Məhkəmə qərarları › İş №2-2(103)-248/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-248/2023

28.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-248/2023 28.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X4 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-6132/2022 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ

1. Satıcı İddiaçı ilə alıcı "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında xx.xx.2020-ci il tarixdə 06 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə görə satıcı alıcını sifarişə əsasən karxana avadanlıqları və ya onun ehtiyat hissələri, o cümlədən inşaat işlərində istifadə olunan ələk, rolik ilə vaxtlı-vaxtında təmin etməyi, alıcı isə aldığı materialların dəyərini ancaq köçürmə yolu ilə ödənilməsini öz öhdəsinə götürmüşdür.

Birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı MMC cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC-dən 02 mart 2020-ci il tarixli 06 nömrəli müqaviləyə 24 noyabr 2020-ci il tarixdə edilmiş “qiymət razılaşması haqqında” Əlavəyə əsasən satılmış mallara görə 10.450,72 manatın və 17 fevral 2021-ci il tarixdə edilmiş “qiymət razılaşması haqqında” Əlavəyə əsasən satılmış mallara görə 12.470,15 manatın, cəmi 22.920,87 manatın, alınmış malın dəyərinin ödənilməsinin gecikdirilməsinə görə cəmi 1.944,93 manatın, mediasiya xidməti xərci olaraq 210 manatın tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddiaçı bildirir ki, 24 noyabr 2020-ci il tarixdə cavabdehə 02 mart 2020-ci il tarixli 06 nömrəli müqaviləyə edilmiş “qiymət razılaşması haqqında” Əlavəyə əsasən ümumi dəyəri ƏDV daxil 10.450,72 manat olan ələk (ələk göz 07, ələk göz 05, ələk göz 13, ələk göz 19, əlk göz 19, ələk göz 26) satılmış və pulun köçürülməsi ilə bağlı 25 noyabr 2020-ci il tarixli, 026380 nömrəli elektron qaimə göndərilmişdir. 17 fevral 2021-ci il tarixdə cavabdehə 02 mart 2020-ci il tarixli 06 nömrəli müqaviləyə edilmiş “qiymət razılaşması haqqında” Əlavəyə əsasən ümumi dəyəri ƏDV daxil 12.470,15 manat olan ələk və rolik (ələk göz 28, ələk göz 06 2 ədəd, ələk göz 29, ələk göz 28, rolik 59, rolik 74, rolik 94, 29, rolik 25, rolik 25) satılmış və pulun köçürülməsi ilə bağlı 17 fevral 2021-ci il tarixli, 609719 nömrəli elektron qaimə göndərilmişdir. Satılmış və təhvil alınmış mallara görə cəmi dəyəri 22.920,87 manat təşkil edən pulun 5 iş günü ərzində iddiaçının bank hesabına köçürülməsi ilə bağlı müxtəlif tarixlərdə cavabdehə pretenziya məktubları göndərilmiş, lakin vəsaitin köçürülməsini qarşı tərəf təmin etməmişdir. Bundan başqa, 24 noyabr 2020-ci il tarixli “qiymət razılaşması haqqında” Əlavəyə əsasən ümumi məbləği ƏDV daxil 10.450,72 manat olan vəsaitin köçürülməsini 1 il 10 ay (1 ay üçün alınan məbləğ 10.450,72 x 5%:12 = 43,54 manat, 22 ay üçün 22 x 43,54 = 957,88 manat), 17 fevral 2021-ci il tarixli “qiymət razılaşması haqqında” Əlavəyə əsasən ümumi məbləği ƏDV daxil 12.470,15 manat olan vəsaitin köçürülməsini 1 il 7 ay (1 ay üçün alınan məbləğ 12.470,15 x 5% :12 = 51,95 manat, 19 ay üçün 19 x 51,95 = 987,05 manat) ödənilməsini gecikdirdiyi üçün ödənilməsi gecikdirilən məbləğə illik 5% əlavə vəsaiti ödəməlidir.

4. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsində iştirak etməmişdir.

5. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-6132/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, xx.xx.2020-ci il tarixli 06 saylı müqavilə üzrə 22.920 (iyirmi iki min doqquz iyirmi) manat 87 (səksən yeddi) qəpik məbləğində pulun "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçınə verilməsi, əsas borca illik 5 faiz hesablanmaqla 339 (üç yüz otuz doqquz) manat 10 (on) qəpik məbləğində pulun "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçınə verilməsi, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 200 (iki yüz) manat məbləğində pulun "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçınə verilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

6. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri

7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, alqı-satqı müqaviləsinin 2.3.1-ci bəndinə əsasən malın qiyməti, təhvil verilmə müddəti, ödəniş qaydası və ödəniş müddəti bu müqavilənin ayrılmaz tərkib hissəsi olan qiymətlərin razılaşma protokolu ilə müəyyən edilir. Lakin iş materiallarında yalnız 12470 manatlıq qiymətlərin razılaşdırma protokolu əlavə edilmişdir. Həmçinin, malların təhviltəslim aktından məlum olur ki, malları təhvil alan şəxs kimi Vəliyev Elşən kimi qeyd edilmiş və "xxxx" MMC-nin möhürü ilə təsdiq edilmişdir. Halbuki, "xxxx" MMC ayrıca bir hüquqi şəxsdir. Bundan əlavə, müqaviləyə əsasən mal təhvil verilərkən tərəflər təhvil-təslim aktlarını imzalayırlar. Lakin iş materiallarında təhvil aktı da aşkar edilməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

9. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 apellyasiya şikayətinə etiraz etdi.

10. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.

TƏTBİQ EDİLƏN HÜQUQ

11. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

12. Həmin Məcəllənin 598.3-cü maddəsinə görə əgər alıcı alqı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər.

13. Həmin Məcəllənin 445.7-ci maddəsinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.

14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2021-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.9-cu bəndinə görə ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaimə-faktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaiməfakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

15. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini və iddianın qismən təmin olunduğunu, lakin iddiaçı tərəfindən apellyasiya şikayəti verilmədiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız iddianın qismən təmin olunmuş hissəsində yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

16. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya baxışının həddində iddia əsaslıdır.

17. Belə ki, tərəflər arasında alqı-satqı müqaviləsinin bağlanılması işin mübahisəsiz halını təşkil edir.

18. Eyni zamanda iş materiallarında olan xx.xx.2020-ci il tarixli 06 saylı müqaviləyə xx.xx.2020-ci il tarixli X2 Protokoluna əsasən tərəflər ƏDV daxil 10.450,72 manat dəyərində olan malların adı, miqdarı və qiyməti barədə razılığa gəlmişlər. Qeyd edilən qiymət razılaşma protokolu hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. Bundan sonra qeyd edilən protokolda göstərilmiş malların cavabdehə təhvil verilməsinə dair tərəflər arasında xx.xx.2020-ci il tarixdə təhvil-təslim aktı tərtib edilmişdir. Həmçinin İddiaçı MMC tərəfindən "xxxx" ASC-yə xx.xx.2020-ci il tarixində 10.450,72 manat məbləğində EBAT seriyalı 026380 nömrəli elektron qaimə göndərilmişdir.

19. Həmçinin xx.xx.2020-ci il tarixli 06 saylı müqaviləyə xx.xx.2021-ci il tarixli X2 Protokoluna əsasən tərəflər ƏDV daxil 12.470,15 manat dəyərində olan malların adı, miqdarı və qiyməti barədə razılığa gəlmişlər. Qeyd edilən qiymət razılaşma protokolu hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. Bundan sonra qeyd edilən protokolda göstərilmiş malların cavabdehə təhvil verilməsinə dair tərəflər arasında xx.xx.2021-ci il tarixdə təhvil-təslim aktı tərtib edilmişdir. Həmçinin İddiaçı MMC tərəfindən "xxxx" ASC-yə xx.xx.2021-ci il tarixində 12.470,15 manat məbləğində EBAX seriyalı 609719 nömrəli elektron qaimə göndərilmişdir.

20. Göründüyü kimi tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi üzrə malların cavabdehə təhvil verilməsi və ödənilməli olan məbləğ X2 Protokolları, təhviltəslim aktları və cavabdehin heç bir etiraz etmədiyi elektron qaimələrlə təsdiq olunur.

21. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı Mülki Məcəllənin 598.3-cü maddəsinə əsasən satılmış əşyalara görə ödənilməyən ümumilikdə 22.920,87 manat məbləğində pul vəsaitinin tutulmasını tələb etməkdə haqlıdır.

22. Həmçinin kollegiya hesab edir ki, illik 5 faizlə hesablanmış faiz borcunun tutulması barədə tələblər də əsaslıdır.

23. Belə ki, həmin tələblərin qanuni əsasını Mülki Məcəllənin 445.7-ci maddəsi təşkil edir.

24. Həmin maddənin tələblərini və pretenziya məktubunun cavabdeh tərəfindən alındığı xx.xx.2022-ci il tarixdən, iddia ərizəsinin məhkəməyə daxil olduğu xx.xx.2022-ci il tarixədək olan müddəti (108 gün) nəzərə alaraq kollegiya hesab edir ki, iddiaçı pul öhdəliyinin gecikdirilməsinə görə hesablanmış 339,1 manat məbləğində faizlərin ödənilməsini tələb etməkdə haqlıdır (22.920,87 x 5%=1,146 (1 il üçün), 1,146/365=3,139 (1 gün üçün), 3,139x108 = 339,1 (108 gün üçün)).

25. Apellyasiya şikayətində göstərilən dəlillər isə əsassızdır. Belə ki, iş materiallarında olan xx.xx.2020-ci il tarixli 06 saylı müqaviləyə xx.xx.2020-ci il tarixli X2 Protokoluna əsasən tərəflər ƏDV daxil 10.450,72 manat dəyərində olan malların adı, miqdarı və qiyməti barədə razılığa gəlmişlər. Bundan əlavə təhvil-təslim aktlarınından birində "xxxx" MMC-nin anbar ştampının vurulması isə mübahisənin həllinə təsir etmir. Belə ki, iddiaçının nümayəndəsinin izahatına görə cavabdehə məxsus mallar "xxxx" MMC-nin anbarında saxlanılmış və ona görə mallar təhvil verilərkən anbarın ştampı ilə təsdiq olunmuşdur. xx.xx.2021-ci il tarixli aktdan da görünür ki, həmin akt "xxxx" MMC-nin 19 saylı anbarının ştampı ilə təsdiq edilmişdir. Bundan əlavə malların təhvil verilməsi tək təhvil-təslim aktları ilə deyil, cavabdehə məxsus möhürlə təsdiqlənmiş X2 Protokolları, o cümlədən cavabdehin heç bir etiraz etmədiyi elektron qaimələrlə tam təsdiq olunur.

26. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

27. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i:

Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-6132/2022 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnaməsi iddianın qismən təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov

Hakimlər: Vüsalə Baxışova

Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar