Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-26/2020 23.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Nağıyeva Elmira Eyvaz qızı və Həmidov Həmid Üzeyir oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X6 qızının, İddiaçı, nümayəndəsi və vəkili X1, Cavabdeh1 nümayəndəsi və vəkili Cavabdeh2 iştirakı ilə, İddiaçı Cavabdeh1nə qarşı alqı-satqı üzrə borcun tutulmasına dair iddiası üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2 (82)-718/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən (hakim Əfqan Ələkbərov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, МÜƏYYƏN ETDİ: İddiaçı fərdi sahibkar İddiaçı (VÖEN **********) Cavabdeh1nə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdehdən ödənilməmiş elektron qaimələrə əsasən yaranmış olan 17002,96 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh1 ilə ayrı-ayrı vaxtlarda müxtəlif mallar təqdim etməklə partnyorluq etmiş, lakin cavabdehin xx.xx.2018-ci il tarixli 498067 saylı qaiməyə görə 3168,9 manat, xx.xx.2018-ci il tarixli 270088 saylı qaiməyə görə 4301 manat, xx.xx.2018-ci il tarixli 270082 saylı qaiməyə görə 1875,70 manat, xx.xx.2018-ci il tarixli 066623 saylı qaiməyə görə 5504,18 manat, xx.xx.2018-ci il tarixli 396891 saylı qaiməyə görə 2153,43 manat olmaqla, ümumilikdə 17002,96 manat borcu yaranmışdır. Borcun ödənilməsi təmin edilmədiyindən iddiaçı məhkəməyə müraciət etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2 (82)-718/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Məhkəmənin göstərilən qətnaməsindən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin əsasları bundan ibarətdir ki, iş üzrə qəbul edilmiş qətnamə əsaslı deyil. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli 1341 saylı Fərmanı ilə təsdiq edilmiş “Pərakəndə ticarət fəaliyyəti vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”na və Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq pərakəndə ticarət sahəsində fəaliyyət göstərən vergi ödəyiciləri malları ƏDV məqsədləri üçün qeydiyyata alınan və alınmayan vergi ödəyicilərindən aldıqda bu malların alqı-satqısına dair Azərbaycan Respublikası vergi Məcəlləsi ilə müəyyən edilmiş qaimə-faktura və ya elektron qaimə-faktura tələb edilir. Belə malların anbara təhvil verilməsi isə “Malların təhvil-qəbul aktı” ilə sənədləşdirilir. Satıcı tərəfindən alıcıya elektron qaimə faktura verilməklə yanaşı malların təhvil-qəbul aktı da bağlanır. İddiaçı cavabdehlə 2011-ci ildən əməkdaşlıq etmiş, 2018-ci ildən isə elektron faktura üzrə əməkdaşlıq etmişdir. Cavabdeh həmişə iddiaçıya olan borclarını ödəsə də xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan borclarını ödəməkdən imtina etmişdir. Cavabdeh tərəfindən iddiaçının bank hesabına ödənişlər edildiyi barədə işdə sübut olduğunu, malların cavabdehə əvvəllər də eyni qaydada təqdim edildiyini məhkəmə nəzərə almamışdır. Hazırkı iş üzrə cavabdeh tərəfindən iddiaçıya 17002,96 manat dəyərində mal verildiyi məhkəmə iclasında araşdırılmış sübutlarla təsdiq edilsə də cavabdeh bu halı təkzib edən sübutlar təqdim etməmişdir. İddiaçı, nümayəndəsi və vəkili X2 məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Cavabdeh2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2 (82)-718/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilərək Cavabdeh1ndən iddiaçı İddiaçıxeyrinə 3168,9 manat pul, 7 manat dövlət rüsumu tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. İddiaçı cavabdehlə aralarında işgüzar münasibətlər olduğunu, cavabdehə müxtəlif vaxtlarda dəyəri əvvəlcədən ödənilmədən mallar verdiyini, cavabdeh hər dəfə aldığı malların dəyərini ödəsə də iş materiallarına əlavə edilmiş xx.xx.2018-ci il tarixli 498067 saylı, xx.xx.2018-ci il tarixli 270088 saylı, xx.xx.2018-ci il tarixli, 270082 saylı,xx.xx.2018-ci il tarixli 066623 saylı, xx.xx.2018-ci il tarixli 396891 saylı elektron qaimələr əsasında verilmiş ümumi dəyəri 17002,96 manat olan malların dəyərinin ödənilmədiyini göstərmişdir. İş materiallarına əlavə edilmiş elektron sistemdən çıxarışdan görünür ki, həmin elektron qaimələr Azərbaycan Respublikası Vergilər Nazirliyinin elektron sistemi tərəfindən avtomatik təsdiq edilmişdir. Birinci instansiya məhkəməsi iddianın rədd edilməsi barədə iş üzrə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, tərəflər arasında müqavilə münasibətləri mövcud olmamışdır. Bundan əlavə iddiaçı tələb olunan borc məbləğinin nəyin əsasında yarandığını, elektron qaimələrin hansı sənədlər əsasında tərtib edildiyini sübut edə bilməmişdir. İşə apellyasiya qaydasında baxan məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsinin tərəflər arasında müqavilə münasibətlərinin mövcud olmadığına dair iş üzrə gəldiyi nəticə işin faktiki hallarına uyğun olmadığından və təqdim edilmiş sübutlara düzgün hüquqi qiymət verilmədiyindən mübahisələndirilən qətnamə ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.4-cü maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Alqı-satqı müqaviləsi həm yazılı müqavilə tərtib edilməklə, həm də yazılı müqavilə tərtib edilmədən şifahi olaraq əldə edilmiş razılıq əsasında da bağlana bilər. İddiaçı tərəfindən təqdim edilmiş elektron qaimələr və “xxxx” ASC-dəki bank hesabından çıxarışdan görünür ki, Cavabdeh1 tərəfindən iddiaçının təqdim etdiyi elektron qaimələrin bir hissəsi üzrə onun hesabına ödənişlər həyata keçirilmişdir. Bu sənəd təsdiq edir ki, tərəflər arasında həqiqətən alqı-satqı müqaviləsindən irəli gələn münasibətlər mövcud olmuşdur. İşə apellyasiya qaydasında baxılarkən iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, 2018-ci ilin oktyabr ayından 2019-cu ilin aprel ayınadək Cavabdeh1ndə sürücü vəzifəsində işləmişdir. Lakin onunla əmək müqaviləsi bir neçə ay sonra bağlanmışdır. İşlədiyi müddətdə dəfələrlə iddiaçıdan mal götürmüşdür. Lakin götürdüyü malların sayı. Növü, dəyəri yadında deyil. Malı götürərkən iddiaçının özündə olan kağız qaimələrə bəzi hallarda adını yazmış, imza çəkməmişdir. İddiaçıdan götürdüyü malları Cavabdeh1 anbarına təhvil vermişdir. Mal anbara təhvil veriləndə yoxlanılır, qəbz tərtib edilirdi. Malı götürmək üçün "Cavabdeh1" MMC sürücülərə etibarnamə vermirdi. X3 məhkəməyə təqdim edilmiş əmək kitabçasının surətindən görünür ki, o xx.xx.2018-ci ildən xx.xx.2019-cu ilin aprel ayınadək Cavabdeh1ndə sürücü vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.2-ci maddəsinə əsasən əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İddiaçı işə birinci instansiya qaydasında baxılarkən X3 şahid qismində dindirilməsi barədə vəsatət verməməsinin səbəbini belə əsaslandırmışdır ki, həmin şəxsin əlaqə nömrəsi onda olmamış və "Cavabdeh1" MMC-dən işdən çıxdığını sonradan öyrənmişdir. Məhkəmə qeyd edilən əsasları və cavabdehin nümayəndəsinin tərəflər arasında müqavilə münasibətləri olduğunu inkar etmədiyini nəzərə alaraq X3 ifadəsinin tərəflər arasında alqısatqı ilə bağlı münasibətlər olduğunu təsdiq edən sübut kimi qəbul edilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 -ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdeh tərəf iddiaçının göndərdiyi xx.xx.2018-ci il tarixli 498067 saylı, xx.xx.2018-ci il tarixli 270088 saylı, xx.xx.2018-ci il tarixli, 270082 saylı,xx.xx.2018-ci il tarixli 066623 saylı, xx.xx.2018-ci il tarixli 396891 saylı elektron qaimələr əsasında malların həqiqətən Cavabdeh1nə təhvil verildiyini qəbul etmədiyindən bu halı sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. İddiaçı tərəfindən təqdim edilmiş “xxxx” ASC-dəki bank hesabından çıxarışa əsasən müəyyən edilmişdir ki, 498067 nömrəli xx.xx.2018-ci il tarixli elektron qaimə üzrə göndərilmiş mallara görə cavabdeh tərəfindən xx.xx.2018-ci il tarixdə 1000 manat ödəniş həyata keçirilmiş, malların dəyərindən 3168,9 manat isə ödənilməmişdir. Məhkəmə hesab edir ki, cavabdeh qeyd edilən 498067 nömrəli xx.xx.2018-ci il tarixli elektron qaimə üzrə qismən ödəniş həyata keçirdiyindən həmin qaimə əsasında göndərilən malları təhvil aldığını təsdiq etmişdir. Cavabdehin nümayəndəsi işə apellyasiya qaydasında baxılarkən göstərmişdir ki, 498067 nömrəli xx.xx.2018-ci il tarixli elektron qaimə üzrə 1000 manat ödəniş mühasibin səhvi nəticəsində həyata keçirilmiş, həmin elektron qaimə üzrə mallar təhvil verilməmişdir. Lakin cavabdeh bu etirazı ilə bağlı məhkəməyə hər hansı sübut (qarşı tərəfə ödənişin səhvən həyata keçirilməsi, vəsaitin geri tələb edilməsi, düzgün olmayan elektron qaimənin ləğv edilməsi və ya dəyişdirilməsi barədə s) təqdim edə bilməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, iddia 498067 nömrəli xx.xx.2018-ci il tarixli elektron qaimə üzrə göndərilmiş mallara görə 3168,9 manat qalıq borcun cavabdehdən tutulması hissəsində əsaslı hesab edilərək təmin edilməlidir. Lakin məhkəmə iddiaçı tərəfindən cavabdehə göndərilmiş digər elektron qaimələr üzrə malların təhvil verildiyinə dair sübutlar olmadığından iddianı qalan hissədə əsassız hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 568.1-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Həmin Məcəllənin 569.1-ci maddəsinə əsasən satıcının əşyanı alıcıya vermək vəzifəsinin icrası müddəti alğı-satqı müqaviləsi ilə, müqavilə həmin müddəti müəyyənləşdirməyə imkan vermədikdə isə bu Məcəllənin 427-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 433.1-ci maddəsinə əsasən borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. Həmin Məcəllənin 433.3-cü maddəsinə əsasən öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır. Qeyd edilən normaların tələblərinə əsasən alqı-satqı münasibətləri zamanı satıcı alıcının özünə və ya onun səlahiyyət verdiyi şəxsə satılan malların həqiqətən təhvil verildiyini sübut etməlidir. Yəni alıcı, satıcının adından malı təhvil alan şəxsdən buna səlahiyyəti olması barədə sənəd tələb etməli, eyni zamanda həmin səlahiyyətli şəxsdən həqiqətən satılan malı (miqdarı, çeşidi və s qeyd edilməklə) qəbul etdiyini imzası ilə təsdiq etməsini tələb etməlidir. Bu cür tələb irəli sürülmədiyi halda malın təhvil verildiyinin sübut edilməməsi ilə bağlı risk alıcının üzərinə düşür. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, elektron sistem vasitəsilə göndərilmiş qaimələr digər sənədlər olmadan satılmış malların həqiqətən alıcıya təqdim edildiyini təsdiq edən sübut kimi qəbul edilə bilməz. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş "Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları"nın 1.3-cü bəndinə əsasən bu Qaydalara uyğun tərtib edilməyən elektron qaimə-faktura mal (iş, xidmət) təqdim edilməsinin rəsmiləşdirilməsinə əsas vermir. Qaydaların 2.6-cı bəndinə əsasən elektron qaimə-faktura malların (işlərin, xidmətlərin) alıcıya təqdim edilməsi barədə məlumatları özündə əks etdirən sənədlər (müqavilələr (əqdlər), təhvil-təslim aktları, malların alınması üçün vəkalətnamə və s.) əsasında doldurulur və bu barədə məlumat elektron qaimə-fakturanın “Əsas” rekvizitində öz əksini tapır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması” Qaydasının 3.3-cü maddəsinə əsasən vergi ödəyicisi malları təhtəlhesab şəxs (inzibati-təsərrüfat fəaliyyəti və əməliyyatlar üzrə hesablaşmaları, o cümlədən mal və xidmətlərin alışını həyata keçirən şəxs) vasitəsilə aldıqda, təhtəlhesab şəxsə malların alınması üçün vəkalətnamə verir. Malların alışı zamanı təhtəlhesab şəxs satıcıya malların alınması üçün vəkalətnamə təqdim etdikdən sonra satıcı malların alınması üçün vəkalətnamə verən vergi ödəyicisinin adına sənədləşdirilmiş malların satışına dair elektron qaimə-fakturanı malgöndərən Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə hazırlayır və avtomatik olaraq alıcının elektron kabinetinə ötürür. Təhtəlhesab şəxsin malları anbara təhvil verməsi “Malların təhvil-qəbul aktı” ilə sənədləşdirilir. Qaydaların xx.xx.2019-cu il tarixədək (iddiaçı tərəfindən cavabdehə malların təqdim edildiyi iddia edilən tarixə olan) 4.1-ci bəndinə əsasən topdansatış ticarət sahəsində fəaliyyət göstərən təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura tərtib edilməklə həyata keçirilir. Qaydaların 4.3-cü bəndinə əsasən topdansatış və bölüşdürücü bazarlardan, anbarlardan mallar ticarət obyektlərinə məsul şəxsin sifarişi əsasında buraxılır. Sifariş məsul şəxs tərəfindən imzalanır. “Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması” Qaydalarına xx.xx.2019-cu il tarixdən əlavə edilmiş 3.15-ci və 3.16-cı bəndlərə əsasən vergi ödəyiciləri tərəfindən mallar təqdim edilərkən malların təhvil verilməsi üçün maddi-məsul şəxslərin imzası ilə “Elektron qaimə-faktura”nın çap edilmiş forması ilkin uçot sənədi kimi tərtib edilə bilər. Vergi ödəyicisi əvvəlcədən sifariş edilməyən malların satışını həyata keçirdikdə həmin mallar digər vergi ödəyicisinə “Malların təhvil-qəbul aktı” üzrə təqdim edilir və həmin mallar üzrə “Elektron qaimə-faktura” bu Qaydaya uyğun olaraq göndərilir. İstinad edilən normaların tələblərindən göründüyü kimi, elektron qaimə-faktura mal məxaricini rəsmiləşdirməyə imkan verən ilkin uçot sənədi olsa da, malların digər vergiödəyicisinə təhvil-təslimini təsdiq edən sənədi əvəz etmir. Nəzərə alınmalıdır ki, göndərilmiş düzgün olmayan elektron qaimənin alıcı tərəfindən deyil, yalnız satıcı tərəfindən ləğv edilməsi mümkündür. Müqavilə tərəfləri arasında yazılı alqı-satqı müqaviləsi tərtib edilmədiyi halda elektron qaimə-faktura tərtib edilməklə malların təqdim edilməsinin rəsmiləşdirilməsi üçün satıcıya alıcının məsul şəxsi tərəfindən imzalanmış sifariş sənədi təqdim edilməli, yazılı sifariş sənədi olmadığı halda mallar digər vergi ödəyicisinə “Malların təhvil-qəbul aktı” üzrə təqdim edilməlidir. Mal digər vergi ödəyicisinin bilavasitə özünə deyil, mal və xidmətlərin alışını həyata keçirən şəxs təhtəlhesab şəxsə təqdim edildiyi halda satıcı həmin şəxsdən alıcı tərəfindən verilmiş vəkalətnamənin təqdim edilməsini tələb etməlidir. İddiaçının məhkəmə iclaslarında verdiyi izahatlardan görünür ki, cavabdeh tərəfindən malların sifarişi telefonla edildiyindən yazılı sifariş sənədi tərtib edilməmişdir. X5 2018-ci ilin oktyabr-noyabr aylarında iddiaçıdan mal alaraq Cavabdeh1 anbarına təhvil verildiyini göstərsə də şahidin 2018-ci ilin oktyabr ayında "Cavabdeh1" MMC-də işlədiyi əmək kitabçası ilə təsdiq olunmur. Bundan başqa şahid iddiaçıdan təhvil aldığı malların sayını, növünü, dəyərini dəqiq xatırlamadığından onun ifadəsi əsasında mübahisəli elektron qaimələrdəki malların cavabdehə təhvil verildiyi müəyyən edilə bilməz. İddiaçı tərəfindən məhkəməyə cavabdehə göndərilmiş elektron qaimə-fakturaların tərtib edilməsinə əsas olmuş sənədlər –qaimələr göndərildikdən sonra malların cavabdehin səlahiyyətli şəxsinə təqdim edildiyini təsdiq edən sübutlar təqdim edilmədiyindən məhkəmə hesab edir ki, iddia xx.xx.2018-ci il tarixli 270088 saylı, xx.xx.2018-ci il tarixli, 270082 saylı,xx.xx.2018-ci il tarixli 066623 saylı, xx.xx.2018-ci il tarixli 396891 saylı qaimələr üzrə tələb olunan cəmi 13834,06 manat pulun tutulması hissəsində rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən ödənilmi 45 manat dövlət rüsumunun 7 manatı ödənilmiş tələbin məbləğinə müvafiq olaraq cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2 (82)-718/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilərək Cavabdeh1ndən iddiaçı İddiaçıxeyrinə 3168,9 manat pul, 7 manat dövlət rüsumu tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçıapellyasiya şikayəti qismən təmin edilsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2 (82)-718/2019 saylı, xx.xx.2019cu il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilərək Cavabdeh1ndən iddiaçı İddiaçıxeyrinə 3168,9 manat pul, 7 manat dövlət rüsumu tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına ( ünvan: Bakı şəhəri, Yusif Səfərov küçəsi, 14) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-2(103)-26/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-26/2020
23.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver