Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-252/2022 11.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Məmmədov Vidadi Məmməd oğlu və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdeh X1 qarşı pul tələbinə dair kommersiya mübahisəsi ilə bağlı iş üzrə qəbul edilmiş Bakı Kommersiya Məhkəməsinin 24.12.2021-ci il tarixli, 2- 2(113)-816/2021 saylı “apellyasiya şikayətinin geri qaytarılması” barədə qərardadından iddiaçının şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC-nin cavabdeh X1 qarşı pul tələbinə dair iddiası Bakı Kommersiya Məhkəməsinin 26.10.2021-ci il tarixli, 2-2(113)-816/2021 saylı qətnaməsi ilə qismən təmin edilmişdir. İddiaçı qeyd olunan qətnamədən apellyasiya şikayəti vermiş, Bakı Kommersiya Məhkəməsinin 24.12.2021-ci il tarixli, 2-2(113)-816/2021 saylı qərardadı ilə apellyasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361-ci maddəsinin tələblərinə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə Əlavə 2-də qeyd olunan apellyasiya şikayətinin formasına riayət edilmədən verildiyindən geri qaytarılmışdır. İddiaçı Bakı Kommersiya Məhkəməsinin e-2- 2(113)-816/2021 saylı, 24.12.2021-ci il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini və apelyasiya şikayətinin icraata qəbul edilməsini xahiş etmişdir. Qərardaddan şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə öz qərardadında apelyasiya şikayətinin qaytarılması səbəblərindən biri kimi şikayətin guya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361-ci maddəsinə uyğun olmamasını göstərmiş, lakin qərardadda bu uyğunsuzluqların nədən ibarət olduğunu açıqlamamışdır, halbuki Azərbaycan Respublikası MPM-nin 264.05-ci maddəsinə əsasən “Məhkəmə gəldiyi nəticələrin səbəblərini məhkəmə qərardadında göstərməlidir”. Apellyasiya şikayətinin qaytarılması üçün digər səbəb kimi onun guya MPM-nin Əlavə 2-də qeyd olunan formaya uyğun olmadığı qeyd olunmuşdur, halbuki MPM hər hansı bir formaya uyğunsuzluğa görə apelyasiya şikayətinin geri qaytarılmasını nəzərdə tutmur, bu nə MPM-nin 361-ci maddəsində, nə də həmin Məcəllənin 363-cü maddəsində öz əksini tapıb. Bundan başqa şikayət tam olaraq MPM-nin 2 saylı Əlavəsində qeyd olunan formaya uyğun verilmişdir. Belə ki, şikayəti ümumi qaydada elektron sistemə yükləyəndə o, avtomatik olaraq MPM-nin Əlavə 2-də qeyd edilən formatını alır-hakim bunu ya görmək istəməyib, ya da görməzlikdən gələrək qərəzli olaraq şikayəti geri qaytarıb. Bakı Kommersiya Məhkəməsinin e-2- 2(113)-816/2021 saylı, 07.01.2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət apelyasiya instansiyası məhkəməsi tərəfindən 21.01.2022-ci il tarixli qərardadla mümkün hesab edilərək yazılı icraat qaydasında baxılması qərara alınmışdır. İddiaçının nümayəndəsi 24.01.2022-ci il tarixdə vəsatətlə məhkəməyə müraciət edərək prosesdə iştiraklarının təmin edilməsini xahiş etmişdir. Vəsatət bununla əsaslandırılmışdır ki, apellyasiya şikayətinin e-məhkəmə sistemini özünün müəyyən etdiyi qaydada qrafalar doldurulmaqla təqdim edildiyini əyani sübut etmək üçün prosesdə nümayəndənin iştirakı zəruridir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən 22.12.2021-ci il tarixdə elektron qaydada təqdim edilmiş və məhkəmənin hazırda mübahisələndirilən qərardadı ilə qaytarılmış apellyasiya şikayətinin hansı formada tərtib edildiyi Elektron Məhkəmə Sistemindən aydın şəkildə göründüyündən şikayətin məhkəmə iclasında araşdırılmasına zərurət yoxdur. Məhkəmə şikayətə yazılı icraat qaydasında baxaraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin e-2- 2(113)-816/2021 saylı, 24.12.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.1-ci maddəsində qeyd edilir ki, apellyasiya şikayəti Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir. Apellyasiya şikayətinin forması Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə Əlavə 2-də nəzərdə tutulmuşdur. Elektron Məhkəmə Sistemindən görünür ki, iddiaçının adından nümayəndəsi və vəkili X2 tərəfindən elektron kabinet vasitəsilə 22.12.2021-ci il tarixdə təqdim edilmiş apellyasiya şikayəti Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə Əlavə 2də nəzərdə tutulmuş formada olmadığı üçün məhkəmə tərəfindən qaytarılmış, iddiaçı yalnız 30.12.2021-ci il tarixdə Əlavə 2-də müəyyən edilmiş formada apellyasiya şikayəti təqdim etmiş, qanunla müəyyən edilmiş prosessual müddət bitdiyi üçün həmin apellyasiya şikayəti 07.01.2022-ci il tarixli qərardadla qaytarılmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 363.1.1-1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mübahisələndirilən qərardad qanuni və əsaslı olduğundan şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin e-2- 2(113)-816/2021 saylı, 24.12.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.1, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İddiaçı MMC-nin şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2- 2(113)-816/2021 saylı, 24.12.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(103)-252/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-252/2022
11.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver