Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-256/2021 10.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası Hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Yusifov Cahangir Afər oğlundan və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədova Nərmin Məzahir qızının katibliyi ilə, İddiaçı ASC-nin cavabdeh “xxxx” Şirkətinə qarşı pul tələbinə dair iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, e-2-2(113)-4064/2020 nömrəli qərardadından İddiaçı ASC tərəfindən verilən şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı ASC cavabdeh “xxxx” Şirkətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 8716,49 ABŞ dollarının, 435,82 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 9152,31 ABŞ dolları borcun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdeh “xxxx” Şirkətindən tutulub ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, e-2-2(113)-4064/2020 nömrəli qərardadına əsasən iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmışdır. İddiaçı ASC həmin qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini və iddia ərizəsinin icraata qəbul edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, cavabdehin ünvanı Qatarda yerləşir. Azərbaycan Respublikası MPM-nin 150.0.4-cü maddəsinə əməl edilməsi məqsədilə iddia ərizəsinin surəti və ona əlavə edilmiş sənədlər cavabdehin ünvanına göndərilmiş, alkin qəbul etməkdən yayınmışdır. Nəzərə alınsa ki, İddiaçı ASC Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan qurumdur və səhmlərinin 100%-i dövlətə məxsusdur, cavabdehin məktubu qəbul etməməsi Cəmiyyətin maraqlarına toxunur və büdcəyə pulun ödənilməsindən cavabdeh yayınır. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2-2(113)-4064/2020 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətə baxılması xx.xx.2021-ci il tarixə təyin edilmiş, işə baxılmasının vaxtı barədə iddiaçıya məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə şikayəti işin materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, e-2-2(113)- 4064/2020 nömrəli qərardadı ləğv edilməli, iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Birinci instansiya məhkəməsi iddia ərizəsini geri qaytararkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.0.4-cü və 152.1.4-cü maddələrinə istinad etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.0.4-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd əlavə olunmalıdır. Həmin Məcəllənin 152.1.4-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə iddia ərizəsi və əlavə edilmiş sənədlər geri qaytarılır. İddiaçının elektron qaydada təqdim etdiyi iddia ərizəsinə əlavə edilmiş “Ekspress” poçt xidmətinin xx.xx.2020-ci il tarixli qəbzindən görünür ki, iddiaçı tərəfindən cavabdehin ünvanına məktub göndərilmişdir. Qəbzin “çatdırma” qrafası boş olduğundan göndərilən sənədin hansı səbəbdən ünvan sahibinə çatmadığı aydın olur. Lakin çatdırılmanın hansı səbəbdən baş tutmadığı qeyd edilmədiyindən iddiaçının şikayət ərizəsində qeyd etdiyi halı (cavabdehin poçt göndərişini qəbul etməkdən imtina etməsi) əsaslı olub-olmamasını yoxlamaq mümkün olmamışdır. İddiaçı tərəfindən göndərilən pretenziya məktubunun və iddia ərizəsinin cavabdeh tərəfindən qəbul edilməməsinin nəticələri prosessual qanunvericiliklə tənzimlənmir. Lakin MPM-nin 137-ci maddəsində məhkəmə sənədlərini qəbul etməkdən imtinanın nəticəsi nəzərdə tutulur. Həmin normaya əsasən, məhkəmə sənədlərinin ünvanlandığı şəxs qanuni əsas olmadan onları qəbul etməkdən imtina edərsə, məhkəmə sənədləri verildiyi ünvanda qalmalıdır. Bu halda məhkəmə sənədləri rəsmi qaydada verilmiş hesab olunur. Məhkəmə bildirişinin ünvanlandığı şəxs tərəfindən həmin sənədləri qəbul etməkdən imtina edilməsi işə baxılması üçün və ya ayrı-ayrı prosessual hərəkətlərin edilməsi üçün maneə deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 5.1-ci maddəsinə əsasən, 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Qeyd edilən normaların tələblərini əsas tutaraq məhkəmə hesab edir ki, kommersiya mübahisələri üzrə cavabdehin iddiaçı tərəfindən göndərilmiş pretenziya məktubunu və ya iddia ərizəsini qəbul etməkdən imtina etməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.0.4-cü maddəsinin tələbinə əməl edilməməsi kimi qiymətləndirilə və pozulmuş hüququn müdafiəsi üçün məhkəməyə müraciət etmək imkanının qarşısını ala bilməz. İddiaçının şikayət ərizəsində qeyd etdiyi halın (cavabdehin iddia ərizəsini qəbul etməkdən imtina etməsi) onun nümayəndəsinin iştirakı ilə məhkəmə tərəfindən araşdırılması zəruri olduğu üçün mübahisələndirilən qərardad ləğv edilərək iş müvafiq prosessual hərəkətlərin həyata keçirilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmalı, iddiaçıya məktubun çatırılmama səbəbləri barədə məhkəməyə poçt xidmətindən izahlı arayış təqdim etmək təklif olunmalıdır. Əgər cavabdehin həqiqətən iddia ərizəsini qəbul etməkdən imtina etdiyi təsdiq edilərsə iddia ərizəsi cavabdehə çatdırılmış hesab edilməli və icraata qəbul edilərək baxılmalıdır. Məhkəmə göstərilənlərə əsasən hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, e-2-2(113)-4064/2020 nömrəli qərardadı ləğv edilməli, iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 369, 400 və 405-ci maddələrini rəhbər tutaraq, qərаrа аldı: İddiaçı ASC-nin şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, e-2-2(113)-4064/2020 nömrəli qərardadı ləğv edilsin. İş birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(103)-256/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-256/2021
10.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver