Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-614/2021 08.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, İddiaçı iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-81/2021 nömrəli kommersiya mübahisəsi üzrə qəbul etdiyi 04.03.2021-ci il tarixli qətnaməsindən Cavabdeh ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı hesablanmış 37342,37 manat olmaqla, cəmi 44064 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 04.03.2021-ci il tarixli 2-2(113)-81/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh ASC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamışdır. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətinə etiraz etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, iş materiallarından müəyyən olunur ki, iddiaçı Əliyev X2 rayonu, Bakı Şamaxı şosesi ev 289 ünvanında yerləşən “Quşçuluq” fermasında sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Həmin müəssisəyə dair onunla Cavabdeh ASC arasında 07.02.2012-ci il tarixli “Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair” 130239 saylı müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh ASC İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu həmin fermanı içməli və istehsalat məqsədli su ilə təmin etməyi, tullantı sularının fasiləsiz qəbulunu həyata keçirməyi, İddiaçı isə su təchizatı və kanalizasiya xidmətlərinin haqqını ödəməyi öz öhdəsinə götürmüşdür. 28 noyabr 2018-ci il tarixdə Cavabdeh ASC-nin əməkdaşları tərəfindən iddiaçıya məxsus müəssisəyə baxış keçirilmiş və MXD-10505 nömrəli inventar aktı tərtib edilmişdir. Həmin aktla müəyyən edilmişdir ki, “Abşeron rayonu, Bakı-Şamaxı yolunda İddiaçı Xudu oğluna məxsus su xəttinə baxış keçirilən zaman məlum oldu ki, su sayğacları abonent tərəfindən su xəttinin üzərindən kəsilərək, götürülüb, su sayğaclarına baxış keçirilməyə şərait yaradılmadı. Qeyd olunun quşçuluq fermasında D=100 mm-lik boru vasitəsi ilə meliorasiya suyundan istifadə olunur. Kanalizasiya şəbəkəsi mövcuddur. Nəticə olaraq kanalizasiya hesabatının bərpa olunması məqsədəuyğundur. Həmin akt əsasında cavabdeh tərəfindən hesablanmış 44064 manat məbləğində zərər iddiaçıdan tələb olunmuşdur. İddiaçı bildirir ki, həmin akt qanunsuzdur və həqiqəti əks etdirmir. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, iddiaçı tərəfindən ötən illər ərzində su təchizatı sistemindən suyun buraxılmasına görə 2018-ci ilə qədər müəyyən məbləğ ödəsə də, 01.01.2018-ci il tarixindən Cavabdeh ASC-nin Abşeron Sukanal İdarəsinə ödənişlər etmir. 28 noyabr 2018-ci il tarixdə iddiaçıya məxsus qeyri-əhali kateqoriyasına aid “Quşçuluq” fermasının su xəttinə baxış nəticəsində 2019-cu ilin aprel ayında cəmi 44064,00 manat (37342,37 manat + 6721,63 ƏDV) məbləğində çirkab suyun axıdılması xidmətinin ödənişi üçün 21.04.2019-cu il tarixli, 13526054 saylı hesab-faktura təqdim edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddia əsaslıdır. Belə ki, “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununun 60-cı maddəsinin 1-ci bəndi, 61-ci maddəsinin 1-ci bəndi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 4.1 və 4.1.3-cü maddələrindən müəyyən olunur ki, su istehlakçıları istifadə etdikləri suyun və çirkab suyun axıdılması xidmətinin dəyərini ödəmək öhdəliyini daşıyır. Cavabdehin iddiaçıdan tələb etdiyi cəmi 44064,00 manat məbləğində borc məbləği də çirkab suyun axıdılması xidmətinə görə hesablanmışdır. Lakin hazırki işdə müəyyən olunur ki, iddiaçı tərəfindən çirkab suyun axıdılması xidmətindən istifadə edilməmişdir. Belə ki, Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 01.06.2020-ci il tarixli 10/1022 saylı ekspert rəyində göstərilmişdir ki, baxış zamanı Cavabdeh ASC-yə məxsus kanalizasiya xəttinə qoşulmaq üçün İddiaçı istifadəsində olan torpaq sahəsindən keçən hər hansı boru xətti aşkar edilmədi və cavabdehin baxışda iştirak edən nümayəndələri iddiaçının torpaq sahəsindən keçən çirkab suların axıdılması üçün hər hansı su və ya kanalizasiya boru xətlərini təqdim edə bilmədilər. Göründüyü kimi iddiaçıya əsassız olaraq istifadə edilməmiş xidmətin dəyəri hesablanmış və hesab-faktura təqdim edilmişdir. Ona görə də, iddiaçı həmin borcun silinməsini tələb etməkdə haqlıdır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-81/2021 nömrəli kommersiya mübahisəsi üzrə qəbul etdiyi 04.03.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vidadi Məmmədov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-614/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-614/2021
08.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər - Aidiyyəti üzrə daxil olan işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver