Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-284/2021 10.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X7 qızının, üçüncü şəxsin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdeh Respublika Xammal və Əmtəə Birjasının “xxxx” MMC-yə (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti üçüncü şəxs olmaqla) qarşı hərracın yekunlarına dair protokolun bağlanması və alqı-satqı müqaviləsinin sadələşdirilmiş vergi tutulmadan bağlanması tələbinə dair iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-2220/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən (hakim Leyla Əliyeva) üçüncü şəxs tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı ASC cavabdeh Respublika Xammal və X6 “xxxx” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-1328/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Abşeron rayon Hökmalı qəsəbəsində yerləşən 2 mərtəbəli fərdi yaşayış evinin satılması ilə bağlı keçirilmiş hərracın yekunlarına dair protokolun imzalanması və alqı-satqı müqaviləsinin İddiaçı ASC-dən ödəmə mənbəyindən sadələşdirilmiş vergi tutulmadan və həmin verginin ödənilməsi ondan tələb edilmədən bağlanması vəzifəsi cavabdeh Respublika Xammal və X8” MMC-nin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Apelyasiya Məhkəməsinin 2(103)- 1328/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən borclular “xxxx” MMC-dən və X4 İddiaçı ASC-nin xeyrinə 801.246,05 ABŞ dolları məbləğində pulun tutulması bildirişin ƏMDK yanında DƏDRX-də qeydiyyatı ilə bağlı ödənilmiş 30 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat pul tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi, tutmanın ilkin satış qiyməti 95.000 manat müəyyən edilməklə Abşeron Rayon Hökmalı qəsəbəsində yerləşən 2 mərtəbəli fərdi yaşayış evinə, ilkin satış qiyməti 202.000 manat müəyyən edilməklə Bakı şəhəri, Nəsimi rayonu, Əlibəy Hüseynzadə küçəsində yerləşən 102 saylı fərdi yaşayış evinə, ilkin satış qiyməti 255.000 manat müəyyən edilməklə Bakı şəhəri Yasamal rayonu, Yeni Yasamal 1 küçəsində yerləşən, 8 R saylı evin 1 saylı mənzilinə və ilkin satış qiyməti 250.000 manat müəyyən edilməklə Bakı şəhəri Yasamal rayonu, Yeni Yasamal 1 küçəsində yerləşən, 8 H saylı evin 1 saylı mənzilinə yönəldilməsi, ipoteka predmetləri açıq hərracdan satılmalı, ipoteka predmetləri satıldıqda cavabdehlər və onunla yaşayan ailə üzvləri tərəfindən ən geci 1 ay ərzində boşaldılması qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 2(103)-1328/2019 saylı, xx.xx.2019-cuil tarixli icra sənədinə əsasən Abşeron rayon İcra və Probasiya şöbəsi tərəfindən icra hərəkətlərinə başlamışdır. Belə ki, Respublika Xammal və Əmtəə Birjasının “xxxx” MMC hərrac mərkəzi ilkin satış qiyməti 95.000 manat müəyyən edilməklə Abşeron Rayon Hökmalı qəsəbəsində yerləşən 2 mərtəbəli fərdi yaşayış evini açıq hərracdan satışa çıxartmışdır. Hərracda tutma obyektinin alıcısı olmadığından Respublika Xammal və Əmtəə Birjasının “xxxx” MMC Abşeron Rayon Hökmalı qəsəbəsində yerləşən 2 mərtəbəli fərdi yaşayış evini 60.562,50 manat dəyərində tələbkar “xxxx” ASC-nə təklif etmişdir. Təklifin qəbul edilməsi barədə Hərrac Mərkəzinə xx.xx.2020-ci il tarixli, 07/05-330 saylı məktubla müsbət cavab verilmiş, Hərracın yekunları barədə protokolun və alqı-satqı müqaviləsinin əldə edilməsi üçün 34 №-li xx.xx.2020-ci il tarixli hesab fakturaya əsasən Respublika Xammal və Əmtəə Birjasının “xxxx” MMC–yə 2.566,21 manat xidmət haqqı, 461,91 manat ƏDV, cəmi 3028,12 manat məbləğində vəsait ödənilmiş, lakin hərracın yekunları barədə protokol və alqı-satıq müqaviləsi indiyə kimi Banka təqdim edilməmişdir. Hal-hazırda cavabdeh Respublika Xammal və Əmtəə Birjasının “xxxx” MMC əmlakın banka satılması üçün hərracın yekunları üzrə protokolun və alqı-satqı müqaviləsinin imzalanmasından imtina edir. Cavabdeh tərəfindən Bankın xx.xx.2020-ci il tarixli rəsmi müraciətə verilmiş 01/856 saylı, xx.xx.2020- ci il tarixli cavab məktubunda Abşeron Rayon Hökmalı qəsəbəsində yerləşən 2 mərtəbəli fərdi yaşayış evinə görə hesablanmış 4277,4 manat sadələşdirilmiş vergi məbləği ödənildikdən sonra hərracın yekunlarına dair protokolun banka təqdim ediləcəyi bildirilmişdir. Göründüyü kimi, cavabdeh indiyə qədər əmlakın açıq hərracda satılmasına dair yekun protokolu və alqı-satqı müqavilələrini bankdan ödəmə mənbəyindən sadələşdirilmiş vergi tutulmadan imzalanmayacağını rəsmi olaraq bildirmiş və müvafiq sənədləşmələri həyata keçirməkdən qərəzli formada yayınır. Təbii ki, cavabdehin göstərilən mövqeyi “xxxx” ASC üçün maddi itkilərə səbəb olur. Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-2220/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin 2(103)- 1328/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsinin icrasını təmin etmək məqsədilə Abşeron rayonu, Hökmalı qəsəbəsində yerləşən 2 mərtəbəli fərdi yaşayış evinin satılması ilə bağlı keçirilmiş hərracın yekunlarına dair protokolun imzalanması və alqısatqı müqaviləsinin İddiaçı ASC-dən ödəmə mənbəyindən sadələşdirilmiş vergi tutulmadan və həmin verginin ödənilməsi ondan tələb edilmədən bağlanması vəzifəsinin cavabdeh Respublika Xammal və Əmtəə Birjasının “xxxx” MMC-nin üzərinə qoyulması, iddia verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaitinin cavabdeh Respublika Xammal və X8” MMC-dən tutularaq İddiaçı ASC-yə ödənilməsi qət edilmişdir. Üçüncü şəxs Azərbaycan Respublikası Vergilər Nazirliyi (hazırda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti) həmin qətnamədən apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etmişlər. 3-cü şəxs Azərbaycan Respublikası Vergilər Nazirliyinin apelyasiya şikayəti bununla əsaslandırılmışdır ki, iş üzrə qəbul edilmiş qətnamə maddi və prosessual hüquq pozuntuları ilə qəbul edilmişdir. Belə ki, məhkəmə qərarında qeyd edilir ki, hazırkı halda iddiaçı daşınmaz əmlakı təqdim edən şəxs deyil, həmin əmlakı əldə edən qismində çıxış etdiyindən Respublika Xammal Və Əmtəə Birjasının "xxxx" MMC-nin hərracın yekunlarına dair protokolun tərtib edilməsi və alqı-satqı müqaviləsinin bağlanması üçün sadələşdirilmiş verginin bank tərəfindən ödənilməsi şərtini irəli sürməsi qanunauyğun hesab edilə bilməz. Həmçinin məhkəmə qərarında bildirilmişdir ki, mübahisə predmeti olan hərrac könüllü əsaslarla deyil, icra sənədinin icrasını təmin etmək məqsədi ilə icra məmurunun sifarişi əsasında həyata keçirildiyindən, yəni həmin hərracın keçirilməsi vəzifəsi qanundan irəli gəldiyindən hazırkı halda hərrac təşkilatçısı qanunun tələblərinə uyğun şəkildə keçirilmiş hərracın nəticələrinə dair protokolu təsdiq etmək və alqı-satqı müqaviləsi bağlamaq vəzifəsi daşımaqla hərrac protokolunu imzalamaqdan və müqavilə bağlamaqdan imtina etmək hüququna malik deyil. Məhkəmənin qeyd edilən bu mövqeyi ilə razı deyilik və bildiririk ki, yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi əməliyyatına münasibətdə vergi qanunvericiliyi ödənilməli olan vergi növü olaraq sadələşdirilmiş vergini müəyyən etmişdir. Belə ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 218.4.3-cü maddəsinin 2020-ci ilin yanvar ayınadək qüvvədə olmuş redaksiyasına əsasən mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsini (fiziki şəxsin azı 5 (beş) il ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu yaşayış sahələrinin təqdim edilməsi, həmçinin bu Məcəllənin 102.1.3.2-ci, 102.1.18-ci, 106.1.16-cı, 144.1.1-ci və 144.1.2-ci maddələrində nəzərdə tutulmuş təqdim edilmə halları istisna olmaqla) həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyicilərinə aid edilmişdir. Bu zaman, sadələşdirilmiş verginin vergitutma obyekti həmin Məcəllənin 219.3-1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlakın sahəsidir. Sadələşdirilmiş verginin digər vergitutma obyektlərindən fərqli olaraq yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsinə münasibətdə vergitutmanın forması kimi “bilavasitə mənbədən” forması nəzərdə tutulmuşdur. Qeyd olunan əməliyyatlar çərçivəsində sadələşdirilmiş verginin “bilavasitə mənbədən” tutulmasını həyata keçirmək öhdəliyi yaşayış və qeyri-yaşayış sahəsinin təqdim edilmə üsulundan asılı olaraq iki fərqli subyekt arasında bölüşdürülmüşdür. Birinci halda, Vergi Məcəlləsinin 150.1.9-ci maddəsinə müvafiq olaraq torpaq, yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi (fiziki şəxsin azı 5 (beş) il ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu yaşayış sahələrinin təqdim edilməsi, bu Məcəllənin 102.1.3.2-ci, 102.1.18- ci, 106.1.16-cı, 144.1.1-ci və 144.1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda təqdim edilmə, həmçinin bu Məcəllənin 221.5-ci maddəsinə uyğun olaraq sadələşdirilmiş vergi hesablanmış tikinti sahələrinin həmin bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxs tərəfindən təqdim edilməsi halları istisna olmaqla) üzrə müqavilələri təsdiq edən notarius ödəmə mənbəyində vergini tutmağa borcludur. İkinci halda isə, vergini ödəmə mənbəyində tutmaq öhdəliyi həmin Məcəllənin 150.1.13cü maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş istisnalar nəzərə alınmaqla yaşayış və qeyri-yaşayış sahələrinin, habelə torpaq sahələrinin açıq hərrac qaydasında təqdim edilməsi üzrə hərracın nəticələrini “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.2-ci maddəsində müəyyən olunmuş protokolla təsdiq edən ixtisaslaşdırılmış təşkilatların üzərinə qoyulmuşdur. Beləliklə, yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı sadələşdirilmiş verginin hesablanmasını, tutulmasını və dövlət büdcəsinə ödənilməsini notariuslar və hərracın nəticələrini təsdiq edən ixtisaslaşdırılmış təşkilatlar həyata keçirir. İşə apelyasiya qaydasında baxılması xx.xx.2021-ci il tarixə təyin edilmiş, iddiaçı və cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilsələr də, nümayəndələri məhkəmə iclasında iştirak etməmiş, məhkəmə MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq işə iddiaçının və cavabdehin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Resublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndəsi X2 məhkəmə iclasında apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə izahatı dinləyərək, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-2220/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərə əsasən müəyyən edildi ki, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(103)- 1328/2019 saylı qətnaməsinə əsasən cavabdehlər “xxxx” MMC-dən və X4 İddiaçı ASCnin xeyrinə ümumilikdə 801.246,05 ABŞ dolları məbləğində pulun tutulması, tutmanın ilkin satış qiyməti 95.000 manat müəyyən edilməklə Abşeron Rayon Hökmalı qəsəbəsində yerləşən 2 mərtəbəli fərdi yaşayış evinə, ilkin satış qiyməti 202.000 manat müəyyən edilməklə Bakı şəhəri, Nəsimi rayonu, Əlibəy Hüseynzadə küçəsində yerləşən 102 saylı fərdi yaşayış evinə, ilkin satış qiyməti 255.000 manat müəyyən edilməklə Bakı şəhəri Yasamal rayonu, Yeni Yasamal 1 küçəsində yerləşən, 8 R saylı evin 1 saylı mənzilinə və ilkin satış qiyməti 250.000 manat müəyyən edilməklə Bakı şəhəri Yasamal rayonu, Yeni Yasamal 1 küçəsində yerləşən, 8 H saylı evin 1 saylı mənzilinə yönəldilməli, ipoteka predmetləri açıq hərracdan satılmalı, ipoteka predmetləri satıldıqda cavabdehlər və onunla yaşayan ailə üzvləri tərəfindən ən geci 1 ay ərzində boşaldılması qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə mindikdən sonra Abşeron rayon İcra və probasiya şöbəsi Bakı Apelyasiya Məhkəməsinin icra sənədini icraata qəbul etmiş və sonrakı icra hərəkətlərinə başlamışdır. İpoteka predmeti olan Abşeron Rayon Hökmalı qəsəbəsində yerləşən 2 mərtəbəli fərdi yaşayış evinin satılmasının təşkil edilməsi Respublika Xammal və Əmtəə Birjasının “xxxx” MMC-yə həvalə edilmişdir. Sözügedən fərdi yaşayış evinin satılması ilə bağlı keçirilmiş hərraclar baş tutmadığından Respublika Xammal və Əmtəə Birjasının “xxxx” MMC xx.xx.2020-ci il tarixli məktubla Abşeron Rayon Hökmalı qəsəbəsində yerləşən 2 mərtəbəli fərdi yaşayış evini ilkin satış qiymətindən 25 % az olmayan qiymətlə ipoteka saxlayana təklif etmiş və İddiaçı ASC xx.xx.2020-ci il tarixli, 07/05-330 saylı məktubla göstərilən əmlakı təklif olunan qiymətə əldə etməyə razılıq vermişdir. xx.xx.2020-ci il tarixdə İddiaçı ASC tərəfindən Respublika Xammal və Əmtəə Birjasının “xxxx” MMC-yə təkrarən müraciət olunmuş, hərracın yekunları barədə protokolun və alqı-satqı müqaviləsinin əldə edilməsi üçün “xxxx” MMC-yə cəmi 3.028,12 manat məbləğində vəsaitin ödənilməsi, lakin hərracın yekunları barədə protokolun və alqısatqı müqaviləsinin banka təqdim edilməməsi bildirilmişdir. “xxxx” MMC tərəfindən İddiaçı ASC-yə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubla hərracın nəticələrinə dair protokolun alıcı və ipoteka predmetini əldə edən şəxs tərəfindən Vergi Məcəlləsinin 150.1.13, 150.3- 1, 220.8 və 220.8.1-ci maddələrinə əsasən yaşayış və qeyri-yaşayış sahələrinin ödəmə mənbəyindən tutulan sadələşdirilmiş vergi ödənildikdən sonra tərtib olunacağı bildirilmişdir. Bundan sonra iddiaçı xx.xx.2020-ci il tarixdə hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə aşağıdakılara əsasən iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin iş üzrə gəldiyini nəticəni qanuni və əsaslı, apelyasiya şikayətinin dəlillərini əsassız hesab edir. Məhkəmə hesab edir ki, mübahisəyə hüquqi qiymət verilməsi üçün aşağıdakı normalara nəzər salınmalıdır. Mülki Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Həmin Məcəllənin 319.3-cü maddəsinə görə, ipoteka ilə yüklü edilmiş obyektin alıcısı satınalma qiymətini ödəməyə borcludur. İpoteka ilə yüklü edilmiş obyektin tutmaya yönəldilməsi xərcləri satınalma qiymətindən tutulur. Vergi Məcəlləsinin 150-ci maddəsində ödəmə mənbəyində verginin tutulması qaydası müəyyən edilmişdir. Həmin Məcəllənin 2018-ci il 30 noyabr tarixində əlavə edilmiş 150.1.13-cü maddəsinə uyğun olaraq, qanunla müəyyən edilmiş hallar istisna olmaqla, yaşayış və qeyri-yaşayış sahələrinin, habelə torpaq sahələrinin açıq hərrac qaydasında təqdim edilməsi üzrə hərracın nəticələrini “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.2-ci maddəsində müəyyən olunmuş protokolla təsdiq edən ixtisaslaşdırılmış təşkilatlar ödəmə mənbəyində vergi tutmağa borcludur. Adıçəkilən maddədə istifadə edilən “malların təqdim edilməsi” müddəasının anlayışı Vergi Məcəlləsinin 13.2.10-cu maddəsində verilmişdir. Bu maddəyə görə, malların təqdim edilməsi – mallar üzərində mülkiyyət hüququnun başqasına verilməsi, habelə bunlarla məhdudlaşdırılmayan, malların satışı, mübadiləsi, hədiyyə verilməsi, natura şəklində əməkhaqqı ödənilməsi və natura şəklində digər ödəmələr, həmçinin girov qoyulmuş mallar üzrə mülkiyyət hüququnun girov saxlayana və ya digər şəxsə keçməsi, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin notarial qaydada təsdiq edilməklə, habelə notarial qaydada təsdiq edilmədən bağlanmış müqavilələr üzrə, həmçinin mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı ilə özgəninkiləşdirilməsidir. Vergi Məcəlləsinin 150.3-1-ci maddəsinə əsasən, notarius və ixtisaslaşdırılmış hərrac təşkilatları bu Məcəllənin 220.8-ci və 220.8-1-ci maddələrinə uyğun olaraq sadələşdirilmiş vergini hesablayaraq 1 (bir) bank günü ərzində dövlət büdcəsinə ödəyir və hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi forma üzrə bəyannaməni vergi orqanına verməyə borcludur. Yuxarıda göstərilən normalar yaşayış və qeyri-yaşayış sahələrinin hərrac qaydasında təqdim edilməsi zamanı verginin məhz ödəmə mənbəyində, yəni əmlakı əldə edənin həyata keçirdiyi ödənişdən tutulmasını nəzərdə tutur. Hazırkı mübahisə baş tutmamış hərrac zamanı ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə edilməsi zamanı onun vergi ödəmək vəzifəsinin yaranıbyaranmaması ilə bağlı olduğundan qanunvericilikdə bu məsələni tənzimləyən müvafiq normalar olub-olmadığı araşdırılmalıdır. “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə əsasən hərrac baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Bu halda əmlakı əldə edən ipoteka saxlayan tərəfindən hər hansı ödəniş həyata keçirilmədiyi üçün ödəmə mənbəyindən verginin tutulması ilə bağlı Vergi Məcəlləsinin yuxarıda qeyd edilmiş normalarının tətbiqi mümkün olmur. Eyni zamanda nəzərə alınmalıdır ki, ipoteka saxlayan hərrac baş tutmadıqda ipoteka predmetini məcburiyyət qarşısında qalaraq əldə edir və “İpoteka haqqında” Qanunun 43.9-cu maddəsinə uyğun olaraq, xarakterinə və təyinatına görə ona məxsus ola bilməyən ipoteka predmetini qanunvericiliklə müəyyən edilmiş qaydada bir il ərzində özgəninkiləşdirməyə məcbur olur. Həmin əmlaklar özgəninkiləşdirilərkən bank tərəfindən ödəmə mənbəyindən vergi ödənildiyindən bank bir vergini iki dəfə-həm əmlakı ələ edərkən, həm də özgəninkiləşdirərkən ödəmiş olur ki, bu da vergi qanunvericiliyinə əsasən qanunsuzdur. Məhkəmə kollegiyası qeyd edilənlərə və Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki və Vergi Məcəllələrinin, “İpoteka haqqında” və “İcra haqqında” Azərbaycan Respublikası Qanunlarının bəzi müddəalarının əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqeyə əsaslanaraq hesab edir ki, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə edilməsi zamanı sadələşdirilmiş verginin ödənilməsi qaydaları qanunvericilikdə nəzərdə tutulmadığından iddiaçının bu vergini ödəmək vəzifəsi olduğuna dair cavabdehin və vergi orqanının mövqeyi əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual pozuntulara yol verilmədiyindən və mübahisə mahiyyəti üzrə düzgün həll edildiyindən mübahisələndirilən qətnamənin apelyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-2220/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: 3-cü şəxs Azərbaycan Resublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin apelyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-2220/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına ( ünvan: Bakı şəhəri, Yusif Səfərov küçəsi, 14) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-2(103)-284/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-284/2021
10.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver