Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-28/2022 28.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Ayşəm Lehsan qızı Əliyevanın katibliyi ilə, İddiaçı2 Cavabdeh qarşı “icarə haqqının, elektrik enerjisi haqqının və əmlaka vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası üzrə 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-2(82)-238/2019 saylı 13 mart 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya işinə 28 sentyabr 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı1 Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai rayon məhkəməsinə müraciət edərək, cavabdehdən ödəmədiyi 7500 manat icarə haqqının və icarəyə götürdüyü qeyri-yaşayış sahəsində oğurlanan zəruri ləvazimatlara (qab-qaşıq və mebellərə), avadanlıqlara görə ona vurulan 20000 manat miqdarında zərərin, işlədib ödəmədiyi elektrik enerjisinə görə 4550 manat məbləğində, cəmi 32050 manat miqdarında pul vəsaitinin alınaraq ona verilməsi və on iki il müddətə işlədərək yararsız vəziyyətə saldığı «Durna Teli» kafesinin əsaslı təmir olunaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh 2006-cı il tarixdən etibarən onun faktiki sahibliyində (baş etibarnaməli) olan, dövlət əmlakının idarə olunması və özəlləşdirilməsi departamenti tərəfindən xx.xx.2003-cü il tarixdə 02 saylı kitabın 50-ci vərəqində qeydiyyata alınmış, qeydiyyat nömrəsi 001005 olan, dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında şəhadətnaməyə əsasən Bakı ş., Xətai rayonu. Nobel prospekti, 141 ünvandayerləşən, ümumi sahəsi 154,5 kv.m olan «Durna Teli» kafesini aylıq 500 manat miqdarında icarə haqqı ödəməklə icarəyə götürərək işlətmişdir. 15 may 2012-ci il tarixdən etibarən onun şəxsi təklifilə əsasən notariat qaydada icarə müqaviləsi bağlanılmışdır. 2012-ci il tarixdə bağlanan icarə müqaviləsinin 4.3-cü bəndinə əsasən tərəflərdən hər biri müqavilədə nəzərdə tutulan müddətin başa çatmasına 30 gün qalmış hazırki müqavilənin ləğv etmək niyyəti barədə qarşı tərəfə yazılı surətdə rəsmi xəbərdarlıq etməzsə, müqavilənin qüvvəsi avtomatik olaraq növbəti 11 (on bir) ay müddətinə uzadılır. Bu minvalla «Durna Teli» kafesini icarəyə götürən Cavabdeh xeyli müddət işlətmişdir. 2017-ci ilin dekabr ayında gözlənilmədən ona məlumat verilmişdir ki, «Duma Teli» kafesinin içərisindəki qab-qaşığı və avadanlıqları oğurlayıb aparmaqla bahəm seyf qapını, digər qapı və pəncərələri də çıxarmaqla kafeni talan ediblər. İddiaçı Bakı şəhəri Xətai rayon polis idarəsinin 37-ci Polis bölməsinə və 112 xidmətinə məlumat vermişdir. Ona oğurluq nəticəsində vurulan zərər polis tədqiqatçısı tərəfindən siyahıya alınaraq hesablanmışdır. Nəticəsi barədə bu vaxtadək ona heç bir məlumat verilməmişdir. Müqavilənin 2.2.8-ci bəndinə əsasən icarəçi qeyriyaşayış sahəsini ləvazımatı ilə birlikdə qəbul edib bu müqavilə ilə müəyyən edilmiş icarə haqqını ödəməyi və müqavilədə göstərilən müddət başa çatdıqda onu dərhal qəbul etdiyi vəziyyətdə icarəyə verənə qaytarmağı öhdəsinə götürmüşdür. İcarəçi Cavabdeh icarə müqaviləsinə xitam verilməsi haqqında heç bir müraciət etmədiyi halda icarəyə götürdüyü «Durna Teli» kafesini oğurladaraq ona oğurlanan ləvazimatlara və avadanlıqlara görə 20000 manat miqdarında zərər vurmuşdur. 15 ay icarə haqqını ödəmədiyindən aylıq icarə haqqına görə 7500 manat miqdarında borcu qalmışdır. İstifadə edib ödəmədiyi elektrik enerjisinə görə borcu 4550 manat təşkil edir. Müqavilə şərtlərinə uyğun olaraq «Durna Teli» kafesi cavabdehin maliyyə vəsaiti hesabına əsaslı təmir olunaraq ona təhvil verilməlidir. Bakı şəhəri Xətai rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli qərardadı ilə əsl olmayan İddiaçı1 əsl İddiaçı2 ilə əvəz edilmişdir. Bakı şəhəri Xətai rayon məhkəməsinin 2(011)5321/2018 saylı 13 avqust 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh ödənilməmiş icarə haqqına görə 5000 manat alınaraq İddiaçı2 ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)11448/2018 saylı 30 oktyabr 2018-ci il tarixli qərardadı ilə Bakı şəhəri Xətai rayon məhkəməsinin 2(011)5321/2018 saylı 13 avqust 2018- ci il tarixli qətnaməsi ləğv edilmiş, mülki iş aidiyyəti üzrə baxılması üçün 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-238/2019 saylı 13 mart 2019cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh 5000 manat məbləğində icarə haqqı və 15 manat dövlət rüsumu tutularaq İddiaçı2 ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Həmin qətnamədən iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-238/2019 saylı 13 mart 2019-cu il tarixli qətnamənin təmin edilməyən hissəsində ləğv edilməsi və iddia tələbinin həmin hissədə təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun olaraq əsaslandırılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-629/2019 saylı 17 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qətnamədən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsi Kommersiya Kollegiyasının 2-2(102)- 161/2021 saylı 20 aprel 2021-ci il tarixli qərarı ilə kassasiya şikayətinin təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-629/2019 saylı 17 sentyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilərək işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır. Hazırki işə apellyasiya qaydasında yenidən baxılması sonuncu dəfə xx.xx.2022-ci il tarixə təyin edilmişdir. Həmin tarixdə keçirilən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasında iştiraklarını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələbinə görə hazırki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, şikayətin dəlillərini, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırki işdə apellyasiya şikayəti iddiaçı tərəfindən verilib, məhkəmə qətnaməsinin iddianın təmin olunmayan hissəsində ləğv edilib, həmin hissədə iddianın təmin olunması xahiş edildiyi üçün məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı iddia tələbinin təmin olunmayan hissəsində yoxlanılır. Nəzərə alınmalıdır ki, məhkəmə qətnaməsinin “iddianın təmin olunduğu” hissəsi artıq qanuni qüvvəsini almışdır. İş materiallarında olan İddiaçı2 ilə icarəçi Cavabdeh arasında xx.xx.2012- ci il tarixdə bağlanılmış icarə müqaviləsindən görünür ki, həmin müqavilə icarəyə verənin Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamenti tərəfindən xx.xx.2003-cü il tarixdə 02 saylı kitabın 50-ci vərəqində qeydiyyata alınmış, qeydiyyat nömrəsi 001005 olan Dövlət Əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında şəhadətnaməyə əsasən ona məxsus olan Bakı şəhəri. Xətai rayonu, Nobel prospekti, 141 ünvanda yerləşən, ümumi sahəsi 154.5 kv.m. olan «Durna Teli» kafesini bir aylıq icarə haqqı 500 manat olmaqla icarəçinin istifadəsinə verilməsi haqqında bağlanmışdır. "xxxx" ASC-nin xx.xx.2018-ci il tarixli HX-18/2513 nömrəli məktubundan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 141 ünvanda yerləşən «Durna Teli» kafesinin elektrik enerjisindən istifadəyə görə xx.xx.2018-ci il tarixə 4951.12 manat borcu vardır. Xətai RPİ-nin İstintaq Şöbəsinin baş müstəntiqi Tofiq Namazovun cinayət işinin başlanılmasının rədd edilməsi haqqında xx.xx.2018-ci il tarixli qərarının surətindən görünür ki, İddiaçı1 Xətai RPİ-nin 37-ci PB-nə daxil olmuş müraciətində on il ərzində özünə məxsus Xətai rayonu. Nobel prospektində yerləşən «Durna teli» kafesini Rauf adlı şəxsə icarəyə verməsinə baxmayaraq xx.xx.2017-ci il tarixdə həmin kafeyə gələrkən qapı və pəncərələrin yerində olmadığını, kafenin içərisində olan əşyaların dağınıqlı vəziyyətdə olmasını və ona 10.000 manat maddi ziyan dəyməsini bildirmişdir. Qərarda həmçinin göstərilir ki, aparılan araşdırma zamanı dəvət edilmiş ərizəçi İddiaçı1 telefon vasitəsi ilə bildirmişdir ki, o, qeyd edilən obyektini icarəyə verdiyi Rauf adlı şəxsi məhkəməyə vermiş, hazırda Xətai Rayon Məhkəməsində bu işə baxılmaqdadır. O, 10 ilə yaxın həmin obyekti icarəyə götürərək işlətməsinə baxmayaraq obyekti yararsız hala salaraq ona maddi ziyan vurmuşdur. Bu barədə müvafiq arayış tərtib edilərək iş materiallarına əlavə edilmişdir. Göründüyü kimi, bu faktda cinayət hadisəsi yoxdur. Şəxslər arasında olan münasibətlər mülki xarakterlidir. Buna görə də toplanmış material üzrə cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilməlidir. Beləliklə, məhkəmə araşdırmaları zamanı müəyyən olunmuşdu ki, cavabdeh xx.xx.2012-ci il tarixli müqaviləyə əsasən iddiaçıya məxsus Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 141 ünvanda yerləşən ümumi sahəsi 154,5 kv.m. olan “Durna teli” kafesini bir aylıq icarə haqqı 500 manat olmaqla icarəyə götürərək razılaşdırılmış icarə haqqını .dəmək barədə öhdəlik götürmüş, lakin öhdəliyini lazımi qaydada icra etmədiyinə görə onun icarə haqqı borcu yaranmışdır. Tərəflər arasında bağlanmış xx.xx.2012-ci il tarixli icarə müqaviləsinin 4.3-cü bəndində göstərilmişdi ki, tərəflərdən hər biri müqavilədə nəzərdə tutulan müddətin başa çatmasına 30 gün qalmış hazırki müqaviləni ləğv etmək niyyəti barədə qarşı tərəfə yazılı surətdə rəsmi xəbərdarlıq etməzsə, müqavilənin qüvvəsi avtomatik olaraq növbəti 11 ay müddətinə uzadılır. Birinci instansiya məhkəməsi iddiaçının iddia tələbini “2500 manat icarə haqqının, avadanlıqlara görə ona vurulan 20000 manat miqdarında zərərin, işlədib ödəmədiyi elektrik enerjisinə görə 4550 manat məbləğində pul vəsaitinin alınaraq ona verilməsi və on iki il müddətə işlədərək yararsız vəziyyətə saldığı «Durna Teli» kafesinin əsaslı təmir edilməsi” hissələrində təmin etməmişdir. Kollegiya birinci instansiya məhkəməsi tərəfindən “icarə haqqının ödənilməsi” ilə bağlı təmin edilməmiş hissəyə münasibətdə qeyd edir ki, iddia ərizəsindən də görünür ki, iddiaçı xx.xx.2017-ci il tarixindən xx.xx.2018-ci il tarixədək ödənilməmiş icarə haqqını tələb edir. Lakin nəzərə alınmalıdır ki, iddiaçı özü iddia ərizəsində cavabdehin qeyriyaşayış sahəsindən istifadə etməməsi halının ona xx.xx.2017-ci ildə məlum olması və cavabdeh tərəfindən sonuncu ödənişin xx.xx.2017-ci ildə olduğunu qeyd etmişdir. İşin faktiki halına görə, iddiaçı tərəf həmin kafeyə gələrkən qapı və pəncərələrin yerində olmadığını, kafenin içərisində olan əşyaların dağınıqlı vəziyyətdə olmasını görmüş və bu barədə polisə məlumat vermişdir. Odur ki, qeyd olunan halı nəzərə alaraq birinci instansiya məhkəməsi düzgün olaraq icarə haqqının xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixə qədər tələb olunması hissəsində iddianı təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 700-cü maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur (700.1). İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər (700.2). Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir (700.3). Həmin məcəllənin 675-ci maddəsinə görə əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 684.1-ci maddəsinə əsasən, əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissə-hissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir. Kollegiya iddia tələbinin “avadanlıqlara görə vurulan 20000 manat miqdarında zərərin ödənilməsi, işlədib ödəmədiyi elektrik enerjisinə görə 4550 manat məbləğində pul vəsaitinin alınaraq ona verilməsi və “«Durna Teli» kafesinin əsaslı təmir olunaraq ona qaytarılması” hissələrinə münasibətdə qeyd edir ki, tələb edilmiş bu hallar iddiaçı tərəfindən sübuta yetirilməmişdir. Həmçinin elektrik enerjisi ilə bağlı təqdim edilmiş arayışdan da həmin sərfiyyatın məhz cavabdehin icarədə olduğu dövrdə hesablanmasını müəyyən etmək mümkün deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə hüququ pozulmuş şəxsin mülki hüquq pozuntusu törədilməsi nəticəsində əmlak sahəsində mənfi nəticələrin yaranması deməkdir. Bu mənfi nəticələr iki 2 hissədən ibarətdir - real zərər və əldən çıxmış fayda. Real zərərin tərkibinə müvafiq şəxs tərəfindən faktiki çəkilmiş xərclərlə bərabər, pozulmuş hüququn bərpası üçün aparılması olan xərclər də daxildir. Belə xərclərin zəruriliyi və onların təxmini həcmi əsaslandırılmış hesablaşmalarla, sübutlarla (smeta, kalkulyasiya və s.) təsdiq olunmalıdır. Bundan əlavə, məlum olduğu kimi, Azərbaycan Respublikası Mülki Məcəlləsi (bundan sonra - MM) zərər vurulmasını öhdəliyin əmələ gəlmə əsaslarından biri kimi təsbit edir (m. 386.1). MM daha sonra mülki hüquq pozuntusunun (deliktin) anlayışını və delikt törətmiş şəxsin məsuliyyətinin yaranması əsaslarını nəzərdə tutur (m. 1096 və 1097). Həmin maddi hüquq normalarının dispozisiyasından aydın olur ki, mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərə görə məsuliyyətə cəlb etmək üçün (1) zərərin özünün varlığı, (2) zərər vuranın təqsirli (təqsirsiz məsuliyyət halları istisna olmaqla) və (3) hüquqa zidd əməli, (4) əməllə zərər arasında səbəbli əlaqənin mövcudluğu tələb olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Qeyd edilən normalardan görünür ki, mülki qanunvericilikdə delikt törətmiş şəxsin təqsirinin sübut etməsi əməlinin əks olunması yox, onun təqsirli olmaması əməlinin əks etdirilməsi vacibdir. Mülki qanunvericilik istər müqavilə öhdəlikləri, istərsə də delikt öhdəliklərində zərərvuranın (hüquq pozan şəxsin) təqsir prezumpsiyasını müəyyənləşdirir. Təqsir prezumpsiyasına görə şəxs zərərəin vurulmasında özünün təqsirinin olmamasını sübuta yetirənədək təqsirli hesab edilir. Yəni, təqsirinin olmadığını sübut etmə yüklü zərərvuran şəxsin üzərinə düşür. Buna uyğun olaraq zərərçəkən və zərərvuran arasında sübuta yetirmə yükü bölünür: zərərin əvəzinin ödənilməsi barədə tələblə məhkəməyə müraciət edən zərərçəkən ona zərər vurulması faktını, səbəbli əlaqəni sübuta yetirməyə borcludur. Zərərvuran şəxs isə öz növbəsində etdiyi hərəkətin hüquqazidd olmamasını və təqsirsizliyini sübut etməlidir. Belə ki, ziyanın ödənilməsi ilə bağlı tələb öncə həmin ziyanı onu vuran şəxsə aid edilməsini nəzərdə tutur. Göründüyü kimi, qüvvədə olan qanunvericiliyə müvafiq olaraq Cavabdeh vurulmuş maddi ziyana görə məsuliyyət daşıması üçün cavabdehin iddiaçıya birbaşa və ya zərər vurulması ilə nəticələnən hüquqa zidd əmələ təqsirli şəkildə yol vermiş olması tələb olunur ki, bu hal da məhkəmə araşdırmaları zamanı öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1 maddəsinə müvafiq olaraq sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə Kollegiya qeyd edir ki, həmin dəlillər formal xarakter daşımaqla yanaşı, məhkəmə qətnaməsinin mübahisələndirilən hissədə ləğv edilib, iddianın həmin hissələrdə təmin olunması üçün əsas vermir. Qeyd olunanlarla bağlı məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən- iddia tələbinin təmin olunmadığı hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-238/2019 saylı 13 mart 2019cu il tarixli qətnaməsi mübahisələndirilən- iddia tələbinin təmin olunmadığı hissələrdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apelyantın özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-2(103)-28/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-28/2022
28.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər - Aidiyyəti üzrə daxil olan işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver