Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-281/2021 16.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Raqib Əliddin oğlu Qurbanovun sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4049/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərardadından İddiaçı ASC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı ASC Cavabdeh LLC- yə qarşı pulun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, e-2-2(113)-4049/2020 saylı qərardadı ilə iddia ərizəsi və ərizəyə əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmışdır. İddiaçı ASC həmin qərardaddan şikayət vermiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına əsasən müəyyən olunur ki, Cavabdeh LLC şirkəti xarici hüquqi şəxsdir, onun hüquqi ünvanı X1 Dubay şəhərində (X3, X2, 17-B Deira) yerləşir və onun Azərbaycan Respublikasında filialı, nümayəndəliyi və ya idarəçilik orqanı mövcud deyil. Mülki Prosessual Məcəllənin 440.1-ci maddəsinə görə Azərbaycan Respublikasının məhkəmələri mülki və kommersiya mübahisələri üzrə beynəlxalq səlahiyyətə bu şərtlə malikdirlər ki, işdə iştirak edən şəxslərdən hər hansı biri xarici şəxs olsun, onun Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və adətən gəldiyi yer olsun. Həmin Məcəllənin 443.0-cı maddəsində isə Azərbaycan Respublikasının məhkəmələri tərəfindən xarici şəxslərin iştirakı ilə olan işlərin dairəsi göstərilmişdir. Lakin birinci instansiya məhkəməsi bu məsələyə münasibət bildirmədən Mülki Prosessual Məcəllənin 152.1.4 və 152.1.6-cı maddələrində göstərilən əsaslara görə iddia ərizəsinin geri qaytarılması nəticəsinə gəlmişdir. Halbuki tərəflər arasında yaranmış mübahisəyə məhz Azərbaycan Respublikası məhkəməsi tərəfindən baxılması məsələsi məhkəmələrin beynəlxalq səlahiyyətlərini tənzimləyən Mülki Prosessual Məcəllənin 46-cı fəslinin müddəalarına uyğun olaraq məhkəmə tərəfindən müzakirə olunmalıdır. Göstərilən halları nəzərə alaraq kollegiya hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv olunmalı və iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı ASC tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4049/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərardadı ləğv edilsin. İş materialları birinci instansiya məhkəməsinə göndərilsin. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Cahangir Yusifov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-281/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-281/2021
16.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver