Məhkəmə qərarları › İş №2-2(103)-261/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-261/2025

18.02.2025 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-261/2025 18.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” məzmunlu ərizəsi üzrə (Açar sözlər: vergi borcu, vergi ödəyicisi, sərbəst hərəkət etmək hüququnun müvəqqəti məhdudlaşdırılması) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, Hüseynli Adilə Adil qızının katibliyi, Maraqlı şəxs iştirakı ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” məzmunlu ərizəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 20 dekabr 2024-cü il tarixli qətnaməsindən ərizəçinin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. Maraqlı şəxs xx.xx.1990-cı il təvəllüdlüdür, ünvan 1 ünvanında pasport qeydiyyatındadır.

2. Reyestr məlumatlarına əsasən, Maraqlı şəxs “Digər qruplara daxil edilməyən biznesin idarə olunmasına yönəldilmiş sair əlavə fəaliyyət” üzrə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində vergi uçotuna alınmış, ona xx.xx.2023-cü il tarixdə ********** nömrəli VÖEN verilmişdir.

3. Reyestr məlumatlarına əsasən, Maraqlı şəxs "xxxx" MMC-nin rəhbəridir, həmin MMC “İxtisaslaşdırılmamış topdansatış” fəaliyyəti üzrə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində vergi uçotuna alınmış, ona xx.xx.2018-ci il tarixdə ********** nömrəli VÖEN verilmişdir.

4. Reyestr məlumatlarına əsasən, Maraqlı şəxs "xxxx" MMC-nin rəhbəridir, həmin MMC “İxtisaslaşdırılmamış topdansatış” fəaliyyəti üzrə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində vergi uçotuna alınmış, ona xx.xx.2017-ci il tarixdə ********** nömrəli VÖEN verilmişdir.

5. "xxxx" MMC-nin şəxsi hesab vərəqəsinə əsasən, xx.xx.2024-cü il tarixinə həmin MMC-nin dövlət büdcəsinə 2 468 724,51 manat, İcbari Tibbi Sığorta Fonduna 0,29 manat borcu vardır.

6. "xxxx" MMC-nin şəxsi hesab vərəqəsinə əsasən, xx.xx.2019-cu il tarixə həmin MMC-nin dövlət büdcəsinə 2,92 manat borcu vardır.

7. Maraqlı şəxs şəxsi hesab vərəqəsinə əsasən, xx.xx.2024-cü il tarixə onun dövlət büdcəsinə 1,43 manat borcu mövcuddur.

8. Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və Maraqlı şəxs borcun ödənilməsinə dair bildirişlərlə müraciət edərək, borcun 5 gün müddətində dövlət büdcəsinə ödənilməsini tələb etmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir.

9. Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsinin xüsusilə mühüm işlər üzrə müstəntiqi tərəfindən xx.xx.2024-cü il tarixdə qəbul edilmiş “Cinayət işi üzrə icraata xitam verilməsi haqqında” qərarla müəyyən olunmuşdur ki, "xxxx" MMC tərəfindən alınmış mallara görə əmtəəsiz maliyyə əməliyyatları aparıldığından, malların (işlərin və xidmətlərin) alış əməliyyatları faktiki olaraq təsdiq edilmədiyindən 2023-cü il üzrə MMC-yə əmtəəsiz alış əməliyyatları üzrə Vergi Məcəlləsinin 175.11-ci maddəsinə əsasən 237 159,36 manat vergi hesablanmışdır.

10. Həmin qərara görə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) araşdırılan dövrdə şəxsi hesab vərəqəsində müvafiq düzəlişlər aparıldığı təqdirdə dövlət büdcəsinə olan borcun 2023-cü il üzrə 237 159,36 manat vergilərdən ibarət olması müəyyən edilmiş, dövlət büdcəsindən yayındırılmış 237 159,36 (iki yüz otuz yeddi min yüz əlli doqquz manat otuz altı qəpik) manat vergilər istintaq zamanı tamamilə ödənildiyindən Maraqlı şəxs və digərlərinin barələrində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə aparılan cinayət təqibinə xitam verilmişdir.

11. Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsinin xüsusilə mühüm işlər üzrə müstəntiqi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli “Cinayət nəticəsində vurulmuş maddi ziyanın ödənilməsi məqsədilə depoit hesabına keçirilmiş pul vəsaitlərinin dövlət büdcəsin köçürülməsi haqqında” qərarla, ********* nömrəli cinayət işinin istintaqı zamanı Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabına keçirilmiş 325 630 (üç yüz iyirmi beş min altı yüz otuz manat) manat məbləğində pulun Azərbaycan Respublikasının Dövlət Büdcəsinə köçürülməsi qərara alınmışdır.

12. Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli məktubunda göstərilmişdir ki, "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixinə dövlət büdcəsinə ödənilməmiş borcunun 2 517 737,52 manat olduğu müəyyən edilmişdir.

13. Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli məktubunda isə göstərilmişdir ki, "xxxx" MMC-nin ümumi borc məbləğinin 2 018 910,91 manat olduğu müəyyən edilmişdir.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

14. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi (ərizəçi) ərizə ilə Bakı Kommersiya Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, vergi ödəyiciləri olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********), "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) və Maraqlı şəxs (VÖEN: **********) dövlət büdcəsinə olan ümumilikdə 2 018 910,62 manat, İcbari Tibbi Sığorta Fonduna olan 0,29 manat məbləğində borcunun ödənilməsini təmin etmək üçün, həmin hüquqi şəxslərin icra orqanının rəhbəri və vergi ödəyicisi olan Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

15. Ərizə onunla əsaslandırılmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün, xx.xx.2024-cü il tarixə vergi ödəyicisi olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) dövlət büdcəsinə 2 018 906,27 manat məbləğində (o cümlədən, vergilər üzrə 1 833 110,26 manat, faizlər üzrə 185 796,01 manat), İcbari Tibbi Sığorta Fonduna 0,29 manat, Maraqlı şəxs (VÖEN: **********) dövlət büdcəsinə 1,43 manat məbləğində (o cümlədən, faizlər üzrə 1,43 manat), ”Por Trading" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) dövlət büdcəsinə 2,92 manat məbləğində (o cümlədən, faizlər üzrə 2,92 manat) olmaqla, ümumilikdə 2 018 910,91 manat borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafiq fonda ödənilməsi məqsədilə vergi ödəyicilərinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2024-cü il tarixli **********056700 nömrəli, xx.xx.2024-cü il tarixli **********801600 nömrəli, xx.xx.2024-cü il tarixli **********999900 nömrəli, xx.xx.2019-cu il tarixli **********225400 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyiciləri yaranmış borc məbləğlərini ödəməmişlər.

16. Maraqlı şəxs ərizəyə qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, sözügedən vergi borcu ilə bağlı Azərbaycan Respublikası Baş Prokurorluğunda hərtərəfli və tam şəkildə araşdırılma aparılmış, nəticədə cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilmişdir. 12 dekabr 2024-cü il tarixli həmin qərarda qeyd edilmişdir ki, tərəfindən yayındırılan vergilər tam şəkildə dövlət büdcəsinə ödənilmişdir. Bu səbəblə də onun barəsində başlamış cinayət işinə xitam verilmişdir. Buradan da görünür ki, Azərbaycan Resbuplikası Baş Prokurorluğu tərəfindən barəsində olan vergi borcu tam şəkildə hesablanmış və ona bildirilmiş, o isə bu vergi borcunu tam məbləğdə dövlət büdcəsinə ödəmişdir. Bu qərar barədə ərizəçi tərəf də tam şəkildə məlumatlandırılacaqdır. Hal-hazırda isə o, faktiki olaraq üzərinə düşən bütün öhdəlikləri yerinə yetirmişdir. Bu halda onun barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərarın qəbulu tamamilə yanlış və qanunsuz olacaqdır. Həmçinin o, bir çox səbəblərdən tez-tez ölkəni tərk edib qayıdır. İstintaq dövründə də bu hallar baş vermişdir. Lakin o öz öhdəliklərindən heç bir zaman boyun qaçırmamışdır. Bundan sonra da bu hal davam edəcəkdir. Hesab edir ki, bu aylar ərzində onun ölkədən çıxıb qayıtmağı da nəzərə alınmalı və buna uyğun qərar qəbul edilməlidir. Həmçinin qeyd edildiyi kimi o, öz vergi öhdəliklərimi tam şəkildə yerinə yetirmişdir.

17. Birinci instansiya məhkəməsinin 20 dekabr 2024-cü il tarixli qətnaməsi ilə ərizənin təmin edilməməsi qət olunmuşdur.

18. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsi tərəfindən aparılmış cinayət işi üzrə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) dövlət büdcəsinə ödənilməli olan borcunun 237 159,36 (iki yüz otuz yeddi min yüz əlli doqquz manat otuz altı qəpik) manat olması müəyyən edilmiş, göstərilən borc maraqlı şəxs tərəfindən ödənildiyi üçün cinayət təqibi üzrə icraata xitam verilmişdir. Bu səbəbdən, yəni həmin MMC-nin dövlət büdcəsinə yaranmış borcu ödənildiyi üçün ərizənin təmin edilməsinə əsas yoxdur.

19. Məhkəmə həmçinin vurğulamışdır ki, Maraqlı şəxs (VÖEN: **********) dövlət büdcəsinə 1,43 manat, "Por Trading” Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) dövlət büdcəsinə 2,92 manat məbləğində borclarının ödənilməsinin təmin edilməsi məqsədilə maraqlı şəxsin ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə ərizə, tələb edilən borcların məbləğinin cüzi olması səbəbindən təmin edilə bilməz.

20. Qənaətinin hüquqi əsaslandırması zamanı məhkəmə, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1-ci və 23.1.15-3-cü, 24.0.2-1-ci, Mülki Prosessual Məcəllənin 355-5.1-ci maddələrinə istinad etmişdir.

21. Qətnamədən ərizəçinin nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv edilməsini və ərizənin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini ərizənin məzmununa uyğun əsaslandırmaqla, qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlmədiyini, gəlinən nəticə üçün əhəmiyyət kəsb edən bütün faktiki halların aydınlaşdırılmadığını, məhkəmənin, 325 630 manatın dövlət büdcəsinə köçürüldüyünə istinad etməsinə baxmayaraq, belə bir ödənişin "xxxx" MMCnin xx.xx.2025-ci il tarixə şəxsi hesab vərəqəsində öz əksini tapmadığını, vergi bəyannamələrində dəqiqləşdirilmələr aparıldıqdan sonra "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixinə dövlət büdcəsinə 1 109 538,87 manat məbləğində (o cümlədən vergilər üzrə 877 738,76 manat, faizlər üzrə 231 800,11 manat), İcbari Tibbi Sığorta Fonduna 0,29 manat borcunun qaldığını irəli sürmüşdür.

Apellyasiya şikayətinə qarşı etiraz

22. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Apellyasiya baxışı, izahat

23. İşə baxılmasının vaxtı (yeri) barədə lazımi qaydada məlumatlandırılmış ərizəçi nümayəndəsini məhkəməyə göndərməmiş, məhkəmə iclasında iştirak edən maraqlı şəxs isə şikayətin əsassız olduğunu bildirmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası

24. Maddə 73. Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur.

Azərbaycan Respublikasının Vergi Məcəlləsi

25. Maddə 16.1. Vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır: qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək (16.1.1).

26. Maddə 23.1.15-3. Vergi orqanlarının vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək hüququ vardır.

27. Maddə 77.1. Vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur.

28. Maddə 77.3. Vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir.

29. Maddə 78.1. Vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergilərin (o cümlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olubolmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir.

30. Maddə 89.3. Vergi ödəyicisi vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclarını bu Məcəllənin 65.1-ci maddəsində qeyd olunan bildirişdə göstərilən müddət ərzində ödəmədikdə vergi orqanı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş formada aktivləri barədə məlumatın 10 gün ərzində vergi orqanına təqdim edilməsini vergi ödəyicisindən tələb edə bilər. Məlumatın vaxtında verilməməsinə görə vergi ödəyicisi bu Məcəllənin tələblərinə uyğun olaraq məsuliyyət daşıyır. Vergi ödəyicisinin vergi öhdəliyini yerinə yetirməkdən boyun qaçırması barədə vergi orqanının kifayət qədər əsası olduqda, habelə vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda vergi orqanı vergi ödəyicisinə yazılı bildiriş göndərməklə eyni zamanda ondan vergi öhdəliyini dərhal ödəməyi tələb edə bilər. Vergi ödəyicisi bu maddənin ikinci abzasında nəzərdə tutulmuş hallarda vergi öhdəliyini yerinə yetirmədikdə, vergi orqanı özünün əsaslandırılmış qərarı əsasında vergi ödəyicisinin əmlakının siyahıya alınmasını həyata keçirə bilər. Təxirəsalınmaz hallar istisna olunmaqla, gecə vaxtı (axşam saat 20.00-dan səhər saat 8.00-qədər) əmlakın siyahıya alınmasına yol verilmir.

31. Maddə 89.4. Vergi ödəyicisi olan hüquqi şəxsin bütün əmlakı, vergi ödəyicisi olan fiziki şəxsin isə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən tələb yönəldilə bilməyən əmlakından başqa digər əmlakı siyahıya alına bilər.

32. Maddə 89.5. Yalnız vergi öhdəliyinin yerinə yetirilməsi, həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının, habelə əmlakın satışı üzrə xərclərin ödənilməsi üçün zəruri və kifayət olan, satış üçün yararlı və öz əmtəə xassəsini itirməmiş əmlak siyahıya alınır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

35. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

36. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

37. Maddə 355-5.1. Vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir.

38. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.

39. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Avropa İnsan Hüquqları Konvensiyasının 4 saylı Protokolu

40. Maddə 2.1. Qanuni əsaslarla hər hansı dövlətin ərazisində olan hər kəsin həmin ərazidə sərbəst hərəkət etmək və özünə yaşayış yeri seçmək hüququ vardır.

41. Maddə 2.2. Hər kəs öz ölkəsi də daxil olmaqla hər hansı ölkəni tərk etməkdə azaddır.

Apellyasiya baxışının həddi

42. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

43. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

44. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, sübutlara düzgün qiymət verməyərək nəticəsinin işin hallarına uyğun gəlməməsinə yol açmışdır.

45. Belə ki, məhkəmə, cinayət təqibi orqanı tərəfindən "xxxx" MMC-nin dövlət büdcəsinə ödənilməli olan borcunun 237 159,36 (iki yüz otuz yeddi min yüz əlli doqquz manat otuz altı qəpik) manat olmasının müəyyən edildiyini, göstərilən borcun maraqlı şəxs tərəfindən ödənildiyini, Maraqlı şəxs və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin isə dövlət büdcəsinə borclarının cüzi olmasını vurğulayaraq müvafiq nəticəyə gəlmişdir; halbuki işdən görünür ki, sözügedən cinayət işinin icraatı zamanı "xxxx" MMC-nin bütün vergi borcu (o cümlədən 2024-cü il üzrə) deyil, əmtəəsiz maliyyə əməliyyatları aparmış olması səbəbilə 2023-cü il üzrə MMC-yə əmtəəsiz alış əməliyyatları üzrə Vergi Məcəlləsinin 175.11-ci maddəsinə əsasən hesablanan borcu müəyyənləşdirilmiş, Maraqlı şəxs isə məhz həmin vergi borcunu (237 159,36 manat) ödəmişdir.

46. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixə şəxsi hesab vərəqəsindən görünür ki, MMC-nin həmin tarixə dövlət büdcəsinə 1 109 538,87 manat məbləğində (o cümlədən vergilər üzrə 877 738,76 manat, faizlər üzrə 231 800,11 manat), İcbari Tibbi Sığorta Fonduna 0,29 manat borcu mövcuddur.

47. Başqa sözlə, 2023-cü il üzrə MMC-yə əmtəəsiz alış əməliyyatları üzrə Vergi Məcəlləsinin 175.11-ci maddəsinə əsasən 237 159,36 manat vergi hesablanmış olmasına və MMC tərəfindən həmin borc məbləğinin ödənilməsinə baxmayaraq, onun hazırda dövlət büdcəsinə 1 109 538,87 manat məbləğində borcu vardır.

48. Bu həm də o deməkdir ki, MMC tərəfindən ödənilmiş sözügedən 237 159,36 manat vergi məbləği hazırkı dövrədək onun ümumi borcundan çıxılmamışdırsa belə, göstərilən məbləğ azaldıldıqdan sonra da MMC-nin külli miqdarda borcu qalacaqdır.

49. Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsində (§ 26) təsbit olunan hüququn vergi orqanı tərəfindən reallaşdırılmasına əsas verən hal məhz vergi ödəyicisinin vergi öhdəliyini yerinə yetirməməsidir ki, hazırkı işin halları baxımından müvafiq halın mövcudluğu müəyyən olunur.

50. Buna görə də kollegiya hesab edir ki, ərizəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilməli, ərizə təmin olunmalıdır.

51. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-9045/2024 saylı iş üzrə 20 dekabr 2024-cü il tarixli qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə çıxarılasın. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” məzmunlu ərizəsi təmin edilsin. 05 avqust 1990-cı il tarixdə Azərbaycan Respublikasının Ağsu rayonunun Qaraqoyunlu kəndində doğulmuş, ünvan 1 ünvanında pasport qeydiyyatında olan, AZE AA******* nömrəli şəxsiyyət vəsiqəsinin sahibi (FİN nömrəsi: xxxxxxx) Maraqlı şəxs Azərbaycan Respublikasından kənara getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qətnamədən Maraqlı şəxs tərəfindən, qətnamə ona rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Təranə Mahmudova Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar