Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-261/2021 15.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Şükürova Ləman Ceyhun qızının katibliyi, cavabdehin nümayəndəsi X1 və iddiaçıların iştirakı ilə İddiaçılar İddiaçı1 İsmayiloviçin və İddiaçı2 cavabdeh “xxxx” ASC-yə qarşı “pul tələbinə dair” kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 1436/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsindən İddiaçı1 İsmayiloviç tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İ. İddiaçılar İddiaçı1 İsmayiloviç (VÖEN:**********) və İddiaçı2 cavabdeh “xxxx” ASCyə qarşı iddia ərizəsi ilə müraciət edərək cavabdehdən İddiaçı1 xeyrinə 30 000 (otuz min) manat məbləğində pul vəsaitinin və İddiaçı2 xeyrinə 56 856 manat məbləğində pul vəsaitinin tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddianın əsaslarına görə İddiaçı1 ilə cavabdeh arasında xx.xx.2011-ci il tarixli sığorta vasitəçiliyi haqqında xidmət (tapşırıq) müqaviləsi bağlanmış və həmin müqaviləyə 11 və 14.70 faiz komisyon mükafatların (haqların) verilməsi barədə Əlavə də imzalanmışdır. Halhazırda müqavilə və onun Əlavəsi qüvvədədir. Qanunla qorunan mənafelərinin pozulubpozulmamasını yoxlamaq məqsədilə dəfələrlə sığorta şirkətinə müvafiq sorğular vermiş, lakin sorğulara cavab almamışdır. Bundan sonra X2 Palatasına sorğu verilmiş və xx.xx.2019-cu il tarixli, ********** saylı cavab məktubundan qanunla qorunan mənafelərinin və hüquqlarının pozulmasını müəyyən etmişdir. Belə ki, xx.xx.2011-ci il tarixindən bu günə kimi icbari qaydada daşınmaz əmlak üzrə bağladığı sığorta müqavilələrinin sayı 2668 ədəd, topladığı sığorta haqlarının məbləği ******* manat, sığorta şirkəti tərəfindən ödənilmiş komisyon muzdun (haqların) məbləği isə 94697 manat olmuşdur. Aparılan hesablamalardan belə hasil olunmuşdur ki, ******* manat sığorta haqqının müqavilə şərtləri üzrə 11 faiz komisyon muzdu 181553 manat təşkil edir. Lakin sığorta şirkəti tərəfindən bu məbləğin yalnız 94697 manatı ödənilmişdir. Bununla da sığorta şirkəti (cavabdeh) 56856 manat məbləğində komisyon muzdu və digər sığorta növləri üzrə komisyon muzdları sığorta vasitəçisi olaraq ona ödəməmiş üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, sığorta qanunvericiliyinin şərtlərini və sığorta vasitəçisinin hüquq və mənafelərini pozmuşlar. Onu ödəniş məbləğləri ilə bağlı hüquq və tələblərinin bir hissəsini digər iddiaçı, İddiaçı2 xeyrinə güzəşt etmişdir. Bu barədə cavabdehə bildiriş vermişdir. Birinci instansiya məhkəməsində işə baxılarkən cavabdeh tərəfi iddianı qəbul etməmiş, iddia müddətinin tətbiq edidməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək iddianın rədd olunmasını məhkəmədən xahiş etmiş və bunu onunla əsaslandırmışdır ki, xx.xx.2011-ci il tarixindən cavabdeh, sığorta vasitəçiliyi haqqında müqavilə bağlamış, həmin müqaviləyə edilən əlavələrə əsasən cavabdeh tərəfindən ona 11 və 14.70 faiz komision haqqı ödənilməlidir. Lakin cavabdeh komission haqlarını ödəməmişdir. İddiaçı1 xx xxxx 2011-ci il tarixindən cavabdehin Filialların idarəedilməsi departamentinin sığorta nümayəndəsi vəzifəsində işləmiş və xx xxxx 2016-cı il tarixindən öz təşəbbüsü ilə tutduğu vəzifədən azad edilmişdir. Həmçinin cavabdeh, İddiaçı1 ilə xx xxxxxx 2011-ci il tarixində Sığorta vasitəçiliyi haqqında müqavilə bağlamış və həmin müqaviləyə qüvvədə olmasına baxmayaraq İddiaçı1 xx xxxx 2016-ci il tarixindən işdən azad edildikdən sonra Sığorta Vasitəçiliyi haqqında müqavilə ilə nəzərdə tutulan öhdəlikləri yerinə yetirməmişdir. Beləliklə, İddiaçı1 komision haqları tələb etmək hüququ varsa, yalnız xx xxxxxx 2011-ci il tarixindən xx xxxx 2016-ci il tarixinədək olan müddət aiddir. Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən Müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Beləliklə, İddiaçı1 xx xxxx 2016-ci il tarixindən sonra qeyd edilən müqavilə üzrə hər hansı bir xidmət göstərmədiyi üçün həmin müqavilə ilə nəzərdə tutulan komision haqqı barədə iddia ərizəsi ilə xx xxxx 2019-cu il tarixinədək məhkəməyə müraciət etməlidir. Lakin İddiaçı1 isə iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə xx xxxx 2020-ci il tarixində müraciət etmişdir. Yəni iddiaçı qanunvericiliklə müəyyən edilmiş 1 illik məhkəməyə müraciət müddətini ötürmüşdür. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə, iddia müddəti tətbiq edilməklə, iddia rədd edilmişdir. İddiaçı1 həmin qətnamədən apellyasiya şikayəti verərək, ləğv edilməsini və iddia ərizəsinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı1 apellyasiya şikayəti aşağıdakılarla əsaslandırmışdır: 1) İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin “subyektiv mülki hüququn pozulması” məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız, məhkəmənin gəldiyi nəticə isə lazımi əsasa söykənməyən hesab edilməlidir. (Konstitusiya Məhkəməsi Plenumunun L.İ.Binnətovanın şikayəti üzrə xx xxx 2008-ci il tarixli Qərarı). Hazırki mübahisə üzrə birinci instansiya məhkəməsi iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmamışdır. İş materiallarının 57-ci səhifəsində olan vəsatətdən görünür ki, iddiaçının vəkili “xxxx” ASC-yə sual verərək “sığorta agenti İddiaçı1 hüququnun cavabdeh tərəfindən pozulmasını”müəyyən etməyə cəhd göstərmişdir. Məhkəmə isə subyektiv mülki hüququn pozulması məsələsinə səthi yanaşaraq hər hansı bir qənaətə gəlməmişdir. 2) Cavabdeh iddia ərizəsinə qarşı verdiyi etirazda iddia müddətinin keçməsinə istinad edərsə, hakim işin məhkəmə baxışına hazırlığı qaydasında işin düzgün və vaxtında həllini təmin etmək üçün tərəflərin hər birinə iddia müddəti ilə bağlı müvafiq sübutların təqdim olunmasını təklif edə bilər (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4cü maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun x xxxx 2013cü il tarixli Qərarı) Hakim prosesi elə şəffaf qaydada aparmalıdır ki, tərəflər gözlənilməz qərarla üzləşməsin. Bu qayda AR MPM-nın 14,184 və 190 maddlərinin tələblərindən irəli gəlir (Thomas Herrmann. Mülki hüquqda tətbiq ediləcək hüququn tapılması. Səh. 254. 2012) Lakin iclas protokollarından görünür ki, məhkəmə iddiaçıya bununla bağlı heç bir təklif etməmişdir. İşin və mübahisənin vəziyyəti müzakirə olunmamışdır. Sonda iddiaçılar gözlənilməz qərarla üzləşmişdir. 3) AR MM-nın 372.2-ci və 377.1-ci maddələrində göstərilir ki, “hüququ pozulmuş” şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. İddia müddətinin axımı şəxsin öz “hüququnun pozulduğunu” bildiyi və ya bilməli olduğu gündən başlanır. Birinci instansiya məhkəməsi tərəfindən cavabdehin əsassız varlanmasının iddiaçı və ya cavabdehə hansı anda məlum olmasını müəyyən etməmişdir. 4) Birinci instansiya məhkəməsi bütün halları nəzərə almamış, iddia müddətinin axımının başlanğıcını dəqiq müəyyən edə bilməmişdir. 6) Mülki Məcəllənin 399.3. 399.4-ci maddələrinə əsasən müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Sığorta agneti İddiaçı1 2019-cu ildə cəlb elədiyi maliyyə auditinin hesablamasından və dövlət orqanının məktubundan müəyyən eləmişdir ki, komisyon muzd məbləğlərində bəzi çatışmazlıqlar var. Bundan sonra o, cavabdeh sığorta şirkətinə müraciət etmişdir. Cavabdeh sığorta şirkətinin hərəkətsizliyi və mülki vicdansızlığından sonra onun subyektiv hüququ pozulmuşdur. İddia müddətinin axımı da göstərilən subyektiv anla başlamışdır. 7) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və “Avropa İnsan haqları Məhkəməsinin qərarlarına istinadən İddiaçı1 hesab edir ki, məhkəmə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, iş üçün əhəmiyyəti olan halları sübut etməmiş və qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən digər İddiaçı2, sığorta vasitəçisi İddiaçı1la aralarında imzalanmış müqaviləyə əsasən tələbin bir hissəsinin ona güzəşt olunduğunu və sığorta vasitəçiliyi xidməti haqqında müqavilənin isə cavabdehlə İddiaçı1 arasında bağlandığını və İddiaçı1la həmfikir olduğunu bildirərək, sonuncunun apellyasiya şikayətinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavadehin nümayəndəsi N.Sadıxova İddiaçı1 apellyasiya şikayətinin dəlilləri ilə razılaşmamış, birinci instansiya məhkəməsi tərəfindən iddia müddətinin düzgün tətbiq edildiyini vurğulayaraq, qətnamənin qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (“MPM”) 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məcəllənin qeyd olunan tələbini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, işə İddiaçı1 münasibətdə onun şikayəti həddində baxılmalıdır. Onun apellyasiya şikayətinin qeyd olunan dəlillərindən isə göründüyü kimi, mübahisələndirir ki, cavabdehə qarşı irəli sürdüyü 56856 manat məbləğində pul tələbi ilə bağlı iddia müddətini keçirməmiş, 2019-cu ildə maliyyə auditinin hesablamasından və dövlət orqanının (X2 Palatasının) məktubuna əsasən ona ödənilən komisyon muzdun məbləğində çatışmazlıqlar olduğunu müəyyən etdikdən sonra hüquqlarının pozulduğunu bilərək məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası aşağıdakılara görə iddiaçının qeyd olunan dəlilləri ilə razılaşmır. Belə ki, iş materiallarından görünür ki, R Əsgərov xx xxxxxx 2011-ci il tarixli 000513 saylı lisenziyaya əsəsən sığorta agenti fəaliyyəti ilə məşğul olmaq üçün müddətsiz xüsusi razılıq (lisenziya) verilmiş və o, xx xxxxxx 2011-ci il tarixdə cavabdehlə “Sığorta vasitəçiliyi xidməti haqqında” müqavilə (№-059/11) bağlanmışdır. İşə əlavə olunmuş, cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsindən və onun nümayəndəsinin hazırkı məhkəmə iclasında verdiyi izahatına əsasən müəyən olunur ki, İddiaçı1 eyni zamanda, cavabdeh ASC-nin filiallarının idarəetməsi departamentinin sığorta nümayəndəsi vəzifəsində çalışmış, lakin sonradan xx.xx.2016-cı il tarixində öz təşəbbüsü ilə işdən azad edilmişdir. Eyni zamanda, işdən görünür ki, İddiaçı1 xx.xx.2016-cı il tarixində tutduğu vəzifəsindən azad edildikdən sonra cavabdehlə aralarında bağlanmış «sığorta vasitəçiliyi xidməti haqqında” müqavilədən irəli gələn öhdəliyi ilə bağlı sığorta vasitçəliyi fəaliyyətini faktiki olaraq dayandırmış, real hüquqi nəticələr doğuran hərəkətləri mövcud olmamış və bu işin mübahisələndirilməyən hallarını təşkil edir. Buna qədər onun aktiv fəaliyyət dövrünə münasibətdə isə işə əlavə olunmuş kassa məxaric orderlərinə, ödəniş tapşırıqlarına və hesabından çıxarışlara əsasən müəyyən olunur ki, cavabdeh tərəfindən ona: - xx.xx.2012-ci il tarixdən xx.xx.2015-ci il tarixədək olan dövrdə cəmi - 166276,62 manat; - xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək olan dövrdə cəmi - 25586,24 manat (Ümumilikdə. 191862,86 manat) komisyon haqqı ödənilmişdir. Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Mülki Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdtkdə başlanır. Tərəflər arasında bağlanmış müqavilənin 5.2-ci bəndinə əsasən müəyyən olunur ki, hər ay, vasitəçi tərəfindən vasitəçilik xidmətlərinin göstərilməsindən daxil olan vəsaitlərdən vasitəçiyə ödəniləcək komisyon faizləri 1 saylı cədvələ əsasən müəyyənləşdirilmiş məbləğdə növbəti ayın 10-a kimi vasitəçinin müvafiq bank hesablaşma hesabına köçürülür və ya görülmüş xidmətlərin həcmi barədə hər iki tərəfdən imzalanmış akta əsasən vasitəçi tərəfindən sığortaçıya mədaxil qəbzi verilməklə nağd hesablaşma aparılır. Müqavilənin qeyd olunan şərtindən göründüyü kimi, vaxtaşırı olaraq, hər növbəti ayın 10-dan etibarən vasitəçinin göstərdiyi xidmətlədən daxil olan vsaitlərdən ona sığorta şirkəti tərəfindən komisyon haqqı ödənilməlidir. Deməli, iddiaçı hər ayın (konkret halda, 2016-cı ilin iyun ayının) 10-dan etibarən hüquqlarının pozulub-pozulmadığını bilməli idi. Mülki Məcəllənin 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə, borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Həmin Məcəllənin 380.2-ci maddəsinə əsasən əasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Tədqiq edilən sübutlarla müəyyən olunan hallardan göründüyü kimi, cavabdehin sonuncu ödənişi iddiaçıya xx.xx.2016-cı il tarixində həyata keçirilmiş, bundan sonra İddiaçı1 tərəfindən sığorta vasitəçiliyi xidməti göstərdiyi iş materiallarına əsasən müəyyən olunmur. Məcəllənin qeyd olunan tələbi nəzərə alındıqda, deməli, iddia müddətinin axımı cavabdehin sonuncu ödənişinin həyata keçirildiyi xx.xx.2016-cı il tarixindən başlanır. Belə olan halda da üç illik iddia müddəti xx.xx.2016-cı il tarixində tamamlanır. İddiaçı isə iddia ərizəsi ilə məhkəmyə xx.xx.2020-ci il tarixində müraciət etmişdir. Beləliklə də qeyd olunanlar onu deməyə əsas verir ki, iddiaçının apellyasiya sikayətinin 2019-cu ildə maliyyə auditinin hesablamasından və dövlət orqanının (X2 Palatasının) məktubuna istinadən hüquqlarının pozulduğunu bildiyini mübahisələndirən dəlilləri əsasızdır. Qeyd olunanlar, o cümlədən, sığorta vastəçiliyi xidməti haqqında müqavilənin 5.2-ci bəndinin tələbi və mülki qanunvericiliyin göstərilən tələbləri baxımından, İddiaçı1 hüquqlarının pozulmasını daha əvvəl - audit yoxlaması və ya müvafiq dövlət orqanına müraciət etməklə (və sair formada) müəyyən etməli və məhkəməyə müraciət idi ki, iddia müddətini ötürməsin. Beləliklə qeyd olunanlar onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə cavabdehin ərizəsinə əsasən iddia müddətinin tətbiq olunaraq iddianın rədd edilməsi faktlar-nöqteyi nəzərindən mahiyyəti üzrə düzgün olan nəticədir və MPM-in 385.2-ci maddəsi baxımından iddiaçının qeyd olunan dəlillərinə görə ləğv edilə bilməz. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. “Stanyo Belçikaya qarşı” iş üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin x xxxx 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Beləliklə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası İddiaçı1 apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia müddətinin düzgün tətbiq edilmədiyini, işin araşdırılmadığını və maddi və prosessual hüquq normalarının pozulması ilə qətnamə qəbul olunduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1436/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: İddiaçı1 İsmayiloviç tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1436/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-261/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-261/2021
15.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver