Məhkəmə qərarları › İş №2-2(103)-265/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-265/2025

13.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-265/2025 13.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Şirinovun sədrliyi və məruzəsi ilə, X5 və X1 ibarət tərkibdə, Eyvazlı Aytac Rafael qızının katibliyi, İddiaçının direktoru Qanuni nümayəndə1, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-3700/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. Birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 5.600,61 AZN əsas borc, 1.386,15 manat illik bank uçot faiz borcu, 770 manat illik beş faiz borcu, cəmi 7.756,76 manat, ilkin mediasiya prosesinin keçirilməsi ilə bağlı 60 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 99 manat olmaqla, cəmi 7914.76 manat pul vəsaitinin Cavabdeh MMC-dən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-3700/2023 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən əsas borc üzrə 5266 (beş min iki yüz altmış altı) manat 25 (iyirmi beş) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilməsi, əsas borca illik 5 faiz hesablanmaqla 702 (yeddi yüz iki) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilməsi, Mediasiya xərcinin əvəzi olaraq 60 (altmış) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilməsi, iddia qalan hissədə təmin edilməməsi qət edilmişdir.

3. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-3700/2023 saylı qətnaməsinin ləğv olunmasını və iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apellyasiya şikayətinin dəlilləri

4. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işə iştirakı olmadan, tərəfindən heç bir sübut təqdim edilmədən birtərəfli qaydada qərəzli olaraq baxmışdır. Cavabdehə məhkəmə iclasının keçiriləcəyi yer və vaxt barədə heç bir məlumat verilməmiş, məhkəmə bildirişi göndərilməmiş, çəkişmə prinsipi, məhkəməyə çatımlılıq hüququ pozulmuşdur. AR MPM-nin 387.2.2-ci maddəsinə əsasən, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı aşağıdakı hallarda ləğv edilməlidir: işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa. Məhkəmə tərəfindən qət edilmiş qətnamə ona rəsmi qaydada təqdim edilməmişdir. Sözügedən qətnamədən icra vasitəsilə məlumat alıblar. Məlumat aldıqdan sonra dərhal Bakı Kommersiya Məhkəməsinə müraciət edərək 20 oktyabr 2023-cü il, e-2-2(113)-3700/2023 saylı qətnaməni rəsmi olaraq əldə edib. Qətnamə ilə tanış olduqda məlum olur ki, birinci instansiya məhkəməsi iş üzrə kifayət qədər araşdırma aparsa idi, ədalətli və obyektiv qətnamə qəbul edə bilərdi. Belə ki, məhkəmə qətnaməsinəd qeyd edilmişdir ki, iddiaçı tərəfindən cavabdehə EBAK seriyalı, 656344 nömrəli, xx.xx.2020-ci il tarixli, dəyəri423,50 manat olan, EBAK seriyalı, 744972 nömrəli, xx.xx.2020-ci il tarixli, dəyəri 177,24 manat olan, EBAL seriyalı, 454853 nömrəli, xx.xx.2020-ci il tarixli, dəyəri 417,48 manat olan, EBAL seriyalı, 454669 nömrəli, xx.xx.2020-ci il tarixli, dəyəri 536,90 manat olan, EBAL seriyalı, 454779 nömrəli, xx.xx.2020-ci il tarixli, dəyəri 342.44 manat olan, EBAL seriyalı, 662085 nömrəli, xx.xx.2020- ci il tarixli, dəyəri 331,46 manat olan, EBAL seriyalı, 844650 nömrəli, xx.xx.2020-ci il tarixli, dəyəri 287,21 manat olan, EBAL seriyalı, 844872 nömrəli, xx.xx.2020-ci il tarixli, dəyəri 243,55 manat olan, EBAM seriyalı, 029504 nömrəli, xx.xx.2020-ci il tarixli, dəyəri901,76 manat olan, EBAM seriyalı, 416498 nömrəli, xx.xx.2020-ci il tarixli, dəyəri223,96 manat olan, EBAM seriyalı, 699395 nömrəli, xx.xx.2020-ci il tarixli, dəyəri266,68 manat olan, EBAM seriyalı, 699045 nömrəli, xx.xx.2020-ci il tarixli, dəyəri 85,49 manat olan, EBAN seriyalı, 236583 nömrəli, xx.xx.2020-ci il tarixli, dəyəri 413 manat olan, EBAN seriyalı, 241357 nömrəli, xx.xx.2020ci il tarixli, dəyəri 949,84 manat olan elektron qaimələr göndərilmişdir. Sadə riyazi hesablama ilə görünür ki, göndərilmiş olan elektron qaimələrdəki məbləğlərin cəmi 5.600,61 manat təşkil edir. Hesab edir ki, malların alğı-satqısı zamanı malı satan şəxs alan şəxsə elektron qaimə-faktura verməlidir ki, burada malın adı, ölçü vahidi, qiyməti, yekun qiyməti və əgər ƏDV-yə cəlb olunan maldırsa, ona tətbiq edilən ƏDV kimi müvafiq sətirlər nəzərdə tutulmalıdır. Elektron qaimə-fakturanın da təqdim edilməsinə baxmayaraq,mallar fiziki olaraq satıcı tərəfindən alıcıya təhvil verilərkən tərəflər arasında təhvil-təslim prosesi baş verir. Yəni faktiki olaraq alıcı aldığı malların fiziki göstəricilərinə, keyfiyyətinə nəzarət edilməsi, həmin partiyada mal həcminin alınması və s. məsələləri yoxlayır və qarşılıqlı surətdə tərəflər arasında malların təhvil-qəbul aktı bağlanılır. Elektron qaimələrin göndərilməsi həmin malların verilməsi demək deyil. Belə ki, iddiaçı tərəfindən qeyd olunan mallar ona təhvil verilməmişdir və bu barədə tərəflər arasında malların verilməsi barədə təhvil-təslim aktı imzalanmamışdır. Bundan əlavə iş materiallarından görünür ki, iddiaçı tərəfindən borcun ödənilməsinin tələb edilməsi ilə bağlı ilk dəfə pretenziya məktubu cavabdehə xx.xx.2020-ci il tarixində, iddia ərizəsi isə məhkəməyə təxmini 32 ay sonra yəni, xx.xx.2023-cü il tarixində verilmişdir. İş materiallarından olan sənədlərdən belə aydın olur və belə bir nətiçəyə gəlmək olur ki, qeyd edilən borc mövcud olsaydı iddiaçı bu qədər müddət gözlədikdən sonra məhkəməyə müraciət etməzdi. Çünki bu günə kimi iddiaçı tərəfindən onlara nə rəsmi nə də şifahi formada xəbardarlıq edilməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

5. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

6. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək, onun məzmununa uyğun izahat verərək, iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək, iddianın təmin edilməməsini və şikayətin təmin edilməsini xahiş etmişdir.

7. Məhkəmə iclasında iştirak edən iddiaçının direktoru apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

8. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

9. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

10. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

11. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

12. Həmin Məcəllənin 567-ci maddəsinə görə alqı-satqı müqaviləsinə görə isə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

13. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.

14. Həmin Məcəllənin 579.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsinə görə növlər, modellər, ölçülər, rənglər və ya digər əlamətlər üzrə müəyyən nisbətdə (çeşiddə) əşyalar verilməlidirsə, satıcı alıcıya tərəflərin razılaşdırdıqları çeşiddə əşyalar verməyə borcludur.

15. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

16. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. (münasibət yaranan zaman qüvvədə olan redaksiyada)

17. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

18. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

19. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

20. Həmin Məcəllənin 124.1-ci maddəsinə görə isə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

21. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslılığı yalnız iddianın təmin edilən hissəsində yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir.

23. İşin faktiki halları ondan ibarətdir ki, İddiaçı (satıcı) ilə Cavabdeh (alıcı) arasında 11 fevral 2020-ci il tarixli, 19/02 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. İddiaçı cavabdehə elektron qaimələr göndərmişdir. Elektron qaimələrdəki məbləğlərin cəmi 5.600,61 manat təşkil edir. İş materiallarına əlavə olunmuş İddiaçı ilə Cavabdeh arasında malların təhvil və borcların ödəniş cədvəlindən görünür ki, yuxarıda sadalanmış elektron qaimələrin göndərilmiş olduğu tarixlərdən öncə də, verilmiş mallara görə elektron qaimələr göndərilmişdir. Qeyd edilmiş cədvələ əsasən iddiaçı tərəfindən cavabdehə ƏDV daxil (8340,30+1476,954 (ƏDV)) 9.817,254 manat məbləğində mal təqdim edilmiş, cavabdeh tərəfindən əsas borc üzrə 27.02.20-ci il tarixdə 536 manat, elə həmin tarixdə 160 manat, 04.03.20-ci il tarixdə 755 manat, 05.03.20-ci il tarixdə 1350 manat, 22.04.20-ci il tarixdə 450 manat, 22.04.20-ci il tarixdə 350 manat, elə həmin tarixdə 800 manat məbləğində yəni cəmi 4.401 manat, ƏDV borcu üzrə 150 manat ödəniş edilmişdir. Həmçinin iddiaçı tərəf yuxarıda qeyd edilmiş ödənişlərin edilməsinə dair qəbzləri işə əlavə etmişdir.

24. Məhkəmə qeyd etmişdir ki, müqavilənin 3.1-ci bəndinə əsasən və cavabdeh tərəfin əvvəllər göndərilmiş elektron qaimələr üzrə ödəniş etməsi halı onu təsdiq edir ki, tərəflər arasında mal mübadiləsi şikayətdə qeyd edildiyi kimi təhvil-təslim aktı üzərindən deyil, məhz elektron qaimələr üzərindən həyata keçirilmişdir.

25. İddiaçının özünün təqdim etdiyi malların təhvil və borcların ödəniş cədvəlindən görünür ki, iddiaçı tərəfindən cavabdehə ƏDV daxil (8340,30+1476,954 (ƏDV)) 9.817,254 manat məbləğində mal təqdim edilmiş, qeyd edilmiş əsas 8340,30 manat puldan 4.401 manat ödəniş edilərək əsas borc üzrə 3.939,3 (8340,30-4.401) manat, ƏDV borcu üzrə isə 1476,954 manat puldan 150 manat ödəniş edərək 1.326,954 (1476,954-150) manat borcu qalmışdır. Yəni cavabdehin ƏDV daxil borcu 5.266,254 (3.939,3+.326,954) manat təşkil edir.

26. İşdən görünür ki, məhkəmə tərəflər arasında yaranmış işgüzar praktikanı nəzərə alaraq düzgün olaraq satıcı tərəfindən malların alıcıya təhvil verilməsini müəyyən etmişdir. Müqavilədə təhvil təslim aktının malların təqdim olunmasının forması kimi razılaşdırılmamışdır. Müqavilə ilə hansısa şərt tənzimlənməyəndə tərəflərin münasibəti işgüzar adətlə tənzimlənir.

27. Məhkəmə iddianın gecikdirilmiş vaxt üçün illik 5% məbləğində hesablanmaqla 770 manat pulun tələb edilməsi ilə bağlı qeyd etmişdir ki, iş materiallarından görünür ki, iddiaçı tərəfindən borcun ödənilməsinin tələb edilməsi ilə bağlı ilk dəfə pretenziya məktubu cavabdehə xx.xx.2020-ci il tarixində, iddia ərizəsi isə məhkəməyə təxmini 32 ay sonra yəni, xx.xx.2023-cü il tarixində verilmişdir. Belə olan halda, məhkəmə hesab etmişdir ki, əsas borca illik 5 faiz hesablanmaqla 702(5266,25x5/100=263,31 (1 il üçün), 263,31/12=21,94 (1 ay üçün), 21,94x32=702 (32 ay üçün) manat məbləğində pul da cavabdehdən İddiaçı MMC-nin xeyrinə tutulmalıdır.

28. Apellyasiya şikayətinin pretenziya məktubundan sonra uzun müddət sonra iddia qaldırılması barədə dəlili əsassızdır. Belə ki, mülki prosessual qanunvericilik pretenziya məktubundan sonra iddianın hansısa müddətdə qaldırılması barədə imperativ qayda müəyyən etməmişdir. İddianın qaldırılması iddiaçının subyektiv hüququdur və onu buna məcbur etmək qanunvericiliyin təbiətinə ziddir.

29. Apellyasiya şikayətinin digər dəlili cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumatın məhkəmə tərəfindən verilməməsidir. Məhkəmə kollegiyası bu dəlillə də razılaşmır.

30. Bununla bağlı Kollegiya vurğulamağı zəruri hesab edir ki, Ali Məhkəmənin Mülki və Kommersiya kollegiyalarının birgə 2020-ci il 14 oktyabr tarixli qərardadında həmçinin göstərilmişdir ki, ...bütün instansiya məhkəmələrində mülki prosessual qanunvericiliyin mübahisə tərəflərinin məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumatlandırılmasına dair tələbinə prosessual təminat hüququnun ayrılmaz tərkib hissəsi kimi riayət edilməlidir. Həmçinin, məhkəmə sənədlərinin işdə iştirak edən şəxslərə çatdırılması və rəsmi qaydada verilməsinə dair MPM-in 135-138-ci maddələrinin tələbləri, eləcə də həmin sənədlərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə elektron qaydada çatdırılması imkanlarından istifadənin yolverilənliyi də nəzərə alınmalıdır. ...Avropa Məhkəməsi öz presedent hüququnda dəfələrlə qeyd etmişdir ki, Konvensiya nəzəri və ya xəyali hüquqları deyil, praktiki və səmərəli hüquqları təmin etməyə yönəlib. İş üzrə tərəf məhkəmə iclasında iştirak etmək imkanına malik olduğu tərzdə məlumatlandırılmadığı halda ədalətli və açıq məhkəmə araşdırılması hüququ mahiyyətindən məhrum edilmiş olur (Qroşev Rusiyaya qarşı iş üzrə 2005-ci il 20 oktyabr tarixli Qərar).

31. İşdən görünür ki, məhkəmə cavabdehin qanuni təmsilçisinin elektron kabinetinə bildirişi yükləmiş, əlavə olaraq onun mobil nömrələrinə smslər göndərmiş, smslərin əksəriyyəti çatdırılmışdır. Ona görə cavabdehin məhkəmə iclasından xəbərsiz olması dəlili əsassızdır. Bu səbəbdən iddia müddətinin tətbiqi barədə ərizə birinci instansiya məhkəməsində verilmədiyinə görə nəzərə alına bilməz.

32. İddiaçı tərəf istinad etdiyi hallara dair müvafiq sübutları təqdim etmişdir. Belə vəziyyətdə sübutetmə vəzifəsi iddiaya etiraz edən cavabdehin üzərindədir. Hal-hazıradək apellyasiya şikayətində istinad olunan hallara dair heç bir sübut təqdim edilməmişdir. Odur ki, şikayətdə qeyd edilən dəlillər üzrə xüsusatlar öz təsdiqini tapmadığından əsassız hesab edilməlidir.

33. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

34. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.

35. Həmçinin iddianın qiymətinin on min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz.

36. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-3700/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar