Məhkəmə qərarları › İş №2-2(103)-260/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-260/2021

08.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-260/2021 08.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Qurbanov Raqib Əliddin oğlu, Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Şükürova Ləman Ceyhun qızının katibliyi, ilk iddiaçının nümayəndəsi Vəkil, qarşılıqlı iddiaçının nümayəndəsi Salahova Fəridə Məzahir qəzının iştirakı ilə, İddiaçı “İddiaçı1» MMC-nin Cavabdeh MMC-yə qarşı “müqavilə öhdəliyinin icrası və maddi ziyan tələbinə dair ilkin, eyni zamanda, ikincinin birinciyə qarşı «pul tələbinə dair» qarşılıqlı – iddia ərizələri üzrə kommersiya mübahisəsinə dair Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1973/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsindən hər iki tərəfdən verilmiş apellyasiya şikayətlərinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı1 MMC Cavabdeh MMC-yə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək: - müqavilə öhdəliyinin icra edilməsi və "İddiaçı1" MMC-yə məxsus NEW HOLLAND D255 modelli buldozerin təmir edilərək təhvil verilməsinin cavabdehə həvalə edilməsi; - 2019-cu ilin aprel ayından hazırki müddətədək cavabdeh tərəfindən aparılmış təmir işləri üzrə hesablanmış usta pulu və ehtiyat hissələrinə çəkilmiş xərclərin cavabdehə aid edilməsi; - 2019-cu ilin aprel ayından bu günədək ödənilmiş icarə haqqının əvəzi olan 90.000 (doxsan min) manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması ; - məhkəmə xərci (dövlət rüsumu və vəkilə ödənilmiş xərclər) və digər cari xərclərə görə 1000 (min) manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması - barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İlkin iddianın əsaslarına görə tərəflər arasında TXM00034/16 saylı, xx.xx.2016-cı il tarixli texniki xidmət müqaviləsi bağlanmışdır. Həmin müqavilənin predmetinə əsasən sifarişçinin (İddiaçı1 MMC) yaxud onun tərəfindən təyin edilmiş məsul şəxsin tapşırığına əsasən, icraçı (Cavabdeh MMC) sifarişçiyə məxsus olan yeni və yaxud işlənmiş texnikalar üzrə servis xidməti göstərilməsini və anbarda olan ehtiyyat hissələri ilə təchiz edilməsini öz üzərinə götürür. Müqaviləyə əsasən sonuncu dəfə İddiaçı1 MMC-yə məxsus NEW HOLLAND D255 modelli buldozer təmir üçün Cavabdeh MMC-yə təhvil verilmiş, 25/04/19də GM 11624 saylı təmir aktı tərtib edilmişdir. Aktda qeyd edilənlərə görə texnikanın ön sağ silinderinin demontajı, yağlanması və montajı, SİQ yığılması, elektrik sisteminin təmiri həyata keçirilmişdir. Görülmüş işlərə görə VHF və elektron-qaimə göndərilmiş, təmir xərci 4081.28 manat təşkil etmişdir. Həmin xərcin 2070 manat hissəsi təmirə cəlb edilmiş mütəxəsislərin haqqı, digər isə guya dəyişdirilmiş ehtiyat hissələrinin xərcidir. Təmir üçün verilmiş texnika alqı-satqı müqaviləsi ilə cavabdehdən alınmışdır. Hazırki halda texnikanın təmirə verilməsində məqsəd surətlər qutusunda artıq yağ sərfiyyatının aşkar edilməsi olmuşdur. Ancaq tərtib edilmiş təmir aktında bununla bağlı hər hansı qeyd yoxdur, hətta aktdan belə müəyyən olunur ki, icraçı sifarişdən kənara çıxmışdır. Texnika icraçıya məxsus servis mərkəzində təmirdən sonra sınaq baxışından keçirilərkən surətlər qutusunda yağ nasosundan yağın yenidən geri qayıtdığı müəyyən edilmiş, icraçının əməkdaşları nasosda yağın miqdarını azaltmaqla guya problemi aradan qaldırmışlar. Aktdan həmçinin müəyyən olunur ki, xx.xx.2019-ci il tarixdə tərtib edilmiş və həmin gün işə başlanmışdır. Ancaq aktın bağlanma tarixi kimi xx.xx.2018-ci il qeyd edilmişdir.Təmirdən sonra texnika xüsusi nəqliyyat vasitəsi ilə Masallı rayonuna aparılmış, xx.xx.2019-cu ildə istehsal prosesinə buraxılmış, lakin təmir öncəsi problemlər yenə də aşkar edilmiş, texnika bir neçə gün fasilərlə işləsə də faydalı iş əmsalı çox aşağı olmuş, xx.xx.2019 tarixdən isə ümumiyyətlə işləmədiyi üçün sahədən çıxarılmışdır. Sifarişçinin dəvət ilə icraçı təşkilatın əməkdaşları texnikaya baxış keçirib nasazlığı aradan qaldırmaq məqsədilə Masallı rayonuna gəlmişlər. Ancaq onların müdaxiləsi də heç bir nəticə verməmiş, 2019-cu ilin yay aylarında bu proses davam etmişdir. Texnika xx.xx.2019-cu il tarixdə təmir edilərək təhvil verilsə də xx.xx.2019-cu il tarixdə nasazlıq yaranmış, xx.xx.2019-cu il tarixdə isə sürətlər qutusunda nasazlıq yaranmış, texnika tam gücü ilə işləməmişdir. xx.xx.2019-cu il tarixdə texnika təmir edilməsi üçün yenidən Bakı şəhərinə göndərilmişdir. Həmin müddətdə bizə bildirmişlər ki, təmir və diaqnostika üçün xaricdən mütəxəsis gətirilib.Texnikanın təmir edildiyi barədə məlumat aldıqdan sonra xx.xx.2020-ci ildə Masallı rayonundan daşıyıcı vasitə göndərilmiş, lakin texnika işə salınarkən yenidən əvvəlki problem, yəni yağın axıdılması aşkar edilmilş, ona görə də texnikanın qəbul edilməsindən imtina edilmişdir. Beləliklə, cavabdeh təşkilat müqavilə öhdəliyinin lazımi qaydada icra etmədiyindən, MMCyə külli miqdarda maddi ziyan dəymişdir. Eyni zamanda, Cavabdeh MMC məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək xx xxxxxxx 2016-cı il tarixli, TXM-00034/16 saylı “Texniki xidmət müqaviləsi”nə əsasən 11.210 manat məbləğində əsas borcun, gecikdirilmiş günlərə görə hesablanmış 1876,50 manat cərimə məbləğinin və 30 manat ödənilmiş dövlət rüsumunun İddiaçı1 MMC-dən tutularaq onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddianın əsaslarına görə tərəflər arasında bağlanmış xx xxxxxxx 2016-cı il tarixli, TXM-00034/16 nömrəli texniki xidmət müqaviləsinə əsasən cavabdehə məxsus olan texnikalara Cavabdeh MMC-nin servis mərkəzində xidmət göstərilmiş və bu xidmətlərə görə cavabdeh ayrı-ayrı vaxtlarda ödənişlər etmişdir. Lakin xx.xx.2019-cu il tarixli GM11624 nömrəli təmir aktına əsasən 3845,28 manat dəyərində, xx.xx.2019-cu il tarixli, GM11804 nömrəli təmir aktına əsasən cavabdehə 7364,72 manat dəyərində (edilmiş 50% endirim də nəzərə alınmaqla) xidmətlər göstərilsə də, adıçəkilən təmir aktları üzrə cavabdeh təşkilat heç bir ödəniş həyata keçirməmişdir. Qeyd olunan müqavilənin 4.7ci bəndində ödənişlərin gecikdirildiyi hər günə görə 0,1% cərimə nəzərdə tutulmuşdur. Bununla da, ödənişlərin gecikdirilməsinə görə, cavabdeh 1876,50 manat məbləğində cərimə ödəməlidir. Beləliklə, təhvil verilmiş ehtiyat hissələrinə və göstərilmiş təmir xidmətlərinə görə xx xxxxxx 2020-ci il tarixinədək cavabdeh İddiaçı1 MMC-nin iddiaçı Cavabdeh MMC-yə əsas borcu 11 210 manat, ödənişin gecikdirilməsinə görə isə cərimə borcu isə 1876,50 manat təşkil edir. Cavabdehə göstərilən borc məbləğinin ödənilməsi tələbi ilə xx xxxxxx 2020-ci il tarixli, 1426 saylı pretenziya məktubu göndərilmişdir. Lakin həmin tarixdən bu günə qədər cavabdeh tərəfindən heç bir ödəniş olunmamışdır. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1973/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə ilkin iddia rədd edilmiş, qarşılıqlı iddia qismən təmin edilmiş və İddiaçı1 MMC-dən texniki xidmət müqaviləsinə əsasən 3845,28 manat əsas borc və 384 manat cərimə, həmçinin, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat Cavabdeh MMCnin xeyrinə tutulması, iddia qalan hissədə rədd edilməsi qət olunmuşdur. Həmin qətnamə ilə razılaşmayan hər iki tərəf apellyasiya şikayəti vermiş, ilkin iddiaçı qətnamənin iddia tələbinin rədd edilən və qarşılıqlı iddia tələbinin təmin edilən hissələrində ləğv edilməsini və öz ilkin iddiasının təmin edilməsini, qarşılıqlı iddiaçı isə qətnaməni qarşılıqlı iddianın rədd edilən hissəsində ləğv edilməsini və həmin hissədə də iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahih etmişdir. İlkin iddiaçı apellyasiya şikayəti aşağıdakılarla əsaslandırmışdır: 1.İddiaçı tərəf mübahisəyə dair birinci instansiya məhkəməsində kifayət qədər əsaslı və birbaşa işlə əlaqəli sübutları təqdim etməklə, həmin sübutların tədqiqində iştirak edib, iddiasını əsaslandırmışdır. Lakin məhkəmə mübahisəyə hüquqi qiymət verərkən tərəflərin qarşılıqlı münasibətini, işin hallarını, mübahisənin yaranma səbəblərini və digər diqqətəlayiq halları tam və hərtərəfli araşdırmadan və həmin hallara düzgün hüquqi qiymət vermədən əsassız qətnamə çıxarmışdır. Bu baxımdan,apellyasiya şikayəti işdə mövcud olan sübutlar və işin müəyyən edilmiş hallarına uyğun əsaslandırılmalıdır.

2. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirmişdir. Lakin işə əlavə edilmiş sənədlər, tərəflərin izahatları ilə müəyyən olunur ki, cavabdeh müqavilə öhdəliyinin icrasını vaxtında və lazımi qaydada icra etməmişdir. Texnika 2019-cu ilin aprel ayında təmir üçün təhvil verilmiş, may ayında təmir edildiyi bildirilərək iddiaçı təşkilata qaytarılmış, lakin bir neçə gün sonra texnika eyni qüsurlardan nasaz vəziyyətə düşmüş, cavabdehin əməkdaşları Masallı rayonuna ezam olunmuş, 2019-cu ilin may ayından sentyabr ayına qədər olan müddətdə texnika mütəmadi olaraq təmirdə olmuş, yəni bir neçə gün işləməsi istisna olmaqla istehsaldan kənarda qalmış, nəhayət 2019-cu ilin sentyabr ayında texnika təmir üçün Bakı şəhərinə gətirilmiş, lakin bu günə qədər təmir edilərək sifarişçiyə təhvil verilməmişdir. Belə olan halda cavabdeh tərəfindən müqavilə öhdəliyinin icra edildiyi barədə nəticəyə gəlmək üçün məhkəmənin əlində tutarlı heç bir səbəb olmamışdır. Bu isə iddia tələbinin həmin hissədə qanuni və əsaslı olmasına dəlalət edir. İddiaçı texnikanın təmir edilərək cavabdehə təhvil verilməsi üçün məsuliyyət daşısa da bu günə qədər müqavilə öhdəliyini icra etməmişdir. Artıq bir ildən çoxdur ki, iddiaçıya məxsus texnika təmir edilərək təhvil verilmir. Bu müqavilə şərti ilə müəyyən edildiyindən və cavabdeh texnikanı təmir edəcəyinə dair öhdəlik götürüb təmir üçün təhvil aldığından, texnikanın təmin edilib təhvil verilməsinə görə məsuliyyət daşıyır.

3. İşin araşdırılması zamanı müəyyən edilmişdir ki, cavabdeh tərəfindən aparılmış təmir və ehtiyyat hissələrinin dəyişdirilməsi heç bir effektiv nəticəyə səbəb olmamış, texnika 2019-cu ildən məhkəmə mübahisəsi başlanana, hətta yekun məhkəmə aktı çıxarılanadək təmir olunub təhvil verilməmiş, texnika hal-hazırda da cavabdehin sərəncamında qalmışdır. Verilmiş sifariş üzrə aparılmış təmir heç bir nəticə vermədiyində, texnikada nasazlıq davam etdiyindən və istismara buraxılmadığından, cavabdehin iddia etdiyi təmir və ehtiyyat hissələrin dəyişdirilməsi ilə bağlı çəkilmiş xərclərə görə iddiaçı təşkilat heç bir məsuliyyət daşımır, çəkilmiş həmin xərclər cavabdehə həvalə edilməlidir.

4. Cavabdeh tərəfindən texnikanın vaxtında təmir edilib təhvil verilməməsi və uzun müddət cavabdehdə qalması nəticəsində iddiaçı istehsal prosesinə əlavə texnika cəlb etmiş və həmin texniklara görə hər ay üçün 7500 manat ödəniş etmişdir. Müvafiq müqavilələr və ödəniş sənədləri işin materiallarına əlavə Dövlət rüsumunun ödənilməsi haqqında məlumat edilmişdir. Cavabdeh təşkilat texnikanı vaxtında təmir edib təhvil versəydi, iddiaçı başqa texnikalardan istifadə etmək məcburiyyətində qalmazdı. Bu əsasla cavabdehin maddi məsuliyyəti də yaranmışdır. Cavabdeh iddiaçının məruz qaldığı həmin ziyana görə məsuliyyət daşıyır.

5. İddiaçı tərəfindən tələb olunan məbləği tam qarşılamasa da müəyyən miqdarda məbləğin xərc kimi çəkilməsinə dair sənədlər işin materiallarına əlavə edilmişdir. Yuxarıda qeyd edilən tələblər təmin ediləcəyi təqdirdə çəkilmiş xərclər də cavabdehdən tutulmalıdır.

6. Məhkəmə qarşılıqlı iddianın təmin edilən hissəsinə münasibətdə də əsassız nəticəyə gəlmişdir. Məhkəmə təmir aktının sifarişçi (iddiaçı) tərəfindən imzalanması və EQF-nın təsdiq edilməsini əsas götürüb həmin hissədə iddianı təmin etmişdir. Lakin məhkəmə nəzərə almamışdır ki, texnika cavabdehdən təhvil alınarkən yoxlanılmamış, çünki cavabdeh diaqnostika üçün şərait olmadığını əsas gətirmişdir. Texnika Masallı rayonuna aparıldıqdan sonra müəyyən olunmuşdur ki, eyni qüsurlar qalmaqdadır. Dolayısı ilə 2019-cu ilin aprel ayında aparılmış təmir heç bir effekt verməmiş, yəni sifarişin icrası başa çatdırılmamışdır. Bu vəziyyətdə həmin pulun iddiaçıdan tutulması əsassız olmuşdur. Digər tərəfdən, tərəflər arasında mübahisə mövcud olduğu halda ödənilməmiş əsas məbləğə görə dəbbə hesablanması isə ümumiyyətlə absurddur. Məhkəmə bu fakta əhəmiyyət verməmişdir ki, 2019-cu ilin may ayından tərəflər arasında xeyli yazışmalar olmuş, sifarişçi texnikanın təmirində narazı qalmış, icraçı dəfələrlə texnikanı yerində, yəni əməkdaşlarını ezam etməklə təmir etməyə çalışmış, lakin heç bir nəticə əldə edilməmişdir. Belə vəziyyətdə ödənilməmiş borca görə dəbbə hesablanması ədalət və qanunçuluq baxımından məqbul hesab edilə bilməz. Məhkəmə qarşıqlılı iddianı qismən təmin etdiyi halda cavabadeh tərəfindən ödənilmiş dövlət rüsumunu bütünlüklə iddiaçıya (qarşılıqlı iddia üzrə cavabdehə) həvalə etməklə, mülki prosessual məcəllənin tələblərini də pozmuşdur. Yekun olaraq hesab edirəm ki, hazırki mübahisəyə dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsassız olmaqla, işin hallarına uyğun deyil, məhkəmə iddia tələbinin qanuni əsasını müəyyən edərkən yanlışa yol vermiş, nəticədə qanunsuz qətnamə çıxarmışdır. Qarşılıqlı iddiaçı isə apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, məhkəmə mübahisəli texnikanın təmirinə görə açılmış xx.xx.2019-cu il tarixli GM11624 №-li təmir aktına əsasən hesablapnmış 3845.28 manat hissəsində iddianı təmin etmiş. xx.xx.2019-cu il tarixli, gm11804 №-li təmir aktınaəsasən hesablanmış 7364,72 manat hissəsində isə iddianı rədd etmiş və bu möqeyini belə əsaslandırmışdır ki, xx.xx.2019-cu il tarixli təmir aktı üzrə təhvil vermə həyata keçirilsmədiyindən həmin hissədə iddiaçının tələbi əsassızdır. Lakin qarşılıqlı iddiaçı məhkəmə iclasında bildirmişdir ki, texnika təmir edilsə də onun təhvil verilməsi üçün cavabdehə dəfələrlə şifahi və elektron poçt üzərindən müraciətlər edilmiş, cavabdeh isə hər dəfə müxtəlif bəhanələr gətirərək texnikanı təhvil almamışdır. Bundan əlavə xx xxxxxx 2020-ci il tarixində texnikanını təhvil alınması üçün İddiaçı1 MMC-yə rəsmi müraciət edilmiş, lakin qarşılıqlı iddia üzrə cavabdeh yenə də texnikanın onlardan təhvil almamışdır. Beləliklə də qarşılıqlı iddiaçı öz öhdəliyini yerinə yetirmiş, lakin cavabdeh öz texnikasını laqeyidliyi üzündən hələ də onlardan təhvil almamışdır (Mülki Məcəllənin 430.1, 442 və 441.2-ci maddələrinə istinad olunur). Məhkəmə kollegiyasının iclaslarında iştirak edən tərəflərin nümayəndələri apellyasiya şikayətlərinə uyğun izahat verərək, hər kəs özünə münasibətdə apellyasiya şikayətinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə tərəflərin apellyasiya şikayətləri təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Tərəflərin iddia ərizələri və apellyasiya şikayətlərinin dəlillərindən göründüyü kimi, onlar arasında TXM00034/16 saylı, xx.xx.2016-cı il tarixli texniki xidmət müqaviləsinin bağlandığı işin mübahisələndirilməyən halıdır. İşə əlavə edilmiş həmin xidmət müqaviləsinin predmetindən isə görünür ki, sifarişçi İddiaçı1 MMC-nin təyin etdiyi məsul şəxsin tapşırığına əsasən icraçı Cavabdeh MMC sifarişçiyə məxsus olan yeni və yaxud işlənmiş texnikalar üzrə servis xidməti göstərilməsini və anbarda olan ehtiyyat hissələri ilə təchiz edilməsi öhdəliyini öz üzərinə götürmüşdür. İşin mübahisələndirilən halları ondan ibarətdir ki, sifarişçi İddiaçı1 MMC, ona məxsus «NEW HOLLAND D255» modelli buldozeri təmir olunması üçün cavabdeh icraçıya, yəni «xxxx» MMC-yə təhvil vermiş, lakin sonuncu tərəfindən təmir işləri qüsurlu görülmüşdür. Belə ki, iş materiallarından görünür ki, icraçı «xxxx» MMC tərəfindən mübahisəli texnikanın təmiri üçün 3845,28 manat dəyərində işlər görülməsinə dair xx.xx.2019-cu il tarixli təmir aktı tərtib olunmuşdur. İlkin iddia ərizəsindən göründüyü kimi, iddiaçı tərəfindən mübahisələndirilir ki, xx.xx.2019-cu il tarixində buldozer təmirdən təhvil alınaraq istehsal prosesinə buraxılmış, texnika bir neçə gün fasilərlə işləmiş, lakin faydalı iş əmsalı aşağı olmuş, daha sonra ümumiyyətlə, işləmədiyi üçün sahədən çıxarılmışdır. Göründüyü kimi, hər bir halda, təmir edilməsi üçün icraçıya verdiyi buldozeri ondan təhvil alaraq istehsala buraxdığını və bir neçə gün ərzində istismar da etdiyini təsdiq edir. Bu isə onu deməyə əsas verir ki, cavabdeh tərəfindən texnikanı aldığı məqamda texnikada olan nasazlıqlar aradan qaldırılmış vəziyyətdə və istismar üçün yararlı olmuşdur. Onun bir neçə gün istsmar olunduqdan sonra, sürətlər qutusundan yağ axıtmasına gəldikdə isə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: Tərəflər arasında bağlanmış müqavilənin 2.6-cı bəndinə əsasən “sifarişçi” texnikaların istismar qaydalarına uyğun olaraq və təyinatı üzrə istismar edilməsinə nəzarət etməlidir. Təyinatı və istismar qaydaları üzrə istismara nəzarət məsuliyyəti “sifarişçi”nin üzərinə düşür. Həmin müqavilənin 2.7-ci bəndinə əsasən “sifarişçi” texnikaların istismar qaydalarına uyğun olaraq və təyinatı üzrə istismar etmədikdə, “İcraçı” tərəfindən görülmüş işlərə, ehtiyyat hissələrinə və texnikaya zəmanət verilmir. İşə əlavə olunmuş icraçı tərəfin mütəxəssis rəyindən isə görünür ki, buldozerə baxış keçirilərkən dəfələrlə sifarişçi tərəfindən onun istismar qaydalarının pozulduğu müəyyən edilmişdir. Halbuki, sözügedən həmin buldozerin istismar qaydalarına ( Qaydaların 22-ci səhifəsinə istinad olunur) görə həmin texnika çox güclü və həssas texnikadır və ixtisaslı operator tərəfindən idarə olunmasını tələb olunur. Lakin konkret halda, müqavilənin qeyd olunan şərtlərinə müvafiq qaydada sifarişçi İddiaçı1 MMC tərəfindən mübahisəli texnikanın istismarına nəzarət həyata keçirildiyi müəyyən olunmur. Ən azından, məhkəməyə bununla bağlı onun tərəfindən sübutetmə vasitələri təqdim olunmamışdır. Beləliklə də qeyd olunanlardan göründüyü kimi, xx.xx.2019-cu il tarixli təmir aktı üzrə buldozerin təmiri üçün icraçı tərəfində 3845,28 manat dəyərində işlərin görüldüyü öz təsdiqini tapır. Belə olan halda isə sifarişçi görülən işlərəi haqqını icraçıya ödəməyə borcludur. Belə ki, Mülki Məcəllənin 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzdu ödəməyə borcludur. Həmin Məcəllənin 770-ci maddəsinə əsasən əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Bundan əlavə, tərəflər arasında bağlanmış müqavilənin 4.2-ci və 4.7-ci bəndləri nəzərdə tutur ki, icraçı tərəfindən görülmüş xidmətdən sonra, sifarişçi tərəfindən 5 bank günü müddətində 100% ödəniş təmin edilməli. Əks halda hər gecikdirilmiş gün üçün 0.1 faiz dəbbə pulu ödəməlidir. Bu baxımdan, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsi ilə qeyd olunan akt üzrə 3845,28 manat məbləğində pulun və Mülki Məcəllənin 467-ci maddəsi tətbiq olunmaqla, qeyd olunan təmir aktı üzrə ödənilməsi nəzərdə tutulan borcun 10 faizi miqdarında (3845 manat) dəbbə pulunun sifarişçidən icraçının xeyrinə tutulması qət edilməsi işin hallarına uyğun sayır. Ona görə də həmin akt üzrə aparılmış təmir işləri üzrə hesablanmış usta pulu və ehtiyat hissələrinə çəkilmiş xərclərin icraçıya aid edilməsi barədə ilkin iddiaçının tələbi əsassız hesab edilməlidir. Qarşılıqlı iddiaçının digər xx.xx.2020-ci il tarixli təmir aktına əsasən mübahisəli buldozerin təmirinə çəkdiyi 7364,72 manat məbləğində xərcin ödənilməsi, ilkin iddiaçının isə həmin xərcin icraçının özünə aid edilməsi tələblərinə gəldikdə isə məhkəmə kollegiyası hər iki tərəfin qeyd olunan tələbləri ilə razılaşmayaraq onları əsassız sayır. Belə ki, qarşılıqlı iddiaçı sözügedən təmir aktı üzrə təmir işlərini gördüyünü iddia etsə də, texnikanı hələ sifarişçiyə təhvil verməmiş, bununla bağlı, onun y istimara yararlığını bərpa olounduğunu əsaslandırıcı sübutlar məhkəməyə təqdim etməmişdir. Digər tərəfdən, məhkəmə kollegiyası qeyd edir ki, qarşılıqlı iddiaçı müqavilənin icraçı tərəfidir. Belə olan halda, Mülki Məcəllənin 758-ci maddəsinə müvafiq olaraq təmir etdiyi sifarişçiyə məxsus daşınar əşya (yəni, eonkret halda buldozer) təmir məqsədilə onun sahibliyində olduğu halda, öz xidmət haqqı tələblərinin təminatı üçün həmin əşyaya (buldozerə) girov hüququndan istifadə etmək hüququna malikdir. İlkin iddiaçıya (sifarişçiyə) münasibətldə isə qeyd olunmalıdır ki, həmin texnikanı təhvil aldığı onun qüsurlarını aşkar etdiyi məqamda yalanız həmin qüsurları mübahisələndirməkdə haqlı ola bilər. Bundan əlavə məhkəmə kollegiyası onu da qeyd edir ki, Mülki Məcəllənin 763.1, 764.1 və 765-ci maddələrinin tələblərinə görə sifarişçi, əgər məmulatın qüsuru vardırsa, əlavə icra tələb edə bilər və icra üçün müəyyənləşdirilmiş müddət nəticəsiz qurtararsa, qüsuru özü aradan qaldırıb çəkdiyi xərclərin əvəzini ödəməyi icraçıdan tələb edə bilər və əgər icra üçün əlavə müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, müqavilədən imtina edə bilər. Beləliklə də, mübahisəli texnika təhvil alınmadığı və mülki qanunvericiliyin qeyd olunan tələblərindən irəli gələn şərtlər yerinə yetirilmədiyi bir halda, sifarişçi olan ilkin iddiaçı - ikinci təmir aktı üzrə çəkilmiş xərclərin cavabdeh icraçının üzərinə qoyulmasını, belə olan təqdirdə icarəyə götürdüyü obyektə görə ziyana düşdüyünü mübahisələndirərək qarşı tərəfdən həmin ziyanın əvəzinin ödənilməsini tələb etməkdə haqlı sayıla bilməz. Ümumiyyətlə, ikinci təmir aktının icrası hər iki tərəfin mülki qanunvericilikdən irəli gələn öhdəliklərini yvicdanla yerinə yetirilməsini tələb edir. Belə ki, Mülki Məcəllənin 425.2-ci maddəsinin tələbinə görə öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Beləliklə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnamə ilə qarşılıqlı iddianın birinci təmir aktı ilə görülən işlərə münasibətdə qismən təmin olunması, həmin iddianın qalan hissələrində, habelə ilkin iddia tələblərinin rədd olunması barədə gəldiyi nəticəni MPM-in 385.2-ci maddəsi baxımından faktlar-nöqteyi nəzərindən işin hallarına uyğun və mahiyyəti üzrə düzgün nəticə kimi qiymətləndir və belə hesab edir ki, həmin qətnamənin tərəflərin formal mülahizələrinə görə ləğv oluna bilməz. Ona görə də məhkəmə kollegiyası tərəflərin apellyasiya şikayətlərinin Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1973/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsində məhkəmə tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmədiyini, qətnamənin əsassız olduğunu, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığını mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onların apellyasiya şikayətləri təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 393, 384, 392, 393, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət e t d i:

Tərəflərin apellyasiya şikayətləri təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1973/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Cahangir Yusifov

Hakimlər: Raqib Qurbanov

Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar