Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-279/2022 29.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, cavabdehin nümayəndəsi və vəkili Vəkil3 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3286/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 06.12.2021-ci il tarixli qətnaməsindən iddiaçı İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İddiaçı İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC-dən iddiaçı "xxxx" MMC-nin xeyrinə SL-166/20 nömrəli, 02 dekabr 2020-ci il tarixli müqavilə üzrə 24750 (iyirmi dörd min yeddi yüz əlli) ABŞ dolları yaranmış əsas borcun, müqavilə öhdəliklərin pozulmasına görə hesablanmış 3712 (üç min yeddi yüz on iki) ABŞ dolları cərimə borcunun və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda "xxxx" MMC ilk iddia ilə birlikdə baxılmaq üçün cavabdeh İddiaçı MMC-yə qarşı qarşılıqlı iddia qaldıraraq, Cavabdeh MMC ilə İddiaçı MMC arasında bağlanmış SL-166/20 nömrəli, 02 dekabr 2020-ci il tarixli xidmət müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh MMC ilə İddiaçı MMC arasında bağlanmış SL-166/20 nömrəli, 02 dekabr 2020-ci il tarixli müqaviləyə 02 dekabr 2020-ci il tarixli təhvil-təslim aktının etibarsız hesab edilməsi və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun İddiaçı MMC-dən tutularaq iddiaçı Cavabdeh MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 06.12.2021-ci il tarixli e-2-2(113)-3286/2021 saylı qətnaməsi ilə hər iki iddia rədd edilmişdir. İddiaçı İddiaçı MMC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və ilk iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə etdi, cavabdehin nümayəndəsi və vəkili Vəkil3 isə apellyasiya şikayətinə etiraz etdi. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini və qarşılıqlı iddianın rədd olunduğunu, lakin cavabdeh tərəfindən apellyasiya şikayəti verilmədiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız ilk iddiaya aid hissədə yoxlanılır. İş materiallarına əsasən müəyyən olunur ki, icraçı Cavabdeh MMC ilə sifarişçi Cavabdeh MMC arasında 02 dekabr 2020-ci il tarixli, SL-166/20 nömrəli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən icraçı Microsoft miqrasiya və Microsoft Bulud xidmətləri, Microsort virtualizasiya və kiber təhlükəsizliyin qiymətləndirilməsi xidmətləri sifarişçiyə təhvil verməyi, sifarişçi də öz növbəsində icraçıya göstərilən xidmətlərə görə 24750 ABŞ dollar məbləğində pul vəsaitini ödəməyi öz öhdəsinə götürmüşdür. Müqavilə bağlandığı tarixə, yəni 02 dekabr 2020-ci il tarixdə tərəflər arasında “Təhvil-təslim aktı” adlanan sənəd imzalanmış və həmin sənəddə göstəriləcək xidmətlərin ümumilikdə dəyəri 29205 ABŞ dolları (24750 ABŞ dolları əsas + 4455 ABŞ dolları ƏDV), işlərin görülməsinə sərf olunacaq vaxt – cəmi 140 saat müəyyən edilmişdir. İddiaçı bildirir ki, müqavilənin 4.2-ci bəndinə əsasən sifarişçi məbləği tam həcmdə 15 dekabr 2020-ci il tarixinədək ödəməli idi, lakin ödəniş etməmişdir. Müqavilənin 8.2-ci bəndinə görə isə cavabdeh müqavilədə nəzərdə tutulmuş müddətdə xidmətlərin dəyərini iddiaçıya ödəmədikdə, hər gecikdirilən gün üçün iddiaçıya gecikdirilmiş məbləğin 0,1 %-i miqdarında cərimə ödəməyə borcludur. Cavabdeh iddiaya etiraz edir və qarşılıqlı iddia irəli sürərək bildirir ki, müqavilə vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanıldığına görə etibarsızdır. Belə ki, mübahisələndirilən müqavilə bağlanıldığından sonra sifarişçi Cavabdeh MMC-yə məlum olmuşdur ki, "xxxx" MMC-nin müqavilə üzrə nəzərdə tutulan xidmətlərin görülməsi üçün hüquq və səlahiyyətləri yoxdur. Azərbaycan Respublikası ərazisində bu kimi xidmətlərin göstərmək hüququ olan şirkətlərin siyahısı hüquq sahibi olan Microsoft şirkəti tərəfindən müəyyən edilir və Microsoft şirkətinin saytında yerləşdirilir. Bu siyahıda "xxxx" MMC yoxdur və heç vaxt olmamışdır. Tərəflər arasında imzalanmış təhvil-təslim aktı imzalayarkən isə Cavabdeh MMC bu aktın görüləcək işlərin təsviri və həcmini təsdiq edən akt kimi qəbul edib və imzalamışdır. Akt və müqavilə eyni tarixdə imzalanmışdır. Akta əsasən görülmüş işlərin həcmi 140 saat, yəni 17 iş günü təşkil edir. Nəzərə alınsa ki, müqavilə və akt eyni gündə 8 saatlıq iş günü ərzində imzalanıb, bu həcmdə işlərin görülməsi fiziki olaraq mümkün deyildir. Qeyd olunanlar birmənalı sübut edir ki, bu akt görüləcək işlərin təsviri və həcmini təsdiq edən akt kimi imzalanıb və təhvil-təslim aktı kimi qəbul edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, ilk iddia rədd edilməlidir. Belə ki, tərəflər arasında bağlanmış 02 dekabr 2020-ci il tarixli müqavilə mahiyyət etibarı ilə xidmət müqaviləsidir. Çünki iddiaçı cavabdehə Microsoft miqrasiya və Microsoft Bulud xidmətləri, Microsort virtualizasiya və kiber təhlükəsizliyin qiymətləndirilməsi xidmətlərini göstərməyi, sonuncu isə həmin xidmətlərin dəyərinin ödənilməsini öz öhdəsinə götürmüşdür. Lakin mülki qanunvericilikdə xidmət müqaviləsi münasibətlərini tənzimləyən hər hansı müddəa mövcud deyil. Ona görə də kollegiya hesab edir ki, Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinin tələbləri nəzərə alınmadan iş üzrə nəticəyə gəlmək düzgün deyildir. Belə ki, həmin maddənin tələblərinə görə mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Qeyd olunanlara əsaslanaraq və işin hallarını nəzərə alaraq kollegiya hesab edir ki, hazırki mübahisə Mülki Məcəllənin podrat müqaviləsinə aid müddəalarının qaydalarına uyğun araşdırılmalıdır. Bu baxımdan iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 752.1-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Qeyd olunan maddədən də görünür ki, podrat müqaviləsi üzrə öhdəlik ilk növbədə podratçının üzərinə düşür və o, yalnız müqavilədə nəzərdə tutulan işi icra etdikdən sonra sifarişçinin muzd ödəmək öhdəliyi yaranır. Lakin iddiaçı bununla bağlı heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi üzrə öz üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. İddiaçı tərəfindən təqdim edilən 02 dekabr 2020-ci il tarixli SL-166/20 nömrəli müqavilə üzrə tərtib edilmiş 02 dekabr 2020-ci il tarixli təhvil-təslim aktı isə bu halı təsdiq edən mötəbər sübut kimi dəyərləndirilə bilməz. Belə ki, birinci instansiya məhkəməsinin də qeyd etdiyi kimi həmin sənəd “təhviltəslim aktı” adlansa da, mahiyyət etibarilə tərəflər arasında göstəriləcək xidmətlərin dəyəri və sərf olunacaq vaxtla bağlı məsələləri tənzimləyir, yəni mahiyyət etibarilə təhvil-təslim aktı deyil. Müqavilədə qeyd edilən işlərin görülməsi üçün qeyd edildiyi kimi, ümumilikdə 140 saat tələb olunur. Hazırkı vəziyyətdə isə müqavilənin bağlandığı tarixlə tərəflər arasında eyni tarixdə bağlanmış iddiaçının iddia etdiyi təhvil-təslim aktı sənədinin işlərin görülüb təhvil verilməsi ilə bağlı sənəd olması ağlabatan deyildir. İddiaçı tərəfindən sübut qismində məhkəməyə təqdim olunan şahid X1 ifadəsi də iddiaçı tərəfindən müqavilədə göstərilən işlərin icra olunduğunu sübut etmir. Belə ki, həmin şahid öz ifadəsində göstərmişdir ki, Softlayn şirkəti ilə 2006-cı ildən əməkdaşlıq edirdilər. Tərəflər arasında qarşılıqlı inam var idi. 2020-ci ilin sentyabr ayında Softlayn şirkəti onlara müraciət edərək Microsoft miqrasiya, Microsoft Bulud xidmətləri, Microsort virtualizasiya və kiber təhlükəsizliyin qiymətləndirilməsi işlərinin görülməsini xahiş etdilər. İşlərə başlanıldı və noyabr ayında bütün işlər icra edildi. Müqavilə əvvəlcə "xxxx" MMC ilə bağlanılmışdı. İşlər görüldükdən sonra bildirdilər ki, Cavabdeh MMC təsis olunmuşdur. Ona görə də yeni müqavilə bağlanıldı. İşlər görüldükdən sonra bildirdillər ki, bir həftə ərzində pul ödəniləcəkdir. Həmin müddət ərzində ödəmədilər. Ödəniş gecikdi deyə elektron qaimə geri qaytarıldı. Bundan sonra Softlayn şirkətinin Moskva ofisinə müraciət etdilər və onlara bildirdilər ki, həmin işlər üzrə pul ödənilməli idi. Nəticədə Moskva ofisindən məhkəməyə müraciət etmələrini bildirmişlər. Göründüyü kimi şahidin ifadəsinə əsasən qeyd olunan işlər Cavabdeh MMC üçün deyil, "xxxx" MMC üçün görülmüşdür. Lakin iş materiallarından görünür ki, Cavabdeh MMC ilə "xxxx" MMC başqa-başqa hüquqi şəxslərdir. Həmin hüquqi şəxslərin qanuni təmsilçisinin eyni şəxs olması isə nə hüquqi baxımdan, nə də hazırki mübahisənin faktiki halları baxımından hər hansı əhəmiyyət daşımır. Ona görə ki, iddiaçı tərəfindən Mülki Məcəllənin 522.1-ci maddəsinə (öhdəliyin üçüncü şəxsə verilməsi) və "xxxx" MMC-yə aid öhdəliklərin Cavabdeh MMC-nin öz üzərinə götürülməsi hallarına istinad edilməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi də bildirdi ki, 02 dekabr 2020-ci il tarixli müqavilədə göstərilən işlər "xxxx" MMC üçün deyil, məhz Cavabdeh MMC üçün görülmüşdür. İddiaçının təqdim etdiyi whatsapp yazışmaları ilə də müqavilədə qeyd olunan xidmətlərin iddiaçı tərəfindən cavabdehə göstərilməsi təsdiq olunmur. Çünki həmin yazışmalarda Cavabdeh MMC barədə və cavabdehin hər hansı əməkdaşı tərəfindən işlərin görülməsini təsdiqi ilə bağlı məlumatlar qeyd olunmamışdır. Bundan başqa, iddiaçı tərəfə dəfələrlə təklif olunmasına baxmayaraq, müqavilədə göstərilən xidmətlərinin həyata keçirilməsini texniki cəhətdən təsdiq edən sübutlar təqdim edilməmiş, əksinə iddiaçının nümayəndəsinə bildirilmişdir ki, texniki cəhətdən bu xidmətlərin göstərildiyini izləmək və ona görə də, sübutlar təqdim etmək mümkün deyil. Göründüyü kimi iddiaçı tərəfindən öz öhdəliklərinin icra etməsi halı sübut olunmur. Belə olan halda isə cavabdehin iddiaçı qarşısında pul öhdəliyinin yaranması nəticəsinə gəlmək üçün əsaslar mövcud deyildir. Ona görə də, ilk iddiada irəli sürülmüş əsas və müqavilə öhdəliklərin pozulmasına görə hesablanmış cərimə borcunun tutulması barədə tələblər rədd edilməlidir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3286/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 06.12.2021-ci il tarixli qətnaməsi ilk iddiaya aid hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vidadi Məmmədov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-279/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-279/2022
29.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver