Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-262/2024 23.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X2 Qurbanovun sədrliyi və məruzəsi ilə, Ziya Allahverdi oğlu Şirinovdan və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, maraqlı şəxsin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-6084/2023 saylı qətnaməsindən Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ Birinci instansiya məhkəməsindəki icraat
1. Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, vergi ödəyicisi olan fiziki şəxs tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 75.784,27 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 3,68 manat, İşsizlikdən sığorta fonduna olan 2,15 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün Maraqlı şəxs barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Ərizəçi bildirir ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2023-cü il tarixə vergi ödəyicisi olan Maraqlı şəxs (VÖEN: **********) İşsizlikdən sığorta fonduna 2,15 manat, Dövlət Sosial Müdafiə Fonduna 3,68 manat, dövlət büdcəsinə 75.784,27 manat məbləğində (o cümlədən, maliyyə sanksiyası üzrə 75.784,27 manat) olmaqla, ümumilikdə 75.790,1 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinəvə müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixli **********381700 nömrəli, xx.xx.2023-cü il tarixli **********378900 nömrəli və xx.xx.2023-cü il tarixli **********045900 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir.
3. Maraqlı şəxs ərizəyə etiraz edir və bildirir ki, xx.xx.2021-ci il tarixli icarə müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən “Romance Palace” şadlıq sarayında restoran və şadlıq evlərinin xidmətlərini həyata keçirir. Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********0322 nömrəli Qərarına əsasən həmin tarixdə fəaliyyət göstərdiyi obyektdə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarəti həyata keçirilmişdir. Keçirilmiş nəzarət tədbiri nəticəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli DVX seriyalı 006606 nömrəli “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar olunması ilə bağlı operativ vergi nəzarəti haqqında” Akt xx.xx.2023-cü il tarixli **********853700 nömrəli bildirişə əlavə olunaraq, poşt vasitəsilə ona çatdırılmışdır. Tərtib olunmuş aktdan görünür ki, fəaliyyət göstərdiyi obyektdə keçirilmiş operativ vergi nəzarəti zamanı 40 (qırx) nəfər işçinin əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi müəyyən edilmişdir. Bununla bağlı xx.xx.2023-cü il tarixli məktubla Lokal Gəlirlər Baş İdarəsinə müraciət etsə də, operativ vergi nəzarətini həyata keçirən vergi orqanı tərəfindən məktubda qeyd olunanlar nəzərə alınmamış və xx.xx.2023-cü il tarixdə ona 80.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Halhazırda onun şəxsi hesab vərəqəsi üzrə 73.242,45 manat məbləğində borcu mövcuddur və bu məbləğ ona tətbiq edilmiş maliyyə sanksiyasından ibarətdir. Eyni zamanda, Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsində barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162-1ci maddəsi ilə (Əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) başlanmış cinayət işi istintaq olunur. Yuxarıda qeyd etdiyi məsələlər barəsində istintaq orqanına verdiyi ifadəsində məlumat vermiş və hal-hazırda bu barədə araşdırma aparılır. Ona tətbiq edilmiş maliyyə sanksiyasının məbləği, ümumiyyətlə tərəfindən hər hansı bir hüquq pozuntusuna yol verildiyi barədə istintaq orqanının yekun qərarı olmadığından hazırda şəxsi hesab vərəqəsi üzrə borcu reallığı əks etdirmir. İstintaq orqanı yekunda onun heç bir hüquq pozuntusuna yol vermədiyi qərarına gələrsə, məhkəmə tərəfindən Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş idarəsinin verdiyi iddianın təmin edilməsi nəticədə onun hüquqlarının müəyyən müddətdə pozulmasına gətirib çıxaracaqdır.
4. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-6084/2023 saylı qətnaməsi ilə ərizə təmin edilmişdir.
5. Maraqlı şəxs apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və ərizənin rədd edilməsini xahiş etmişdir.
APELYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apelyasiya şikayətinin dəlilləri
6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamədə və ərizəçinin ərizəsində Maraqlı şəxs vergi borcunun maliyyə sanksiyasından ibarət olduğu qeyd olunsa da, həmin maliyyə sanksiyasının nəyə görə tətbiq olunduğu göstərilməmişdir. Halbuki, Maraqlı şəxs tətbiq edilmiş 80000 manat məbləğində maliyyə sanksiyası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən sonuncu (işəgötürən) tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) güya ki şərait yaradıldığına görə tətbiq edilmişdir. Bu barədə maraqlı şəxs etiraz ərizəsində məlumat versə də, buna əhəmiyyət verilməmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsinə əsasənvergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. Azərbaycan Respublikası MPM-nin 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Göründüyü kimi, həm Vergi Məcəlləsində, həm də Mülki Prosessual Məcəllədə məhkəməyə müraciət etmək hüququ yalnız vergilər üzrə (yəni azaldılmış və ya hesabat təqdim etməməklə yayındırılmış vergilər) tətbiq edilmiş maliyyə sanksiyalarına görə nəzərdə tutulmuşdur. Yəni qanunvericilikdə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə tətbiq edilmiş maliyyə sanksiyasına görə məhkəməyə müraciət etmək hüququ nəzərdə tutulmamışdır. Eyni zamanda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162-1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xeyli sayda (on nəfər və ondan çox olan) işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi cinayət hesab olunur. Bu səbəbdən, Maraqlı şəxs barəsində Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin (VCİABİ) İstintaq və təhqiqat idarəsində AR CM-nin 162-1.1-ci maddəsi ilə başlanmış cinayət işi istintaq olunur. Yuxarıda qeyd olunan xüsusatlar, yəni Maraqlı şəxs fəaliyyət göstərdiyi obyektdə keçirilən operativ vergi nəzarəti zamanı aşkar oluna faktların hansı səbədən baş verməsi, baş vermiş hüquqpozuntusunda şəxsin təqsirinin olmaması barədə sonuncunun istintaq orqanına ünvanladığı xx.xx.2023-cü il tarixli müraciətdə və verdiyi ifadəsində geniş məlumat verilmiş və həmin faktların, yəni xx.xx.2023-cü il tarixdə “Əmək və məşğulluq” altsistemində texniki nasazlıq səbəbindən işçilərlə əmək müqavilələrinin rəsmiləşdirilməsinin mümkün olmadığı, həmin altsistemdə nasazlığın olub-olmamasına dair xüsusatların ********* nömrəli cinayət işinin istintaqı zamanı hərtərəfli, tam və obyektiv araşdırılmaqla, qanunamüvafiq qərar qəbul ediləcəyi barədə VCİABİ-nin xx.xx.2023-cü il tarixli **********162900 nömrəli məktubunda qeyd olunmuşdur. Beləliklə, maraqlı şəxsin vergi (VM-nin 58.10-cu maddəsi) və cinayət (CM-nin 162-1.1-ci maddəsi) qanunverciliyini pozub-pozmaması, baş vermiş pozuntuda onun təqsirinin olub-olmaması istintaq orqanı (yuxarı vergi orqanı) olan VCİABİ-nin İstintaq və təhqiqat idarəsində araşdırılır. VM-nin 63.2-ci maddəsinin 2-ci cümləsinə əsasən vergi ödəyicisinin şikayətə baxılan müddət ərzində maliyyə sanksiyasını ödəməmək hüququ vardır.
b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
7. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
8. Məhkəmə iclasında maraqlı şəxsin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə etdi.
9. Ərizəçinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.
TƏTBİQ EDİLƏN HÜQUQ
10. Vergi Məcəlləsinin 16.1-ci maddəsinə əsasən vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır: qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək (16.1.1).
11. Həmin Məcəllənin 23.1.15-3-cü maddəsinə əsasən vergi orqanlarının vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək hüququ vardır.
12. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir.
13. Həmin Məcəllənin 63.2-ci maddəsinə əsasən vergi ödəyicisi ona hesablanmış verginin məbləği ilə razı olmadığı halda, verginin ödənilməsini dayandırmadan bilavasitə vergi nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına və ya məhkəməyə şikayət verə bilər. Vergi ödəyicisinin şikayətə baxılan müddət ərzində maliyyə sanksiyasını ödəməmək hüququ vardır.
14. Həmin Məcəllənin 65.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə vergi orqanı bu Məcəlləyə müvafiq olaraq hesablanmış və ya yenidən hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının 5 gün müddətində ödənilməsinə dair vergi ödəyicisinə bildiriş göndərir.
15. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən bu Məcəllənin 65.2.1.1 və 65.2.1.4-cü maddələrində nəzərdə tutulan hallar istisna olmaqla digər hallarda vergi orqanının hesabladığı və ya yenidən hesabladığı vergilər, faizlər və ya tətbiq etdiyi maliyyə sanksiyaları üzrə vergi orqanı vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarında borc məbləğinin 105 faizi həcmində pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra sənədi olan sərəncam verir. Bu zaman kredit təşkilatları və ya bank əməliyyatlarını aparan şəxslər tərəfindən bank hesablarında dondurulmuş vəsaitdən artıq olan pul vəsaitinə dair hesabdan məxaric edilməsini nəzərdə tutan vergi ödəyicisinin ödəmə tapşırıqları icra edilir.
16. Həmin Məcəllənin 65.2.1-ci maddəsinə əsasən vergi orqanı aşağıdakı hallarda vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarından dövlət büdcəsinə alınması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra (ödəniş) sənədi olan sərəncam verir: vergi ödəyicisi tərəfindən hesablanmış və bəyan edilmiş vergilər bu Məcəllənin 65.1-ci maddəsi nəzərə alınmaqla müəyyən edilmiş müddətdə ödənilmədikdə; vergi orqanının hesabladığı vergilər, faizlər və tətbiq etdiyi maliyyə sanksiyaları üzrə vergi ödəyicisi tərəfindən bu Məcəllənin 65.1-ci maddəsində göstərilən bildirişin alındığı tarixdən 30 təqvim günü müddətində məhkəməyə və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) şikayət verilmədikdə; məhkəmənin müvafiq qərarı və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı olduqda həmin qərara uyğun olaraq; vergi ödəyicisinin yazılı razılığı olduqda.
17. Həmin Məcəllənin 65.2.2-ci maddəsinə əsasən vergi orqanının hesablamaları üzrə vergi ödəyicisi tərəfindən bu Məcəllənin 65.1-ci maddəsində göstərilən bildirişin alındığı tarixdən 30 təqvim günü müddətində məhkəməyə və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) şikayət verildikdə kredit təşkilatı və ya bank əməliyyatları aparan şəxs məhkəmənin qanuni qüvvəyə minmiş qərarına və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarına uyğun olaraq və bu Məcəllənin 65.2.1.3-cü maddəsinə əsasən verilmiş sərəncamın icrasını təmin edir.
18. Həmin Məcəllənin 65.2.3-1-ci maddəsinə əsasən bu Məcəllənin 65.2.1.1-ci və 65.2.1.4-cü maddələrində nəzərdə tutulan hallar istisna olmaqla digər hallarda vergi orqanının hesabladığı və ya yenidən hesabladığı ƏDV üzrə vergi, faiz və ya tətbiq etdiyi maliyyə sanksiyası üzrə borc məbləğinin 105 faizi həcmində pul vəsaitinin vergi ödəyicisinin ƏDV depozit hesabında dondurulması barədə vergi orqanı tərəfindən qərar qəbul edilir.
19. Həmin Məcəllənin 65.3-cü maddəsinə əsasən vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarında vəsait olduqda vergi orqanının sərəncamı bank və ya digər kredit təşkilatı tərəfindən həmin sərəncamın daxil olduğu gün icra edilir.
20. Həmin Məcəllənin 65.4-cü maddəsinə əsasən vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarında vəsait olmadıqda və ya o, vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinə, yaxud bu Məcəllə ilə müəyyən edilən həcmdə vəsaitin dondurulmasına kifayət etmədikdə vergi orqanının sərancamı bankda və ya digər kredit təşkilatında saxlanılır və vergi ödəyicisinin hesablarına vəsait daxil olduqca icra edilir.
21. Həmin Məcəllənin 65.7-ci maddəsinə əsasən vergi orqanlarının vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması haqqında sərəncamı vergi ödəyicisinin xarici valyutada olan hesabına yönəldildikdə, bank, digər kredit təşkilatı və ya poçt rabitəsinin milli operatoru həmin gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi məzənnə ilə sərəncamda göstərilən məbləğin 105 faizinədək hesabdakı valyuta vəsaitini dondurur və dərhal bu barədə vergi ödəyicisinə məlumat göndərir. Vergi ödəyicisi tərəfindən konvertasiya əməliyyatı aparıldıqdan sonra bank və ya digər kredit təşkilatı vergi orqanının sərəncamını icra edir.
22. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur.
23. Həmin Məcəllənin 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir.
24. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergilərin (o cümlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir.
25. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər.
26. Həmin Məcəllənin 89.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclarını bu Məcəllənin 65.1-ci maddəsində qeyd olunan bildirişdə göstərilən müddət ərzində ödəmədikdə vergi orqanı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş formada aktivləri barədə məlumatın 10 gün ərzində vergi orqanına təqdim edilməsini vergi ödəyicisindən tələb edə bilər. Məlumatın vaxtında verilməməsinə görə vergi ödəyicisi bu Məcəllənin tələblərinə uyğun olaraq məsuliyyət daşıyır. Vergi ödəyicisinin vergi öhdəliyini yerinə yetirməkdən boyun qaçırması barədə vergi orqanının kifayət qədər əsası olduqda, habelə vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda vergi orqanı vergi ödəyicisinə yazılı bildiriş göndərməklə eyni zamanda ondan vergi öhdəliyini dərhal ödəməyi tələb edə bilər. Vergi ödəyicisi bu maddənin ikinci abzasında nəzərdə tutulmuş hallarda vergi öhdəliyini yerinə yetirmədikdə, vergi orqanı özünün əsaslandırılmış qərarı əsasında vergi ödəyicisinin əmlakının siyahıya alınmasını həyata keçirə bilər. Təxirəsalınmaz hallar istisna olunmaqla, gecə vaxtı (axşam saat 20.00-dan səhər saat 8.00-qədər) əmlakın siyahıya alınmasına yol verilmir.
27. Həmin Məcəllənin 89.4-cü maddəsinə əsasən vergi ödəyicisi olan hüquqi şəxsin bütün əmlakı, vergi ödəyicisi olan fiziki şəxsin isə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən tələb yönəldilə bilməyən əmlakından başqa digər əmlakı siyahıya alına bilər.
28. Həmin Məcəllənin 89.5-ci maddəsinə əasən yalnız vergi öhdəliyinin yerinə yetirilməsi, həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının, habelə əmlakın satışı üzrə xərclərin ödənilməsi üçün zəruri və kifayət olan, satış üçün yararlı və öz əmtəə xassəsini itirməmiş əmlak siyahıya alınır.
29. Həmin Məcəllənin 89.6-cı maddəsinə əsasən əmlakın siyahıya alınması bu Məcəllənin 89.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla aşağıdakı ardıcıllıqla həyata keçirilir: nağd pul vəsaitləri; bilavasitə məhsulların (malların) istehsalında iştirak etməyən əmlak (qiymətli kağızlar, valyuta dəyərliləri, qeyriistehsal binaları, minik avtonəqliyyatı, xidmət otaqlarının dizayn əşyaları və sair); hazır məhsullar (mallar), habelə istehsalda iştirak etməyən və (və ya) bilavasitə istehsalda iştirakı nəzərdə tutulmayan digər maddi qiymətlilər; istehsalda bilavasitə iştirakı nəzərdə tutulmuş xammal və materiallar, habelə dəzgahlar, avadanlıqlar, binalar, qurğular və digər əsas vəsaitlər; inventarizasiya aparılmaqla digər əmlak.
30. Mülki Prosessual Məcəllənin 355-5.1-ci maddəsinə görə vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir.
APELYASİYA BAXİŞİNİN HƏDLƏRİ
31. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.
APELYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir.
33. Belə ki, Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsi və Mülki Prosessual Məcəllənin 355-5.1-ci maddəsinin tələblərinə görə vergi ödəyicisinin vergi borcunun ödənilməsinin təmin edilməsi məqsədilə onun ölkədən getmək hüququnun məhdudlaşdırılması imkanı nəzərdə tutulmuşdur. Həmin maddələrin dispozisiya şərtlərindən də görünür ki, bu tədbir vergi borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə tətbiq edilir.
34. Hazırkı işdə isə maraqlı şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün əsas yoxdur.
35. Belə ki, ərizədən və Maraqlı şəxs şəxsi hesab vərəqəsindən müəyyən olunur ki, dövlət büdcəsinə ödənilməli olan 75.784,27 manat məbləğində borc maliyyə sanksiyasıdır.
36. Maraqlı şəxs bildirir ki, həmin maliyyə sanksiyası onun barəsində Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən sonuncu (işəgötürən) tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən tətbiq edilən 80000 manat məbləğində maliyyə sanksiyasıdır. Bu faktla bağlı onun barəsində Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin (VCİABİ) İstintaq və təhqiqat idarəsində Azərbaycan Respublikası CM-nin 162- 1.1-ci maddəsi ilə başlanmış cinayət işinin istintaqı aparılır. O, həmin maliyyə sanksiyasının tətbiq edilməsi ilə bağlı şikayət vermiş və onun şikayəti həmin cinayət işinin materiallarına əlavə edilmişdir.
37. Maraqlı şəxsin təqdim etdiyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən Maraqlı şəxs ünvanlanmış xx.xx.2023-cü il tarixli **********162900 nömrəli məktubda qeyd edilmişdir ki, Maraqlı şəxs xx.xx.2023cü il tarixdə “Əmək və məşğulluq” altsistemində texniki nasazlıq səbəbindən işçilərlə bağlanmış əmək müqavilələrinin rəsmiləşdirilməsinin mümkün olmadığı, bu səbəbdən də həmin altsistemində texniki nasazlığın olub-olmamasının araşdırılması barədə Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə ünvanlandığı xx.xx.2023-cü il tarixli müraciətinə baxılaraq, ********* nömrəli cinayət işinin materiallarına əlavə edilmişdir. Müraciətində göstərilən xüsusatlar cinayət işi üzrə aparılan istintaq zamanı hərtərəfli, tam və obyektiv araşdırılmaqla qanunamüvafiq qəbul ediləcəkdir.
38. Bununla bağlı, işin apellyasiya icraatı zamanı məhkəmə tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Verginin Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə ünvanlanmış məktubda ********* nömrəli cinayət işi üzrə aparılan istintaqın nəticələri barədə məlumat verilməsi xahiş olunmuşdur.
39. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş xx.xx.2024-cü il tarixli **********996900 nömrəli cavab məktubunda bildirilmişdir ki, hazırda ********* nömrəli cinayət işinin istintaqı davam etdirilir.
40. Bundan əlavə, ərizəçiyə göndərilmiş bildirişdə Maraqlı şəxs tətbiq olunan maliyyə sanksiyasının hansı növ maliyyə sanksiyası olması barədə məlumatın təqdim edilməsi təklif edilmiş, lakin hzırki işə baxılması yekunlaşana qədər həmin məlumat daxil olmamışdır. Eyni zamanda, ərizəçi maraqlı şəxsin istinad etdiyi halları mübahisələndirməmişdir.
41. Beləliklə, qeyd olunanlara əsasən müəyyən edilir ki, hazırki ərizə 75784,27 manat məbləğində maliyyə sanksiyasının ödənilməsinin təmin etmək məqsədilə verilmişdir. Həmin maliyyə sanksiyasının tətbiq edilməsinə əsas olan fakt üzrə cinayət işi başlanılmış və hazırda cinayət işinin istintaqı davam etdirilir. Maraqlı şəxsin həmin faktın araşdırılması barədə müraciəti də cinayət işinə əlavə edilmiş və hazıra kimi qərar qəbul edilməmişdir.
42. Qeyd olunan halları və Vergi Məcəlləsinin 63.2-ci maddəsinin tələblərini nəzərə alaraq kollegiya hesab edir ki, ərizə təmin edilə bilməz.
43. Belə ki, hazırki ərizədə göstərilən 75784,27 manat məbləğində maliyyə sanksiyası ilə bağlı maraqlı şəxsin müraciətinə baxılmamış, həmin müraciət cinayət işinin materiallarına əlavə edilmiş, hazırda cinayət işinin istintaqı davam edir və hər hansı qərar qəbul edilməmişdir. Ona görə də, maraqlı şəxsin qərar qəbul edilənə qədər maliyyə sanksiyasını ödəməmək hüququ vardır. Belə hüquq olduğu halda isə həmin maliyyə sanksiyasının ödənilməsinin təmini ilə bağlı tədbirlər tətbiq edilə bilməz.
44. Ərizədə göstərilən işsizlikdən sığorta fonduna 2,15 manat və Dövlət Sosial Müdafiə Fonduna 3,68 manat məbləğində borclarla bağlı qeyd edilir ki, Vergi Məcəlləsinin 65 və 89-cu maddələrində vergilər üzrə borcların alınması qaydası nəzərdə tutulmuşdur. Hazırkı halda vergi orqanının məhkəməyə müraciət etməmişdən əvvəl borcun ödənilməsinin təmin edilməsi üçün hansı tədbirlər görməsi (tələb olunan vəsaitin şəxsin hesablarından silinməsi üçün müvafiq banklara müraciət etməsi, onlardan vəsaitin çatışmazlığına dair cavablar alması, hüquqi şəxsin əmlakının üzərinə ixtisaslaşdırılmış açıq hərracdan satılması məqsədilə həbs qoyulması, yaxud kifayət qədər belə əmlakların mövcud olmamasına dair rəsmi məlumatlar əldə etməsi və s.) iş materiallarından müəyyən olunmur.
45. Halbuki ərizəçi tərəfindən Vergi Məcəlləsində nəzərdə tutulan digər tədbirlərin tətbiq edilib edilməsi və onların tətbiqinin nəticə verməməsi barədə sübutlar təqdim edilməli və yalnız bundan sonra ölkədən getmə hüququnun məhdudlaşdırılmasının tətbiqinin zəruriliyi əsaslandırılmalıdır.
46. Kollegiya qeyd edir ki, hazırkı qəbildən olan işlərin həllində vergi orqanları və məhkəmələr tərəfindən mütənasiblik prinsipinin (görülən məhdudlaşdırma tədbirinin gözlənin nəticələrə adekvat olması) gözlənilməsi mühüm əhəmiyyət kəsb edir və hər bir halda belə məhdudiyyətin tətbiq edilməsi mütənasiblik meyarına cavab verməlidir. Sadəcə borcun, xüsusilə hazırki işdə olduğu kimi cüzi məbləğdə (5,83 manat) borcun mövcud olması bu məhdudiyyətin tətbiq edilməsi üçün kifayət deyildir.
47. Bu, ilk növbədə Azərbaycan Respublikası Konstitusiyasının tələbidir. Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsinə görə, insan və vətəndaş hüquqlarının və azadlıqlarının məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır.
48. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “X4 (X5) şikayəti üzrə bəzi normativ hüquqi aktların Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 2017-ci il 26 may tarixli Qərarında formalaşdırdığı hüquqi mövqelərə görə, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olan əsaslar və mütənasiblik prinsipindən irəli gələn meyarlar kifayət qədər aydındır... Mütənasiblik prinsipinə riayət olunmasını təmin etmək üçün məhkəmə işə baxarkən hər bir konkret halda məhdudiyyətin müəyyən olunmasının əsaslarını, borclunun buna qarşı etirazlarını öz daxili inamına görə qiymətləndirməli, işi hərtərəfli, tam və obyektiv araşdırmalı, məsələ ilə bağlı öz nəticələrini müvafiq məhkəmə aktında əsaslandırmalıdır.
49. İnsan Hüquqları və X1 haqqında Avropa Konvensiyasına dair 4 saylı Protokolun 2-ci maddəsində nəzərdə tutulmuşdur ki, hər kəs öz ölkəsi də daxil olmaqla, hər hansı ölkəni tərk etməkdə azaddır. Bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, ictimai qaydanı qorumaq üçün, cinayətlərin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa heç bir məhdudiyyət qoyula bilməz.
50. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında göstərilmişdir ki, hərəkət azadlığı hüququnu məhdudlaşdıran hər hansı tədbir qanuna uyğun olmalı, Konvensiyaya dair 4 saylı Protokolun 2-ci maddəsinin 3-cü bəndində qeyd edilən legitim məqsədlərdən birini güdməli, demokratik cəmiyyətdə zəruri olmalı, yəni mütənasiblik meyarına cavab verməlidir (məsələn, Battista İtaliyaya qarşı, № 43978/09, 2014-cü il 2 dekabr tarixli qərarı; Xlyustov Rusiyaya qarşı, № 28975/05, 2013-cü il 11 iyul tarixli qərarı)
51. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin mövqeyinə görə, müdaxilə “təcili ictimai ehtiyaca” cavab verirsə, xüsusilə qanuni məqsədə mütənasibdirsə və onu əsaslandırmaq üçün milli hakimiyyət orqanları tərəfindən verilən səbəblər “müvafiq və yetərli”dirsə qanuni məqsədlər üçün “demokratik cəmiyyətdə zəruri” hesab olunur. Vətəndaşın ümumi maraqları ilə hərəkət azadlığı hüququ arasında ədalətli tarazlığın olub-olmaması məsələsi işin bütün xüsusiyyətlərinə görə nəzərə alınmalıdır.
52. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Demokratiya və İnsan Hüquqları Resurs Mərkəzi və Mustafayev Azərbaycana qarşı iş” üzrə qərarında göstərilmişdir ki, nə vergi orqanları, nə də ölkədaxili məhkəmələr ərizəçiyə səfər qadağası tətbiq etmədən öncə sözügedən vergi borcunu almağa cəhd etmiş, xüsusilə də iddia edilən vergi borcunun ərizəçilərin bank hesablarında olan puldan tutulmasını və ya ərizəçinin məhkəmə prosesində açıq-aydın tələb etməsinə baxmayaraq ona məxsus hər hansı digər aktivlərə həbs qoyulmasını düşünmüşlər. Hökumət ərizəçinin 7.385 manat pulun bank hesablarında olmasına dair məlumatına etiraz etməmişdir.
53. Bu baxımdan kollegiya hesab edir ki, ərizə təmin edilməməlidir.
54. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsində göstərilən əsaslara görə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və yuxarıda göstərilən əsaslara görə ərizə rədd edilməlidir.
55. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-6084/2023 saylı qətnaməsi ləğv edilsin. Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin vergi ödəyicisi olan fiziki şəxs tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 75.784,27 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 3,68 manat, İşsizlikdən sığorta fonduna olan 2,15 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizəsi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov
Hakimlər: Ziya Şirinov
Vüsalə Baxışova