Məhkəmə qərarları › İş №2-2(103)-278/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-278/2024

10.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-278/2024 10.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X6 Əliyevanın sədrliyi və məruzəsi ilə, Təranə qızı Mahmudova və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının vəkili Vəkil iştirakı ilə, iddiaçının nümayəndəsi X4 iştirakı ilə, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-4532/2024 saylı qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İşin halları

1. İcraçı qismində İddiaçı MMC ilə sifarişçi qismində Cavabdeh MMC arasında xx.xx.2022-ci il tarixdə **********559 nömrəli xidmət alqı-satqısı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən bu müqaviləyə görə icraçı bu müqavilə ilə müəyyən olunmuş qaydada sifarişçinin yazılı sifarişi əsasında, bu müqaviləyə əlavə olunmuş və bu müqavilənin tərkib hissəsi hesab edilən 1 saylı Əlavədəki X1 müəyyən olunmuş xidmətlərin aparılması, sifarişçi isə xidmətləri qəbul edib əvəzində müəyyənləşdirilmiş məbləği ödəməyi öz öhdəsinə götürür.

2. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən X1 Xidmətlərin təsviri və qiyməti qeyd olunmalıdır.

3. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən müqavilə üzrə xidmət haqqı X2 uyğun olaraq hesablanır. İcraçı (X1 başqa şərtlər nəzərdə tutulmayıbsa) yerinə yetirilmiş xidmətlərə görə tərəflər arasında imzalanmış təhvil-təslim aktını təmin etdikdən sonra sifarişçiyə hesab-faktura və elektron qaimə-faktura təqdim edir. Sifarişçi (X1 başqa müddət göstərilməyibsə), ödənişi hesab-fakturanı aldığı tarixdən 30 təqvim günü ərzində həyata keçirir.

4. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən X1 qeyd olunan məbləğlərə Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulan hər hansı vergi və rüsumlar daxil deyildir.

5. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən hazırkı müqavilə əsasında aparılacaq bütün ödənişlər üzrə sifarişçinin öhdəliyi yalnız onun tərəfindən hesabfakturaları qəbul etdiyi tarixdən sonra gələn növbəti gündən etibarən yaranır. Təqdim ediləcək bütün hesab-fakturalar möhürlənməli və icraçının səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmalıdır.

6. Həmin müqavilənin 2.4-cü bəndinə əsasən icraçı bu müqaviləyə müvafiq olaraq ona ödənilən hər hansı məbləğin üzərinə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq qoyulan vergi və digər məcburi ödənişləri Azərbaycan Respublikası dövlət büdcəsinə ödəyir və buna görə məsuliyyət daşıyır.

7. Həmin müqavilənin 2.5-ci bəndinə əsasən bütün ödənişlər icraçının bu müqavilədə və ya hesabfakturada göstərilmiş bank hesabına köçürülür, sifarişçinin bankının komissiyaları sifarişçi tərəfindən, icraçının bankının komissiyaları icraçı tərəfindən ödənilir. Bütün ödənişlər Azərbaycan manatı ilə həyata keçirilir. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən xidmətlər sifarişçinin yazılı sifarişində qeyd edilmiş müddətdə icraçı tərəfindən yerinə yetirilməlidir.

8. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən xidmətlər bu müqavilə ilə müəyyən edilmiş müddətdən gecikdirildiyi hallarda icraçı hər ləngidilmiş təqvim həftəsi üçün 6.4 və 6.5-ci maddələrində göstərilmiş qaydada cərimə oluna bilər.

9. Həmin müqavilənin 6.1-ci bəndinə əsasən tərəflər bu müqavilə üzrə öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, məsuliyyət daşıyırlar və bununla qarşı tərəfə vurduqları zərərin əvəzini (vasitəli və ya dolayı zərər yaxud itki, əldən çıxmış fayda və ya gəlir, hasilat, məhsul itkisi istisna olmaqla) ödəməyə borcludurlar.

10. Həmin müqavilənin 6.2-ci bəndinə əsasən bu müqavilə icra edilənədək əmələ gəlmiş əsaslar üzrə üçüncü şəxslər xidmətlərin nəticələrini sifarişçidən geri aldıqda, icraçı, sifarişçinin həmin əsasların mövcudluğunu bildiyini sübuta yetirməsə, sifarişçiyə dəymiş zərərin əvəzini ödəməyə borcludur.

11. Həmin müqavilənin 6.3-cü bəndinə əsasən icraçı xidmətlərin keyfiyyətinə görə məsuliyyət daşıyır.

12. Həmin müqavilənin 6.4-cü bəndinə əsasən icraçı bu müqavilə ilə müəyyən olunmuş öhdəliyini bu müqavilədə nəzərdə tutulmuş müddətlərdə yerinə yetirməzsə, sifarişçi icranın gecikdirildiyi hər təqvim həftəsi üçün gecikdirilən xidmətlərin dəyərinin 0,1%-i məbləğində cərimənin ödənilməsini icraçıdan tələb edə bilər.

13. Həmin müqavilənin 6.5-ci bəndinə əsasən cərimənin ümumi məbləği gecikdirilən xidmətlərin dəyərinin 5%-dən çox ola bilməz. Cərimənin ümumi məbləği 5%-ə çatdıqda sifarişçi bu müqaviləni dərhal ləğv etmək hüququnu özündə saxlayır.

14. Həmin müqavilənin 6.6-cı bəndinə əsasən sifarişçi bu müqavilənin 2.1.-ci maddəsi ilə müəyyən olunmuş öhdəliyini bu müqavilədə nəzərdə tutulmuş müddətdə yerinə yetirməzsə, icraçı icranın gecikdirildiyi hər təqvim həftəsi üçün bu gecikdirilən ödənişin 0,1 %-i həddində cərimə ödənilməsini tələb edə bilər. Həmin müqavilənin 6.7-ci bəndinə əsasən cərimənin ümumi məbləği gecikdirilmiş ödənişin 5%-dən çox ola bilməz. Cərimənin məbləği 5%-ə çatdıqda icraçı bu müqaviləni ləğv etmək hüququna malikdir.

15. Həmin müqavilənin 6.8-ci bəndinə əsasən bu müqavilə ilə müəyyən olunmuş cərimələrin və vurulmuş hər hansı ziyanın ödənilməsi icraçını müqavilə üzrə öhdəliklərinin icra edilməsi öhdəliyindən azad etməyəcək.

16. Həmin müqavilənin 6.9-cu bəndinə əsasən icraçı xidmətlərin icrası zamanı öz işçilərinə dəyən zərərə görə məsuliyyət daşıyır və bu cür halların qarşısını almaq üçün bütün tədbirləri görməlidir.

17. İcarəyə verən qismində İddiaçı MMC ilə icarəçi qismində Cavabdeh MMC arasında xx.xx.2019-cu il tarixdə **********743 nömrəli icarə müqaviləsi bağlanmışdır.

18. Müqavilədə qeyd olunur ki, icarəyə verən icarəçi tərəfindən tələb olunan maşınmexanizmlərin, nəqliyyat vasitələrinin və s. avadanlıqların sahibidir və icarə obyektini icarəçiyə icarəyə vermək niyyətindədir, bu müqaviləyə əsasən icarəyə verən tərəfindən icarəçiyə veriləcək icarə obyektinin adı, siyahısı, təsviri, icarə müddəti və həmin icarə obyektinin icarə qiymətinin icarəçi tərəfindən verilən və icarəyə verən tərəfindən təsdiq edilən, bu müqaviləyə əlavə olunacaq Sifariş Orderində/Sifariş Orderlərində təsbit edildiyini nəzərə alaraq, tərəflər müqavilədə göstərilən şərtlərə dair birgə razılaşma əldə etmişlər.

19. Həmin müqavilənin: -1.1-ci bəndinə əsasən icarəyə verən icarə obyektini icarəçinin sifarişi əsasında icarəçiyə icarəyə verməyi, icarəçi isə müvafiq sifariş orderində/sifariş orderlərində göstərilən hesablanmış icarə haqqını müqavilənin şərtlərinə əsasən ödəməyi öhdəsinə götürür. -1.2-ci bəndinə əsasən icarəyə verən bu müqaviləyə əsasən icarə obyektini tam saz halda təhvil-təslim aktının tərtib edilməsi yolu ilə icarəçiyə təhvil verir və onun imzalandığı tarixdən etibarən icarə obyekti icarəçinin icarəsinə verilmiş hesab edilir. - 1.3-cü bəndinə əsasən icarəyə verən onun tərəfindən bu müqaviləyə əsasən icarəyə verilən icarə obyektinin tam saz vəziyyətdə olmasına dair zəmanət verir. İcarəyə verən zəmanət verir ki, heç bir üçüncü şəxsin, bu müqavilə üzrə icarəyə verilən icarə obyekti ilə əlaqədar olaraq heç bir hüququ və ya marağı mövcud deyil və həmin icarə obyekti icarəyə verənin icarə obyektidir. -1.4-cü bəndinə əsasən sifariş orderində/sifariş orderlərində göstərilən icarə müddətinin başa çatmasından sonra icarəçi sifariş orderində sifariş orderlərində göstərilən və bu müqavilə əsasında icarəyə götürdüyü icarə obyektini təbii köhnəlmə nəzərə alınmaqla saz vəziyyətdə icarəyə verənə təhvil-təslim aktı əsasında qaytarmağı öhəsinə götürür. -2.1-ci bəndinə əsasən bu müqaviləyə müvafiq olaraq icarəyə verən tərəfindən ay ərzində icarəçiyə icarəyə verilmiş icarə obyekti müqabilində icarəçi icarəyə verənə tərəflərlə imzalanan sifariş orderlərinə müvafiq olaraq hesablanmış icarə haqqı ödəyir. -2.2-ci bəndinə əsasən icarəyə verən hər ay bu müqavilənin 2.1-ci bəndinə uyğun olaraq icarə haqqı üçün hesab-fakturanı həmin ay başa çatdıqdan sonra 5 iş günü ərzində təqdim edir. Hər hesab-faktura tərəflərlə imzalanan təhvil-təslim aktı ilə müşayiət olunur. -2.3-ci bəndinə əsasən icarəçi icarəyə verənin hesab fakturalarının tam məbləğini, yaxud onun mübahisə edilməyən hissəsini, onların təqdim edildiyi tarixdən 30 təqvim günündən gec olmayaraq ödəməlidir. -2.4-cü bəndinə əsasən bütün ödənişlər icarəyə verənin bu müqavilədə və ya hesabfakturada göstərilmiş bank hesabına köçürülür. İcarəçinin bankının komissiyaları icarəçi tərəfindən, icarəyə verənin bankının komissiyaları icarəyə verən tərəfindən ödənilir. Bütün ödənişlər Azərbaycan manatı ilə ödənilir. - 5.2-ci bəndinə görə icarəyə verən bu müqavilə üzrə icarə obyektini tərəflər arasında razılaşdırılmış müddətlərdə və vaxtında təmin etməzsə,icarəçi icarə obyektinin gecikdirildiyi hər təqvim günü üçün gecikdirilən icarə obyektinin icarə haqqının 0,1%-i məbləğində cərimənin ödənilməsini icayə verəndən tələb edə bilər. -5.3-cü bəndinə əsasən cərimənin ümumi məbləği gecikdirilən icarə obyektinin icarə haqqının 5%-dən çox ola bilməz. Cərimənin ümumi məbləği %%-ə çatdıqda icarəçi bu müqaviləni dərhal ləğv etmək hüququnu özündə saxlayır.

20. xx.xx.2023-cü il tarixli Qarşılıqlı borcların üzləşdirilməsi aktından görünür ki, 31 iyul 2023-cü il tarixə Cavabdeh MMC-nin İddiaçı MMC-yə olan borcu 149156,13 manat (ƏDV daxil) təşkil edir. Sözügedən akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. Aktda xx.xx.2023-cü il tarixə qalıq məbləğin 142791,45 manat, xx.xx.2023- xx.xx.2023-cü il ərzində cəmi dövriyyənin 6364, 68 manat, xx.xx.2023-cü il tarixə cəmi qalıq borcun 149156,13 manat təşkil etdiyi göstərilir.

21. "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2023-cü il tarixli, AZ0010968 nömrəli çıxarışdan müəyyən edilir ki, İddiaçı MMC tərəfindən De Fendo Vəkil Bürosunun AZ79AİİB400600D**********105 nömrəli hesabına 1620 manat məbləğində (ödənişin təyinatı: EBDG seriyalı, 942891 nömrəli elektron qaimə) ödəniş edilmişdir.

22. "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2023-cü il tarixli, AZ0011037 nömrəli çıxarışdan müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Bakı 10 saylı Mediasiya Təşkilatının AZ34AİİB400600D**********107 nömrəli hesabına 615 manat məbləğində (ödənişin təyinatı: EBDG seriyalı, 942891 nömrəli elektron qaimə) ödəniş edilmişdir.

23. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış pretenziya məktubundan görünür ki, borc məbləğinin ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir.

24. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 30 avqust 2024-cü il tarixli 9/3173 saylı ekspert rəyinə əsasən İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, **********743 saylı icarə müqaviləsi üzrə İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə göndərilmiş hər elektron qaimə üzrə xx.xx.2023-cü il tarixə illik 15 %-lə hesablanmaqla ödənilməli əsas və faiz borcu ƏDV ilə 139.195,68 manat məbləğində müəyyən edilir. İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, **********743 saylı icarə müqaviləsi üzrə İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə göndərilmiş hər elektron qaimə üzrə xx.xx.2023-cü il tarixə illik 15 %-lə hesablanmaqla ödənilməli əsas və faiz borcu ƏDV-siz 117.962,44 manat məbləğində müəyyən edilir. İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, **********743 saylı icarə müqaviləsi üzrə İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə göndərilmiş hər elektron qaimə üzrə xx.xx.2023-cü il tarixə illik 5 %-lə hesablanmaqla ödənilməli əsas və faiz borcu ƏDV ilə 130.968,81 manat (əsas borc 126.855,37 və faiz borcu 4.113,44) məbləğində müəyyən edilir. İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, **********743 saylı icarə müqaviləsi üzrə İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə göndərilmiş hər elektron qaimə üzrə xx.xx.2023-cü il tarixə illik 5 %-lə hesablanmaqla ödənilməli ƏDV-siz əsas və faiz borcu 110.990,51 manat (107.504,55 manat əsas borc, 3485,96 manat faiz borcu) məbləğində müəyyən edilir. İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, **********559 saylı xidmət alqısatqı müqaviləsi üzrə İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə göndərilmiş hər elektron qaimə üzrə xx.xx.2023-cü il tarixə illik 15 %-lə hesablanmaqla ödənilməli əsas və faiz borcu ƏDV ilə 724,63 manat məbləğində müəyyən edilir. İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, **********59 saylı xidmət alqı-satqı müqaviləsi üzrə İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə göndərilmiş hər elektron qaimə üzrə xx.xx.2023-cü il tarixə illik 15 % ödənilməli ƏDV-siz əsas və faiz borcu 614,09 manat məbləğində müəyyən edilir. İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, **********559 saylı xidmət alqı-satqı müqaviləsi üzrə İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə göndərilmiş hər elektron qaimə üzrə xx.xx.2023-cü il tarixə illik 5 %-lə hesablanmaqla ƏDV ilə ödənilməli əsas və faiz borcu 679,72 manat məbləğində müəyyən edilir. İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, **********559 saylı xidmət alqı-satqı müqaviləsi üzrə İddiaçı MMC tərəfindən Cavabdeh MMC-ə göndərilmiş hər elektron qaimə üzrə xx.xx.2023-cü il tarixə illik 5 %-lə hesablanmaqla ödənilməli əsas və faiz borcu ƏDV-siz 576,03 manat (əsas borc 557 manat və faiz borcu 19,03 manat) məbləğində müəyyən edilir. İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, **********743 saylı icarə müqaviləsi üzrə İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə göndərilmiş hər elektron qaimə üzrə xx.xx.2023-cü il tarixə günlük 0,1 %-lə hesablanmaqla ödənilməli əsas və cərimə borcu ƏDV-ilə 156.472,11 manat məbləğində müəyyən edilir. İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, **********743 saylı icarə müqaviləsi üzrə İddiaçı MMC tərəfindən Cavabdeh MMCy-ə göndərilmiş hər elektron qaimə üzrə xx.xx.2023-cü il tarixə günlük 1 %-lə hesablanmaqla ödənilməli ƏDV-siz əsas və cərimə borcu 132.603,48 (cərimə borcu 25.098,93) manat məbləğində müəyyən edilir. İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, **********559 saylı xidmət alqı-satqı müqaviləsi üzrə İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə göndərilmiş hər elektron qaimə üzrə xx.xx.2023-cü il tarixə günlük 0,1 %-lə hesablanmaqla ödənilməli ƏDV-ilə əsas və cərimə borcu 818,95 manat məbləğində müəyyən edilir. İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, **********559 saylı xidmət alqı-satqı müqaviləsi üzrə İddiaçı MMC tərəfindən Cavabdeh MMC-ə göndərilmiş hər elektron qaimə üzrə xx.xx.2023-cü il tarixə günlük 1 %-lə hesablanmaqla ödənilməli ƏDV-siz əsas və cərimə borcu 694,02 (cərimə borcu 137,02) manat məbləğində müəyyən edilir.

Birinci instansiya məhkəməsində icraat

25. İddiaçı Cavabdeh Məhdud Məhdud Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən İddiaçı MMC-nin xeyrinə 149156 manat əsas borc, ödənişin gecikdirilməsinə görə 7458 manat faiz borcu, Mərkəzi Bankın müəyyən etdiyi 15% bank uçot dərəcəsinə uyğun olaraq 23492 manat, hüquqi xidmətlərə görə ödənilmiş 1600 manat, mediasiya xidmətinə və məhkəməyə müraciət etmək üçün dövlət rüsumuna görə 615 manat olmaqla, cəmi 182321 manat tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

26. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə cavabdeh arasında xx.xx.2019-cu il tarixli, **********743 saylı icarə müqaviləsi və xx.xx.2022-ci il tarixli, **********559 saylı xidmət alqı-satqı müqavilələri imzalanmışdır. xx.xx.2022 tarixli, **********559 saylı xidmət alqı-satqı müqaviləsinin 2.1-ci bəndinə görə sifarişçi ödənişi hesab-fakturanı aldığı tarixdən 30 təqvim günü ərzində həyata keçirməlidir. Həmin müqavilənin 6.6-cı bəndinə görə sifarişçi bu müqavilənin 2.1-ci maddəsi ilə müəyyən olunmuş öhdəliyi bu müqavilədə nəzərdə tutulmuş müddətdə yerinə yetirməzsə, icraçı icranın gecikdirildiyi hər təqvim həftəsi üçün bu gecikdirilən ödənişin 0.1% həddində cərimə ödənilməsini tələb edə bilər. Həmin müqavilənin 6.7-ci bəndinə görə cərimənin ümumi məbləği gecikdirilmiş ödənişin 5%-dən çox ola bilməz. Cərimənin məbləği 5%-ə çatdıqda icraçı bu müqaviləni ləğv etmək hüququna malikdir. Qeyd edilən müqavilə üzrə İddiaçı MMC göstərilən xidmətləri lazımi qaydada yerinə yetirərək Cavabdeh MMC-yə təhvil vermiş, sonuncu isə qəbul etmişdir. Tərəflər arasında xx.xx.2023- cü il tarixli “Qarşılıqlı borcların üzləşdirilməsi haqqında” akt tərtib edilmiş və akta əsasən xx.xx.2023cü il tarixə sifarişçinin icraçıya 149156,13 manat qalıq borcunun olduğu müəyyən edilmişdir. Sifarişçi tərəfindən alınan mallara və xidmətlərə görə icraçıya 149156,13 manat borc bu günə kimi ödənilməmiş qalmışdır. Bununla bağlı dəfələrlə şifahi şəkildə Cavabdeh MMC-nin rəhbərliyinə və səlahiyyətli şəxslərə müraciət edilməsinə, danışıqlar aoarılmasına baxmayaraq, onlar tərəfindən pulun ödənilməsi istiqamətində heç bir tədbir görülmür və hazırda həmin pullar iddiaçıya ödənilmir. Qeyd edilən borcun könüllü olaraq ödənilməsi ilə bağlı pretenziya məktubu ilə cavabdehə müraciət edilməsinə baxmayaraq, cavabdeh yaranmış borcun məhkəmədən kənar qaydada ödənilməsinə heç bir təşəbbüs göstərməmiş, pretenziyanı cavabsız qoymuşdur. Beləliklə, iddiaçı müqavilə üzrə üzərlərinə götürdüyü bütün öhdəlikləri qüsursuz şəkildə yerinə yetirmiş, lakin cavabdeh müqavilə üzrə öz öhdəliklərinin yerinə yetirilməsindən qərəzli şəkildə boyun qaçırmışdır. Müqavilənin 6.6 və 6.7-ci bəndlərinə əsasən 149156,13 manatın 5%-i 7458 manat təşkil edir. Cavabdeh iddiaçıya məxsus pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmışdır. Bu pulların ödənilməsini gecikdirməklə özündə saxlayaraq həmin vəsaitlərdən faydalanmışdır. Buna görə cavabdeh həmin pul vəsaitinin məbləğindən icra edildiyi gün üçün Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyənləşdirdiyi bank uçot dərəcəsi ilə faizlər ödəməlidir. Məhkəməyə iddia verilən günə Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyən etdiyi bank uçot dərəcəsi 15%, 156614 manatın 15%-i=23492 manat təşkil edir. Tələb: 149156,13+ 7458=156614; 156614+23492=180106 manat. Mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi məqsədilə ilkin mediasiya sessiyasında iştirak etməyə görə Bakı 10 saylı mediasiya təşkilatına 615 manat mediasiya xərci ödənilmişdir. Həmçinin iddiaçı ilə “Defendo” Vəkil Bürosu arasında xx.xx.2023-cü il tarixdə 225 saylı “Hüquqi yardım göstərilməsi haqqında” müqavilə bağlanılmışdır. Həmin müqaviləyə görə, “Defendo” Vəkil Bürosunun vəkili Vəkil cavabdehin iddiaçıya olan borcunun könüllü qaydada ödənilməsini və ya məhkəmə vasitəsi ilə borcun ödənilməsini təmin etməyi və bu sahədə hüquqi xidmətin göstərilməsini öz üzərinə götürmüşdür. Həmin müqaviləyə əsasən “Defendo” Vəkil Bürosuna İddiaçı MMC tərəfindən 1600 manat məbləğində xidmət haqqı ödənilmişdir.

27. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 387.2, 425.1, 425.2, 442, 449.1-ci maddələrinə istinad olunmuşdur.

28. Cavabdeh tərəfindən iddiaya qismən etiraz edilmişdir.

29. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)- 4532/2023 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdehndən 149156 manat əsas borc, 2000 manat cərimə, gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanan 3623 manat, ödənilmiş mediasiya və hüquqi yardım xərcinə görə 1115 manat olmaqla, cəmi 155894 manat məbləğində pul İddiaçı xeyrinə tutulması qət edilmişdir. İddia qalan hissədə təmin edilməmişdir.

30. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddia tələbinin bir hissəsini cavabdehdən 149156 manat məbləğində əsas borcun tutulması təşkil edir. Məhkəmə qanunvericilik normalarını, cavabdehin müqavilələrə əsasən üzərinə götürdüyü öhdəliyi icra etmədiyini, nəticədə onun müqavilələr üzrə iddiaçıya ödənilməmiş borcunun qaldığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab etmişdir ki, cavabdehdən müqavilələr üzrə ödənilməmiş qalan 149156 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Həmin borcun mövcudluğu tərəflər arasında tərtib olunmuş borcların qarşılıqlı üzləşdirilməsi aktı ilə öz təsdiqini tapır. Qeyd olunmalıdır ki, cavabdehin nümayəndəsi də borcun olduğunu qəbul etmiş. lakin borcun göstərilən məbləğdə olması ilə razılaşmamışdır. Cavabdehin nümayəndəsi bildirmişdir ki, müqavilə üzrə iddiaçıya ödəmənilməli 149156 manat (ƏDV daxil olmaqla) borc məbləği şişirdilmişdir, həmin məbləğ real məbləğdən 30-35 % artıq göstərilmişdir. Cavabdehin nümayəndəsi əsas kimi cavabdehin sifarişi əsasında "xxxx" MMC tərəfindən verilmiş audit şirkətinin qiymətləndirmə rəyinə istinad etmiş və məhkəməyə həmin rəyi təqdim etmişdir. Rəydən göründüyü kimi, qiymətləndirmə obyekti ehtiyat hissələrinin servis xidməti olmuş, Cavabdeh MMC-nin sifarişinə əsasən qeyd olunan ehtiyat hissələri üzrə xidmətlər və həmin hissələrin qiymətləri araşdırılmış, araşdırmalar nəticəsində əldə olunmuş təklif qiymətləri xx.xx.2023-cü il tarixinə cədvəldə təqdim olunmuşdur. Məhkəmənin qənaətinə əsasən ehtiyat hissələri üzrə xidmətlər və həmin hissələrin qiymətlərindəki fərqlər 149156 manat məbləğində əsas borcun tutulmasına dair iddianın tam təmin olunmaması üçün əsas ola bilməz və cavabdehin həmin hissədə iddiaya qismən etirazı əsaslı sayıla bilməz. Belə ki, qeyd olunan müqavilələr üzrə münasibətlər hüquqi şəxslər arasında yaranmış, müqavilə iki hüquqi şəxs arasında bağlanmış və müqavilələr tərəflərin razılaşdırılmış iradə ifadəsinin nəticəsi olaraq bağlanmış, müqavilə şərtləri müəyyən olunmuşdur. Ona görə də cavabdeh tərəfin göstərdiyi hallar fərqli nəticəyə gəlmək üçün əsas ola bilməz. Bundan əlavə iddiaçı cavabdehdən 7458 manat cərimə borcunun tutulmasını xahiş etmişdir. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, cərimə məbləği azaldılaraq 2000 manat məbləğində müəyyən edilməli, qalan hissədə isə təmin edilməməlidir. İddia tələbinin digər hissəsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinə əsasən hesablanmış (Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyənləşdirdiyi bank uçot dərəcəsi, 15% dərəcəsi ilə) 23492 manat məbləğində pulun cavabdehdən tutulması təşkil edir. Məhkəmənin gəldiyi nəticəyə əsasən iddiaçı cavabdehin iddiaçının pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmasına dair sübutları məhkəməyə təqdim etmədiyinə görə həmin əsasla pul vəsaiti cavabdehdən tutula bilməz. Lakin müəyyən olunur ki, cavabdeh pul məbləğinin ödənilməsini gecikdirdirmişdir. Ona görə də məhkəmənin qənaətinə əsasən iddiaçı digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, cavabdeh gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. İddia tələbinin göstərilən hissəsinə münasibətdə məhkəmə hesab edir ki, həmin hissədə iddia qismən təmin olunmalıdır. Gecikdirmə vaxtı dəqiq müəyyən edilə bilmədiyindən aktda göstərilən 142791,45 manat məbləğə münasibətdə 6 ay, 6364,68 manat məbləğə münasibətdə isə 2 ay gecikdirmə müddəti götürılərək, məhkəmə belə nəticəyə gəlir ki, icranın gecikdirilməsinə görə 3623manat (142791,45x5:100:12x6=3570)+(6364,68x5:100:12x2=53)=3623) məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalı, qalan hissədə isə təmin olunmamalıdır.

31. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək iddia tələbinin təmin edilmədiyi hissədə qismən ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

32. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsini, işin yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri

33. İddiaçı MMC-nin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər sərbəst şəkildə müqavilə bağlamışlar və qarşılıqlı razılıq əsasında müqavilə şərtlərini müəyyən etmişlər. Bu onu deməyə əsas verir ki, bu halda münasibətlər müqavilə şərtləri çərçivəsində həll edilməli idi. Lakin, məhkəmə tərəflərin razılığı ilə müqavilədə müəyyən edilmiş faiz dərəcələrini öz mülahizəsinə görə hansı səbəbdən azaltdığını əsaslandırmamışdır. İşin hallarına nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu mövcud idi mi və azaldılmasına hansı səbəblərdən ehtiyac olduğu qətnamədə qeyd edilmir. Tənasüb müəyyənləşdirilərkən, halbuki, məhkəmə bunu etməyib, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmayıb. Cavabdehin özünün də etiraf etdiyi 149 156,13 manat əsas borca görə 5% + 15% cərimə borcunu nəyə görə tənasübsüz hesab etdiyini əsaslandırmamışdır. Borcun tələb edilməsi üçün, real olaraq qəbz və müqavilələrlə təsdiq edilən hüquqi xidmət, mediasiya və məhkəməyə dövlət rüsumu xərcləri əsassız olaraq azaldılmışdır. İşə baxan məhkəmə tərəflər arasında bağlanmış müqavilənin şərtlərini əsas kimi yox, öz mülahizəsinə əsasən iddianı qismən təmin etmişdir. Borcu təsdiq edən kifayət qədər sübutlar ola-ola öz mülahizəsinə əsasən iddia tələbini qismən təmin etmişdir.

34. Cavabdeh MMC-nin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh tərəf bütün sübütlarını təqdim etməyə əsaslı səbəblərə görə nail olmadığından məhkəmə işə yenidən baxmalıdır. Məhkəmə ikinci hazırlıq iclasından dərhal sonra baxış iclasına keçdiyindən, cavabdehin audit rəyini sübut kimi və məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsi barədə xahişini qəbul etməmişdir. Audit rəyinin cavabdehin birinci və ikinci hazırlıq iclasında verə bilməməsinin səbəbi ondan ibarətdir ki: 1. İcarə obyektlərinin qiymətlərinə dair uyğunsuzluqların təftiş prosesində real qiymətlərinin müəyyən etmək; 2. Aşkar edilmiş şirkətlərin saylarının çox olması ilə bağlı ardıcıllığın gözlənilməsi; və 3. Qiymətləndirmə prosesində bazarın öyrənilməsi böyük vaxt sərfi tələb etmişdir. İcarə obyektlərinin qiymətlərinə dair uyğunsuzluqların real qiymətlərinin müəyyən edilməməsi məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların tam aydınlaşdırılmasına mane olmuşdur. Məhkəmə audit rəyini qəbul etmədiyinə görə,dəqiqləşdirilmiş borc məbləğini müəyyən edə bilməmişdir. Bunun nəticəsi olaraq, məhkəmə sübutları tam və obyektiv araşdırmadan qanunsuz məhkəmə aktı tərtib etmişdir. İddiaçının apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

35. Apellyasiya şikayətlərinə qarşı etirazlar daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

36. İddiaçının vəkili və iddiaçının nümayəndəsi X5 və Vəkil apellyasiya şikayətinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, cavabdehin apellyasiya şikayətinin isə rədd edilməsini xahiş etdi.

37. Cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, iddiaçının apellyasiya şikayətinin isə rədd edilməsini xahiş etdi.

Tətbiq edilən hüquq:

38. Mülki Məcəllənin: -385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. -445.7-ci maddəsinə əsasən (mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş redaksiya) borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. -449.1-ci maddəsinə görə (mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş redaksiya) özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. -462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. -467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. -700.1-ci maddəsinə görə icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. - 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. - 753.1-ci maddəsinə görə sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur.

466.1-ci maddəsinə əsasən əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün dəbbə pulu müəyyənləşdirilmişsə, zərərin dəbbə pulu çatmamış hissəsinin əvəzi ödənilir. 466.2. Qanunda və ya müqavilədə aşağıdakı hallar nəzərdə tutula bilər: 466.2.1. zərərin deyil, yalnız dəbbə pulunun tutulmasına yol verilə bilər; 466.2.2. dəbbə pulundan artıq zərər tam məbləğdə tutula bilər; 466.2.3. kreditorun seçiminə uyğun, ya dəbbə pulu, ya da zərər tutula bilər.

39. Mülki Prosessual Məcəllənin: -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. -121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

40. Mülki Məcəllənin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 iyul 2009-cu il tarixli Qərarında göstərilmişdir ki, MM-in 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin nəzərə alınmalıdır ki, sözügedən norma MM-in 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir.

Apellyasiya baxışının hədləri

41. Mülki Prosessual Məcəllənin: 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

42. Məhkəmə qeyd edir ki, hazırkı halda birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edilmiş, həmin qətnamədən hər iki tərəf apellyasiya şikayətləri vermiş, iddiaçı qətnaməni iddianın rədd edilməsi hissəsində, cavabdeh isə iddianın təmin edilmiş hissəsində mübahisələndirmişdir. Odur ki, kollegiya hesab edir ki, qətnamənin əsaslığı tam yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən - faiz borcunun tutulması hissəsində- ləğv edilməli, əsas borcun, dəbbə pulunun və məhkəmə xərclərinin tutulmasına dair hissədə qətnamə dəyişdirilməli, iddiaçıdan tutulacaq əsas borc ƏDV xaric 108.061,55 manat məbləğində, dəbbə pulu 5400 manat məbləğində, mediasiya və hüquqi xidmət xidmətə görə tutulacaq məbləğ 1100 manat məbləğində (400 manat mediasiya və dövlət rüsumu və vəkil xidmətlərinə görə 700 manat) müəyyən edilməlidir.

44. Belə ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2022-ci il tarixli **********559 nömrəli xidmət alqı-satqısı müqaviləsindən və xx.xx.2019-cu il tarixli **********743 nömrəli icarə müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı MMC həmin müqavilələr üzrə öhdəliklərini lazımi qaydada icra edərək Cavabdeh MMC-nin sifarişi ilə xidmətlər göstərmiş və əmlak icarəyə vermiş, cavabdeh isə həmin müqavilələr üzrə icarə və xidmət haqlarını ödəmək öhdəliklərini lazımi qaydada icra etməmiş, nəticədə iddiaçıya borcu yaranmışdır.

45. Hazırda İddiaçı MMC sözügedən iki müqavilə üzrə əsas borcun və Mülki Məcəllənin 449.1-ci maddəsinin tələblərinə əsasən faizlərin və dəbbə pulunun cavabdehdən tutulmasını tələb edir.

46. İddia tələbinin mübahisəli müqavilələr üzrə əsas borcun tutulması hissəsinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, həmin hissədə iddianın qanuni əsasını icarə müqaviləsinə dair hissədə Mülki Məcəllənin 700.1-ci maddəsi və xidmət müqaviləsinə dair hissədə isə analogiya üzrə həmin məcəllənin 752.1 və 753.1-ci maddələri təşkil edir.

47. Mübahisəli müqavilələr üzrə əsas borcun məbləğinə münasibətdə kollegiya qeyd edir ki, iddiaçı həmin borcun 149.156 manat məbləğində olmasını iddia etmiş və borcun məbləğini sübuta yetirmək üçün hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmiş üzləşmə aktını və elektron qaimələri məhkəmə təqdim etmişdir.

48. Cavabdeh isə borc məbləğinin şişirdilməsini əsas göstərərək iddiaya etiraz etmişdir.

49. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, hazırkı iddia tələbinin faktiki əsasını təşkil edən 2 müqavilədən başqa tərəflər arasında **********590 saylı müqavilə (üçüncü müqavilə) bağlanmış və həmin müqavilə üzrə də cavabdehin iddiaçıya ödənilməmiş borcu mövcuddur. İddiaçı tərəfindən təqdim edilmiş üzləşmə aktında həmin aktın hansı müqavilə üzrə tərtib edilməsinin göstərilməməsi, iddiaçının hər üç müqavilə üzrə üzləşmə aktından əvvəlki dövrə aid olan, hal-hazıradək ödənilməmiş elektron qaiməfakturaları iş materiallarına əlavə etməsi, iddiaçının təqdim etdiyi üzləşmə aktında əks olunmuş borcun əsasını təşkil edən elektron qaimə-fakturaların siyahısında üçüncü müqavilə üzrə tərtib edilmiş elektron qaimə-fakturaların yer alması kimi hallar ona dəlalət edir ki, üzləşmə aktında əks olunmuş borcun bir hissəsi üçüncü müqavilə üzrə yaranmışdır. Odur ki, üzləşmə aktı hazırkı iddia tələbinin faktiki əsasını təşkil edən iki müqavilə üzrə borcun məbləğini təsdiq edən sənəd qismində nəzərə alına bilməz.

50. Belə olan halda isə məhkəmə kollegiyası hesab edir ki, mübahisəli iki müqavilə üzrə cavabdehin əsas borcu iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə əsasən müəyyənləşdirilməlidir.

51. Bununla yanaşı iddiaçının təqdim etdiyi borcun əsasını təşkil edən elektron qaimə-fakturaların siyahısından və digər sənədlərdən müəyyən edilir ki, iddiaçının tələb etdiyi 149.156 manat borc məbləği ƏDV xaric məbləğdir.

52. Odur ki, cavabdehdən tutulacaq əsas borc məbləği ekspert rəyində müəyyən edilmiş ƏDV xaric borc məbləğlərinə uyğun olaraq **********559 nömrəli xidmət alqı-satqısı üzrə müqaviləsi 557 manat və xx.xx.2019-cu il tarixli **********743 nömrəli icarə müqaviləsi üzrə 107.504,55 manat məbləğində müəyyən edilməlidir.

53. Bununla bağlı iddiaçının ödənilməsini tələb etdiyi xidmət və icarə haqlarının bazar dəyərindən xeyli yüksək məbləğdə müəyyən edilməsi, göstərilən halın audit rəyi ilə təsdiq edilməsi barədə cavabdehin dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, mülki hüququn təməl prinsiplərindən biri olan müqavilə azadlığı prinsipinin tərkib elementlərindən biri də müqavilənin şərtlərini sərbəst müəyyən etmək azadlığıdır. Hazırkı halda icarə haqqı və xidmət haqqı qiymətləri hər iki tərəfinn imzası və möhürü ilə mübahisəli müqavilələrin əlavələrində müəyyənləşdirilmiş, eyni zamanda cavabdeh həmin qiymətlərə əsasən hesablanmış icarə və xidmət haqqına dair elektron qaimələri düzəliş üçün qaytarmamaqla, eləcə də həmin borcun məbləğini müəyyən edən üzləşmə aktını imzalamaqla da həmin qiymətlərlə razılaşdığını bir daha ifadə etmişdir. Odur ki, tərəflər müqavilənin qiymətini sərbəst müəyyən etmək hüququna malik olduğundan müqavilələrdə göstərilən qiymətlərin bazar qiymətlərindən yüksək olması ehtimal edilsə belə həmin hal tərəflərin razılaşdırdıqları qiymətlərin azaldılması üçün əsas vermir.

54. İddia tələbinin gecikdirilmiş əsas borca Mülki Məcəllənin 449.1-ci maddəsinin tələblərinə əsasən faizlərin tutulması hissəsinə münasibətdə qeyd edilməlidir ki, “Mülki Məcəllənin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 iyul 2009-cu il tarixli Qərarında formalaşdırılmış hüquqi mövqeyə görə pul öhdəliklərinin icra edilməsinin gecikdirilməsi ilə bağlı Mülki Məcəllənin 449.1-ci maddəsinin tələbləri baxımından bank dərəcəsinə uyğun olaraq faizin tutulması üçün borclunun həmin pul vəsaitindən Mülki Məcəllənin 152.3-cü maddəsində göstərilmiş qaydada faydalanması tələb olunur. Hazırkı işdə isə cavabdehin vaxtında ödəmədiyi pul vəsaitindən faydalanması ilə bağlı heç bir sübut iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Odur ki, əsas borc məbləğinə Mülki Məcəllənin 449.1-ci maddəsinin tələblərinə əsas faiz tutulması üçün əsas yoxdur.

55. Digər tərəfdən Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən faizlərin əvəzinə Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən faizlərin tutulması imkanına gəldikdə isə nəzərə alınmalıdır ki, iddiaçı mübahisəli müqavilələr üzrə borcun ödənilməsinin gecikdirilməsinə görə faizlərlə yanaşı müqavilələrdə nəzərdə tutulmuş dəbbə pulunun ödənilməsi tələbini də irəli sürmüşdür.

56. Eyni pozuntuya (eyni müddət üçün pul öhdəliyinin icrasının gecikdirilməsinə) görə eyni zamanda iki fərqli maliyyə sanksiyasının (dəbbə pulu və Mülki Məcəllənin 445.7ci maddəsinə əsasən faizlər) tətbiq edilməsi mümkünlüyü məsələsinə gəldikdə kollegiya qeyd edir ki, göstərilən məsələyə qiymət vermək üçün ilk növbədə hər iki əsasla pul məbləğinin tutulmasının hüquqi təbiətinə aydınlıq gətirilməlidir.

57. Bu zaman dəbbə pulu ilə bağlı qeyd edilməlidir ki, dəbbə pulunun hesablanması üsuluna görə növlərindən biri olan “cərimə” öhdəliyin icra edilmədiyi və ya lazımi qaydada icra edilmədiyi hallarda birdəfəlik sabit pul məbləği olaraq tutulur, bundan fərqli olaraq dəbbə pulunun digər növü olan “penya” öhdəliyin icra edilməməsinə və ya lazımi qaydada icra edilməməsinə görə pozuntunun davam etdiyi müəyyən vaxt dövrü üçün faiz (və ya sabit məbləğ) formasında müəyyən edilir və pozuntu davam etdikcə penyanın məbləği də artır. Odur ki, tərəflər arasında bağlanmış müqavilələrin şərtlərindən göründüyü kimi həmin müqavilələrdə nəzərdə tutulmuş dəbbə pulu “cərimə” adlandırılsa da, gecikdirmənin hər günü (hər həftəsi) üçün əsas borc məbləğinə faiz kimi müəyyən edildiyindən hesablanma üsuluna görə dəbbə pulunun penya növünə aiddir.

58. Digər tərəfdən maddi zərərlə dəbbə pulunun nisbətini müəyyən edən Mülki Məcəllənin 466-cı maddəsində zərərlə nisbətinə görə 4 dəbbə pulu növü fərqləndirilmişdir. Belə ki, həmin maddəyə görə qanunda və müqavilədə digər qayda müəyyənləşdirilmədikdə, dəbbə pulu əvəzləşdirilən dəbbə pulu hesab edilir, yəni dəbbə pulu məbləği zərər məbləği ilə əvəzləşdirilməklə zərərin yalnız dəbbə pulu çatmamış hissəsinin əvəzi ödənilir. Qanunda və ya müqavilədə dəbbə pulunun digər növləri də nəzərdə tutula bilər: zərərin deyil, yalnız dəbbə pulunun tutulmasına yol verilə bilər (müstəsna dəbbə pulu);. dəbbə pulundan artıq zərər tam məbləğdə tutula bilər (cərimə xarakterli dəbbə pulu); kreditorun seçiminə uyğun, ya dəbbə pulu, ya da zərər tutula bilər (alternativ dəbbə pulu). Göründüyü kimi zərərlə yanaşı tutulan cərimə xarakterli dəbbə pulundan fərqli olaraq digər üç dəbbə pulu növü (əvəzləşdirilən, müstəsna və alternativ) zərər məbləğinə əlavə olaraq tutulmur. Başqa sözlə desək, cərimə xarakterli dəbbə pulu istisna olmaqla dəbbə pulunun sadalanan digər növlərinin tətbiqində məqsəd şəxsin öhdəliyin pozuntusuna görə cəzalandırmaq deyil, öhdəliyin icrasını təmin etmək və öhdəliklərin pozulması nəticəsində zərərçəkmiş şəxsin hüquqlarını bərpa etməkdən ibarətdir.

59. Hazırkı halda tərəflər arasında bağlanmış müqavilələrdə zərərlə dəbbə pulunun nisbətinin xüsusi qaydası müəyyən edilmədiyindən, mübahisəli müqavilələrdə nəzərdə tutulmuş dəbbə pulu (penya) əvəzləşdirilən dəbbə pulu hesab edilməlidir. Belə olan halda isə, həmin dəbbə pulu tutulduqda zərərin yalnız dəbbə pulu ilə əhatə edilməyən hissəsi tutula bilər.

60. Digər tərəfdən Mülki Məcəllənin 445.7-ci maddəsində nəzərdə tutulmuş faizlərə münasibətdə qeyd edilməlidir ki, həmin maddədə nəzərdə tutulmuş faizlər pul öhdəliyinin icrasının gecikdirilməsinə, yəni borclu tərəfindən pul öhdəliyinin pozulmasına görə tətbiq edildiyindən sanksiya xarakterlidir. Lakin həmin faizlər də borclunu pozuntuya görə cəzalandırmaq deyil, kreditorun pozulmuş hüquqlarını bərpa etmək, yəni kreditorun borclu tərəfindən ödənilməsinin gecikdirildiyi pul vəsaitindən istifadə etdiyi halda adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi gəliri, yəni maddi zərərin fomalarından biri olan əldən çıxmış faydanı kompensasiya etmək məqsədi ilə tətbiq edildiyindən bərpaedici xarakterli sanksiyadır.

61. Beləliklə, hazırkı halda həm mübahisəli müqavilələrdə nəzərdə tutulmuş əvəzləşdirilən dəbbə pulu, həm də Mülki Məcəllənin 445.7-ci maddəsində nəzərdə tutulmuş faizlər bərpaedici sanksiyalar olduğundan həmin sanksiyaların birlikdə tətbiq edilməsi ikiqat məsuliyyət yaratmaqla hüququnun universal prinsipi olan non bis in idem (eyni əmələ görə iki dəfə olmaz) prinsipinə ziddir.

62. Bundan əlavə hazırkı halda gecikdirilmiş borc məbləğinə həm dəbbə pulun, həm də faizlərin hesablanması Mülki Məcəllənin 466-cı maddəsinin tələblərinə də uyğun hesab dilə bilməz. Belə ki, yuxarıda da şərh edildiyi kimi həmin maddənin tələbləri baxımından Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən zərərin formalardan biri olan əldən çıxmış faydanın əvəzi olaraq hesablanan faizlərin yalnız dəbbə pulu məbləği ilə əhatə edilməmiş hissəsinın tutulmasına yol verilir.

63. Beləliklə, kollegiya cavabdehin mübahisəli müqavilələr üzrə öhdəliklərinin icrasını gecikdirməsinin işin yuxarıda göstərilən halları ilə öz təsdiqini tapdığını nəzərə alaraq hesab edir ki, iddiaçı Mülki Məcəllənin 462-ci maddəsinin tələblərinə əsasən müqavilədə nəzərdə tutulmuş dəbbə pulunun (penyanın) tutulmasını tələb etmək hüququna malikdir. Mübahisəli müqavilələrin şərtlərində dəbbə pulunun maksimal məbləği gecikdirilmiş borcun 5%-i həddində müəyyən edilmişdir. Odur ki, müqavilələrin sözügedən şərtləri nəzərə alınmaqla əsas borca hesablanmış dəbbə pulu 5400 manat məbləğində müəyyənləşdirilməlidir.

64. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən əldən çıxmış faydanın əvəzi olaraq hesablanmalı olan faizlərin məbləği (ekspert rəyinə əsasən müvafiq olaraq 3485,96 manat və 19,03 manat məbləğində müəyyən edilmişdir) dəbbə pulu məbləği ilə tam əhatə olunduğundan həmin faizlərin tutulması üçün əsasların mövcudluğu isə müəyyən edilmir.

65. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, qətnamə qismən- faiz borcunun tutulması hissəsində- ləğv edilməli, həmin hissədə iddia rədd edilməli, əsas borc və dəbbə pulunun tutulmasına dair hissədə və cavabdehdən tutulacaq ümumi məbləğ hissəsində qətnamə dəyişdirilməli, cavabdehdən tutulacaq əsas borc ƏDV xaric 108.061,55 manat məbləğində, dəbbə pulu 5400 manat məbləğində, ümumilikdə tutulacaq pul vəsaiti 114.561,55 manat məbləğində müəyyən edilməlidir.

66. Hazırkı qətnaməyə əsasən iddianın təmin edilmiş hissəsinin həcmi dəyişildiyindən birinci instansiya məhkəməsində çəkilmiş xərclər 119.1-ci və 121.1-ci maddələrinin tələblərinə əsasən tərəflər arasında bölüşdürülməli, cavabdehdən mediasiya xərclərinə və vəkil xərclərinə görə 1100 manat (mediasiya xərclərinə görə 400 və vəkil xidmətlərinə çəkilmiş xərclərə görə 700 manat) məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməli, məhkəmə xərclərinin qalan hissəsi iddiaçıya aid edilməlidir.

67. Hər iki apellyasiya şikayəti qismən təmin edildiyindən həmin şikayətlər verilərkən ödənilmiş dövlət rüsumları müvafiq olaraq apellyatorlara aid edilməlidir.

68. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

İddiaçı MMC və Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-4532/2024 saylı qətnaməsi qismən - faizlərin tutulması hissəsində - ləğv edilsin, həmin hissədə iddia rədd edilsin. Qətnamə əsas borc, dəbbə pulu, məhkəmə xərclərinin tutulması və ümumilikdə tutulacaq pul vəsaiti hissəsində dəyişdirilsin, Cavabdeh MMC-dən İddiaçı MMC xeyrinə tutulacaq əsas borc ƏDV xaric 108.061,55 manat məbləğində, dəbbə pulu 5400 manat məbləğində, mediasiya xərclərinin və vəkilə çəkilmiş xərclərin əvəzi olaraq tutulacaq pul vəsaiti 1100 manat (mediasiya xərclərinə görə 400 manat və vəkilə çəkilmiş xərclərə görə 700 manat olmaqla) məbləğində, ümumilikdə tutulacaq pul vəsaiti isə 114.561,55 manat məbləğində müəyyən edilsin. Apellyasiya şikayətlərinin verilməsinə görə ödənilmiş dövlət rüsumları müvafiq olaraq apellyasiya şikayəti verən tərəflərə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Leyla Əliyeva

Hakimlər: Təranə Mahmudova

Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar