Məhkəmə qərarları › İş №2-2(103)-249/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-249/2020

05.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-249/2020 05.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, iddiaçının vəkili Qanuni nümayəndə iştirakı ilə, iddiaçı Türkiyə Respublikasının “xxxxxxxxxxxxxxxxx” Şirkətinin Cavabdehnə qarşı borcun, faizin və hüquqi xidmət xərcinin tutulmasına dair iddiası üzrə 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-2(81)-576/2018 saylı xx xxxx 2018-ci il tarixli qiyabi qətnaməsindən (hakim M.Əkbərov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, МÜƏYYƏN ETDİ: İddiaçı Türkiyə Respublikasının “xxxxxxxxxxxxxxxxx” Şirkəti Cavabdeh MMC-nə qarşı məhkəməyə müraciət edərək, cavabdehdən real zərərə görə 37.479,73 manat, pul öhdəliyinin gecikdirilməsinə görə 9.055,2 manat, hüquqi xidmətə görə 5.916 ABŞ dolları və 150 manat məbləğdə pul vəsaitinin, 30 manat dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.2006-cı il tarixdə tərəflər arasında X3 Təşkilatının vasitəçiliyi ilə X5 Müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, “Cavabdeh Travel” şirkəti razılaşdırılmış komissiya müqabilində X8 uçuşlarına təyyarə sərnişin biletlərinin satışını həyata keçirmək hüququnu əldə etmişdir. Müqaviləyə əsasən, cavabdeh aviabiletləri satdıqdan sonra satış nəticəsində əldə edilmiş pulları İATA BSP təşkilatı vasitəsi ilə X8 bank hesabına köçürülməsini təmin etməli idi. Bağlanmış müqavilə cavabdeh tərəfindən 10 ildən çox müddət ərzində lazımı qaydada icra edilirdi. Daha sonra cavabdeh tərəfindən müqavilə öhdəliklərinin pozulması halı baş yermişdir. Belə ki, müqavilə üzrə xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək cavabdeh tərəfindən ümumi məbləği 97.140,2 AZN olan 144 ədəd təyyarə sərnişin biletlərinin satışı həyata keçirilmişdir. Satılmış biletlərə görə X9 ödəniləcək 97.140,2 AZN məbləğdən yalnız 59.660,47 AZN məbləğdə pul vəsaiti hissə-hissə cavabdeh tərəfindən X9 ödənilmişdir. Pul öhdəliyinin qalan hissəsi, yəni 37.479,73 AZN cavabdeh tərəfindən heç bir səbəb göstərilmədən ödənilməmiş qalmışdır. Bu səbəbdən xx.xx.2016-cı il tarixdə İATA BSP tərəfindən cavabdehə müqavilə üzrə öhdəliklərin pozulması ilə bağlı xəbərdarlıq məktubu göndərilmişdir. Eyni zamanda, xəbərdarlıq məktubunda İATA BSP tərəfindən gecikdirilmiş pul öhdəliyinin icra edilməsi üçün yeni tarix (əlavə müddət) müəyyənləşdirilmişdir. Bildirişin məzmununa əsasən gecikdirilmiş pul öhdəliyinin icra edilməsi üçün son müddət kimi xx.xx.2016-cı il tarixi göstərilmişdir. Həmin tarixə qədər gecikdirilmiş pul öhdəliyi icra edilmədiyi təqdirdə, müqavilənin ləğv ediləcəyi cavabdehdə izah edilmişdir. Qeyd olunan xəbərdarlıq məktubuna baxmayan cavabdeh tərəfindən ona aid pul öhdəliyinin icrasına dair heç bir hərəkət edilməmişdir. Cavabdehin pul öhdəliyi icrasız qaldığına görə müqavilənin əhəmiyyətli pozuntusu baş vermiş və bu səbəbdən xx.xx.2016-cı il tarixdə müqavilənin ləğv olunması haqqında cavabdehə bildiriş göndərilmişdir. Sözügedən bildiriş vasitəsilə eyni zamanda cavabdeh tərəfindən iddiaçiya vurulmuş zərərin əvəzinin dərhal ödənilməsi pretenziya qaydasında tələb edilmişdir. Cavabdeh müqavilə üzrə ona aid pul öhdəliyini əlavə icra müddəti nəzərə alınmaqla xx.xx.2016-cı il tarixdə icra etməli olduğu halda bunu etməmiş, nəticədə müqavilə üzrə 37.479,73 AZN məbləğdə pul öhdəliyinin icrası xx.xx.2018-ci il tarixə cavabdeh tərəfindən 588 gün müddətində gecikdirilmişdir. İddiaçı hüquqi yardıma görə 5196 ABŞ dolları və 180 manat xərc çəkmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-576/2018 saylı xx xxxx 2018-ci il tarixli qiyabi qətnaməsi ilə iddia təmin edilmişdir. Qətnamə ilə razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilib, iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti baxılan hissədə onunla əsaslandırılmışdır ki, məhkəmə iddia tələbini əsas borca münasibətdə təmin edərkən cavabdehin iddiaçıya həqiqətən 37.479,73 manat borcunun olub-olmadığını araşdırmamışdır. Başqa sözlə, məhkəmə iddia tələbini həmin hissədə təmin edərkən, yalnız iddiaçının iddia ərizəsində və ərizəsinə əlavə etdiyi pretenziya (xəbərdarlıq) məktubunda göstərdiyi borc məbləğinə (rəqəmlərə) əsaslanmışdır. Halbuki, cavabdehin iddiaçıya ödənilməyən borcu yoxdur (borcun olması işdə olan və məhkəmənin istinad etdiyi heç bir sənədlə sübut olunmur). Məhkəmə cavabdehdən 9.055,2 manat məbləğdə faiz borcunun tutulması barədə nəticəyə gələrkən, həmin borcun hansı əsasa söykəndiyini, habelə necə hesablandığını öz qətnaməsində göstərməmişdir (hər bir halda bu məbləğ Mərkəzi Bankın müəyyən etdiyi uçot dərəcəsi üzrə hesablanmamışdır).Məhkəmə nümayəndə xərci kimi 5.916 ABŞ dollarının (iddiaçı göstərir ki, nümayəndə xərci həmin məbləğə daxildir), hüquqi xidmət xərci kimi 150 manatın cavabdehdən tutulması barədə nəticəyə gəlmişdir ki, bu da özü-özlüyündə ziddiyyət təşkil edir. Yəni, məhkəmədə iddiaçının nümayəndəsi və vəkili eyni şəxsdirsə (Vəkil), necə olur ki, həm nümayəndə xərci, həm də hüquqi xidmət xərci tutulur? Lakin, cavabdeh tərəfindən iddiaçıya, ümumiyyətlə, hər hansı zərər vurulmadığından, mövcud olmayan zərər cavabdehdən tələb edilə bilməz. Bundan əlavə, iddiaçı cavabdehlə aralarında bağlanmış xx.xx.2006-cı il tarixli müqavilə üzrə borcu (əgər, borc varsa) tələb edərkən iddia müddətini ötürmüş, iddia ərizəsini isə müddəti ötürdükdən sonra məhkəməyə təqdim etmişdir. Pretenziya məktubu iddiaçının özü tərəfindən deyil, X3 Təşkilatı tərəfindən göndərilmişdir. Buradan da, belə nəticə hasil olur ki, iddiaçı mübahisənin məhkəməyəqədər nizama salınması ilə bağlı pretenziya qaydasına riayət etməmişdir. Belə olan halda iddia baxılmamış saxlanılmalı idi. Məhkəmə tərəfindən işə baxılarkən prosessual pozuntuya yol verilmiş, cavabdehin məhkəmə iclasalrında iştirakı təmin edilməmişdir. Eyni zamanda iddiaçı tərəfindən 3 illik iddia müddəti ötürülmüşdür. Bakı Apellyasiya Məhkəməsinin İİK-nın 2-2(103)-249/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-2(81)-576/2018 saylı xx xxxx 2018-ci il tarixli qiyabi qətnaməsi dəyişdirilərək qətnamənin nəticə hissəsində “əsas borcun 588 gün gecikdirildiyi nəzərə alınmaqla 15% bank uçot dərəcəsi ilə 9055,2 manat məbləğində vəsait, 5916 ABŞ dolları” sözləri “pul məbləğlərinin ödənilməsinin gecikdirilməsinə görə 3.016,44 manat sözləri ilə əvəz edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin İİK-nın 2-2(102)-466/19 saylı xx.xx.2019-cu il tarixli qərarı ilə qismən təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin İİK-nın 2-2(103)-249/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi iddia tələbinin təmin olunması hissəsində ləğv edilmiş, iş həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır. İşə apellyasiya qaydasında baxılması sonuncu dəfə xx.xx.2020-ci il tarixə təxirə salınmış, cavabdehin iş materiallarında olan hüquqi ünvanları üzrə göndərilmiş məhkəmə bildirişləri çatmamış, nümayəndəsinə iclasın vaxtı barədə elektron məhkəmə sistemi vasitəsi ilə “SMS xəbərdarlıq” göndərilsə də, məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının vəkili Qanuni nümayəndə məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə izahatı dinləyərək, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-576/2018 saylı xx xxxx 2018-ci il tarixli qiyabi qətnaməsi qismən- cavabdehdən iddiaçının xeyrinə faiz və hüquqi xidmət xərci tutulması hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, cavabdehdən iddiaçının xeyrinə pul öhdəliyinin icrasının gecikdirilməsinə 3016,44 manat faiz tutulmalı, iddia 150 manat hüquqi xidmət xərci tutulması hissəsində rədd edilməli, qətnamə iddianın təmin edildiyi qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. İddiaçının öhdəliyin icrasının gecikdirilməsinə görə 6038,76 manat faizin və 5.916 ABŞ dolları hüquqi xidmət xərcinin cavabdehdən tutulması barədə iddia tələbləri Bakı Apellyasiya Məhkəməsinin İİK-nın 2-2(103)-249/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə rədd edildiyindən və qətnamə həmin hissədə Ali Məhkəmə tərəfindən dəyişdirilmədən saxlanıldığından hazırda apellyasiya baxışının predmeti olan və qətnamənin yoxlanılan hissəsi iddianın təmin edildiyi hissə-yəni cavabdehdən iddiaçının xeyrinə 37.479,73 manat əsas borcun, 3016,44 manat faizin və 150 manat hüquqi xidmət xərcinin, 30 manat dövlət rüsumunun tutulmasıdır. İş materiallarından görünür ki, xx xxxxx 2006-cı il tarixdə tərəflər arasında İATA BSP vasitəçiliyi ilə X5 Müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, cavabdeh razılaşdırılmış komissiya müqabilində iddiaçının uçuşlarına təyyarə sərnişin biletlərinin satışını həyata keçirmək hüququnu əldə etmişdir. İşdəki sənədlərə əsasən cavabdeh aviabiletləri satdıqdan sonra satış nəticəsində əldə edilmiş pulları İATA BSP təşkilatı vasitəsilə iddiaçının bank hesabına köçürülməsini təmin etməli idi. Müqavilənin 1-ci bəndində qeyd edilmişdir ki, bu müqavilə agentin (cavabdehin) məkanlarının yerləşdiyi ölkələrdə qüvvədə olan Satış Agentliyi haqqında qaydalara uyğun olaraq daşıyıcı (iddiaçı) tərəfindən agentin təyin edildiyi andan qüvvəyə minir. Qüvvəyə mindikdən sonra müqavilənin Agent və Daşıyıcı arasında, onların hər ikisinin adları burada çəkilmiş kimi və hər ikisi öz adlarını bu Müqaviləyə tərəflər kimi yazılmışlar kimi qüvvəsi olacaqdır. Müqavilənin 2-ci bəndinə əsasən, Daşıyıcı və Agent arasında olan münasibətləri tənzimləyən müddəalar və şərtlər ... müqaviləyə əlavə edilən “Məlumat Kitabçasında” müəyyən edilir və həmin X4 haqqında Qaydalar daxildir. Satış Agentliyi haqqında Qaydalar müqavilənin 2.1-ci bəndində nəzərdə tutulmuşdur. Müqaviləni iddiaçının təmsilçisi qismində X3 Assosiasiyasının Baş Direktoru” və cavabdehin direktoru imzalamışdırlar İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, müqavilə üzrə xx xxxx 2016-cı il tarixdən xx xxxx 2016-cı il tarixədək cavabdeh tərəfindən ümumi məbləği 97.140,2 AZN olan 144 ədəd təyyarə sərnişin biletlərinin satışı həyata keçirilmiş, onlardan 59.660,47 AZN iddiaçıya ödənilmiş, pul öhdəliyinin qalan hissəsi, yəni 37.479,73 AZN cavabdeh tərəfindən ödənilməmiş qalmışdır. Bu səbəbdən, xx xxxx 2016-cı il tarixdə İATA BSP tərəfindən cavabdehə müqavilə üzrə öhdəliklərin pozulması ilə bağlı xəbərdarlıq məktubu göndərilmiş, məktubda gecikdirilmiş pul öhdəliyinin icra edilməsi üçün son müddət kimi xx xxxx 2016-cı il tarixi göstərilmişdir. Pul öhdəliyi icrasız qaldığına görə xx xxxxxx 2016-cı il tarixdə müqavilənin ləğv olunması haqqında cavabdehə bildiriş göndərilmişdir. Apellyasiya şikayətində cavabdeh iddiaçı tərəfindən mübahisənin məhkəməyə qədər (pretenziya) qaydada nizama salınmasına riayət edilməməsini mübahisələndirmiş və dəlilin hüquqi əsası kimi Azərbaycan Respublikası MPM-nin 149.2.4, 152.1.6 və 259.0.1-ci maddələrinə istinad etmişdir. Azərbaycan Respublikası MPM-nin 149.2-ci maddəsinə əsasən, ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.4. müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu, nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) qaydada nizama salınmasına riayət edilməsinə dair məlumat. Qeyd edilən normanın tələbinə əsasən mübahisənin məhkəməyədək həlli üçün pretenziya qaydası müqavilədə və ya qanunda nəzərdə tutulduğu halda bu qaydaya riayət edilmədən məhkəməyə təqdim edilmiş iddia baxılmamış saxlanılır. xx xxxxx 2006-cı il tarixdə tərəflər arasında İATA BSP vasitəçiliyi ilə bağlanmış X5 Müqaviləsində mübahisənin məhkəməyədək həlli üçün pretenziya qaydası nəzərdə tutulmadığından məhkəmə cavabdehin iddianın baxılmamış saxlanılmalı olduğuna dair dəlilini əsassız hesab edir. Cavabdehin apellyasiya şikayəti məhkəmə iclaslarında iştirakının təmin edilməsi üçün birinci instansiya məhkəməsi tərəfindən qanunla nəzərdə tutulmuş tədbirlərin görülmədiyinə dair hissədə də əsassızdır. İş materiallarından görünür ki, cavabdehin hüquqi ünvanı “ünvan 1 olduğu halda faktiki olaraq həmin ünvanda fəaliyyət göstərmir. Birinci instansiya məhkəməsi iddia ərizəsində cavabdehin faktiki ünvanı kimi qeyd edilmiş ünvana məhkəmə bildirişləri göndərmiş, lakin həmin ünvana da çatmamışdır. Məhkəmədə cavabdehin faktiki ünvanı barədə başqa məlumat olmadığından və cavabdeh öz faktiki ünvanı barədə müqavilə tərəfinə məlumat verməyə borclu olduğu halda bu məlumatı vermədiyindən birinci instansiya məhkəməsində işə baxılarkən cavabdehin iştirakını təmin etmək mümkün olmamışdır. Cavabdeh apellyasiya şikayətində faktiki ünvanının “ünvan 2 mən.5” olduğunu qeyd etsə də, həmin ünvana göndərilmiş məhkəmə bildirişləri də çatmamışdır. Cavabdeh apellyasiya şikayətində iddiaçı ilə aralarında xx xxxxx 2006-cı il tarixli müqavilənin bağlanmasını, əqdin şərtlərini və 2006-cı ildən bəri icra olunduğunu mübahisə etməmiş, iddiaçıya borc qalığı olmadığını göstərsə də qeyd olunan müqavilə üzrə iddiaçının tələb etdiyi dövr üzrə hansı həcmdə öhdəliyinin yarandığını, sözügedən öhdəliyin hansı hissəsini icra etdiyini də göstərməmiş, bu barədə nə birinci instansiya, nə də apellyasiya instansiyası məhkəməsinə heç bir sübut təqdim etməmiş, o cümlədən apellyasiya şikayətinin dəlilləri ilə bağlı araşdırma aparılması üçün təyin edilmiş məhkəmə iclaslarında nümayəndəsinin iştirakını təmin etməmişdir. Ali Məhkəmənin iş üzrə qəbul edilmiş qərarında ifadə edilmiş hüquqi mövqeyə görə, mübahisənin obyektiv həlli üçün iddiaçı şirkətin İATA X3 Assosiasiyasının üzv olduğu, sonuncu tərəfindən həmin təşkilata müqavilə bağlamaq səlahiyyətlərinin verildiyi və iddiaçı ilə cavabdeh arasında həmin müqaviləyə əlavə olunan “Məlumat Kitabçasında” əks olunmuş şərtlərin, habelə BHNA-nın X2 Qaydalarının tələblərində mübahisələndirilən məsələyə tətbiqi, yəni məhkəməyə qədər (pretenziya) qaydalarının həmin müqavilədə hansı qaydada nizama salınması müəyyən edilməlidir. Ali Məhkəmənin göstərişinə uyğun olaraq işə yenidən apellyasiya qaydasında baxılarkən iddiaçıya qeyd edilən hallarla bağlı izahat verməsi və əlavə sənədlər təqdim edilməsi təklif edilmiş, təqdim edilmiş sənədlərə əsasən müəyyən edilmişdir ki, X10 (TK/235 kodu ilə) 1957-ci ildən X3 Assosiasiyasının üzvüdür. Bu məlumat işdəki BHNAnın üzvlük məsələləri üzrə meneceri Colette Ralphın xx.xx.2020-ci il tarixli məktubu ilə təsdiq edilir və cavabdeh tərəfindən iddiaçının hazırkı iddianı qaldırmağa subyektiv hüquqa malik olduğu mübahisələndirilmir. İddiaçının nümayaəndəsi işə apellyasiya qaydasında baxılarkən müqavilədə istinad edilən “Məlumat Kitabçası” adlı sənədin həcmi böyük olduğu və hazırkı işin obyektiv həlli üçün həmin sənədin tərcümə edilərək məhkəməyə təqdim edilməsini zəruri hesab etmədikləri üçün həmin sənədi məhkəməyə təqdim etməmişdir. Məhkəməyə təqdim edilmiş BHNA-nın İştirakçılıq Departamentinin xx.xx.2017-ci il tarixli məktubuna əsasən müəyyən edilmişdir ki, xx.xx.2011-ci ildən etibarən X10 Azərbaycanda İATA Ödəniş və Hesablama Planının (BSP) iştirakçısıdır. Məhkəməyə tərcüməsi təqdim edilmiş X10 ilə X3 Assosiasiyası arasında bağlanmış müqavilədən görünür ki, həmin müqaviləyə əsasən BHNA (İATA) iddiaçının bəzi bank hesablarının, o cümlədən “Birləşmə hesabı”nın (agentlərin ödənişlərinin daxil olduğu və daha sonra iştirakçı aviaşirkətlərə pulların köçürülməsini təmin edən bank hesabı) idarə edilməsi üzrə iddiaçıya xidmət göstərir. Həmin müqavilə ilə iddiaçı razılaşmışdır ki, İATA və İSS Meneceri hesaba natamam pul köçürülməsi olduğu və ya köçürmənin olmadığı halda bütün lazımı tədbirləri, o cümlədən hüquqi tədbirləri öz adından və aviaşirkət adından həyata keçirə bilər. Qeyd edilən sənədlərə əsasən müəyyən olunur ki, BHNA agentlər tərəfindən daşıyıcı aviaşirkətlərin hesablarına vəsaitlərin yığılmasına nəzarət edir və bu köçürmələr həyata keçirilmədiyi halda ödənişin həyata keçirilməsi üçün öz adından və aviaşirkət adından zəruri tədbirlər görmək, bildirişlər göndərmək hüququna malikdir. Buna görə də, hazırkı iş üzrə cavabdehə borc barədə xx.xx.2016-cı il tarixli və müqavilənin ləğv edilməsi barədə xx.xx.2016-cı il tarixli bildiriş BHNA tərəfindən göndərilmişdir. BHNA-nın “Agentin ödənilməmiş borcları” barədə xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, cavabdehin iddiaçıya olan borcu 37.479,73 manat təşkil edir. İddiaçı tərəfindən eyni zamanda iddia ərizəsinə Cavabdeh MMC tərəfindən İATA-nın sisteminə satışı həyata keçirilmiş biletlərlə bağlı çıxarışlar təqdim edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kredotorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətləri etməkdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ var. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, təqdim edilmiş sübutlar cavabdehin iddiaçı tərəfindən həyata keçirilmiş hava nəqliyyati ilə daşıma xidmətinə görə satılmış biletlərə görə 37.479,73 manat borcunun olduğu təsdiq edildiyindən, satışlar onlayn həyata keçirildiyi üçün iddiaçının məhkəməyə agent tərəfindən bilet satışının həyata keçirildiyini təsdiq edən digər sübutlar təqdim etməsi mümkün olmadığından, cavabdeh tərəfindən isə iddiaçıdan alınmış biletlərə görə həyata keçirilmiş ödənişlərin məbləği barədə sənədlər məhkəməyə təqdim edilmədiyindən iddia cavabdehdən əsas borcun tutulması hissəsində əsaslı hesab edilməli və qətnamə 37.479,73 manat borcun cavabdehdən tutulması hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin iddia müddətinin tətbiq olunmasına dair dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı cavabdeh tərəfindən xx xxxx 2016-cı il tarixdən xx xxxx 2016-cı il tarixədək satılmış aviabiletlər üzrə vəsaiti tələb etdiyindən və iddiaçı tərəfindən iddia ərizəsi xx xxxx 2018-ci il tarixində təqdim olunduğundan 3 illik iddia müddəti ötürülməmişdir Azərbaycan Respublikası Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Cavabdehin öhdəliyin icrasını xx.xx.2016-cı il tarixli bildiriş məktubunda müəyyən edilmiş xx xxxx 2016-cı il tarixdən iddia qaldırıldığı tarixədək 588 gün gecikdirməsi mübahisə üzrə MM-in 445.7-ci maddəsinin tətbiqini şərtləndirdiyindən iddiaçının faiz tələbi məhkəmə tərəfindən 3.016,44 manat hissəsində əsaslı hesab edilir ( 37.479,73 manat x 5% =1.873,99 : 365 gün = 5,13 manat x 588 gün). İşə birinci instansiya qaydasında baxmış məhkəmə faizlə bağlı tələbi təmin edərkən, MM-nin 445.7-ci maddəsinə deyil, 449.1-ci maddəsinə istinad etmişdir. Həmin normaya əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. x xxxx 2009-cu il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenimunun Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Hazırkı iş üzrə cavabdehin ödənilməli olan borc vəsaitindən fayda və ya gəlir əldə etdiyinə dair işdə sübutlar olmadığından birinci instansiya məhkəməsi faiz tələbinə Mülki Məcəlləsinin 449.1-ci maddəsini tətbiq etməkdə haqlı olmamışdır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, əsaslandırıcı hissə düzgün olmadığı üçün mübahisələndirilən qətnamə faiz tələbinin təmin edildiyi hissədə ləğv edilərək həmin hissədə yeni qətnamə qəbul edilməli, cavabdehdən iddiaçının xeyrinə MM-nin 445.7-ci maddəsinə əsasən 3.016,44 manat faiz tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş materiallarına əlavə edilmiş xx.xx.2018-ci il tarixli 065938 saylı mədaxil qəbzində Vəkil iddiaçı tərəfindən göstərdiyi hüquqi xidmətə görə 150 manat pul ödənildiyi qeyd edilsə də, vəkillə bağlanmış müqavilə iş materiallarına əlavə edilmədiyindən həmin pul vəsaitinin hazırkı mübahisə üzrə göstərilmiş xidmətə görə ödənildiyi müəyyən olunmur. Buna görə də məhkəmə hesab edir ki, qətnamə cavabdehdən iddiaçının xeyrinə 150 manat vəkilin göstərdiyi hüquqi yardıma görə ödənilmiş xərcin cavabdehdən tutulması hissəsində də ləğv edilərək həmin hissədə iddia rədd edilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-576/2018 saylı xx xxxx 2018-ci il tarixli qiyabi qətnaməsi qismən cavabdehdən iddiaçının xeyrinə faiz və hüquqi xidmət xərci tutulması hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, cavabdehdən iddiaçının xeyrinə pul öhdəliyinin icrasının gecikdirilməsinə 3016,44 manat faiz tutulmalı, iddia 150 manat hüquqi xidmət xərci tutulması hissəsində rədd edilməli, qətnamə iddianın təmin edildiyi qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-576/2018 saylı xx xxxx 2018-ci il tarixli qiyabi qətnaməsi qismən- cavabdehdən iddiaçının xeyrinə 3016,44 manat faiz və 150 manat hüquqi xidmət xərci tutulması hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilsin. Cavabdeh MMC-dən iddiaçı Türkiyə Respublikasının “xxxxxxxxxxxxxxxxx” Şirkətinin xeyrinə pul öhdəliyinin icrasının gecikdirilməsinə 3016,44 manat faiz tutulsun. İddia 150 manat hüquqi xidmət xərci tutulması hissəsində rədd edilsin. Qətnamə iddianın təmin edildiyi qalan hissədə (37.479,73 manat əsas borcun, 30 manat dövlət rüsumunun tutulması) dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar