Məhkəmə qərarları › İş №2-2(103)-276/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-276/2021

10.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-276/2021 10.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası Hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Yusifov Cahangir Afər oğlundan və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədova Nərmin Məzahir qızının katibliyi ilə, İddiaçı cavabdeh “Bosphorus Yatırım ve Dış Tic.A.Ş”-yə qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasına dair Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, e-2-2(113)-4053/2020 saylı qərardadından iddiaçının tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdeh Çin Respublikasının “Cavabdeh” şirkətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 153600 ABŞ dolları əsas, 7680 ABŞ dolları faiz borcunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, e-2-2(113)-4053/2020 saylı qərardadına əsasən iddia ərizəsinə kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd əlavə olunmadığına görə iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmışdır. İddiaçı həmin qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini, iş üzrə mübahisəyə baxılması üçün müvafiq prosessual hərəkətlərin edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddia ərizəsi iddiaçının elektron poçtu vasitəsilə cavabdehin elektron poçtuna göndərilmiş və bu barədə sübut məhkəməyə təqdim edilmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2-2(113)-4053/2020 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətə baxılması xx.xx.2021-ci il tarixə təyin edilmiş, işə baxılmasının vaxtı barədə iddiaçıya məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə şikayəti işin materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, e-2- 2(113)-4053/2020 saylı qərardadı ləğv edilməli, iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Birinci instansiya məhkəməsi iddia ərizəsini geri qaytararkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.0.4-cü və 152.1.4-cü maddələrinə istinad etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.0.4-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd əlavə olunmalıdır. Həmin Məcəllənin 152.1.4-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə iddia ərizəsi və əlavə edilmiş sənədlər geri qaytarılır. Hazırkı halda iddia ərizəsinin surətinin e-mail vasitəsilə cavabdehin elektron poçtuna göndərilməsi barədə çıxarış əlavə olunmuşdur. Birinci instansiya məhkəməsi MPM-nin 135-ci maddəsinə istinad edərək hesab etmişdir ki, iddia ərizəsinin e-mail vasitəsilə göndərilməsi barədə çıxarış iddia ərizəsinin cavabdeh tərəfindən alınmasına dair sübut kimi qəbul oluna bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyini əsaslı hesab etmir. Belə ki, məhkəmənin istinad etdiyi MPM-nin 135-ci maddəsi tərəflərin bir-birinə göndərdiyi sənədlərin deyil, məhkəmə tərəfindən tərəflərə göndərilən sənədlərin hansı qaydada təqdim edilməli olduğunu tənzimləyir. Mülki Prosessual Məcəllədə tərəflərin bir-birinə göndərdiyi sənədlərin elektron poçt vasitəsilə elektron formada göndərilməsini qadağan edən norma yoxdur. Hətta MPM-nin 135-ci maddəsinə edilmiş dəyişikliyə görə artıq məhkəmə sənədlərinin də tərəflərə və nümayəndələrə “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə çatdırılması mümkündür. Lakin birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, sənəd göndərilmiş elektron poçt ünvanının həqiqətən cavabdehə məxsus poçt ünvanı olduğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Birinci instansiya məhkəməsi məhkəmə iddiaçıya bu barədə sübutlar təqdim etməyi təklif etməli, əgər həmin ünvanın həqiqətən cavabdehə aid olduğu təsdiq edilərsə iddia ərizəsinin çatdırıldığı qəbul edilməlidir. Bundan əlavə məhkəmə kollegiyası hesab edir ki, xarici elementli mübahisələr üzrə ilk növbədə mübahisəyə Azərbaycan Respublikası məhkəməsi tərəfindən baxılmalı olub-olmadığına hüquqi qiymət verilməlidir. Tərələr arasında bağlanmış xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsində həmin müqavilədən irəli gələn mübahisəyə Azərbaycan Respublikası tərəfindən baxılması nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 440.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri mülki və kommersiya mübahisələri üzrə beynəlxalq səlahiyyətə bu şərtlə malikdirlər ki, işdə iştirak edən şəxslərdən hər hansı biri xarici şəxs olsun, onun Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və adətən gəldiyi yer olsun. Eyni zamanda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 443-cü maddəsində hansı hallarda Azərbaycan Respublikasının məhkəmələrinin xarici şəxslərin iştirakı ilə olan işlərə baxmağa haqlı olduğu nəzərdə tutulmuşdur. Bu hallara iş üzrə birgə iddiaçılardan və ya birgə cavabdehlərdən hər hansı birinin Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və yaxud adətən gəldiyi yerin olması, xarici şəxslərin idarəçilik orqanı, filialı və ya nümayəndəliyinin Azərbaycan Respublikasının ərazisində olması, cavabdehin Azərbaycan Respublikasının ərazisində əmlaka malik olması, iddianın icrası tamamilə və ya qismən Azərbaycan Respublikasının ərazisində həyata keçirilməli olan və ya həyata keçirilmiş müqavilədən irəli gəlməsi və s. aiddir. Cavabdeh Çin Respublikasının “Cavabdeh” şirkətinin Azərbaycan Respublikasında hər hansı filialı və nümayəndəliyi, əmlakı olması barədə işdə sübut mövcud deyil. İddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı tərəflər arasında bağlanmış alqısatqı müqaviləsinə əsasən cavabdehin sifarişi ilə Türkiyə Respublikasına göndərilmiş malların dəyərinin tutulmasını tələb edir. Deməli müqavilənin icra yeri Azərbaycan Respublikası olmamışdır. Belə olan halda bu mübahisəyə hansı əsasla Azərbaycan Respublikası məhkəməsi tərəfindən baxılmalı olub-olmadığı iddiaçının iştirakı təmin edilməklə araşdırılmalı, əgər mübahisəyə Azərbaycan Respublikası məhkəməsi tərəfindən baxılmalı deyilsə MPM-nin 153.2.1-cü və ya 260.0.1-ci maddəsi tətbiq edilməklə müvafiq qərardad qəbul edilməlidir. Məhkəmə göstərilənlərə əsasən hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, e-2-2(113)-4053/2020 saylı qərardadı ləğv edilməli, iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 369, 400 və 405-ci maddələrini rəhbər tutaraq, qərаrа аldı: İddiaçı şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, e-2-2(113)-4053/2020 saylı qərardadı ləğv edilsin. İş birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar