Məhkəmə qərarları › İş №2-2(103)-277/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-277/2022

04.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-277/2022 04.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi, iddiaçı Nümayəndə1 və onun nümayəndəsi X1 iştirakı ilə Cavabdeh MMC-yə qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4512/2021 nömrəli iş üzrə 30 noyabr 2021-ci il tarixli qətnaməsindən cavabdehin apellyasiyasına şikayətinə əsasən kommersiya mübahisəsinə аçıq məhkəmə iclаsındа bаxаrаq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, cavabdehdən 15.800 manat məbləğdə borcun (xidmət haqqı) və 30,4 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 30.11.2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Qətnamə ilə razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, cavabdeh məhkəməyə verilməsindən, məhkəmənin keçirilməsindən, belə bir qətnamənin olmasından xəbərsiz olmuşdur. Cavabdeh 17.01.2022-ci il tarixdə məhkəmənin elektron sisteminə daxil olarkən təsadüfən belə bir qətnamənin çıxarıldığını öyrənmişdir. Cavabdehə məhkəmənin olması barədə məlumat gəlməmişdir. Məhkəmə qətnamə çıxararkən tərəflər arasında bağlanmış 27.03.2019-cu il tarixli KTTX 27/0419 nömrəli xidmət müqaviləsinin 2.2-ci, 5.1-ci maddələrinə əhəmiyyət verməmiş, tərəflərin müqavilə şərtlərinə məhəl qoymamış, qiymət verməmişdir. Müqavilənin 2.2-ci bəndinə əsasən tərəflər hər biri xidmət göstərən hər texnika üçün ayrıca gündəlik xidmət cədvəli tərtib edir və həmin cədvəl texnikanın faktiki işlədiyi günləri, saatları göstərilən xidmətləri və digər göstəriciləri təsdiq edən və İcraçı ilə Sifarişçi arasında bu Müqavilənin tələblərinə əsasən hesablaşmaların aparılması üçün əsas sənəd hesab edilir. Müqavilənin 5.1-ci bəndinə əsasən işlərin təhvil verilməsi hər iki tərəfdən ən azı 2 nəfər səlahiyyətli şəxsin imzası ilə və Tərəflərin möhürləri ilə təsdiq edilən yekun təhviltəslim aktına əsasən həyata keçirilir. İddiaçı məhkəməyə müqavilənin 2.2 və 5.1-ci bəndlərinə uyğun sənədləri təqdim etməmiş və məhkəmə buna münasibət bildirməmiş, qiymət verməmişdir. Məhkəmə işə birtərəfli, tərəflərin çəkişmə prinsipinə riayət etmədən, işi tam, ətraflı, obyektiv araşdırmadan tez-tələsik əsassız qətnamə çıxarmışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, dəlillər əsassızdır. İşdən müəyyən edilir ki, tərəflər arasında 27.03.2019-cu il tarixdə KTTX/0419 nömrəli Xidmət müqaviləsi bağlanmışdır. Müddəti 31.12.2020-ci il tarixədək olan müqaviləyə əsasən icraçı (iddiaçı) özünə məxsus “Howo” markalı **-XV-*** dövlət qeydiyyat nişanlı betonqarışdıran texnika ilə sifarişçinin verdiyi sifarişlər əsasında nəqliyyat xidmətlərini icra etməyi, sifarişçi isə icraçının gördüyü işlərin haqqını ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.1-ci bəndinə görə, hər bir texnika ilə aylıq xidmət haqqı vergilər daxil 4.500 manat təşkil edir. Müqavilənin 2.4-cü bəndinə əsasən, xidmətlərin təhvil-təslim aktı imzalanıb möhürləndikdən sonra 7 iş günü ərzində icraçı sifarişçiyə əvvəlki ay üçün hesab-faktura tərtib edir. Sifarişçi həmin sənədi qəbul etdikdən sonra icraçıya ödəniş edir. İddiaçının cavabdehə təqdim etdiyi 21 ədəd elektron qaiməyə əsasən 16.05.2019- 21.12.2020-ci il tarixləri arasında iddiaçı tərəfindən KTTX/0419 nömrəli müqavilə üzrə cavabdehə cəmi 119.550 manat dəyərində xidmətlər göstərilmişdir. İşdə olan 12 ədəd mədaxil orderləri və ödəniş tapşırıqlarına görə, cavabdeh tərəfindən iddiaçıya cəmi 103.750 manat məbləğdə pul ödənilmişdir. 31.08.2020-ci il tarixli 17 nömrəli Xidmətlərin təhvil-təslimi aktı ilə 2020-ci ilin avqust ayı ərzində, 30.09.2020-ci il tarixli 18 nömrəli Xidmətlərin təhvil-təslimi aktı ilə 2020-ci ilin sentyabr ayı ərzində, 31.10.2020-ci il tarixli 19 nömrəli Xidmətlərin təhvil-təslimi aktı ilə 2020-ci ilin oktyabr ayı ərzində, 30.11.2020-ci il tarixli 20 nömrəli Xidmətlərin təhvil-təslimi aktı ilə 2020-ci ilin noyabr ayı ərzində 27.03.2019-cu il tarixli KTTX 27/0419 nömrəli müqaviləyə əsasən hər ay üzrə 4.500 manat məbləğdə işlərin tam təmin edildiyi cavabdehin direktoru M.İsgəndərovun imzası və möhürü, habelə iddiaçının imzası ilə təsdiq edilmiş, həmin aktlara əsasən iddiaçı tərəfindən cavabdehə ödənilməsi üçün müvafiq olaraq EBAP 829074 nömrəli 10.09.2020-ci il tarixli, EBAR 378753 nömrəli 16.10.2020-ci il tarixli, EBAS 409975 nömrəli 11.11.2020-ci il tarixli və EBAV 184361 nömrəli 21.12.2020-ci il tarixli elektron qaimələr təqdim edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür; Maddə 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14.03.2017-ci il tarixli 89 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.9-cu bəndinə görə, ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaiməfaktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur. İşin müəyyən olunmuş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında bağlanmış xidmət müqaviləsi mahiyyətcə podrat müqaviləsidir, həmin müqaviləyə əsasən iddiaçının (podratçının) icra etdiyi işin əvəzi olaraq razılaşdırılmış muzdun ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh (sifarişçi) müqavilə üzrə yaranmış borcunu ona ödəməlidir. Cavabdehin apellyasiya şikayətindən görünür ki, onun ilk dəlili məhkəmə iclasları barədə məlumatlandırılmaması barədədir və bu dəlil iş materialları ilə təkzib olunur. Belə ki, işin 9, 13, 17 və 47-ci vərəqlərində olan poçt göndərişinin verilməsi haqqında xəbərnamələrə əsasən məhkəmə iclaslarının vaxtı barədə bildirişlər cavabdehin hüquqi ünvanı ünvan 1. Əgər cavabdehin faktiki fəaliyyət göstərdiyi ünvan ilə rəsmi qeydiyyata alındığı ünvan fərqlidirsə, bundan irəli gələn məsuliyyət də məhz ona aiddir. Şikayətin işlərin görülməsini təsdiq edən yekun təhvil-təslim aktlarının təqdim edilməməsi barədə dəlili də əsassızdır. Belə ki, işdə olan 2020-ci ilin avqust-noyabr aylarında görülmüş işlərin təhvil-təslim aktları mövcuddur, digər aylara dair təhvil-təslim aktlarının təqdim edilməməsi isə özlüyündə həmin aylarda işlərin görülməməsi demək deyil. Bu mənada, məhkəmə kollegiyası dəlilləri formal olan şikayətlə bütövlükdə razılaşmır. Belə ki, iddiaçı 27.03.2019-cu il tarixdə KTTX/0419 nömrəli müqavilə üzrə cəmi 119.550 manat dəyərində xidmət göstərdiyini, bunun müqabilində cavabdehin cəmi 103.750 manat məbləğdə pul ödədiyini, 15.800 manat borcunun qaldığını irəli sürür, cavabdeh tərəflər arasında xidmət müqaviləsinin bağlandığını, müqavilənin qanuniliyini, iddiaçı ilə aralarında müqavilədən irəli gələn öhdəlik hüquq münasibətlərinin yarandığını, iddiaçı tərəfindən işlərin görüldüyünü, özünün müqavilə öhdəliklərini lazımi qaydada yerinə yetirmədiyini, müqavilə üzrə iddiaçıya borcunun yarandığını və borcunun məbləğini mübahisə etmir. Cavabdehin müqavilə üzrə iddiaçıya borcunun yaranması və həmin borcun məbləği tərəflər arasında KTTX/0419 nömrəli müqavilənin bağlanması, iddiaçının ona təqdim etdiyi və 5 gün ərzində etiraz etmədiyi üçün qüvvəyə minən elektron qaimələr, müqavilə üzrə göstərilmiş cəmi 119.550 manat dəyərdə xidmətlərə görə iddiaçıya ödədiyi 103.750 manat məbləğdə pul və xidmətlərin təhvil-təslimi aktları ilə təsdiqini tapır. MPM-in: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, dəlillər qətnamənin ləğvinə əsas vermir. Bununla bağlı olaraq, qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir (MPM-in 384.0.1-ci maddəsi). Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4512/2021 nömrəli iş üzrə 30 noyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətdə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar