Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-250/2022 07.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi ilə iddiaçı “X2 ve X1 Sanayi Ticaret LTD” şirkətinin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-6694/2021 nömrəli iş üzrə 28 dekabr 2021-ci il tarixli qərardadından iddiaçının şikayətinə əsasən kommersiya mübahisəsinə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, aralarında 19.06.2020-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsində qeyd olunan öhdəliklə bağlı onun tərəfindən cavabdehə satılmış malın dəyəri olaraq 31.820 ABŞ dolları məbləğdə pulun və həmin məbləğin vaxtında ödənilməməsi ilə bağlı illik 5% gecikməyə görə 1.591 ABŞ dolları olmaqla (dolların qətnamə çıxan günün məzənəsinə uyğun olaraq) cəmi 33.411 ABŞ dolları, o cümlədən mediasiya üçün ödənilmiş 50 manat və məhkəməyə ödənilmiş dövlət rüsumu 260,4 manatın cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 28.12.2021-ci il tarixli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Qərardadın əsaslarına görə, “İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirən məhkəmə müəyyən etmişdir ki, iddia ərizəsi iddiaçının nümayəndəsi və vəkili tərəfindən imzalansa da, onu imzalamaq hüququ olmamışdır. Belə ki, iddiaçı tərəfindən verilən etibarnamədə iddia ərizəsinin imzalanması deyil, iddia ilə bağlı vəsatət və sənədlərin imzalanması səlahiyyəti verilmişdir. Göründüyü kimi etibarnamədə xüsusi göstərilməli olan iddia ərizəsinin imzalanması səlahiyyəti iddiaçı tərəfindən verilməmişdir.” Qərardadla razılaşmayan iddiaçı ondan şikayət verərək, ləğv edilib, iddianın icraata qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 10.01.2022-ci il tarixli qərardadı ilə şikayət işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətin dəlillərinə görə, iddiaçı tərəfindən bir çox səlahiyyətlərin verilməsi ilə yanaşı, iddia qaldırmaq və iddia ilə bağlı istənilən sənədlərin imazlanması səlahiyyəti verilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, dəlillər əsaslıdır. İlk olaraq, MPM-in 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Birinci instansiya məhkəməsi qərardadını MPM-in 74.2 və 152.1.2-ci maddələri ilə əsaslandırmışdır. Həmin normalara görə, iddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir (74.2). İddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır (152.1.2). Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərardadının əsasları ilə razılaşmır. Belə ki, işdə olan, iddiaçı tərəfindən verilmiş 13.07.2021-ci il tarixli etibarnamədə nümayəndənin iddia ərizəsini imzalamaq səlahiyyəti göstərilmişdir. Bu mənada məhkəmə kollegiyası şikayətlə razılaşır. Beləliklə, hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı qanunsuz və əsassızdır, şikayət qərardadın ləğvinə əsas verir. Bununla bağlı olaraq, qərardad ləğv edilməli, iş həmin məhkəməyə göndərilməli, şikayət qismən təmin olunmalıdır (MPM-in 398.0.2-ci maddəsi). Göstərilənlərə əsasən və MPM-in 263, 264, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-6694/2021 nömrəli iş üzrə 28 dekabr 2021-ci il tarixli qərardadı ləğv edilsin. İş həmin məhkəməyə göndərilsin. İddiaçı “X2 ve X1 Sanayi Ticaret LTD” şirkətinin şikayəti qismən təmin edilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-250/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-250/2022
07.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver