Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-254/2022 24.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Cavabdeh iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4802/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 06.12.2021-ci il tarixli qətnaməsindən İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01 yanvar 2021-ci il tarixli Birgə fəaliyyət haqqında müqaviləyə əsasən ödənilməmiş 8329 manat məbləğində borcun, hüquqi yardım xərcləri üçün 300 manat və mediasiya prosesi ilə bağlı ödənilmiş 100 manat məbləğində pul vəsaitlərinin Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 06.12.2021-ci il tarixli e-2-2(113)-4802/2021 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı ASC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamışdır. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətinə etiraz etdi. İddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, iddiaçının öz tələblərinin əsası kimi istinad etdiyi hallar ondan ibrətdir ki, 01 yanvar 2021-ci il tarixdə Cavabdeh ilə İddiaçı ASC arasında “Birgə fəaliyyət haqqında” müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən İddiaçı ASC istifadəsində olan əhəngdaşı karxanasının 1,45 ha sahəsini Cavabdeh birlikdə fəaliyyət göstərməsi üçün ayırır, balansında olan texniki avadanlıqlarla (kombayn, şırımaçan, transformator və s.) təmin edir. Müqaviləyə əsasən Cavabdeh hər ayın əvvəli İddiaçı ASC-yə ƏDV daxil olmadan 392 manat və kəsilən satışa yararlı mişar daşının 1 ədədinə görə ƏDV daxil olmadan 0,05 manat məbləğində ödəniş edir. Eyni zamanda Azərbaycan Respublikasında qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq emal məqsədilə Cavabdeh üçün ayrılmış torpaq sahəsinə aid bütün vergi, torpaq və sair ödənişləri öhdəsinə götürür. Lakin Cavabdeh tərəfindən İddiaçı ASC-yə qeyd etdikləri ödənişlərin heç biri edilməmiş və Cavabdeh 10.08.2021-ci il tarixə kəsilmiş mişar daşı üzrə 4729 manat, torpaq vergisi üzrə 3600 manat, ümumilikdə 8329 manat borcu yaranmışdır. Dəfələrlə Cavabdeh yazılı və şifahi qaydada müraciət edərək həmin məbləğlərin ödənilməsini xahiş etmişlər. Lakin edilən müraciətlərin heç bir nəticəsi olmamışdır. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, o, 2018-ci ildən başlayaraq qeyd olunan torpaq sahəsində mişar daşı istehsalı ilə məşğul olur. 01 yanvar 2021-ci il tarixli birgə fəaliyyət haqqında müqaviləni o, imzalamamışdır, eləcə də hasil edilmiş daşlara görə onun iddiaçıya heç bir borcu yoxdur. Birgə fəaliyyət haqqında mübahisəli müqavilə onun tərəfindən imzalanmadığı üçün iddiaçı ona qarşı hər hansı tələb irəli sürə bilməz. Həmçinin iddiaçı onun borclu olmadığına dair heç bir mötəbər sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddia əsassızdır. Belə ki, iddianın predmeti 01 yanvar 2021-ci il tarixli “Birgə fəaliyyət haqqında” müqavilə üzrə ödənilməli olan lakin ödənilməyən pul vəsaitinin ödənilməsi təşkil edir. Lakin Mülki Məcəllədə birgə fəaliyyət haqqında müqavilə nəzərdə tutulmamışdır. Bununla yanaşı mülki qanunvericilikdə belə razılaşma və ya müqavilə üzrə kommersiya fəaliyyətinin həyata keçirilməsi də qadağan olunmamışdır. Mülki Məcəllənin 390.1-ci maddəsində isə göstərilmişdir ki, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Ona görə də kollegiya hesab edir ki, iddiaçı birgə fəaliyyət haqqında müqaviləyə istinad edərək öhdəliyin icra olunmasını (Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən) və ya həmin müqavilə üzrə öhdəliklərin pozulması nəticəsində zərərin əvəzinin ödənilməsini (Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən) tələb etməkdə haqlı hesab oluna bilər. Bununla belə cavabdeh bildirir ki, həmin müqavilə onun tərəfindən imzalanmamışdır. Qeyd olunan halın, yəni müqavilədə olan imzanın Cavabdeh tərəfindən icra olunubolunmamasını müəyyən edilməsi məqsədilə ilə hazırki apellyasiya baxışı zamanı iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 11 aprel 2022-ci il tarixli ekspert rəyi verilmişdir. Həmin rəyə əsasən ekspertizaya təqdim olunmuş mülki işin 53-54-cü vərəqələrində yerləşən 01 yanvar 2021-ci il tarixli birgə fəaliyyət haqqında müqavilənin 2-ci vərəqəsində “Tərəflərin rekvizitləri” qrafasında “7.2. İkinci tərəf” bəndində “Cavabdeh” yazıları qarşısındakı imza - Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Beləliklə, müəyyən olunur ki, iddiaçının öz iddiasının əsası kimi istinad etdiyi birgə fəaliyyət haqqında müqavilə Cavabdeh tərəfindən imzalanmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında birgə fəaliyyət haqqında müqavilənin bağlanılması sübut olunmadığından, bununla da, tərəflər arasında Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbləri baxımından öhdəlik münasibətləri yaranmadığına görə iddiaçının tələbləri əsassızdır. Birinci instansiya məhkəməsi də iddianın rədd edilməsi nəticəsinə gəlmiş, lakin gəldiyi nəticəni düzgün əsaslandırmamış və işin hallarına düzgün qiymət verməmişdir. Belə ki, iddiaçı hazırki iddianın əsası kimi yalnız yazılı qaydada bağlanan 01 yanvar 2021-ci il tarixli birgə fəaliyyət haqqında müqaviləyə istinad etmişdir. Kollegiya izah edir ki, mülki prosesdə iddianın predmeti dedikdə iddiaçının məhkəmədən baxılmasını və həll olunmasını xahiş etdiyi maddi hüquqi tələb başa düşülür. İddianın əsasını isə irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir. Hazırki iddianın əsasında duran hüquqi fakt da 01 yanvar 2021-ci il tarixli “Birgə fəaliyyət haqqında” müqavilənin bağlanması təşkil edir və yuxarıda qeyd olunanlara əsasən müəyyən olundu ki, tərəflər arasında belə bir müqavilə bağlanmamışdır. Eyni zamanda tərəflər arasında şifahi qaydada birgə fəaliyyət haqqında müqavilənin bağlanıb-bağlanmaması mübahisə predmetini təşkil etmir. Çünki iddiaçı bununla bağlı hər hansı hala istinad etməmişdir. Lakin birinci instansiya məhkəməsi qeyd olunanları nəzərə almamış və iddiaçının istinad etmədiyi faktiki hallara istinad etməklə iddianın əsasını dəyişmişdir. Bu baxımdan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsində göstərilən əsaslara görə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və yuxarıda göstərilən əsaslara görə iddia rədd edilməlidir. Həmçinin Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Eyni zamanda iddianın qiymətinin on min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 404-1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4802/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 06.12.2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı ASC-nin Cavabdeh qarşı 01 yanvar 2021-ci il tarixli Birgə fəaliyyət haqqında müqaviləyə əsasən ödənilməmiş 8329 manat məbləğində borcun Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə iddia rədd edilsin. Hüquqi yardıma görə 300 manat və mediasiya prosesi ilə bağlı 100 manat məbləğində məhkəmə xərcləri iddiaçının özünə aid edilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatının dəyəri olan cəmi 178 manat məbləğində pul vəsaiti İddiaçı ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vidadi Məmmədov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-254/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-254/2022
24.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver