Məhkəmə qərarları › İş №2-2(103)-275/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-275/2022

11.03.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-275/2022 11.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi ilə İddiaçı cavabdehlər Cavabdeh1 ASC-yə və Cavabdeh2nə qarşı iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-1845/2021 nömrəli iş üzrə 29 iyul 2021-ci il tarixli qətnaməsindən cavabdehin apellyasiyasına əsasən kommersiya mübahisəsinə аçıq məhkəmə iclаsındа bаxаrаq müəyyən etdi: İddiaçı cavabdehlərə qarşı məhkəməyə müraciət edərək, cavabdeh ASC-nin Cavabdeh2 abonent hesabına borcun yazılması barədə qərarın etibarsız hesab edilərək, abonent hesabına (adonent kodu 062134) yazılmış 4.200 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 29.07.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh ASC tərəfindən iddiaçıya (abonent kodu 062134) hesablanmış 4.104 manat məbləğində borc silinməsi qət edilmişdir. Qətnamə ilə razılaşmayan cavabdeh ASC ondan apellyasiya şikayəti verərək, iddia təmin edilən hissədə ləğv edilib, iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, birinci instansiya məhkəməsinin cavabdehin əməkdaşlarının iddiaçının sudan sayğacdankənar qoşulmaqla haqqı ödənilmədən qanunsuz istifadəsini aşkarlaması faktını sahibkarlıq fəaliyyəti sahəsində aparılan yoxlamalarla eyniləşdirməsi, bunun Ədliyyə Nazirliyi tərəfindən aparılan reyestrə daxil edilmədən həyata keçirildiyinə görə qeyri-qanuni hesab etməsi barədə gəldiyi nəticə tamamilə qanunsuz və əsassızdır. Belə ki, cavabdehin əməkdaşlarının iddiaçı tərəfin səlahiyyətli şəxslərinin razılığı ilə həyata keçirdikləri su təchizatı sisteminə cari baxış sahibkarlıq fəaliyyətinin yoxlanılması kimi qiymətləndirilə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, dəlillər əsassızdır. İlk olaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20.05.2011-ci il tarixli Qərarında göstərilmişdir ki, “Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” – “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” - “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir. ... Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Məhkəmə kollegiyası hesab edir ki, mübahisənin predmeti bölünən olduğu, apellyasiya şikayəti ilə qətnamənin iddia təmin olunan hissədə qismən ləğv edilərək, iddianın həmin hissədə də rədd olunması xahiş edildiyi, iddiaçı tələbin qismən təmin olunması ilə razılaşaraq apellyasiya şikayəti vermədiyi (qətnamə onun tərəfindən mübahisə edilmədiyi) üçün birinci instansiya məhkəməsinin qətnaməsinə iddia rədd olunan hissədə hüquqi müdaxilə dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilə bilər. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığına onun düzünə mübahisələndirilən hissədə (apellyasiya şikayəti həddində) hüquqi qiymət verilməli, qalan hissə tərəflər arasında mübahisəsiz olduğu, həmçinin, birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə prosessual hüquq normalarına riayət olunmaqla qəbul edildiyi üçün, qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalı, qətnamə yalnız iddia təmin olunan mübahisəli hissədə apellyasiya şikayətinin dəlilləri üzrə yoxlanılmalıdır. Bu kontekstdə araşdırma aparılan işdən müəyyən olunur ki, tərəflər arasında 01.08.2008-ci il tarixdə Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair hüquqi şəxslərlə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərlə bağlanan müqavilə bağlanmışdır. Müqavilə müəssisənin su təchizatı sistemindən istehlakçının tələbatına uyğun lazımi miqdarda, tərkib və keyfiyyətinə görə DÜİST2974-82 Dövlət Standartının tələblərinə uyğun, məişət (təsərrüfat) - içməli və istehsalat məqsədli suyun təchizatı, tullantı sularının kanalizasiya sisteminə qəbulu, tənzimlənməsi və axıdılması ilə əlaqədar tərəflərin hüquq və öhdəliklərini müəyyən edir. Müqavilənin 3.3-cü bəndinə görə, müəssisə istehlakçının su təchizatını texniki şərtlərə uyğun magistral su xəttinə və paylayıcı şəbəkəyə qoşulmuş diametri d=15 mm olan boru (birləşmə) vasitəsi ilə həyata keçirir. Cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş 20.06.2020-ci il tarixli 007502 nömrəli akta əsasən, istehlakçı iddiaçıya məxsus ünvan 1 ünvanda yerləşən obyektə baxış keçirilən zaman sayğacdan uzun müddət istifadə olunmadığı aşkarlanmışdır. Lakin obyektə məxsus su çənləri su ilə doludur. D=20 mm-lik su xəttindən sayğacdan keçmədən qeyri-qanuni sudan istifadə olunduğu aşkarlanmış, obyektə d=20 mm-lik boruya cərimə hesablanması məqsədəuyğundur. Cavabdehin Səbail rayon Su Kanal İdarəsi tərəfindən verilmiş hesab fakturadan görünür ki, fiziki şəxs iddiaçının abunə hesabına 4.104 manat borc yazılmışdır. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” AR Qanununun: 2.1-ci maddəsinə əsasən, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir; 2.3-cü maddəsinə görə, dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir; 3.1-ci maddəsinə əsasən, yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır; 13.1-ci maddəsinə görə, sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır; 13.2-ci maddəsinə əsasən, sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir; 13.3-cü maddəsinə görə, yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar; 13.4-cü maddəsinə əsasən, yoxlayıcı orqanlar sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmış və hər hansı səbəbdən aparılmamış yoxlama barədə məlumatı həmin səbəblər göstərilməklə, yoxlamanın aparılması nəzərdə tutulan tarixdən beş iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına verməlidirlər. Azərbaycan Respublikası Prezidentinin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 714-İVQ nömrəli Qanununun tətbiqi barədə” 28.08.2013-cü il tarixli 955 nömrəli Fərmanının 4.3-cü bəndi ilə müəyyən edilmişdir ki, həmin Qanunun 13.1-ci, 13.3-cü, 13.4-cü maddələrində, 15.3-cü maddəsinin birinci və ikinci cümlələrində, 16.11-ci, 33.6-cı, 34.1-ci və 34.5-ci maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi həyata keçirir. Məhkəmə kollegiyası tərəfindən müəyyən edilmişdir ki, su təhcizatı sahəsində təbii inhisarçı mövqeyə malik hüquqi şəxs olan cavabdeh mübahisəli yoxlama barədə məlumatları AR Ədliyyə Nazirliyinə verməmiş, sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerə gəlməklə aparılan və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 2.1-ci maddəsi anlamında bu yoxlama tədbirini əvvəlcədən yoxlamaların vahid məlumat reyestrində qeydə aldırmamışdır. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, qanunsuz hərəkətlər barədə aktın tərtib olunması və həmin akta əsasən abonentə müəyyən məbləğdə sanksiya tətbiq edilməsi yaxud əlavə sərfiyyat hesablanması bilavasitə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunla nəzərdə tutulan yoxlama tədbirlərinin nəticəsidir və eyni Qanunun 2.3-cü maddəsində təsbit olunan su sayğaclarının göstəricilərinin oxunması istisnasının təsir dairəsinə düşmür. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən isə, bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Azərbaycan Respublikası Prezidentinin 15.02.2011-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4-cü bəndinə görə, qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Əsasnamənin 1.5-ci bəndinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu mənada məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır. Belə ki, cavabdehin 20.06.2020-ci il tarixli aktda qeyd etdiyi kimi, onun əməkdaşları tərəfindən 20.06.2020-ci il tarixdə iddiaçıya məxsus ünvana baxış keçirilmiş, baxış zamanı pozuntu aşkarlanmış, bu barədə akt tərtib olunmuş, nəticədə iddiaçıya cərimə hesablanmışdır. Bütün bunlar da o deməkdir ki, mübahisəli baxış birbaşa “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 2.1-ci maddəsinin təsir dairəsinə düşür. Qanun hətta yoxlamanın nəticəsində akt tərtib edilməməsi və sanksiyalar tətbiq edilməməsi halında belə hər növdən olan müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd və baxışın yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparıla bilməyəcəyini açıq bəyan etmişdir. Su təchizatı sisteminə cari baxışın iddiaçının razılığı ilə həyata keçirildiyi fərz olunan halda isə, bu baxışa da, sonda yoxlama aktının tərtib edilməsi və sanksiyaların tətbiqi ilə nəticələndiyi üçün, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 2.1-ci maddəsi şamil olunur. Digər tərəfdən, su təchizatı sisteminə cari baxışa iddiaçının razılıq verməsi güman olunan halda da bu razılıq onun adıçəkilən Qanunun verdiyi təminatlardan imtina etməsi anlamına gəlmir. İddiaçının (onun nümayəndəsinin) əvvəl 20.06.2020-ci il tarixli mübahisəli aktı imzalamaması, sonradan isə hazırkı iddianı qaldıraraq, məhkəmə müdafiəsi hüququndan istifadə etməsi də onu göstərir ki, o, sözügedən təminatlardan irəli gələn hüquqlarından imtina etmək niyyətində olmamışdır. MPM-in: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi əlaqədar gəldiyi nəticə qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə əsas vermir. Bu səbəbdən qətnamə yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və MPM-in 392 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-1845/2021 nömrəli iş üzrə 29 iyul 2021-ci il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Cavabdeh1 ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar