Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-280/2025 25.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: lizinq müqaviləsi, lizinq obyektinin qüsurlu olması, sübutetmə, maddi və mənəvi ziyan) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), X2 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, Hüseynli Adilə Adil qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh MMC-yə qarşı “əldən çıxmış faydanın, çəkilmiş xərclərin və işgüzar nüfuza dəymiş zərərin ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 02 dekabr 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. İddiaçı (lizinq alan) ilə Cavabdeh (lizinq verən) arasında 03 may 2024-cü il tarixdə AL/ML/3177 nömrəli X3 bağlanmış, müqaviləyə əsasən lizinq verən lizinq alan tərəfindən seçilmiş 1 ədəd “Deutz-Fahr C7206 TS” markalı taxılyığan kombaynı (lizinq obyekti) öz mülkiyyətinə əldə etməyi və lizinq obyekti qismində lizinq alana müəyyən haqq müqabilində müvəqqəti sahiblik və istifadəyə verməyi, lizinq alan isə lizinq obyektini müqavilənin şərtləri əsasında lizinqə qəbul etməyi öhdələrinə götürmüşlər.
2. Müqavilənin 1.3-cü, 2.2-ci və 3.2-ci bəndlərinə görə, lizinq obyektinin alış qiyməti 422 000 manat müəyyənləşdirilmiş, lizinq ödənişlərinin ümumi məbləğinin 253 200 manat, avans məbləğinin 84 400 manat, AKİA tərəfindən ödəniləcək güzəşt məbləğinin (“Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli 413 nömrəli Fərmanına və həmin Fərmanla təsdiqlənmiş Qaydalara əsasən) 168 800 manat olduğu, lizinq müddətinin 60 ay təşkil etdiyi razılaşdırılmışdır.
3. Lizinq alanla lizinq obyektinin satıcısı olan “X4” İB arasında arasında tərtib olunmuş xx.xx.2024-cü il tarixli təhvil-təslim aktına əsasən, “Deutz-Fahr C7206 TS” markalı taxılyığan kombayn texniki cəhətdən saz vəziyyətdə, mexaniki zədələri olmadan lizinq alana təhvil verilmişdir.
4. Lizinq alan həmin təhvil təslim aktında “Kombayna zəruri olan açarlar dəsti, damkrat, yanğınsöndürən, yağ şprisi və sair əvvəllədən vəd olunmuşdu, amma verilmədi” məzmununda qeyd aparmışdır.
5. Lizinq alan lizinq verənə ünvanladığı xx.xx.2024-cü il tarixli ərizəsində göstərmişdir ki, “xx.xx.2024-cü il tarixli AL/ML/3177 saylı X3 ilə əldə etdiyim 1 ədəd “Deutz-Fahr C7206 TS” markalı taxılyığan kombaynda yaranan texniki nasazlıqlar və biçin mövsümünün çox hissəsinin geridə qalmağı səbəbi ilə əlaqədar geri qaytarmağınızı və şirkətə ödədiyim 84 400.00 (səksən dörd min dörd yüz) AZN avans məbləğindən müəyyən (2%) xərclər çıxıldıqdan sonra qalan 82 712.00 (səksən iki min yeddi yüz on iki) AZN məbləğini əlavədə göstərilən bank hesabıma köçürülməsinə köməklik göstərilməsini xahiş edirəm”.
6. Cavabdeh MMC-nin direktorunun xx.xx.2024-cü il tarixli 13-1/Ü saylı “Maliyyə və alqı-satqı müqaviləsinə xitam verilməsi” barədə əmri ilə, Cavabdeh MMC və İddiaçı arasında bağlanmış xx.xx.2024-cü il tarixli AL/ML/3177 nömrəli maliyyə lizinq müqaviləsinə və “X4” İstehsalat Birliyinin agenti qismində çıxış edən "xxxx" MMC ilə bağlanmış xx.xx.2024-pü tarixli AQT/2-S-2554 nömrəli alqı-satqı müqaviləsinə xitam verilmiş, xx.xx.2024-cü il tarixli AL/ML/3177 nömrəli maliyyə lizinq müqaviləsi üzrə lizinqə verilmiş 1 ədəd “Deutz-Fahr C7206 TS” markalı kombaynın (Şassi: 0000110, Mühərrik: ********) saz vəziyyətdə “X4” İstehsalat Birliyinə geri qaytarılması, xx.xx.2024-cü il tarixli AL/ML/3177 nömrəli maliyyə lizinq müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixində ödənilmiş 84 400 (səksən dörd min dörd yüz) AZN avans məbləğidpən müəyyən (2%) xərclər çıxıldıqdan sonra, qalan 82 712 (səksən iki min yeddi yüz on iki) manatın İddiaçı geri qaytarılması əmr edilmişdir.
7. 01.07.2024-cü il tarixli OD2 saylı ödəniş tapşırığına əsasən Cavabdeh MMC tərəfindən 82 712 manat məbləğində pul vəsaiti “xx.xx.2024-cü il tarixli ərizəyə əsasən ödənilmiş avans məbləği geri qaytarılır” təyinatı göstərilərək İddiaçı hesabına köçürülmüşdür.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
8. İddiaçı (iddiaçı) Cavabdeh MMC-yə (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdehlə bağladığı 03 may 2024-cü il tarixli AL/ML/3177 nömrəli X1 əsasən cavabdehdən lizinqə götürdüyü 1 ədəd “Deutz-Fahr C7206 TS” markalı taxılyığan kombaynın nasaz olması, texnikada olan nasazlığın aradan qaldırılmaması səbəbindən işləyə bilmədiyi üçün zərərə düşdüyü 49 000 manat məbləğində əldə çıxmış faydanın və işgüzar nüfuzuna zərər dəydiyi üçün 10 000 manat məbləğində mənəvi ziyanın cavabdehdən alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, cavabdehlə bağladığı 03 may 2024-cü il tarixli AL/ML/3177 nömrəli X1 əsasən MMC-dən 1 ədəd “Deutz-Fahr C7206 TS” markalı taxılyığan kombaynı lizinqə götürmüş, müqaviləyə əsasən texnikanın alış qiyməti 422 000 manat olmuş, həmin məbləğin 168 800 manat hissəsi “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli 413 nömrəli Fərmanına və həmin Fərmanla təsdiqlənmiş Qaydalara əsasən güzəşt kimi dövlət tərəfindən qarşılanmışdır. Müqavilənin 2-ci bəndinin şərtlərinə əsasən, tərəfindən 84 400 manat məbləğində ilkin ödəniş ödənilmiş, texnika 24 may 2024-cü il tarixdə təhvil verilmişdir. Lakin texnikanı təhvil götürdüyü gündən texnikada problemlər yaşanmağa başlamışdır. Belə ki, ilk növbədə 2023-cü il buraxılışlı olan həmin texnika 2024-cü il buraxılışı adı altında satılmış, həmçinin istehsalçı tərəfindən təlimat kitabında kombaynın 310 at gücü olduğu qeyd edilsə də, şirkəti həmin kombaynı 366 at gücü adı altında müştərilərinə təklif etmişdir. Bundan əlavə, təhvil-təslim aktında da qeyd edildiyi kimi, kombyanın istismarı ilə bağlı zəruri olan açarlar dəsti, domkrat, yanğınsöndürən, yağ şprisi əvvəlcədən vəd olunsa da verilməmişdir. Bunun nəticəsi olaraq biçin məqsədilə kombaynla birlikdə sahəyə çıxan zaman böyük təkərin boltları qırılmışdır. İşin dayanması bir tərəfdən, servis əməkdaşlarına xəbər verməsinə baxmayaraq, onlar sadəcə texnikaya baxış keçirməklə kifayətlənmiş, texnikanın saz vəziyyətə gətirilməsi üçün bütün xərclər tərəfindən qarşılanmışdır. Halbuki, texnikaya 1 il zəmanət verilmişdi və təmir xərcləri servis tərəfindən qarşılanmalı idi. Təmir xərci, yəni kombaynı Qəbələdən İsmayıllı rayonuna gətirmək, kombayna aldığı avadanlıqlar - şpris, soyuducu (litol 24), təkər açarı, domkrat, hava şlankları və onun dəsti, təkərin şipilkaları və onun montaj olunması və s. xərclər 4000 manat civarında olmuşdur. Kombaynın təmirinə baxmayaraq nasazlıqlar yenə də davam etmiş, bu barədə dəfələrlə servis əməkdaşlarına məlumat vermişdir. Lakin nasazlıqlar aradan qaldırılmamış, həm işguzar nüfuzuna xələl gəlmiş, həm küllü miqdarda qazancdan məhrum olmuşdur. Belə ki, mövsüm başlayan kimi taxıl sahələrini biçmək üçün bir çox sahibkarlarla razılığa gəlmiş və bu razılıq əsasında kombaynı lizinqə götürmüşdür. Kombaynın nasaz olması və işləməməsi səbəbindən həmin sahibkarlar da ziyana düşmüş (yəni məhsul itkisinə məruz qalmış), çətinliklə biçdiyi sahələrin də ödənişini ödəməkdən imtina etmişlər. Həm sahibkarlarla arası dəymiş, işgüzar nüfuzuna xələl gəlmiş, həmçinin maddi ziayana düşmüşdür. Biçin mövsümü başlayanda biçməyi nəzərdə tutduğu taxıl sahəsi 700 hektar olmuşdur. 1 hektarın biçini 50-70 manat hesablansa bu əldən çıxmış fayda ortalama 35 000 - 49 000 manat təşkil edir. Kombaynın uzun müddət nasazlığı və iş görə bilməməsi, həmçinin küllü miqdarda zərərə düşməsi və servisin etinasızlığı onu kombaynı geri qaytarmağa məcbur etmişdir. Beləliklə həm maddi, həm mənəvi zərər çəkmiş, həm əldə edəcəyi faydadan məhrum olmuş, həm də sahibkarlar arasında etibarı azalaraq işgüzar nüfuzuna xələl gəlmişdir.
10. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə vermiş, Cavabdeh ilə bağladığı 03 may 2024-cü il tarixli AL/ML/3177 nömrəli X1 əsasən MMCdən lizinqə götürdüyü 1 ədəd “Deutz-Fahr C7206 TS” markalı taxılyığan kombaynın nasaz olması, texnikada olan nasazlığın aradan qaldırılmaması səbəbindən işləyə bilmədiyi üçün zərərə düşdüyü 49 000 manat məbləğində əldə çıxmış faydanın və işgüzar nüfuzuna dəyən zərərə görə 10 000 manat mənəvi ziyanın, 1688 manat əksik ödənişin, 1240,68 manat bank komissiyasının, 250 manat əmlakın qiymətləndirilməsi üçün vəsaitin, 90 manat sığorta ödənişinə görə bank komissiyasının, kombaynın təmiri üçün xərclədiyi 4000 manatın, ümumilikdə ona dəyən 7268,68 manat maddi ziyanın və 267 manat dövlət rüsumunun cavabdehdən alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Həmin ərizə onunla əsaslandırılmışdır ki, kombayn üçün 84 400 manat ödədiyi halda ona 82 712 manat vəsait geri qaytarılmışdır, bu da 1688 manat əksik deməkdir. Həmçinin 84 400 manat vəsaiti nağd şəkildə ödədiyi halda 82 712 manat vəsait VÖEN-ə bağlı bank hesabına köçürülmüş və nəticədə vəsaiti hesabından çıxaran zaman 1,5% bank komissiyası tutulmuşdur ki, bu da 1240,68 manat vəsait edir. Əmlakın qiymətləndirilməsi üçün 250 manat ödəmişdir. Həmçinin sığortadan hesabına qayıdan 6000 manat vəsaiti çıxaran zaman da 1,5% bank komissiyası tətbiq olunub ki, bu da 90 manat vəsait edir. Qısa zaman işlətsə də, kombaynın təmiri üçün aldığı avadanlıqlar şpris, soyuducu (litol 24), təkər açarı, domkrat, hava şlankları, və onun dəsti, təkərin şipilkaları və onun montaj olunması və s. xərclər 4000 manat civarında olmuşdur.Odur ki, iddia tələbində qeyd edilənlərdən əlavə olaraq, 1688+1240,68+250+90+4000 manat və əlavə olaraq məhkəməyə müraciət üçün 267 manat, yəni 7268,68 manat maddi ziyan və 267 manat dövlət rüsumu da ona ödənilməlidir.
12. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
13. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçının özünün ərizəsinə əsasən müqaviləyə xitam verilmişdir və iddiaçıya 82 746 manat pul iddiaçıya geri ödənilmişdir. Texnikada nasazlıq olmamışdır, iddiaçı özü ərizə yazmışdır ki, texnikanı qaytarmaq istəyir. Qanunvericilik lizinq şərtlərini tənzimləyir. Cavabdeh lizinq verəndir və satıcı zavoddur. Alıcının dediyi kimi, lizinq obyektində qüsur olsa belə işgüzar nüfuza bilərəkdən ziyan vurulmamışdır. Texnikada problem olsaydı, bu zaman ödənilməli məbləğin 40%-ni AKİA cavabdehə ödəməli idi. Bu halda dövlət də şəxsin işgüzar nüfuzuna ziyan vurmuş olur. İşgüzar nüfuza dəyən ziyan sübut olunmalıdır. Əldən çıxmış faydayla bağlı da heç bir sənədsübut yoxdur. Hesab edir ki, iddia əsassızdır.
14. Birinci instansiya məhkəməsinin 02 dekabr 2024-cü il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət olunmuşdur.
15. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır:
15.1. Dəymiş ziyanın əvəzinin ödənilməsi tələbləri barədə işlər üzrə müəyyən edilməli olan əsas məqam cavabdehin təqsirli və hüquqazidd hərəkəti törətməsi və onun tələb edilən ziyanla səbəbli əlaqəsini müəyyən etməkdir. 15.2. Cavabdeh tərəfindən iddiaçıya verilmiş kombaynın nasas olması barədə hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Əksinə, cavabdeh tərəfindən iddiaçıya verilən, hər iki tərəfin imzası ilə təsdiq edilmiş konbaynın təhvil-təslim aktından görünür ki, konbayn texniki cəhətdən saz və texniki şərtlərə uyğun olmuşdur. 15.3. Beləliklə, iddiaçının qeyd etdiyi 49 000 manat əldən çıxmış fayda qismində və 10 000 manat mənəvi ziyanla bağlı iddiaçının ziyana düşməsi ilə cavabdeh tərəfindən ona kombaynın verməsi arasında heç bir sübut və səbəbli əlaqə mövcud deyildir. 15.4. İddia tələbinin ikinci hissəsi (1688 manat əksik ödənişin, 1240,68 manat bank komissiyasının, 250 manat əmlakın qiymətləndirilməsi üçün vəsaitin, 90 manat sığorta ödənişinə görə bank komissiyasının, kombaynın təmiri üçün xərclədiyi 4000 manat vəsaitin ödənilməsi, ümumilikdə 7268,68 manat maddi ziyan tələbi) də əsassız olduğu və sübuta yetirilmədiyi üçün rədd edilməlidir. 15.5. 1688 manat əksik ödənişlə bağlı məhkəmə qeyd edir ki, iddiaçının özünün cavabdehə ünvanlandığı məktubdan görünür ki, avans məbləğindən müəyyən (2%) xərclər çıxıldıqdan sonra qalan 82 712 manat məbləğinin bank hesabına köçürülməsini xahiş etmişdir və həmin məbləğ iddiaçının hesabına geri ödənilmişdir. 250 manat əmlakın qiymətləndirilməsi üçün vəsaitin, 90 manat sığorta ödənişinə görə bank komissiyasının, kombaynın təmiri üçün xərclədiyi 4000 manat vəsaitin tutulması ilə bağlı iddiaçı hər hansı sübutu və həmin xərclərin nəyə görə cavabdehdən tutulmalı olmasını əsaslandıra bilməmişdir. 15.6. Qanunvericilikdə "formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmə yalnız ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. 15.7. İddiaçı cavadehin hərəkətləri ilə ziyana düşdüyünü sübuta yetirə bilməmişdir.
16. Gəldiyi qənaətin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 21.1-ci, 21.2-ci, 1096-cı, 1097-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına istinad etmişdir.
17. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin maddi hüquq normalarını düzgün tətbiq etmədiyini, sübutlara düzgün qiymət verməyərək qanunsuz qərar çıxardığını, işin müəyyən olunmuş hallarını nəzərə almadığını irəli sürmüşdür.
Apellyasiya şikayətinə qarşı etiraz
18. Cavabdehin nümayəndəsi tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz verilmiş, qətnamənin dəyişdirilmədən saxlanılması xahiş olunmuşdur
Apellyasiya baxışı, izahatlar
19. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin olunmasını xahiş etmiş, cavabdehin nümayəndəsi (vəkili) isə ərizə göndərərək işə iştirakı olmadan baxılmasını və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
20. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
21. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
22. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
23. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
24. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.
25. Maddə 425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
26. Maddə 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.
27. Maddə 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.
28. Maddə 747.3. Lizinq müqaviləsinə görə, lizinq alana müqavilə müddəti qurtardıqdan sonra lizinq predmetini əldə etmək və ya kirayələmək vəzifəsi həvalə edilə bilər və ya belə hüquq verilə bilər, bu şərtlə ki, müqavilə öz predmetinin tam amortizasiyası ilə bitməsin. Qəti dəyər hesablanarkən amortizasiya faktı bütün hallarda nəzərə alınmalıdır. Əgər müqavilədə müvafiq müddəa yoxdursa, lizinq alanın lizinq predmetini əldə etməyə ixtiyarı çatır.
29. Maddə 747-2. Lizinqin obyekti Azərbaycan Respublikasının qanunlarına əsasən sərbəst mülki dövriyyədən çıxarılmış və ya mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar istisna olmaqla, qanunvericiliklə müəyyənləşdirilmiş təsnifat üzrə əsas vəsaitə aid olan daşınar və ya daşınmaz əşyalardır.
30. Maddə 748-1.8. Lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır.
31. Maddə 748-2.1. Lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir.
32. Maddə 748-7.1. Lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır.
33. Maddə 1128.1. Malın, işin və ya xidmətin konstruksiya, resept və ya digər qüsurları (keyfiyyətsiz məhsul) nəticəsində, habelə mala (işə, xidmətə) dair yanlış və ya yarımçıq informasiya nəticəsində fiziki şəxsin həyatına, sağlamlığına və ya əmlakına dəyən zərərin əvəzini malın satıcısı və ya istehsalçısı, işi görmüş və ya xidməti göstərmiş şəxs (icraçı), təqsirli olub-olmadığına və zərərçəkənin onlar ilə müqavilə münasibətlərində olub-olmadığına baxmayaraq, ödəməlidirlər.
34. Maddə 1128.3. Əgər məhsul bütün hallar nəzərə alınmaqla ondan gözlənilən etibarlığı təmin etmirsə, keyfiyyətsiz məhsul sayılır.
35. Maddə 1129.1. Malın qüsurları nəticəsində vurulmuş zərərin əvəzini zərərçəkənin seçimi üzrə məhsulun satıcısı və ya istehsalçısı ödəməlidir.
36. Maddə 1131. Malın satıcısı və ya istehsalçısı, işin və ya xidmətin icraçısı zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya istehlakçının maldan, işin, xidmətin nəticələrindən istifadə və onları saxlama qaydalarını pozması nəticəsində əmələ gəldiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir.
37. Maddə 1132. Malın, işin və ya xidmətin qüsurları nəticəsində vurulmuş zərər üçün məsuliyyət halında sübutetmə yükü zərərçəkənin öhdəsinə qoyulur.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
38. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
39. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
40. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
41. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
42. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.
43. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının həddi
44. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
45. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
46. Kollegiya ilk növbədə qeyd edir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.
47. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
48. Beləliklə, mülki (kommersiya) mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.
49. İddiaçının irəli sürdüyü faktiki hal ondan ibarətdir ki, lizinq obyekti ona qüsurlu şəkildə təhvil verilmiş, bu səbəblə onun təmirinə, habelə əlavə avadanlıqların alınmasına xərclər çəkmiş, lizinq obyektinin qüsurlarına görə digər şəxslər qarşısında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirə bilməmiş, nəticədə işgüzar nüfuzuna xələl gəlmiş və maddi ziyana məruz qalmışdır.
50. Sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib- verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir.
51. Kollegiya hesab edir ki, iddiaçı iddia tələbini əsaslandırdığı halları sübuta yetirə bilmədiyindən, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmamaq üçün əsas mövcud deyildir.
52. Apellyasiya baxışı zamanı da iddiaçı suallara cavab olaraq bildirmişdir ki, texnikanın təmirinə 4000 manat xərc çəkdiyinə dair, həmçinin əldən çıxan fayda ilə bağlı hər hansı sübutu yoxdur, ehtiyat hissələrini fərqli-fərqli yerlərdən tapıb almış, təmiri özü etdirmişdir.
53. Kollegiya onu da nəzərə alır ki, təhvil aldıqdan sonra nasaz olduğunu bildiyini irəli sürdüyü və 1 aydan da az müddətdə istifadəsində qalan lizinq obyektinin təmiri üçün lizinq alanın 4000 manat xərc çəkdiyi ağlabatan deyildir.
54. Kollegiya həmçinin nəzərə alır ki, lizinq verənin lizinqə verdiyi lizinq obyekti məhz lizinq alan tərəfindən seçilmişdir və bu səbəblə də həmin obyektin qüsurlarından lizinq verən məsuliyyət daşıya bilməz.
55. İddiaçının “1688 manat əksik ödənişin, 1240,68 manat bank komissiyasının tutulması” tələbinə münasibətdə kollegiya qeyd edir ki, iddiaçı məhz özü 82 712.00 (səksən iki min yeddi yüz on iki) manat məbləğinin bank hesabına köçürülməsini istəmiş, sözügedən fərq (1688 manat) və komissiya xərci də bu səbəblə yaranmışdır.
56. “250 manat əmlakın qiymətləndirilməsi üçün vəsaitin, 90 manat sığorta ödənişinə görə bank komissiyasının qaytarılması” tələbi ilə bağlı isə qeyd olunmalıdır ki, bu xərclər müqavilənin bağlanması və ləğvi zamanı çəkilmişdir – hansı ki, həmin müqavilə iddiaçının öz təşəbbüsü ilə ləğv olunmuşdur.
57. Beləliklə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur.
58. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-7427/2024 saylı iş üzrə 02 dekabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçının ödədiyi dövlət rüsumunun məbləği onun özünə aid olunsun. Qətnamədən İddiaçı tərəfindən, qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim Elnur Həsənov
Hakimlər Ziya Şirinov
Leyla Əliyeva