Məhkəmə qərarları › İş №2-2(103)-253/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-253/2020

02.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-253/2020 02.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Qurbanov Raqib Əliddin oğlu və X1 ibarət tərkibdə, Şükürova Ləman Ceyhun qızının katibliyi, iddiaçının nümayəndəsi Abbasov Akif Kamal oğlunun iştirakı ilə İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh İsmayılov Ruslan Rövşən oğuna (VÖEN:**********) qarşı «pul tələbinə dair» kommersiya mübahisəsi üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(82)-900/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı “xxxx” MMC cavabdeh R.İsmayılova qarşı məhkəmədə iddia qaldıraraq, cavabdehdən iddiaçının xeyrinə 8.766 manat məbləğində borcun, 1000 manat məbləğində cərimənin, ümumilikdə 9.766 manat pulun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın əsaslarına görə tərəflər arasında bağlanmışxx.xx.2018- ci il tarixli, M904- 00400 saylı məhsulların alqı-satqı müqaviləsinə əsasən xx xxxxx 2018-ci il tarixdə cavabdeh iddiaçıdan “Anchor” kərə yağlarını nisyə olaraq almış və nəticədə aldığı mallara görə iddiaçıya 10.266 manat məbləğində borcu yaranmışdır. Həmin borcundan xx.xx.2019-cu il tarixdə 1000 manat və xx.xx.2019-cu il tarixdə 500 manat iddiaçıya nağd şəkildə ödənişlər etmiş, onun bu günə qalan borcu 8.766 manat təşkil edir. O, xx xxxx 2018-ci il tarixli «Qalıq borcun təsdiq edilməsinə dair» Aktda həqiqətən “xxxx.” MMC-yə 10.266 manat borcu olduğunu öz imzası ilə də təsdiq etmişdir. Lakin borc təsdiq edildikdən sonra dəfələrlə müraciət edilməsinə baxmayar ödənilməsi təmin edilməmiş, nəticədə şirkət dövriyyə vəsaitini azaltmaq məcburiyyətində qalmış və bu da öz növbəsində müəssisənin gəlirinin əldən çıxmasına səbəb olmuşdur. Odur ki, şirkətə 8.766 manat məbləğində vurduğu zərəri nəzərə alaraq, ondan 1000 manat məbləğində dəbbə pulunun tutulması məqsədəuyğundur. Mübahisənin məhkəməyə qədər (pretenziya) qaydasında nizama salınması üçün ona göndərilən xəbərdarlıq məktubu onun tərəfindən xx.xx.2018-ci il tarixdə qəbul edilsə də, indiyədək heç bir ödəniş edilməmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(82)-900/2019 saylı xx.xx.2019cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən 8.766 manat məbləğində əsas borc, 500 manat məbləğində cərimə, cəmi 9.266 manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 25 (iyirmi beş) manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməsi, qalan hissədə iddianın rədd edilməsi və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 5 manat hissəsinin iddiaçıya aid edilməsi qət olunmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnaməni ləğv edib, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, qətnamədə qeyd olunan tarixlərdə, yəni xx.xx.2019-cu il tarixdə 1000 manat və xx.xx.2019-cu il tarixdə isə 500 manat iddiaçıya ödəniş etməsini sübut kimi qəbul etməyi əsassızdır. Çünki həmin tarixlərdə Azərbaycan Respublikasından kənarda Türkiyə Respublikasında olmuş və bu barədə ölkədən giriş-çıxışını təsdiq edən pasportunda olmuş və bu barədə ölkədən girişçıxışını təsdiq edən pasportunda xüsusi ştamplar var və şikayətə əlavə edir. Bildirir ki, xx.xx.2018-ci il tarixdə bağlanmış müqaviləyə və xx xxxx 2018-ci il tarixli akta imza atmamış və bu barədə müvafiq ekspertiza keçirilməsinə zərurət vardır. Məhkəmə maddi hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual pozuntuya yol vermişdir. Belə ki, yalnız iddiaçının təqdim etdiyi sənədlərə istinad edərək qətnamə qəbul etmişdir (MPM-in 372.1 və 385.1-ci, AR Konstitusiyasının 60 və 71-ci maddələrinə istinad olunur). Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh (səlahiyyətli nümayəndəsi) məhkəməyə gəlməmiş, MPM-in 376.2-ci maddəsinin tələblərini nəzərə alan kollegiya onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi A.Abbasov cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq bildirmişdir ki, sonuncu tərəfindən mübahisələndirilən alqı-satqı müqaviləsi və təhvil–təslim aktı imzalanmaqdan əlavə öz möhürü ilə də təsdiq olunmuşdur. Hətta həmin sənədlərdəki imzaları apellyasiya şikayətində mübahisələndirsə belə, faktiki olaraq qarşılıqlı görüşmələrdə iddiaçıya olan borcunu qəbul edir, ödəyəcəyini vəd edir. Odur ki, şikayətin dəlilləri formal xarakter daşıyır. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsini qüvvəsində saxlanılmasını məhkəmədən xahiş edir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin olunmadan, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 462.3-cü maddəsinə əsasən müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. İş materiallarına əlavə olunmuş tərəflər - “xxxx.” MMC (satıcı) ilə İsmayılov Ruslan Rövşən oğlu (alıcı) arasında xx xxxxx 2018-ci il tarixdə M904-00400 saylı məhsulların alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: -1-ci bənidinə əsasən satıcı özünün istehsal etdiyi və ya satmaq üçün aldığı müxtəlif çeşidli məhsulları alıcıya satmağı, alıcı isə məhsulları qəbul edərək əvəzində müəyyənləşdirilmiş pul məbləğini satıcıya ödəməyi öhdəsinə götürür; -3.1-ci bəndinə əsasən bu müqaviləyə əsasən satılan məhsulların bir vahidinin qiyməti və məhsulların ümumi dəyəri qaimə ilə müəyyən olunur; -3.2-ci bəndinə əsasən alısı qaimə üzrə qəbul etdiyi məhsulun dəyərini qaimə ilə nağd satış zamanı malın təslimi anında (və ya anındək), nisyə (kredit) satış zamanı isə sari ayın son iş günü tarixinə qədər satısıya Əlavə № 1-də göstərilən qaydada ödənilməsini təmin edilir (Tərəflər arasında razılaşdırılmış xx xxxxx 2018-ci il tarixli M904- 00400 saylı məhsulların alqı-satqı müqaviləsinin 01 nömrəli Əlavəsinə əsasən məhsulların sərgilənmə və endirim faiz şərtləri müəyyən edilmişdir); - 5.5-ci bəndinə görə alıcı məhsulların qaimə dəyərinin həmin müqavilənin 3.2- ci bəndində nəzərdə tutulmuş müddətdə ödənilməsini gecikdirdikdə hər gecikdirilən gün üçün ödəmə müddəti başa çatmış məbləğin 0,1 % miqdarında, gecikdirilən günlərin sayı 30 gündən çox olduqda isə növbəti gündən başlayaraq hər gecikdirilən gün üçün 0,2 faiz miqdarında dəbbə pulu ödənilməlidir. İşə əlavə olunmuş xx xxxxx 2018-ci il tarixli S01***-******* saylı qaimədən görünür ki, qeyd olunan müqavilə şərtlərinə uyğun olaraq iddiaçı “xxxx.” MMC tərəfindən savabdehə R.İsmayılova, ƏDV də daxil olmaqla, 19.266,00 manat məbləğində mallar təhvil verilmişdir. xx xxxx 2018-ci il tarixdə tərəflərin imzaladığı «Qalıq borcun təsdiq edilməsinə dair aktdan görünür ki, alıcı R.İsmayılov “xxxx.” MMC-dən nisyə təhvil aldığı həmin yağ məhsullarına mallara görə xx xxxx 2018-ci il tarixinə, ümumilikdə, 10.766 manat qalıq borcunun mövsudluğunu öz imzası ilə təsdiqləmişdir. İş materiallarında olan 04440 №-li və 03666 saylı mədaxil qəbzlərindən görünür ki, qalıq bors barədə akt imzlandıqdan sonra xx.xx.2019-su il və xx.xx.2019-su il tarixlərində həmin qalıq borsundan iddiaçıya 1000 və 500 manat məbləğində ödənişlər də həyata keçirilmişdir (Belə olan halda da, cavabdehin iddiaçıya olan cəmi, borcu 9.266 manat təşkil etmiş olur). Cavabdeh R.İsmayılov, apellyasiya şikayətində xx xxxxx 2018-ci il tarixli S01***- ******* saylı qaimə üzrə 19.266,00 manat məbləğində malları təhvil aldığını və xx xxxx 2018-ci il tarixdə «Qalıq borcun təsdiq edilməsinə dair» akt imzalanana qədər 10.766 manat qalıq borcu olduğu mübahisələndirdiyi görünmür. O, şikayətində, birincisi, mübahisələndirir ki, xx xxxx 2018-ci il tarixində «Qalıq borcun təsdiq edilməsinə dair» akt imzalandlıqdan sonra iddiaçıya nağd şəkildə 1000 manat və 500 manat ödənilən xx.xx.2019-su il xx.xx.2019-su il tarixlərində Türkiyə Respublikasında olmuşdur və bu onun vətəndaşlıq pasportundakı giriş-çıxış qeydləri ilə də təsdiq olunur. Bununla əlaqədar məhkəmə kollegiyası onu qeyd edir ki, həmin pul vəsaitlərinin cavabdehin özü tərəfindən, yaxud onun tapşırığına əsasən başqa şəxs vasitəsilə ödənilməsi, borclu kimi onun xeyrinə olan və borcunun azalamasına yönələn bir əməliyyatdur. Bu baxımdan, malları təhvil almadığını mübahisələndirməyən cavabdehin bu dəlilləri formal xarakterli dəlillər kimi qiymətləndirilməlidir. Onun xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsinə və qalıq borcu barədə xx xxxx 2018-ci il tarixli akta imza atmadığını mübahisələndirən dəlilləri ilə də məhkəmə kollegiyası razılaşmır. Birincisi, ona görə ki, onun tərəfindən həm alqı-satqı müqaviləsi, həm də ona edilən 1 saylı Əlavə, nəinki onun imzası, hətta özünə məxsus dairəvi möhürü ilə də təsdiq olunmuşdur. İkincisi, qalıq borcuna dair akta olan imzasının, onun iş materiallarının 84-cü vərəqində olan məhkəmənin qərarının yenidən verilməsinə dair ərizəsindəki və həmin ərizədə qərarın alınmasına dair qeydində olan, habelə apellyasiya şikayətində və ümum vətəndaşlıq pasportundakı sərbəst imzalarından fərqlənmədiyi adi gözlə də gürünür. Üçüncü bir tərəfdən, iddiaçının nümayəndəsinin izahatından göründüyü kimi, cavabdeh əslində, iddiaçıya mübahisələndirilən borcunun mövcudluğunu heç də sonuncu qarşısında mübahisələndirmir. Bundan əlavə, cavabdehin həm birinsi instansiya məhkəməsinin iclaslarına, həm də işin hazırkı apellyasiya mərhələsində məhkəmə iclaslarına gəlməməsi və şikayətində istinad etdiyi halların əsaslandırılmasında yaxından iştirak etməkdən yayınması, eləcə də, şikayətinin dəlillərinin, işdə olan sübutlarla müəyyən edilən hallarla uyğun gəlməməsi, onun bütun bu kimi hərəkətləri, borcun ödənilməsini və işin baxılmasını uzatmağa çalışan hərəkətləri kimi qiymətləndirilməsinə əsas verir. Beləliklə, işin qeyd olunan halları ilə sübuta yetirilir ki, cavabdeh iddiaçı ilə bağladığı alqı-satqı müqaviləsinin şərtlərini pozmuş, iddiaçıdan aldığı malların pulunu müqavilədə nəzərdə tutulan müddətdə tam şəkildə ödənilməsini təmin etməmiş, öhdəliklərini pozmuşdur. Mülki Məcəllənin 427.3-cü maddəsinin tələbindən görünür ki, əgər öhdəlik icra edilməli vaxt dövrünü nəzərdə tutursa, öhdəlik həmin dövr ərzində istənilən an ərzində icra edilməlidir. Həmin Məsəllənin 443.1-ci maddəsinin tələbində isə nəzərdə tutulur ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Birinci instansiya məhkəməsinin qətnaməsindən də görünür ki, məhkəmə tərəfindən iş materialları hərtərəfli araşdırılmış, işdə olan sübutlara düzgün hüquqi qiymət verilmiş və müqavilə öhdəliklərini pozduğuna görə cavabdehdən 8.766 manat məbləğində əsas borc, 500 manat məbləğində cərimə, cəmi 9.266 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi barədə əsaslı olan nəticəyə gəlmişdir. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə də, məhkəmə kollegiyası cavabdehinapellyasiya şikayətinin həmin qətnamənin əsassız oldğunu, maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul olunduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun şikayəti təmin olunmadan, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(82)- 900/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsidəyişdirilmədən saxlanılmalıdır. MPM-in 404-1-ci maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsində baxılan iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393, 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət e t d i: Cavabdeh İsmayılov Ruslan Rövşən oğlunun apellyasiya şikayəti təmin edilməsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(82)-900/2019 saylı xx.xx.2019cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz, çıxarıldığı andan qüvvəyə minir. Sədrlik edən: imza. Hakimlər: imzalar. Əsli ilə düzdür: Hakim: Cahangir Yusifov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar