Məhkəmə qərarları › İş №2-2(103)-255/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-255/2022

15.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-255/2022 15.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi, İddiaçı Azərbaycan-X2 (bundan sonra - iddiaçı) nümayəndələri Ercan Turan və X1, iddiaçının vəkili və nümayəndəsi Nümayəndə, Cavabdeh MMC-nin (bundan sonra cavabdeh) nümayəndəsi X4, cavabdehin vəkili və nümayəndəsi Vəkil2 iştirakı ilə iddiaçının cavabdehə qarşı pul tələbinə dair ilk, cavabdehin iddiaçıya qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizələri ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4459/2021 nömrəli iş üzrə 13 dekabr 2021-ci il tarixli qətnaməsindən cavabdehin apellyasiyasına əsasən kommersiya mübahisəsinə аçıq məhkəmə iclаsındа bаxаrаq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, cavabdehdən 422.756,60 manat məbləğdə pulun, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat pulun və həmin pula hesablanmış gecikdirilmiş hər ilə görə 5% məbləğdə əldən çıxmış faydanın tutularaq, ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddianın əsaslarına görə, tərəflər arasında neft məhsularının pərakəndə satışına dair 05.10.2017-ci il tarixli 17/006 nömrəli alqı-satqı müqaviləsi imzalanmışdır. Həmin müqavilənin 1.1 və 1.3-cü bəndlərinə əsasən, cavabdehə Aİ-92 benzin və dizel yanacaqları satılmışdır. Tərəflərin əməkdaşlığı uzun müddətdir ki, davam edir. Bu müddət ərzində aralarında ciddi narazılıq baş verməmişdir. Lakin son zamanlar iddiaçı tərəfindən cavabdehə satılmış neft məhsullarının dəyəri iddiaçıya ödənilmir. Müqavilə üzrə verdiyi neft məhsulları üzrə vaxtlı-vaxtında ödənişlər olunmadıqda iddiaçı digər tərəfdaşları qarşısında çıxılmız vəziyyətdə qalır. Bu da iddiaçının işgüzar imicinə və biznes maraqlarına ciddi ziyan vurur. Belə ki, iddiaçı tərəfindən cavabdehə ünvanlanmış 20.05.2021-ci il tarixli EBBC 003885 nömrəli elektron qaimə üzrə 134.584 manat və 20.05.2021-ci il tarixli EBBC 004087 nömrəli elektron qaimə üzrə 107.210 manat, ümumilikdə 241.794 manat pul iddiaçıya ödənilməmişdir. Həmçinin, iddiaçı tərəfindən cavabdehə 16.06.2021-ci il tarixdə ünvanlanmış 09 nömrəli pretenziya məktubunda da qeyd etdiyi kimi, 05.10.2017-ci il tarixli 17/006 nömrəli alqı-satqı müqaviləsi üzrə hesablaşmalar üzrə apardığı yoxlamalar zamanı aşkar edilmişdir ki, müqavilə üzrə 16.06.2021-ci il tarixə 422.756,60 manat ödənilməmiş məbləğdə borc yaranmışdır. Cavabdeh də iddiaçıya qarşı məhkəməyə qarşılıqlı iddia ərizəsi təqdim edərək, iddiaçıdan alınan yararsız dizel yanacağı nəticəsində avtobus nəqliyyat vasitələrinə dəymiş zərərə görə 369.099,51 manat, işgüzar nüfuza vurulmuş zərərin əvəzi olaraq 500.000 manat və 30 manat dövlət rüsumu olmaqla, cəmi 869.129,51 manat pul vəsaitinin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddianın əsaslarına görə, 2017-ci ildə tərəflər arasında neft məhsullarının pərakəndə satışına dair alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin 3.1-ci bəndinə əsasən satışa buraxılan neft məhsulunun keyfiyyəti DÜİST 2617-85 uyğun olmalıdır. Lakin iddiaçı tərəfindən satılan neft məhsulları yararsız vəziyyətdə olduğu üçün cavabdehin mülkiyyətində olan bir çox avtobuslara, o cümlədən Avro 5 və Avro 6 standartlarında müasir avtobus nəqliyyat vasitələrinə ciddi maddi zərər dəyərək, bəzi ehtiyyat hissələri sıradan çıxmışdır. Nəticədə cavabdehə bu günədək cəmi 369.099,51 manat məbləğdə zərər dəymişdir. Hesab edir ki, iddiaçı tərəfindən satılan yararsız neft məhsulu səbəbindən vurulmuş maddi zərərlə yanaşı yararsız yanacaq səbəbindən avtobus nəqliyyat vasitələrinin yollarda qalması, bu nəqliyyat vasitələrinin on minlərlə sərnişinin cavabdehə olan etirazları və nəticə olaraq işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi olaraq 500.000 manat ödəməlidir. Cavabdeh daha sonra məhkəməyə ilk iddiaya yazılı etiraz verərək, göstərmişdir ki, tərəflər arsında bağlanmış müqavilənin 2.1-ci bənbinə əsasən “Satıcı” “Alıcı”ya neft məhsullarının ödənilmiş məbləği qədər verir. Müqavilənin 3.2-ci bəndinə görə isə, “Alıcı” hər ayın sonunda “Satıcı” ilə üzləşmə aktı tərtib etməlidir. Müqavilənin 3.2-ci bəndi borc məbləğinin yalnız üzləşdirmə aktı ilə müəyyən olunmasını tələb edir. İddiaçı ərizədə 422.756,60 manat tələb etsə də, 20.05.2021-ci il tarixli EBBC 003885 nömrəli qaimə faktura üzrə 134.584 manat, 20.05.2021-ci il tarixli EBBC 004087 nömrəli qaimə faktura üzrə 107.210 manat, ümumilikdə 241.794 manat tələbi qaimə fakturalar ilə əsaslandırmağa çalışsa da, tələbin 180.962 manat hissəsini ümumiyyətlə izah edə bilməmişdir. Qeyd olunan qaimə faktura tarixlərinə nəzər yetirdikdə məlum olur ki, 20 may tarixində guya cavabdeh 241.794 manatlıq dizel məhsulu almışdır. Bu məbləğ 302.242 litr yanacaq edir. Bu həcmdə yanacağı saxlamaq üçün iddiaçının heç anbarı yoxdur. Bununla belə cavabdeh tərəfindən 2021-ci il ərzində (31.01.21, 28.02.21, 31.03.21, 30.04.21, 31.05.21-ci il) 333.281,84 manat məbləğdə ödənişlər həyata keçirmişdir. Bundan başqa, sözügedən elektron qaimələrin 2021-ci il may ayında kəsilməsinə baxmayaraq iddiaçının rəsmi möhürü ilə təsdiq edilmiş 08.06.2021-ci il tarixli 05 nömrəli rəsmi məktubuna əsasən borcun 241.794 manat olduğu bildirilir, həmin tarixdən sonra iddiaçının baş mühasibinin imzası ilə daxil olan məktubda borcun 165.523 manat olduğunu, lakin 40.201 manat məbləğinin guya ziyanlar və bank faizinə görə tələb olunduğu bildirilmişdir. Müqavilə şərtlərində borcun üzləşdirmə aktı ilə müəyyən edilməsinə dair imperativ şərt olmasına baxmayaraq, iddiaçı tələbini əks etdirən aktları məhkəməyə təqdim edə bilməmişdir. Bakı Kommersiya Məhkəməsinin 13.12.2021-ci il tarixli qətnaməsi ilə ilk iddia qismən təmin edilmiş, cavabdehdən 422.756,60 manat məbləğdə pulun tutularaq iddiaçıya ödənilməsi, ilk iddianın qalan hissədə rədd edilməsi, ilk iddia üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 20 manat məbləğinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, qalan 10 manat məbləğinin isə iddiaçıya aid edilməsi, qarşılıqlı iddianın rədd edilməsi, qarşılıqlı iddia üzrə ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehə aid edilməsi qət edilmişdir. Qətnamənin əsaslarına görə, “Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, tərəflər arasında 05 oktyabr 2017-ci il tarixli 17/006 saylı "Neft məhsularının pərakəndə satışına dair" alqı-satqı müqaviləsi bağlanmış və müqaviləyə əsasən İddiaçı Cavabdehnə neft məhsullarını pərakəndə satmağı, Cavabdeh isə neft məhsullarını qəbul etməyi və dəyərini ödəməyi öhdələrinə götürmüşlər. Tərəflər arasında 01.10.2019-cu il tarixədək olan alqı-satqı münasibətləri üzrə Cavabdeh 01.10.2019-cu il tarixə İddiaçınə 160076,85 manat borcu olmuş və bu borc 01.10.2019-cu il tarixli Qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktı ilə təsdiq edilmişdir. 01.10.2019-cu il tarixdən sonra İddiaçı tərəfindən Cavabdehnə 1.633.872,35 manat məbləğində neft məhsulları satılmış, Cavabdeh tərəfindən isə İddiaçınə 1.331.192,60 manat məbləğində bank vasitəsi ilə və 40.000 manat məbləğində nağd formada ödənişlər edilmişdir. Beləliklə, Cavabdeh İddiaçınə 422756.60 manat (1.793.949,20 manat (160076,85 manat (01.10.2019-cu il tarixə borc) + 1.633.872,35 manat (01.10.2019-cu il tarixdən sonra satış) – 1.371.192,60 (1.331.192,60 manat (01.10.2019-cu il tarixdən sonra bank vasitəsi ilə ödəniş) + 40.000 manat (01.10.2019-cu il tarixdən sonra nağd ödəniş) = 422756.60 manat) borcu qalmışdır.” Qətnamə ilə razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv edilib, ilk iddianın təmin olunmamasını, qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, iddiaçı tələbində cavabdehin 20.05.2021-ci il tarixli iki elektron qaimə üzrə ümumilikdə 241.794 manat pul vəsaitinin ödənilmədiyini, eləcə də tərəflər arasında bağlanmış 05.10.2017-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 16.06.2021-ci il tarixə 422.756,60 manat məbləğdə ödənilməmiş borcunun yarandığını qeyd etmişdir. İddia tələbindən məlum olur ki, 422.756,60 manat məbləğdə ödənilməmiş borcun 241.794 manat hissəsi 20.05.2021-ci il tarixli iki elektron qaimə üzrə yaranmışdır. Yerdə qalan borcun nəyin əsasında yarandığı iddia tələbində aydınlaşdırılmamışdır. Qeyd edir ki, işdə olan (səh. 166) tərəflər arasında bağlanmış 01.04.2020-ci il tarixli üzləşmə aktına əsasən 01.04.2020-ci il tarixə cavabdehin iddiaçıya olan borcunun 165.523 manat məbləğdə olması müəyyənləşdirilmişdir. Buna baxmayaraq iddiaçı “nədənsə” tərəflər arasında bağlanmış 01.04.2020-ci il tarixli sonuncu üzləşmə aktına deyil, 01.10.2019-cu il tarixli üzləşmə aktına istinad etmişdir. İşə baxan hakim 01.04.2020-ci il tarixli üzləşmə aktının, eləcə də 01.01.2020-ci il tarixli üzləşmə aktının iş materiallarında olmasını məhkəmə 06.12.2021-ci il tarixli iclasın 19-cu dəqiqəsində elan etmişdir. Həmçinin, 01.04.2020 il tarixli üzləşmə aktının surəti məhkəmənin 13.12.2021-ci il tarixə təyin olunmuş iclasında cavabdeh tərəfindən təkrarən məhkəməyə təqdim edilmiş, lakin məhkəmə tərəfindən həmin üzləşmə aktına münasibət bildirilib, hüquqi qiymət verməmişdir. İddiaçının tərəflər arasında bağlanmış 01.04.2020-ci il tarixli sonuncu üzləşmə aktına deyil, 01.10.2019-cu il tarixli üzləşmə aktına istinad etməsində “əsl niyyəti” 01.10.2019-cu il tarixdən 01 aprel 2020-ci il tarixədək olan dövr ərzində olan altı ədəd elektron qaimələr üzrə (səh.141-146) ödənilməmiş borcun mövcud olduğu görüntüsünü yaratmaqdan ibarət olmuşdur. Buna baxmayaraq tərəflər arasında bağlanmış sonuncu, yəni 01.04.2020-ci il tarixli üzləşmə aktı ilə 05.10.2017-ci il tarixli alqı-satqı müqaviləsi üzrə müqavilə bağlanan tarixdən 01.04.2020-ci tarixədək cavabdehin iddiaçıya olan borcunun 165.523 manat məbləğdə olması müəyyənləşdirilmişdir. Bununla da, tərəflər arasında ödənilməmiş borcla bağlı mübahisə yalnız 01.04.2020-ci il tarixli üzləşmə aktı ilə və həmin aktın bağlanmasından sonra aparılmış əməliyyatlar və ödənişlər üzrə araşdırılmalı olduğu halda, işə baxan birinci instansiya məhkəməsi qeyd olunan halları nəzərə almayaraq, iş üzrə səhv nəticəyə gəlmiş və yalnız ilkin iddiaçının təqdim etdiyi arayışa əsaslanaraq 01.10.2019-cu il tarixli üzləşmə aktı bağlandıqdan sonra aparılmış əməliyyatlar və ödənişlər üzrə araşdırma aparmışdır. 01.04.2020-ci il tarixli üzləşmə aktı bağlandıqdan sonra cavabdeh tərəfindən 2020ci ilin sentyabr ayından 31.05.2021-ci il tarixədək iddiaçıya 423.281,84 manat məbləğdə pul vəsaiti ödənilmişdir. Həmin vəsaitin 383.281,84 manat hissəsi bank köçürməsi ilə, 40.000 manat məbləği isə nağd qaydada kassa məxaric orderi ilə (səh. 161-163) ödənilmiş və bu fakt iddiaçı tərəfindən etiraf olunmuşdur. Buna baxmayaraq işə baxan birinci instaniya məhkəməsi cavabdeh tərəfindən iddiaçıya ödənilmiş 2021-ci il üzrə olan 333.281,84 manat ödəniş tapşırıqlarını nəzərə almış, 2020-ci ilin sentyabr və noyabr aylarında da iddiaçıya ödənilmiş müvafiq olaraq 30.000 və 20.000 manat məbləğdə pul vəsaitinin ödənilməsini təsdiq edən ödəniş tapşırıqlarını (səh. 91 və 92) nəzərə almamış və bu sübutları nəyə əsasən qəbul etmədiyini qətnamədə əsaslandırmamışdır. Tərəflər arasında 01.10.2019-cu il tarixli üzləşmə aktı bağlandıqdan sonra tərəflər arasında bağlanmış 01.01.2020-ci il tarixli üzləşmə aktı ilə 05.10.2017-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən aparılmış əməliyyatlar üzrə 01.01.2020-ci tarixədək cavabdehin iddiaçıya olan borcunun 166.298,40 manat, 01.04.2020-ci il tarixli üzləşmə aktı ilə 05.10.2017-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən aparılmış əməliyyatlar üzrə 01.04.2020-ci tarixədək cavabdehin iddiaçıya olan borcunun 165.523 manat məbləğində olması müəyyənləşdirilmişdir. Tərəflər arasında sonuncu, yəni 01.04.2020-ci il tarixli üzləşmə aktı bağlandıqdan sonra cavabdeh tərəfindən 2020-ci ilin sentyabr ayından 31.05.2021-ci il tarixədək iddiaçıya ödənilmiş 423.281,84 manat məbləğdə ödənişlər 01.04.2020-ci il tarixli üzləşmə aktı ilə müəyyən edilmiş 165.523 manat məbləğdə borcun və 30.01.2021-ci il tarixli 803540 nömrəli elektron qaimə əsasında alınmış 121.515,20 manat məbləğdə yanacağın və 03.03.2021-ci il tarixli 230432 nömrəli elektron qaimə əsasında alınmış 131.624,20 manat məbləğdə yanacağın dəyərinin ödənilməsi məqsədilə edilmişdir. Həmçinin, iddiaçı, cavabdehin 16.06.2021-ci il tarixə 422.756,60 manat məbləğdə ödənilməmiş borcunun yarandığını qeyd etsə də, sonuncuya təqdim edilmiş 08.06.2021-ci il tarixli pretenziya məktubunda 20.05.2021-ci il tarixli iki elektron qaimə üzrə ümumilikdə 241.794 manat məbləğdə borcun ödənilməsini tələb etmişdir. Qeyd edir ki, iddiaçının 20.05.2021-ci il tarixli iki elektron qaimə üzrə ümumilikdə 241.794 manat həcmində yanacaq məhsulları cavabdehə təhvil verilməmişdir. Həmçinin, 241.794 manat məbləğ 302.242 litr yanacaq edir ki, cavabdehin heç bir vaxt bir ay ərzində qeyd olunan həcmdə yanacaq sərfiyyatı olmamışdır. Eləcə də, iddiaçının qeyd olunan həcmdə yanacağı saxlamağa hər hansı bir anbarı mövcud deyil. Bundan başqa, məhkəmə baxışı zamanı iddiaçıdan qeyd olunan həcmdə yanacağın neft emalı zavodundan alınmasını təsdiq edən alış sənədləri və 2021-ci ilin may ayında qeyd olunan məbləğdə yanacağın cavabdehə təhvil verilməsini təsdiq edən sənədlərin məhkəməyə təqdim olunması təklif olunsa da, iddiaçının nümayəndəsi müxtəlif bəhanələr gətirərək 2021-ci ilin may ayında qeyd olunan həcmdə yanacağın alınmasını və təhvil verilməsini təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Eyni zamanda, satıcı tərəfindən alıcıya elektron sistem vasitəsilə göndərdiyi qaimələr yanacaq məhsullarının təhvil-təslimi barədə digər sübutlar olmadan həqiqətən alıcıya təqdim edildiyini təsdiq edən mötəbər sübut kimi qəbul edilə bilməz. Elektron qaimə Vergilər Nazirliyinin “Avis” proqramı vasitsilə alıcıya elektron qaydada göndərildiyi üçün mal müşayətedici sənəd deyil. Elektron qaimə mal məxaricini rəsmləşdirməyə imkan verən ilkin uçot sənədi olsa da, malların digər vergi ödəyicisinə təhvil-təslimini əvəz etmir. Buna baxmayaraq işə baxan birinci instansiya məhkəməsi tərəfindən 20.05.2021-ci il tarixli iki elektron qaimələrdə nəzərdə tutulmuş məbləğdə yanacağın cavabdehə təhvil verilib-verilməməsi faktı, eləcə də 01.04.2020-ci il tarixli üzləşmə aktının tərtib edilməsindən iddia tələbi ilə məhkəməyə müraciət edilən ana qədər borc məbləğinin nə qədər təşkil etməsi, hansı həcmdə malların təhvil verildiyi və nə qədər ödənişlərin edilməsi faktı tam araşdırılmamış, bununla da iş üzrə səhv nəticəyə gəlinərək, iddia tələbinin təmin olunmasına dair qanunsuz və əsassız məhkəmə aktı qəbul edilmişdir. İşə apellyasiya qaydasında baxılarkən cavabdehin vəkili və nümayəndələri apellyasiya şikayətini müdafiə edib, ona uyğun izahat vermiş, iddiaçının vəkili və nümayəndələri apellyasiya şikayətini qəbul etməyib, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20.05.2011-ci il tarixli Qərarında göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” - “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” - “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir. ... Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti ilə qətnamənin ləğvi xahiş edilsə də, mübahisənin predmeti bölünən olduğu və iddiaçı tərəfindən apellyasiya şikayəti verilmədiyi (qətnamə onun tərəfindən mübahisə edilmədiyi) üçün, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığına onun düzünə mübahisələndirilən hissədə, yəni apellyasiya şikayəti həddində hüquqi qiymət verilməli, qətnamə ilk iddia təmin olunan və qarşılıqlı iddia rədd edilən hissələrdə və yalnız apellyasiya şikayətinin dəlilləri üzrə yoxlanılmalıdır. Bu kontekstdə, apellyasiya şikayəti qarşılıqlı iddiaya dair heç bir dəlil ehtiva etmədiyi üçün hazırkı apellyasiya araşdırmasının predmetini ilk iddia təmin olunan hissə təşkil etməli, ilk iddianın qismən, qarşılıqlı iddianın isə tamamının rədd edildiyi hissələrə, həmin hissələr qətnamənin tərəflərin mübahisə etmədiyi hissəsinə aid olduğundan, toxunulmamalıdır. Belə bir araşdırmadan hərəkətlə, işin tərəflərin birinci instansiya məhkəməsinə təqdim etdiyi sübutlardan müəyyən edilən mübahisəsiz hallarına görə:

1. tərəflər arasında (“Satıcı” iddiaçı, “Alıcı” cavabdeh) neft məhsullarının pərakəndə satışına dair 05.10.2017-ci il tarixdə 17/006 nömrəli müqavilə bağlanmışdır. Müqavilənin: 2.1-ci bəndinə əsasən, satıcı alıcıya neft məhsullarını ödənilmiş məbləğ qədər verir; 3.2-ci bəndinə görə, alıcı hər ayın sonunda satıcı ilə üzləşdirmə aktı tərtib edərək, həmin aktda aparılan yanacağın növü, miqdarı, məbləği göstərilərək, hər iki tərəfin imzası və iştirakı ilə talonlar ləğv edilir; 3.4-cü bəndinə əsasən, alıcı tərəfindən avans olaraq ödənilən pul vəsaitləri kifayət etmədikdə növbəti məbləğ avans şəklində satıcının hesabına daxil edilənə qədər malların buraxılmasını dayandırmaq; 4.3-cü bəndinə görə, neft məhsullarının dəyəri alıcı tərəfindən qabaqcadan ödənilir;

2. tərəflər arasında 05.10.2017-ci il tarixli 17/006 nömrəli müqavilə üzrə üç, 01.10.2019, 01.01.2020 və 01.04.2020-ci il tarixli Qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktları tərtib olunmuş, aktlar tərəflərin səlahiyyətli şəxsləri və möhürləri ilə təsdiq edilmişdir; 01.10.2019-cu il tarixli aktda göstrərilmişdir ki, dövrün əvvəlinə (01.09.2019) qalıq 114.726,40 manat, ödəniş 170.598 manat, dövrün sonuna (01.10.2019) qalıq 160.076,85 manat, 01.01.2020-ci il tarixli aktda qeyd olunmuşdur ki, dövrün əvvəlinə (01.10.2019) qalıq 160.076,85 manat, ödəniş 554.607 manat, dövrün sonuna (31.12.2019) qalıq 166.298,40 manat, 01.04.2020-ci il tarixli aktda göstrərilmişdir ki, dövrün əvvəlinə (01.01.2020) qalıq 166.298,40 manat, ödəniş 435.418,60 manat, dövrün sonuna (31.12.2019) qalıq 165.523 manat təşkil etmişdir;

3. hər sonrakı akt əvvəlki aktla müəyyən edilən borc məbləğini nəzərə alaraq qalıq borcu yenidən təsbit etdiyi üçün tərəflər arasında borc məbləğinin razılaşdırıldığı sonuncu rəsmi sənəd olaraq 01.04.2020-ci il tarixli aktdan sonra iddiaçı tərəfindən cavabdehə 30.01.2021-ci il tarixli EBAVV 803540 nömrəli (121.515,20 manat), 03.03.2021-ci il tarixli EBAY 230432 nömrəli (131.624,80 manat), 20.05.2021-ci il tarixli EBBC 003885 nömrəli (134.584 manat) və 20.05.2021-ci il tarixli EBBC 004087 nömrəli (107.210 manat) olmaqla, cəmi dəyəri 494.934 manat təşkil edən 4 elektron qaimə təqdim olunmuşdur, cavabdeh 30.01.2021-ci il tarixli və 03.03.2021-ci il tarixli elektron qaimələri qəbul edir;

4. 01.04.2020-ci il tarixli aktdan sonra cavabdeh tərəfindən iddiaçıya ödəniş tapşırıqları, bank vasitəsilə 333.281,84 manat məbləğdə, kassa məxaric orderləri ilə 40.000 manat nağd şəkildə olmaqla, cəmi 423.281,84 manat məbləğdə ödəniş edilmişdir;

5. tərəflər arasında neft məhsullarının pərakəndə alqı-satqısı 2021-ci ilin may ayınadək davam etmiş, 2021-ci ilin may ayında və ondan sonra heç bir satış olmamış, cavabdeh 2021-ci ilin may ayından etibarən malları iddiaçıdan deyil, "xxxx" QSC-dən almışdır. İşin mübahisəli halı isə, iddiaçı tərəfindən cavabdehə təqdim olunmuş 20.05.2021-ci il tarixli EBBC 003885 nömrəli (134.584 manat) və 20.05.2021-ci il tarixli EBBC 004087 nömrəli (107.210 manat) elektron qaimələrin cavabdeh tərəfindən qəbul edilməməsi ilə bağlıdır. Cavabdeh bildirir ki, əslində 5 gün ərzində etiraz etməli olduğu halda texniki səbəblərdən bunu etmədiyi üçün proqram təminatı tərəfindən avtomatik təsdiq ediən həmin elektron qaimələrdə qeyd olunan miqdarda mallar ona təqdim olunmamış, iddiaçı da 2021-ci ilin may ayında cavabdehə cəmi 241.794 manat məbləğdə maye yanacaq satması barədə sözügedən iki elektron qaimədən başqa heç bir sübut təqdim etməmişdir.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə 10.2. Qanunvericiliyə və ya müqaviləyə zidd olan işgüzar adətlər tətbiq edilmir; Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur; Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 71-1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilən hallarda fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verir. Eyni Məcəllənin 176-cı maddəsinə görə, həmin Məcəllənin 176.4-cü maddəsinin yerinə yetirilməsi şərti ilə, ƏDV-nin ödəyicisi kimi qeydiyyatdan keçən və vergi tutulan əməliyyat aparan şəxs malları, işləri və ya xidmətləri qəbul edən şəxsə elektron vergi hesab-fakturasını verməyə borcludur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.02.2021-ci il tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın: 1.3. Bu Qaydalara uyğun tərtib edilməyən elektron qaimə-faktura mal (iş, xidmət) təqdim edilməsinin rəsmiləşdirilməsinə əsas vermir; 2.18. Elektron qaimə-faktura tərtib edilən zaman göndərilmiş, yaxud təqdim olunmuş malların (işlərin, xidmətlərin) adlarının dəqiq qeyd edilməməsinə, ümumiləşdirilmiş adlardan (məsələn, “mallar”, “tikinti materialları”, “müqaviləyə əsasən iş, xidmət” və digər bu kimi adlar) istifadə edilməsinə yol verilmir; 2.3. Elektron qaimə-fakturada (malların emala verilməsi barədə elektron qaiməfaktura üzrə bu Qaydaların 2.3.13-cü, 2.3.15-2.3.17-ci və 2.3.23-cü yarımbəndləri və emal prosesi keçmiş malların qaytarılması barədə elektron qaimə-faktura üzrə bu Qaydaların 2.3.8-ci, 2.3.13-cü, 2.3.14-cü, 2.3.17-ci və 2.3.23-cü yarımbəndlərində qeyd edilmiş məlumatlar istisna olmaqla) aşağıdakı məlumatlar əks etdirilir: 2.3.5. əsas; 2.3.27. elektron qaimə-fakturanı imza etmiş məsul şəxslərin (rəhbər, fərdi sahibkar və ya baş mühasib) vəzifəsi, soyadı, adı; 2.3.28. elektron qaimə-fakturanı təhvil verən və təhvil alan şəxslərin soyadı, adı, atasının adı; 3.1. Vergi ödəyicisi elektron qaimə-fakturanı elektron formada göndərir; 3.2. Elektron qaimə-faktura vergi ödəyicisi tərəfindən müvafiq qaydada hazırlanıb təsdiq edildikdə, Portal vasitəsilə avtomatik olaraq qəbul edənin bu səhifədə yaradılmış elektron kabinetinə göndərilir; 3.3. Cari elektron qaimə-faktura göndərildiyi vaxtdan 5 (beş) gün müddətində qəbuledən tərəfindən düzəliş üçün qaytarıla və ya təsdiqlənə bilər. Düzəliş üçün qaytarılmış elektron qaimə-faktura göndərən tərəfindən düzəliş edildikdən sonra yenidən təqdim oluna bilər; 3.4. Bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı və 2.2.9-cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri istisna olmaqla, cari elektron qaimə-faktura 5 (beş) gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaimə-fakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 (beş) gün müddətində), həmin elektron qaimə-faktura proqram təminatı tərəfindən təsdiq edilir; 3.7. Elektron qaimə-faktura aşağıdakı müddətlərdə təqdim edilir: 3.7.1. malların təqdim edilməsi üzrə mallar göndərilən (verilən) vaxt; 3.7.2. əvvəlcədən sifariş edilməyən malların təqdim edilməsi üzrə malların təhvil verilməsini təsdiq edən sənədin verildiyi tarixdən 5 (beş) gün müddətində; 3.7.3. işlərin görülməsi və xidmətlərin göstərilməsi üzrə işlərin görüldüyü və xidmətlərin göstərildiyi tarixdən 5 (beş) gün müddətində. MPM-in: Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur; Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 78.1-1. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatı zamanı işdə iştirak edən şəxslər yazılı sübutları yalnız “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə təqdim edirlər. Bununla belə bu qaydada təqdim olunmuş yazılı sübutun həqiqiliyi şübhə doğurarsa, məhkəmə həmin yazılı sübutun əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edə bilər; Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır; Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20.05.2011-ci il tarixli Qərarında göstərilmişdir ki, “Apellyasiya institutu əksər dövlətlərin mülki prosessual qanunvericiliyində öz əksini tapmış və onun iki növü nəzərdə tutulmuşdur - tam və natamam apellyasiya. Tam apellyasiya zamanı (Fransa, İtaliya) mövcud prosessual hüquqda nəzərdə tutulmuş apellyasiya icraatının əhəmiyyəti işə mahiyyəti üzrə yenidən baxılmasından ibarətdir. ... Natamam apellyasiya zamanı (Avstriya və Almaniya) sübutetmə prosesi birinci instansiya məhkəməsində cəmlənib, apellyasiya məhkəməsi isə birinci instansiyada tərəflərin təqdim etdiyi faktiki materiallar əsasında işə yenidən baxaraq onun səhvlərini və nöqsanlarını aradan qaldırmalıdır. Apellyasiya məhkəməsinin vəzifəsi birinci instansiyada işin mahiyyətinə aid olmayan hallardan təmizlənmiş və apellyasiya şikayətinin həcmində mübahisənin predmetinə baxılmasından ibarətdir. ... Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini MPM-in 371 və 372-ci maddələri müəyyən edir. Bu hədləri üç qrupa bölmək olar: - yeni və əlavə sübutların təqdim olunmasında məhdudiyyətlər; - məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının yoxlanılmasının hədləri; - birinci instansiya məhkəməsi tərəfindən işə baxılmanın predmeti olmayan yeni tələblərin təqdim edilməsinin qadağan olunması. ... Apellyasiya məhkəməsində yeni və əlavə sübutların təqdim olunmasında və yoxlanılmasında məhdudiyyətlər tam apellyasiyanın olmamasına dəlalət edir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” 27.08.2012-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, “Apellyasiya məhkəməsində yeni və əlavə sübutların təqdim olunmasında və yoxlanmasında məhdudiyyətlər ölkəmizdə natamam apellyasiyanın olmasına dəlalət edir. Tam apellyasiyadan fərqli olaraq natamam apellyasiya zamanı apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsini əvəz etmir, onun vəzifəsi birinci instansiyada işin mahiyyətinə aid olmayan hallardan təmizlənmiş və apellyasiya şikayətinin həcmində mübahisənin predmetinə baxılmasından ibarətdir. Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd edir ki, yeni tələb birinci instansiya məhkəməsi tərəfindən baxılmadığı üçün apellyasiya instansiyası məhkəməsi işi bu tələb üzrə həll etmək və bununla da birinci instansiya məhkəməsini əvəzləmək hüququna malik deyildir. Lakin MPM-in 372.5-ci maddəsinin mahiyyətinə görə dispozitivlik, çəkişmə, tərəflərin bərabərlik prinsiplərinin təmin edilməsi məqsədilə apellyasiya instansiyası məhkəməsi müstəsna hallarda yeni tələbi qəbul edə və ona baxa bilər. Belə müstəsna halı MPM-in 372.2-ci maddəsi müəyyən edir. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərinə dair MPM-in 372-ci maddəsində tərəflər üçün başqa müstəsna hal nəzərdə tutulmadığından Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, MPM-in 372.5-ci maddəsində nəzərdə tutulmuş yeni tələb apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilə bilər ki, ərizəçi həmin tələbin birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Başqa yanaşma birinci instansiya məhkəməsinin prosessual əhəmiyyətinin aşağı salınmasına gətirib çıxara bilər.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18.03.2019-cu il tarixli qərarında göstərilmişdir ki, “... 2000-ci ilədək qüvvədə olmuş Mülki Prosessual Məcəllənin 14-cü maddəsi müəyyən etmişdi ki, məhkəmə təqdim olunmuş materiallarla və izahatlarla kifayətlənməyərək, işin həqiqi hallarını, tərəflərin hüquq və vəzifələrini hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaq üçün qanunla nəzərdə tutulan bütün tədbirləri görməlidir. Həmçinin həmin Məcəllənin 49-cu maddəsinin ikinci hissəsində təsbit olunmuşdur ki, təqdim edilmiş sübutlar kifayət olmadıqda, məhkəmə tərəflərə və işdə iştirak edən digər şəxslərə əlavə sübutlar təqdim etməyi təklif edir və ya sübutları öz təşəbbüsü ilə toplayır. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında vurğulamışdır ki, dispozitivlik prinsipi işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunur. Bu prinsipə əsasən hakim deyil, yalnız tərəflər mülki prosesin başlanması, onun predmetinin dairəsi və mülki prosesin yekunlaşdırılması barədə qərar qəbul edir. Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. ... Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki hüquqi mövqeyini inkişaf etdirərək, ilk növbədə qeyd etməyi lazım bilir ki, mülki məhkəmə icraatında Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası ədalət mühakiməsinin əsas prinsipləri və şərtlərini müəyyən edən Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinin “Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar”, həmin maddənin İV və Vİİ hissələrinin “Ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir. Məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir” və Konstitusiyanın 129-cu maddəsinin İİİ hissəsinin “Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır” müddəaları ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Məhkəmə tərəfindən həqiqətin müəyyən edilməsi müddəası konstitusiya norması olmaqla ümumi xarakter daşıyır. Lakin həqiqətin müəyyən edilməsinin məqsəd və qaydası məhkəmə icraatının növündən asılı olaraq fərqlənir. Belə ki, məhkəmə prosesinin mülki, inzibati və ya cinayət işi üzrə olmasından asılı olaraq həqiqətin xarakteri də dəyişir. ... Burada söhbət hüquqi müstəvidə həqiqətə nail olunmasından gedir, müvafiq olaraq bu həqiqətin mahiyyəti də hüquqidir. Belə ki, proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Belə həqiqəti şərti olaraq “hüquqi həqiqət” adlandırmaq olar. Hüquqi həqiqət prinsipi, bir növ, əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlo-sakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir. … Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir.” İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26.07.2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti non neganti incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan, həmçinin təkzibolunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). Eyni Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06.03.2008-ci il tarixli qərarında isə göstərmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq, əsaslı şübhədən kənar sübut standartları tətbiq edilir (§93).

İşin müəyyən olunmuş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə kollegiyası apellyasiya şikayəti ilə razılaşaraq, onun dəlillərini əsaslı sayır. Məhkəmə kollegiyası əvvəlcə qeyd edir ki, məhkəmə tədqiqatının tamlığı mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən və mübahisənin mahiyyətinə aid olan materialların və faktların tədqiqi ilə təmin olunur. Bu kontekstdə mülki mühakimə icraatı qaydasında baxılan kommersiya mübahisələrində tərəflərin iştirakı dispozitivlik prinsipinə söykənir. Dispozitivlik prinsipi isə formal həqiqət prinsipinə əsaslanır. Belə ki, MPM-in 14.2-ci maddəsi məhkəməyə öz təşəbbüsü ilə hər hansı sübutu işə əlavə etməyi və araşdırmağı qadağan etmişdir. Eyni Məcəllənin 77.1-ci maddəsində sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən şəxslərin üzərinə qoyulması mülki mühakimə icraatının çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Tərəflərin hər biri bu qaydadan istifadə edərək öz tələb və etirazlarının əsaslılığını sübut etməlidir. Sübutların qiymətləndirilməsi isə hüquqi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materiallarının qanunun tələblərinə uyğunluğunun, tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, hərtərəfliliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında düzgün nəticəyə gəlinməsini ehtiva edir. Sübutların qiymətləndirilməsi prosesi sübutların qəbul edildiyi və araşdırıldığı bütün icraat gedişində həyata keçirilir. Bu prosesdə sübutun məzmununu təşkil edən dəlillər və faktlar qiymətləndirilməlidir. Sübut o halda mötəbər hesab edilir ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatların həqiqətə uyğun olduğu, habelə bu sübutun qanunun bütün formal tələblərinə cavab verdiyi müəyyən edilsin. Heç bir sübutun əvvəlcədən sübutetmə qüvvəsi yoxdur. Ən mötəbər mənbədən alınmış sübuta da araşdırılıb, digər sübutlarla müqayisə edilərək, məcmu halda qiymət verilməlidir. Bu kontekstdə, ilk olaraq, iddiaçı hazırkı tələbini faktiki cəhətdən 05.10.2017-ci il tarixli alqı-satqı müqaviləsindən irəli gələn öhdəliklərin cavabdeh tərəfindən icra edilməməsi ilə əsaslandırsa da, həmin müqavilənin 2.1-ci bəndi ilə “neft məhsullarını ödənilmiş məbləğ qədər vermək”, 3.4-cü bəndi ilə “avans olaraq ödənilən pul vəsaitləri kifayət etmədikdə malların buraxılmasını dayandırmaq” və 4.3-cü bəndi ilə “neft məhsullarının dəyəri alıcı tərəfindən qabaqcadan ödənilir” kimi ona tanınan üstün hüquqlarından istifadə etməməsinin, başqa sözlə, onun lehinə olan müqavilə şərtlərinə zidd hərəkət edərək, neft məhsullarının dəyəri cavabdeh tərəfindən qabaqcadan ödənilmədiyi halda, malların güman olunan satışını həyata keçirməyə davam etməsinin səbəblərini məhkəmə kollegiyasının iclasında aparılan dəqiqiləşdirmələr zamanı da izah edə və əsaslandıra bilməmişdir. Bundan əlavə, iddiaçı cavabdehə göndərdiyi 08.06.2021-ci il tarixli 08 nömrəli pretenziya məktubunda sonuncunun ona yalnız 20.05.2021-ci il tarixli EBBC 003885 nömrəli (134.584 manat) və EBBC 004087 nömrəli (107.210 manat) elektron qaimələr üzrə ödənilməmiş cəmi 241.794 manat məbləğdə borcunun olduğunu bildirdiyi halda, 16.06.2021-ci il tarixli 09 nömrəli pretenziya məktubuna “Araşdırma zamanı mühasibatlıq tərəfindən müəyyən edildi ki, 16.06.2021-ci il tarixə ... neft məhsullarının (dizel yanacağının) 422.756,60 manat dəyəri ödənilməmişdir.” məzmunda yeni abzas əlavə etmiş, lakin borc məbləğinin iki pretenziya məktubu arasında meydana çıxan 180.962 manat artışını da nə sözügedən məktubunda, nə iddia ərizəsində, nə birinci instansiya məhkəməsinin gedişində, nə də ki, məhkəmə kollegiyasının araşdırmasında konkret dəlillərlə (tarix, miqdar, məbləğ, hesablama) izah edə və əsaslandıra bilməmişdir. Bu fakt da məhkəmə kollegiyasında belə bir qənaət formalaşdırmışdır ki, iddiaçı məhkəmədə iddia qaldırılan ərəfədə də tələb edəcəyi borcun məbləği barədə dəqiq təsəvvürə malik olmamışdır. Həmçinin, tələbinin sübutu kimi iddiaçı öz mühasibatlığının 01.10.2019-cu il tarixli üzləşdirmə aktından başlayan hesablamalarına istinad etmiş, birinci instansiya məhkəməsi də onun bu hesablamalarını əsas götürərək, işdə olan (iş vərəqi, 166), tərəflər arasında 01.04.2020-ci il tarixdə tərtib edilən sonuncu üzləşdirmə aktına qətnaməsində ümumiyyətlə heç bir qiymət verməmişdir. Halbuki, 01.10.2019-cu il tarixli aktla müəyyən edilən borc məbləği 01.01.2020-ci il tarixli aktla, 01.01.2020-ci il tarixli aktla müəyyən edilən borc məbləği isə 01.04.2020-ci il tarixli aktla qəbul və təsdiq edilib, nəzərə alınaraq, tərəflər arasında borc məbləğinin razılaşdırıldığı sonuncu rəsmi sənəd 01.04.2020-ci il tarixli akt olduğu üçün, onlar arasında yaranmış ödənilməyən borc məbləğinə dair mübahisə də məhz sözügedən aktla təsbit edilən 165.523 manat, üstəgəl, 01.04.2020-ci il tarixdən sonra yarandığı irəli sürülən sonrakı borc məbləğləri tədqiq edilməklə, həll edilməli idi. Digər tərəfdən, cavabdeh də iddiaçıya 01.04.2020-ci il tarixli aktla müəyyən edilən 165.523 manat borcla birlikdə 30.01.2021-ci il tarixli EBAVV 803540 nömrəli və 03.03.2021-ci il tarixli EBAY 230432 nömrəli elektron qaimələr əsasında alınmış 121.515,20 və 131.624,80 manat məbləğdə yanacağın dəyərinin cəmi məbləği 418.663 manat borcunun olduğunu, lakin ödədiyini bildirir. Habelə, 01.04.2020-ci il tarixli aktdan sonra iddiaçı tərəfindən cavabdehə 30.01.2021, 03.03.2021 və 20.05.2021-ci il tarixlərdə cəmi dəyəri 494.934 manat təşkil edən 4 ədəd elektron qaimə təqdim olunduğu, cavabdehin isə 01.04.2020-ci il tarixdən sonra iddiaçıya cəmi 423.281,84 manat məbləğdə ödəniş etdiyi nəzərə alınarsa, cavabdehin borc məbləğinin tərəflərin birinci instansiya məhkəməsinə təqdim etdikləri sənədlər əsasında belə sadə riyazi hesabla 71.652,16 manatla məhdudlaşdığı məlum olar. Bu da o deməkdir ki, hətta tərəflərin birinci instansiya məhkəməsinə təqdim etdiyi sənədlər, o cümlədən cavabdehin etiraz etdiyi 20.05.2021-ci il tarixli iki elektron qaimə mötəbər fərz olunan halda belə iddiaçının tələbi maksimum 71.652,16 manat həddində təmin oluna bilərdi. Bu məqamda, iddiaçının hazırkı iddia ilə cavabdehdən tələb etdiyi borc məbləği (422.756,60 manat) ilə sonuncunun 01.04.2020-ci il tarixdən sonra həyata keçirdiyi ödənişlərin (423.281,84 manat) təqribi (yuvarlaq) məbləğlərinin eyni (423.000 manat) olması da diqqətə alınmalıdır. Eləcə də, iddianın hətta 71.652,16 manat həddə əsaslılığının təsdiq olunması üçün də iddiaçı tərəfindən birinci instansiya məhkəməsinə mötəbər sübutlar təqdim edilməmişdir. Belə ki, qeyd edilidiyi kimi, bu həcmdə iddia yalnız 20.05.2021-ci il tarixli iki elektron qaimənin malların iddiaçı tərəfindən 2021-ci ilin may ayında təqdim edilməsinin sübutu kimi qiymətləndirildiyi halda təmin edilə bilərdi. Lakin həmin elektron qaimələr təkbaşına malların iddiaçı tərəfindən 2021-ci ilin may ayında cavabdehə təqdim edilməsini sübuta yetirmək qüvvəsinə malik deyil. Çünki, sözügedən elektron qaimələr “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.7-ci bəndinin tələbinə uyğun olaraq mallar verilən vaxt yaxud malların təhvil verilməsini təsdiq edən sənədin verildiyi tarixdən 5 gün müddətində tərtib edilə bilərdi. Göründüyü kimi, qanunvericilik elektron qaimə-fakturanın təqdim edilməsi üçün mallar verilən vaxtdan ən çoxu 5 günlük bir müddət nəzərdə tutmuşdur ki, bu da hazırkı mübahisə üzrə 15.05.2021-ci il tarixə təsadüf edir. Başqa ifadə ilə, Qaydaların imperativ tələbi o vaxt yerinə yetirilmiş, yəni 3.7-ci bəndin göstərişinə o halda əməl edilmiş sayıla bilərdi ki, 20.05.2021-ci il tarixli elektron qaimələr ən geci 5 gün əvvəl verilmiş mallara görə tərtib edilmiş olardılar. Belə bir hal isə işdən müəyyən edilmir. Ona görə ki, əvvəla, 2021-ci ilin may ayında tərəflər arasında yanacaq alış-verişinin olmadığı işin mübahisəsiz halıdır. Əlavə olaraq, iddiaçı məhkəmə kollegiyasına ünvanladığı 15.03.2022-ci il tarixli məktubunda bildirmişdir ki, 20.05.2021-ci il tarixli elektron qaimələrdə əks olunan məbləğdə yanacağın satışı əvvəlki aylarda olmuş, əvvəlki aylardan nəyin (ay, konkret gün, miqdar, məbləğ) nəzərdə tutulduğu isə bu dəfə də məktubda, eləcə də nümayəndələr tərəfindən məhkəmə kollegiyasının iclasında açıqlığa qovuşdurulmamışdır. Həmçinin, 20.05.2021-ci il tarixli elektron qaimələrdə “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 2.3.5-ci bəndinin tələbinə zidd olaraq qaimənin verilməsinə əsas təşkil edən sənəd düzgün göstərilməmiş (qaimələrdə “Əsas: müqavilə 2021” kimi qeyd olunmuşdur), 2.3.27 və 2.3.28-ci bəndin tələblərinə zidd olaraq isə elektron qaimə-fakturanı imza etmiş məsul şəxslərin (rəhbər, fərdi sahibkar və ya baş mühasib) vəzifəsi, soyadı, adı, elektron qaimə-fakturanı təhvil verən və təhvil alan şəxslərin soyadı, adı, atasının adı qeyd olunmamışdır. Həmin Qaydaların 1.3-cü bəndinə görə isə, bu Qaydalara uyğun tərtib edilməyən elektron qaiməfaktura mal (iş, xidmət) təqdim edilməsinin rəsmiləşdirilməsinə əsas vermir. Bundan əlavə, tərəflər arasında bağlanmış 05.10.2017-ci il tarixli alqı-satqı müqaviləsinin 3.2-cı bəndində nəzərdə tutulmuşdur ki, alıcı hər ayın sonunda satıcı ilə üzləşdirmə aktı tərtib edərək, həmin aktda aparılan yanacağın növü, miqdarı, məbləği göstərilərək, hər iki tərəfin imzası və iştirakı ilə talonlar ləğv edilir. Göründüyü kimi, alqısatqı müqaviləsinin şərtlərinə görə malların satıcı tərəfindən alıcıya təhvil verilməsi Müqavilənin 3.2-ci bəndinə uyğun qaydada alıcı (cavabdeh) tərəfindən tərtib edilib, satıcıya (iddiaçıya) təqdim olunmalı olan gündəlik talonlarla, aylıq isə tərərflər arasında tərtib edilməli olan üzləşdirmə aktları ilə rəsmiləşdirilməli idi. Elektron qaimələr isə Vergilər Nazirliyinin “Avis” proqramı vasitəsilə alıcıya (cavabdehə) elektron qaydada göndərildiyi üçün mal müşayətedici sənəd deyil. Əgər tərəflər malın təhvil-təsliminin yalnız elektron qaimə göndərilməsi ilə rəsmiləşdirilməli olması barədə razılığa gəlmiş olsaydılar, onda müqavilənin 3.2-ci bəndinin müqaviləyə əlavə edilməsinə zərurət olmazdı. Odur ki, elektron sistem vasitəsilə göndərilmiş qaimələr malın təhvil-təslimi barədə digər sübutlar olmadan satılmış malların həqiqətən alıcıya təqdim edildiyini təsdiq edən mötəbər sübut kimi qəbul edilə bilməz, bu qaimələr malların digər vergi ödəyicisinə təhvil-təslimini təsdiq edən sənədi əvəz etmir. O da nəzərə alınmalıdır ki, alıcıya düzgün göndərilməmiş elektron qaimənin alıcı tərəfindən deyil, yalnız satıcı tərəfindən ləğv edilməsi və ya dəyişdirilməsi mümkündür. İşdən müəyyən edilir ki, tərəflər arasında müqavilədən irəli gələn mülki hüquq münasibətləri mövcud olan dövrdə onların qarşılıqlı işgüzar təcrübəsi də məhz bu qaydaya uyğun formalaşdırılmağa çalışılaraq, üç dəfə üzləşdirmə aktı tərtib edilmişdir. Məhkəmə kollegiyası iddiaçının birinci instansiya məhkəməsinə təqdim etdiyi, yuxarı hissəsində əlyazısı ilə “Talonlara görə göstəricilər” sözləri qeyd olunmuş, iddiaçının möhürü ilə təsdiq edilmiş, müxtəlif məbləğləri əks etdirən hesab vərəqlərini (iş vərəqi-151- 157), həmin materiallardakı rəqəmlər digər qaydada təsdiqini tapmadığı və bu barədə əlavə heç bir sübut işdə mövcud olmadığı, iddiaçı tərəfindən təktərəfli qaydada, cavabdehin nümayəndəsinin iştirakı olmadan tərtib edildiyi üçün, mötəbər saymır, tərəflərin müxtəlif dövrlərdə yanacağın satışı barədə apellyasiya baxışı zamanı təqdim etdiyi, üzərində İddiaçı yazılmış qəbzləri isə, həmin materiallar ilk dəfə apellyasiya instansiya mərhələsində təqdim edilən yeni sübutlar olduğu üçün, sübut kimi qəbul etməyib, hüquqi qiymət vermir. Beləliklə də, məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, tərəflər öz aralarında azad surətdə alqı-satqı müqaviləsi bağlamış, müqavilənin məzmununu müəyyənləşdirmiş, müqavilə bağlandığı andan qüvvəyə minmiş və onlar üçün məcburi olmuşdur. İddiaçının alqı-satqı müqaviləsi üzrə hazırkı iddia ilə tələb etdiyi mübahisəli məbləğdə əşyanı cavabdehin mülkiyyətinə verməsi, cavabdehin isə həmin məbləğdə əşyanı qəbul etməsi və əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəmək öhdəliyini icra etməməsi işdən müəyyən edilmir. Odur ki, iddiaçı cavabdehin mülkiyyətinə təhvil verildiyi təsdiq olunmayan əşyanın ödənilməsini ondan tələb etməkdə haqlı olmamışdır, onun öz tələbinin əsası kimi istinad etdiyi hallar sübuta yetirilməyən iddiası da əsassız olduğundan, təmin edilə bilməz. MPM-in: 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi;

390. Məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişsə, məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillər işin hallarına uyğun hesab edilmir. Hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin ilk iddianın qismən təmin olunması ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsassız, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunsuzdur, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təsdiq olunur, dəlillər qətnamənin qismən ləğvinə əsas verir. Bununla bağlı olaraq, qətnamə ilk iddia qismən təmin olunan hissədə ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli və ilk iddia qalan hissədə də rədd edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti qismən təmin edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4459/2021 nömrəli iş üzrə 13 dekabr 2021-ci il tarixli qətnaməsi qismən - ilk iddia qismən təmin edilib, Cavabdeh MMC-dən 422.756,60 manat məbləğdə pulun tutularaq İddiaçı Azərbaycan-X3 ödənilməsi hissədə ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin və eyni hissədə ilk iddia təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Cavabdehin apellyasiya şikayəti qismən təmin edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar