Məhkəmə qərarları › İş №2-2(103)-259/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-259/2024

20.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-259/2024 20.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı X1 Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X3 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-5538/2023 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh QSC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ Birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı X4 Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" QSC-dən öhdəliklərini icra etmədiyinə görə 23.467 manat əsas borcun, 3.520 manat gecikdirmə məbləğinin, 6.336 manat məbləğin qanunsuz saxlaması və ondan faydalanıldığı üçün, 200 manat mediasiya xərcinin və 500 manat vəkil xərcinin, ümumilikdə cəmi 34.023 manat vəsaitin cavabdehdən tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı bildirir ki, o, müxtəlif vaxtlarda cavabdehə beton vermiş və onun dəyərini almışdır. Lakin, son dövrlərdə verilən malın dəyərinin ödənilməməsi ilə bağlı aralarında problemlər yaranmışdır. Belə ki, cavabdeh aralarında olan razılaşmanın şərtlərinə əməl etməyərək elektron qaimə üzrə ona təhvil verilən malların dəyərini ödəməmişdir. Həmin qaiməyə əsasən, hazırda cavabdehin ona cəmi 23.467 manat ödənilməmiş borcu vardır. Bundan əlavə, cavabdeh borcu 3 ilə yaxın gecikdirdiyinə görə Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Həmçinin, cavabdeh kommersiya fəaliyyəti ilə məşğul olduğuna görə onun həmin fəaliyyətdən gəlir əldə etməsi və faydalanması təkzib olunmazdır. Buna görə də, cavabdehin iddiaçıya münasibətdə pul öhdəliyini icra etməməsinə görə MM-nin 449-cu maddəsi üzrə məsuliyyəti istisna edilə bilməz.

3. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsində izahatında tərəflər arasında beton alqı-satqısı ilə bağlı münasibətlərin mövcud olduğunu, iddiaçıya olan 33.000 manat borcdan təxmini 10.000 manatını ödədiklərini, 23.467 manat əsas borcun qaldığını, şirkətin maddi vəziyyətindəki çətinliklər aradan qalxdıqdan sonra qalıq borcu ödəyəcəklərini, iddia tələbini əsas borc hissəsində qəbul etdiklərini bildirmiş və iddianın qalan hissədə təmin olunmamasını məhkəmədən xahiş etmişdir.

4. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-5538/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, əsas borc üzrə 23.467 (iyirmi üç min dörd yüz altmış yeddi) manat məbləğində pulun Cavabdeh Qapalı Səhmdar Cəmiyyətindən tutularaq X2 ödənilməsi, əsas borca illik 5 faiz hesablanmaqla 41 (qırx bir) manat 79 (yetmiş doqquz) qəpik məbləğində pulun Cavabdeh Qapalı Səhmdar Cəmiyyətindən tutularaq X2 ödənilməsi, mediasiya xərcinin əvəzi olaraq 200 (iki yüz) manat məbləğində pulun Cavabdeh Qapalı Səhmdar Cəmiyyətindən tutularaq X2 ödənilməsi, hüquqi yardımın göstərilməsinə görə vəkilə ödənilmiş pulun əvəzi olaraq 500 (beş yüz) manat məbləğində pulun Cavabdeh Qapalı Səhmdar Cəmiyyətindən tutularaq X2 ödənilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

5. Cavabdeh QSC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri

6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən müqavilə üzrə mütəmadi olaraq ödənişlər edilmiş, lakin məhkəmə araşdırması zamanı bu fakt qiymətləndirilməmişdir. İddiaçı tərəfindən borc məbləğlərinin hansı qaydada hesablandığı və həqiqətən də məbləğlərin düzgün olub-olmaması faktı aydınlaşdırılmamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

7. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

8. Tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.

TƏTBİQ EDİLƏN HÜQUQ

9. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin tutulmasını gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz tutulması yolverilməzdir.

10. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

11. Həmin Məcəllənin 598.3-cü maddəsinə əsasən əgər alıcı alqı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər.

12. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

13. Həmin Məcəllənin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir.

14. Həmin Məcəllənin 209.3-cü maddəsinə əsasən işə mahiyyəti üzrə baxılmasının qurtardığı elan edilənədək işdə iştirak edən şəxslər tərəfindən onlara məlum olan hallar və sübutlar təqdim olunmamışsa, işə mahiyyəti üzrə baxılmasının qurtardığı elan edildikdən sonra heç kəs məhkəmə iclasında araşdırılmamış hallara və sübutlara istinad etməyə haqlı deyildir.

15. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

16. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini və iddianın qismən təmin olunduğunu, lakin iddiaçı tərəfindən apellyasiya şikayəti verilmədiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız iddianın qismən təmin olunmuş hissəsində yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

17. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya baxışının həddində iddia əsaslıdır.

18. Belə ki, tərəflər arasında şifahi alqı-satqı müqaviləsinin bağlanılması, müqavilə üzrə betonun cavabdehə təhvil verilməsi və onun ödənilməmiş dəyərinin 23.467 manat təşkil etməsi işin mübahisəsiz hallarını təşkil edir.

19. Çünki cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsindəki izahatında tərəflər arasında betonun alqı-satqı ilə bağlı münasibətlərin mövcud olduğunu, iddiaçıya olan 33.000 manat borcdan təxmini 10.000 manatını ödədiklərini, 23.467 manat əsas borcun qaldığını bildirmişdir.

20. Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinin tələblərinə görə iddiaçı həmin faktları sübut etmə vəzifəsindən azaddır.

21. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı Mülki Məcəllənin 598.3-cü maddəsinə əsasən satılmış betona görə ödənilməyən ümumilikdə 23.467 manat məbləğində pul vəsaitinin tutulmasını tələb etməkdə haqlıdır.

22. Həmçinin, Mülki Məcəllənin 445.7-ci maddəsinin tələblərini nəzərə alaraq kollegiya hesab edir ki, iddiaçı borcun ödənilməsinin 13 gün (pretenziyanın aldığı tarixdən hesablandıqda) gecikdirilməsinə görə hesablanmış 41,79 manat məbləğində faizlərin ödənilməsini tələb etməkdə haqlıdır (23.467x5/100 = 1.173,35 (1 il üçün), 1.173,35/365 = 3,214 (1 gün üçün), 3,214x5=41,79 (13 gün üçün).

23. Apellyasiya şikayətinin dəlilləri isə əsassızdır. Belə ki, birinci instansiya məhkəməsinin hazırlıq və baxış iclaslarında iştirak edən cavabdeh iddiaya yazılı etiraz təqdim etməmiş, iddiaçının təqdim etdiyi sübutları mübahisələndirməmiş, əksinə əsas borcun mövcüd olduğunu etiraf etmişdir. Hazırda isə cavabdeh borc məbləğinin düzgün müəyyən edilmədiyini bildirir. Halbuki, Mülki Prosessual Məcəllənin 209.3 və 372.2-ci maddələrinin birgə təfsirindən müəyyən edilir ki, birinci instansiya məhkəməsində işə mahiyyəti üzrə baxılmasının qurtardığı elan edildikdən sonra işdə iştirak edən şəxslər məhkəmə iclasında araşdırılmamış hallara istinad edə bilməzlər. Apellyasiya icraatında isə yeni hallara və sübutlara yalnız o halda istinad edilə bilər ki, işdə iştirak edən şəxslər onların birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Lakin cavabdeh tərəfindən belə əsaslandırma gətirilməmişdir. Ona görə də, kollegiyanın qənaəti yalnız birinci instansiya məhkəməsində istinad olunmuş faktlara əsaslanır.

24. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

25. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh QSC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-5538/2023 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnaməsi iddianın qismən təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov

Hakimlər: Vüsalə Baxışova

Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar