Məhkəmə qərarları › İş №2-2(103)-258/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-258/2025

31.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-258/2025 31.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 məruzəsi ilə, X2 və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin 23 dekabr 2024-cü il tarixli e-2-2(113)-4346/2024 nömrəli qərardadından İddiaçı MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası Gömrük Komitəsinin Cavabdehnə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-4346/2024 saylı qərardadı ilə Azərbaycan Respublikasının MPM-in 261.0.1-ci maddəsinə əsasən icraata xitam verilmişdir. Daha sonra iddiaçı həmin qərardaddan şikayət verərək, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-9395/2024 saylı 24 dekabr 2024 qərardadın ləğv olunmasını, iddianın təmin edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə verilmişdir. Məhkəmə işə 6 aydan çox müddətdə baxmış və yekunda icraata xitam verilməsi barədə qərardad qəbul etmişdir. Məhkəmə tərəfindən prosessual hüquq normaları pozulmuşdur. Birincisi, qanunvericilik iş baxılmasını 6 ay müəyyən etdiyi halda məhkəmə işə 6 aydan çox baxmışdır. İkincisi, iş materiallarında müddətin uzadılması ilə bağlı qərardad yoxdur. Yəni qərardad olmadan iş uzadılmışdır. Əlavə olaraq qeyd etmək istəyir ki iş məhkəmənin icratında olduğu 6 ay 11 gün müddətində 10 hazırlıq iclası keçirilmişdir. Birlik hüquqi şəxs deyildirsə məhkəmə bu qədər müddətdə niyə işə baxmış və yekunda icraata xitam verilməsi barədə qərardad qəbul etmişdir. Birlik hüquqi şəxs deyildirsə, məhkəmə yekun aktını əvvəl qəbul etməli idi. Məhkəmə Birliyi hüquqi şəxs hesab etməməklə ona üstünlük vermişdir. İddiaçının isə hüquqlarının və qanuni mənafelərinin həyata keçirilməsində süni maneələr yaratmışdır. İşə xitam verilməli idirsə vaxtında işə xitam verməli və iddiaçıya hansı orqana müraciət etməli olduğunu göstərməli idi. Çünki bu məhkəmənin vəzifəsidir. Bu qədər müddət işi icraatda saxlamaqla məhkəmə iddiaçının hüquqlarının və qanuni mənafelərinin həyata keçirilməsində süni maneələr yaratmışdır. etender.gov.az saytından görünür ki Birlik üç satınalma üzrə satınalan təşkilat kimi iştirak edir. Dövlət satınalmaları haqqında Azərbaycan Respublikasının 1.1.17-ci maddəsində satınalan təşkilatın anlayışı verilmişdir. Satınalan təşkilarsatınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət adından yaradılan publik hüquqi şəxslər, paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər və digər dövlət müəssisə və təşkilatları(idarələri). Birliyin satınalan təşkilat kimi iştirak etməsi onun dövlət orqanı olmasını bir daha sübut edir. Satınalma müqaviləsi bağlanana qədər tərəflər arasında olan münasibətlər ümumi hüquq sahəsinə, satınalma müqaviləsi bağlanandan sonra olan münasibətlər isə xüsusi hüquq sahsəinə aiddir. Ümumi hüquq sahəsində hər zaman bir tərəfdə inzibati akt qəbul etməyə səlahiyyətli olan dövlət orqanı durur. Beləliklə Birlik eyni zamanda inzibati akt qəbul etməyə səlahiyyətinə malik olan inzibati orqandır. “İnzibati orqanların Təsnifatı”nın 5-ci hissəsinə əsasən qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxslər inzibati orqan sayılır. Birliyin inzibati orqan olması ona hüquq verir ki, məhkəmədə tərəf ola bilər. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-4346/2024 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, qərardad ləğv edilməsi, iş birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, birinci instansiya məhkəməsi iş üzrə icraata xitam verilməsi barədə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh Azərbaycan Respublikası Gömrük Komitəsinin Cavabdehnə hüquqi şəxs statusuna malik olmadığından işdə cavabdeh qismində iştirak edə bilməz. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, MPM-in: 54.1-ci maddəsinə görə iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. 54.2-ci maddəsinə görə iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Yuxarıda göstərilən normaların məzmunundan da göründüyü kimi iddia iddiaya cavab verməli olmayan şəxsə qarşı verildikdə məhkəmə iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsini iddiaçıya təklif edə bilər və yalnız iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadığı halda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxmalıdır. Hazırkı halda iş üzrə cavabdeh qismində iştirak edən Cavabdeh dövlət orqanı statusuna malik olan Dövlət Gömrük Komitəsinin tabeliyində olan qurum olduğu halda birinci instansiya məhkəməsi tərəfindən Cavabdeh əsl cavabdeh Dövlət Gömrük Komitəsi ilə əvəz edilməsi imkanı iddiaçı ilə müzakirə edilməmişdir. Bundan əlavə sonuncu hazırlıq iclasında iddiaçı Dövlət Gömrük Xidmətinin əlavə cavabdeh qismində işə cəlb edilməsi barədə şifahi vəsatət vermiş, lakin məhkəmə əlavə cavabdehin cəlb edilməsi barədə vəsatətin yazılı formada verilməsini təklif etmədən işin uzun müddət davam etməsi əsası ilə vəsatəti rədd etmişdir. Halbuki mülki mühakimə icraatına xas olan dispozitivlik prinsipinə əsasən yalnız iddiaçı onun pozulmuş və ya mübahisələndirilən hüququnu müdafiə etməyi və ya etməməyi, kimə qarşı iddianı irəli sürməyi, məhkəmədən müdafiəni hansı həcmdə və üsulla tələb etməyi müəyyən etmək hüququna malikdir və məhkəmə mülki prosessual qanunvericiliyin tələblərinə riayət edildiyi halda həmin hüquqlarının həyata keçirilməsini məhdudlaşdırmaq hüququna malik olmamaqla yanaşı MPM-in 14.1-ci maddəsinə əsasən tərəflərə prosessual hüquqlarının həyata keçirilməsinə kömək göstərməlidir. Bundan əlavə MPM-in əlavə cavabdeh cəlb edilməsinin qaydasını müəyyən edən 51.3-cü maddəsində görə başqa cavabdeh işə məhkəmə tərəfindən iddiaçının yazılı vəsatəti əsasında və ya məhkəmənin başqa cavabdehin cəlb edilməsinə dair təklifinə iddiaçının yazılı razılığı əsasında işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər cəlb edilir. Göründüyü kimi qanunverici iddianın yönəldiyi cavabdehin və ya cavabdehlərin müəyyən edilməsinin yalnız iddiaçının iradəsindən asılı olmasını nəzərə alaraq işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər əlavə cavabdeh cəlb edilməsi barədə vəsatət verildiyi halda əlavə cavabdehin cəlb edilməsini məhkəmənin vəzifəsi olaraq müəyyən etmişdir. Beləliklə, hazırkı halda birinci instansiya məhkəməsi işin məhkəmədə baxılmağa hazırlanması mərhələsində olduğu halda iddiaçıya cavabdehi əsl cavabdehlə əvəz etməyi təklif etməməklə, eləcə də iddiaçının əlavə cavabdehin cəlb edilməsi barədə yazılı vəsatətin verilməsinə şərait yaratmadan həmin vəsatəti rədd etməklə prosessual hüquq normalarının pozuntusuna yol vermişdir və həmin pozuntular iş üzrə icraata xitam verilməsi barədə qərardadın qəbul edilməsi ilə nəticələnmişdir. MPM-in 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Odur ki, hazırkı halda şikayət qismən təmin edilməli, qərardad ləğv edilməli, iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. İşə yenidən baxılarkən iddiaçıya əlavə cavabdeh qismində cəlb edilmə barədə (və ya əsl cavabdehlə əvəz edilməsi barədə) vəsatət verilməsi üçün şərait yaradılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı MMC tərəfindən verilmiş şikayət qismən təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 23 dekabr 2024-cü il tarixli e-2-2(113)-4346/2024 nömrəli qərardadı ləğv edilsin, iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Hakimlər: Leyla Əliyeva Təranə Mahmudova Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar