Məhkəmə qərarları › İş №2-2(103)-25/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-25/2023

28.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-25/2023 28.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı Cavabdehnə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-200/2022 saylı qətnaməsindən İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ

1. Alıcı İddiaçı MMC ilə satıcı Cavabdeh arasında xx.xx.2020-ci il tarixli BBC-C1-1128 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən satıcı müqavilədə göstərilən müxtəlif növ malları alıcının mülkiyyətinə verməyi, alıcı isə malları qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini satıcıya ödəməyi öz öhdəsinə götürmüşdür. Həmin müqaviləyə xx.xx.2020-ci il tarixli 1 saylı Əlavə bağlanmışdır. Həmin əlavəyə əsasən satıcı alıcıya 16 həftə ərzində 635000 ABŞ dolları dəyərində 5000 ədəd aydınlatma dirəyi verməli idi.

2. Alıcı tərəfindən satıcıya 317500 ABŞ dolları məbləğində ödəniş edilmişdir.

3. Bundan sonra tərəflər arasında alqı-satqı müqaviləsinə 01 oktyabr 2020-ci il tarixli 2 saylı Əlavə razılaşma bağlanmışdır. Həmin razılaşmaya əsasən satıcı 150.000 USD məbləğində ödənişi alıcıya ödəməyi və 167.500 USD məbləğində malı alıcıya göndərməyi öhdəsinə götürür. 150.000 USD məbləğini bu Əlavə 2 imzalandığı tarixdən 3 həftə ərzində satıcı alıcının bank hesabına köçürülür. 167.500 USD dəyərində olan mallar 9 tır miqdarında göndərilir. 2 tır bu Əlavə imzalandığı həftənin sonuncu gününədək, həmçinin digər tırlar da həftədə 2 tır olmaqla növbəti həftələrdə göndəriləcək. Bu Əlavənin 1, 2 və 3-cü maddələrində qeyd edilən öhdəliklər tam şəkildə icra edildikdən dərhal sonra bu Əlavəyə və Müqaviləyə xitam veriləcəkdir. Əlavə ilə müqavilənin müddəaları arasında hər hansı ziddiyyət olarsa, əlavə üstün hüquqi qüvvəyə malik hesab olunur və əlavənin müddəaları əsas götürülür.

4. Daha sonra alqı-satqı müqaviləsinə xx.xx.2020-ci il tarixli Razılaşma bağlanmışdır. Həmin razılaşmaya əsasən tərəflər arasında imzalanmış 08 iyul 2020-ci il tarixli BCC-C1-1128 nömrəli alğı-satqı müqaviləsinə 2 saylı Əlavənin 2-ci bəndində qeyd olunmuş və "xxxx" MMC-yə ödənilməli olan 150.000 USD məbləği Mustafa Koca TAU DİÇ TİCARET şirkəti tərəfindən "xxxx" MMC-yə bu Razılaşmanın imzalandığı tarixdən etibarən 7 təqvim günü müddətində bank hesabı vasitəsilə ödənilsin.

5. Cavabdehə ödənilmiş 317500 ABŞ dolları məbləğindən 284700 ABŞ dolları iddiaçıya geri qaytarmış və tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinə xitam verilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı MMC Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 102134,50 ABŞ doları miqdarında maddi zərərin, 30563 ABŞ dolları miqdarında cərimənin, pozulmuş hüquqlarının bərpası ilə bağlı iddiaçı tərəfindən xərclənmiş 16742 ABŞ dolarının (ezamiyyət xərci), həmçinin 2000 manatın (hüquqi xidmətlərlə bağlı) cavabdehdən tutularaq iddiaçının hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddiaçı bildirir ki, alqı-satqı müqaviləsində ilk partiyaların 6 həftə ərzində cavabdeh tərəfindən təhvil veriləcəyinin qeyd edilməsinə baxmayaraq sifariş yalnız 8 həftədən sonra yarımçıq halda çatdırılmışdır. Cavabdeh sifarişin qalan hissəsini isə ümumiyyətlə yerinə yetirməmişdir. Yəni iddiaçı tərəfindən ödənilmiş 317500 ABŞ dollarının müqabilində 2500 işıq dirəyi almalı olduğu halda cəmi 291 dirək almışdır. Cavabdehin üzərinə düşən öhdəliyi yerinə yetirməməsi səbəbindən iddiaçı alqı-satqı müqaviləsinə xitam verilməsi ilə bağlı ona müraciət etmiş və tərəflər arasında müqaviləyə xitam verilərək ödənilmiş 317500 dollar məbləğindən 284700 ABŞ dolları pulu iddiaçıya geri qaytarmışdır. Mübahisə predmeti olan müqavilənin bağlanması ərəfəsində iddiaçı cavabdehlə bağlanmış müqaviləyə əsaslanaraq xx.xx.2020-ci il tarixdə "xxxx" MMC ilə alqı-satqı müqaviləsi bağlamış və cavabdehdən alınan malları "xxxx" MMC-yə satmağı öhdəsinə götürmüşdür. Cavabdehlə razılaşdırılmış qiymətlər əsasında digər "xxxx" MMC-yə mallar üçün müvafiq qiymət bildirən iddiaçı cavabdehin öz üzərinə düşən öhdəliyini yerinə yetirməməsi nəticəsində həmin malları digər şirkətdən “X2 X5 ve Dış Tic LTD ŞTİ.”-dən almaq məcburiyyətində qalmış və bunun nəticəsində də qeyd olunan mallar 102134,50 ABŞ dolları bahasına başa gəlmişdir. Bunun nəticəsində iddiaçı 3-cü şəxs qarşısında götürdüyü öhdəliyi yerinə yetirmək üçün məcburi olaraq 102134,50 ABŞ dolları bahasına aldığı mallar 3cü şəxsə satmış və bununla da ona 102134,50 miqdarında maddi zərər dəymişdir. Belə ki, razılaşdırılmış 5000 dirəyin ümumi dəyəri 635000 ABŞ dolları olmalı olduğu halda cavabdehin öhdəliyi yerinə yetirməməsi nəticəsində iddiaçı tərəfindən 5000 dirəyə görə 737134,50 ABŞ dolları xərclənmiş və bunun nəticəsində də iddiaçı 102134,50 ABŞ dolları faydanı əldən vermişdir. Bundan başqa, cavabdeh tərəfindən müqavilədə nəzərdə tutulmuş müddət ərzində malların çatdırılmaması səbəbindən müqavilənin 10-cu maddəsinə uyğun olaraq cərimələr tədbiq edilməlidir. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin 10-cu bəndində qeyd edilmişdir ki, Satıcının günahı üzündən malların göstərilən müddətdə gecikməsi halında Satıcı Alıcıya aşağıdakı cərimələri ödəyəcəkdir: a) ilk 1 (bir) həftə ərzində malların gecikdirilmiş partiyasının dəyərinin 0,1 %-i məbləğində cərimə hər gün üçün b) sonrakı dövrdə hər gün üçün malların təxirə salınmış mal dəyərinin 0,5% miqdarında cərimə. Gec çatdırılma üçün cərimənin ümumi miqdarı vaxtında göndərilməmiş malın dəyərinin 5%-dən çox olmamalıdır. Tərəflər arasında müqavilə xx.xx.2021-ci il tarixdə bağlanılmış, həmin müqaviləyə 1 saylı əlavədə 635 000 USD dəyərində olan malların çatdırılma müddəti 16 həftə göstərilmiş, yəni xx.xx.2020-ci il tarixədək müqavilə üzrə nəzərdə tutulmuş bütün mallar alıcıya çatdırılmalıdır. Lakin cavabdeh tərəfindən müqavilədə şərtləndirilmiş mallar qeyd olunan tarixdə çatdırılmalı olduğu halda mallar həmin vaxtda çatdırılmamış, ona görə də, xx.xx.2020-ci il tarixdə alıcı tərəfindən müqaviləyə xitam verilmiş və satıcı tərəfindən mallara görə ödənilən pul geri qaytarılmağa başlanılmışdır. Müqavilənin 10-cu maddəsində göstərilən cərimələr ümumilikdə 30563 ABŞ dolları təşkil edir. Bundan başqa, cavabdeh müqaviləyə xitam verildikdən sonra müqavilə üzrə ona ödənilən məbləği ödəməkdən yayınmışdır. Bu səbəbdən iddiaçı öz əməkdaşı X3 Türkiyə Respublikasına cavabdehin yerləşdiyi ünvanına göndərmiş və yalnız əməkdaşın səyləri nəticəsinə qeyd olunan pul cavabdeh tərəfindən geri qaytarılmışdır. Buna görə də, iddiaçı ödənilmiş pulunun geri qaytarılması üçün 16742 ABŞ dolları məbləğində ezamiyyət xərci çəkmişdir.

8. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsində iştirak etməmişdir.

9. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-200/2022 saylı qətnaməsi ilə iddia rədd edilmişdir.

10. İddiaçı MMC həmin qətnamədən apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri

11. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə etdi.

14. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.

TƏTBİQ EDİLƏN HÜQUQ

15. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

16. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

17. Həmin Məcəllənin 424.3-cü maddəsinə əsasən müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır.

18. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

19. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Məhkəmə kollegiyası hesab edir ki, iddia rədd edilməlidir.

22. Belə ki, zərərin ödənilməsi məsələlərini tənzimləyən və ümumi norma kimi çıxış edən Mülki Məcəllənin 21.2-ci maddəsinin, həmçinin hazırkı mübahisə üzrə xüsusi norma kimi çıxış edən Mülki Məcəllənin 443-cü maddəsinin mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin öhdəliyi pozulması nəticəsində vurulması, zərərlə öhdəliyin pozulması arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması.

23. Yalnız yuxarıda qeyd olunan əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Lakin hazırkı işdə bu əsaslar mövcud deyildir.

24. Belə ki, hazırki iddianın əsasını xx.xx.2020-ci il tarixli BBC-C1-1128 saylı alqı-satqı müqaviləsi üzrə cavabdehin öz öhdəliklərinin pozulması təşkil edir.

25. Halbuki, həmin müqavilə bağlandıqdan sonra tərəflər arasında alqı-satqı müqaviləsinə 01 oktyabr 2020-ci il tarixli 2 saylı əlavə razılaşma və daha sonra xx.xx.2020-ci il tarixli razılaşma bağlanmışdır.

26. Həmin razılaşmaların yuxarıda göstərilmiş məzmunundan isə müəyyən edilir ki, cavabdehin öhdəlikləri dəyişdirilmiş, dəbbə pulu isə ümumiyyətlə nəzərdə tutulmamışdır.

27. 2 saylı əlavə razılaşmanın sonunda da qeyd olunmuşdur ki, əlavə ilə müqavilənin müddəaları arasında hər hansı ziddiyyət olarsa, əlavə üstün hüquqi qüvvəyə malik hesab olunur və əlavənin müddəaları əsas götürülür.

28. Göründüyü tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli BBC-C1-1128 saylı alqı-satqı müqaviləsi dəyişdirilmişdir.

29. Mülki Məcəllənin 424.3-cü maddəsinin mənasına görə isə müqavilənin dəyişdirilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan öhdəliklər dəyişdirilmiş sayılır.

30. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı tərəfindən xx.xx.2020-ci il tarixli BBC- C1-1128 saylı alqı-satqı müqaviləsinin şərlərinin pozulmasına istinad edərək, 102134,50 ABŞ dolları məbləğində maddi zərərin və 30563 ABŞ dolları məbləğində cərimənin tutulması barədə iddianın irəli sürməsi əsassızdır.

31. Həmçinin kollegiya hesab edir ki, ezamiyyət xərcinin tutulması barədə tələblər də əsassızdır.

32. Belə ki, həmin iddia əlavə razılaşmanın icrası ilə bağlı hallarla əsaslandırılsa da və iddiaçı iddia ərizəsində ödənilmiş pulun geri qaytarılması üçün 16742 ABŞ dolları məbləğində ezamiyyət xərci çəkdiyini qeyd etməklə bunu təsdiq edən sübut kimi aviabiletlərin surətləri, oteldə qalma xərcləri, həmçinin digər xərcləri əlavə etsə də, həmin sübutlara əsasən ezam olunmuş şəxsin məhz cavabdehə ödənilmiş pulun geri qaytarılması ilə bağlı Türkiyə Respublikasına getməsi müəyyən olunmur.

33. Belə olan halda isə Mülki Məcəllənin 443.1-ci maddəsinin yuxarıda göstərildiyi şərtləri baxımından həmin tələblər də təmin edilə bilməz.

34. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

35. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-200/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov

Hakimlər: Vüsalə Baxışova

Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar