Məhkəmə qərarları › İş №2-2(103)-281/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-281/2025

19.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-281/2025 19.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi Açar söz: alqı-satqı müqaviləsi. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, hakimlər Şirinov Ziya Allahverdi oğlu, X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Məhərrəmova Günel Elmam qızının katibliyi, İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e2-2(113)- 8656/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları

1. İddiaçı (satıcı) ilə Cavabdeh (alıcı) arasında xx.xx.2023-cü il tarixində 86 saylı alqı-satqı müqaviləsi imzalanmışdır.

2. Müqavilənin 1.1-ci bəndinə əsasən satıcı hazırki müqavilənin 2-ci maddəsində göstərilən və gələcəkdə “mal” adlandırılacaq sement, beton və xidmət növünü alıcıya satır, alıcı isə malı alır və dəyərini ödəyir.

3. Müqavilənin 3.3-cü bəndinə əsasən müqavilənin 3.2-ci maddəsində nəzərdə tutulan sonradan ödəmə şərtində alıcı aldığı malın dəyərini malı əldə etdikdən snra qaiməfaktura təqdim edilən tarixdən etibarən 30 təqvim günündən gec olmayaraq satıcıya ödəməlidir.

4. 86 saylı 24 oktyabr 2023-cü il tarixli müqaviləyə 1 saylı Əlavə ilə müqavilə üzrə satılacaq mallar və onların qiyməti tərəflər arasında razılaşdırılmışdır.

5. Müqavilə və 1 saylı Əlavə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 7.174,40 manat əsas borcun və ödənilmiş 91 manat dövlət rüsumunun, cəmi 7.265,40 manat pulun alınaraq İddiaçı MMC-nin xeyrinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə İddiaçı MMC arasında xx.xx.2023-cü il tarixli, 86 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci maddəsinin şərtinə görə bu Müqavilə əsasında satıcı, hazırki müqavilənin 2-ci maddəsində göstərilən və gələcəkdə «Mal» adlandırılacaq sement, beton və xidmət növünü «alıcıya» satır. «alıcı» isə malı alır və dəyərini ödəyir. Müqavilənin 1.2-ci maddəsinə görə «alıcının» fəaliyyət növü ticarətdir. Müqavilənin 2.1-ci maddəsinə görə malın qiyməti «satıcı» və «alıcı» ilə razılaşdırılmış formada Müqaviləyə Əlavədə müəyyən olunur. «satıcı» xx.xx.2024-cü il tarixdək üzərinə düşən öhdəlikləri yerinə yetirərək «Alıcı»ya sement satmış və xidmətlər göstərmişdir. «alıcı» isə üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirməmiş və nəticədə İddiaçı MMC-yə ödəməli olan 7.174,40 manat pulu ödəməmişdir.

8. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e2-2(113)-8656/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, xx.xx.2023-cü il tarixli 86 saylı alqı-satqı müqaviləsinə əsasən 7.174 (yeddi min yüz yetmiş dörd) manat 40 (qırx) qəpik məbləğində pulun Cavabdehndən tutularaq Qafqazsement” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi, dövlət rüsumunun əvəzi olaraq 91 (doxsan bir) manat məbləğində pulun Cavabdehndən tutularaq Qafqazsement” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi qət edilmişdir.

9. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, qanunvericiliyin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsindən irəli gəlir. Məhkəmə həmçinin qeyd etmişdir ki, sadalanmış normaların tələbləri və tərəflər arasında bağlanılmış müqavilə şərtləri nəzərə alındığında müəyyən olunur ki, cavabdeh müqavilə üzrə öhdəlikləri icra etmədiyindən onun aldığı malların dəyərini ödəmək vəzifəsi və iddiaçının müqavilə üzrə öhdəliyin icrasını tələb etmək hüququ yaranmışdır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə EBDY seriyalı 715689 nömrəli xx.xx.2024-cü il tarixli dəyəri 7.174,40 manat olan elektron qaimə göndərilmişdir. Hazırda iddiaçı tərəf də 7.174,40 manat məbləğində pulun tutulmasını xahiş edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.9-cu bəndinə görə, ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaimə faktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur. Məhkəmə vurğulamağı zəruri hesab etmişdir ki, müəyyən olunan 5 günlük müddət ərzində cavabdeh tərəfindən hər hansı dəqiqləşmə aparılmamışdır. Bu isə, cavabdehin verilmiş malları qəbul edərək malların verilməməsinə dair irad bildirmədiyinə dəlalət edir. Məhkəmə qeyd etmişdir ki, cavabdeh iddiaya münasibət (etiraz) bildirməmiş, malların dəyərinin ödənildiyini təsdiq edən hər hansı sənədi məhkəməyə təqdim etməmişdir. Belə olan halda, 86 saylı 24 oktyabr 2023-cü il tarixli müqavilənin 3.3-cü bəndini də nəzərə almaqla, məhkəmə qeyd edir ki, dəyəri 7.174,40 manat dəyərində olan mallar iddiaçı tərəfindən cavabdehə təhvil verilmiş və cavabdehin də, qeyd edilmiş malların dəyərini ödəmək vəzifəsi yaranmışdır. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab etmişdir ki, iddia 7.174,40 manat borcun tələb edilməsi hissəsində əsaslıdır. Bundan başqa Məhkəmə qeyd etmişdir ki, dövlət rüsumunun əvəzi olaraq 91 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli ********** nömrəli qəbzə əsasən iddiaçı tərəfindən 91 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Belə olan halda məhkəmə hesab etmişdir ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.

10. Birinci instansiya məhkəməsi hazırkı mübahisəyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567, 600.4-cü maddələrini tətbiq etmişdir.

Apellyasiya instansiyasi məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

11. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e2-2(113)-8656/2024 nömrəli qətnaməsindən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə göstərir ki, Qafqazsement” Məhdud Məsuliyyətli Cəmiyyəti (satıcı) ilə Cavabdeh (alıcı) arasında xx.xx.2023-cü il tarixində 86 saylı alqı-satqı müqaviləsi imzalanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən satıcı hazırki müqavilənin 2-ci maddəsində göstərilən və gələcəkdə “mal” adlandırılacaq sement, beton və xidmət növünü alıcıya satır, alıcı isə malı alır və dəyərini ödəyir. Müqavilənin 3.3-cü bəndinə əsasən müqavilənin 3.2-ci maddəsində nəzərdə tutulan sonradan ödəmə şərtində alıcı aldığı malın dəyərini malı əldə etdikdən sonra qaimə-faktura təqdim edilən tarixdən etibarən 30 təqvim günündən gec olmayaraq satıcıya ödəməlidir. 86 saylı 24 oktyabr 2023-cü il tarixli müqaviləyə 1 saylı Əlavə ilə müqavilə üzrə satılacaq mallar və onların qiyməti tərəflər arasında razılaşdırılmışdır. Lakin məhkəmə müqaviləyə fikir verməmişdir ki, onun müddəti xx.xx.2023-cü il tarixə kimidir. xx.xx.2024 tarixli elektron qaimə ilə, müqavilə müddəti butdikdən sonra və müqavilə müddəti artırılmadıqdan sonra iddiaçının cavabdehə nə verməsi anlaşılmır və məhkəmənini qüvvəsini itirmiş müqaviləyə istinad etməsi yolverilməzdir. Hesab edək ki, iddiaçı hansısa məhsulu vermişdir, bu zaman hansı səbəbdən həmin məhsulun təhvili haqqında sənədləri təqdim etməmişdir? Bu barədə də əlavə sənədlər Bakı Apellyasiya Məhkəməsinə təqdim ediləcəkdir. MPM-nin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Buna baxmayaraq Bakı Kommersiya Məhkəməsi qanunun qeyd edilən tələbinə əməl etməmiş, cavabdehin hüquqlarını təmin etmədən qətnamə çıxararaq iddianı təmin etmişdir.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndələrinin işirakını təmin etməmişdirlər.

Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 568.1-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Əsaslandırıcı hissə

Apellyasiya baxışının hədləri

16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

18. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamə Cavabdeh tərəfindən tam mübahisələndirildiyindən tam yoxlanılır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

19. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-8656/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

20. İşin hallarından görünür ki, İddiaçı (satıcı) ilə Cavabdeh (alıcı) arasında xx.xx.2023-cü il tarixində 86 saylı alqı-satqı müqaviləsi imzalanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən satıcı hazırki müqavilənin 2-ci maddəsində göstərilən və gələcəkdə “mal” adlandırılacaq sement, beton və xidmət növünü alıcıya satır, alıcı isə malı alır və dəyərini ödəyir. Müqavilənin 3.3-cü bəndinə əsasən müqavilənin 3.2-ci maddəsində nəzərdə tutulan sonradan ödəmə şərtində alıcı aldığı malın dəyərini malı əldə etdikdən snra qaiməfaktura təqdim edilən tarixdən etibarən 30 təqvim günündən gec olmayaraq satıcıya ödəməlidir. 86 saylı 24 oktyabr 2023-cü il tarixli müqaviləyə 1 saylı Əlavə ilə müqavilə üzrə satılacaq mallar və onların qiyməti tərəflər arasında razılaşdırılmışdır. Müqavilə və 1 saylı Əlavə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. Qanunvericiliyin yuxarıda göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsindən irəli gəlir. Sadalanmış normaların tələbləri və tərəflər arasında bağlanılmış müqavilə şərtləri nəzərə alındığında müəyyən olunur ki, cavabdeh müqavilə üzrə öhdəlikləri icra etmədiyindən onun aldığı malların dəyərini ödəmək vəzifəsi və iddiaçının müqavilə üzrə öhdəliyin icrasını tələb etmək hüququ yaranmışdır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə EBDY seriyalı 715689 nömrəli xx.xx.2024-cü il tarixli dəyəri 7.174,40 manat olan elektron qaimə göndərilmişdir. Hazırda iddiaçı tərəf də 7.174,40 manat məbləğində pulun tutulmasını xahiş edir. 86 saylı 24 oktyabr 2023-cü il tarixli müqavilənin 3.3-cü bəndini də nəzərə almaqla, dəyəri 7.174,40 manat dəyərində olan mallar iddiaçı tərəfindən cavabdehə təhvil verilmiş və cavabdehin də, qeyd edilmiş malların dəyərini ödəmək vəzifəsi yaranmışdır. Qeyd olunanları nəzərə alaraq, iddia 7.174,40 manat borcun tələb edilməsi hissəsində əsaslıdır. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır.

21. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə kollegiya onu da qeyd etməyi zəruri hesab edir ki, müqavilənin müddətinin bitməsi tərəfləri müqavilə müddəti ərzində yaranmış öhdəliklərinin icrasından azad etmir, əks halda bu sahibkarlıq subyektlərinin hüquqlarının pozulmasına gətirib çıxarar. Mülki dövriyyənin sabitliyini qorumaq və qanunvericiliyin tələblərinə riayət etmək naminə müqavilələr icra edilməli, tərəflər üzərinə düşən öhdəlikləri yerinə yetirməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmışdır.

22. Belə olan halda məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgündür və qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsilə bağlı əsas yoxdur.

23. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-8656/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir, qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar