Məhkəmə qərarları › İş №2-2(103)-252/2024

Bakı Apellyasiya Məhkəməsi Əlavə qətnamə — İş №2-2(103)-252/2024

23.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından ƏLAVƏ QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-252/2024 23.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3532/2023 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh “Avrasiya Construction LTD MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ

1. Satıcı İddiaçı MMC ilə alıcı Cavabdeh MMC arasında 07 yanvar 2021-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır.

2. Müqavilənin 1.1-ci bəndinə əsasən “İcraçı” bu müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında “Sifarişçi”nin Bakı şəhəri, Nəsimi rayonu, Ak.M.Mirqasımov, Azadlıq prospekti, M.Qaşqay və F.Qasımzadə küçələrinin kəsişməsindəki ünvanda yerləşən tikinti sahəsini müqavilənin ayrılmaz hissəsi sayılan razılaşma protokolunda göstərilən betonla təchiz etməyi öz üzərin götürür.

3. Müqavilənin 1.2-ci bəndinə əsasən “Sifarişçi” bu müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında betonun icraçıdan qəbul edilməsini və qəbul edilmiş betonun dəyərini ödəməyi öhdəsinə götürür.

4. Müqavilənin 2.1-ci bəndinə əsasən müqavilənin 1.2-ci maddəsinin icrası ilə əlaqədar alınmış betonun dəyəri icraçı tərəfindən təqdim edilmiş elektron-qaimə əsasında sifarişçi tərəfindən onun hesablaşma hesabına köçürmə yolu ilə ödənilir.

5. Müqavilənin 3.1-ci bəndinə əsasən icraçı müqavilədə nəzərdə tutulan öhdəlikləri yerinə yetirib betonu sifarişçiyə müəyyənləşdirilmiş qaydada və keyfiyyətdə təhvil verməlidir.

6. Müqavilənin 4.1-ci bəndinə əsasən sifarişçi müqavilədə nəzərdə tutulan öhdəlikləri yerinə yetirib betonu icraçıdan müəyyənləşdirilmiş qaydada təhvil almağı öz öhdəsinə götürür.

7. Müqavilənin 4.2-ci bəndinə əsasən sifarişçi müqavilə ilə aldığı betonun ödəmələrini vaxtında aparılmasını öhdəsinə götürür.

Birinci instansiya və apellyasiya instansiyası məhkəməsindəki icraat

8. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 245840 manat pulun alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-3532/2023 saylı qətnaməsi ilə iddia təmin edilmişdir.

10. Cavabdeh MMC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsini xahiş etmişdir.

11. Bakı Apellyasiya Məhkəməsinin 18 aprel 2024-cü il tarixli 2-2(103)-252/2024 saylı qətnaməsi ilə Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3532/2023 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

12. Bundan sonra, Cavabdeh MMC ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, yəni məhkəmə xərcləri barədə əlavə qətnamə qəbul edilməsini xahiş etmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 229.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.

TƏTBİQ EDİLƏN HÜQUQ

14. Mülki Prosessual Məcəllənin 229.1.3-cü maddəsinə əsasən iş üzrə qətnamə və ya qərardad çıxarmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi ilə və ya onları xəbərdar edərək öz təşəbbüsü ilə məhkəmə xərcləri haqqında məsələ hakim tərəfindən həll edilməmişsə əlavə qətnamə və ya əlavə qərardad çıxara bilər.

15. Həmin Məcəllənin 108.1.7-ci maddəsinə əsasən mülki məhkəmə icraatında apellyasiya şikayəti verildikdə dövlət rüsumu ödənilir.

16. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

17. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

18. Qeyd olunanları nəzərə alaraq kollegiya qeyd edir ki, hazırda məhkəmə xərcləri ilə əlaqədar əlavə qətnamə çıxarılması məsələsinə baxılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

19. Məhkəmə kollegiyası qeyd edir ki, işə apellyasiya qaydasında baxılarkən məhkəmə xərcləri haqqında məsələ həll edilməmişdir.

20. Mülki Prosessual Məcəllənin 229.1 və 229.1.3-cü maddələrində isə təsbit olunmuşdur ki, iş üzrə qətnamə və ya qərardad çıxarmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi ilə və ya onları xəbərdar edərək öz təşəbbüsü ilə məhkəmə xərcləri haqqında məsələ hakim tərəfindən həll edilməmişsə əlavə qətnamə və ya əlavə qərardad çıxara bilər.

21. Qeyd olunanları, iddianın təmin edildiyini və cavabdehin apellyasiya şikayətinin təmin edilmədiyini nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş 267,92 manat məbləğində dövlət rüsumu onun özünə aid edilməlidir.

22. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 229.3 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş 267,92 manat məbləğində dövlət rüsumu onun özünə aid edilsin. Əlavə qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov

Hakimlər: Vüsalə Baxışova

Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar