Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-624/2021 29.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Kərimli İlham Əziz oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Vəliyev Elmar Valeh oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı «borcun ödənilməsi tələbinə dair» kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-476/2020 saylı 27.08.2020-ci il tarixli qətnaməsindən (hakim Səbinə Nuriyeva) iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə məhkəməyə müraciət edərək Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış 41.450,7 manat borcun və 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq Birliyin hesabına ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə cavabdehə məxsus istixanaya müxtəlif vaxtlarda iddiaçının nümayəndələri tərəfindən baxış keçirilmiş, bu zaman təbii qazdan qeyri-qanuni istifadə halları aşkar edilmiş və tərtib olunmuş aktlar əsasında iddiaçıya dəymiş ziyana görə hesabatlar aparılmışdır. Həmin hesabatlar üzrə iddiaçının 2018-ci ilin avqust ayına olan ümumilikdə borcu 42.218,40 manat təşkil etmiş, cavabdeh həmin məbləğdən qismən (767,70 manat) ödənişindən sonra onun 41450,7 manat borc ödənilməmiş qalmışdır. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-476/2020 saylı 27.08.2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. İddiaçı həmin qətnamə ilə razılaşmayaraq apelyasiya şikayəti vermiş və qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Belə ki, Birliyin əməkdaşları tərəfindən cavabdehə məxsus qeyri yaşayış sahəsində (istixana) təbii qazdan qanunsuz olaraq sayğacdan kənar istifadə edildiyi aşkar edilmişdir. 2011-ci ildən 2018-ci ilin iyul ayınadək mütəmadi olaraq aşkar edilən qanunsuz istifadə faktları iddiaçının əməkdaşları tərəfindən müvafiq qaydada aktlarla rəsmiləşdirilmiş və fotoşəkillər çəkilmişdir. Göründüyü kimi, istehlakçı müqavilənin şərtlərini və qazdan istifadə qaydalarının tələblərini kobudcasına pozaraq qaz kəmərinə qanunsuz müdaxilə edərək təbii qazı talamışdır. Bu səbəbdən də təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlara əsasən itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 42.218,40 manat məbləğində itirilmiş təbii qazın dəyərinin ödənilməsi üçün istehlakçıya bildiriş göndərilmişdir. Bu məbləğdən 767,70 manat hissəsi ödənilmişdir. Abonent saldosundan da görünür ki, cavabdeh təbii qazdan istifadə etdiyi halda, sayğac göstəriciləri dəyişməz olaraq qalmışdır. Cavabdehin hesablanmış məbləğin bir hissəsinin ödəməsi məntiqə sığmır. Qanunsuz istifadə olmasaydı bu məbləğin ödənilmənə nə zərurət vardır. Lakin məhkəmə buna əhəmiyyət verməmiş, cavabdeh tərəfindən qanunsuz istifadə faktı öz təsdiqini tapmağına baxmayaraq borcun tutulmasına deyil, əksinə dövlət əmlakının talanmasına səbəb olan qanunsuz qətnamə qəbul etmişdir. Təbii qazdan qanunsuz istifadə nəticəsində qeyri-qanuni faydalanan istehlakçılar tərəfindən zərər çəkmiş dövlət müəssisəsi olan qaz paylayıcısına dəymiş küllü miqdarda ziyan ödənilməlidir. Bazar iqtisadiyyatı şəraitində göstərilən xidmətlərdən qeyri-qanuni istifadə nəticəsində dəymiş ziyanın ödənilməsi üzrə müvafiq qərarın qəbul edilməsi üçün müəyyənedici meyar faydalanan və zərərçəkən tərəflərin olmasıdır ki, bu da aşkar surətdə bəllidir. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 26 noyabr tarixli, 2-2(103)-631/2020 saylı qətnaməsi ilə (hakimlər C.Yusifov (sədrlik edən), R.Qurbanov və E.Kazımov) iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 27 avqust tarixli, 2-2(113)-476/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(102)- 143/2021 saylı 07.04.2021-ci il tarixli qərarı ilə (hakimlər İ.Dadaşov(sədrlik edən), A.Hüseynov, B.Qəribov) iddiaçının kassasiya şikayəti əsasında Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 26 noyabr tarixli, 2-2(103)-631/2020 saylı qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. İşə apelyasiya qaydasında baxılması sonuncu dəfə 26.11.2021-ci il tarixə təyin edilmiş, məhkəmə qətnaməsi 29.11.2021-ci il tarixdə elan edilmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazimi məlumat verilməsinə baxmayaraq, cavabdeh sonuncu məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə izahatı dinləyərək, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin 27.08.2020-ci il tarixli 2-2(113)-476/2020 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilərək Cavabdeh iddiaçı "Azəriqaz" İB-nin xeyrinə 12550 manat borc, 45 manat dövlət rüsumu tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. İş materiallarındakı abunə saldosundan görünür ki, iddiaçı tərəfindən ödənilməsi tələb olunan 41.450,70 manat məbləğində pul məbləği cavabdehin təsərrüfat subyektində 2013-2018-ci illərdə aparılan yoxlamalar nəticəsində yoxlama aktları əsasında hesablanmışdır. Sonuncu yoxlama aktı 2018-ci ilin iyul ayında tərtib edilmişdir. İddianın qanuni əsasını aşağıdakı norma təşkil edir: “Qazdan istifadə qaydaları”nın 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Məhkəmə araşdırmaları nəticəsində müəyyən edilmişdir ki, Cavabdeh fərdi sahibkar olduğu halda (VÖEN **********) bu barədə İddiaçı İB-nə məlumat verməmiş, tərəflər arasında bağlanmış 22.01.2014-cü il tarixli, 281 saylı və 21.04.2017-ci il tarixli, 1688-04-17 saylı “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı barədə müqavilələrin heç birində cavabdehin fərdi sahibkar olması, onun vergi ödəyicisi kimi qeydiyyatdan keçməsi barədə hər hansı bir qeyd olmamışdır. Cavabdehin fərdi sahibkar statusuna malik olması barədə iddiaçının məlumatı olmadığı üçün iddiaçı borcun tutulması barədə hazırkı iddia ərizəsi ilə Sabunçu rayon Məhkəməsinə müraciət etmiş, Sabunçu rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi 02.05.2019-cu il tarixli qətnamədən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsi MK tərəfindən baxılarkən cavabdehin fərdi sahibkar olduğu müəyyən edilmiş, bu əsasla iş üzrə qəbul edilmiş qətnamə ləğv edilərək iş apellyasiya instansiyası məhkəməsinin 26.09.2019-cu il tarixli qərardadına əsasən baxılması üçün aidiyyəti üzrə 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinə göndərilmişdir. Birinci instansiya məhkəməsi iddianın rədd edilməli olduğuna dair iş üzrə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçı tərəfindən cavabdehə məxsus təsərrüfat subyektində (istixanada) «Qazdan istifadə Qaydalarına» riayət olunma vəziyyətinin yoxlanılması qanunvericiliyin müəyyən etdiyi qaydalara uyğun həyata keçirilmədiyindən, qaz təchizatı sahəsində təbii inhisarçı İddiaçı İB-nin apardığı yoxlama və ya baxış Ədliyyə Nazirliyi tərəfindən aparılan yoxlamaların Vahid məlumat reyestrində qeydə alınmadığından yoxlamanın nəticələri etibarsızdır. Məhkəmə gəldiyi nəticəni əsaslandırmaq üçün “Qaz təchizatı haqqında” Qanunun 3.5-ci maddəsinə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ciİ, 13.1, 17.3, 20.1-ci maddələrinə, Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü, 1.5, 1.6-1-ci bəndlərinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarına düzgün hüquqi qiymət verməmiş və maddi hüquq normalarını mübahisə üzrə düzgün tətbiq etmədiyindən qətnamə ləğv edilməlidir. Belə ki, işdən də göründüyü kimi, cavabdeh fərdi sahibkar olması barədə iddiaçıya məlumat vermədiyindən iddiaçı onunla müqaviləni məişət abonenti kimi bağlamışdır. Sahibkar olması barədə məlumat vermək vəzifəsi cavabdehin üzərinə düşdüyü halda bu məlumatı vermədiyindən ona məxsus obyektdə aparılmış yoxlamaların sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamasına görə məsuliyyət iddiaçının üzərinə qoyula bilməz. İşdəki abonent saldosuna əsasən cavabdehə məxsus obyektdə quraşdırılmış sayğac üzrə (səh. 170) 2013-cü ilin fevral – sentyabr, noyabr ayları, 2014-cü və 2015-ci il, 2017, 2018-ci il ərzində hər hansı sərfiyyat qeydə alınmamışdır. Cavabdeh məhkəmə iclaslarında 2016-cı ildən sonra fəaliyyətini dayandırdığını və təbii qazdan istifadə etmədəyini qeyd etsə də, bu barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Cavabdeh işə Sabunçu rayon məhkəməsində baxılarkən 30.04.2019-cu il tarixli məhkəmə iclasında iddianı qismən qəbul etdiyini bildirmiş, qaz xəttinə qanunsuz qoşulduğunu təsdiq etmiş, lakin istifadə etdiyi qazın dəyərini ödədiyini göstərmişdir. Halbuki saldoya əsasən müəyyən olunur ki, cavabdeh yalnız 2011-ci ildə 1330 manat, 2013-cü ildə 100 manat, 2015-ci ildə 200 manat, 2017-ci ildə isə 550 manat məbləğində ödəniş həyata keçirmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin iş üzrə qəbul edilmiş qərarında qeyd edilmişdir ki, “məhkəmələr tərəfindən işin qeyd edilən halları (iddiaçının iddianı qismən etiraf etdiyi) nəzərə alınmamış, cavabdehin həqiqi sərfiyyatının müəyyən edilməsi üzrə bütün lazımi tədbirlər görülməmiş, bu barədə müxtəlif vaxtlarda təyin edilmiş məhkəmə ekspertizalarının rəylərinin alınması təmin edilməmişdir. Halbuki iddiaçının istixanada (həmçinin fərdi yaşayış evində) quraşdırdığı qaz avadanlıqlarının istehlak gücü nəzərə alınmaqla, onun orta aylıq sərfiyyatı müəyyən edilməklə, onun qazdan istifadə üzrə tələb olunan müddət ərzində borcu müəyyən edilə bilərdi. Məhkəmə qərarları ilə isə qazdan faktiki istifadə etdiyi halda cavabdehin istifadə etdiyi qazın dəyərinin ödənilmədiyinə düzgün hüquqi qiymət verilməlidir.” Ali Məhkəmənin göstərişinə uyğun olaraq işə təkrar apelyasiya baxışı zamanı məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 15.10.2021-ci il tarixli ekspert rəyində qeyd edilmişdir ki, cavabdehə məxsus istixanalara baxış zamanı istixanaların daxilində və ya yaxınlığında qaz avadanlıqları aşkar edilmədiyinə, ekspert tədqiqatı üçün zəruri olan sənədlər təqdim edilmədiyinə, Cavabdeh baxışda iştirak etmədiyinə görə onun yaşadığı evin cihaz və avadanlıqlarına baxış keçirilməsi mümkün olmadığına görə Cavabdeh məxsus istixanada və fərdi yaşayış evində quraşdırılmış qaz avadanlıqlarının təbii qaz sərfiyyatını müəyyən etmək mümkün deyil. Məhkəmə kollegiyası hesab edir ki, 2013-2018-ci illər ərzində cavabdehin təbii qazdan qanunsuz-sayğacdan kənar istifadə etdiyi onun özünün etirafı və işdəki aktlardan aydın görünsə də, həmin dövr ərzində istehlak edilmiş təbii qazın dəyəri iddiaçının tərtib etdiyi aktlar əsasında müəyyən edilə bilməz. Belə ki, həmin aktlara əsasən cavabdehə məxsus istixanadakı qaz işlədicisinin (müqavilədə nəzərdə tutulmuş L şəkilli su qızdırıcısı) maksimal saatlıq qaz sərfinin hansı meyarlara görə müxtəlif vaxtlarda 6 m3, 12 m3, 18 m3, 24 m3, orta günlük iş rejiminin 16, 20, 24 saat qəbul edildiyi müəyyən edilmir. O cümlədən, cavabdehin istifadəsində müqavilədə qeyd edilmiş qaz işlədicisindən əlavə qaz cihazlarının olduğu iddiaçı tərəfindən tərtib edilmiş aktlardan başqa digər sübutlarla təsdiq edilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə uyğun olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşə Bakı Kommersiya Məhkəməsi tərəfindən baxılarkən 04.03.2020-ci il tarixli məhkəmə iclasında cavabdeh hakimin “orta sərfiyyat nə qədər olub?” sualına cavab olaraq bildirmişdir ki, “razılaşma olub ki, ayda 200 manat ödəniş edəcəyəm”. Məhkəmə kollegiyası cavabdehin orta aylıq sərfiyyatının ən azı 200 manat məbləğində olmasının onu özü tərəfindən qəbul edildiyini, onun yoxlanılan dövr ərzində orta aylıq qaz sərfiyyatının məhkəmə tərəfindən başqa qaydada müəyyən edilməsinin mümkün olmadığını nəzərə alaraq hesab edir ki, 2013, 2014, 2015, 2017, 2017, 2018-ci ilin yanvariyul ayları ərzində cavabdehin orta aylıq sərfiyyatı 200 manat qəbul edilərək onun qeyd edilən dövr üzrə təbii qazdan istifadəyə görə ödəməli olduğu məbləğ 13400 (67 ay x 200) manat müəyyən edilməli, bu məbləğdən həmin dövr ərzində cavabdehin ödədiyi 850 manat məbləğ çıxılaraq qalıq borc 12550 manat müəyyən edilməli, iddia həmin hissədə təmin edilməli, qalan hissədə borc tələbi əsassız hesab edilərək rədd edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin 27.08.2020-ci il tarixli 2-2(113)- 476/2020 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilərək Cavabdeh iddiaçı "Azəriqaz" İB-nin xeyrinə 12550 manat borc, 45 manat dövlət rüsumu tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı apelyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin 27.08.2020-ci il tarixli 2-2(113)-476/2020 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilərək Cavabdeh iddiaçı "Azəriqaz" İB-nin xeyrinə 12550 manat borc, 45 manat dövlət rüsumu tutulsun. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xeyrinə 102 manat ekspertiza xərci tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-2(103)-624/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-624/2021
29.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər - Aidiyyəti üzrə daxil olan işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver