Məhkəmə qərarları › İş №2-2(103)-274/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-274/2023

12.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-274/2023 12.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin cavabdeh "xxxx" MMC-yə qarşı borcun ödənilməsi tələbinə dair Açar söz: borcun ödənilməsi Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022ci il tarixli, 2-2(113)-369/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları

1. İşin sübutlar əsasında müəyyən edilmiş mübahisəsiz hallarından görünür ki, "xxxx" ASC-yə məxsus 38400 ədəd yumurta tutan 2 dəst inqubator kompleksinin və istehsal gücü saatda 1500 baş olan broyler kəsim xətti avadanlıqlarının quraşdırılması ilə birlikdə lizinqə verilməsi barədə 12 iyun 2012-ci il tarixli 24-LA/12 nömrəli müqavilə ilə lizinq verən müqaviləyə 1-2 nömrəli əlavələrdə göstərilən təsnifata və şərtlərə uyğun ümumi dəyəri 630000 manat, o cümlədən 237600 manat məbləğində 38400 ədəd yumurta tutan 2 dəst inqubator kompleksinin və 392400 manat məbləğində istehsal gücü saatda 1500 baş olan broyler kəsim xətti avadanlıqlarının quraşdırılması ilə birlikdə dəyərini lizinq ödəniş qrafikinə uyğun tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi ilə 10 ilə lizinqə verməyi və lizinq alan avadanlığın dəyərindən 63.000 manat məbləği əvvəlcədən lizinq verənə ödəməyi, qalan məbləği isə ödəniş qrafikində göstərilən qaydada və müddətdə ödəməyi öhdəsinə götürmüşdür. 2.

3. 08 iyun 2021-ci il tarixli maliyyə arayışına əsasən "xxxx" MMC-nin 12 iyun 2012ci il tarixli 24-LA/12 nömrəli müqavilə üzrə 343800 manat gecikdirilmiş əsas borc və 367312,5 manat cərimə borcunun olması qeyd olunmuşdur; 12 oktyabr 2021-ci il tarixli ödəniş tapşırığına əsasən "xxxx" MMC tərəfindən Bakı şəhəri 5 saylı Vəkil Bürosunun hesabına 500 manat ödəniş edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 12 iyun 2012-ci il tarixli 24-LA/12 nömrəli müqavilə üzrə 343.800 manat gecikdirilmiş borcun və hesablanmış 367312,50 manat cərimə borcunun və hüquqi yardımla bağlı 500 manat olmaqla, ümumilikdə 711612,5 manat pul vəsaitinin cavabdeh "xxxx" MMC-dən tutularaq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia onunla əsaslandırılmışdır ki, 12 iyun 2012-ci il tarixli 24-LA/12 nömrəli müqaviləyə əsasən dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun olaraq ödəmək şərti ilə texnoloji avadanlıqları lizinqə götürülmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin maliyyə arayışının tərtib edildiyi 08 iyun 2021-ci il tarixə 03 avqust 2016-cı il tarixli 12 iyun 2012-ci il tarixli 24-LA/12 nömrəli müqavilə üzrə 343800 manat gecikdirilmiş əsas borcu və hesablanmış 367312,50 manat cərimə borcu yaranmışdır. Cavabdehə öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir.

6. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-369/2022 saylı qətnaməsi ilə (hakim Fərrux Qasımov) iddia tələbi qismən təmin edilmiş, 12 iyun 2012-ci il tarixli, 24-LA/12 nömrəli müqavilə üzrə 343800 manat gecikdirilmiş əsas borc və 20000 manat cərimə olmaqla, ümumilikdə 363800 manat məbləğində pul vəsaitinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi qət edilmişdir.

7. Bakı Kommersiya Məhkəməsinin 31 yanvar 2022-ci il tarixli, e-2-2(113)-369/2022 nömrəli qərardadına əsasən borc məbləğinin dəqiq müəyyənləşdirilməsi məqsədilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, Məhkəmə-mühasibatlıq ekspertizasının 20 iyul 2022-il il tarixli, 9/2303 №-li rəyində qeyd olunmuşdur ki, "xxxx" MMC-nin 08 iyun 2021-ci il tarixə 12 iyun 2012-ci il tarixli 24-LA/12 nömrəli lizinq müqaviləsi üzrə cavabdehin borcu əsas gecikdirilmiş borc üzrə 343800 manat, cərimə borcu üzrə 367312,5 manat məbləğində müəyyən olunur.

8. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında bağlanmış müqavilədə borcun ödənilməsinin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmuş və ödənişlər vaxtında aparılmadığına görə lizinq müqaviləsinin 4.2-ci bəndinə əsasən iddiaçının əsas məbləğin gecikdirilməsinə görə cərimə məbləğini tələb etmək hüququ yaranmışdır.

9. Lakin məhkəmə 343800 manat məbləğində əsas borca tənasübsüz olaraq hesablanmış 367312,5 manat məbləğində dəbbə pulunun hesablanmasını əsaslı hesab etməmiş, hesablanmış 367312,5 manat məbləğində dəbbə pulunun məbləğini azaldılmaqla 20000 manat məbləğində müəyyən etmişdir.

Apellyasiya instansiyasi məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

10. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-369/2022 saylı qətnaməsinin qismən ləğv edilməsi və iş üzrə cərimə faizinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslanmışdır ki, “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin 18 dekabr 2018-ci il tarixli Fərmanının 3-cü bəndində göstərilmişdir ki, “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi tabeliyində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin sərəncamındakı əmlakın beynəlxalq nüfuzlu auditor təşkilatı cəlb edilməklə qiymətləndirilməsini təşkil etsin və qiymətləndirmənin nəticəsinə əsasən, Cəmiyyətin yeni balansı barədə məlumatı Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə təqdimetsin.” Sözügedən Fərmanın 4-cü bəndində isə göstərilmişdir ki, mövcud kənd təsərrüfatıistehsal vasitələrinin, o cümlədən 2019- cu ilə Cəmiyyətin satın alması nəzərdə tutulan texnikanın və damazlıq heyvanların lizinq yolu iləsatışızamanı tətbiq edilən güzəşt və yaranmış faiz öhdəlikləri Cəmiyyətin zərəri hesabına ödənilsin, mövcud qalıq portfeldən yığılan vəsait (Cəmiyyətin saxlanması və fəaliyyətinin təmin olunması üçün tələb olunan vəsait həcmi istisna olmaqla) bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilmiş Qaydaya uyğun olaraqmüəyyənləşdirilən güzəştlərin ödənilməsində istifadə məqsədilə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin (bundan sonra – Agentlik) müvafiq hesabına köçürülsün. Eyni zamanda yuxarıda istinad edilən Fərmanın 7.3-cü bəndi ilə bu Fərmanın 2-4-cü hissələrinin icrası ilə bağlı tədbirlərin görülməsi və görülən işlər, habelə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliynin və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin nəticələri barədə 1 (bir) il ərzində Azərbaycan Respublikası Prezidentinə məlumatın verilməsi Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinə tapşırılmışdır. Yuxarıda istinad olunan Fərmanın 3 və 4-cü hissələrindən görünür ki, "xxxx" ASC-nin sərəncamındakı əmlakın, (o cümlədən lizinq yolu ilə mənə verilmiş damazlıq heyvanların) 1 il ərzində beynəlxalq nüfuzlu auditor təşkilatı cəlb edilməklə qiymətləndirilməsinin nəticəsinə əsasən "xxxx" ASC-nin yeni balansı barədə məlumatın Azərbaycan Respublikası ƏMDK-nə təqdim edilməsi, həmçinin mövcud kənd təsərrüfatı istehsal vasitələrinin, o cümlədən 2019-cu ilə Cəmiyyətin satış texnikasının və damazlıq heyvanların liziniq yolu ilə satışı zamanı tətbiq edilən güzəşt və yaranmış faiz öhədliklərinin "xxxx" ASC-nin zəruri hesabına ödənilməsi mövcud qalıq portfelindən yığılan vəsaitin bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilmiş Qaydaya uyğun olaraq müəyyənləşdirilən Agenltiyin müvafiq hesabına köçürülməsi tənzimlənmişdir. Keçən müddət ərzində Azərbaycan Respublikasının Prezidentinin yuxarıda sözügedən Fərmanının 3-cü və 4-cü hissələrindən irəli gələn tələblər obyektiv və subyektiv səbəblərdən təmin edilməmişdir. Azərbaycan Respublikasının Prezidentinin yuxarıda göstərilən Fərmanının icrası nəticəsində lizinq yolu ilə verilmiş əmlakın da yenidən qiymətləndirilməsi təmin edilməlidir. Məhkəmə gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan işin bütün faktiki halları araşdırmamış, gəldiyi nəticə üzrə iş üçün əhəmiyyəti olan halların sübut edilməməsinə heç bir əhəmiyyət verməmişdir. İddiaçı Cəmiyyətdən iddia ərizəsində göstərilən məbləğdə vəsaiti tələb etməsi üçün "xxxx" ASC-dən hansı məbləğdə hüquq və öhdəliklərin ona keçdiyini təsdiq edən müvafiq sənədləri, xüsusən də zəruri aktların, o cümlədən lizinq yolu ilə "xxxx" MMC-yə satılmış əmlakların qiymətləndirilməsi ilə bağlı müvafiq sənədlərin məhkəməyə təqdim edilməsi zəruridir.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.

13. Cavabdehə məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir.

14. Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi: - 747.1-ci maddə- lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. - 748-1.12 və 748-1.12.4-ci maddə- lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. - 462.1-ci maddə- dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 463.1-ci maddə- dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. -465.2-ci maddə-əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. -467-ci maddə-məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

Əsaslandırıcı hissə

Apellyasiya baxışının hədləri

15. Qətnamə cavabdeh tərəfindən qismən –cərimə tutulması hissəsində mübahisələndirildiyindən həmin hissədə yoxlanılır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

16. Məhkəmə izahatı dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-369/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

17. Tərəflər arasında bağlanmış müqavilənin 5.5-ci bəndində nəzərdə tutulmuşdur ki, lizinq alan tərəfindən bu müqavilənin 5.1.6-cı bəndində göstərilən hala (texnoloji avadanlıqdan istifadə üçün ödəniş qrafikində nəzərdə tutulan məbləği ödəniş müddətləri üzrə bir dəfədən artıq ödəmədikdə) yol verildikdə lizinq verən bu müqavilənin 5.2-ci bəndində göstərilənləri həyata keçirir, lizinq alanın borclu olduğu məbləği və gecikdirilən hər günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb edir.

18. İş materiallarına cərimənin hesablandığı dövr və hesablanma qaydası barədə qrafik əlavə edilmiş, həmi qrafikə əsasən müəyyən edilmişdir ki, tələb olunan cərimə 2015ci ilin 3-cü rübündən xx.xx.2021-ci il tarixədək ödənişi gecikdirilmiş borca görə hesablanmışdır. Məhkəmə müqavilənin 5.5-ci bəndini və MM-nin 465.2-ci maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, iddiaçı cavabdeh tərəfindən lizinq ödənişlərinin 2015ci ildən həyata keçirilməməsinə görə cərimə tələb etməyə haqlıdır. Ödənişlərin 2015-ci ildən dayandırıldığı nəzərə alınarsa məhkəmə tərəfindən tutulmuş 20000 manat cərimə məbləğinin daha artıq azaldılması MM-nin 467-ci maddəsində nəzərdə tutulmuş məqsədə (tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak mənafeləri və əsaslı mənafelərinin nəzərə alınması) uyğun hesab edilmir.

19. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində qeyd edilənlər (Azərbaycan Respublikasının Prezidentinin 18 dekabr 2018-ci il tarixli Fərmanının düzgün icra edilməməsi, "xxxx" ASC-dən hansı məbləğdə hüquq və öhdəliklərin ona keçdiyini təsdiq edən müvafiq sənədlərin, lizinq yolu ilə "xxxx" MMC-yə satılmış əmlakların qiymətləndirilməsi ilə bağlı müvafiq sənədlərin məhkəməyə təqdim edilməsi) mübahisələndirilən hissədə qətnaməyə hüquqi qiymət verilməsi üçün əhəmiyyətli olmadığından və cərimə ilə bağlı hissədə iddianın rədd edilməsi üçün hər hansı dəlil qeyd edilmədiyindən şikayət əsasssızdır.

20. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-369/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

21. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:

Cavabdeh "xxxx" MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-369/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar