Məhkəmə qərarları › İş №2-2(103)-269/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-269/2025

05.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-269/2025 05.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “pul” tələbinə dair ilk, iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin cavabdeh İddiaçı MMC-yə qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddiaları üzrə (Açar sözlər: qətnamənin izah edilməsi) X1 (sədrlik edən və məruzəçi), X4 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “pul” tələbinə dair ilk, iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin cavabdeh İddiaçı MMC-yə qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddiaları üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-1941/2023 nömrəli qərardadından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq qərara aldılar. Birinci instansiya məhkəməsindəki icraat və qəbul olunmuş məhkəmə akt(lar)ı

1. İddiaçı M-Kontakt” MMC cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən müqavilə üzrə 53327,46 manat əsas borc, 4532,83 manat cərimənin, 200 manat mediasiya xərcinin və 64 manat dövlət rüsumu, ümumilikdə cəmi 58124,29 manatın tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi cavabdeh İddiaçı MMC-yə qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qarşılıqlı iddia üzrə cavabdehin müqavilənin şərtlərini pozması nəticəsində dəymiş 53981 manat məbləğində maddi zərərin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1941/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində iş üzrə icraata cəlb edilmişdir.

4. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1941/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “pul” tələbinə dair ilk iddiası qismən təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən 53327,46 (əlli üç min üç yüz iyirmi yeddi manat qırx altı qəpik) manat məbləğində pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi, ilk iddianın qalan hissədə təmin edilməməsi, iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin cavabdeh İddiaçı MMC-yə qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi, məhkəmə xərclərinin tərəflərin özlərinə aid edilməsi qət edilmişdir.

5. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1941/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)- 69/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır.

6. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)- 69/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-2(102)-431/2024 saylı qərarı ilə dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

7. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1941/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Bakı şəhəri Yasasmal Rayon İcra Şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə icra sənədi üzrə icraata başlanılmışdır.

8. Daha sonra cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məhkəməyə ərizə ilə müraciət edərək Bakı Kommersiya Məhkəməsinin e-2- 2(113)-1941/2023 nömrəli 12 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə İddiaçı MMC-yə ödənilməli olan 53327.46 manat vəsaitdən tətbiq edilmiş cərimə hissəsi ödənildiyindən, lakin Nazirliyə təhvil verilməyən 470 ədəd kreslonun (dövlət əmlakının) təhvili ilə bağlı məsələyə məhkəmə aktlarında münasibət bildirilmədiyindən 44627,36 manat məbləğində ödənişinin təmin edilməsi üçün həmin dövlət əmlakının Nazirliyə təhvil verilməsi məsələsinə aydınlıq gətirilməsi məqsədi ilə qətnamənin izah edilməsini xahiş etmiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-1941/2023 nömrəli qərardadı ilə ərizə rədd edilmişdir.

9. Hazırda cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Bakı Kommersiya Məhkəməsinin sözügedən qərardadından şikayət verərək Bakı Kommersiya Məhkəməsinin Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2- 2(113)-1941/2023 nömrəli qərardadının ləğv edilməsini xahiş edir.

10. Şikayət onunla əsaslandırılmışdır ki, sözügedən məhkəmə qətnaməsində iddiaçı qismində İddiaçı MMC-yə 53327,46 manat məbləğində vəsaitin ödənilməli olduğu qeyd olunmuş lakin, İddiaçı MMC tərəfindən 23937,48 manat dəyərində 280 ədəd işçi kreslosu, 12140,78 manat dəyərində 90 ədəd rəhbər kreslosu, 8549,1 manat dəyərində 100 ədəd qonaq kreslosu olmaqla ümumilikdə dəyəri 44627,36 manat olan 470 ədəd kreslo Nazirliyə təhvil verilməmişdir. Həmçinin bildirilir ki, müqavilə ləğv edilmədiyindən tərəflərin öhdəliklərinə xitam verilməmişdir. Buna görə də hesab edilir ki, tərəflər arasındakı mübahisə müqavilənin hüquqi qüvvəsi ilə bağlı olmadığından, məhkəmə qətnaməsində müqavilənin ləğv olunması barədə ayrıca göstəriş nəzərdə tutulmadığından məhkəmə qətnaməsinin qəbulundan sonra da müqavilənin bütün şərtləri qüvvədə qalır və tərəflər həmin müqavilədə müəyyən edilmiş şərtlərin icrasını tələb edə bilərlər.

11. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, (e-2-2(113)- 1941/2023 saylı qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

Apellyasiya instansiya məhkəməsindəki icraat

Tətbiq edilən hüquq

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrıayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. 230.1-ci maddəsinə əsasən işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. 230.2-ci maddəsinə əsasən birinci instansiya və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı dəyişirsə və yeni məhkəmə aktı çıxarılırsa, onun izah edilməsini iş üzrə son qətnaməni və ya qərardadı çıxarmış məhkəmə həyata keçirir. 230.3-cü maddəsinə əsasən qətnamə və ya qərardad icra edilməmişsə, onun izah edilməsinə yol verilir. 230.4-cü maddəsinə əsasən qətnamənin və ya qərardadın izah edilməsi məsələsi bu barədə ərizə məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində məhkəmə iclasında həll olunur. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilirlər. Lakin onların gəlməməsi məsələyə baxmağa mane olmur.

Apellyasiya baxışının həddi

13. Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

14. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

15. Belə ki, Bakı Kommersiya Məhkəməsinin icraatında olmuş e-2-2(113)- 1941/2023 saylı kommersiya mübahisəsi üzrə ilk və qarşılıqlı iddia tələbləri yalnız “pulun tutulması” ilə bağlı olmuş, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1941/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “pul” tələbinə dair ilk iddiası qismən təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən 53327,46 (əlli üç min üç yüz iyirmi yeddi manat qırx altı qəpik) manat məbləğində pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi, ilk iddianın qalan hissədə təmin edilməməsi, iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin cavabdeh İddiaçı MMC-yə qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi, məhkəmə xərclərinin tərəflərin özlərinə aid edilməsi qət edilmişdir.

16. Hazırkı ərizədə qətnamənin izah edilməsi xahiş olunsa da, məhkəmə belə qənaətə gəlir ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1941/2023 saylı, xx.xx.2023cü il tarixli qətnaməsinin nəticə hissəsində cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən tutulmalı olan pul məbləği - 53327,46 (əlli üç min üç yüz iyirmi yeddi manat qırx altı qəpik) manat dəqiq olaraq göstərilmiş, qətnamənin hər hansı hissəsinə izah edilməsinə ehtiyac yoxdur.

17. Bu səbəbdən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ərizəsi təmin edilməməlidir.

18. Bununla yanaşı, ərizədə İddiaçı MMC tərəfindən 23937,48 manat dəyərində 280 ədəd işçi kreslosu, 12140,78 manat dəyərində 90 ədəd rəhbər kreslosu, 8549,1 manat dəyərində 100 ədəd qonaq kreslosu olmaqla ümumilikdə dəyəri 44627,36 manat olan 470 ədəd kreslonun Nazirliyə təhvil verilmədiyi göstərilmiş, bunun qətnamədə göstərilmədiyi bildirilmişdir.

19. Məhkəmə kollegiyası şikayətin dəlili ilə bağlı bildirir ki, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı qarşılıqlı iddia tələbi yalnız “zərərin ödənilməsi” tələbi ilə bağlı olmuş və qarşılıqlı iddia ərizəsi təmin edilməmişdir. Tərəflər arasında ümumilikdə dəyəri 44627,36 manat olan 470 ədəd kreslonun təhvil verilməməsi ilə bağlı gələcəkdə mübahisə yaranacağı təqdirdə, cavabdeh Nazirlik pozulmuş hüquqlarının müdafiəsi ilə bağlı məhkəməyə müraciət etmək hüququna malikdir.

20. Beləliklə, məhkəmə hesab edir ki, şikayət əsassızdır və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır.

21. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz.

22. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə r a r a a l d ı:

Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-1941/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar