Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-283/2024 17.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı kommersiya işi Açar söz: alqı-satqı müqaviləsi Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi ilə, İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2- 2(113)-3895/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları
1. İddiaçı MMC (tədarükçü) ilə "xxxx" MMC (VÖEN **********) (hazırki adı "xxxx" MMC) (alıcı) arasında 14 oktyabr 2019-cu il tarixdə CT/SM19-076 saylı tədarük müqaviləsi bağlanmışdır. Müqavilənin 01 nömrəli əlavəsinə əsasən alqı-satqı predmeti olan mal hər kq 0,65 manat olan Epocon SP 585 olmuşdur.
2. İşdəki xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, tərəflər arasında 14 oktyabr 2019-cu il tarixdə CT/SM19-076 saylı tədarük müqaviləsindən başqa. Eyni zamanda xx.xx.2017-ci il tarixli tədarük müqaviləsi, xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsi, xx.xx.2018-ci il tarixli, xx.xx.2018-ci il tarixli xidmət müqaviləsi bağlanmış, sonuncu müqavilə üzrə qalıq borc 58220,93 manat olmuşdur.
3. xx.xx.2022-ci il tarixdə tərəflər arasında barışıq sazişi bağlanmaqla qalıq borcun 58220,93 manat olduğu təsdiq edilmiş, həmin borcun xx.xx.2022-ci il tarixdən 25.000 manat hissəsinin hissə-hissə ödənilməsi barədə razılaşma əldə edilmişdir.
4. İddiaçı "xxxx" MMC-yə xx.xx.2022-ci il tarixdə pretenziya məktubu ünvanlayaraq müqavilə üzrə 14.000 manat borcun ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir.
Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı MMC cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən İddiaçı MMC-nin xeyrinə 14.000 manat məbləğində pulun, habelə “ilkin mediasiya sessiyasında iştirak etmək” üçün ödənilmiş 200 manat xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə cavabdeh "xxxx" MMC onun (əvvəlki adı "xxxx" MMC) Nizamnaməsi əsasında hərəkət edən direktoru X1 arasında 14 oktyabr 2019-cu il tarixli № CT/SM-19-076 müqaviləyə əsasən boya məhsullarının alqı-satqısı nisyə qaydasında həyata keçirilmişdir. İddiaçı ilə cavabdeh arasında imzalanmış müqaviləyə əsasən iddiaçı boya məhsullarını cavabdehə satmağı, cavabdeh isə malları qəbul edərək onun dəyərini razılaşdırmış vaxta iddiaçıya ödəməyi öz öhdəsinə götürmüşdür. Tərəflər arasında tərtib edilmiş aktlara əsasən müəyyən edilmişdir ki, "xxxx" MMC-nin İddiaçı MMC-yə cəmi 58.220,93 manat məbləğində borcu mövcud olmuşdur. xx.xx.2022-ci il tarixdə cavabdehin elektron kabinetinə pretenziya məktubu və xx.xx.2022-ci il tarixdə mediasiya prosesinin tətbiqi barədə təklif göndərilmişdir. xx.xx.2023- cü il tarixdə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun 28ci maddəsində uyğun olaraq ilkin mediasiya sessiyası təşkil edilmişdir. Lakin cavabdeh bu barədə məlumatlı olsada ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Mediasiya sessiyasından sonra tərəflər borc məbləğinin 25000 manat olması barədə razılığa gəlmişlər və cavabdeh bundan sonra hissə-hissə 11000 manat ödəmiş, qalıq qalan 14000 manat borcu ödəməmiş və cavabdeh tərəfindən müqavilə üzrə üzərinə düşən öhdəliklərini tam yerinə yetirməmişdir. Odur ki, hal-hazırda cavabdehin iddiaçıya 14000 manat borcu mövcuddur.
7. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-3895/2023 nömrəli qətnaməsi ilə (hakim Leyla Əliyeva) iddia təmin edilmişdir.
8. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı MMC həmin müqavilə əsasında təqdim edilmiş mallara görə - 14.000 manat məbləğində borcun cavabdeh "xxxx" MMC tərəfindən ödənilmədiyini iddia edir və həmin borcun tutulmasını tələb edir. Bununla yanaşı iş materiallarından görünür ki, iddiaçı ilə cavabdeh arasında 20 oktyabr 2022-ci il tarixində barışıq sazişi bağlanmış, həmin sazişlə cavabdehin iddiaçıya 25000 manat borcunun olması müəyyən edilmiş və cavabdeh tərəf 20 oktyabr 2022-ci il tarixdən başlayaraq borcunu ödəyəcəyinə dair vədd etmiş və 25000 manat məbləğində borcu 20 oktyabr 2022-ci il tarixdə 7.000 manat olmaqla, həmin gündən etibarən hər 30 gündən bir 6.000 manat ödəməklə bağlamağı öhdəsinə götürmüşdür. Daha sonra barışıq sazişinə əsasən xx.xx.2022-ci il tarixdə 7000 manat və xx.xx.2022-ci il tarixində isə 3000 manat pul vəsaiti ödənilmişdir.
9. Məhkəmə qeyd etmişdir ki, məhkəməyə təqdim edilmiş 20 oktyabr 2022-ci il tarixli barışıq sazişi ilə cavabdehin iddiaçıya alqı-astqı müqaviləsi üzrə borcunun 25.000 manat təşkil etməsi, xx.xx.2022 və xx.xx.2022-ci il tarixli aktlara əsasən isə həmin borcdan cavabdeh tərəfindən 10.000 manat məbləğində ödəniş edilməsi müəyyən edildiyindən məhkəmə belə qənaətə gəlir ki.14000 manat məbləğində borcun cavabdeh "xxxx" MMCdən tutulmasına dair İddiaçı MMC-nin iddiası əsaslıdır.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
10. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-3895/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi cavabdeh tərəfi işə cəlb etmədən, yalnız iddiaçının təqdim etdiyi ziddiyyətli sənədlər əsasında heç bir araşdırma aparmadan əsassız qətnamə qəbul etmişdir. Məhkəmə qətnamə qəbul edərkən, həm tərəflər arasında bağlanıldığı qeyd edilən xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinə, həm tərəflər arasında bağlanıldığı qeyd edilən xx.xx.2022-ci il tarixli barışıq sazişinə və həmçinin də mülki qanunvericiliyin öhdəliklə bağlı bir sıra normalarına nizamsız olaraq istinad etmiş, tələbin qanuni və ya müqavilə əsasını müəyyən edə bilməmişdir. Məhkəmə eyni zamanda, iddiaçının təqdim etdiyi sənədlərin və izahatlarının mötəbərliliyini də yoxlamadan iş üzrə qanunsuz və əsassız yekun akt qəbul etmişdir. Məhkəmə qətnamə qəbul edərkən, həm tərəflər arasında bağlanıldığı qeyd edilən xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinə, həm tərəflər arasında bağlanıldığı qeyd edilən xx.xx.2022-ci il tarixli barışıq sazişinə və həmçinin də mülki qanunvericiliyin öhdəliklə bağlı bir sıra normalarına nizamsız olaraq istinad etmiş, tələbin qanuni və ya müqavilə əsasını müəyyən edə bilməmişdir.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. İddiaçı və cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdirlər.
13. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi: 567-ci maddə- alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 77.1-ci maddə-hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 54.1-ci maddə-işdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir. 385.2-ci maddə-birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Əsaslandırıcı hissə
Apellyasiya baxışının hədləri
14. Qətnamə cavabdeh tərəfindən tam mübahisələndirdiyindən tam yoxlanılır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
15. Məhkəmə apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-3895/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
16. İşin iddiaçı tərəfindən təqdim edilmiş sübutlar əsasında müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında 14 oktyabr 2019-cu il tarixdə CT/SM19-076 saylı tədarük müqaviləsi bağlanmış, həmin müqavilə üzrə 58220,93 manat borc qalığı olduğunu cavabdeh xx.xx.2022-ci il tarixli barışıq sazişini imzalamaqla təsdiq etmişdir.
17. İddiaçı qeyd edilən borcdan 14.000 manat hissəsinin ödənilmədiyini iddia etmiş, cavabdeh işə birinci instansiya qaydasında baxılarkən iddiaya hər hansı etiraz bildirməmiş, o cümlədən apellyasiya şikayətində borcun mövcud olmadığını və ya ödənildiyini qeyd etməmiş, sadəcə məhkəmənin iddiaçı tərəfindən təqdim edilmiş sübutlar üzrə kifayət qədər araşdırma aparmadığını göstərmişdir. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, cavabdehin formal mülahizələrdən ibarət apellyasiya şikayəti məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Məhkəmə işdə olan sübutlar əsasında mübahisəni düzgün həll etmiş, qətnamənin ləğv edilməsinə əsas verə biləcək hər hansı maddi və prosessual hüquq pozuntusuna yol verilməmişdir.
18. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)- 3895/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
19. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:
Cavabdeh "xxxx" MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-3895/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.