Məhkəmə qərarları › İş №2-2(103)-276/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-276/2023

28.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Tapşırıq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-276/2023 28.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı Cavabdehnə qarşı “xidmət müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X2 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4722/2022 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh MTK tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ

1. İcraçı İddiaçı MMC ilə sifarişçi Cavabdeh MTK arasında xx.xx.2022-ci il tarixli XM 02/2022 saylı xidmətlərin göstərilməsinə dair müqavilə bağlanmışdır. Müqaviləyə görə icraçı sifarişçinin verdiyi tapşırıq əsasında müvafiq obyektin (ərazinin) 3D skanerlə çəkilməsi, onların elektron və /və ya çap variantının hazırlanması və sifarişçiyə təqdim olunması, bununla əlaqədar digər xidmətləri yerinə yetirməyi, sifarişçi isə müvafiq qaydada razılaşdırılan xidmətlərin dəyərinin ödənilməsini öz öhdəsinə götürmüşdür.

2. Tərəflər arasında imzalanmış 1 №-li sifarişə əsasən Bakı şəhəri, Nizami rayonu, Azər Manafov, Kamil Balakişiyev, Əlif Hacıyev və X7 küçələrinin əhatə etdiyi, sahəsi 2,38 hektar olan ərazidə ərazinin 3D skan olunması, əldə olunan 3D məlumatların reqistrasiya olunması, ərazinin 2D planının hazırlanması sifariş olunmuş, xidmətlərin təhvil-qəbulunun xx.xx.2022-ci il tarixədək həyata keçirilməsi razılaşdırılmışdır.

Birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı MMC Cavabdeh MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 10900 manat pulun, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 200 manat pulun, vəkilin göstərdiyi hüquqi yardıma görə xərcin əvəzi olaraq 150 manat pulun və 5000 manat dəymiş maddi ziyanın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı bildirir ki, tərəflər arasında olan razılaşmaya əsasən müqavilə üzrə göstərilən xidmətlərin nəticəsi Cavabdeh MTK tərəfindən Azərbaycan Respublikası Ekologiya Nazirliyinə təqdim olunan sənədlərlə birlikdə verilməli idi. Məsələnin təcililiyini nəzərə alaraq, İddiaçı MMC avans ödənişinin köçürülməsini gözləməyərək (ortaq tanışların xahişi ilə) müqavilədə nəzərdə tutulan xidmətləri yerinə yetirmişdir. Xidmətlərin nəticəsi İddiaçı MMC, Cavabdeh MTK və Azərbaycan Respublikası Ekologiya Nazirliyinin nümayəndələrinin arasında keçirilmiş görüşdə də müzakirə olunmuşdur. xx.xx.2022-ci ildə İddiaçı MMC avansın alınması üçün Cavabdeh MTK-yə müraciət etmiş, lakin Cavabdeh MTK həmin ödənişin təhvil-qəbul proseduru yekunlaşdırıldıqdan sonra aparılacağını bildirmişdir. İddiaçı MMC-nin xx.xx.2022-ci il tarixli məktubu ilə xidmətlərin nəticəsinin avans ödənişi köçürüldükdən sonra təqdim olunacağını təsdiqlənmişdir. xx.xx.2022-ci il tarixdə işlərin nəticələrinin təqdim olunması üçün cavabdeh iddiaçının ofisinə dəvət olunmuş, lakin Cavabdeh MTK-nin nümayəndəsi ofisə gəlməmiş və bununla bağlı xx.xx.2022-ci il tarixdə akt tərtib edilmişdir. Dəfələrlə cavabdehdən müqavilə üzrə öhdəliklərinin icrası və göstərilmiş xidmətlərə görə yazılı və şifahi formada pulun ödənilməsi tələb olunsa da, cavabdeh hər dəfə müxtəlif bəhanələrlə ödəniş etməkdən imtina etmişdir. Cavabdeh MTK ilə mediasiya proseduru zamanı bu məsələni qarşılıqlı razılığı ilə həll etmək mümkün olmamışdır. İmzalanmış müqavilənin müddəalarına baxmayaraq, Cavabdeh MTK-nin direktoru Namizəd Kərimov mediator tərəfindən təşkil edilmiş görüşdə göstərilmiş xidmətlərə görə təxmini 1000-2000 AZN ödəməyə hazır olduğunu bildirmişdir. Halbuki, bu müqavilə şərtləri ilə tamamilə ziddiyyət təşkil edir. İddiaçı MMC tərəfindən öz üzərinə götürülmüş bütün öhdəliklər icra olunmuş və müqavilənin icrası prosesində yaranmış mübahisənin həlli üçün mümkün olan bütün tədbirlər həyata keçirilmişdir. Hal-hazıradək cavabdeh xidmət müqaviləsinin tələblərini kobud pozaraq, 10900 manatın pulun İddiaçı MMC-yə ödənilməsi təmin edilməmişdir.

5. Cavabdehin nümayəndəsi iddiaya etiraz edir və bildirir ki, işlərin nəticəsi cavabdehə təqdim olunmamışdır.

6. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-4722/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 08 iyun 2022-ci il tarixli xidmətlərin göstərilməsinə dair müqavilə üzrə 9700 (doqquz min yeddi yüz) manat pulun Cavabdehndən tutularaq İddiaçınə ödənilməsi, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 122 (yüz iyirmi iki) manat, vəkilin göstərdiyi hüquqi yardıma görə xərcin əvəzi olaraq 150 (yüz əlli) manat pulun Cavabdehndən tutularaq İddiaçınə ödənilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

7. Cavabdeh MTK apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı müqavilə üzrə görəcəyi işləri cavabdehin səlahiyyətli nümayəndəsinə təqdim etməyib. İddiaçının cavabdehə deyil, onun səlahiyyətli nümayəndəsi olmayan şəxsə və şəxslərə mesaj göndərməsi öhdəliyin icrası və təqdim edilməsi hesab oluna bilməz.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.

TƏTBİQ EDİLƏN HÜQUQ

11. Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinin tələblərinə görə mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir.

12. Mülki Məcəllənin 11.1-ci maddəsinə görə mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).

13. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

14. Həmin Məcəllənin 770-ci maddəsinə əsasən əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

15. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini və iddianın qismən təmin olunduğunu, lakin iddiaçı tərəfindən apellyasiya şikayəti verilmədiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız iddianın qismən təmin olunmuş hissəsində yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

16. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya baxışının həddində iddia əsaslıdır.

17. Belə ki, tərəflər arasında xx.xx.2022-ci il tarixli XM 02/2022 saylı xidmətlərin göstərilməsinə dair müqavilə bağlanılması işin mübahisəsiz halını təşkil edir.

18. Lakin mülki qanunvericilikdə xidmət müqaviləsi münasibətlərini tənzimləyən hər hansı müddəa mövcud deyil.

19. Ona görə də kollegiya hesab edir ki, Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsi və Mülki Məcəllənin 11.1-ci maddəsinin tələbləri nəzərə alınmadan iş üzrə nəticəyə gəlmək düzgün deyildir.

20. Qeyd olunanlara əsaslanaraq və işin hallarını nəzərə alaraq kollegiya hesab edir ki, hazırki mübahisə Mülki Məcəllənin podrat müqaviləsinə aid müddəalarının qaydalarına uyğun araşdırılmalıdır.

21. Bu əsaslarla iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 752.1-ci maddəsi təşkil edir.

22. Hazırki işdə də qeyd olunan maddənin dispozisiya şərtləri mövcuddur.

23. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli hesab-fakturadan görünür ki, 12862 (10900 manat+1962 manat ƏDV) manatın ödənilməsi üçün İddiaçı MMC tərəfindən Cavabdeh MTK-ya hesab-faktura (invoice) təqdim olunmuşdur.

24. xx.xx.2022-ci il tarixdə İddiaçı MMC Cavabdeh MTK-ya müraciət edərək xidmətlərin dəyərinin 10 gün ərzində ödənilməsini tələb etmiş, xx.xx.2022-ci il tarixli cavab məktubunda Cavabdeh MTK işlər barədə onlara məlumat verilmədiyini, icra olunmamış işlərin tamamlanmasını xahiş etdiklərini, buna baxmayaraq görülmüş işləri onlarla müzakirə etməkdənsə ETSN idarəsində müzakirə etdiklərini, layihəni idarəyə İddiaçı MMC-nin yox, Cavabdeh MTK-nın təqdim etməli olduğunu qeyd etmiş, xx.xx.2022-ci il tarixli məktubda İddiaçı MMC qeyd etmişdir ki, Cavabdeh MTK öhdəliyini (xidmətlərin dəyərinin avans olaraq ödənilməsi) yerinə yetirdikdən sonra, işlərin nəticəsi təqdim olunacaqdır.

25. İddiaçı MMC-nin direktoru və işçiləri tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, yerinə yetirilmiş işlərin nəticəsini təqdim etmək üçün dəvət olunan Cavabdeh MTK-nın nümayəndələri görüşdə iştirak etməmişlər.

26. Elektron poçtdan çıxarışdan görünür ki, xx.xx.2022-ci il tarixdə Elektron ünvan 1 elektron poçt ünvanından Elektron ünvan 2 elektron poçt ünvanına mövzu (subject) “ərazinin 3D turu” qeyd edilməklə link göndərilmişdir.

27. Cavabdeh MTK-nın xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Cavabdeh MTK-nın blankında elektron poçt ünvanı (email) kimi Elektron ünvan 2 ünvanı qeyd olunmuşdur.

28. Azərbaycan Memarlıq və İnşaat Universitetindən mütəxəssis qismində birinci instansiya məhkəməsinə dəvət olunan X3 və X1 iştirakı ilə məhkəmə iclasında Elektron ünvan 1 elektron poçt ünvanına baxış keçirilərək müəyyən olunmuşdur ki, xx.xx.2022-ci il tarixdə Elektron ünvan 2 ünvanına link göndərilmişdir. Qeyd olunan linkə baxış keçirən mütəxəssislər məhkəməyə bildirmişlər ki, link vasitəsilə təqdim olunan məlumatlar Bakı şəhəri, Nizami rayonu, Azər Manafov, Kamil Balakişiyev, Əlif Hacıyev və X7 küçələrinin əhatə etdiyi, sahəsi 2.38 hektar olan ərazinin 3D skan olunması və əldə olunan 3D məlumatların reqistrasiya olunması işlərinin nəticəsini əks etdirir. Belə ki, əldə olunan 3D məlumatların reqistrasiya olunması nəticəsində ərazinin 3D skan olunması həyata keçirilir. Yəni, ilk növbədə əldə olunan 3D məlumatların reqistrasiya olunur və onun əsasında ərazinin 3D skanı hazırlanır. Link vasitəsi ilə təqdim olunan ərazinin 3D skanı əldə olunan 3D məlumatların reqistrasiya olunduğunu və ərazinin 3D skan olunduğunu təsdiq edir. Eyni zamanda bildirmişlər ki, ərazinin 3D skanı və 2D planı birlikdə və ayrı-ayrılıqda fərqli məqsədlər üçün istifadə oluna bilər.

29. Cavabdeh MTK-nın möhürü ilə təsdiq olunmuş xx.xx.2022-ci il tarixli məktubun əks olunduğu blankda Cavabdeh MTK-nın elektron poçt ünvanı Elektron ünvan 2 qeyd olunmuşdur. Mütəxəssislərin iştirakı ilə Elektron ünvan 1 elektron poçt ünvanına baxış keçirilərək müəyyən olunmuşdur ki, xx.xx.2022-ci il tarixdə Elektron ünvan 2 ünvanına link göndərilmiş, həmin linkdə olan məlumatlar sifarişdə qeyd olunan ərazinin 3D skanını əks etdirir.

30. Beləliklə, tərəflər arasında xidmətlərin göstərilməsinə dair müqavilə imzalanmış, xidmətlərin ümumi dəyəri 10900 manat (ƏDV-siz) müəyyən olunmuş, 1 №-li Sifarişə əsasən Bakı şəhəri, Nizami rayonu, Azər Manafov, Kamil Balakişiyev, Əlif Hacıyev və X7 küçələrinin əhatə etdiyi, sahəsi 2,38 hektar olan ərazidə ərazinin 3D skan olunması, əldə olunan 3D məlumatların reqistrasiya olunması, ərazinin 2D planının hazırlanması sifariş olunmuş, xidmətlərin təhvil-qəbulunun xx.xx.2022-ci il tarixədək həyata keçirilməsi razılaşdırılmış, xx.xx.2022-ci il tarixdə cavabdehin blankında qeyd etdiyi rəsmi elektron poçt ünvanına ərazinin 3D skanı link şəklində göndərilmiş, təqdim olunmuş linkdə olan məlumatlar sifarişdə qeyd olunan ərazinin 3D skan olunması və əldə olunan 3D məlumatların reqistrasiya olunması işlərinin nəticəsini əks etdirmişdir.

31. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı ərazinin 3D skan olunması və əldə olunan 3D məlumatların reqistrasiya olunması xidmətlərinin dəyərini təşkil edən 9700 manat məbləğində xidmət haqqının cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır (iddianın təmin olunmayan hissəsi hazırki apellyasiya baxışının predmeti deyildir).

32. Apellyasiya şikayətinin dəlilləri isə əsassızdır. Belə ki, yuxarıda qeyd olunan sübutlarla təsdiq olunur ki, iddiaçı tərəfindən görülmüş işlərin təhvil verilməsi ilə bağlı zəruri hərəkətlər edilmiş, cavabdeh isə işlərin qəbulu ilə bağlı hərəkətsizlik etmişdir. Mülki Məcəllənin 770-ci maddəsində də təsbit edilmişdir ki, əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır.

33. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

34. Həmçinin mübahisələndirilən hissədə iddianın qiymətinin on min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz.

35. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i:

Cavabdeh MTK tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4722/2022 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnaməsi iddianın qismən təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov

Hakimlər: Vüsalə Baxışova

Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar