Məhkəmə qərarları › İş №2-2(103)-281/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-281/2023

28.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-281/2023 28.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-5609/2022 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnaməsindən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti və Cavabdeh MMC tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ

1. Satıcı İddiaçı QSC ilə alıcı Cavabdeh MMC arasında 415 saylı, xx.xx.2021 tarixli Malların və/və ya xidmətlərin alışına dair müqavilə bağlanmışdır. Müqaviləyə əsasən, satıcı tərəflər arasında razılaşdırılmış çap, tipoqrafiya, dəftərxana və təsərrüfat mallarını və/və ya xidmətlərini satmağı alıcı isə həmin malların və/və ya xidmətlərin dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür.

Birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən əsas borc üzrə 17.892,2 manat, dəymiş ziyan 10.250 manat, 894 manat faiz məbləği, ödənilmiş dövlət rüsumu 200 manat olmaqla, ümumilikdə, 29.236,2 manat pulun tutularaq İddiaçı QSC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddiaçı bildirir ki, iddiaçı tərəfindən müvafiq mal və məhsullar cavabdehə təqdim olunsa belə, cavabdeh tərəfindən öhdəliklər tam həcmdə yerinə yetirilməmişdir. Müqavilənin 4-cü maddəsinə əsasən, alıcı hesab-fakturanı aldığı gündən 10 gün içərisində aldığı mal və ya xidmətin dəyərinin tamamını ödəyir. Lakin buna baxmayaraq cavabdeh tərəfindən üzərinə götürdüyü öhdəliklərin bir qismi yerinə yetirilməmiş, 17.892,2 manat borc məbləği yaranmışdır. Belə ki, iddiaçı tərəfindən ümumi dəyəri 22.292,8 manat (ƏDV daxil) olan məhsul təqdim edilmiş, bu məhsullar üzrə 3.400.6 manat ƏDV məbləği, 1000 manat isə əsas məbləğ ödənilmiş, qalan məbləğ bu günə qədər ödənilməmişdir.

4. Cavabdeh iddiaya etiraz edir və 2021-ci il tarixli e-qaimə üzrə malların cavabdehə təhvil verildiyini və həmin borcu qəbul etdiyini, lakin 2022-ci il tarixli e-qaimə üzrə malların cavabdehə təhvil verilmədiyini, bu qaimə üzrə köçürülən ƏDV məbləğinin mühasib tərəfindən səhvən köçürüldüyünü bildirir.

5. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-5609/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, xx.xx.2021-ci il tarixli 415 saylı müqavilə üzrə 17.892 (on yeddi min səkkiz yüz doxsan iki) manat 20 (iyirmi) qəpik məbləğində pulun Cavabdehndən tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə verilməsi, əsas borca illik 5 faiz hesablanmaqla 12 (on iki) manat 25 (iyirmi beş) qəpik məbləğində pulun Cavabdehndən tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə verilməsi, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 200 (iki yüz) manat məbləğində pulun Cavabdehndən tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə verilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

6. İddiaçı QSC apellyasiya şikayəti verərək, həmin qətnamənin iddianın təmin edilməyən hissəsində ləğv edib, iddia tələbinin tam həcmdə təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın mübahisələndirilən hissədə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri

8. İddiaçının apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə maddi hüquq normasını pozaraq borcun gecikdirilməsi müddətini pretenziya məktubunun verilməsindən başlayaraq hesablamışdır. Halbuki Mülki Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Bu halda tərəflər arasında müqavilə bağlanmış və həmin müqavilənin 4.2-ci bəndinə cavabdehin öhdəliyinin icra müddəti müəyyən edilmişdir. Həmin bəndə əsasən, alıcı malların ödənişini satıcının hesab-faktura təqdim etdiyi gündən 10 təqvim günü ərzində ödəməlidir. Göründüyü kimi icra müddəti müəyyən edildiyi üçün faiz məbləği də həmin müddətin başa çatmasından hesablanmalıdır. Lakin məhkəmə pozuntuya yol verilmiş, müddətin başlanğıcını nəyə görə pretenziya məktubununun verilməsi ilə hesabladığını əsaslandırmamışdır. Həmçinin məhkəmə iddia tələbinin vurulmuş ziyanla bağlı hissəsini də təmin etməmişdir. Halbuki, həm iddia ərizəsində, həm məhkəmə iclası zamanı dəfələrlə bu barədə izahat verilmiş, müvafiq sübutlar təqdim edilmişdir. Dünyada gedən proseslər, o cümlədən müharibənin başlanması və Rusiya Federasiyasına qarşı tətbiq olunan sanksiyalar nəticəsində bəyaz kağız məhsulu üzrə qiymətlər əhəmiyyətli dərəcədə artmışdır. Cavabdehin aldığı malları 10 gün ərzində ödəmək öhdəliyini yerinə yetirməməsinə görə, iddiaçı satdığı malların əvəzini vaxtında ala bilməmiş, daha sonradan isə malların qiymətinin artması nəticəsində qanuni mənafeyi pozulmuşdur. Çünki 2021-ci ilin oktyabr ayında cavabdeh öz öhdəliyini yerinə yetirərək aldığı malların əvəzini ödəsəydi, iddiaçı həmin vəsaitlə indiki haldan daha çox məhsul ala bilərdi. Hazırda isə hətta cavabdeh borc məbləğini ödəsə belə, qiymətlərin əhəmiyyətli artımı nəticəsində əvvəlki ildən ala biləcəyindən xeyli miqdarda aşağı bəyaz kağız məhsulu ala bilər və qanuni gəlirindən məhrum olmuş olacaq. Xüsusilə qeyd edilməlidir ki, bu qiymət artımı əhəmiyyətli dərəcədə olmuş və əvvəlcədən müəyyən edilməsi mümkün ola bilməzdi. Ona görə də məhkəmənin əsaslandırma edərkən qiymət dəyişikliyi barədə hər hansı sübutun təqdim edilməməsinə istinad etməsi tamamilə əsassız və məntiqsiz olmuşdur. Çünki A4 kağız məhsullarının satışını nəzərdə tutan qaimə 2021-ci ilin 4 oktyabr tarixinə tərtib olunmuş, mallar təqdim olunmuşdur. Tərəflər arasında müqaviləyə əsasən bu malların ödənişi 14 oktyabr tarixinə qədər edilməli idi. Lakin cavabdeh hətta bu günə qədər öhdəliyinə riayət etməmiş, ödənişi etməmişdir. Qiymət artımı isə 2022-ci ilin iyun ayından başlayaraq davam etmişdir. Bu barədə məhkəməyə xarici təchizatçılardan gələn müvafiq məktublar, eləcə də Dövlət Statistika Komitəsinin qiymət artımı ilə bağlı arayışı təqdim edilmişdir. Bu sübutlardan qəti şəkildə müəyyən olunur ki, qiymət artımı baş vermiş və hətta 200 faizdən də çox olmuşdur. Mülki Məcəllənin 443.3-cü maddəsində qeyd olunur ki, əgər bu Məcəllədə və ya müqavilə dəayrı qayda nəzərdə tutulmayıbsa, zərər müəyyənləşdirilərkən öhdəliyin icra edilməli olduğu yerdə kreditorun tələbini borclunun könüllü ödədiyi gün mövcud olmuş qiymətlər, tələb könüllü ödənilmədikdə isə məhkəmənin qərar çıxardığı gün mövcud olmuş qiymətlər nəzərə alınır. Məhkəmə məhz qətnamənin çıxarıldığı vaxt, 2022-ci ilin dekabr ayında qüvvədə olan qiymətləri nəzərə almalı idi. İddiaçı yalnız birinci, yəni 2021ci ilin oktyabr ayında təqdim olunan qaimə üzrə malların ödənişinin gecikdirilməsinə görə dəymiş ziyanı tələb etməkdədir. İkinci, yəni 2022-ci ilin avqust ayında təqdim olunan qaimə üzrə isə yalnız malların dəyəri tələb olunmaqdadır. Çünki bu qaimə artıq qiymət artımından sonra təqdim edilmiş, iddiaçının yeni qiymətlərlə malları təqdim etmək imkanı olmuşdur. Lakin birinci qaimə üzrə həmin vaxt qiymətlərin artacağını əvvəlcədən müəyyən etmək mümkün olmadığı, qiymət artımı kifayət qədər uzun müddət sonra baş verdiyi və cavabdehin öz öhdəliyinə 1 ildən çox müddətə riayət etmədiyi üçün iddiaçıya ziyan dəymiş, məhkəmənin qeyd etdiyi kimi malların qiymətini dəyişməsi mümkün deyildir.

9. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, təhvil verilməyən mallar üzrə cavabdeh tərəfindən səhvən ödənilmiş ƏDV məbləği həmin malların təhvil verilməsini sübuta yetirmir. Bu barədə cavabdeh tərəfindən iddiaçıya müvfiq məktub göndərilmiş və həmin ƏDV məbləğinin geri qaytarılması xahiş edilmişdir. Məhkəmə bu addımın iddia qaldırıldıqdan sonra edilməsini malların qəbul edilməsi ilə şərtləşdirir. Lakin cavabdeh şirkətin rəhbərliyi həmin elekron qaimə barədə məlumatı məhz iddia qaldırıldıqdan sonra əldə etmiş və yeni təyin olunmuş təcrübəsiz mühasib səhvini düzəltmək üçün göstəriş vermişdir. Cavabdeh malların təhvil verilmədiyini iddia edirsə, iddiaçı qeyd edilən halda malların təhvil verildiyini təsdiq edən üzləşmə aktını, təhvil-təslim aktını və s. bu kimi oxşar sənədləri məhkəməyə təqdim etməli idi. Məhkəmə qeyd edilən sənədlər olmadan təhvil verilməmiş malların dəyərinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsini qət etmiş və bununla da qeyd edilən maddi normaların tələblərini pozmuşdur. Həmçinin gecikdirilmiş borc məbləği üçün faizlərin hesablanması o zaman qanunauyğun olardı kı, həqiqətən belə borc mövcud olsun. Lakin qeyd edilən halda təhvil verilməyən mallara görə ödəniş tələb edilməsi, əlavə olaraq buna faiz hesablanması qanunun tələblərinə ziddir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi və vəkili Nümayəndə təmsil etdikləri tərəfin apellyasiya şikayətini müdafiə etdilər, əks tərəfin apellyasiya şikayətinə etiraz etdilər.

TƏTBİQ EDİLƏN HÜQUQ

12. Mülki Məcəllənin 404.1 və 404.2-ci maddələrinə görə müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.

13. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

14. Həmin Məcəllənin 598.3-cü maddəsinə görə əgər alıcı alqı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər.

15. Həmin Məcəllənin 445.7-ci maddəsinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.

16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2021-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.9-cu bəndinə görə ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaimə-faktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaiməfakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

17. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

18. Məhkəmə kollegiyası hesab edir ki, iddia qismən əsaslıdır.

19. Belə ki, tərəflər arasında alqı-satqı müqaviləsinin bağlanılması işin mübahisəsiz halını təşkil edir.

20. İddiaçı e-qaimələr üzrə malları cavabdehə təhvil verdiyini, cavabdeh isə yalnız xx.xx.2021-ci il tarixli qaimə üzrə malların verildiyini, xx.xx.2022-ci il tarixli qaimə üzrə isə malları təhvil almadığını bildirir.

21. Göründüyü kimi mübahisənin həlli üçün ilk növbədə xx.xx.2022-ci il tarixli qaimə üzrə malların cavabdehə təhvil verilib-verilmədiyi müəyyən olunmalıdır.

22. Bunun üçün isə əvvəlcə tərəflər arasında işgüzar münasibətlərin hansı qaydada həyata keçirildiyi aydınlaşdırılmalıdır.

23. Belə ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 20 aprel 2022-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında da əks edilmiş hüquqi mövqeyə görə lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları özözlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.

24. Hazırki işin halları da ondan ibarətdir ki, xx.xx.2021-ci il tarixdə İddiaçı QSC tərəfindən 6872 nömrəli hesab-faktura tərtib edilmiş və elə həmin tarixdə Cavabdeh MMC-yə 164622 nömrəli EBBK seriyalı, 10.620 manat dəyərində olan elektron qaimə göndərilmişdir.

25. İş materiallarına əlavə edilmiş **********/473683575 nömrəli xx.xx.2022 saylı ödəniş sənədindən də məlum olur ki, Cavabdeh MMC tərəfindən İddiaçı QSC-yə xx.xx.2021-ci il elektron qaimə əsasında əsas məbləğdən 1.000 manat, 1.620 manat ƏDV məbləği ödənilmişdir.

26. Cavabdeh də hazırda həmin qaimə üzrə malların verildiyini və borcunun olduğunu etiraf edir.

27. Həmin e-qaimə üzrə isə heç bir üzləşmə və ya təhvil-təslim aktı tərtib edilməmişdir.

28. Göründüyü kimi tərəflər arasında işgüzar adətlərə görə malların təhvil verilməsi elektron qaimələr əsasında rəsmiləşdirilmişdir.

29. Eyni zamanda iş materiallarına əsasən müəyyən olunur ki, iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə 5750 nömrəli hesab-faktura tərtib edilmiş və elə həmin tarixdə Cavabdeh MMC-yə 923680 nömrəli EBCB seriyalı, 11.672,80 manat dəyərində olan elektron qaimə göndərilmişdir.

30. Cavabdeh də həmin qaimə üzrə İddiaçı QSC-yə xx.xx.2022-ci il tarixində 1.780,60 manat ƏDV məbləği ödəmişdir.

31. Bu hal isə o nəticəyə gəlməyə imkan verir ki, əgər cavabdehin qəbul etmədiyi xx.xx.2022-ci il tarixli elektron qaimədə göstərilmiş 11.672,80 manat dəyərində olan mallar ona verilməmiş olsa idi, o, həmin elektron qaimədəki 1.780,60 manat ƏDV məbləğini də, ödəməmiş olardı. Yəni hazırkı halda, cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli elektron qaimədə göstərilmiş 11.672,80 manat dəyərində olan mallara görə 1.780,60 manat ƏDV məbləğini ödəməsi onu təsdiq edir ki, göstərilmiş mallar iddiaçı tərəfindən cavabdehə təhvil verilmiş və onun da, həmin malların dəyərini ödəmək vəzifəsi yaranmışdır.

32. Göründüyü kimi tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi üzrə malların cavabdehə təhvil verilməsi və ödənilməli olan məbləğ cavabdehin heç bir etiraz etmədiyi və qismən ödəniş etdiyi elektron qaimələrlə təsdiq olunur.

33. Bununla bağlı kollegiya qeyd edir ki, əgər cavabdehin qeyd etdiyi kimi həqiqətən də xx.xx.2022-ci il tarixli qaimə üzrə iddiaçı cavabdehə malları təhvil verməsəydi, cavabdeh iddiaçı tərəfindən ona göndərilmiş elektron qaiməni təsdiqləməkdən qanunla müəyyən edilmiş 5 gün müddətində imtina edər və ən azı bununla bağlı öz etirazlarını iddiaçıya bildirərdi. Lakin hazırki işdə bu hal mövcud olmamış, əksinə cavabdeh həmin qaimə üzrə ƏDV məbləğini ödəmişdir.

34. Məhkəmə kollegiyası, cavabdeh tərəfin səsləndirmiş olduğu “köçürülən ƏDV məbləğinin mühasib tərəfindən səhvən köçürüldüyü” dəlilini isə əsassız hesab edir.

35. Belə ki, iş materiallarından görünür ki, İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə xx.xx.2022-ci il tarixində müraciət etmiş və məhz bundan sonra xx.xx.2022-ci il tarixli elektron qaimə əsasında ödənilmiş ƏDV məbləğinin geri qaytarılması ilə bağlı Cavabdeh MMC İddiaçı QSC-yə xx.xx.2022-ci il tarixində məktub ünvanlamış və mühasibin səhvən ƏDV-ni köçürməsini qeyd etmişdir. Qeyd edilən halın, yəni hansı səbəbə görə bunun iddiaçının məhkəməyə müraciət etməsindən sonra yaranmasını cavabdeh tərəf əsaslandıra bilməmişdir.

36. Bu mənada kollegiya hesab edir ki, tərəflər arasında Mülki Məcəllənin 567-ci maddəsinə uyğun olaraq bağlanılmış alqı-satqı müqaviləsi üzrə satılmış əşyalar cavabdehə verilmiş, cavabdeh isə həmin əşyaların qiymətini satıcıya tam ödəmək vəzifəsini yerinə yetirməmişdir.

37. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı Mülki Məcəllənin 598.3-cü maddəsinə əsasən satılmış əşyalara görə ödənilməyən ümumilikdə 17.892,2 manat məbləğində pul vəsaitinin tutulmasını tələb etməkdə haqlıdır.

38. Həmçinin kollegiya qeyd edir ki, illik 5 faizlə hesablanmış faiz borcunun tutulması barədə tələblərin qanuni əsasını Mülki Məcəllənin 445.7-ci maddəsi təşkil edir.

39. Həmin maddənin tələblərini və pretenziya məktubunun cavabdeh tərəfindən alındığı xx.xx.2022-ci il tarixdən, iddia ərizəsinin məhkəməyə daxil olduğu xx.xx.2022-ci il tarixədək olan müddəti (5 gün) nəzərə alaraq kollegiya hesab edir ki, iddiaçı pul öhdəliyinin gecikdirilməsinə görə hesablanmış 12,25 manat məbləğində faizlərin ödənilməsini tələb etməkdə haqlıdır (17.892,2 x 5 / 100 = 894,61 (1 il üçün), 894,61 / 365 = 2,45 (1 gün üçün), 2,45 x 5 = 12,25 (5 gün üçün)).

40. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, cavabdehin apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

41. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-5609/2022 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnaməsi iddianın qismən təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov

Hakimlər: Vüsalə Baxışova

Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar