Məhkəmə qərarları › İş №2-2(103)-248/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-248/2025

04.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-248/2025 04.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “X5” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia tələbi üzrə (Açar sözlər: prosessual müddətin ötürülməsi, müddətin ötürülməsinin üzrsüz hesab olunması) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (məruzəçi), X2 və X1 ibarət tərkibdə İddiaçı “X5” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadından cavabdehin nümayəndəsi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi: İşin halı

1. İddiaçı (iddiaçı) “X5” Məhdud Məsuliyyətli Cəmiyyətinə (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, tərəflər arasında bağlanmış 02 noyabr 2021-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 20 000 manat əsas borcun, 133 760 manat dəbbə pulunun, əsas borca illik 5 faizlə hesablanmış 3667,4 manat məbləğində pulun və ödənilmiş 547,43 manat dövlət rüsumunun, 320 manat hüquqi yardım xərcinin cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktları

2. Birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı ilə “X5” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 02 noyabr 2021-ci il tarixdə bağlanmış 06 saylı alqı-satqı müqaviləsi üzrə 20 000 manat əsas borc, 1000 manat cərimə olmaqla ümumilikdə 21 000 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 60 manat, hüquqi yardım xərcinin əvəzi olaraq 320 manat məbləğində pulun cavabdeh tutulub iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur.

3. Həmin qətnamədən cavabdehin nümayəndəsi (qanuni təmsilçisi) xx.xx.2024-cü il tarixdə apellyasiya şikayəti vermiş, eyni zamanda şikayət üzrə buraxılmış prosessual müddətin bərpa olunmasını xahiş etmişdir.

4. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdeh şirkət faktiki olaraq fəaliyyət göstərmədiyindən və işçiləri olmadığından elektron sistemlərə daxil olan məktub və bildirişlərə nəzarət etmək mümkün olmamış, eyni zamanda qətnamə cavabdehə kağız daşıyıcıda çatıdırılmadığından qətnamədən yalnız xx.xx.2024-cü il tarixdə icra xidmətindən “SMS” bildirişi daxil olduqdan sonra məlumat əldə edilmişdir.

5. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə müddətin bərpasına dair ərizənin təmin olunmaması və apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır.

6. Həmin qərardaddan cavabdehin nümayəndəsinin verdiyi şikayət də təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

Apellyasiya baxışı

7. Şikayətə məhkəmə iclasında baxılmasını zəruri edən hallar aşkar edilməmiş, işə yazılı icraat qaydasında baxılmışdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

8. Maddə 128.1. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir.

9. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.

10. Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır.

11. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.

12. Maddə 135.1. Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri "Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər.

13. Maddə 135.2. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər.

14. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər "Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış "elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.

15. Maddə 268.1. Şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir.

16. Maddə 398.0.3. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır.

Apellyasiya baxışının həddi

17. Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

Məhkəmə kollegiyasının mövqeyi

18. İş materiallarından görünür ki, məhkəmənin 05 iyul 2024-cü il tarixli qətnaməsi xx.xx.2024-cü il tarixdə cavabdeh hüquqi şəxsin və onun qanuni nümayəndəsinin elektron kabinetlərinə yerləşdirilmiş, bu barədə həmin sistem vasitəsilə qanuni nümayəndəyə “Elektron ünvan ” electron poçtuna bildiriş göndərilməklə məlumat verilmiş, onun qətnamədən verdiyi şikayət isə xx.xx.2024-cü il tarixdə elektron sistemə yüklənmişdir.

19. Buna görə də kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, cavabdehin nümayəndəsi qətnamədən şikayətini prosessual müddət keçdikdən sonra verdiyi və müddətin ötürülməsinin üzrlü səbəbi olmadığı üçün məhkəmə düzgün nəticəyə gəlmişdir və şikayətin dəlilləri qərardadın ləğvi üçün əsas təşkil etmir.

20. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 133, 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ:

Şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3307/2024 saylı iş üzrə 19 dekabr 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.

Sədrlik edən hakim Elnur Həsənov

Hakimlər Təranə Mahmudova

Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar