Məhkəmə qərarları › İş №2-2(103)-739/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-739/2021

16.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər - Aidiyyəti üzrə daxil olan işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-739/2021 16.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi, iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Kazımov Taleh Zakir oğlunun iştirakı ilə cavabdeh X2 qarşı lizinq müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-47/2021 nömrəli iş üzrə 13 aprel 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə аçıq məhkəmə iclаsındа bаxаrаq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, 1.442.470 manat əsas borcun, 1.349.338,74 manat cərimənin və 30 manat dövlət rüsumunun, cəmi 2.791.838,74 manatın cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 13.04.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 1.442.470 manat məbləğdə əsas borc, 20.000 manat məbləğdə cərimə olmaqla, ümumilikdə 1.462.470 manat məbləğdə pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 16 manat məbləğdə pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, ekspertizaların keçirilməsinə xərclənmiş 340 manat məbləğdə pul vəsaitinin 178 manat məbləğdə hissəsinin cavabdehdən, 162 manat məbləğdə hissəsinin iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir. Qətnamə ilə razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, məhkəmə iddiaçının subyektiv hüququnun olmamasını nəzərə almamışdır. Belə ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbacan Respublikası Prezidentinin 17 avqust 2020-ci il tarixli Fərmanının 2.2-ci maddəsinə əsasən, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə keçir. Həmin Fərmanın 3.1-ci bəndinə əsasən, bu Fərmanın 2.2-ci bəndində nəzərdə tutulan hüquq və öhdəliklərin (lizinq alanların və lizinq obyektlərinin siyahısı, habelə lizinq ödənişləri üzrə borcların məbləği müəyyənləşdirilməklə) altı ay müddətində Agentliyə ötürülməsi üçün tədbirlər görülməsi Nazirlər Kabinetinə həvalə edilmişdir. Göründüyü kimi, aradan altı aydan daha uzun müddət keçdiyi üçün İddiaçı Açıq Səhmdar Cəmiyyətinin müvafiq iddia ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ yoxdur. Bundan başqa, məhkəmə 1.442.470 manat məbləğdə əsas borc, 20.000 manat məbləğdə cərimə borcunun cavabdehdən tutulması barədə qətnamə qəbul edərkən lizinq obyektinin amortizasiya faktını nəzərə almamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.3-cü maddəsinə əsasən, lizinq müqaviləsinə görə, lizinq alana müqavilə müddəti qurtardıqdan sonra lizinq predmetini əldə etmək və ya kirayələmək vəzifəsi həvalə edilə bilər və ya belə hüquq verilə bilər, bu şərtlə ki, müqavilə öz predmetinin tam amortizasiyası ilə bitməsin. Qəti dəyər hesablanarkən amortizasiya faktı bütün hallarda nəzərə alınmalıdır. Əgər müqavilədə müvafiq müddəa yoxdursa, lizinq alanın lizinq predmetini əldə etməyə ixtiyarı çatır. İşə apellyasiya qaydasında baxılarkən iddiaçının nümayəndəsi şikayəti qəbul etməyib, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 372-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İşin mübahisəsiz hallarına görə, tərəflər arasında İddiaçı ASC-yə məxsus istixana avadanlıqlarının quşadırılma ilə birlikdə lizinqə verilməsi barədə” 22.01.2014-cü il tarixli 04-LA/14 saylı müqavilə bağlanmışdır, müqavilə ilə ümumi dəyəri 2.767.600 manat olan Masallı rayonunda 2.5 ha sahədə istixana avadanlıqları quraşdırılması ilə birlikdə dəyəri lizinq ödəniş qrafikində göstərilən qaydada ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alan cavabdehin mülkiyyətinə verilməsi şərti ilə 10 il müddətədək ona lizinqə verilmişdir, Masallı rayonu Şərəfə kəndi ərazisində 2.5 ha sahədə quraşdırılmış xüsusi polietilen örtüklü, tunel tipli istixana avadanlıqları və konstruksiyaları 12.11.2013-cü il tarixli aktla lizinq alan cavabdehə təhvil verilmişdir, Azərbacan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22.01.2021-ci il tarixli 9/23 nömrəli ekspert rəyinə əsasən cavabdehin 22.01.2014-cü il tarixli 04-LA/14 saylı müqaviləsi üzrə 12.11.2020-ci il tarixə əsas borcu 1.442.470 manat, cərimə üzrə borcu 1.349.338,74 manat müəyyən edilmişdir. İşin qeyd olunan faktiki hallarına birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci və 467-ci maddələrini tətbiq etmişdir: 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur; 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbacan Respublikası Prezidentinin 17 avqust 2020-ci il tarixli Fərmanına əsasən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki İddiaçı ASC-nin adı dəyişdirilərək "xxxx" ASC adlandırılmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20.05.2011-ci il tarixli Qərarında göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” - “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” - “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir. ... Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Adıçəkilən Qərarın 1 və 2-ci bəndlərində Konstitusiya Məhkəməsi şərh etmişdir ki: “1. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. 2. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.” Konstitusiya Məhkəməsinin şərhini rəhbər tutan məhkəmə kollegiyasının qənaətinə görə, baxmayaraq ki, cavabdehin apellyasiya şikayəti ilə qətnamənin bütövlükdə ləğvi xahiş edilmişdir, onun şikayətinin dəlilləri yalnız iki məsələ - 1. iddiaçının subyektiv hüququnun olmaması; 2. lizinq obyektinin amortizasiya faktının nəzərə alınmaması ilə bağlı olduğundan, hazırkı apellyasiya araşdırmasının predmetini də həmin dəlillər təşkil etməli, qətnamənin tərəflərin mübahisələndirmədiyi, əsaslılığını şübhə altına almadığı qalan hissələrinə isə toxunulmamalıdır. Bu kontekstdə hüquqi qiymətləndirmə apardıqda müəyyən olunur ki, şikayətin ilk dəlili əsassızdır. Belə ki, işdə olan, AR Ali Məhkəməsi sədrinin bütün məhkəmələrə ünvanlanan 28.09.2020-ci il tarixli 2-582/20 nömrəli, AR Ali Məhkəməsi Kommersiya Kollegiyasının sədrinin iddiaçıya ünvanlanan 16.10.2020-ci il tarixli 2-559 nömrəli məktublarında bildirilmişdir ki, lizinq müqavilələri üzrə hüquq və öhdəliklərin Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ötürülməsi təmin edilənədək "xxxx" ASC-nin iştirakı ilə məhkəmələrin icraatında olan işlərə baxılması davam etdirilməli və sonuncu tərəfindən verilən iddia ərizələri icraata qəbul edilməlidir. Şikayətin ikinci dəlili də əsaslı deyil. Belə ki, dəlildə istinad olunan Mülki Məcəllənin 747.3-cü maddəsi tam amortizasiyaya uğrayan lizinq predmetinin müqavilə müddəti qurtardıqdan sonra əldə etmək yaxud kirayələmək vəzifəsini tənzimləyir ki, bu tənzimləmə də müqavilə tərəfinin razılaşdırılmış ödənişlərin vaxtında həyata keçirilməsini tələb etmək hüququna təsir etmir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləlilklə, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını apellyasiya şikayətinin dəlilləri həddində yoxlayan məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, qətnamə mübahisələndirilən hissədə maddi, bütövlükdə isə prosessual hüquq normalarına riayət olunmaqla qəbul edilmişdir. Hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur. Bununla bağlı olaraq, qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir (MPM-in 384.0.1-ci maddəsi). Göstərilənlərə əsasən və MPM-in 384, 392 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-47/2021 nömrəli iş üzrə 13 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh X1 apellyasiya şikayəti təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİMLƏR Vidadi Məmmədov Azər Hüseynov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar