Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-284/2022 04.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi, iddiaçı Nümayəndə, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə iddiaçının cavabdehə qarşı pul tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4881/2021 nömrəli iş üzrə 29 noyabr 2021-ci il tarixli qətnaməsindən cavabdehin apellyasiyasına əsasən kommersiya mübahisəsinə аçıq məhkəmə iclаsındа bаxаrаq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, 8.128 manat məbləğdə əsas borc, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən hesablanmış 634,58 manat məbləğdə faiz borcu olmaqla, ümumilikdə cəmi 8.762,58 manat məbləğdə pulun və 30 manat məbləğdə dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə, icraçı Nümayəndə şifarişçinin Qazaxıstan Respublikasındakı Almatı layihəsində uçotçu və mühasibatlıq işləri ilə əlaqədar işlərin icrasını həyata keçirmiş, sifarişçi isə bu xidmətin qarşılığında icraçıya aylıq 1.652 manat məbləğdə xidmət haqqı ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh müqavilə üzrə götürdüyü öhdəliyə uyğun olaraq xidmət haqqını ödəməmiş, bununla da o, müqavilə şərtlərini, həmçinin mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Bakı Kommersiya Məhkəməsinin 29.11.2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Qətnamənin əsaslarına görə, “...cavabdehin nümayəndəsi mübahisəli müqavilənin mövcudluğunu mübahisələndirsə də, iddiaçının cavabdehə xidmət göstərməsi və bununla bağlı cavabdehə vaxtaşırı ödənişlərin edilməsi faktlarını inkar etməmiş, həmin xidmətlərin iddiaçının istinad etdiyi müqavilə əsasında deyil, tərəflər arasında bağlanılmış ASFX18/152 saylı xidmət müqaviləsi əsasında göstərildiyini və həmin müqavilə üzrə cavabdehin iddiaçıya borcunun olmadığını iddia etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, birincisi, cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş ödənişlər barədə cədvəldə iddiaçıya ödənişlərin bir qisminin ASFX18/152 saylı xidmət müqaviləsi üzrə, digər qisminin isə ASFX18/137 saylı xidmət müqaviləsi üzrə aparıldığı göstərilmişdir. Cavabdeh tərəfindən ASFX18/137 saylı müqavilə üzrə ödənişlərin edilməsi faktı isə cavabdehin nümayəndəsinin iddiaya etirazına əsas kimi istinad etdiyi - mübahisəli müqavilənin bağlanması barədə ümumiyyətlə məlumatlı olmaması, həmin müqavilənin saxta olması barədə - dəlillərin əsassızlığına dəlalət edir. Mübahisəli müqavilənin səlahiyyətli şəxs tərəfindən bağlanılmaması barədə cavabdehin istinad etdiyi dəlillərə gəldikdə məhkəmə qeyd edir ki, A.Məmmədovun müqaviləni imzalamaq səlahiyyətinin olmaması ehtimal edilsə belə, cavabdeh tərəf iddiaçı Nümayəndə göstərdiyi xidmətləri qəbul etməklə və həmin xidmətlərə görə ödənişlər etməklə müqaviləni bəyənmişdir. ... Odur ki, hazırkı halda cavabdeh mübahisəli müqaviləüzrə ödənişlər etməklə həmin müqaviləni bəyəndiyindən cavabdehin nümayəndəsinin yuxarıda göstərilən dəlili həmin müqavilənin etibarsız əqd olması və həmin müqavilə əsasında tərəflərin qarşılıqlı hüquq v öhdəliklərinin yaranmaması barədə nəticəyə gəlmək üçün əsas vermir. Digər tərəfdən Nümayəndə işlərin görülməsi barədə mübahisəli aktlar üzrə ASC-yə elektron qaimə təqdim etməməsi barədə cavabdehin istinad etdiyi dəlilə gəldikdə məhkəmə qeyd edir ki, elektron qaimənin təqdim edilməməsi ASC-nin göstərilmiş xidmətin müqabilində haqqı ödəməkdən imtina etməsi və hazırkı iddianın rədd edilməsi üçün əsas hesab edilə bilməz. Məhkəmə həmçinin qeyd edir ki, tərəflər Nümayəndə tərəfindən "xxxx" ASC-yə göstərilən xidmətlərin yalnız SFX18/152 saylı xidmət müqaviləsi və ya iki müqavilə - ASFX18/137 saylı və A xidmət müqaviləsi əsasında göstərilməsini mübahisələndirsələr də, hər iki tərəfin təsdiq etdiyi hallardan biri ondan ibarətdir ki, Nümayəndə 2018-ci ilin apreli- 2020-ci ilin mart ayının ortaların arası dövrdə cavabdeh "xxxx" ASC-yə uçot və mühasibatlıq xidmətlərini göstərmişdir. Göstərilən hal ASC tərəfindən Nümayəndə aparılmış ödənişlərlə də təsdiq edilir. Digər tərəfdən hər iki tərəfin məhkəməyə təqdim etdiyi ödəniş məlumatlarından aydın olur ki, 2018-ci ilin apreli- 2020-ci ilin mart ayının ortaların arası dövrdə Nümayəndə yalnız 2019-cu ilin avqust, oktyabr, dekabr, 2020-ci ilin yanvar və fevral ayları üçün, yəni hazırda iddiaçının ödəniş edilməsini tələb etdiyi aylar üçün ödəniş edilməmişdir. İşin göstərilən halı da Nümayəndə iddiasının əsaslı olmasına dəalət edir.” Qətnamə ilə razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, iş materiallarına iddiaçı tərəfindən hər hansı qaimə əlavə edilməmiş, qarşı tərəf borcu əsaslandırmaq üçün heç bir qaimə təqdim etməmişdir. İddiaçı özü qaimələrinin olmadığını etiraf etməsinə baxmayaraq hakim bunu nəzərə almamış və tamamilə əsassız və qanunsuz qətnamə qəbul etmişdir. İddiaçının elektron qaiməni təqdim etmək vəzifəsi olduğu halda elektron qaimə tərtib edilməmiş və təqdim edilməmişdir. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsində keçirilən məhkəmə iclasında üzrlü səbəbdən gələ bilməmiş, iclasların təyin edildiyi zaman nümayəndə səhhəti ilə əlaqədər iştirak edə bilməmişdir. Lakin, məhkəmə prosesi təxirə salınmamış, iddiaçı çıxış etmək hüququndan məhrum edilmiş, ona iddiaya dair fikrini ifadə etməyə imkan verilməmiş və sonunda belə bir ədalətsiz qərar qəbul edilmişdir. Bununla da qanunvericiliyin tələbi olan ədalət mühakiməsinin çəkişmə prinsipini pozulmuşdur. Cavabdehin nümayəndəsi tərəfindən məhkəmə - xətşünaslıq və sənədlərin məhkəmə-texniki ekspertizasının təyin edilməsi haqqında vəsatətinə məhkəmə səthi münasibət bildirmiş və vəsatətin tam əsaslı olmağına baxmayaraq vəsatəti rədd etmişdir. Cavabdehin dəfələrlə təkidinə baxmayaraq iddiaçı müqavilənin əslini təqdim etməmiş, eyni tarixlərə təsadüf edən digər bir müqavilə üzrə münasibətlərini hakimdən gizlətmişdir. Məhkəmə dəfələrlə iddiaçıya müqavilənin əslini və e-qaimələri təqdim etməyi tələb etsə də, qarşı tərəf heç bir sənəd təqdim etməmişdir. Eyni zamanda, müqavilənin əslinin olmamasına və iddiaçının bunu özünün etiraf etməsinə baxmayaraq təqdim edilmiş surətlər məhkəmə tərəfindən sübut kimi qiymətləndirilmiş, cavabdeh tərəfindən ödənişi təsdiq edən ödəniş tapşırıqlarına, qaimələrə, sənədlərə ümumiyyətlə münasibət bildirilməmişdir. İşə apellyasiya qaydasında baxılarkən cavabdehin nümayəndəsi şikayəti müdafiə edib, ona uyğun izahat vermiş, iddiaçı şikayəti qəbul etməyib, rədd olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İşdən müəyyən edilir ki, tərəflər arasında 09.04.2018-ci il tarixdə ASFX 18/137 nömrəli xidmət müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən icraçı (iddiaçı) sifarişçinin (cavabdehin) Qazaxıstan Respublikasında icrasını həyata keçirdiyi Almatı layihəsində uçot və mühasibatlıq üzrə işlərin icrasını və nəzarətini, sifarişçi isə bu xidmətin müqabilində icraçıya 1 ay üçün 1.625 manat xidmət haqqı ödəməyi öhdəsinə götürmüşdür. 09.04.2018-ci il tarixdə ASFX 18/137 nömrəli müqaviləyə 01.01.2019-cu il tarixli əlavə ilə 09.04.2018-ci il tarixli müqavilənin 2.1-ci bəndinə dəyişiklik edilərək, xidmət haqqının məbləği 1 ay üçün 1.652 manat məbləğdə müəyyən edilmişdir. Müqavilənin: 2.2-ci bəndinə görə, bu müqavilənin 1.1-ci bəndində göstərilən xidmətlərə görə sifarişçinin təyin etdiyi iş yerində həftənin 6 günü (baza-ertəsi-şənbə) icra edir; 2.3-cü bəndinə əsasən, ödəniş tərəflər arasında icra olunmuş işlər haqqında təhviltəslim aktı imzalandıqdan sonra sifarişçi tərəfindən hər növbəti ayın sonunadək bank köçürmə yolu ilə icraçıya ödənilir; 2.6-cı bəndinə əsasən icraçı bu müqavilə üzrə işlərin icrasına 09 aprel 2018-ci il tarixdən başlayacaqdır. Müqavilə sifarişçi tərəfdən tikinti direktoru A.Məmmədovun imzası və möhür ilə, icraçı tərəfindən imza ilə təsdiq edilmişdir. 31.08.2019, 31.10.2019, 31.12.2019, 31.01.2020 və 29.02.2020-ci il tarixli Görülmüş işin təhvil-təslimi barədə aktlardan müəyyən edilir ki, iddiaçı tərəfindən ASFX 18/137 nömrəli müqaviləyə əsasən cavabdehə 01.08.2019-31.08.2019-ci il tarixlərində 27 gün üçün 1.652 manat, 01.10.2019-31.10.2019-ci il tarixlərində 27 gün üçün 1.652 manat, 01.12.2019-31.12.2019-ci il tarixlərində 26 gün üçün 1.652 manat, 01.01.2020- 31.01.2020-ci il tarixlərində 26 gün üçün 1.652 manat, 01.02.2020-29.01.2020-ci il tarixlərində 24 gün üçün 1.520 manat dəyərində müqavilə üzrə xidmətlər göstərilmiş, aktlar sifarişçinin baş icraçı direktoru B.Həmidovun imzası və möhürü, icraçının imzası ilə təsdiq edilmişdir. Cavabdeh tərəfindən iddiaçıya edilmiş ödənişlərin cədvəlindən görünür ki, ödənişlər ASFX 18/137 müqaviləsi üzrə təqdim edilmiş 6 ədəd akt və 2 elektron qaimə əsasında edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur; Maddə 399.4. Müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir; Maddə 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; Maddə 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Maddə 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Maddə 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 71-1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə müəyyən edilən hallarda fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verir. Eyni Məcəllənin 176-cı maddəsinə görə, həmin Məcəllənin 176.4-cü maddəsinin yerinə yetirilməsi şərti ilə, ƏDV-nin ödəyicisi kimi qeydiyyatdan keçən və vergi tutulan əməliyyat aparan şəxs malları, işləri və ya xidmətləri qəbul edən şəxsə elektron vergi hesab-fakturasını verməyə borcludur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14.03.2017-ci il tarixli 89 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.9-cu bəndinə görə, ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaiməfaktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20.05.2011-ci il tarixli Qərarında göstərilmişdir ki, “Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” - “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” - “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir. ... Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, xidmət müqaviləsinə əsasən iddiaçının gördüyü işlərin dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə müəyyən edilən müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh müqavilə üzrə iddiaçıya yaranan borcunu ödəməlidir. Bu mənada məhkəmə kollegiyası apellyasiya şikayəti ilə razılaşmır. Belə ki, tərəflər arasında 09.04.2018-ci il tarixdə xidmət müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən iddiaçı cəmiyyətin Qazaxıstan Respublikasında icrasını həyata keçirdiyi Almatı layihəsində uçot və mühasibatlıq üzrə işlərin icrasını və nəzarəti həyata keçirmiş, əmək haqqı ayda əvvəl 1.625 manat, 01.01.2019-cu il tarixli müqaviləyə əlavə ilə 1.652 manat məbləğdə olmuşdur. 2019-cu ilin avqust, oktyabr, dekabr, 2020-ci ilin yanvar və fevral ayları üçün iddiaçı tərəfindən cəmi 8.128 manat məbləğdə işlərin görülməsi 5 ədəd görülmüş işin təhvil-təslimi barədə aktlarla təsdiq olunsa da, həmin məbləğdə borcun ödənilməsi iş materialları ilə sübuta yetmir, cavabdeh bununla bağlı hər hansı mötəbər sübut təqdim etməmişdir. Bu mənada apellyasiya şikayətinin iddiaçının elektron qaimələrin təqdim edilməməsi barədə dəlili əsaslı deyil. Belə ki, əvvəlcə, elektron qaimələrin təqdim edilməsi ümumi hüququn tənzimləmə predmetinə daxil olan vergi qanunverciliyinin və digər normativ-hüquqi aktın tətbiqi sahəsinə aid publik hüquqi xarakterli hərəkət olub, təqdim edilməməsi özlüyündə mülki hüquqi məsuliyyət yaratmır. Digər tərəfdən, işdə olan görülmüş işlərin təhvil-təslim aktlarından və ödəniş tapşırıqlarından görünür ki, xidmət müqaviləsi üzrə cavabdeh iddiaçıya mübahisəli aylar istisna olmaqla, müqavilə üzrə mütəmadi ödənişlər etmişdir ki, bu hal da icraçının xidmət müqaviləsi üzrə öhdəliklərini faktiki icra etdiyini göstərir. İcraçının elektron qaimələri təqdim etməməsi də sifarişçini görülmüş işlərin müqabilində ödənişləri etməkdən azad etmir. Şikayətin cavabdehin nümayəndəsinin üzrlü səbəbdən məhkəmə iclasına gələ bilməməsinə baxmayaraq məhkəmə iclasının təxirə salınmamasına dair dəlili də əsassızdır. Ona görə ki, cavabdeh hüquqi şəxsdir və onun nümayəndəsinin səhhətinə görə prosesə gələ bilməməsi hüquqi şəxsin digər nümayəndələr vasitəsi ilə təmsil olunmasını istisna etmir. Eyni zamanda, işdən görünür ki, cavabdehin nümayəndəsi əvvəlki məhkəmə proseslərində iştirak etmiş, iddiaya qarşı etiraz təqdim etmişdir. Belə olan halda, iş üzrə çəkişmə prinsipinin pozulması halından söhbət gedə bilməz. Şikayətin məhkəmə-xətşünaslıq və sənədlərin məhkəmə-texniki ekspertizasının təyin edilməsi haqqında vəsatətin təmin olunmaması barədə dəlilləri də əsaslı deyil. Belə ki, vəsatətdən müəyyən edilir ki, cavabdehin ekspertiza təqdiqaqtının aparılmasında əsas məqsədi 09.04.2018-ci il tarixli müqavilənin X2 tərəfindən imzalanıb-imzalanmamasını müəyyən etməkdir. Lakin müqavilədəki imzanın sonuncuya yox, tikinti direktoru Anar Məmmədova məxsus olması, yəni müqavilənin B.Həmidov tərəfindən imzalanmaması işin mübahisəsiz halıdır. Vəsatətin müqavilə və aktlardakı möhür izinin cavabdeh təşkilatın möhür izi ilə eyni olmasını müəyyən etmək üçün sənədlərin texniki ekspertizasının təyin edilməsi barədə hissəsi də ona görə əsassızdır ki, həmin möhürlərin eyni olmadığına dair hər hansı ilkin sübut təqdim edilməmiş, belə bir şübhənin əsaslılığı vəsatətdə göstərilməmişdir. O da qeyd olunmalıdır ki, işdə olan görülmüş işlərin təhvil-təslim aktlarına görə, həmin aktlardakı sifarişçini təmsil edən imza cavabdehin səlahiyyətli nümayəndə hesab etdiyi B.Həmidova məxsusdur. Bu hal da bir daha cavabdehin müqavilə üzrə öhdəliyini qismən icra etdiyini sübut edir və cavabdehin tərəflər arasında ümumiyyətlə müqavilə münasibətlərinin olmamasına dair fikirlərini təkzib edir. MPM-in: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, dəlillər qətnamənin ləğvinə əsas vermir. Bununla bağlı olaraq, qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir (MPM-in 384.0.1-ci maddəsi). Göstərilənlərə əsasən və MPM-in 392 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4881/2021 nömrəli iş üzrə 29 noyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh "xxxx" ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-284/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-284/2022
04.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver