Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-261/2024 28.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı kommersiya işi Açar söz: lizinq müqaviləsi Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı lizinq müqaviləsi üzrə borcun tutulması tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2- 2(113)- 4451/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları
1. İşin sübutlar əsasında müəyyən edilmiş mübahisəsiz halıdır ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 403—LD/18 nömrəli müqaviləyə əsasən lizinq verən ümumi məbləği 43200 manat təşkil edən 18 baş simmental cinsli damazlıq heyvanların güzəştli satış dəyərini lizinq ödəniş qrafikinə uyğun tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə 3 ilə lizinqə vermişdir. Lizinq alan damazlıq heyvanların güzəştli satış dəyərindən 21600 manat ilkin ödəniş məbləğini əvvəlcədən lizinq verənə ödəmiş, damazlıq heyvanların güzəştli satış dəyərindən qalan 21600 manat məbləği isə ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öhdəsinə götürmüşdür.
2. Müqavilənin 4.2-ci bəndində nəzərdə tutulmuşdur ki, lizinq alan ödəniş qrafikinə uyğun olaraq iki dəfədən artıq ödənişi yerinə yetirməzsə lizinq verən lizinq alandan borc məbləği və gecikdirilən hər günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb edir.
3. xx.xx.2018-ci il tarixli, 403-LD/18 nömrəli müqavilənin spesifikasiyasına əsasən (Əlavə № 1) Cavabdeh tərəfindən ödənilməli olan ilkin ödəniş məbləği 21600 manat, ümumi məbləğin miqdarı isə 43200 manat təşkil edir.
4. xx.xx.2018-ci il tarixli, 403-LD/18 nömrəli müqaviləsinin 4.1 bəndinin ödəniş qrafikinə əsasən (Əlavə № 2) Cavabdeh 2018-ci ilin İV rübündən 2021-ci ilin İV rübünədək hər dəfə 1964 manat olmaqla, ümumilikdə 43200 manat məbləğində ödəniş etməli idi.
8. xx.xx.2018-ci il tarixli orderə əsasən Cavabdeh tərəfindən 29160 manat məbləğində ilkin ödəniş aparılmışdır.
9. xx.xx.2020-ci il tarixli ödəniş sənədinə əsasən Cavabdeh tərəfindən "xxxx" ASCnin hesabına 5000 manat məbləğində ödəniş edilmiş, ödənişin təyinatı olaraq 403-LD/18 nömrəli müqavilə göstərilmişdir.
10. İddiaçı tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən xx.xx.2018-ci il tarixli, 403-LD/18 nömrəli müqavilə üzrə ödənilməli məbləğ ümumilikdə 43200 manat təşkil etmiş, Cavabdeh tərəfindən 33209 manat məbləğində ödəniş edilmişdir. Gecikdirilmiş borc 9991 manat, hesablanmış cərimə 6861.83 manat olmaqla, ümumilikdə ödənilməli olan borc məbləği 16852.83 manat təşkil edir.
11. xx.xx.2018-ci il tarixli, 403-LD/18 nömrəli müqavilə üzrə ödənişlərə görə cərimənin hesablanması qrafikinə əsasən Cavabdeh gecikdirilmiş əsas borc məbləği 9991 manat, cərimə məbləği 6861 manat təşkil edir.
12. İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən Cavabdeh xx.xx.2023-cü il tarixli, 3-22/2/2-Q-16- 399/2023 nömrəli pretenziya qaydasında xəbərdarlıq məktubu ünvanlanaraq, xx.xx.2018ci il tarixli, 403-LD/18 nömrəli müqavilə üzrə yaranmış 9991 manat gecikdirilmiş borc və hesablanmış 6861.83 manat məbləğində cərimə məbləğinin qısa zaman ərzində ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
13. İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2018-ci il tarixli 403-LD/18 nömrəli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi xx.xx.2023-cü il tarixə hesablanmış 9991 manat gecikdirilmiş əsas borc, 6861,83 manat cərimə borcu, hüquqi yardımla bağlı 500 manat və 200 manat mediasiya xərci, cəmi 17552,83 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ("xxxx" ASC) ilə Cavabdeh Väqif oğlu arasında bağlanmış xx.xx.2018-ci il tarixli 403-LD/18 nömrəli müqaviləyə əsasən borclu (lizinq alan) damazlıq heyvanları lizinqə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin maliyyə arayışının tərtib edildiyi xx.xx.2023-cü il tarixə xx.xx.2018-ci il tarixli 403-LD/18 nömrəli müqavilə üzrə 9991 manat gecikdirilmiş borcu və hesablanmış 6861,83 manat cərimə borcu yaranmışdır. Cavabdehə öhdəliklərin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq keçirilmiş ilkin mediasiya sessiyasında tərəflərdən yalnız Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi iştirak etmiş, iş üzrə cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2023-cü il tarixli MŞB/13/2023-00945 nömrəli arayış tərtib edilmişdir (arayış ərizəyə əlavə edilir).Mediasiya sessiyasının keçirilməsi ilə bağlı 200 manat məbləğində mediasiyaya dair xərc də iddiaçı tərəfindən ödənilib.
15. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-4451/2023 nömrəli qətnaməsi ilə (hakim İlham Əhmədov) iddia tələbi qismən təmin edilmiş, Cavabdeh xx.xx.2018-ci il tarixli 403-LD/18 nömrəli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi xx.xx.2023-cü il tarixə hesablanmış 9991 manat gecikdirilmiş əsas borc, 500 manat cərimə borcu, hüquqi yardımla bağlı 500 manat və 200 manat mediasiya xərci, cəmi 11,191 (on bir min yüz doxsan bir) manat məbləğində pulun tutularaq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi qət edilmişdir.
16. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında 17 dekabr 2018-ci il tarixdə bağlanmış 403-LD/2018 nömrəli lizinq müqaviləsinə əsasən lizinq verən, yəni iddiaçı ümumi dəyəri 43200 manat təşkil edən 18 baş simmental cinsli damazlıq heyvanları güzəştli satış dəyərini lizinq ödəniş qrafikinə uyğun tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın, yəni cavabdehin mülkiyyətinə verilməsi şərti ilə 3 il müddətinə cavabdehə lizinqə vermişdir. Lakin cavabdeh tərəfindən 21600 manat təşkil edən ilkin ödəniş məbləği ilkin ödəniş məbləği olmaqla, borcun bir qismininin ödənişi həyata keçirilmiş, ümumilikdə 9991 manat təşkil edən borc məbləği isə ödənilməmiş qalmışdır. Belə ki, məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından da məlum olur ki, Cavabdeh tərəfindən müqavilə üzrə 33209 manat məbləğində ödəniş edilmiş, 9991 manat əsas borc məbləği ödənilməmiş qalmışdır.
17. Məhkəmə ilk olaraq qeyd etmişdir ki, xx.xx.2023-cü il tarixdə məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili ödənilməmiş borc məbləğinin olması faktını təkzib etməmiş, lakin məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək iddia tələblərinin baxışına xitam verilməsini xahiş etmişdir.
18. İddia müddətinin tətbiqi ilə bağlı məhkəmə qeyd etmişdir ki, cavabdehin iddia tələbinin baxışına xitam verilməsi ilə bağlı hüquqi mövqeyi qanunvericiliyin tələblərinə baxımından mümkün deyildir. Belə ki, mülki qanunvericiliyə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir və eyni zamanda iş üzrə icraata xitam verilməsi əsası qismində iddia müddətinin ötürülməsi göstərilməmişdir.
19. Məhkəmə həmçinin qeyd etmişdir ki, iş materiallarına əlavə edilmiş ödəniş sənədindən məlum olur ki, cavabdeh tərəfindən 04 sentyabr 2020-ci il tarixdə iddiaçının hesabına 5000 manat məbləğində ödəniş edilərək borcun etiraf edilməsini göstərən hərəkətlər həyata keçirilmişdir.İddiaçı tərəf isə son ödəniş edilməsi tarixindən 3 illik müddət ötürülmədən 11 avqust 2023-cü il tarixdə məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Lakin nəzərə almaq lazımdır ki, hər bir halda cavabdeh tərəfindən ödəniş həyata keçirilməsə idi belə iddia müddəti ötürülməmiş olacaqdı.
20. Məhkəmə iddiaçının tərəflər arasında bağlanmış müqavilənin icrasını cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab etmişdir ki, Cavabdeh 9991 manat məbləğində əsas borc məbləği tutularaq iddiaçıya ödənilməlidir.
21. Məhkəmə iddianın dəbbə pulu hissəsinə münasibətdə borclunun öhdəliyini pozmasındakı təqsirinin dərəcəsini, iddiaçının mənafeyini nəzərə alaraq, habelə dəbbə pulunun öhdəliyin icrasının təmini üsulu olmasını və bu mənada yüksək məbləğdə dəbbə pulunun kreditorun əsassız varlanmasına səbəb olmasının yolverilməzliyini vurğulayaraq bu nəticəyə gəlmişdir ki, iddia tələbi bu hissədə qismən təmin olunaraq Cavabdehdən İddiaçının xeyrinə 500 manat məbləğində dəbbə pulu tutulmalıdır.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
22. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-4451/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinə baxılmasına xitam verilməsini xahiş etmişdir.
23. Apellyasiya şikayəti onunla əsaslanmışdır ki, tətbiq olunmuş cərimə əslində dəbbə pulu kimi müəyyən olunmuşdur və buna görə də bunun təbii və təxirəsalınmaz hallarda tətbiqi üçün müəyyən şərtlərin baş verməsi nəzərə alınmalı idi. Həmçinin əsas pul üzərindən ödəmələr qəbul edilərkən silinmələr cərimə hesabına baş verdiyi üçün yenidən hesablamalarda bu mexanizmin yenidən incələnməsi yolu ilə əvvəllər əsas hesabına ödənilsə də, cərimə üzərinə silinmələr yenidən geri qaytarılaraq əsasdan çıxılmalar baş verməli idi. Təəssüf ki, bunların heç biri nəzərə alınmamışdır. Digər məsələ ondan ibarətdir ki, məlum olduğu kimi, MM dəbbə pulunu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edir (460.1-ci maddə). Dəbbə pulu tərəflərin iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərinə söykənir. Bu prinsiplər çərçivəsində tərəflər dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər (MM-in 462.3-cü maddəsi). Lakin müəyyənləşdirilən dəbbə pulu miqdarı bəzi hallarda borclunun iqtisadi vəziyyətinə, sahibkarlıq fəaliyyətinə mənfi yöndə təsir edəcək şəkildə tənasübsüz ola bilər. Bu halda, müqavilədəki tənasübsüz dəbbə pulu şərti borclu üçün yalnız məhdud şəkildə öhdəlik yarada bilər. Təsadüfi deyildir ki, MM-in 467-ci maddəsi məhkəməyə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Məhkəmə bu səlahiyyətini həyata keçirərkən kreditorvə borclunun iqtisadi vəziyyətlərini, kreditorun mənafelərini, xüsusilə də çəkdiyi zərərin miqdarını, borclunun təqsirini, öhdəliyin pozulmasının ağırlığını, müqavilənin növünü vəmüddətini nəzərə alır. Məhkəmə bu səlahiyyətini həyata keçirərkən qətnamədə göstərilənin əksinə olaraq borclunun iqtisadi vəziyyətini və mənafelərini, xüsusilə də çəkdiyi zərərin miqdarını, borclunun təqsirsizliyini, öhdəliyin pozulmasının əslində yüngül olmasını, müqavilənin növü üzrə müvafiq monitorinqin aparılmamış olmasını və burda kreditorun hərəkətsizliyini və müddətin hələ davam etməkdə olduğu üçün borclunun özündən asılı olmayan şəraitə münasibətdə təqsirsizliyini nəzərə almamışdır. Lakin qətnamədə müəyyənləşdirilən dəbbə pulu miqdarı bu hallarda borclunun iqtisadi vəziyyətinə, sahibkarlıq fəaliyyətinə mənfi yöndə təsir edəcək şəkildə tənasübsüz olmuşdur. Məhkəmə öz qətnaməsində bildirir ki, “İş materiallarına əlavə edilmiş ödəniş sənədindən məlum olur ki, cavabdeh tərəfindən 04 sentyabr 2020-ci il tarixdə iddiaçının hesabına 5000 manat məbləğində ödəniş edilərək borcun etiraf edilməsini göstərən hərəkətlər həyata keçirilmişdir. İddiaçı tərəf isə son ödəniş edilməsi tarixindən 3 illik müddət ötürülmədən 11 avqust 2023-cü il tarixdə məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. “Əksinə, məhkəmənin mövqeyindən fərqli olaraq düşünürük ki, 5 min manatlıq ödəniş sənədində cavabdehin heç bir imzası mövcud deyil. Əslində isə, sözügedən 5 min manat məbləğində pul vəsaiti cavabdeh tərəfindən çox əvvəlki tarixdə ödənilmişdir. Lakin kreditorun hüquqi çevrilmə prosesi baş verdiyi üçün müvafiq pul vəsaiti agent-kurator tərəfindən sonrakı tarixlərdə gecikməli olaraq cavabdehin borcunun bağlanması məqsədilə kreditorun hesabına ödənilmişdir. Məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından da məlum olur ki, cavabdeh tərəfindən müqavilə üzrə 33209 manat məbləğində ödəniş edilmiş, 9991 manat əsas borc məbləği ödənilməmiş qalmışdır. Göründüyü kimi, cavabdeh əsas borc üzrə kifayət qədər ödəniş etsə də, özündən asılı olmayan səbəblərdən pandemiya dövründə inəklər tələf olduğu üçün bağlı olan quru sərhədlərdən xaricə gedərək müvafiq dərmanların alına bilməməsi səbəbindən vaxtında mal-qara arasında baş vermiş olan yoluxucu xəstəliklərə qarşı lazımı veterinar müdaxiləni edə bilməmişdir. Bunun da nəticəsində həmin lizinqlə alınmış heyvanların tələf olması hadisəsi baş vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu Məcəllənin sözügedən maddəsinin təfsiri üzrə hazırkı işin hallarına tətbiqinə istinadən tam əminliklə iddia edə bilərik ki, cavabdeh öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə əslində hərəkət etmişdir. Lakin məhkəmə bunu və həmçinin əsas borc üzrə külli miqdarın əksəriyyətini təşkil edən pul vəsaitinin müvafiq borc üzrə kreditor hüquqi şəxsin çevrilməsi prosesinin başlanmış olduğu ana qədər ödənilmiş olması faktını nəzərə almamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra еdilməməsi borclunun icranı gecikdirməsi sayılır. Bunun nəticəsində icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddənin tələbindən anlaşıldığı kimi, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Lakin işin hallarından da göründüyü kimi, gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri deyil, söhbət xəstəlik nəticəsində heyvanların tələf olması faktından gedir ki, bu da normal rasional yanaşmalar çərçivəsində heyvanların yoluxma faktının normal şərtlər daxilində də baş verməsinin mümkünlüyü ehtimallarını da özündə ehtiva etmiş olduğundan cavabdehin borc üzrə ödənişlərindən qəsdən yayınmasının mümkünlüyünü istisna etməkdədir. Son nəticədə belə mülahizə irəli sürməkdə haqlı olduğumuzu hesab edirik ki, cavabdehin borcun ödənilməsində baş vermiş gecikmələrinin əsas səbəbi onun təqsiri ola bilməzdi. xx.xx.2018-ci il tarixli, 403-LD/18 nömrəli müqavilənin spesifikasiyasına əsasən (Əlavə № 1) Cavabdeh tərəfindən ödənilməli olan ilkin ödəniş məbləği 21600 manat, ümumi məbləğin miqdarı isə 43200 manat təşkil edir. xx.xx.2018-ci il tarixli, 403-LD/18 nömrəli müqaviləsinin 4.1 bəndinin ödəniş qrafikinə əsasən (Əlavə № 2) Cavabdeh 2018-ci ilin İV rübündən 2021-ci ilin İV rübünədək hər dəfə 1964 manat olmaqla, ümumilikdə 43200 manat məbləğində ödəniş edilməli idi. xx.xx.2018-ci il tarixli orderə əsasən Cavabdeh tərəfindən 29160 manat məbləğində ilkin ödəniş aparılmışdır. məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından da məlum olur ki, cavabdeh tərəfindən müqavilə üzrə 33209 manat məbləğində ödəniş edilmiş, 9991 manat əsas borc məbləği ödənilməmiş qalmışdır. İki ödəniş üzrə cəmi ən az toplasaq 33209+5000=38209 etməli və bu əsas borc olan 43200 manatdan çıxılaraq nəticədə borc qalığı 4991 manat olmalı olduğu halda, iddia ərizəsində əsas borc qalığı qanunsuz, əsassız və haqsız olaraq Cavabdeh xx.xx.2018-ci il tarixli 403-LD/18 nömrəli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi xx.xx.2023-cü il tarixə hesablanmış 9991 manat gecikdirilmiş əsas borc kimi göstərilmişdir. Nəticədə cavabdehin olmayan daha 5000 manat borcu yaranmışdır. Halbuki, cavabdeh əlavə olaraq ayrı-ayrı tarixlərdə daha bir neçə rübə 1964 manat dövri olaraq gecikmənin baş vermiş olduğu tarixə qədər ödəmələr aparmışdır. Bütün yuxarıda göstərilənlərə baxmayaraq məhkəmə bu hesablamalar üzrə apardığımız ödənişləri nəzərə almayaraq cavabdehin hüquq və mənafelərini əsaslı surətdə pozan qətnaməni qəbul etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməmişdir və məhkəməyə iddia müddətinin tətbiq edilməsi ilə bağlı ərizə təqdim etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ("xxxx" ASC) ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli 403-LD/18 nömrəli müqaviləyə əsasən borclu (lizinq alan) damazlıq heyvanları lizinqə götürsə də, sonradan cavabdehin yüksək təsərrüfatçı qayğısına dair göstərdiyi bütün fəaliyyətə baxmayaraq, sahibkara məlum olmayan mənbədən hansısa yoluxucu xəstəlik baş vermişdir və nəticədə damazlıq heyvanların qəfil ölümü hadisəsi baş vermişdir. Buna ərazi üzrə digər qonşu təsərrüfatçılar və deməsinə görə yerli baytar həkimləri də şahidi olmuşlardır və faktı təsdiqləyə bilərlər. Sahibkarın bildirməsinə görə və həmçinin mövcud kredit tarixçəsindən də göründüyü kimi, o, öz üzərinə düşən lizinq ödənişlərinin vaxtlı-vaxtında həyata keçirilməsi üçün öhdəliklərininin icrasına canla-başla yanaşmış və vicdanlı borclu kimi bu vəzifələrini icra etmişdir. Lakin iddiaçının da öz iddia ərizəsinin qeyd hissəsində göstərdiyi kimi "xxxx" ASC fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 17 avqust 2020-ci il tarixli Fərmanından irəli gələrək "xxxx" ASC-nin adı dəyişdirilərək "xxxx" ASC adlandırılmış və "xxxx" ASC kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə keçmiş, ötürülmüşdür.” Məhz sahibkar iddiaçının hüquqi statusunun, habelə ad, ünvan, ehtimal olunan struktur dəyişiklikləri baş verməmişdən xeyli müddət əvvəl, yəni ki neçə il əvvəl dəfələrlə iddiaçının əməkdaşları və işçiləri ilə idarənin fəaliyyətində hərəkətsizlik olduğunu, əlaqə saxlayaraq tələf olmuş heyvanların qeydiyyatının və bu faktın mümkün monitorinqinin ehtimal olunan hüquqi nəticələrinin tərəfə bildirilməsinin obyektiv zərurəti ilə maraqlansa da, qarşı tərəf bu haqda hələlik heç bir məlumatlarının olmadığını bildirmişdir. Lakin bu soraqlaşma hardasa 2018-in sonlarına qədər baş vermişdir. Belə ki, "xxxx" ASC-nin adı dəyişdirilməsindən xeyli vaxt əvvəl idarənin fəaliyyətində hərəkətsizlik olmuşdur və cavabdeh çarəsiz vəziyyətdə qalmışdır. Cavabdeh borcu etiraf etməmişdir və iddiaçı iddia müddətini ötürmüşdür. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ("xxxx" ASC) ilə Cavabdeh Väqif oğlu arasında bağlanmış xx.xx.2018-ci il tarixli 403-LD/18 nömrəli müqaviləyə əsasən borclu (lizinq alan) damazlıq heyvanları lizinqə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Buna etiraz olaraq bildirmişik ki, hüquqi şəxsin çevrilməsi baş versə də, yeni təşkilatın rekvizitləri haqqında müvafiq məlumat cavabdehə heç bir şəkildə çatdırılmamış olduğu üçün o, vaxtlı-vaxtında öz öhdəliklərini icra edə bilməmişdir. Lakin işin bu hallarını da məhkəmə nəzərə almamışdır.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
24. iddiaçı tərəfindən apellyasiya şikayətinə yazılı etiraz təqdim edilmişdir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təmin edilməsini xahiş etmişdir.
25. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir.
26. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi: 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir; 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. . 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra еdilməməsi borclunun icranı gecikdirməsi sayılır. Bunun nəticəsində icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 467-ci maddə-dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 463.1-ci maddə-dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 748-10.1 maddəsinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. 748-11 maddəsinə əsasən lizinq ödənişlərinin ümumi məbləğinə aşağıdakılar daxildir: lizinq obyektinin amortizasiya ödənişləri, lizinq obyektinin əldə edilməsi ilə bağlı zəruri xərclər, lizinq obyektini əldə etmək üçün alınan kreditə görə faiz, lizinq verənin mükafatının məbləği, lizinq obyekti lizinq verən tərəfindən sığorta edilmişdirsə, sığorta üçün ödənilən məbləğ, lizinq verənin əlavə xidmətlərinin haqqı, lizinq verənin lizinq müqaviləsi ilə nəzərdə tutulmuş digər xərcləri. 373.2-ci maddə- müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 373.3-cü maddə-vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. 375.1-ci maddə- hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 377.1-ci maddə-iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 77.1-ci maddə- hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 154.1-ci maddə-işdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir.
Əsaslandırıcı hissə Apellyasiya baxışının hədləri
27. Qətnamə cavabdeh tərəfindən qismən - iddia tələbinin təmin edildiyi hissədə mübahisələndirdiyindən qismən hissədə yoxlanılır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
28. Məhkəmə izahatı dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-4451/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
29. İşin birinci instansiya məhkəməsi tərəfindən sübutlar əsasında müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 403—LD/18 nömrəli lizinq müqaviləsinə əsasən ümumi məbləği 43200 manat təşkil edən 18 baş simmental cinsli damazlıq heyvan güzəştli satış dəyəri ilə cavabdehə lizinqə verilmiş, lizinq ödənişləri 2023-cü ilin 3-cü rübünədək tam icra edilməli olduğu halda, cavabdeh tərəfindən 33209 manat məbləğində ödəniş edilmiş, 9991 manat borc ödənilməmişdir.
30. Cavabdeh tərəfindən birinci instansiya məhkəməsinə iddia müddətinin tətbiqi barədə ərizə verilmişdir. Məhkəmə tərəfindən işdəki ödəniş sənədinə əsasən düzgün olaraq müəyyən edilmişdir ki, müqavilə üzrə sonuncu ödəniş xx.xx.2020-ci il tarixdə (5000 manat) həyata keçirildiyindən həmin tarixdən 3 illik müddət hesablanarsa iddiaçı 11 avqust 2023-cü il tarixdə məhkəməyə iddia ərizəsi ilə müraciət etməklə müddəti ötürməmişdir. .
31. Cavabdeh apellyasiya şikayətində qeyd edilən ödəniş sənədinin üzərində cavabdehin imzası olmadığından həmin sənədin sübut kimi nəzərə alınmalı olmadığını göstərsə də, məhkəmə qeyd edir ki, iddia müddətinin keçdiyini sübut etmək üçün cavabdeh ödənişlərə dair sənədləri məhkəməyə təqdim etməli olduğu halda etirazının əsası kimi istinad etdiyi hallara dair sübutları təqdim etmədiyindən iddiaçı tərəfindən təqdim edilmiş ödəniş sənədləri, o cümlədən 5000 manat ödənişlə bağlı iş materiallarının 54-cü vərəqinə əlavə edilmiş qəbz mötəbər hesab edilməlidir.
32. Cavabdeh birinci instansiya məhkəməsində ondan tələb edilən borcun məbləği ilə bağlı hər hansı etiraz bildirməsə də, apellyasiya şikayətində əsas borcun məbləğinin birinci instansiya məhkəməsi tərəfindən düzgün müəyyənləşdirilmədiyini qeyd edir. Məhkəmə bununla bağlı qeyd edir ki, iddiaçı tərəfindən təqdim edilmiş arayışlara əsasən cavabdeh tərəfindən ilkin ödəniş də daxil olmaqla cəmi 33209 manat ödəniş edilmişdir. İddiaçının izahatına əsasən müəyyən edilmişdir ki, cavabdehin özü tərəfindən ödənilmiş məbləğ 28974 manat olmuş, 4285 manat sığorta ödənişi ödənilmiş, həmin məbləğ də borc üzrə silinmişdir. Cavabdeh iddiaçının göstərdiyi məbləğdən daha artıq məbləğdə ödəniş edildiyinə dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir.
33. Məhkəmə eyni zamanda düzgün olaraq qeyd etmişdir ki, iddia tələbinin baxılmamış saxlanılması üçün qanuni əsaslar mövcud deyil.
34. Mübahisələndirilən qətnamə eyni zamanda dəbbə pulu tutulması hissəsində qanuni və əsaslı hesab edilir. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin 4.2-ci bəndində lizinq ödənişlərinin gecikdirildiyi hər gün üçün gecikdirilmiş məbləğin 0,1 faizi məbləğində dəbbə pulu nəzərdə tutulmuş, hazırkı halda isə ödənişlər 2020-ci ilin sentyabrından sonra dayandırılmışdır. Dəbbə pulu borcu məhkəmə tərəfindən MM-nin 467-ci maddəsinə əsasən azaldılaraq 500 manat müəyyən edilmişdir. Bu məbləğ əsas borca mütənasib olduğundan həmin hissədə də qətnamənin dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsaslar müəyyən edilmir.
35. Cavabdehin apellyasiya şikayətində istinad etdiyi Azərbaycan Respublikası Prezidentinin “"xxxx" ASC-nin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər planı barədə 17 avqust 2020-ci il tarixli Fərmanı ilə bağlı məhkəmə qeyd edir ki, bu Fərman əsasında "xxxx" ASC-nin adı dəyişdirilərək "xxxx" ASC adlandırılmış, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə keçmişdir. Fərman rəsmi dərc edildiyindən cavabdehin bu barədə məlumatı olduğu üçün lizinq müqaviləsi üzrə ödənişlərin dayandırılması üçün hər hansı əsas olmamışdır. Cavabdehin apellyasiya şikayətində istinad etdiyi digər hallar ( lizinqə verilmiş heyvanların ölümü, bunun səbəbləri və s.) barədə sübutlar nə biirnci instansiya, nə də apellyasiya instansiyası məhkəməsinə təqdim edilməmişdir.
36. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)- 4451/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
37. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:
Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-4451/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.