Məhkəmə qərarları › İş №2-2(103)-272/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-272/2023

28.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-272/2023 28.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı Cavabdehnə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-5317/2022 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ

1. İddiaçı ilə cavabdeh arasında 05 fevral 2022-ci il tarixli daşıma xidmətinin göstərilməsi haqqında müqavilə bağlanmış və müqaviləyə əsasən iddiaçı cavabdehin sifarişi üzrə daşınma xidmətlərini göstərməyi, cavabdeh isə iddiaçıya bu müqavilənin ayrılmaz hissəsi hesab edilən təhvil-təslim aktlarında göstərilmiş xidmət haqqını ödəməyi öhdələrinə götürmüşlər.

Birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış 05 fevral 2022-ci il tarixli daşıma xidməti müqaviləsi əsasında, ödənilməyən qalıq 16.100 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddiaçı bildirir ki, onun tərəfindən müqavilə icra edilmiş və həmin xidmət müqaviləsi əsasında əmlaklar razılaşdırılmış ünvana daşınaraq çatdırılmışdır. Bununla da iddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri tam icra etmişdir. Lakin cavabdeh tərəfindən bugünədək müqavilə üzrə öhdəliklər tam icra edilməmiş, razılaşdırılmış 34.000 manat məbləğində xidmət haqqından yalnız 17.900 manat məbləğində pul ödənilmiş, qalıq 16.100 manat məbləğində pul isə ödənilməmişdir.

4. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsində iştirak etməmişdir.

5. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-5317/2022 saylı qətnaməsi ilə iddia təmin edilmişdir.

6. Cavabdeh MMC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri

7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehin iddiaçıya hər-hansı bir borcu mövcud deyildir. Belə ki, müqaviləyə əsasən baş tutmalı olan xidmət tam şəkildə yerinə yetirilməmiş, lakin müqavilə üzrə şərtləndirilmiş məbləğ iddiaçıya tam şəkildə ödənilmişdir. İddiaçı müqaviləni təqdim etsə də, xidmətin göstərilib yekunlaşdırıldığına dair hər-hansı əlavə sübut təqdim etməmiş, məhkəmə isə yalnız müqavilə əsasında qətnamə qəbul etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

9. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətini müdafiə etdi, iddiaçının nümayəndəsi və vəkili Vəkil1 isə apellyasiya şikayətinə etiraz etdi.

TƏTBİQ EDİLƏN HÜQUQ

10. Mülki Məcəllənin 850.1-ci maddəsinin tələblərinə görə yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür.

11. Həmin Məcəllənin 850.2-ci maddəsinə əsasən əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, yük daşınması müqaviləsinə tapşırıq haqqında göstərişlər tətbiq edilir. APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

12. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

13. Məhkəmə kollegiyası hesab edir ki, iddia əsaslıdır.

14. Belə ki, tərəflər arasında Mülki Məcəllənin 850.1-ci maddəsinə uyğun olaraq yük daşınması müqaviləsinin bağlanılması işin mübahisəsiz halını təşkil edir.

15. Həmin müqavilə üzrə yük daşımanın həyata keçirilməsi və borcun yaranması isə iddiaçı ilə cavabdeh arasında bağlanmış 05 fevral 2022-ci il tarixli borc müqaviləsi ilə təsdiq olunur.

16. Belə ki, həmin müqavilədə qeyd olunmuşdur ki, iddiaçı ilə cavabdeh arasında xam pambığın daşınması ilə əlaqədar 34.000 manat borc yaranmışdır. Aralarında bu müqavilədə heç bir narazılıq əks olunmur, bundan ötrü ki, xx.xx.2022-ci il tarixində borcun 20.000 manat məbləğində hissəsi ödəniləcək, borcun qalan hissəsi isə xx.xx.2022-ci il tarixinə qədər ödəniləcək. Bu müqavilə tərəflərin qarşılıqlı razılığı əsasında tərtib edilmişdir.

17. İşdə olan hesab üzrə çıxarışdan isə görünür ki, cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə 05 fevral 2022-ci il tarixli daşıma xidmətinin göstərilməsi haqqında müqaviləyə əsasən iddiaçının hesabına 17900 manat məbləğində ödəniş edilmişdir.

18. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı Mülki Məcəllənin 850.1-ci maddəsinə əsasən cavabdehdən ödənilməyən 16100 manat məbləğində pul vəsaitinin ödənilməsini tələb etməkdə haqlıdır.

19. Apellyasiya şikayətinin dəlillərinə dair kollegiya qeyd edir ki, cavabdeh müqaviləyə uyğun olaraq iddiaçıya hər-hansı bir borcunun mövcud olmadığını və bütün məbləği iddiaçıya ödədiyini bildirsə də, bunu təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Bundan başqa yuxarıda da qeyd olunduğu kimi tərəflər arasında bağlanmış müqavilə üzrə yük daşımanın həyata keçirilməsi və borcun yaranması iddiaçı ilə cavabdeh arasında bağlanmış 05 fevral 2022-ci il tarixli borc müqaviləsi ilə təsdiq olunur.

20. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

21. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-5317/2022 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov

Hakimlər: Vüsalə Baxışova

Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar