Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-267/2021 05.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Qurbanov Raqib Əliddin oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2 qızının, ilkin iddia üzrə cavabdehin qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, iddiaçı “xxxx” Şirkətinin Azərbaycan Respublkasındakı filialının cavabdeh “Cavabdeh“ MMC-yə qarşı “pul” tələbinə dair ilkin iddiası, “Cavabdeh“ MMC-nin “Aurora Dış Ticarət Anonim” qarşı "pul" tələbinə dair qarşılıqlı iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-311/2020 saylı 27.10.2020-ci il tarixli qətnaməsindən (hakim Aytən Əliyeva) “Cavabdeh“ MMC tərəfindən verilmiş apelyasiya şikayəti üzrə işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İlkin iddia üzrə iddiaçı “xxxx” Şirkətinin Azərbaycan Respublikasındakı filialı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, öhdəliklərdən kənar ödənilmiş 16116 manat əsas borcu, 10330 ABŞ dolları və 8571 avro məbləğində dəymiş ziyanın, 6575 ABŞ dolları maldakı kəsrin əvəzi olaraq və 30 manat dövlət rüsumunun Cavabdeh MMC-dən tutularaq “xxxx” Şirkətinin Azərbaycan Respublikasındakı Filialına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı filialının 31.05.2019-cu il tarixli AF-0531/19 saylı yükdaşıma müqaviləsi üzrə iddiaçı Cavabdeh MMC-yə borclu olduğu 23.10.2017-ci il tarixli, 56 saylı hesab-faktura üzrə 6250 avro borcun, 23.10.2017-ci il tarixli 57 saylı hesabfaktura üzrə 2500 ABŞ dolları, 24.10.2017-ci il tarixli 58 saylı hesab-faktura üzrə 6000 ABŞ dolları, 06.12.2017-ci il tarixli, 60 saylı hesab-faktura üzrə 6000 ABŞ dolları məbləğində borcun, 2900 ABŞ dolları və 1250 avro cərimə məbləğinin, göstərilmiş hüquqi xidmətə görə 1000 AZN və 30 manat dövlət rüsumunun Cavabdeh MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-311/2020 saylı 27.10.2020-ci il tarixli qətnaməsi hər iki iddia tələbi rədd edilmişdir. Həmin qətnamədən Cavabdeh apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, yeni qətnamə qəbul edilərək qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ilkin iddianın rədd edildiyi hissədə məhkəmə qətnaməsi mübahisələndirilmir. Birinci instansiya məhkəməsinin qarşılıqlı iddia üzrə mövqeyi ondan ibarət olmuşdur ki, qarşılıqlı iddiada qeyd edilən halları və faktları sübut edən hallar iddiaçı tərəfindən təqdim edilməmişdir. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır. Bu apelyasiya qaydasında məhkəmə qətnaməsinin ləğvi üçün əsası təşkil edir. Belə ki, tərəflər arasında logistika xidmətlərinin göstərilməsinə dair 20.09.2017-ci il tarixli 012 saylı xidmət müqaviləsi bağlanıb. Bu müqavilə üzrə yüklərin bir nöqtədən digər nöqtəyə çatdırılması razılaşdırılmış marşrut üzrə həyata keçirilməli idi və sifarişçi tərəfindən məhz bu marşrut üzrə icraçının xidmət haqqı ödənilmişdir. Lakin, marşrutun son dayanacağına çatmasına bir etap qalmış sifarişçi marşrutun dəyişməsinə qərar verir. Belə olan halda təbii haldır ki, əlavə xərclər çıxır. İşin mübahisəsiz halı ondan ibarətdir ki, yüklərin danışılmış, razılaşdırılmış və təsdiqlənmiş, o cümlədən, dəyəri ödənilmiş marşrutu dəyişilmişdir. Bu dəyişilmənin də məhz Sifarişçinin öz təşəbbüsü ilə baş verməsi də bu sübutla – “xxxx” Şirkətinin filialının rəhbəri olan X3 öz imzası və möhürü ilə T.C. Gümrük və Ticaret Bakanlığı Haydarpaşa Gümrük Müdürlügünə” və eyni zamanda T.C. Gümrük və Ticaret Bakanlığı Pendik Gümrük Müdürlügünə” ünvanlanmış 2 ədəd müraciət məktubu ilə təsdiqlənir. Həmin məktubun məzmunundan aydın görünür ki, yüklərin daşınmasının marşrutunda dəyişiklik qərarı alınmışdır və bu qərarla əlaqədar Aurora tərəfi bildirir ki, bütün riskləri öz üzərlərinə götürürlər və daşıyıcı şirkəti də özləri marşrut dəyişməsinə təlimatlandırdıqlarını etiraf edirlər. Belə olan halda nə üçün birinci instansiya məhkəməsi bu 2 etiraf məktubunu-sübutu yox sayır. Hətta marşrutun ilk razılaşdırılmış yolunun dənizbərə yolundan keçməsini belə qarşılıqlı iddiaçı olaraq biz məhz TİR CARNET sənədi ilə sübuta yetirmişik. Bundan artıq sübut növü yoxdur ki, məhkəməyə təqdim edilsin. Çünki, TİR CARNET Beynəlxalq yükdaşımalarda istifadə olunan sənəddir. 14.11.1975-ci il tarixli Cenevrə Konvensiyası ilə təsdiqlənmişdir və Azərbaycan Respublikası ərazisində bu TİR sənədlərinin verilməsinə səlahiyyətli qurum Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcları Assosiasiyasına təyin edilmişdir. Həmin qurumun 02.10.2020-ci tarixli L-20.10.039-saylı məktubu da 1-ci instansiya məhkəməsinə təqdim edilmişdir. “xxxx” Şirkəti rəhbəri Cavabdeh MMC-nin ofisinə gələrkən 07.12.2017-ci il tarixli xərclər barədə olan məktubun üstünü imzalayaraq ödəniləcəyini təsdiq etmişdir. Bu məktubun məzmunu və mahiyyəti ondan ibarətdir ki, Cavabdeh MMC tərəfindən “xxxx” Şirkətinə 56, 57, 58 və 60 saylıHesab fakturalar üzrə ümumi məbləği təşkil edən 21750 ABŞ dolları həcmində əlavə xərcləri təqdim edilmişdir, X5 isə bazarlıq edərək həmin məbləği yuvarlaqlaşdırılaraq 20 000 ABŞ dollarına razılaşdırdı. Bu sübut da məhkəməyə təqdim edilmiş və bildirilmişdir ki, bu 20 000 ABŞ dolları həcmindəki sənəd qeyd edilən 4 ədəd hesab fakturanın əvəzində razılaşdırılır. Yəni bu sənəd borcun etirafına bərabər tutulmalıdır. İşə apelyasiya qaydasında baxılması sonuncu dəfə 05.05.2021-ci il tarixə təyin edilmiş, cavabdeh “xxxx” Şirkəti Azərbaycandakı filialı vasitəsi ilə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilsə də məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəmə MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 14.04.2021-ci il tarixli qərardadı ilə qarşılıqlı iddia üzrə cavabdeh “xxxx” Şirkətinin Azərbaycan Respublikasındakı filialı əsl cavabdeh “xxxx” Şirkəti ilə əvəz edilmişdir. İlkin iddia üzrə cavabdehin qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil2 apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə izahatı dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-311/2020 saylı 27.10.2020-ci il tarixli qətnaməsi qismən-qarşılıqlı iddianın rədd edildiyi hissədə ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, qarşılıqlı iddia qismən təmin edilərək “xxxx” Şirkətindən Cavabdeh xeyrinə 20.000 ABŞ dolları əsas borc, 2000 manat cərimə, cəmi 22.000 ABŞ dolları və 30 manat dövlət rüsumu tutulmalı, qarşılıqlı iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırkı halda apelyasiya şikayətində qətnamənin tam ləğv edilməsi xahiş olunsa da şikayətin məzmunundan göründüyü kimi, qətnamə yalnız qarşılıqlı iddianın rədd edildiyi hissədə mübahisələndirilir. Məhkəmə qətnaməni mübahisələndirilən hissədə yoxlayaraq hesab edir ki, qarşılıqlı iddia tələbinin əsaslı olduğuna dair sübutlar təqdim edilməməsi barədə birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün deyil. “Aurora” Dış Ticarət A.Ş. şirkətinin Azərbaycan Respublikasındakı filialının iş materiallarına əlavə edilmiş əsasnaməsindən görünür ki, filiala şirkətin mənafelərini Azərbaycan Respublikasında təmsil və müdafiə etmək səlahiyyəti verilmişdir. İş materiallarından görünür ki, ekspeditor Cavabdeh MMC ilə müştəri “Aurora” Dış Tticarət A.Ş. şirkəti arasında (Azərbaycan Respublikasındakı filialı vasitəsi ilə) 20.09.2017ci il tarixli 012 saylı yükdaşınması xidmətlərinə dair müqavilə bağlanmış, müqaviləyə əsasən sifarişçinin sifarişi əsasında ekspeditor yüklərin daşınmasını, anbarda müvəqqəti saxlanmasının təşkilini və idxal-ixrac yükün gömrük rəsmiləşdirilməsinin təşkilini həyata keçirməyi öhdəsinə götürmüşdür. Müqavilənin 1.2-ci bəndinə qeyd edilmişdir ki, yükün adı, marşrut, daşınma qiyməti və çatdırılma tarixi müqavilənin ayrılmaq hissəsi olan spesifikasiyada qeyd edilməlidir. (Bu sənəd məhkəməyə təqdim edilməmişdir) Həmin müqavilənin 1.3-cü maddəsinə əsasən ekspeditorun təqdim etdiyi xidmətlər, sifarişçinin əvvəlcədən yazılı şəkildə sifariş etdiyi aşağıda qeyd olunan Standard Xidmətlər paketində seçdiyi xidmətlərdən ibarətdir: 1.Yüklərin daşınması; 2.Anbarda müvəqqəti saxlamanın təşkili; 3.İdxal/ixrac yükün gömrük rəsmiləşməsinin təşkili; 4.Tərəflərin razılaşdırdığı digər əməliyyatlar. Həmin müqavilənin 1.3-cü maddəsinə əsasən ödənişlər ekspeditorun təqdim edəcəyi hesab-fakturanın əsasında spesifikasiyada göstərilmiş valyuta ilə həyata keçirilir. Həmin müqavilənin 4.5-ci maddəsinə əsasən maşının tam boşaltması üçün 48 saat ödənişsiz "gözləmə vaxtı” təyin edilir. Bu müddətdən sonra hər gecikmə gününə görə 150 avro ümumi qiymətə əlavə olunacaqdır. İlkin iddia ərizəsində daşınması sifariş verilən yüklərin (qurudulmuş fındıq ləpəsi) 26.09.2017-ci ildə maşınlara yükləndiyi, 28.12.2017-ci ildə İtaliya Respublikasına çatdığı, 09.01.2018-ci il tarixdə alıcının anbarlarına boşaldıldığı qeyd edilmişdir. Qarşılıqlı iddia ərizəsində qeyd edilmişdir ki, ilkin razılığa əsasən maşınlar “Pendik” dəniz limanına çatdıqdan sonra paroma minərək gəmi ilə dəniz yolu vasitəsilə birbaşa İtaliyaya girməli idilər. Lakin sifarişçi tərəfindən sonradan marşrut dəyişdirilmiş, 24.10.2017-ci il tarixində maşınlar “Pendik” limanından ayrılaraq “Haydar Paşa” limanına getmiş, 25.10.2017-ci il tarixdə “Haydar Paşa” limanından gəmiyə-paroma minərək Ukraynaya doğru getmiş, 27.10.2017-ci il tarixdə maşınlar İlyiçevsk limanına çatmış, 28.10.2017-ci il tarixdən 04.11.2017-ci il tarixinədək maşınlar İlyiçevsk limanında sürücülərin vizası olan sürücülərlə əvəz olunmasını və ödənişlərin şirkətin hesabına ödənilməsini gözləmişlər. Marşurutun bu cür dəyişməsinin səbəbi maşınların Ukrayna Respublikasından onunla qonşu sərhəddə yerləşən və Avropa ölkəsi olan Slovakiya Respublikasına daxil olması olmuşdur. Slovakiyada İtaliya Respublikasından fərqli olaraq məhsulun yararlılığının müəyyən edilməsi üçün laboratoriya rəyi tələb edilmədiyindən maşınlar artıq bir Avropa ölkəsinə daxil olduqları üçün artıq yoxlanışdan keçmələri tələb olunmadan Avrozona daxilində hərəkət edərək daha az vaxtda İtaliya Respublikasındakı təyinat yerinə- fındıqların təhvil verilməli olduğu məntəqəyə çatmalı idi. Yüklərin qarşılıqlı iddia ərizəsində qeyd edilən marşrut üzrə daşınmalı olduğu və bu marşrutla bağlı risklərə görə məsuliyyətin “Aurora” Dış Ticarət A.Ş. şirkətinin Azərbaycan Respublikasındakı filialının üzərinə düşdüyü Türkiyə Respublikasının “Haydarpaşa” Gömrük İdarəsinə ünvanlanmış məktubu ilə təsdiq edilir.( iş mat. 227-ci vərəq) İşin mübahisəsiz halıdır ki, daşınma haqqı olaraq razılaşdırılmış 40.000 manat ekspeditora ödənilmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsində göstərmişdir ki, sifarişçi tərəfindən yüklərin daşınması ilə marşrut dəyişdiyindən ekspeditorun əlavə xərcləri yaranmış və sifarişçi həmin xərclərin ödənilməsini öz üzərinə götürsə də sonradan bu xərclərin ödənilməsindən imtina etmişdir. Qarşılıqlı iddia ərizəsinə əlavə edilmiş 23.10.2017-ci il tarixi 56 saylı hesab fakturaya əsasən “Sarp Haydarpaşa pendik” gömrük cərimələrinə görə 12748 manat, 23.10.2017-ci il tarixi 57 saylı hesab fakturaya əsasən Türkiyə-Ukrayna ekspert sənədləşməyə görə 4255 manat, 24.10.2017-ci il tarixi 58 saylı hesab fakturaya əsasən maşınların demuraj-gözləmə müddəti üçün 10212 manat, 06.12.2017-ci il tarixi 60 saylı hesab fakturaya əsasən maşınların demuraj-gözləmə müddəti üçün 10212 manat ödənişin həyata keçirilməsi sifarişçidən tələb edilmişdir. Cavabdeh “Aurora” Dış Tticarət A.Ş. şirkətinin Azərbaycan Respublikasındakı filialına ünvanlanmış 07.12.2017-ci il tarixli məktubun məzmunundan görünür ki, yuxarıda qeyd edilmiş ümumi məbləği 21750 ABŞ doları təşkil edən hesab fakturalar üzrə borcun qarşılıqlı razılaşmaya əsasən 20.000 ABŞ dolları müəyyən edilməsi və Ukraynada gözləyən 4 maşın İtaliya boşaltma yerinə çatdıqdan sonra ödəniləcəyi təsdiq edilmişdir. Həmin məktubda qeyd edilənlərin razılaşdırıldığı məktubun üzərindəki “Aurora” Dış Tticarət A.Ş. şirkətinin Azərbaycan Respublikasındakı filialının qanuni təmsilçisi X4 imzası ilə təsdiq edilir. (iş mat. 99-cu və 214-cü vərəqlər) “Aurora” Dış Tticarət A.Ş. şirkətinin Azərbaycan Respublikasındakı filialının Cavabdehnə ünvanlanmış 12.01.2018-ci il və 15.01.2018-ci il tarixli məktubunun məzmunundan da göründüyü kimi, ekspeditor tərəfindən əlavə xərclərə görə tələb edilən 20.000 ABŞ dolları xərcin ödənişinə 07.12.2017-ci il tarixdə razılıq verilmiş, lakin həmin razılaşmadan sonra yüklər İtaliyaya 33 gündən sonra çatdırıldığından və sürücülərə yanacaq pulu, maşınların təmir xərci, Ukrayna gömrüyünə cərimə olaraq 20480 ABŞ dolları ödənildiyindən qeyd edilən vəsaitin ödənilməsindən imtina edilərək əlavə ödənilən bütün məbləğlərin geri qaytarılması tələb edilmişdir.(iş mat. 107-ci, 122-ci vərəqlər). İlkin iddia ərizəsində 20.000 ABŞ dolları məbləğində vəsaitin ekspeditora ödənilməsinə razılıq verildiyi qeyd edilsə də, bu razılığın yüklərin təyinat nöqtəsinə çatdırılmasına nail olmaq məqsədi ilə görüntü üçün verildiyi qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 852.4-cü maddəsinə əsasən ekspeditorun öz xidmətləri üçün muzd almaq və yük göndərən üçün çəkdiyi xərclərin əvəzinin ödənilməsi hüququ vardır. Məhkəmə qeyd edilən normaların tələblərini nəzərə alaraq hesab edir ki, tərəflər arasında əldə edilmiş razılaşmaya əsasən sifarişçi “Aurora” Dış Tticarət A.Ş. şirkətinin Azərbaycan Respublikasındakı filialı ekspeditor Cavabdeh daşıma zamanı çəkdiyi xərclərə görə 20.000 ABŞ dolları ödəməyi öz öhdəsinə götürdüyü işdəki sübutlarla təsdiq edildiyindən, o cümlədən tərəflər arasında bağlanmış müqaviləni 4.5-ci bəndində maşınların gözləmə vaxtına görə hər günə 150 AVRO əlavə ödənişin həyata keçirilməsi nəzərdə tutulduğundan sifarişçinin yükün daşınması başa çatdıqdan sonra ekspeditorun əlavə xərclərinin ödənilməsindən imtinası əsassızdır. İşdəki 07.12.2017-ci il tarixli məktubun məzmununda göründüyü kimi, əlavə xərclərə görə sifarişçinin ödəməli olduğu məbləğ qarşılıqlı razılaşma əsasında 20.000 ABŞ dolları müəyyən edildiyindən məhkəmə hesab edir ki, qarşılıqlı iddia qismən həmin məbləğin “Aurora” Dış Tticarət A.Ş. şirkətindən tutulması hissəsində təmin edilməli, əlavə xərclərlə bağlı borc tələbi qalan hissədə rədd edilməlidir. Tərəflər arasında bağlanmış müqavilənin 4.14-cü bəndində qeyd edilmişdir ki, ekspeditorun təqdim etdiyi hesab faktura vaxtında ödənilmədikdə ödəmə gecikdirildiyi hər gün üçün sifarişçi hesab faktura məbləğinin 3 % həcmində dəbbə pulu ödəməlidir, lakin bu dəbbə pulu hesab faktura dəyərinin 20 %-dən artıq olmamalıdır. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə qeyd edilən normanın tələbini nəzərə alaraq hesab edir ki, Cavabdeh hesab fakturalar üzrə ödənişin gecikdirilməsinə görə qarşı tərəfdən tələb etdiyi 2900 ABŞ dolları və 1250 avro cərimə məbləği azaldılaraq təmin edilmiş məbləğin 10 %-i -2000 ABŞ dolları məbləğində müəyyən edilməli, cərimə tələbi qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Qarşılıqlı iddia ərizəsində 1000 manat hüquqi xidmət xərcinin qarşı tərəfdən tutuması xahiş olunsa da bu məbləğin vəkilə ödənilməsi barədə qəbz məhkəməyə təqdim edilmədiyindən məhkəmə hesab edir ki, qarşılıqlı iddia bu hissədə rədd edilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-311/2020 saylı 27.10.2020-ci il tarixli qətnaməsi qismən-qarşılıqlı iddianın rədd edildiyi hissədə ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, qarşılıqlı iddia qismən təmin edilərək “xxxx” Şirkətindən Cavabdeh xeyrinə 20.000 ABŞ dolları əsas borc, 2000 manat cərimə, cəmi 22.000 ABŞ dolları və 30 manat dövlət rüsumu tutulmalı, qarşılıqlı iddia qalan hissədə rədd edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Qarşılıqlı iddia üzrə iddiaçı “Cavabdeh“ MMC apelyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-311/2020 saylı 27.10.2020-ci il tarixli qətnaməsi qismən-qarşılıqlı iddianın rədd edildiyi hissədə ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilsin. Qarşılıqlı iddia qismən təmin edilərək “xxxx” Şirkətindən Cavabdeh xeyrinə 20.000 ABŞ dolları əsas borc, 2000 manat cərimə, cəmi 22.000 ABŞ dolları və 30 manat dövlət rüsumu tutulsun. Qarşılıqlı iddia qalan hissədə rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-2(103)-267/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-267/2021
05.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver