Məhkəmə qərarları › İş №2-2(103)-28/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-28/2021

27.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-28/2021 27.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Anar Vəzir oğlu Tanrıverdiyevdən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə2 və cavabdehin nümayəndəsi Nümayəndə3 iştirakı ilə, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-381/2017 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 28 aprel 2017-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə və Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 142/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 11 mart 2021-ci il tarixli qətnaməsindən iddiaçı Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında müəyyən etdi (birinci iş) İddiaçı QSC BOKT Cavabdeh1-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 9.011.792,50 manat (əsas borc 7.775.781,80 manat, faiz borcu 1.236.010,70 manat) kredit borcunun və məhkəməyə iddia verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması, borc tələbinin cavabdehə məxsus daşınmaz əmlaklara, daşınar əmlaklara (nəqliyyat vasitələrinə və digər daşınar əmlaklara), bank hesablarındakı pul vəsaitlərinə, digər hüquqi şəxslərin nizamnamə kapitalındakı iştirak paylarına yönəldilməsi, cavabdehin həmin əmlaklar üzərindəki mülkiyyət hüquqlarına xitam verilməsi, iddiaçının həmin əmlaklar üzərində mülkiyyət hüquqlarının tanınması və müvafiq olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və digər səlahiyyətli orqanların üzərinə iddiaçının qeyd edilən əmlakların yeni mülkiyyətçisi kimi qeydiyyata alınması barədə öhdəliyin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 28 aprel 2017-ci il tarixli 2-2(81)-381/2017 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh1 həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qətnamədə qeyd etdiyi iddianın etirafı barədə ərizə onun tərəfindən imzalanmamış və möhürlənməmişdir. Belə ki, tərtib olunmuş mətn əvvəlcədən imzalanmış və möhürlənmiş blanklardan birinə çap edilmişdir. Apellyasiya şikayətinə edilmiş hökmün surətindən və cinayət işi üzrə müəyyən edilmiş hallardan müəyyən olunur ki, cavabdeh hüquqi şəxsin faktiki rəhbərləri Dünyamin Xəlilov və Cahangir Hacıyev olmuşlar. Nümayəndə5 bilə-bilə belə bir ərizəyə, yəni milyonlarla manat borcu olduğuna imza etməsi inandırıcı deyil və məntiq qaydalarına ziddir. İddianın etirafı barədə ərizə 28.04.2017-ci il tarixində imzalanmış, 28.04.2017-ci il tarixində məhkəməyə daxil olmuş, elə 28.04.2017-ci il tarixində də qətnamə qəbul edilmişdir. Bundan başqa Cavabdeh1-yə məxsus olan möhür hal-hazırda İddiaçı QSC-nin ofisində saxlanılır. Hazırkı iş üzrə verilən etibarnamələr də İddiaçı QSC-nin ofisində həmin təşkilatın işçisi tərəfindən möhürlənərək möhür yenidən seyfə qoyulmuşdur. Bundan əlavə, hazırkı halda MPM-nin 191-ci maddələrinin tələbləri pozulmuşdur. Belə iddianı etiraf edən şəxs məhkəməyə göndərdiyi iddianın etiraf edilməsi barədə ərizədə iddianın edilməsinin hüquqi nəticələrinin ona aydın olduğunu qeyd etməlidir. Lakin hazırkı ərizədə belə bir ifadə qeyd olunmamışdır. Digər tərəfdən iddianı etiraf edən cavabdeh məhkəmə iclasında iştirak etməli və hakim cavabdehin iddianı etiraf etməsini təsdiq edənə qədər ona müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. Lakin hazırki halda bu hərəkətlərdən heç biri baş verməmişdir. İkinci əsas ondan ibarətdir ki, iddiaçının iddia tələbinin mahiyyəti heç bir maddi hüquq normasına sığımır və qanunvericilikdə belə hallar nəzərdə tutulmamışdır. Belə ki, iddiaçının iddia tələbi məbləğinin cavabdehin mülkiyyətində olan bütün əmlaklara yönəldilməsi, həmin əmlaklar üzərində cavabdehin mülkiyyət hüquqlarına xitam verilməsi və əmlaklar üzərində mülkiyyət hüquqların qeydiyyata alınması üçün müvafiq orqanların üzərinə öhdəlik qoyulmasıdır. Borc məbləğinin cavabdehin əmlaklarına yönəldilməsi qanunvericiliyin tələblərinə ziddir. İş materiallarından müəyyən olunur ki, külli miqdarda milyonlarla kredit məbləği heç bir təminat olmadan cavabdehə verilmişdir. Yəni həmin müqavilələr imzalanarkən heç bir ipoteka müqaviləsi bağlanmamış, hər hansı əmlak ipoteka predmeti kimi göstərilməmişdir. Belə olan halda hansı əsasla borc məbləğinin əmlaklara yönəldilməsi iddia tələbində göstərilir və məhkəmə də iddia tələbini təmin borc məbləğini qeyri-müəyyən əmlaklara yönəltmişdir. (ikinci iş) İddiaçı Cavabdeh1 cavabdeh “Azərbaycan Beynəlxalq Bankı" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azərbaycan Beynəlxalq Bankı" ASC ilə Cavabdeh1 arasında imzalanmış 20.12.2010-cu il tarixli 5089 N-li, 26.12.2008-ci il tarixli 3249 N-li, 07.04.2008-ci il tarixli 2599 nömrəli, 14.03.2008-ci il tarixli 2575 N-li, 29.05.2013-cü il tarixli 7128 N-li, 20.06.2008-ci il tarixli 2470 N-li müqavilələrin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 11 mart 2021-ci il tarixli, e-2-2(113)-142/2021 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı Cavabdeh1 həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamışdır. Bakı Apellyasiya Məhkəməsinin 02 iyul 2021-ci il tarixli e-2-2(103)-690/2021 saylı qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin icraatında olan e-2-2(103)-690/2021 saylı kommersiya mübahisəsi ilə e-2-2(103)-28/2021 saylı kommersiya mübahisəsi birlikdə baxılmaq üçün bir icraatda birləşdirilmişdir. Məhkəmə iclasında İddiaçı QSC BOKT-nın nümayəndəsi Nümayəndə2 və cavabdeh Azərbaycan Beynəlxalq Bankı" ASC-nin nümayəndəsi Nümayəndə3 apellyasiya şikayətlərinə etiraz etdilər. Cavabdeh1-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, Bakı Kommersiya Məhkəməsinin 11.03.2021-ci il tarixli e-2-2(113)-142/2021 saylı qətnaməsindən iddiaçı Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 28.04.2021-ci il tarixli 2-2(81)-381/2017 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti isə qismən təmin edilməlidir. Belə ki, iş materiallarından müəyyən olunur ki, borc verən “Azərbaycan Beynəlxalq Bankı" ASC ilə borc alan Cavabdeh1 arasında 1.000.000 Avro məbləğində kredit xəttinin açılması barədə 07 aprel 2008-ci il tarixli 2599 nömrəli, 350.000 manat məbləğində kredit xəttinin açılması barədə14 mart 2008-ci il tarixli 2575 nömrəli, 1.490.000 manat məbləğində kredit xəttinin açılması barədə 29 may 2013-cü il tarixli 7128 nömrəli, 1.450.000 manat məbləğində kredit xəttinin açılması barədə 20 dekabr 2010-cu il tarixli 5089 nömrəli, 1.000.000 manat məbləğində kredit xəttinin açılması barədə 26 dekabr 2008-ci il tarixli 3249 nömrəli, 1.500.000 manat məbləğində kredit xəttinin açılması barədə 20 iyun 2008-ci il tarixli 2470 nömrəli kredit müqavilələri imzalanmışdır. "xxxx" ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış Tələb hüququnun güzəşt edilməsinə dair 11.08.2015-ci il tarixli müqaviləyə görə "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. İddiaçı bildirir ki, cavabdeh müqavilələr üzrə öz üzərinə düşən öhdəlikləri lazımi qaydada icra etməmişdir. Cavabdehin kredit müqavilələri üzrə əsas borcu 7.775.781,80 manat, faiz borcu 1.236.010,70 manat, cəmi borcu isə 9.011.792,50 manat təşkil edir. Cavabdeh1-nin direktoru Nümayəndə5 birinci instansiya məhkəməsində iddianı tam etiraf edilməsi barədə ərizə verərək, bildirmişdir ki, iddia ərizəsində göstərilən 9.011.792,50 (əsas borc 7.775.781,80 manat, faiz borcu 1.236.010,70 manat) məbləğində borcun mövcudluğunu qəbul edir. Həmin borc Cavabdeh1 ilə "xxxx" ASC arasında 2008- 2013-cü illərdə bağlanmış kredit müqavilələrinə əsasən yaranmışdır. Ona görə də iddianın tam təmin olunmasına etiraz etmir və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş edir. Daha sonra Cavabdeh1 yeni iddia irəli sürərək bildirmişdir ki, həmin müqavilələr formal olaraq imzalanmış, qeyd olunan kredit müqavilələri üzrə kredit məbləğləri iddiaçının bank hesabına köçürülməmiş və ya nağd olaraq iddiaçı hüquqi şəxsin rəhbərlərinə təqdim edilməmişdir. Qeyd olunan kredit məbləğlərindən cəmi 40.000 manat məbləğində kredit götürülərək Dünyamin Xəlilova təqdim olunmuşdur. Bu hal cinayət işi üzrə çıxarılmış hökmdə qeyd olunub və bu hal məhkəmə tərəfindən müəyyənləşdirilərək təsdiq olunmuşdur. Qeyd olunan hal hazırkı iş üzrə preyudisial əhəmiyyət daşıyır və işin mübahisəsiz halıdır. Cinayət işi üzrə "xxxx" QSC Cahangir Hacıyev, Nümayəndə5 və Dünyamin Xəlilova qarşı mülki iddia qaldırmış, hazırkı kredit müqavilələri üzrə məbləğlərin onlardan tutulmasını xahiş etmişdir. Lakin mülki iddia qismən təmin edilmiş, hazırkı kredit məbləğlərindən cəmi 40.000 manat məbləğində pul Cahangir Hacıyev və Dünyamin Xəlilovdan tutulmuşdur. Məhkəmə mülki iddianı Nümayəndə5 və tam məbləğdə olan kredit məbləğinə münasibətdə təmin etməmişdir. Göründüyü kimi, hazırkı müqavilələr üzrə milyonlarla manatın deyil, cəmi 40.000 manat məbləğində pulun bankdan çıxarıldığı müəyyən olunmuş, həmin pul məbləği də C.Hacıyev və D.Xəlilova verildiyi üçün məhkəmə hökmü ilə məhz onlardan tutulmuşdur. Hökm üzrə Nümayəndə5 kredit müqavilələri üzrə maddi ziyanın vurulması hissəsində təqsiri müəyyən edilməmiş, onun həqiqətən də formal rəhbər olduğu mötəbər sübutlarla, təqsirləndirilən şəxslərin ifadələri və işin digər halları ilə öz təsdiqini tapmışdır. Lakin hazırkı əqddə səlahiyyətli şəxsin, yəni Nümayəndə5 iradəsi olmadığı və müqavilə onun təşəbbüsü ilə imzalanmadığı, formal əqd olduğu, həmçinin başqa əqdi pərdələmək üçün imzalandığına görə etibarsızdır. Cavabdeh İddiaçı QSC BOKT həmin iddia tələbinə etiraz edərək, iddianın rədd edilməsini xahiş edir. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı QSC BOKT-un iddiası qismən əsaslıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 52.2, 52.5, 191.1, 191.3, 220.4-cü maddələrindən müəyyən olunur ki, iddia tələbinin etiraf edilməsi cavabdehin hüququdur. Cavabdeh bu hüquqdan istifadə etdikdə, yəni iddia tələbini etiraf etdikdə isə məhkəmə iki məsələni araşdırılmalıdır - birincisi bunun qanuna zidd olub-olmaması, ikincisi hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozub-pozmaması. Yalnız bu hallar və ya onlardan hər hansı biri müəyyən olunduqda məhkəmə iddianın etiraf edilməsini qəbul etmir və mübahisəyə mahiyyəti üzrə baxır. Digər hallarda isə cavabdeh tərəfindən iddianın etiraf edilməsi məhkəmə tərəfindən təsdiq edilir, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır və qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Hazırkı işdə də cavabdeh tərəfindən borcun tutulması hissəsində iddianın etiraf edilməsinin qəbul edilməməsi üçün heç bir əsas yoxdur. Bu baxımdan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq borcun tutulması hissəsində iddianın etiraf edilməsini qəbul etmiş və iddia tələblərini təmin etmişdir. Bununla yanaşı kollegiya hesab edir ki, iddianın digər hissələrində cavabdehin etirafı qəbul edilə bilməz. Belə ki, Mülki Prosessual Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Bu baxımdan qeyd olunur ki, tərəflər arasında kredit müqavilələri təminatsız olmaqla, onların təminatı kimi hər hansı ipoteka və ya girov müqavilələri bağlanmamışdır. Göründüyü kimi həmin tələblərin hər hansı qanuni və müqavilə əsası yoxdur. Bundan başqa iddiaçı tərəfindən irəli sürülmüş həmin tələblər qeyri-müəyyəndir və konkret olaraq tutmanın cavabdehin hansı əmlakına yönəldilməsi qeyd olunmamışdır. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı tərəfindən irəli sürülmüş borc tələbinin cavabdehə məxsus daşınmaz əmlaklara, daşınar əmlaklara (nəqliyyat vasitələrinə və digər daşınar əmlaklara), bank hesablarındakı pul vəsaitlərinə, digər hüquqi şəxslərin nizamnamə kapitalındakı iştirak paylarına yönəldilməsi, cavabdehin həmin əmlaklar üzərindəki mülkiyyət hüquqlarına xitam verilməsi, iddiaçının həmin əmlaklar üzərində mülkiyyət hüquqlarının tanınması və müvafiq olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və digər səlahiyyətli orqanların üzərinə iddiaçının qeyd edilən əmlakların yeni mülkiyyətçisi kimi qeydiyyata alınması barədə öhdəliyin qoyulması barədə tələblər rədd edilməli və buna görə də, birinci instansiya məhkəməsinin qətnaməsi həmin hissədə ləğv edilməlidir. Kredit borcunun tutulması hissəsində isə qətnamə dəyişdirilmədən saxlanılmalı və həmin iddiaya münasibətdə Cavabdeh1-nin apelyasiya şikayətinin dəlilləri əsassız hesab edilməlidir. Belə ki, birinci instansiya məhkəməsində cavabdeh iddianı etiraf etdiyi halda, apellyasiya şikayətində iddiaya etiraz etmişdir. Halbuki Mülki Prosessual Məcəllənin 372.2ci maddəsində təsbit olunmuşdur ki, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Cavabdeh isə qeyd olunan prosessual normanın tələblərinə riayət etməmişdir. Ona görə də, məhkəmə kollegiyasının gəldiyi nəticə yalnız birinci instansiya məhkəməsində tərəflərin istinad etdiyi faktlara və sübutlara əsaslanmışdır. Bundan başqa nəzərə alınır ki, apellyasiya şikayətində iddianın etirafı barədə ərizənin imzalanması və möhürün vurulması etiraf edilmişdir. Həmin imzanın çəkilməsi və möhürün vurulması şəraiti ilə bağlı hallar isə hər hansı sübutla təsdiq edilmir. Eyni zamanda iddianın etirafı ərizəsində cavabdehin iradə ifadəsi və bunun nəticələri aydın əks olunmuşdur. Həmçinin kollegiya hesab edir ki, Cavabdeh1 tərəfindən irəli sürülmüş kredit müqavilələrinin etibarsız hesab edilməsi barədə iddia tələbləri əsassızdır. Belə ki, iddiaçı Cavabdeh1 həmin müqavilələri həm formal bağlandığını, yəni uydurma əqd olduğunu, həm də başqa əqdi pərdələmək üçün bağlandığını, yəni yalan əqd olduğunu bildirir. Mülki Məcəllənin 340.1-ci maddəsinə görə uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Həmin Məcəllənin 340.2-ci maddəsində isə göstərilmişdir ki, yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Lakin hazırki işdə mübahisələndirilən müqavilələrin uydurma və ya yalan əqd olmaları təsdiq olunmur. Belə ki, ilk olaraq kollegiya qeyd edir ki, eyni əqdin həm uydurma, həm də yalan əqd kimi təqdim edilməsi özü-özlüyündə əsassızdır. Eyni zamanda İddiaçı QSC BOKT-un iddiası üzrə birinci instansiya məhkəməsində Cavabdeh1-nin qanuni təmsilçisi həmin müqavilələrin bağlandığını və bütövlükdə iddianı etiraf etmişdir. Bundan başqa birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin qanuni qüvvəsini almış 05.09.2019-cu il tarixli hökmündə iddiaçı tərəfindən etibarsız hesab edilməsi tələb olunan müqavilələrdən yalnız 29.05.2013cü il tarixli 7128 nömrəli kredit müqaviləsi göstərilmiş, həmin müqavilənin etibarsız və ya digər əqdi pərdələnməsini təsdiq edən preyudisial halın olması müəyyən edilməmişdir. Bu baxımdan kollegiya hesab edir ki, həmin iddia tələbləri rədd edilməlidir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-142/2021 saylı 11.03.2021-ci il tarixli qətnaməsindən iddiaçı Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və həmin qətnamə dəyişdirilmədən saxlanılmalı, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-381/2017 saylı 28.04.2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilməli, həmin qətnamə qismən, yəni borc tələbinin Cavabdeh1-yə məxsus əmlaklara yönəldilməsi hissəsində ləğv edilməli, həmin hissədə iddia rədd edilməli və qətnamə borcun tutulması hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-142/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 11.03.2021-ci il tarixli qətnaməsindən iddiaçı Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin və həmin qətnamə dəyişdirilmədən saxlanılsın. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-381/2017 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 28.04.2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. Həmin qətnamə qismən, yəni borc tələbinin cavabdehə məxsus daşınmaz əmlaklara, daşınar əmlaklara (nəqliyyat vasitələrinə və digər daşınar əmlaklara), bank hesablarındakı pul vəsaitlərinə, digər hüquqi şəxslərin nizamnamə kapitalındakı iştirak paylarına yönəldilməsi, cavabdehin həmin əmlaklar üzərindəki mülkiyyət hüquqlarına xitam verilməsi, iddiaçının həmin əmlaklar üzərində mülkiyyət hüquqlarının tanınması və müvafiq olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və digər səlahiyyətli orqanların üzərinə iddiaçının qeyd edilən əmlakların yeni mülkiyyətçisi kimi qeydiyyata alınması barədə öhdəliyin qoyulması hissəsində ləğv edilsin və həmin hissədə iddia rədd edilsin. Qətnamə borcun tutulması hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vidadi Məmmədov Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar