Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-272/2025 09.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə “pul” tələbinə dair kommersiya mübahisəsi Açar söz: alqı-satqı müqaviləsi. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, hakimlər Şirinov Ziya Allahverdi oğlu, X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Məhərrəmova Günel Elmam qızının katibliyi, iddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2- 2(113)-7562/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları
1. İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 316/2022 nömrəli məhsulların nisyə alqı-satqısı barədə müqavilənin 1-ci bəndinə görə Satıcı (İddiaçı MMC) Alıcıya (Cavabdeh) nisyə borc olaraq ümumi dəyəri 10560,40 manat məbləğində müxtəlif çeşid məhsulları (və ya taranı) satır.
2. Müqavilənin 2-ci bəndinə görə Alıcı satıcıdan ümumi dəyəri 10560,40 manat olan müxtəlif çeşidli məhsulları nisyə (borc) olaraq qəbul edir.
3. Müqavilənin 3-cü bəndinə görə alıcı satıcıya 10560,40 manat məbləğində olan borcunu 9 ay ərzində pul şəklində ödəməyi öz öhdəsinə götürür.
4. İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli mövcud borcun etirafı haqqında müqaviləyə görə kreditor (İddiaçı MMC) tərəfindən borcluya verilmiş müxtəlif çeşidli məhsullar əsasında Borclunun (Cavabdeh) kreditora 10560,40 manat məbləğində borcunun yarandığı müəyyən olunmuş və borclu kreditora 10560,40 manat məbləğində borcunun olduğunu tam etiraf edir.
5. Müqavilənin 2.1-ci bəndinə görə borclu borc məbləğini müqavilə bağlandıqdan sonra hər ay 300 manat olmaqla xx.xx.2023-cü il tarixinə qədər tam olaraq kreditora ödəməyi öhdəsinə götürür.
6. İddiaçı və cavabdeh tərəfindən təsdiq olunmuş xx.xx.2022-ci il tarixli təhvil-təslim aktına görə xx.xx.2022-ci il tarixli, 316/2022 nömrəli məhsulların nisyə alqı-satqısı barədə müqaviləyə əsasən 10560,40 manat dəyərində məhsullar satıcı tərəfindən alıcıya təhvil verilmişdir.
7. Cavabdeh iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli ərizəsində 10560,40 manat borcunu xx.xx.2023-cü il tarixə qədər ödəməyi öhdəsinə götürmüşdür.
İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat
8. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) “pulun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müqavilə üzrə ödənilməmiş 10560,40 məbləğində pul vəsaitinin, habelə ödənilmiş 121,68 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında qarşılıqlı razılaşma əsasında bağlanmış “məhsulların nisyə alqı-satqısı barədə” xx.xx.2022-ci il tarixli, 316/2022 saylı müqavilənin 1-ci bəndinə əsasən, İddiaçı MMC cavabdehə ümumi dəyəri 10560,40 (on min beş yüz altmış manat qırx qəpik) manat məbləğində olan müxtəlif çeşidli məhsulları satmış, cavabdeh isə, müqavilənin 2-ci bəndinə əsasən, həmin məhsulları qəbul etmiş və 3-cü bəndinə əsasən, malların dəyərini pul şəklində doqquz ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Daha sonra cavabdeh İddiaçı MMC-nin rəhbərliyinə yazdığı ərizədə borcunu etiraf etmiş və 3 (üç) ay ərzində borcunu tam şəkildə ödəyəcəyini bildirmişdir. Buna baxmayaraq, Cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş və İddiaçı MMC-yə olan borcunun 10560,40 (on min beş yüz altmış manat qırx qəpik) manat hissəsini bu günədək ödəməmişdir.
10. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-7562/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh 10560,40 manat məbləğində pul, 121,68 manat dövlət rüsumu, ümumilikdə 10682,08 (on min altı yüz səksən iki manat səkkiz qəpik) manat məbləğində pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi qət edilmişdir.
11. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdehin iddiaçıya satın alınmış malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 316/2022 nömrəli alqı-satqı müqaviləsindən irəli gəlir. Tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı həmin müqavilədən irəli gələrək üzərinə düşən öhdəlikləri icra etmiş, lakin cavabdeh tərəfindən öhdəliklər icra edilməmişdir. Cavabdeh həmin sənədləri oxumadan imza etdiyini, iddiaçının təqdim etdiyi sübutların (müqavilələr, ərizə, təhvil aktı) tərəfindən imzalanan zaman borcun məbləği ilə bağlı qrafaların boş olduğunu, iddiaçı tərəfindən sonradan əl yazıları ilə doldurulduğunu, həmin tarixə iddiaçıya 10560,40 manat deyil, 1500 manat borcunun olduğunu bildirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Beləliklə, məhkəmə cavabdehin bu izahatını qeyri-səmimi qəbul etməklə, iddiaçıya olan hazırkı borcunun ödənilməsi ilə əlaqədar yaranmış məsuliyyətdən yayınması cəhdi kimi qiymətləndirmişdir. Bundan əlavə, cavabdeh alqı-satqı müqaviləsi üzrə iddiaçıya hazırkı müqavilə üzrə 1500 manat ödədiyini bildirsə də, bu halı təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmiş, borcun hansı tarixlərdə, hansı hissələrlə qaytarılması barədə məhkəmənin suallarına ağlabatan şəkildə cavab verə bilməmiş, üzərinə düşən sübut etmə vəzifəsini icra edə bilməmişdir. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, iddia təmin edilməli, cavabdehdən 10560,40 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.
12. Birinci instansiya məhkəməsi hazırkı mübahisəyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567, 598.1, 598.2, 600.1, 600.4-cü maddələrini, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1, 76.2, 88, 106.1-ci maddələrini tətbiq etmişdir.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
13. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-7562/2024 nömrəli qətnaməsindən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Göründüyü kimi öhdəliyin şərtlərinə əsasən üzərinə öhdəlik götürmüş şəxs həmin öhdəliyi yerinə yetirməlidir. Hazırda tərəflər arasında bağlandığı qeyd edilən nisyə alqı-satqı müqaviləsi və mövcud borcun etirafı haqqında mücərrəd müqavilə saxtadır və sonradan iddiaçı şirkət tərəfindən doldurulmuşdur. Buna görə də etibarsızdır. Lakin məhkəmə bu hala düzgün hüquqi qiymət vermək istəməmiş və verə bilməmişdir. Cavabdehin iddiaçı təşkilat qarşısında heç bir öhdəliyim olmamışdır. İddiaçı təşkilat cavabdehin onlardan 12225 ədəd mal aldığını təsdiq edən heç bir mötəbər sübut məhkəməyə təqdim etməmişdir. Onların təqdim etdiyim müqavilələr, ərizə və təhvil təslim aktı sonradan iddiaçı tərəfindən doldurulduğundan sübut kimi qiymətləndirilə bilməz. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər. Vacib əhəmiyyətli yanılma aşağıdakı hallardır: Şəxs razılıq verdiyi əqdi deyil, başqa əqdi bağlamaq istəmişdir; Şəxs bağlamağı arzuladığı əqdin məzmunu barəsində səhv etmişdir; Tərəflərin vicdanlılıq prinsipini rəhbər tutmaqla əqdin əsası kimi nəzərdən keçirdikləri hallar mövcud deyildir. Əqdin motivləri barəsində yanılma, onun razılaşma predmeti olduğu hallar istisna edilməklə, vacib əhəmiyyətə malik deyildir. Qeyd edilən maddi hüquq normasının tələbləri pozulmuşdur. Məhkəmə bu halı araşdırmamışdır. Belə ki, cavabdeh qeyd edilən borc müqaviləsini imzalayarkən həmin vaxta olan 1500 manat məbləğində borcunun qeyd ediləcəyini düşünmüş və buna görə imzalamışdır. Sonrakı keçən 2 il ərzində isə qeyd edilən məbləği tam şəkildə ödəmişdir. Lakin məhkəmə təqdim edilmiş sübutların heç birinə düzgün hüquqi qiymət verə bilməmişdir. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Göründüyü kimi öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etməlidir. Lakin hazırda iddiaçı öz hüquqlarını vicdanlı şəkildə yerinə yetirmir. Belə ki, cavabdeh iddiaçı təşkilatdan 12225 ədəd enerji içkisi almamışdır və bununla bağlı hər hansı bir sübut da məhkəməyə təqdim edilə bilməmişdir. İddiaçı vicdanlı olmaq əvəzinə bütün alacaqlarını cavabdehin üzərinə yükləməklə kifayətlənmiş və etibarsız və saxta əqdlərlə məhkəməni aldatmağa çalışmışdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Lakin birinci instansiya məhkəməsi qeyd edilən maddənin tələblərinə əhəmiyyət verməmiş, lazımi qaydada araşdırma aparmamışdır. Belə ki, qeyd edilən müqavilələrin mənə boş şəkildə imzalatdırıldığını, və içindəki yazıların sonradan əsassız olaraq doldurulduğunu məhkəməyə bildirməyimə və həmin boş müqavilələrin şəkillərini məhkəməyə təqdim etməyimə baxmayaraq, məhkəmə buna da düzgün hüquqi qiymət verməmiş və heç bir sübutun olmadığını qətnaməsində vurğulamışdır. Görünür ki, işə baxan birinci instansiya məhkəməsinin hakimi görmək istədiyi (sonradan iddiaçı tərəfindən doldurulmuş müqavilələri) sübutlara qiymət vermiş, özünə sərf etməyən sübutlara isə qiymət verməmək qərarına gəlmişdir. Məhkəmə kollegiyasının diqqətinə çatdırmaq istəyirəm ki, məhkəməyə təqdim etdiyim müqavilələr heç bir yazı olmadan (sonradan əllə yazılmış yazıları nəzərdə tuturam) mənə hələ xx.xx.2022-ci il tarixdə Qəbələ şəhərində imzalatdırılmışdır. Bununla bağlı şəkillər apellyasiya şikayətinə əlavə edilmişdir. Həmin qoşmalardan görünür ki (bunların birinci instansiya məhkəməsində bildirilməsinə baxmayaraq hakim hüquqi qiymət verməmişdir), qeyd edilən boş müqavilə hələ məhkəməyə təqdim edilmiş müqavilədəki tarixdən 1 ay əvvəl, yəni xx.xx.2022-ci il tarixdə cavabdehə imzalatdırılmışdır. Sonradan iddiaçı təşkilat boş sənədləri öz istədiyi kimi doldurmuş və hazırkı iddia ilə məhkəmə müraciət etmişdir. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Hazırki prosessual hüquq nomasından göründüyü kimi, məhkəmə qətnamə qəbul edərkən hansı halların müəyyən edildiyini, onların iş üzrə hansı əhəmmiyyətinin olmasını tam olaraq sübutlarla birlikdə qiymətləndirməlidir. Lakin bildirmək istəyirəm ki, məhkəmə iddiaçının təqdim etdiyi sübutlara qiymət verməklə, cavabdehin mövqeyini və təqdim etdiyi sübutları isə araşdırmadan iddianı təmin etməklə tamamilə əsassız qətnamə qəbul etmişdir. Birinci instansiya məhkəməsi işə baxarkən lazımi qaydada araşdırma aparmamış, təqdim edilən sübutlara düzgün hüquqi qiymət verməyərək cavabdehin hüquqlarını kobud şəkildə pozmuşdur. b) Məhkəmə icraatı iştirakçılarının izahatları
15. İddiaçının nümayəndəsi məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etmişdir.
16. Cavabdeh məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 568.1-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. 579.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsinə görə növlər, modellər, ölçülər, rənglər və ya digər əlamətlər üzrə müəyyən nisbətdə (çeşiddə) əşyalar verilməlidirsə, satıcı alıcıya tərəflərin razılaşdırdıqları çeşiddə əşyalar verməyə borcludur. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə- hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı- satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
Əsaslandırıcı hissə
Apellyasiya baxışının hədləri
19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
21. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamə Cavabdeh tərəfindən tam mübahisələndirildiyindən tam yoxlanılır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
22. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-7562/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
23. İşin hallarından görünür ki, cavabdehin iddiaçıya satın alınmış malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 316/2022 nömrəli alqı-satqı müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı həmin müqavilədən irəli gələrək üzərinə düşən öhdəlikləri icra etmiş, lakin cavabdeh tərəfindən öhdəliklər icra edilməmişdir. Cavabdeh həmin sənədləri oxumadan imza etdiyini, iddiaçının təqdim etdiyi sübutların (müqavilələr, ərizə, təhvil aktı) tərəfindən imzalanan zaman borcun məbləği ilə bağlı qrafaların boş olduğunu, iddiaçı tərəfindən sonradan əl yazıları ilə doldurulduğunu, həmin tarixə iddiaçıya 10560,40 manat deyil, 1500 manat borcunun olduğunu bildirir. Məhkəmə cavabdehin bu izahatını qeyri-səmimi qəbul etməklə, iddiaçıya olan hazırkı borcunun ödənilməsi ilə əlaqədar yaranmış məsuliyyətdən yayınması cəhdi kimi qiymətləndirir. Bundan əlavə, cavabdeh alqı-satqı müqaviləsi üzrə iddiaçıya hazırkı müqavilə üzrə 1500 manat ödədiyini bildirsə də, bu halı təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmiş, borcun hansı tarixlərdə, hansı hissələrlə qaytarılması barədə məhkəmənin suallarına ağlabatan şəkildə cavab verə bilməmiş, üzərinə düşən sübut etmə vəzifəsini icra edə bilməmişdir.
24. Apellyasiya şikayətinin dəlilləri etirazın dəlilləri ilə eynilik təşkil etdiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən bu dəlillərin araşdırılmasını və müəyyən edilməsini qeyd edir. Məhkəmə kollegiyası həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, mülki dövriyyənin sabitliyini qorumaq və qanunvericiliyin tələblərinə riayət etmək naminə müqavilələr icra edilməli, tərəflər üzərinə düşən öhdəlikləri yerinə yetirməlidir. Cavabdehin öhdəliyin icrasından yayınmasına dair dəlilləri inandırıcı və ağlabatan deyil, eyni zamanda bu barədə məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. İşin müəyyən edilmiş hallarından cavabdehin malların qəbul edildiyi aktları deyil, boş sənədi imzalaması görünmür. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmışdır.
25. Belə olan halda məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgündür və qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsilə bağlı əsas yoxdur.
26. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-7562/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.