Məhkəmə qərarları › İş №2-2(103)-273/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-273/2023

15.03.2023 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-273/2023 15.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması Açar söz: ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi ilə, ərizəçi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizəsinə dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(113)-7156/2022 saylı qətnaməsindən maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları

1. İşdəki sənədlərdən görünür ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2022-ci il tarixə vergi ödəyicisi olan Qala Kombinatının (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 18109,41 manat, İşsizlikdən sığorta fonduna 658,75 manat, dövlət büdcəsinə 4072,66 manat məbləğində (o cümlədən, vergilər üzrə 3702,86 manat, faizlər üzrə 369,8 manat) , İcbari Tibbi Sığorta Fonduna 2936,46 manat olmaqla, ümumilikdə 25777,28 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2022-ci il tarixli **********246500, xx.xx.2022-ci il tarixli **********561100, xx.xx.2022ci il tarixli **********752900, xx.xx.2022-ci il tarixli **********554500 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. 2.xx.xx.2022-ci il tarixdə sistemə daxil edilmiş əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Maraqlı şəxs “Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyi” X7 xx.xx.2022-ci il tarixdə işə başlamış, xx.xx.2022-ci il tarixdə əmək müqaviləsinə xitam verilmişdir.

Birinci instansiya məhkəməsində icraat

3. Ərizəçi hüquqi şəxs tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 4072,66 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 18109,41 manat, İşsizlikdən sığorta fonduna olan 658,75 manat, İcbari Tibbi Sığorta Fonduna olan 2936,46 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxsin icra orqanının rəhbəri olan, Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizəylə məhkəməyə müraciət etmişdir.

4. Ərizə onunla əsaslandırılmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2022-ci il tarixə vergi ödəyicisi olan Qala Kombinatının (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 18109,41 manat, İşsizlikdən sığorta fonduna 658,75 manat, dövlət büdcəsinə 4072,66 manat məbləğində (o cümlədən, vergilər üzrə 3702,86 manat, faizlər üzrə 369,8 manat) , İcbari Tibbi Sığorta Fonduna 2936,46 manat olmaqla, ümumilikdə 25777,28 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2022-ci il tarixli **********246500, xx.xx.2022-ci il tarixli **********561100, xx.xx.2022-ci il tarixli **********752900, xx.xx.2022-ci il tarixli **********554500 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir.

5. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(113)-7156/2022 saylı qətnaməsi ilə (hakim Zaur Pirverdiyev) ərizə təmin edilmişdir.

6. Məhkəmə hesab etmişdir ki, vergi ödəyicisi vergi öhdəliklərini vaxtında yerinə yetirmədiyinə görə xəbərdarlıq edilməsinə baxmayaraq, yaranmış vergi borcunun ödənilməsini təmin etməmiş, nəticədə ərizəçinin vergi borcunun təmin edilməsi məqsədilə fiziki şəxsin ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququ yaranmışdır. Buna görə də ərizə əsaslı hesab edilək təmin edilmişdir.

Apellyasiya instansiyasi məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri 7.Maraqlı şəxs Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(113)- 7156/2022 saylı qətnaməsinin ləğv edilərək ərizənin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Qala Kombinatı xx.xx.1991-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Əvvəl 2006-cı ildən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin tərkibində X1 idi. X2 ilə 2021-ci ilin oktyabr ayında X9 formasında “X3” adlı ayrıca qurum oldu. X5 tərkibində olmuşdur. xx.xx.2022-ci il tarixdən Qala Kombinatının fəaliyyəti dayandı və fəaliyyəti ilə əlaqədar bütün balansı Fövqəladə Hallar Nazirliyinin Məxfi Şöbəsinə təhvil verildi. Bundan sonra işçilərə əmək haqlarını, kommunal ödənişlərin hamısını Fövqəladə Hallar Nazirliyi ödəyirdi. Maraqlı şəxs də həmin vaxtdan Qala Kombinatının direktoru vəzifəsindən çıxmış, yalnız təhvil-təslim komissiyasının üzvü kimi fəaliyyət göstərmişdir. xx.xx.2022-ci ildən işçilərin hamısı cənab nazirin əmri ilə işdən azad olunmuşdur. Maraqlı şəxs xx.xx.2022-ci ildən yenidən işə götürülmüş və xx.xx.2022-ci ildən təkrar vəzifədən azad olunmuşdur. Yəni hazırda maraqlı şəxs Qala Kombinatının rəhbəri deyil və qurumu Fövqəladə Hallar Nazirliyinə təhvil verilənədək bütün vergi borcları ödənmişdir. Bundan sonrakı ödənişlər nazirlik tərəfindən həyata keçirilmişdir. Belə olan halda, Qala Kombinatının borcuna görə maraqlı şəxsin ölkədən çıxışına məhdudiyyət qoyulmasını əsassız hesab etmişdir.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları 9.Ərizəçi və maraqlı şəxsə məhkəmə iclasını yeri və vaxtı barədə lazımi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdirlər.

10. Tətbiq edilən hüquq

“Avropa İnsan hüquqları Konvensiyası” 4 saylı Protokolunun 2-ci maddəsi- hər kəs öz ölkəsi də daxil olmaqla hər hansı ölkəni tərk etməkdə azaddır. Bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, ictimai qaydanı qorumaq üçün, cinayətlərin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa heç bir məhdudiyyət qoyula bilməz. Birinci bənddə təsbit edilmiş hüquqlar müəyyən ərazilərdə qanuna müvafiq olaraq tətbiq edilən və demokratik cəmiyyətdə ictimai maraqlara əsaslandırılan məhdudiyyətlərə məruz qala bilər. Azərbaycan Respublikası Konstitusiyası 73-cü maddəsinin İ bəndi- qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. 28-ci maddənin 3-cü bəndi- əsasən qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. 71-ci maddənin 2-ci hissəsi- insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. Azərbaycan Respublikası Vergi Məcəlləsi 16.1.1-ci maddə- qanunla müəyyən edilmiş vergilərə, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. 23.1.15-3-cü maddə- vergi ödəyicisi vergi öhdəliklərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirilmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanının hüququdur. 24.0.2-1-ci maddə - vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etmək vergi orqanının vəzifəsidir. 77.3-cü maddə - vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. 78.1-ci maddə - vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergi məbləğinin müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 355-5.1-ci maddə - vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir.

Əsaslandırıcı hissə

Apellyasiya baxışının hədləri 11.Qətnamə maraqlı şəxs tərəfindən tam mübahisələndirildiyindən tam yoxlanılır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

12. Məhkəmə apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(113)-7156/2022 saylı qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilərək ərizə rədd edilməlidir.

13. İşdən görünür ki, maraqlı şəxsin direktoru olduğu “Qala kombinatı” Fövqəladə Hallar Nazirliyinin X4 Agentliyinin tabeçiliyində olmuşdur. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli Fərmanından görünür ki, Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin əsasında “Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyi” X8 yaranmışdır.

14. Apellyasiya şikayətinə əlavə edilmiş əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Maraqlı şəxs “Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyi” X7 xx.xx.2022-ci il tarixdə işə başlamış, xx.xx.2022-ci il tarixdə əmək müqaviləsinə xitam verilmişdir.

15. Məhkəmə hesab edir ki, X6 Reyestrindən Çıxarışda Maraqlı şəxs Qala Kombinatının qanuni təmsilçisi kimi qeyd edilməsinə baxmayaraq maraqlı şəxsin hazırda həmin hüquqi şəxslə hüquqi bağlılığı qalmadığından onun ölkədən əvvəllər rəhbərlik etdiyi hüquqi şəxsin borclarına görə ölkədən getmək hüququnun məhdudlaşdırılması qanunun məqsədinə uyğun deyil.

16. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(113)-7156/2022 saylı qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilərək ərizə rədd edilməlidir.

17. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:

Maraqlı şəxs apellyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(113)-7156/2022 saylı qətnaməsi ləğv edilsin. Yeni qətnamə qəbul edilsin. Ərizə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar