Məhkəmə qərarları › İş №2-2(103)-253/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-253/2022

21.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-253/2022 21.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Vəliyev Elmar Valeh oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh ASC-yə qarşı “ödənilmiş pulun geri qaytarılması" tələbinə dair kommersiya işi üzrə çıxarılmış Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2-2(113)-2152/2021 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Əsaslandırıcı hissə İddiaçı MMC Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, daha sonra iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin artırılmasına dair ərizə verərək, Cavabdeh ASC ilə İddiaçı MMC arasında olan 26 noyabr 2018-ci il tarixli razılaşmasının ləğv edilməsi, Cavabdeh ASC-nin AZ60TURA******************** nömrəli bank hesabına ödənilmiş 9.254 manat və Cavabdeh ASC “Sukanal” Elmi-tədqiqat və layihə İnstitutuna” ödənilmiş 1315.7 manatın, cəmi 10569,7 cavabdeh tərəfindən İddiaçı MMC-yə qaytarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal rayonu Kənar Dairəvi 22A ünvanda inşa olunan yaşayış binasının su təchizatına qoşulmaq üçün tələb edilən 9254 manat Azərbaycan Respublikası Cavabdeh ASC-nin bank hesabına köçürülmüşdür. Cavabdeh şəxs tərəfindən bildirilmişdir ki, bu məbləğ texniki şərtin verilməsi üçün ödənilməlidir. Lakin məlum olmayıb ki, bu pulun müqabilində bütün təchizat xətləri, boruların çəkilməsi və digər işlər aparılaraq təhvil verilməli idi, yoxsa ancaq qoşulma üçün bu məbləğ ödənməli idi. İddiaçı MMC tərəfindən bütün xətlər çəkilmiş, Azərbaycan Respublikası Cavabdeh ASC tərəfindən yalnız çəkilən xətt şəbəkəyə qoşulmuş və bunun müqabilində 9254 manat alınmışdır. Bir müddət əvvəl məlum olmuşdur ki, 9254 manatın alınması tam olaraq qanunsuzdur, qanunvericilikdə belə bir rüsum və ödəniş nəzərdə tutulmamışdır. Ona görə də həmin məbləğ Cavabdeh ASC tərəfindən onlara qaytarılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 13 avqust tarixli 275 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehlakçıların su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması üçün texniki şərtlərin verilməsi və qoşulması Qaydaları” da qeyd edildiyi kimi əhali üçün texniki şərt ödənişsiz, qeyri-əhali üçün ödənişli (ödəniş sifariş əsasında müəyyən edilir) qaydada həyata keçirilir. Göründüyü kimi ödəniş sifariş əsasında həyata keçirilir, onlar tərəfindən isə heç bir sifariş edilməmiş, cavabdeh orqan tərəfindən çəkilmiş xətt ümumi xəttə qoşulmuş, həmin vaxt isə tələb edilən cüzi miqdarda xərc isə (təxminən 100 manat) özləri tərəfindən qarşılanmışdır. Bu texniki şərtin verilməsi üçün cavabdeh şəxsin demək olar ki, heç bir xərci çıxmamışdır. Lakin buna baxmayaraq onlardan 9254 manat alınmışdır. Birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə Bakı Kommersiya Məhkəməsinin 09 iyun 2021-ci il tarixli, e-2-2(113)-2152/2021 saylı qətnaməsi ilə ( hakim Aytən Əliyeva) iddia rədd edilmişdir. Apellyasiya şikayətində irəli sürülmüş tələb və apellyasiya şikayətinin dəlilləri Həmin qətnamədən iddiaçı apelyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin 09 iyun 2021-ci il tarixli, e-2-2(113)-2152/2021 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarında olan 26 noyabr 2018-ci il tarixli 012/3/2018 saylı razılaşma protokoluna əsasən, Cavabdeh ASC 07 noyabr 2018-ci il tarixli 012/3/2028-tş nömrəli “Texniki Şərtlər”-in icrası ilə əlaqədar Yasamal rayonu, Kənar Dairəvi, 22A ünvanda inşa olunmuş yaşayış binasının su təchizatı (d63 mm) və kanalizasiya (d300 mm) şəbəkələrinə qoşulmasının təmin edilməsi məqsədilə “sifarişçi”-nin (İddiaçı MMC) vəsaiti hesabına nəzərdə tutulan işlərin yerinə yetirilməsinin təşkilini öhdəsinə götürür. Həmin protokolun 2-ci bəndinə əsasən İddiaçı MMC yerinə yetiriləcək işlərin dəyəri olan 9254,80 manat vəsaitin (ƏDV daxil) əvvəlcədən ödənilməsini təmin edir. Göründüyü kimi orada kifayət qədər cavabsız suallar qalmaqdadır. Biz iddiaçı tərəf olaraq 26 noyabr 2018-ci il tarixli 012/3/2018 saylı razılaşma protokoluna əsasən, Cavabdeh ASC-nin Bakı şəhəri Yasamal rayonu Kənar Dairəvi 22A ünvanda inşa olunan yaşayış binasının su təchizatına qoşulması üçün heç bir iş görməmişdir. Məhkəmə cavabdehdən həmin işlərin görülməsinə dair dəqiq məlumatlar almalı, hansı ölçüdə, nə qədər miqdarda materialının istifadə edilməsi və s, qeyd edilməlidir. İddiaçının nümayəndəsi X1 məhkəmə iclasında apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Əsaslandırıcı hissə Məhkəmə izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2-2(113)-2152/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İddiaçı MMC-yə verilmiş 07 noyabr 2018-ci il tarixli 012/3/2028 saylı “Texniki Şərtlər”in 1-ci bəndində istehlakçının supaylayıcı və kanalizasiya şəbəkəsinə qoşulması üçün layihələndirmə işləri üçün əlavə edilmiş cizgiyə əsasən d500 mm su kəməri üzərinə quraşdırılmış mövcud d150 mm paylayıcı kollektordan layihə hesabatına uyğun birləşdirmə nəzərdə tutulması, layihədə inşa olunan yaşayış binasında yaranacaq tullantı sularının kənarlaşdırılması üçün əlavə olunan cizgiyə əsasən mövcud d400 mm kanalizasiya kollektoruna qədər ərazinin prespektiv planı nəzərə alınmaqla kanalizasiya xəttinin layihələndirilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan 26 noyabr 2018-ci il tarixli 012/3/2018 saylı razılaşma protokoluna əsasən, Cavabdeh ASC 07 noyabr 2018-ci il tarixli 012/3/2028-tş nömrəli “Texniki Şərtlər”-in icrası ilə əlaqədar Yasamal rayonu, Kənar Dairəvi, 22A ünvanda inşa olunmuş yaşayış binasının su təchizatı (d63 mm) və kanalizasiya (d300 mm) şəbəkələrinə qoşulmasının təmin edilməsi məqsədilə “sifarişçi”-nin (İddiaçı MMC) vəsaiti hesabına nəzərdə tutulan işlərin yerinə yetirilməsinin təşkilini öhdəsinə götürür. Həmin protokolun 2-ci bəndinə əsasən İddiaçı MMC yerinə yetiriləcək işlərin dəyəri olan 9254,80 manat vəsaitin (ƏDV daxil) əvvəlcədən ödənilməsini təmin edir. İşdəki xx.xx.2018-ci il tarixli hesab fakturadan görünür ki, ƏDV daxil 9254,80 manat məbləğin ödənişi üçün cavabdeh tərəfindən iddiaçıya hesab faktura göndərilmişdir. İşdəki xx.xx.2018-ci il tarixli qəbzdən görünür ki, layihə işlərinə görə Cavabdeh ASC “Sukanal” Elmi-tədqiqat və layihə İnstitutuna” 1315,7 manat ödənilmişdir. İddiaçı texniki şərt alındıqdan sonra İddiaçı MMC-nin inşa etdiyi binanın su və kanalizasiya şəbəkəsinə qoşulduğunu qəbul etsə də, iddia edir ki, Cavabdeh ASC tərəfindən ödənilmiş 9254,80 manat vəsait müqabilində hər hansı iş görülməmiş, bütün işlər iddiaçının öz vəsaiti hesabına həyata keçirilmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci, 324.1-ci, 390.1-ci, 421.2-ci maddələrinə istinad edərək cavabdehin müqaviləni əhəmiyyətli dərəcədə pozması, iddiaçıya zərər vurması aşkar edilmədiyindən, müqavilənin ləğvi üçün əsaslar müəyyən edilmədiyindən, iddiaçı tərəfindən Cavabdeh ASC Sukanal Elmi-tədqiqat və layihə İnstitutuna ödədiyi məbləğin geri qaytarılması tələbi əsaslandırılmadığından və bununla bağlı məhkəməyə sübut təqdim edilmədiyindən Cavabdeh ASC-yə su təchizatına qoşulmaq üçün ödəmiş olduğu vəsaitin geri qaytarılması tələbi ilə bağlı tərəflər arasında olan razılaşma üzrə cavabdehin öhdəliklərini yerinə yetirməməsi öz təsdiqini tapmadığından iddia rədd olunmalıdır. Məhkəmə kollegiyası aşağıdakılara əsasən iddianın rədd edilməli olduğuna dai birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 1.5-ci bəndinə əsasən istehlakçıların STTSASa qoşulması üçün texniki şərtlərin verilməsi və qoşulması Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş “İstehlakçıların su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması üçün texniki şərtlərin verilməsi və qoşulması Qaydaları”nın 2.1-ci bəndinə əsasən sifarişçinin tikinti obyektinin STTSAS-a (su təchizatı və tullantı sularının axıdılması sisteminə) qoşulması STKM (su təchizatı və kanalizasiya müəssisəsi) tərəfindən verilən texniki şərtlər əsasında həyata keçirilir. Qaydaların 3.1-ci bəndinə əsasən sifarişçinin STTSAS-a qoşulması onun texniki şərtləri, o cümlədən qoşulma ilə bağlı layihə işlərini yerinə yetirməsi şərtilə texniki şərtlərin verilməsi haqqında qərar qəbul olunduğu gündən sonra ən geci 15 (on beş) iş günü müddətində STKM tərəfindən aşağıdakı qaydada həyata keçirilir: 3.1.1. bu Qaydaların 2.6-cı bəndində göstərilən sifarişçiyə münasibətdə - sifarişçinin vəsaiti hesabına (Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən müəyyən olunan qoşulma haqqı həmin müddətdə STKM-in bank hesabına ödənilir); 3.1.2. bu Qaydaların 2.7-ci bəndində nəzərdə tutulan sifarişçiyə münasibətdə - STKM-in vəsaiti hesabına. Qaydaların 1.2.3-cü bəndinə əsasən sifarişçi - su təchizatı və kanalizasiya müəssisəsinin (bundan sonra - STKM) STTSAS-a qoşulması nəzərdə tutulan tikinti obyektlərinə mülkiyyət (sahiblik) və ya digər əşya hüququ əsasında sahiblik edən hüquqi və ya fiziki şəxs olan istehlakçıdır. Qaydaların 3.4-cü bəndinə əsasən tərəflərin texniki şərtlərdə göstərilən qoşulmaya dair tədbirlərin yerinə yetirilməsi üzrə öhdəlikləri aşağıdakı kimi müəyyən edilir: 3.4.1. sifarişçinin öz istismarı üzrə öhdəliklərini istismar məsuliyyəti sərhədinədək, öz balansı üzrə öhdəliklərini isə qoşulma nöqtəsinədək icra etməsi; 3.4.2. STKM-in öz istismarı üzrə öhdəliklərini istismar məsuliyyəti sərhədinədək, öz balansı üzrə öhdəliklərini isə qoşulma nöqtəsinədək icra etməsi. Qaydaların 2.6-ci bəndinə əsasən tkintiyə icazə icraatı çərçivəsində şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun olaraq, tikinti obyekti üçün texniki şərtlər (tələbatından asılı olmayaraq) sifarişçinin tikintiyə icazə verən orqana (quruma) müraciətinə (ərizəsinə) əsasən tikintiyə icazə verən orqanın (qurumun) STKM-ə sorğusu əsasında verilir. Qeyd edilən normaların tələblərindən göründüyü kimi, tkintiyə icazə icraatı çərçivəsində inşa edilmiş obyektlərin su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulmasının sifarişçinin, yəni tikinti obyektlərinə mülkiyyət (sahiblik) və ya digər əşya hüququ əsasında sahiblik edən hüquqi və ya fiziki şəxslərin vəsaiti hesabına həyata keçirilməsi qanuni və əsaslıdır. İşin mübahisəsiz halıdır ki, İddiaçı MMC-nin inşa etdiyi bina su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulmuşdur. Əgər bu qoşulma iddiaçının öz vəsaiti hesabına xx.xx.2018-ci il tarixədək artıq təmin edilmişdisə iddiaçının hansı səbəbdən cavabdehlə xx.xx.2018-ci il tarixdə su təchizatı və kanalizasiya şəbəkələrinə qoşulma işlərinin icrası barədə razılaşma imzaladığı və bu işlərin müqabilində ödəniş etməyi öhdəsinə götürdüyü sual doğurur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə uyğun olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı inşa etdiyi binanın su və kanalizasiya şəbəkəsinə qoşulması ilə bağlı bütün işlərin onun vəsaiti hesabına görüldüyünə dair məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. İddia tələbinin əsaslı olduğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşdüyündən sübutların cavabdeh tərəfindən təqdim edilməli olduğuna dair apellyasiya şikayətinin dəlilləri əsassız hesab edilir. İddiaçının nümayəndəsi işə apellyasiya qaydasında baxılarkən istifadə etdikləri su və kanalizasiya xəttinin "xxxx" MTK-nın mövcud xətti olduğunu, İddiaçı MMC-nin kanalizasiya şəbəkəsinə qoşulması üçün hər hansı xərc çəkilmədiyini bildirmişdir. İddiaçının apellyasiya şikayətinin dəlillərinin yoxlanılması üçün Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-2(103)-253/2022 saylı qərardadı ilə iş üzrə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il 10/3051 saylı ekspert rəyinə əsasən İddiaçı MMC-yə məxsus yaşayış binasının xarici su təchizatı və kanalizasiyasının işçi cizgilərinin tələblərinə uyğun çəkildiyi, yalnız Q1 nömrəli quyunun yerləşmə yeri ilə bağlı uyğunsuzluq olduğu müəyyən edilmiş, İddiaçı MMC və "xxxx" MTK-ya məxsus yaşayış binalarına su təchizatının eyni borularla həyata keçirilmədiyi, yaşayış binalarının kanalizasiya xidmətinin eyni borular vasitəsilə həyata keçirildiyi, həmçinin daha bir yaşayış binasının çirkab sularının da həmin kanalizasiya xəttinə axıdıldığı müəyyən olunmuşdur. Rəydə qeyd edilmişdir ki, xx.xx.2018ci il tarixli texniki şərtdə ünvan 3 ünvanında inşa olunmuş İddiaçı MMC-yə məxsus yaşayış binasının su təchizatı sisteminə qoşulmasını özündə əks etdirən sxem və məlumatlar olmadığı üçün texniki şərtdə nəzərdə tutulmuş qaydada su və kanalizasiya xətti çəkildiyini müəyyən etmək mümkün olmadı. Ekspert rəyinə əsasən müəyyən olunmuşdur ki, İddiaçı MMC-yə məxsus yaşayış binasının su təchizatı ayrıca boru vasitəsi ilə, İddiaçı MMC və "xxxx" MTK-ya məxsus yaşayış binalarının kanalizasiya xidməti eyni borular vasitəsi ilə həyata keçirilir. Məhkəmə hesab edir ki, 26 noyabr 2018-ci il tarixli 012/3/2018 saylı razılaşma protokolunda iddiaçının inşa etdiyi bina üçün ayrıca kanalizasiya xətti çəkilməsi deyil, onun mövcud kanalizasiya şəbəkəsinə qoşulması ilə bağlı işlərin icrası nəzərdə tutulduğundan ekspertiza rəyi ilə iddia tələbinin əsaslı olduğu təsdiq edilmir. İddiaçının nümayəndəsi izahatında göstərmişdir ki, iş materiallarına əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin İİK-nın 2-2(103)-365/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə İddiaçı MMC-nin su şəbəkəsinə qeyri-qanuni qoşulma faktının xx.xx.2018-ci il tarixdə keçirilən baxış zamanı aşkar edildiyini cavabdeh özü təsdiq etmişdir. İddiaçı bununla sübut etməyə çalışmışdır ki, əslində 26 noyabr 2018-ci il tarixli 012/3/2018 saylı razılaşma protokolu imzalananadək iddiaçıya məxsus obyekt su şəbəkəsinə qoşulmuşdur. Məhkəmə qeyd edilən mülahizə ilə bağlı qeyd edir ki, əvvəl baxılmış mübahisə üzrə İddiaçı MMC-nin su şəbəkəsinə qeyri-qanuni qoşulması faktı məhkəmə tərəfindən müəyyən edilmiş hal olmadığından həmin qətnamənin hazırkı iş üzrə preyudisial əhəmiyyəti yoxdur. Bundan əlavə iddiaçının su şəbəkəsinə qeyri-qanuni qoşulması halı mövcud olmuşsa belə, həmin xəttin cavabdeh tərəfindən ləğv edilərək sonradan yeni xəttin çəkilməsi ehtimalı da istisna edilmir. Məhkəmə kollegiyası göstərilənlərə əsasən hesab edir ki, tərəflər arasında imzalanmış 26 noyabr 2018-ci il tarixli 012/3/2018 saylı razılaşma protokolunun şərtlərinə uyğun iddiaçının inşa etdiyi yaşayış binasının su və kanalizasiya sisteminə qoşulması cavabdeh tərəfindən təmin edildiyindən ödənilmiş məbləğlərin cavabdehdən geri alınması üçün qanuni əsaslar yoxdur. Nəticə hissəsi Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2-2(113)-2152/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2-2(113)-2152/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. 100 manat ekspertiza xərci iddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xeyrinə İddiaçı MMC-dən tutulsun. Qətnamədən elektron kabinetə yerləşdirildiyi gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar