Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-249/2025 14.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı Cavabdehnə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X2 Əliyevanın sədrliyi və məruzəsi ilə, X1 və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-7109/2024 saylı qətnaməsindən cavabdeh SOCAR Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları:
1. İddiaçı ilə SOCAR Cavabdeh arasında xx.xx.2024-cü il tarixli 26022-24T nömrəli malların alqı-satqısı müqaviləsi bağlanmışdır.
2. İddiaçı müqavilənin 1 saylı qoşmasında göstərilmiş spesifikasiyaya, miqdara və qiymətə uyğun sürtkü yağlarını “İnkoterms-2020” DDP – Bakı, Azərbaycan şərtilə Cavabdeh ünvanına çatdırmağa, Cavabdeh isə müqavilə əsasında malların dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 4.1-ci bəndi ilə mallar cavabdehin ünvan 2 ünvanında yerləşən anbarına çatdırıldıqdan sonra dəyərinin (ƏDV daxil 47640,05 manat) 30 bank günü ərzində ödənilməsi şərtləşdirilmişdir.
3. Həmin müqaviləyə 01 nömrəli qoşma ilə “X5 X6 15W40 Cİ 4 Plus” markalı mühərrik yağının 1 litri 6,3 manat, 5283,2 litri isə 33284,16 manat, “X5 Turbo Dizel S SAE 15W-40 APİ CH-4” markalı mühərrik yağının 1 litri 5,8 manat, 1222,2 litri isə 7088,76 manat, ƏDV daxil olmaqla bütün malların dəyəri isə 47640,05 manat olaraq razılaşdırılmışdır.
4. 07 mart 2024-cü il tarixli 46 nömrəli aktla “X5 X6 15W40” markalı 180 kq maldan 2 ədəd, 08 mart 2024-cü il tarixli 01 nömrəli aktla “X5 X6 15W40” markalı 180 kq maldan 5 ədəd, 02 nömrəli aktla “X5 X6 15W40” markalı 180 kq maldan 6 ədəd, 03 nömrəli aktla “X5 X6 15W40” markalı 180 kq maldan 5 ədəd, 15 mart 2024-cü il tarixli 04 nömrəli aktla “X5 X6 15W40” markalı 180 kq (203,2 litr) maldan 5 ədəd, “X5 Turbo Dizel S 15W-40” markalı 180 kq (203,7 litr) maldan 6 ədəd, 05 nömrəli aktla “X5 X6 15W40” markalı 180 kq (203,2 litr) maldan 3 ədəd SOCAR Cavabdehnə təqdim edilmişdir.
5. xx.xx.2024-cü il tarixli MT2405 10179648 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 47640,0456 malın təqdim edilməsi üçün Cavabdehnə göndərilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat:
6. İddiaçı (bundan sonra iddiaçı) Cavabdehnə (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsi üzrə 47640,05 manat məbləğində pulun və ödənilmiş 233 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddianın faktiki əsası olaraq göstərilmişdir ki, iddiaçı ilə cavabdeh arasında sürtkü yağlarının alqı-satqısına dair xx.xx.2024-cü il tarixdə 26022-24T nömrəli müqavilə bağlanmışdır. Belə ki, cavabdeh müqavilə əsasında və müqavilənin bir saylı qoşmasında razılaşdırılmış malları iddiaçıdan nisyə almışdır və ona elektron qaimə təqdim edilmişdir. Adıçəkilən müqavilə üzrə cavabdehə ƏDV daxil 47640,05 manat dəyərində mal verilmişdir. Cavabdeh isə bu günə kimi borcunu ödəməmişdir. Borcun ödənilməsi ilə bağlı iddiaçı tərəfindən cavabdehə dəfələrlə istər şifahi, istərsə də yazılı müraciət və xəbərdarlıqlar edilməsinə baxmayaraq, heç bir müsbət nəticə olmamışdır. İddia ərizəsində iddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 600.1, 600.4-cü və s. maddələri göstərilmişdir.
8. Cavabdehin nümayəndəsi Nümayəndə2 “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə iddiaya etiraz ünvanlayaraq, İddiaçı MMC-nin Cavabdehnə qarşı “malların alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair iddiasının rədd edilməsini xahiş etmişdir.
9. İddiaya etiraz onunla əsaslandırılmışdır ki, iddia tam hissədə rədd edilir. Hazırkı iş üzrə iddiaçı və cavabdeh arasında iddiaya əlavə edilmiş xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Lakin müvafiq müqavilə üzrə iddiaçı tərəfindən mallar hələ də cavabdehə təqdim edilməmişdir. İddia ərizəsinə əlavə edilmiş sənədlərdə də malların çatdırılmasını təsdiq edən hər hansı sübutun mövcud olmadığı aşkar olunur. Müqavilənin 4-cü maddəsinə uyğun olaraq tərəflər razılığa gəlmişlər ki, mallar və müqavilədə nəzərdə tutulmuş sənədlər cavabdehə çatdırıldıqdan sonra iddiaçı tərəfindən ödəniş olunacaqdır. İddiaya etirazda maddi hüquqi əsas kimi Mülki Məcəllənin 441.1 və 441.2-ci maddələrinə istinad edilmişdir.
10. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)- 7109/2024 saylı qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 22 aprel 2024-cü il tarixli malların alqı-satqı müqaviləsi üzrə 47640,05 manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilməsi qət edilmişdir.
11. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəməyə təqdim edilən cavabdehin anbar bölməsinin ştampı vurulmuş təhvil-təslim aktlarından görünür ki, 07 mart 2024-cü il tarixli 46 nömrəli aktla “X5 X6 15W40” markalı 180 kq maldan 2 ədəd, 08 mart 2024-cü il tarixli 01 nömrəli aktla “X5 X6 15W40” markalı 180 kq maldan 5 ədəd, 02 nömrəli aktla “X5 X6 15W40” markalı 180 kq maldan 6 ədəd, 03 nömrəli aktla “X5 X6 15W40” markalı 180 kq maldan 5 ədəd, 15 mart 2024-cü il tarixli 04 nömrəli aktla “X5 X6 15W40” markalı 180 kq (203,2 litr) maldan 5 ədəd, “X5 Turbo Dizel S 15W-40” markalı 180 kq (203,7 litr) maldan 6 ədəd, 05 nömrəli aktla “X5 X6 15W40” markalı 180 kq (203,2 litr) maldan 3 ədəd cavabdehə təqdim edilmişdir. Göründüyü kimi, malların təqdim edilməsi müvafiq aktlarla təsdiq edilir. Həmçinin 15 mart 2024-cü il tarixli 04 və 05 nömrəli aktlara nəzər saldıqda “X5 X6 15W40” markalı mühərrik yağının 180 kiloqramının 203,2 litr, “X5 Turbo Dizel S 15W-40” markalı mühərrik yağının 180 kiloqramının 203,7 litr ekvivalentində qəbul edildiyi görünür. Belə olan halda, ümumilikdə 26 ədəd 180 kiloqram “X5 X6 15W40” markalı mühərrik yağının, 6 ədəd 180 kiloqram “X5 Turbo Dizel S 15W-40” markalı mühərrik yağının təhvil verildiyi nəzərə alındıqda, ümumilikdə 5283,2 litr (203,2*26) “X5 X6 15W40” markalı mühərrik yağının, 1222,2 litr (203,7*6) “X5 Turbo Dizel S 15W-40” markalı mühərrik yağının təqdim edildiyi aydın olur. Bu isə 01 nömrəli qoşmadan göründüyü kimi, ümumilikdə ƏDV daxil olmaqla 47640,05 manat dəyərində malın verildiyini göstərir. Qeyd edilənlərə əsasən məhkəmə bu qənaətə gəlmişdir ki, malların təqdim edilməməsi ilə bağlı və 01 nömrəli qoşmada malların dəyərinin litrlə razılaşdırıldığı halda kiloqramla təhvil verildiyinə dair cavabdehin etirazlarının əsası yoxdur. Digər tərəfdən, cavabdeh malların keyfiyyəti ilə bağlı sənədlərin verilmədiyini bildirir. Mülki Məcəllənin 568.2-ci maddəsinə əsasən, əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur. Həmin Məcəllənin 576-cı maddəsinə əsasən, əgər satıcı verməli olduğu əşyaya aid ləvazimatı və ya sənədləri alıcıya vermirsə və ya verməkdən imtina edirsə, alıcı bunların verilməsi üçün ona ağlabatan müddət təyin edə bilər. Satıcı əşyaya aid ləvazimatı və ya sənədləri göstərilmiş müddətdə vermədikdə, alıcı, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, əşyadan imtina edə bilər. Məhkəmə qeyd etmişdir ki, mallarla bağlı lazımi sənədlərin verilmədiyinə istinad edən cavabdeh məhkəməyə həmin sənədlərin verilməsi ilə bağlı iddiaçıya ağlabatan müddət təyin etdiyi və həmin müddət nəticə vermədiyi halda, mallardan imtina etdiyi ilə bağlı hər hansı sübut təqdim etməmiş, əvvəlcə, malların verilmədiyini bildirən cavabdeh, iddiaçı tərəfindən malların təhvil-təslim aktları təqdim edildikdən sonra formal olaraq etirazının əsasını dəyişmiş, lazımi sənədlərin verilmədiyinə istinad etmişdir. Halbuki malların sonuncu partiyasının 15 mart 2024-cü il tarixdə təhvil verildiyi halda, ötən müddət ərzində cavabdeh iddiaçıya bu barədə hər hansı pretenziya təqdim etməmişdir. Digər tərəfdən, məhkəmənin təklifinə əsasən iddiaçı tərəfindən “X5 X6 15W40” və “X5 Turbo Dizel S 15W-40” markalı mühərrik yağları ilə bağlı keyfiyyət sənədləri də məhkəməyə təqdim edilmişdir. Belə olan halda, məhkəmə cavabdehin malların keyfiyyəti ilə bağlı sənədlərin verilmədiyi ilə bağlı etirazlarını da formal mülahizələr hesab etmişdir.
12. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək Baki Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-7109/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri:
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli 26022-24T №-li müqavilənin 5-ci bəndində təsbit edilmişdir ki, satıcı malların beynəlxalq standartına, müqavilənin spesifikasıyasına və tətbiq edilən qanunvericiliyə uyğun olaraq yüksək keyfiyyətlə istehsal olunmasına zəmanət verir və istehsalçının keyfiyyət sertifikatını alıcıya təqdim edir. Tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli 26022-24T №-li müqavilənin 6.3-cü maddəsində təsbit edilmişdir ki, malların çatdırılması zamanı təqdim edilən bütün sənədlər müqavilənin şərtlərinə uyğun gəlməlidir. Tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli 26022-24T №-li müqavilənin 4-cü bəndi ilə ödəniş şərtləri razılaşdırılmışdır. Müvafiq bənddə qeyd edilmişdir ki, mallarla birlikdə aşağıdaki sənədlər çatdırılmalıdır və bundan sonra ödəniş həyata keçiriləcəkdir: 1. İstehsalçının lisenziyası və ya standart sertifikatı; 2. Keyfiyyət sertifikatı, sınaq aktı; 3. Malın göndərilməsini təsdiq edən sənəd nəqliyyat qaiməsi; 4. Malların siyahısının çıxarışı(invoys). Müvafiq halla məhkəməyə tərəflərindən vəsatət təqdim edilsə də, məhkəmə iddiaçıdan e-qaimələri tələb etməmiş və zəruri baxış həyata keçirməmişdir. Halbuki qanunvericiliyin tələbinə əsasən elektron formada qaimə tərtib edilməli və digər tərəfə təqdim edilməli idi (əgər ödəniş tələb edilirsə). İddia tələbi üzrə iddiaçı tərəfindən aparılmış hesablamaların doğru olub-olmadığı mühasibatlıq ekspertizası keçirilməsi yolu ilə yoxlanılmamış, iddiaçının göstərdiyi rəqəmlər heç bir araşdırma aparılmadan təmin edilmişdir. Bu baxımdan hesab edir ki, ekspertiza təyin edilməli və müvafiq hallar araşdırılmamışdır. Ekspertiza keçirilən zaman baxılmalı olan sualla bağlı təklifləri aşağıdakı kimidir: 1. İddiaçı və cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli 26022-24T №-li müqavilədə nəzərdə tutulmuş çatdırıldığı iddia edilən mallar Müqavilənin şərtlərinə, habelə beynəlxalq standartlara uyğundurmu ? 2. İddiaçı və cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli 26022-24T №-li müqavilədə nəzərdə tutulmuş çatdırıldığı iddia edilən malların litr ölçü vahidi ilə ölçüsü faktiki olaraq nə qədər təşkil edir və kq ölçü vahidi ilə təqdim edildiyi iddia edilən malların faktiki çəkisinə onların tarası və ya qabının faktiki çəkisi daxil edilmişdirmi? 3. İddiaçı və cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli 26022-24T №-li müqavilədə nəzərdə tutulmuş çatdırıldığı iddia edilən təhvil təslim aktlarındakı malların litr ölçü vahidi ilə toplam ölçüsü nə qədər təşkil edir? İşə birinci instansiya məhkəməsində baxılan zaman AR MPM-in 78-ci maddəsinə rəhbər tutmaqla, İddiaçı MMC-nin kommersiya işi üzrə iddiasının əsası kimi qeyd etdiyi sənədlərin tələb edilməsinə dair vəsatət təqdim etsələr də, həmin vəsatət də digər vəsatətlər kimi təmin edilməmişdir. İş üzə ekspertizanın keçirilməsinə dair birinci instansiya məhkəməsinə müraciət etsələr də, vəsatətləri əsassız olaraq təmin edilməmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
14. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
15. Məhkəmə iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini, qətnamənin ləğv edilməsini, ilkin iddianın rədd edilməsini xahiş etdi.
16. İddiaçı məhkəmə iclasına gəlməmiş və nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə MPM-in 376.2-ci maddəsinə əsasən iş iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
17. Mülki Məcəllənin: -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. -448.1-ci maddəsinə görə borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 568.2-ci maddəsinə əsasən, əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur. 576-cı maddəsinə əsasən, əgər satıcı verməli olduğu əşyaya aid ləvazimatı və ya sənədləri alıcıya vermirsə və ya verməkdən imtina edirsə, alıcı bunların verilməsi üçün ona ağlabatan müddət təyin edə bilər. Satıcı əşyaya aid ləvazimatı və ya sənədləri göstərilmiş müddətdə vermədikdə, alıcı, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, əşyadan imtina edə bilər. -598.1-ci maddəsinə görə əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.
18. Mülki Prosessual Məcəllənin: -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.
Apellyasiya baxışının hədləri
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
20. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
21. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia tam təmin edildiyindən, apellyasiya şikayətinin dəlilləri qətnamənin tam ləğv edilməsinə və iddianın rədd edilməsinə yönəldiyindən qətnamənin əsaslığı tam yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
23. Belə ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2024-cü il tarixli 26022-24T nömrəli malların alqı-satqısı müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən iddiaçı müqavilənin 1 saylı qoşmasında göstərilmiş spesifikasiyaya, miqdara və qiymətə uyğun sürtkü yağlarını “İnkoterms-2020” DDP – Bakı, Azərbaycan şərtilə cavabdehin ünvanına çatdırmağa, cavabdeh isə müqavilə əsasında malların dəyərini ödəməyi öhdəsinə götürmüşdür.
24. Hazırda iddiaçı xx.xx.2024-cü il tarixli 26022-24T nömrəli alqı-satqı müqaviləsi üzrə təqdim etdiyi malların dəyəri olaraq 47640,05 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulmasını tələb edir. Cavabdeh isə mallara dair zəruri sənədlərin-malların keyfiyyət sertifikatı və sınaq aktının təqdim edilmədiyini, elektron qaimə-fakturaların göndərilmədiyini, eyni zamanda təhvil-təslim aktlarında malların miqdarı çəki (kg) ilə müəyyən edildiyi halda qiymətlərin həcmlə (litrlə) razılaşdırılmasını, yəni müqavilə üzrə təqdim edilmiş malların dəyərinin müəyyən edilməsi üçün xüsusi bilik tələb edildiyini əsas göstərərək iddianın rədd edilməsini xahiş edir.
25. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iş materiallarında olan hər iki tərəfin təsdiq etdiyi təhvil-təslim aktlarına əsasən iddiaçı tərəfindən cavabdehə ümumilikdə 26 ədəd 180 kiloqram “X5 X6 15W40” markalı mühərrik yağının, 6 ədəd 180 kiloqram “X5 Turbo Dizel S 15W-40” markalı mühərrik yağının təqdim edildiyi müəyyən edilir. Eyni təhvil-təslim aktlarında “X5 X6 15W40” markalı mühərrik yağının 180 kiloqramının 203,2 litr, “X5 Turbo Dizel S 15W-40” markalı mühərrik yağının 180 kiloqramının 203,7 litr təşkil etməsi qeyd edilmişdir. Odur ki, adi yazılı hesablama aparmaqla cavabdehə təqdim edilmiş “X5 X6 15W40” markalı mühərrik yağının həcminin 5283,2 litr (203,2lt*26 ədəd) ,X5 Turbo Dizel S 15W-40” markalı mühərrik yağının həcminin 1222,2 litr (203,7 lt*6ədəd) təşkil etməsi müəyyən edilir. Həmin həcmdə malların dəyəri isə müqaviləyə 01 nömrəli qoşmaya əsasən ƏDV daxil olmaqla 47640,05 manat təşkil edir. Beləliklə, təqdim edilmiş malların dəyərinin iddia ərizədə tələb edilən məbləğdən daha aşağı olması barədə cavabdehin dəlilləri əsassızdır. Malların keyfiyyət sertifikatının və sınaq aktının təqdim edilməməsi ilə bağlı cavabdehin dəlillərinə münasibətdə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır ki, mallarla bağlı lazımi sənədlər verilmədiyinə istinad edən cavabdeh məhkəməyə həmin sənədlərin verilməməsi ilə bağlı iddiaçıya irad bildirməsi, sənədlərin təqdim edilməsi üçün ağlabatan müddət təyin etməsi və həmin müddət nəticə vermədiyindən mallardan imtina etməsinə dair hər hansı sübut təqdim etməmişdir. Halbuki Mülki Məcəllənin 576-cı maddəsinin tələbləri baxımından cavabdeh müvafiq sənədlərin verilməsi üçün iddiaçıya ağlabatan müddət təyin etməli idi və təyin edilmiş əlavə müddətdə sənədlər verilmədiyi təqdirdə əşyadan imtina edə bilərdi. Odur ki, həmin dəlillər də əsassızdır.
26. Elektron qaimənin təqdim edilməməsi barədə dəlillərə gəldikdə kollegiya qeyd edir ki, iş materiallarına İddiaçı MMC tərəfindən ƏDV daxil olmaqla 47640,0456 manat dəyərində malın verilməsi ilə bağlı ARDNŞ-nin Cavabdehnə göndərilmiş xx.xx.2024-cü il tarixli MT2405 10179648 seriya və nömrəli elektron qaimə-faktura əlavə edilmişdir. Odur ki, həmin dəlillərin də əsassız olması açıq-aşkardır.
27. Beləliklə, iddiaçı tərəfindən cavabdehə ƏDV daxil olmaqla 47640,05 manat dəyərində malların təqdim edilməsiiş materialları ilə öz təsdiqini tapdığından, cavabdeh isə həmin malların dəyərini ödəməsini təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən kollegiya hesab edir ki, iddiaçı Mülki Məcəllənin 567-ci, 598.1-ci maddələrinə əsasən ƏDV daxil 47640,05 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır.
28. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilmiş, düzgün olmayan məhkəmə qətnaməsinin çıxarılmasına səbəb olan prosessual hüquq pozuntulara yol verilməmiş, qətnamədə göstərilən nəticələr işin hallarına uyğundur. Apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Odur ki, şikayət təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
29. Məhkəmə kollegiyası məhkəmə xərclərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.
30. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-7109/2024 saylı saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti üçün ödənilmiş rüsum cavabdehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Leyla Əliyeva
Hakimlər: Təranə Mahmudova
Ziya Şirinov