Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-277/2023 15.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı alqı satqı müqaviləsi üzrə pul tələbinə dair Açar söz: alqı-satqı müqaviləsi üzrə pulun tutulması Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı alqı-satq müqaviləsi üzrə borcun tutulması tələbinə dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2- 2(113)-4031/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları
1. xx.xx.2019-cu il tarixli, 274 nömrəli İddiaçı ilə Cavabdeh arasında bağlanmış alqısatqı müqaviləsindən görünür ki, müqaviləyə 1 saylı əlavə olan Spesifikasiya aktında adları qeyd olunan malları satıcı satmağı, alıcı isə onu qəbul edib, razılaşdırılmış qiymətdə və razılaşdırılmış müddətdə dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür.
2. xx.xx.2019-cu il tarixli, 297 nömrəli İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış alqı-satqı müqaviləsindən görünür ki, müqaviləyə 1 saylı əlavə olan Spesifikasiya aktında adları qeyd olunan malları satıcı satmağı, alıcı isə onu qəbul edib, razılaşdırılmış qiymətdə və razılaşdırılmış müddətdə dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür.
3. xx.xx.2020-ci il tarixli EBAJ seriyalı 780518 nömrəli, xx.xx.2020-ci il tarixli EBAL seriyalı 931440 nömrəli, xx.xx.2020-ci il tarixli EBAN seriyalı 368983 nömrəli, xx.xx.2020ci il tarixli EBAQ seriyalı 301082 nömrəli elektron qaimələrdən görünür ki, İddiaçı "xxxx" MMC-yə ümumilikdə ƏDV daxil 87247,6 manat məbləğində mallar satmışdır.
4. 24 avqust 2020-ci, 20 may 2020-ci və 18 may 2020-ci il, 30 dekabr 2021-ci il, 31 may 2021-ci il, 05 may 2021-ci il və 25 fevral 2021-ci il tarixli ödəniş tapşırıqlarından görünür ki, "xxxx" MMC alınan mallara görə İddiaçınə ümumilikdə 73938,64 manat məbləğində pul ödəmişdir.
5. 29 mart 2021-ci il tarixli üzləşmə aktından görünür ki, İddiaçı debitor borcu 26283,37 manat olmaqla kreditor Cavabdeh göstərilsə də, profil bəndində tikinti sözündən sonra mötərizədə "xxxx" sözləri yazılmışdır.
Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh yaranmış 20396,62 manat əsas borcun və mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 200 manat pul vəsaitinin tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 274№-li inşaat materiallarının alqı-satqısı müqaviləsinin 1.1-ci bəndinə əsasən, müqaviləyə 1 saylı əlavə olan Spesifikasiya aktında adları qeyd olunan malları satıcı satmağı, alıcı isə onu qəbul edib, razılaşdırılmış qiymətdə və razılaşdırılmış müddətdə dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. Alqı-satqı münasibətlərinin yekununda yekun dövriyyənin və müştərinin qalıq debitor borcunun müəyyənləşdirilməsi məqsədilə Cavabdeh və iddiaçının səlahiyyətli nümayəndələrinin iştirakı ilə üzləşdirmə aktı tərtib edilmişdir. xx.xx.2021-ci il tarixli “üzləşdirmə aktı”na əsasən, Cavabdeh İddiaçı MMC-ə 26283,37 manat məbləğində qalıq borcunun olduğu müəyyən edilib və tərəflərin imzası ilə təsdiqlənib. Bundan sonra cavabdeh tərəfindən müəssisəyə ümumilikdə 5886,75 manat ödəniş edilmiş və 20396,62 manat məbləğində qalıq borcu qalmışdır. Müqavilənin 8.1-ci maddəsinə uyğun olaraq məsələni həll etmək məqsədilə dəfələrlə tərəfimizdən borcun ödənilməsi ilə bağlı cavabdehə şifahi və yazılı xəbərdarlıqlar edilmişdir. xx.xx.2022-ci il tarixində tərəfimizdən cavabdehin ünvanına rəsmi qaydada pretenziya məktubu göndərilərək qalıq borcun ödənilməsi tələb olunsa da, münasibətlərin qaydaya salınması məqsədilə heç bir addım atılmamışdır. Beləliklə iddiaçı tərəfindən müqavilə üzrə öhdəliklər tamamilə icra olunsa da, cavabdeh öz üzərinə götürdüyü öhdəliklərini bu günə kimi yerinə yetirməmişdir. Belə ki, Cavabdehmüəssisədən aldığı malların dəyərini tam ödəməmiş və nəticədə İddiaçı MMC-ə 20396,62 manat məbləğində icra olunmamış borc öhdəliyi qalmışdır.
8. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməyərək etiraza uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, 05 sentyabr 2019-cu il tarixdə İddiaçı MMC ilə fiziki şəxs kimi (VÖEN:**********) müqavilə bağlanmış, sonra isə partnyor şirkətin tələbi ilə həmin ildə "xxxx" MMC (VÖEN:**********) yaradılmış və İddiaçı MMC ilə 23 sentyabr 2019-cu il tarixdə "xxxx" MMC bağlanmış müqaviləni direktor kimi imzalamış və malların alqı-satqısı yalnız "xxxx" MMC ilə bağlı olmuş, elektron qaimələr də məhz həmin hüquqi şəxslə bağlı olmuş, fiziki şəxs kimi (VÖEN:**********) İddiaçı MMC ilə malların alğısatqısı münasibəti ümumiyyətlə olmamış, 29 mart 2021-ci il tarixli üzləşmə aktından göründüyü kimi profil bəndində tikinti sözündən sonra mötərizədə Agat Group sözünün yazılması, həmin borcun məhz MMC-yə (VÖEN:**********) aid olduğunu, həmin aktı "xxxx" MMC-nin direktoru kimi imzaladığını bildirərək, fiziki şəxs kimi ********** nömrəli VÖEN-lə bağlı tələbin rədd edilməsini məhkəmədən xahiş etmişdir.
9. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-4031/2022 saylı qətnaməsi ilə (hakim Emin Əliyev) iddia tələbi rədd edilmişdir.
10. Məhkəmə tədqiq edilən sübutlara əsasən hesab etmişdir ki, alqı-satqı müqaviləsi İddiaçı ilə hüquqi şəxs "xxxx" MMC ilə bağlandığından müqavilə üzrə borcun tutulması Cavabdeh tələb edilə bilməz.
11. Məhkəmə qeyd etmişdir ki, iddiaçının istinad etdiyi və məhkəməyə təqdim etdiyi Cavabdeh borcunun olmasını təsdiq edən 29 mart 2021-ci il tarixli üzləşmə aktı ilə bağlı məhkəmə qeyd etmişdir ki, 26283,37 manat borcla bağlı kreditor Cavabdeh göstərilsə də, profil bəndində Agat Group sözlərin yazılması həmin borcun Cavabdeh (VÖEN:**********) deyil, "xxxx" MMC-yə (VÖEN:**********) aid olduğunu göstərir.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
12. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-4031/2022 saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, borcun mövcudluğu ilə bağlı birinci instansiya məhkəməsinə xx.xx.2021-ci il tarixli üzləşdirmə aktı təqdim edilmiş və həmin aktla Cavabdeh İddiaçı MMC-yə 26.283,37 manat məbləğində qalıq borcunun olduğunu təsdiq etmişdir. Sözügedən üzləşdirmə aktına nəzər yetirdikdə aktın yuxarı hissəsində “müştərinin adı” qrafasında "xxxx" MMC yox, Cavabdeh qeyd olunmuşdur. Aktın aşağı hissəsində “imza” qrafasında “Abdullayev.R” sözləri və cavabdehin imzası qeyd olunmuş, şəxsin vəzifəsi və ya onu "xxxx" MMC ilə əlaqələndirən hər hansı qeyd göstərilməmişdir. Halbuki, şəxs Cəmiyyətin adından hər hansı sənədi imzaladıqda vəzifəsi qeyd olunmalı idi. Müştərinin məlumatları bölməsində yenə də "xxxx" MMC ilə yox, Cavabdeh şəxsi məlumatları – şəxsiyyət vəsiqəsinin seriya nömrəsi, ünvanı və əlaqə nömrəsi qeyd olunmuşdur. Aktın aşağı hissəsində “müştərinin profili” qrafasında mötərizədə "xxxx" sözlərinin yazılmasında məqsəd isə "xxxx" MMC-nin Cavabdeh məxsus olması və şəxsin ikinci ünvanı kimi qeyd etməkdir. Müştərilərlə hər cari il üzrə yekun akt imzalanır. O cümlədən Cavabdeh ilə də 2 dəfə - yəni 2020-ci ildə həm də 2021-ci ildə müvafiq alqı-satqı ili üzrə yekun üzləşdirmə aktı imzalanmışdır. İddiaçı məhkəməyə müraciət edərkən sonuncu aktı sübut qismində təqdim etmişdir. Sual olunur ki, əgər 2021ci ilin aktında ünvan qrafasında yazılan "xxxx" sözlərini məhkəmə hüquqi şəxsin borcu kimi qiymətləndirirdisə 2020-ci ilin aktına necə qiymət verəcəkdi? Yəni üzləşdirmə aktında yuxarıda sadalanan halların heç birini görməzdən gələrək təkcə ünvan məqsədilə yazılan şirkətin adını hüquqi şəxsin borcu kimi qiymətləndirirsə, o zaman 2020-ci il tarixli akt ilə bu əsaslandırma artıq öz qüvvəsini itirmiş olur. xx.xx.2021-ci il tarixli üzləşdirmə aktında Cavabdeh 26.283,37 manat məbləğində qalıq borcu müəyyən edilir. Lakin cavabdehin məhkəmə təqdim etdiyi ödəniş tapşırıqlarından görünür ki, "xxxx" MMC tərəfindən İddiaçı MMC-yə ümumilikdə 63.948,64 manat məbləğində pul ödənilmişdir. Üzləşdirmə aktının imzalandığı tarixdən sonra isə ödənilən pulun məbləği 30.001,92 manat təşkil edir. Sual olunur ki, əgər xx.xx.2021-ci il tarixli üzləşdirmə aktında göstərilən 26283,37 manat məbləğində borc Cavabdeh deyil, "xxxx" MMC-yə aid idisə o zaman niyə "xxxx" MMC-dən real borcdan artıq, yəni 30.001,92 manat ödəniş edilmişdir? Bu məsələyə aydınlıq gətirmək üçün qarşı tərəfə məhkəmə prosesində sual ünvanlanmış, lakin cavabdeh bunu heç cür açıqlaya bilməmişdir. Eyni zamanda məhkəmə də qətnamədə bu xüsusata qiymət verməmişdir. Təqdim edilən 01.01.18 və 31.12.22-ci il tarixli saldo sənədindən də görünür ki, "xxxx" MMC-nin üzləşdirmə aktının tarixinə İddiaçı MMC-yə 30.001,92 manat qalıq borcu olmuşdur.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdirlər.
15. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddə-öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddə-öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 43.1-ci maddə- hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. 49.2-ci maddə-hüquqi şəxs öz iştirakçıları, habelə təmsilçiləri vasitəsilə mülki hüquqlar əldə edə bilər və öhdəsinə mülki vəzifələr götürə bilər.
Əsaslandırıcı hissə
Apellyasiya baxışının hədləri
16. Qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən tam yoxlanılır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
17. Məhkəmə apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya xx.xx.2022-ci il tarixli e-2-2(113)-4031/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
18. Məhkəmə birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşır ki, İddiaçı ilə alqı-satqı müqaviləsi hüquqi şəxs "xxxx" MMC ilə bağlandığından və Cavabdeh həmin müqaviləni hüquqi şəxsin qanuni təmsilçisi kimi imzalayaraq hüquqi şəxsin möhürü ilə təsdiq etdiyindən hazırda öhdəlik münasibəti hüquqi şəxslər arasında yaranmışdır.
19. Məhkəmə bu qənaətə gələrkən eyni zamanda nəzərə alır ki, iddiaçıya müqavilə üzrə ödənişlər "xxxx" MMC-yə göndərilmiş elektron qaimələr üzrə hüquqi şəxsin hesabından ödənilmiş, Cavabdeh öz hesabından hər hansı ödəniş həyata keçirilməmişdir.
20. İşdəki üzləşmə aktı ilə ilə bağlı, məhkəmə birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşır ki, həmin akt Cavabdeh tərəfindən imzalansa da, aktda qeyd şərt kimi, borcun "xxxx" MMC-nin borcu üzrə tərtib edildiyi qeyd edildiyindən öhdəlik üzrə borclu kimi Cavabdeh qəbul edilə bilməz.
21. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya xx.xx.2022-ci il tarixli e-2-2(113)-4031/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
22. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:
İddiaçı MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-4031/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.