilməsi elektron qaimələr əsasında rəsmiləşdirilmişdir.

31. İddiaçının nümayəndəsi tərəfindən cavabdehin satış şöbəsinin əməkdaşı X8 adından yazılmış 2023-cü il 29 yanvar tarixli izahat təqdim edilmişdir. Həmin izahatda X10 iddiaçıya (direktor Rəşad Səfərliyə) müraciət edərək bildirmişdir ki, “cavabdehdən dəyəri 64.000 manat olan (100 mm-lik “sundvich” panel-1250 m2) malı təhvil alıb iddiaçıya gətirməli və təhvil verməyə borclu olduğu halda, həmin malı ünvana çatdırmamış, qeyd olunan malı fərqli şəxslərə sataraq pulunu aparıb cavabdehin rəhbərliyinə çatdırmışdır. Hazırda cavabdehin iddiaçıya 64.000 manat borcu vardır”.

32. Apellyasiya icraatında isə iddiaçının nümayəndəsi tərəfindən cavabdehin hüquqşünası (hazırkı işdə nümayəndəsi və vəkili) Vəkil2 tərəfindən Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin rəisinə verdiyi izahatın surəti təqdim edilmişdir. Həmin izahatda Vəkil2 göstərmişdir ki, cavabdehin əməkdaşı X6 iddiaçıya çatası 90.000 manat dəyərində sendviç panel mallarını başqa şirkətə sataraq həmin pulu mənimsəmişdir. X6 cavabdehə ümumilikdə 295.000 manat ziyan vurmuşdur. X1 2022-ci il 1 mart tarixində şirkət daxili dindirmə protokolunda etiraf edərək yazılı surətdə təsdiq etmişdir.

33. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 həmin izahata aydınlıq gətirilməsi təklif edilmiş və o, izahatda qeyd olunan məlumatların ilkin məlumat olduğu, lakin sonradan öz təsdiqini tapmadığını bildirmişdir.

34. Kollegiya ilk olaraq hazırkı mərhələdə təqdim edilmiş həmin izahatın gecikdirilmiş sübut kimi qiymətləndirilməməsi qənaətinə gəlmişdir. Belə ki, həmin izahat cavabdehin nümayəndəsi tərəfindən verildiyinə görə yazılı sübut kimi iddiaçıya deyil, cavabdehə məxsus sübutdur. Habelə iddiaçının nümayəndəsi bildirmişdir ki, “birinci instansiya məhkəməsi X4 adından olan izahat üzrə araşdırma aparmadığına görə apellyasiya icraatında polis orqanına müraciət edib həmin izahatı əldə etmək məcburiyyətində qalmışdır”. İş materiallarından da həmin sübutun hərtərəfli, tam və obyektiv araşdırılması üçün lazımi şərait yaradılmadığı müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi MPM-in 14.1-ci maddəsi ilə üzərinə düşən vəzifəni tam yerinə yetirmədiyinə və MPM-in 372.2-ci maddəsində göstərilən əsaslar mövcud olduğuna görə, kollegiya həmin yazılı izahatın sübut kimi qəbul edilməsi qənaətinə gəlmişdir.

35. Bu səbəbdən, qeyd olunan izahatlar mötəbər sübut kimi qiymətləndirilmiş və iddiaçının istinad etdiyi hal, yəni iddiaçı tərəfindən cavabdehə göndərilmiş elektron qaimələrdə göstərilən malların tam təhvil verilmədiyi halı qismən qəbul olunmuşdur. Belə ki, bu hal həm cavabdehin əməkdaşı olmuş X4 özünün, həm də hüquqşünası (hazırkı işdə nümayəndəsi və vəkili) tərəfindən yazılı şəkildə etiraf olunmuşdur. İzahatda qeyd olunan məlumatların ilkin məlumat olması və sonradan öz təsdiqini tapmaması ilə bağlı cavabdehin nümayəndəsinin izahatını isə kollegiya ağlabatan və inandırıcı hesab etməmişdir. Çünki həmin izahatda qeyd edilmişdir ki, “həmin məlumat, yəni X4 iddiaçıya çatası 90.000 manat dəyərində sendviç panel mallarını başqa şirkətə satması faktı şirkətdə aparılan yoxlamalar və müştərilərlə üzləşmə aparılarkən müəyyən olunmuş və göstərilənlər X4 özü tərəfindən etiraf edərək yazılı surətdə təsdiq edilmişdir”.

36. Bu baxımdan kollegiya, tərəflər arasında bağlanmış hər iki müqavilə üzrə cavabdeh tərəfindən iddiaçıya malların təqdim edilməsinə görə göndərilmiş elektron qaimələrin cəmi məbləğindən (292.396,96 manat) qeyd olunan izahatda təqdim edilməməsi etiraf olan məbləğin (90.000 manat) çıxılması qənaətinə gəlmişdir. Bu qaydada hesablama aparıldıqda isə müəyyən edilmişdir ki, iddiaçı tərəfindən dəyəri ödənilmiş, lakin cavabdeh tərəfindən təqdim edilməmiş malların dəyəri 42.039,33 manat təşkil etmişdir (292.396,96 – 90.000 = 202.396,96; 244.436,29 – 202.396.96 = 42.039,33).

37. Kollegiya zərərin əvəzinin ödənilməsi barədə tələbin isə təmin olunmaması qənaətinə gəlmişdir.

38. Qarşılıqlı iddiaya münasibətdə kollegiya qeyd etmişdir ki, cavabdeh tərəfindən iddiaçıya təhvil verilmiş bütün malların dəyəri ödənilmişdir.

39. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 404.1, 404.2, 443.1, 598.3 və 599.3-cü maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.9-cu bəndinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2022-ci il 20 aprel tarixli Qərarına, MPMin 14.1, 77.1 və 372.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

Kassasiya instansiyasi məhkəməsindəki icraat

40. İddiaçı tərəfindən həmin qətnamədən kassasiya şikayəti verilərək, onun qismən ləğv edilməsi və cavabdehdən iddiaçının xeyrinə 65.000 manat pulun tutulması barədə qərar qəbul olunmasını xahiş edilmişdir.

41. Cavabdeh tərəfindən həmin qətnamədən kassasiya şikayəti verilərək, ilk iddianın qismən təmin olunmuş hissəsində rədd edilməsi və qarşılıqlı iddianın tam təmin olunmasını xahiş edilmişdir.

42. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, İşin bütün hallarının iddiaçı tərəfindən cavabdehin nümayəndələrinin izahat və rəsmi sənədlərilə sübuta yetirilməsinə, lakin məhkəmənin bununla bağlı hərtərəfli araşdırma aparmamasına, polis idarəsinə verilmiş ifadə və qəbul edilmiş qərarı iddiaçı məhkəməyə təqdim etdikdən sonra da cavabdehin məhkəmə çıxışlarında uyğunsuzluqların mövcud olmasına dair dəlillərlə əlaqədar qeyd olunur ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə nəticəyə gələrkən, o cümlədən ilkin iddianı müvafiq hissədə əsaslı hesab edərkən bu sübutlara istinad etmişdir.

43. Şahid qismində ifadə vermək üçün məhkəməyə gəlmiş Mustafa Aykanatın dindirilməməsinə, iddiaçının bu barədə şifahi vəsatətinin təmin olunmamasına dair dəlillərlə əlaqədar qeyd olunur ki, apellyasiya instansiyası məhkəməsi iddiaçı tərəfindən təqdim olunmuş həmin şəxsin polis idarəsində verdiyi izahatı mötəbər sübut kimi qiymətləndirdiyindən, habelə öz qətnaməsinin əsaslandırıcı hissəsində ona istinad etdiyindən sözügedən dəlillər qətnamənin ləğvi üçün səbəb deyildir.

44. Məhkəmə iclaslarının prosessual tələblər pozulmaqla dəfələrlə əsassız təxirə salınmasına dair dəlillərlə əlaqədar qeyd olunur ki, iddiaçı bunun işin mahiyyəti üzrə yanlış nəticəyə gəlinməsinə səbəb olduğunu əsaslandıra bilmədiyindən, həmin dəlillərin əsaslı olması fərz edilsə belə, onlar MPM-in 418.3-cü maddəsinin (bax § 65) tələbləri baxımından mübahisələndirilən qətnamənin ləğvi üçün əsas kimi qəbul edilə bilə bilməz.

45. Cavabdehin əməkdaşlarının polis idarəsində verdikləri etiraf izahatlarının əslinin məhkəməyə təqdim olunmamasına dair dəlillərlə əlaqədar qeyd edilir ki, iş materiallarından əsasən, cavabdeh tərəfin özü də həmin izahatların mövcud olmamasına, yaxud başqa məzmunda olmasına dair hər hansı dəlil, sübut məhkəməyə təqdim etməmiş, əksinə, izahatdakı məlumatların ilkin məlumat olmasına və sonradan öz təsdiqini tapmamasına dair dəlillər irəli sürmüşdür. Odur ki, məhkəmə kollegiyası MPM-in 418.3-cü maddəsinə istinadən hesab edir ki, apellyasiya instansiyası məhkəməsi sözügedən məsələ ilə bağlı qətnamənin ləğvinə səbəb ola biləcək ciddi hüquq pozuntusuna yol verməmişdir.

46. Cinayət təqibi orqanının orada verilmiş izahatda yazılanların doğruluğu ilə bağlı hər hansı qərarının mövcud olmamasına, cinayət təqibi qaydasında bu halların təyin olunmamasına dair dəlillərlə əlaqədar qeyd edilir ki, müvafiq izahatlarla əlaqədar cinayət işi başlanılmasa belə, şəxsin cinayət təqibi orqanında verdiyi izahat mülki mühakimə icraatı zamanı verdiyi izahatlardan prosessual baxımdan heç nə ilə fərqlənmir və iş üzrə sübutlardan biridir. O da qeyd edilməlidir ki, izahatda göstərilən məlumatların ilkin məlumat olması və sonradan öz təsdiqini tapmamasına dair cavabdeh tərəfin dəlili ilə bağlı apellyasiya instansiyası məhkəməsi elə cavabdehin nümayəndəsinin öz izahatından sitat gətirərək, X4 iddiaçıya çatası sendviç panel mallarını başqa şirkətə satması faktının şirkətdə aparılan yoxlamalar və müştərilərlə üzləşmə aparılarkən müəyyən olunduğunu və göstərilənlərin X4 özü tərəfindən etiraf edərək yazılı surətdə təsdiq edildiyini vurğulamışdır.

47. Cavabdehin nümayəndəsi Vəkil2 cinayət təqibi qaydasında verdiyi izahatın məhkəmə tərəfindən gecikdirilmiş sübut hesab edilməməsinin əsaslandırılmamasına dair dəlillərlə əlaqədar qeyd olunur ki, həmin dəlillər ümumiyyətlə həqiqəti əks etdirmir. Belə ki, apellyasiya instansiyası məhkəməsi bununla bağlı gəldiyi nəticəni öz qətnaməsində lazımi qaydada əsaslandırmış (bax §§ 34-35), cavabdeh isə kassasiya şikayətində həmin nəticəni tutarlı dəlillərlə təkzib edə bilməmişdir.

48. İddiaçı cəmi 65.000 manat əvvəlcədən verilmiş avans ödənişi dəyərində malların ona təhvil verilmədiyini iddia etdiyi halda, apellyasiya instansiyası məhkəməsi iddiaçıya 90.000 manat malın verilməməsi qənaətinə gəlmiş, bununla da mülki prosesin fundamental prinsiplərindən biri olan dispozitivlik prinsipini və MPM-in 218.3-cü maddəsinin (bax § 65) tələblərini pozaraq, qanunda göstərilən hər hansı müstəsna halın mövcudluğunu əsaslandırmadan iddia tələblərindən kənara çıxmışdır (bununla bağlı dəlillər hər iki tərəfin kassasiya şikayətində öz əksini tapmışdır).

49. Göstərilən səbəbdən məhkəmə kollegiyası hazırda elektron qaimələr üzrə faktiki təhvil verilmiş malların dəyərinə və bununla əlaqədar tərəflərin bir-birinə qarşı borcunun yaranıb-yaranmamasına, əgər yaranmışdırsa, borcun məbləğinə dair birmənalı nəticəyə gəlməyi, o cümlədən kassasiya şikayətlərinin müvafiq dəlilləri üzrə ayrıca hüquqi dəyərləndirmə aparılmasını qeyri-mümkün hesab edir.

50. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, apellyasiya instansiyası məhkəməsi mübahisələndirilən hissədə MPM-in 217.1-ci maddəsinə (bax § 65) zidd olaraq qanunsuz və əsassız qətnamə qəbul etmişdir.

51. Məhkəmə kollegiyası hesab etmişdir ki, kassasiya şikayətləri qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 2 may tarixli 2-2(103)-138/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməli və iş həmin hissədə yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmalıdır.

52. Yeni apellyasiya baxışı zamanı məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmalı, o cümlədən dispozitivlik prinsipinə və MPM-in 218.3-cü maddəsinə uyğun ilkin iddia tələblərini, habelə qarşılıqlı iddia tələblərini qarşılıqlı surətdə nəzərə almaqla, elektron qaimələr üzrə faktiki təhvil verilmiş malların dəyərinə və bununla əlaqədar tərəflərin bir-birinə qarşı borcunun yaranıb-yaranmamasına, əgər yaranmışdırsa, borcun məbləğinə hüquqi qiymət verilməli, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etməlidir.

Apellyasiya şikayətinin dəlilləri:

53. İddiaçı MMC-nin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, "xxxx" MMC tərəfindən ödənilmiş pullara dair tam olaraq sənəd və sübutlar təqdim edilsə də, cavabdeh "xxxx" MMM malların tam olaraq verilməsini şifahi, heç bir sübuta əsaslanmayan mülahizələrlə əsaslandırmışdır. Məhkəmə isə bu sualları araşdırmamış və iddianın əsaslarına dair hərtərəfli araşdırma aparmamışdır. Baxmayaraq ki, cavabdeh "xxxx" MMM-in satış üzrə əməkdaşı X2 izahatında göstərmişdir ki, 64.000 manatlıq 100 mm-lik 1250 kv.m sandviç paneli "xxxx" MMC-yə təhvil verməmiş, cavabdehə borcu olduğundan satıb borcunu ödəmişdir.

54. Cavabdeh MMM-nin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-3255/2023 saylı qərardadı ilə İddiaçı MMC-nin Cavabdeh MMM-ə qarşı elektron qaimələrin ləğv edilməsi tələbinə dair hissədə kommersiya mübahisəsi üzrə icraata xitam verilsə də, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-3255/2023 saylı qətnaməsində məhkəmə 2 elektron qaimənin, yəni 6.042 manat dəyərində EBAX seriyalı 043320 nömrəli xx.xx.2021-ci il tarixli, 6.104,05 manat dəyərində EBAY seriyalı 141166 nömrəli xx.xx.2021-ci il tarixli elektron qaimələrin İddiaçı MMC-nin özü tərəfindən təsdiqləndiyini nəzərə alaraq bu halı 12.146,05 manat dəyərində malın ilkin iddia üzrə iddiaçıya təqdim olunması kimi qiymətləndirmişdir. Buna görə də, məhkəmə 3.048 manat dəyərində EBAN seriyalı 497573 nömrəli xx.xx.2020-ci il tarixli,10.436 manat dəyərində EBAX seriyalı 022697 nömrəli xx.xx.2021-ci il tarixli və 24.877,87 manat dəyərində EBBR seriyalı 836129 nömrəli xx.xx.2022-ci il tarixli elektron qaimələr olmaqla, ümumilikdə 38.361,87 manat məbləğində elektron qaimələr üzrə malların təqdim edilməməsi mövqeyindən çıxış etmişdir. Halbuki 13 may 2020-ci il tarixli, 34/20 saylı alqı-satqı müqaviləsi və 04 fevral 2021-ci il tarixli, 10/21 saylı sifariş müqaviləsi üzrə İddiaçı MMC-yə 292.396,99 manat məbləğində mal təhvil verilmiş, lakin onlar tərəfindən cavabdehə 244.436,29 manat məbləğində ödəniş edilmişdir. Beləliklə, İddiaçı MMC-nin Cavabdeh MMM qarşısında 47.961 manat məbləğində ödəniş etmək öhdəliyini yerinə yetirməmişdir.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

55. İlk iddia üzrə iddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını, qarşı tərəfin apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etmişdir.

56. İlk iddia üzrə cavabdehin nümayəndəsi və vəkili məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını, qarşı tərəfin apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

57. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin

21.1-21.2-ci maddələrinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 443.7-ci maddəsinə görə əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. 567-ci maddəsinə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

58. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2021-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları” na əsasən 1.2-ci bəndinə görə elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilməklə elektron formada hazırlanan və vergi orqanında uçotda olan şəxslərə göndərilən ilkin uçot sənədidir. Həmin qaydaların: 1.3-cü bəndinə görə bu Qaydalara uyğun tərtib edilməyən elektron qaimə-faktura mal (iş, xidmət) təqdim edilməsinin rəsmiləşdirilməsinə əsas vermir. 2.5.3-ci bəndinə görə elektron qaimə-faktura mallar (işlər, xidmətlər) barədə məlumatları özündə əks etdirən sənədlər (qəbzlər, çeklər və digər ödəniş sənədləri, müqavilələr (əqdlər), təhvil-təslim aktları, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı, komissiyaya, emala və saxlamaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı, malların alınması üçün vəkalətnamə və s.) əsasında doldurulur və bu barədə məlumat elektron qaimə-fakturanın “Əsas” sətrində qeyd olunur; 3.1-ci bəndinə görə vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində nəzərdə tutulan elektron qaimə-faktura istisna olmaqla, digər elektron qaimə-fakturanı elektron formada göndərir. Vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-fakturanı elektron formada tərtib edərək təsdiq edir. 3.2-ci bəndinə görə elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) vergi ödəyicisi tərəfindən müvafiq qaydada hazırlanıb təsdiq edildikdə, Portal vasitəsilə avtomatik olaraq qəbul edənin bu səhifədə yaradılmış elektron kabinetinə göndərilir. 3.3-cü bəndinə görə cari elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) göndərildiyi vaxtdan 5 (beş) gün müddətində qəbuledən tərəfindən düzəliş üçün qaytarıla və ya təsdiqlənə bilər. Düzəliş üçün qaytarılmış elektron qaimə-faktura göndərən tərəfindən düzəliş edildikdən sonra yenidən təqdim oluna bilər. 3.4-cü bəndinə görə bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı, 2.2.9-cu və 2.2.10- cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri istisna olmaqla, cari elektron qaimə-faktura 5 (beş) gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaimə-fakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 (beş) gün müddətində), həmin elektron qaiməfaktura proqram təminatı tərəfindən təsdiq edilir. 3.5-ci bəndinə görə bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı və 2.2.9-cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri göndərildiyi ayın sonuncu gününədək qəbul edən tərəfindən təsdiq edilmədikdə, həmin elektron qaimə-faktura proqram təminatı vasitəsilə ləğv edilir. 3.6-cı bəndinə görə vergi ödəyicisi tərəfindən göndərilmiş elektron qaimə-fakturada göstərilən məlumatlar ilkin uçot sənədləri üzrə məlumatlarla uyğun olmadıqda (təhvilqəbul aktına, üzləşmə aktına və s.), həmin elektron qaimə-fakturada təqdim edildiyi hesabat ayı başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq düzəliş edilə bilər. Düzəliş edilmiş elektron qaimə-fakturaya proqram təminatı tərəfindən yeni seriya və nömrə verilmir. Düzəliş edilmiş elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) göndərildikdən sonra qəbuledən tərəfindən təsdiq edilməlidir. Qəbuledən tərəfindən düzəliş edilmiş elektron qaimə-faktura göndərildiyi ayın sonuncu gününədək təsdiq edilmədiyi halda, düzəliş edilmiş elektron qaimə-faktura proqram təminatı vasitəsilə ləğv edilir və düzəliş edilməmiş sayılır.

59. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2022-ci il 20 aprel tarixli Qərarına əsasən lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları özözlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.

60. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 372.2-ci maddəsinə əsasən yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

Əsaslandırıcı hissə

Apellyasiya baxışının hədləri

61. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

62. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

63. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamə tam mübahisələndirildiyindən tam yoxlanılır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

64. Məhkəmə kollegiyası kassasiya instansiyasının göstərişlərini nəzərə alaraq işi tam və hərtərəfli araşdırmış, ilkin iddia tələblərini, habelə qarşılıqlı iddia tələblərini qarşılıqlı surətdə nəzərə almaqla, elektron qaimələr üzrə faktiki təhvil verilmiş malların dəyərini müəyyən edərək kassasiya instansiyasının məcburi göstərişlərinə əsasən aşağıdakıları qeyd etmişdir.

65. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının və cavabdehin apellyasiya şikayətləri təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 2 oktyabr tarixli e-2-2(113)- 3255/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

66. Məhkəmə kollegiyası tərəfindən müəyyən edilmişdir ki, “Satıcı Cavabdeh MMM ilə alıcı İddiaçı MMC arasında 2020-ci il 13 may tarixli 34/20 nömrəli müqavilə bağlanmışdır. Həmin müqavilənin: - 1.1-ci bəndinə görə, satıcı müqavilənin ayrılmaz hissəsi olacaq 1 nömrəli əlavə və digər əlavələrdə əks olunan qiymət razılaşma protokolunda göstərilən malları sifarişçiyə təhvil verir. - 1.2-ci bəndinə görə, alıcı isə müqavilənin ayrılmaz hissəsi olacaq 1 nömrəli əlavə və digər əlavələrdə əks olunan qiymət razılaşma protokolunda göstərilən avadanlıqları qəbul edir və bunun müqabilində icraçının hesabına alınan məhsulun dəyərini ödəyir. - 2.1-ci bəndinə görə, ödəniş köçürmə yolu ilə həyata keçirilir. - 2.2-ci bəndinə görə, alıcı qiymət razılaşma protokolunda göstərilən məbləğin 50%ni öncədən, qalan 50%-i isə mallar təhvil alındıqdan sonra satıcının hesabına ödəyir. Sifarişçi İddiaçı MMC ilə icraçı Cavabdeh MMM arasında 2021-ci il 4 fevral tarixli 10/21 nömrəli sifariş müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: - 1.1-ci bəndinə görə, icraçı müqavilənin ayrılmaz hissəsi sayılan əlavələrə əsasən (əlavə nömrə 1 “qiymətlərin razılaşdırılma protokolu”, əlavə nömrə 2 “layihə”) bu müqavilənin şərtlərinə əsaslanaraq malları (işləri) sifarişçiyə təhvil verir, ikinci isə bu malları (işləri) qəbul edir və dəyərini birinciyə ödəyir. - 2.2-ci bəndinə görə, sifarişçi əlavə nömrə 1 “qiymətlərin razılaşma protokolu”na əsasən müəyyən edilmiş sifarişin məbləğinin 50%-ni razılaşma imzalanarkən ödəməyi öz öhdəsinə götürür. 40% mallar yükləməyə hazır olduqda, 10%-i “tərəflərin təyin etdikləri nümayəndələri işləri təhvil-təslim etdikdən sonra 5 bank günü ərzində icraçının bank hesabına köçürmə yolu ilə (xarici valyutada qeyd olunduqda: Milli Bankın günün məzənnəsinə əsasən Azərbaycan manatı ilə) həyata keçirilir. - 3.1.1-ci bəndinə görə, “icraçı” sifariş olunan malları sifarişçi tərəfindən 50% ödənişi etdikdən sonra 10 təqvim günü ərzində hazırlayır. Sifarişçi tərəfindən sifariş olunan malların dəyərinin 40%-i icraçıya ödənildikdən sonra, icraçı sifariş olunan malları sifarişçiyə öncədən tərəflərin razılaşdırdığı ünvanda və sifarişçi ilə əlavə razılaşdırılmış gün ərzində təslim edir. Hər sifarişə görə təslim yalnız bir ünvanda həyata keçirilir. Gözlənilməyən xətalara görə icraçı tərəfindən malların (işlərin) təhvil verilməsi 5 iş günü gecikdirilə bilər. - 3.2.1-ci bəndinə görə, sifarişçi bu müqavilənin 2.2-ci bəndinə əsasən üzərinə düşən öhdəlikləri yerinə yetirir. - 7.1-ci bəndinə görə, bu müqavilə imzalandığı andan qüvvəyə minir və 1 il müddətində qüvvədədir, tərəflər 30 gün qabaqcadan yazılı etiraz etmədiyi halda müqavilə eyni müddətə uzadılmış hesab edilir. Cavabdeh MMM tərəfindən 2020-ci il 13 may tarixli 34/20 nömrəli müqavilə üzrə ümumilikdə (ƏDV daxil) 64.949,05 manat dəyərində (o cümlədən, 41.910 manat dəyərində EBAL seriyalı 017737 nömrəli 2020-ci il 11 iyun tarixli; 3.048 manat dəyərində EBAN seriyalı 497573 nömrəli 2020-ci il 11 avqust tarixli; 950,20 manat dəyərində EBAP seriyalı 085011 nömrəli 2020-ci il 25 avqust tarixli; 19.040,85 manat dəyərində EBAV seriyalı 780888 nömrəli 2021-ci il 6 yanvar tarixli); 2021-ci il 4 fevral tarixli 10/21 nömrəli müqavilə üzrə isə ümumilikdə (ƏDV daxil) 227.447,9 manat dəyərində (o cümlədən, 179.988 manat dəyərində EBAX seriyalı 012482 nömrəli 2021-ci il 4 fevral tarixli; 10.436 manat dəyərində EBAX seriyalı 022697 nömrəli 2021-ci il 4 fevral tarixli; 6.042 manat dəyərində EBAX seriyalı 043320 nömrəli 2021-ci il 5 fevral tarixli; 6.104,05 manat dəyərində EBAY seriyalı 141166 nömrəli 2021-ci il 2 mart tarixli; 24.877,85 manat dəyərində EBBR seriyalı 836129 nömrəli 2022-ci il 24 fevral tarixli) malların verilməsinə dair elektron qaimələr tərtib edilərək elektron sistem vasitəsilə İddiaçı MMC-yə göndərilmişdir. Hər iki müqavilə üzrə satıcı Cavabdeh MMM tərəfindən alıcı İddiaçı MMC-yə cəmi 292.396,96 manat məbləğində malların təqdim edilməsinə görə elektron qaimələr göndərilmiş, İddiaçı MMC tərəfindən isə həmin müqavilələr üzrə ilk iddiada qaytarılması tələb olunan avans ödənişi də daxil olmaqla, cəmi 244.436,29 manat məbləğində ödəniş edilmişdir. 017737, 085011, 780888, 043320, 141166 nömrəli elektron qaimələr (bax § 3) İddiaçı MMC-nin özü tərəfindən, 497573, 012482, 022697, 836129 nömrəli elektron qaimələr (bax § 3) isə sistem tərəfindən təsdiq edilmişdir. Ödəniş sənədlərindən İddiaçı MMC tərəfindən 017737, 085011, 780888 və 012482 nömrəli elektron qaimələr (bax § 3) üzrə, yəni həm onun özü tərəfindən, həm də sistem tərəfindən təsdiq olunmuş elektron qaimələr üzrə ödənişlər edildiyi müəyyən olunmuşdur. Müqavilələr üzrə mallar təhvil verilərkən əlavə yazılı sənədlər (təhvil-təslim aktı, qaimə, qəbz və s.) tərtib edilməmişdir.

67. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə mübahisə edilməyən hallardan görünür ki, iki alqı-satqı müqavilələri üzrə satıcı "xxxx" MMM tərəfindən alıcı İddiaçı MMC-yə cəmi 292.396,96 manat məbləğində malların təqdim edilməsinə görə elektron qaimələr göndərilmiş, İddiaçı MMC tərəfindən isə həmin müqavilələr üzrə ilkin iddiada qaytarılması tələb edilən avans ödənişi də daxil olmaqla cəmi 244.436,29 manat məbləğində ödəniş edilmişdir. İddiaçı MMC ilkin olaraq 114.011,38 manat dəyərində elektron qaimələrdə göstərilən malların təqdim edilmədiyini iddia etmiş, lakin hansı qaimələr üzrə hansı malların "xxxx" MMM tərəfindən təqdim edilmədiyini dəqiqləşdirməmişdir. Məhkəmə tərəfindən əsasında mal təqdim edilməmiş elektron qaimələrin siyahısının dəqiqləşdirilməsi təklif edildikdən sonra İddiaçı MMC məhkəməyə 3.048 manat dəyərində EBAN seriyalı 497573 nömrəli xx.xx.2020-ci il tarixli, 10.436 manat dəyərində EBAX seriyalı 022697 nömrəli xx.xx.2021-ci il tarixli, 6.042 manat dəyərində EBAX seriyalı 043320 nömrəli xx.xx.2021-ci il tarixli, 6.104,05 manat dəyərində EBAY seriyalı 141166 nömrəli xx.xx.2021-ci il tarixli və 24.877,87 manat dəyərində EBBR seriyalı 836129 nömrəli xx.xx.2022-ci il tarixli, cəmi 50.507,92 manat dəyərində qaimələrdə göstərilən malların onlara verilməməsi barədə arayışı təqdim etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı MMC həmin arayışı məhkəməyə təqdim etməklə dolayısı ilə qalan 241.889,04 (292.396,96-50.507,92) manat məbləğində elektron qaimələr üzrə malların onlara təqdim edildiyini təsdiq etmişdir. Göründüyü kimi elektron qaimə-fakturalar malların (işlərin, xidmətlərin) təqdim edilməsini təsdiq edən ilkin sənədlər (müqavilələr (əqdlər), təhvil-təslim aktları, malların alınması üçün vəkalətnamə və s.) əsasında tərtib edilməlidir. Hazırkı halda mübahisəli 50.507,92 manat dəyərində elektron qaimələrdə göstərilən malların İddiaçı MMC-yə təqdim edilməsini təsdiq edən əlavə sübutlar (təhvil-təslim aktları və.s) "xxxx" MMM tərəfindən məhkəməyə təqdim edilməmiş, eləcə də digər elektron qaimələrdən fərqli olaraq İddiaçı MMC tərəfindən həmin qaimələr üzrə hissəvi ödənişlər də aparılmamışdır. Digər tərəfdən İddiaçı MMC tərəfindən təqdim edilmiş məlumatlardan göründüyü kimi avtomatik olaraq sistem tərəfindən təsdiqlənmiş digər qaimələrdən fərqli olaraq mübahisəli elektron qaimələrdən ikisi - 6.042 manat dəyərində EBAX seriyalı 043320 nömrəli xx.xx.2021-ci il tarixli, 6.104,05 manat dəyərində EBAY seriyalı 141166 nömrəli xx.xx.2021-ci il tarixli elektron qaimələr İddiaçı MMC-nin özü tərəfindən təsdiqlənmişdir. Məhkəmə cəmi 12.146,05 manat dəyərində mübahisəli elektron qaimələrin İddiaçı MMC-nin özü tərəfindən təsdiq edilməsi faktını həmin qaimələrdə göstərilən malların MMC-yə təqdim edilməsinə dəlalət edən hal kimi hal kimi qiymətləndirir. Qalan 38.361,87 (50.507,92-12.146,05) manat məbləğində elektron qaimələrə (EBAN seriyalı 497573 nömrəli xx.xx.2020-ci il tarixli; EBAX seriyalı 022697 nömrəli xx.xx.2021-ci il tarixli və 24.877,87 manat dəyərində EBBR seriyalı 836129 nömrəli xx.xx.2022-ci il tarixli) gəldikdə məhkəmə qeyd edir ki, həmin qaimələrdə göstəriən malların təqdim edilməsi iş materiallarında olan sübutlarla öz təsdiqini tapmır. Odur ki, "xxxx" MMM həmin qaimələr əsasında 38.361,87 manat məbləğində pul vəsaitinin ödənilməsini İddiaçı MMC-dən tələb etməkdə haqlı deyil. Beləliklə, "xxxx" MMM tərəfindən mübahisəli müqavilələr üzrə İddiaçı MMC-yə 254.035,09 manat (292.396,96-38.361,87) məbləğində mallar təqdim edilmişdir. Bunun müqabilində isə İddiaçı MMC tərəfindən 65.000 avans ödənişi də daxil olmaqla 244.436,29 manat məbləğində pul ödənildiyindən İddiaçı MMC-nin mübahisəli müqavilələr üzrə "xxxx" MMM-yə borcu 9.598,8 manat (254.035,09-244.436,29 manat) təşkil edir. 65.000 manat məbləğində avans məbləğinin geri qaytarılması barədə ilkin iddiaya münasibətdə məhkəmə qeyd edir ki, iş materiallarından da göründüyü kimi həqiqətən də xx.xx.2021 və xx.xx.2021-ci il tarixlərində İddiaçı MMC tərəfindən "xxxx" MMM cəmi 65.000 manat məbləğində avans ödənişi edilmişdir. Həmin avans üzrə malların təqdim edilməsi isə iş materiallarında olan sübutlarla öz təsdiqini tapmır. Eləcə də avansın ödənildiyi tarixlərdən sonra həmin məbləğdə elektron qaimənin göndərilməməsi də (həmin tarixdən sonra "xxxx" MMM tərəfindən yalnız xx.xx.2022-ci il tarixdə cəmi 24.877,87 manat dəyərində EBBR 836129 saylı elektron qaimə vurulmuşdur) avans əsasında təqdim edilməli olan malların " X12” MMC-yə təqdim edilməməsinə dəlalət edir. Bu baxımdan ilkin iddianın dəlilləri əsaslıdır. Digər tərəfdən yuxarıda da müəyyən edildiyi kimi 65.000 manat məbləğində avans nəzər alındıqda, yəni həmin məbləğ İddiaçı MMC-nin borcundan çıxıldıqda belə mübahisəli müqavilələr üzrə İddiaçı MMC-nin "xxxx" MMM-yə 9.598,8 manat məbləğində borcu mövcuddur. Bu baxımdan 65.000 manat məbləğində pulun tutulması hissəsində ilkin iddianın təmin edilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası həmçinin təqdim edilən whatsapp yazışmalarına və Cavabdeh MMM-nin satış şöbəsinin əməkdaşı X8 yazılı izahatına münasibətdə qeyd edir ki, həmin sənədlərin həqiqiliyi MMC tərəfindən mübahisələndirildiyindən və qarşı tərəf sözügedən sənədlərin həqiqi olmasını sübuta yetirə bilmədiyindən məhkəmə sözügedən sənədləri mötəbər sübut kimi qiymətləndirmir. İlkin iddianın 65.000 manat məbləğində malların təqdim edilməməsi nəticəsində dəymiş zərərə görə 51.477,41 məbləğində pul vəsaitinin tutulması hissəsinə gəldikdə məhkəmə qeyd edir ki, iş materialları ilə "xxxx" MMM tərəfindən 65.000 manat məbləğində sendviç panellərin İddiaçı MMC-yə təqdim edilməməsi, yəni MMM tərəfindən alqı-satqı müqaviləsi üzrə öhdəliklərini pozulması iş materialları ilə öz təsdiqini tapır. Odur ki, hazırda müəyyən edilməli olan hal həmin pozuntu nəticəsində MMC-yə maddi zərər vurulub-vurulmaması ilə bağlıdır. İlkin iddiaçı həmin hissədə iddiasını 65.000 manat məbləğində avans ödənişinin müqabilində təqdim edilməli olan 1250 kv.m. sendviç panelinn sonradan başqa satıcıdan daha baha qiymətə almasına məcbur olması və nəticədə ona 51.477,41 məbləğində maddi zərər vurulması ilə əsaslandırmış və zərər vurulması faktını təsdiq etmək üçün məhkəmə İpek End ve Soğutma Sis.Alüm Nak.Tar.Hayv.İth.İhr.San.Tic. LTD.Şti” tavan panelləri almasını təsdiq edən e-faktura və invoysu, eləcə də malların AR-yə gətirilməsini təsdiq edən gömrük bəyannamələrini məhkəməyə təqdim etmişdir. İş materiallarından görünür ki, İddiaçı MMC tərəfindən "xxxx" MMM-dən dəfələrlə sendviç panellər alınmış, yəni MMC-nin mütəmadi olaraq həmin materiala ehtiyacı olmuşdur. Göstərilən hal da nəzərə alınarsa 2021-ci ilin aprelində "xxxx" MMM-ə sifariş edilərək avans ödənilmiş malları yalnız 2022-ci ilin avqustunda, yəni 1 il dörd ay sonra “İpek End ve Soğutma Sis.Alüm Nak.Tar.Hayv.İth.İhr.San.Tic. LTD.Şti” alması inandırıcı görünmür. İddiaçı MMC "xxxx" MMM-yə sifariş edilmiş, lakin təqdim edilməmiş mallarla “İpek End ve Soğutma Sis.Alüm Nak.Tar.Hayv.İth.İhr.San.Tic. LTD.Şti”-dən alınmış malların eyni obyektin tikintisində istifadə edildiyini sübuta yetirmək üçün Ramin Məmmədov adlı şəxs ilə bağladıqları xx.xx.2021-ci il tarixli AS2572 nömrəli alqı-satqı müqaviləsi (soyuducu anbarlar dəstinin quraşdırılması) üzrə MMC tərəfindən görülmüş işlərin təhvil verilməsi barədə xx.xx.2022ci aktı məhkəməyə təqdim etmişdir. MMC iddia edir ki, "xxxx" MMM-dən 10\21saylı sifarış müqaviləsi üzrə alınmış bütün mallar, o cümlədən sifariş edilmiş, lakin təqdim edilməmiş 65.000 manat məbləğində sendviç panel, eləcə də sonradan “İpek End ve Soğutma Sis.Alüm Nak.Tar.Hayv.İth.İhr.San.Tic. LTD.Şti”-dən alınmış sendviç panellər məhz həmin obyektdə işlərin görülməsində istifadə edilmişdir. Halbuki iş materiallarından görünür ki, tərəflər arasında sonuncu 10\21saylı sifarış müqaviləsi xx.xx.2021-ci il tarixdə bağlandığı və avanslar xx.xx.2021 və xx.xx.2021-ci il tarixlərində ödənildiyi halda İddiaçı MMC ilə Ramin Məmmədov arasında soyuducu anbarlar dəstinin quraşdırılması dair müqavilə xx.xx.2021-ci il tarixdə bağlanmışdır. Göstərilən hal isə "xxxx" MMM-ə avansı ödənilmiş, lakin təqdim edilməmiş malların məhz həmin işlərin görülməsində istifadə üçün nəzərə tutulduğunu istisna edir. 2021-ci ilin aprelində "xxxx" MMM-ə sifariş edilmiş malların sonradan “İpek End ve Soğutma Sis.Alüm Nak.Tar.Hayv.İth.İhr.San.Tic. LTD.Şti”-dən alındığını ehtimal etsək belə İddiaçı MMC-yə maddi zərər vurulması müəyyən edilmir. Belə ki, İddiaçı MMC-nin maddi zərərin vurulması faktını təsdiq etmək üçün məhkəməyə təqdim etdiyi sənədlərdən aydın olur ki, “İpek End ve Soğutma Sis.Alüm Nak.Tar.Hayv.İth.İhr.San.Tic. LTD.Şti”-dən invoys dəyəri 14.226,67 ABŞ dolları (19.518,89 ABŞ dolları məbləğində olan invoysa daxildir) dəyərində 605,39 kv.m. sendviç panel və invoys dəyəri 11.219,37 ABŞ dolları (xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə rəsmiləşdirilmiş ümumi invoys dəyəri 30.940,67 ABŞ dolları olan mallara daxildir) məbləğində qeyri-müəyyən miqdarda sendviç panel, yəni cəmi invoys dəyəri 25.446 ABŞ dolları (43.258,28 manat) olan sendviç panel alınmışdır. Odur ki, həmin malların gömrük rəsmiləşdirilməsinə çəkilmiş xərclər nəzərə alınsa belə İddiaçı MMC həmin malları "xxxx" MMM ilə razılaşdırdığı qiymətdən (65.000 manat) nisbətən daha baha qiymətə alması, yəni MMC-yə maddi zərər vurulması müəyyən edilmir.

68. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosesin fundamental prinsiplərindən biri olan dispozitivlik prinsipi və MPM-in 218.3-cü maddəsinin tələbləri gözlənilmişdir. Həmçinin qanunda göstərilən hər hansı müstəsna halın mövcudluğunu əsaslandırmadan iddia tələblərindən kənara çıxılmamalıdır.

69. Apellyasiya şikayətində iddiaçı və cavabdehin qeyd olunan dəlilləri isə əsassızdır və öz təsdiqini tapmamışdır. birinci instansiya məhkəməsi düzgün qənaətə gəlmişdir.

70. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi işin hallarına uyğundur, apellyasiya şikayətlərində irəli sürülən və formal mülahizələrdən ibarət olan dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

71. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq,

QƏT ETDİ:

İddiaçı MMC və Cavabdeh MMM tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 2.10.2023-cü il tarixli, e-2-2(113)-3255/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddiaçı MMC və Cavabdeh MMM tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu onların özlərinə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar